Saday Budaqlının 100 səhifəlik romanı – ZƏDƏ

 

Kulis.az İradə Musayevanın “Saday Budaqlının qəhrəmanları: adam içində adam...” yazısını təqdim edir.

 

Bu məqaləni Mövlud Mövludun

əziz xatirəsinə ithaf edirəm.

 

(“Zədə” romanı haqqında)

 

“Nəyə ki toxunursan, nəyi ki görürsən- qalacaq,

sevinməkdi, ağlamaqdı, alçalmaqdı –hamısı

keçib-gedən şeydi, unudulandı”.

 

Roman janrının nəzəri-estetik problemləri - mövzu –ideya, forma-məzmun, dil-üslub, həcm və s. bu kimi məsələlərlə bağlı mübahisələr təkcə bizdə deyil, dünya ədəbiyyatşünaslığında da ədəbi gündəm aktuallığındadır. Və maraqlıdır ki, Qərb ədəbiyyatında bu problem nəzəriyyəçilərdən daha çox yazıçıların diqqət mərkəzindədir. Onlar sanki, bu işin həm praktikasını (roman nümunələri yaratmaqla), həm də nəzəriyyəsini (bu janrın xüsusiyyətlərini elmi, bədii-estetik aspektdən çözməklə) ortaya qoymaq missiyasını yerinə yetirirlər.

 

Roman janrı, ümumiyyətlə, ədəbi nümunələrin yaranma prosesinin nəzəri qaydaları haqqında hökmlərdən istifadə məqbul sayılmaz. O yaradıcılıq ki, azad ilhamın gücü ilə işləyir, hasilə gəlir, orda hökm, qadağa, konkret maddələr, reseptlər olmaz. Bu nəzəri yanaşmalardan biri də “Romanın həcmi necə olmalıdır?” sualı ilə bağlıdır. Hər dəfə də bu sual ortaya gələndə C.Coysun “Uliss”, L.Tolstoyun “Hərb və sülh”, S.Rəhimovun “Şamo” əsərlərinin adı çəkilir. Həcm əsərə roman statusu verirmi? - sualını da indi səsləndirsək, yeni-yeni problematik nüanslar ortaya çıxacaq. Əlbəttə, bütün irihəcmli kitablar roman ola bilmir, