Turan Cavid: “Atam axırıncı məktublarında anama yazırdı ki...”

 

Kulis.Az Hüseyn Cavidin qızı Turan Cavidin 1981-ci ildə “Azərbaycan” jurnalına verdiyi müsahibəni təqdim edir.

 

- Turan xanım, yaxşı olardı, söhbətimizi elə quraq ki, necə deyərlər, illərin o üzündə heç nə qalmasın; olub-keçənlərə - şirinli-acılı xatirələrə, bir sözlə, şair ömrünün işığı düşən hər şeyə nəzər yetirə bilək. Əvvəlcə belə bir sual: atanız yadınızda necə qalıb?

 

- Axırıncı dəfə atamı görəndə on dörd yaşım vardı. Onun bəzi xasiyyətləri, hərəkətləri, rəftarı indi də mənim xatirimdədir. Həssas, qayğıkeş, mülayim və xoşrəftar idi. İşlədiyi zaman sakitliyi sevərdi.

 

Atam hələ gənclik illərində mütaliə ilə çox məşğul olduğundan gözləri həddindən artıq zəifləmişdi. Həkimlər məsləhət görmüşdülər ki, mümkün qədər az mütaliə eləsin. Bu işdə biz – anam, qardaşım və mən ona yaxından kömək eləyirdik. Atam bizə yazıb-oxumağı, o cümlədən, ərəb əlifbasını da öyrətmişdi. Boş vaxtlarımızda ona lazım olan kitabları oxuyurduq. Kitabları bizə atam özü verirdi; çalışırdı ki, oxuduqlarımızın bizə də xeyri olsun; odur ki, yaşımızı, savadımızı, zövqümüzü, hökmən nəzərə alırdı. Yeri gəlmişkən, deyim ki, bu işdə ağırlıq anamın üstə düşürdü; çünki Ərtoğrul da, mən də balaca idik, biz mütaliədən çox dərslərimizlə məşğul olurduq.

 

Mən atamın “Koroğlu” ssenarisi üzərində işlədiyini lap yaxşı xatırlayıram. Bu ssenari ilə əlaqədar olan bütün ədəbiyyatı mənə oxutdururdu. Yeri gəldikcə o məni saxlayır, oxuduqlarımın mənasını soruşur, başa düşmədiyim şeyləri bir-bir izah eləyirdi.

 

- Səhv etmirəmsə, “Koroğlu” ssenarisi bizə gəlib çatmayıb...

 

- “Koroğlu” ssenarisi atamın son işidir. Bizə gəlib çatmayan əsərlər sırasına “Telli saz”ı, “Atilla”nı, “İblisin ilhamı”nı da əlavə eləmək olar. “Telli saz” vaxtilə “İşçi” teatrında tamaşaya qoyulub. Deməli, tamaşada iştirak eləyən aktyorlar ən azı öz rollarının üzünü köçürüblər. Mən həmin əsərləri tapmaq, bərpa eləmək məqsədilə dəfələrlə Kirovabada getmişəm, ümidim gələn bütün qapıları açmışam; təəssüf ki, heç nə tapa bilməmişəm. Atamın, eləcə də onun təmasda olduğu sənət adamlarının – yazıçıların, rejissorların, aktyorların arxivlərinin qalması o illər ədəbiyyatımızı, incəsənətimizi öyrənmək işində çətinlik törədir... Sizə belə bir fakt deyim: Azərbaycanda sovet hakimiyyəti qurulmasının on beş illiyi münasibətilə elan olunmuş müsabiqədə mükafata layiq görülmüş “Xəyyam” pyesindən də əlimizdə heç nə yox idi. Pyesin orijinalını olmasa da, başqası tərəfindən üzü köçürülmüş əlyazmasını 1957-ci ildə Yerevandan tapıb gətirmək mənə nəsib oldu. Atam bu əsəri orda yaşayan bir dostuna göndəribmiş...

 

Atam yanında həmişə cib dəftəri saxlayırdı. Ora hər cür qeydlər edərdi. Onu düşündürən obrazların monoloqunu, ayrı-ayrı dialoqları həmin dəftərçəyə yazardı. Biz nə toplamışıqsa, əsasən, həmin cib dəftərçələrindən toplamışıq.

 

- O vaxt, yəni on dörd-on beş yaşınızda, atanızın böyük şair olduğunu bilirdinizmi?

 

- İncəsənət xadimləri arasında atamın çoxlu dostları vardı: A.M.Şərifzadə, R.Təhmasib, İ.Hidayətzadə, Kazım Ziya, H.Sarabski, Ülvi Rəcəb, Mərziyə xanım, M.A.Əliyev, Sidqi Ruhulla, A.Tuqanov və başqaları. Adlarını çəkdiyim bu adamlar tez-tez bizə gələrdilər, çay içə-içə teatra, ədəbiyyata, incəsənətə aid məsələlər haqqında uzun-uzadı söhbət edərdilər. Atam çox vaxt dinib-danışmazdı, sakitcə qulaq asardı, dərin xəyallara dalardı; amma elə ki, söhbət hərlənib-fırlanıb Azərbaycan tarixinin, ədəbiyyatının üstünə gələrdi, onda böyük həvəslə danışardı. Onun dediklərinə etiraz eləməzdilər, əksinə, hər bir sözünə maraqla qulaq asardılar. Bax, onda mən inanardım ki, atam böyük adamdır. Qonaqlar dağılandan sonra bu “böyük adam” yenə ata olardı, bir az da mehribanlaşardı; bizə elədikləri söhbətin mahiyyətini başa salmağa çalışardı.

 

- Deyə bilərsinizmi, ilk dəfə neçə yaşınızda teatra getmisiniz?! Lap birinci dəfə atanızın hansı əsərinə baxmısınız? Həmin gün yadınızda necə qalıb?

 

- O vaxt uşaqları teatra buraxmırdılar. Lakin bəzi sənət adamları çalışırdılar ki, övladları elə uşaqlıqdan ədəbiyyata, incəsənətə maraq göstərsinlər. Biz bütün tamaşalara ailəliklə gedirdik. “Knyaz”a baxanda mənim altı-yeddi yaşım vardı. Tamaşanın əvvəli, bir də axırı yadımda qalmışdı. Uzun illər sonra “Knyaz”ın səhnə şəkillərini tapanda mən həmin hissələrin bütün aydınlığı, təfərrüatı ilə yadımda nə cür qaldığına təəccüb elədim. Atam məni demək olar ki, bütün tamaşalara aparırdı. On dörd yaşımda Şekspirin məşhur “Maqbet” əsərinə baxmışdım. O vaxt mən sənəti az-çox hiss eləyirdim. İndinin özündə də mənə elə gəlir ki, aktyorlarımız bu əsəri çox yaxşı hazırlamışdılar.

 

Atamın ən çox yadımda qalan, ən çox sevdiyim əsəri isə 1934-cü ildə tamaşaya qoyulan “Səyavuş” pyesidir. Yadımdadır ki, bu tamaşa iki teatr mövsümündə 100 dəfə oynanıldı. Yeri gəlmişkən deyim ki, Marietta Şaginyan Səyavuşu Şərqin Hamleti adlandırıb. Səyavuş rolunu Abbas Mirzə ilə Ülvi Rəcəb oynayırdı. Onların arasında on il yaş fərqi vardı. Atam belə hesab eləyirdi ki, Abbas Mirzə həddindən artıq müdrik, Ülvi Rəcəb isə həddindən artıq çılğındır. Bu fikir onda belə bir qənaət yaratmışdı ki, müəllif pyes yazarkən yaratdığı obrazın yaşını da düşünməlidir.

 

- Ananızın atanız haqqında olan xatirələrində oxuyuruq: “Cavid əsərlərini yazarkən obrazların üzərində çox düşünər, onların üzərində təkrar-təkrar işlərdi. İstər tarixi, istərsə də müasir həyata həsr etdiyi əsərlərdə, müxtəlif biçimli, müxtəlif xarakterli, müxtəlif dünyalı obrazların daxili aləmini, psixologiyasını, düşüncə tərzini mümkün qədər öyrənməyə çalışardı və bu münasibətlə dəfələrlə mənə deyərdi: insan nə qədər mürəkkəb məxluqdur. Doğrudan da, hərənin öz dünyası, öz aləmi var. Yazıçılığın ən çətin cəhəti odur ki, hər bir insanın özünəməxsus aləmini doğru-düzgün öyrənsin, əks təqdirdə obraz kamil olmaz, saxta, cansız çıxar, oxucunu inandırmaz. Teatr sənətinin böyük hikmətinə o dramaturq yiyələnə bilir ki, o, insanı, onun daxili aləmini yaxşı bilir. Bir sözlə, axı, deyəsən yazıçı insan yaradır. Bəli, lap ağıllı-başlı insan! Yazıçı yaratdığı insanın keçmişini, indisini , hətta gələcəyini də bilməlidir. Misal üçün, əsərdə xəyalpərvər, nəcib bir adam yaradırsan, obrazın daxili aləmini, fərdi xüsusiyyətlərini yaxşı bilmədiyindən, onun təbiətinə həmin obraza az-çox yaxın olan başqa birisinin hərəkəti qarışır. Onda da obraz şikəst olur, tam çıxmır. Mənə elə gəlir ki, dünyanın böyük sənətkarları həmişə obrazı doğru və düzgün yaratmaq kimi çətin bir yaradıcılıq prosesi haqqında düşünüb-daşınmış və bu çətin məsələni həyatları boyu öyrənmişlər. Nə isə, əgər mən öz obrazlarımı yaxşı öyrənirəmsə, onda gərək əsər də babat çıxsın. Dramaturqun bir çətin işi də var: onun əsərini, yaratdığı obrazları aktyor və rejissor duymalıdır. Vay o əsərin halına ki, onu teatr kollektivi duymasın.

 

- Bu sözlərdə böyük həqiqət var. Atam bütün əsərlərində tarixi şəxsiyyətləri olduğu kimi verməyə çalışardı, onlara zərrə qədər də uydurma rənglər vurmazdı; əksinə, onların həyatını bir tədqiqatçı kimi öyrənərdi. O bir dəfə dedi ki, “Topal Teymur”u, “Peyğəmbər”i yazarkən elə bil onlarla üzbəüz oturub, söhbət etmişəm. Onlar mənə sanki öz təbiətləri haqqında danışmışlar. Bəzən bu və başqa səhv hərəkətlərini üzlərinə deyir, günahlandırır, nə üçün belə etdiklərini soruşurdum. Doğrudur, onlar da özlərini təmizə çıxartmaq üçün mənə cavab verirdilər. Bəziləri məni qane edir, bəziləri isə yox...

 

- Turan xanım, atanız əsərlərinin tamaşası hazırlanarkən məşqlərdə iştirak edirdimi?

 

- Atam əsərlərinin səhnə taleyi ilə çox maraqlanardı. O, bütün yaradıcı heyətlə - rejissor, aktyor, rəssam və bəstəkarla çox tez-tez söhbət edər, onlara məsləhətlər verərdi. Tamaşanın hazırlandığı ilk gündən ta ilk tamaşaya qədər məşqlərə müntəzəm gedərdi. Sonralar da, vaxtı olduqca pyesin növbəti tamaşalarına gedib baxar, aktyorların oyununu izləyərdi. Tamaşa zamanı hər hansı bir aktyorun mətni özbaşına dəyişməsinə, özündən söz artırmasına və yaxud nəyisə atmasına qəti etiraz edərdi. Ümumiyyətlə, belə halları xoşlamazdı.

 

- Sizcə, o dövr səhnə aktyorlarımızdan kimləri daha çox sevirdi?

 

- Kiçiyindən tutmuş böyüyünə qədər bütün teatr xadimlərini sevərdi. Abbas Mirzə Şərifzadəyə pərəstiş eləyərdi. Deyərdi ki, Abbas Mirzənin yaradıcılığı teatr tariximizdə böyük bir mərhələdir. Bu böyük sənətkarın yaratdığı obrazlar xalqımızın keçdiyi tarixi yolu təcəssüm etdirir. Belə aktyorları təbiət nadir hallarda yaradır. Həmişə məşhur sənətkarların əhatəsində olmasına baxmayaraq, mənə elə gəlir ki, atam ad-sanı olmayan ikinci dərəcəli aktyorlarla daha çox oturub dururdu. İndiki kimi yadımdadır: deyərdi ki, məşhur sənətkarlara hər yerdə məhəbbət, qayğı göstərirlər. Çox vaxt səhnəyə çıxmayan, böyük şöhrətdən uzaq olduqlarını bilə-bilə sənətdən uzaqlaşmayan, öz faydalı əməyi ilə ömrünü keçirən teatr işçiləri əsl sənət fədailəridir.

 

- Belə deyirlər ki, atanız Azərbaycan Dövlət Opera və Balet Teatrında müğənnilərə əruzdan, Füzuli yaradıcılığından dərs deyirmiş. Bu haqda məlumatınız varmı?

 

- Açığını deyim ki, bu mənim üçün təzə faktdır. Ancaq ola bilər. Atam Üzeyir Hacıbəyovla, Müslüm Maqomayevlə yaxın idi. Onların hər üçü sənət naminə, sənət eşqinə, Azərbaycan mədəniyyətinin inkişafı naminə dostluq edirdilər.

 

- O dövr üçün xarakterik olan bir sual: atanız qadın azadlığı məsələsinə necə baxırdı?

 

- Bu suala onun əsərlərindən kifayət qədər cavab tapmaq olar. Mən onun anama dediyi bu sözləri sizə xatırlatmaq istəyirəm: “Bir xalqın gələcək nəslinin ağıllı-kamallı olması üçün o xalqın hökmən kamil anaları olmalıdır. Mən gələcəyin analarına – xanım qızlara dərs deyərkən hiss edirəm ki, onlar vətən üçün, xalq üçün namuslu, vicdanlı balalar tərbiyə edəcəklər”.

 

- Turan xanım, tapdığınız hər bir yeni sənədlə, əlyazma ilə, əgər belə demək mümkünsə, atanızın muzey heykəli bir az da tamamlanır. Sizcə, bu “əsərin” bütövləşməsi üçün çoxmu iş qalıb?

 

- Təəssüf ki, çox iş qalıb. Əgər atamın arxivi tapılsaydı, heç bir çətinliyimiz olmazdı. Mən inanıram ki, o gün də gələcək; mən olmasam da, başqa bir vətən övladı bu işi tamamlayacaq.

 

- Başqa Azərbaycan şairlərindən fərqli olaraq, Hüseyn Cavid tarixi mövzulara daha çox müraciət eləyib. Bunu nə ilə izah eləmək olar?

 

- Mənə elə gəlir ki, bunun əsas səbəbini onun mütaliəsində axtarmaq olar. Atam fəlsəfə ilə çox maraqlanırdı, tarixə aid kitabları isə müntəzəm oxuyurdu. O, ədəbiyyatı bildiyi qədər də tarixi bilirdi. Həmişə deyərdi: qanlı müharibələrdən, qırğınlardan, fəlakətlərdən də başqa duymalı, öyrənməli bir tarix var. Bu tarix xalqların ədəbiyyat tarixidir, mədəniyyət tarixidir, incəsənət tarixidir. Əsl qəhrəmanlar da bu tarixi yaradanlardır. Atamın ən böyük arzularından biri bu idi ki, xalqımızın tarixi müasir elmi səviyyədə öyrənilsin. O, elə hesab eləyirdi ki, böyük gələcəklər böyük keçmişlər üzərində qurulur.

 

- Turan xanım, məlumdur ki, atanız Azərbaycan dilindən başqa ərəb, fars dillərində də mütaliə eləyib. İstanbuldan qayıtdıqdan sonra bir müddət rus dilini öyrənməklə məşğul olub. “Knyaz”ı yazdığı illərdə isə gürcülərin həyat və yaşayış tərzlərini, milli xüsusiyyətlərini öyrənmək məqsədilə bir müddət Borjomidə yaşamalı olub. Burda da onun dil öyrənmək qabiliyyəti özünü büruzə verir. Qısa müddət ərzində o, öz fikrini gürcü dilində sadə cümlələrlə ifadə eləyə bilirmiş. Hətta axaltsixelilər zarafata salıb deyirmişlər ki, Cavid əfəndi, deyəsən bizim çörəyimizi əlimizdən alacaqsınız. Deyə bilərsinizmi, onun kitabxanası dil baxımından nə dərəcədə zəngin idi?

 

- Yeri gəlmişkən deyim ki, atamın çox yaxşı kitabxanası vardı. Burada istənilən türk, ərəb, fars kitablarına rast gəlmək olardı. Gürcü dilində deyə bilmərəm, amma rus dilində xeyli kitabımız vardı. Bu kitabları atama, əsasən, Əziz Şərif göndərirdi. Şərq, Qərb və eləcə də rus ədəbiyyatını çox mütaliə eləyərdi. Türk şairlərindən Əbdülhaqq Hamidin, Tofiq Fikrətin, Rza Tofiqin kitabları əlindən düşməzdi. Rus yazıçılarından Dostoyevskini, Tolstoyu, Çexovu oxuyardı. Çox təəssüf ki, atamın arxivi ilə birlikdə kitabxanasındakı kitabların çoxusunu itirdik.

 

Atam heç vaxt kitablarını bizdən qorumazdı. Biz də onu əsəbiləşdirmək üçün həddindən artıq səliqəli olmağa çalışardıq.

 

- Cəfər Cəfərov yazır: “Cavid özünün ən yaxşı əsərlərilə doğma ədəbiyyatımızı yeni bədii xüsusiyyətlərlə, özünə məxsus romantik keyfiyyətlərlə zənginləşdirdi. Azərbaycanda poetik teatrın banisi oldu”. Doğrudan da, teatr sənətimiz Cavidin adı ilə çox bağlıdır. Sənətşünasların tez-tez işlətdikləri “Cavid teatrı”, “Teatrda Cavid üslubu” ifadələri də buna sübutdur. Sizcə, o vaxtkı teatr sənətimizlə indiki teatr sənətimiz arasında nə kimi əlaqə var?

 

- Mənə elə gəlir ki, o vaxtın teatrı daha güclü idi, həm sənət adamlarında, həm də camaatda teatra qarşı böyük maraq vardı. Rejissorlar, aktyorlar gecə-gündüz işləyirdilər, saysız-hesabsız eksperimentlər eləyirdilər. Mənim yadıma gəlir ki, bir dəfə Şeyx Sənanı dörd rejissor (Rza Təhmasib, Rza Darablı, İsmayıl Hidayətzadə, Ələsgər Şərifov) hazırlamışdı. Deməli, hər rejissor bir pərdənin üzərində işləmişdi. Deyə bilmərəm ki, tamaşa nə dərəcədə uğurlu və yaxud uğursuz alınmışdı; amma, fakt budur ki, hamı sənət naminə nəsə axtarırdı. “Cavid teatrı”, “Teatrda Cavid üslubu” və s. bu kimi ifadələr atamın sağlığında da var idi. Lakin o, belə təriflərə qətiyyən aludə olmurdu. Hətta deyə bilərəm ki, onu tamaşadan sonra səhnəyə tamaşaçıların önünə çox çətinliklə çıxarardılar...

 

Atam, bir qayda olaraq, baxdığımız tamaşaların bizə - qardaşıma və mənə necə təsir elədiyi ilə maraqlanar, rejissor işi, aktyor oyunu barədə fikrimizi soruşardı. Ərtoğrul məndən böyük olduğuna və sənəti, daha doğrusu, teatrı yaxşı bildiyinə görə həmişə düzgün cavab verərdi. Atam bizi dinlədikdən sonra özü tamaşanı təhlil etməyə başlar, çox maraqlı fikirlər, mülahizələr söyləyərdi. Onun teatr sənəti haqqında dediklərini indi xatırlaya bilmədiyim üçün çox-çox təəssüf edirəm.

 

- Belə deyirlər ki, şöhrətinə görə Cavid küçədən rahat, asudə keçə bilmirmiş – hamı ona heyranlıqla baxarmış. Tanıyanlar ayaq saxlayar, böyük şairlə görüşər, maraqlı söhbətlərinə qulaq asarmışlar. Həmin görüşlərdən yadınızda qalanı varmı?

 

- Bu, adi hal idi. Biz hər axşam, daha doğrusu, teatrda tamaşa olmadığı günlər gəzməyə çıxardıq. Atam çox vaxt fikirli, dalğın olardı; kənardan ona baxanları bir o qədər də hiss eləməzdi. Belə hallarda mən sakitcə qoluna toxunar, onu xəbərdar edərdim. Dəniz kənarına çatanda bir də baxardıq ki, başımıza bir topa adam yığışıb. Mən onların əksəriyyətini tanıyırdım. Ümumiyyətlə, atam ona yaxınlaşanların hamısı ilə söhbət eləyirdi. Bu söhbətlər, əsasən, sənətlə bağlı olurdu. O da yadımdadır ki, atamla şirin-şirin söhbət eləyən həmin adamlar qayıdan baş bizi evimizə qədər ötürərdilər.

 

- Bir neçə kəlmə də məktubları barədə...

 

- Atamın çox az məktubları qalıb. Axırıncı məktublarında anama yazırdı ki, Turan mütləq həkim olsun. Çox güman ki, bunu xəstə vaxtlarında yazıb. Mən onun tövsiyəsilə tibb institutuna qəbul olundum. Lakin bircə həftə oxuyandan sonra hiss elədim ki, atamın sənəti, əlyazmaları məni daha çox çəkir...

 

- Bildiyiniz kimi, atanız dünyanın bir sıra ölkələrində olub. Onun səfər xəritəsi əlinizdə olsaydı, səyahətə haradan başlayardınız?

 

- Heç bir şeyi dəyişmədən, elə atamın keçdiyi yerlərdən keçərdim. Əlbəttə, buna mənim gücüm çatmazdı. Axı, ölkələrdən, şəhərlərdən keçmək, eyni zamanda, insanlardan, hadisələrdən keçmək deməkdir...

 

- Belə bir sual: ata yurdu barədə nə düşünürsünüz?

 

- Atamı çox yaxşı tanıdığıma görə, bu suala yalnız belə cavab verə bilərəm: ata yurdum Azərbaycan haqqında atam nə düşünübsə, mən də onu düşünürəm.

 

- Turan xanım, bilirsiniz ki, Azərbaycan KP MK-nin Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar qərarı ilə bağlı olaraq hazırda respublikamızda bir sıra tədbirlər həyata keçirilir və keçiriləcək. “Azərbaycan” jurnalı neçə-neçə məqalə çap eləyib, 9-cu nömrəsində üç sənətkarın – Rəsul Rzanın, Adil İskəndərovun, Mehdi Məmmədovun xatirələrini dərc eləyib. Azərbaycan televiziyasında şairin “Topal Teymur” əsərinin tamaşası hazırlanıb. Eşitdiyimə görə, sizin muzeyiniz də şairin fotolarından, əlyazmalarından, sənədlərindən ibarət yubiley sərgisi hazırlayır. Bu tədbirlərdən hansı sizi daha çox sevindirir?

 

- Fürsətdən istifadə eləyib, atamın 100 illik yubileyini keçirməyi qərara alan respublika partiya təşkilatına, şəxsən Heydər Əliyev yoldaşa öz minnətdarlığımı bildirirəm. Tədbirlərə gəlincə, deyə bilərəm ki, məni ən çox sevindirən bu il atamın rus dilində dərc olunacaq iki cildlik əsərləridir. Buraya şairi altı pyesi – “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Knyaz”, “Səyavuş” və “Xəyyam” daxil edilmişdir.

 

- Müsahibəyə görə sağ olun!..

 

Müsahibəni apardı: Dilsuz Mustafayev

    

 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017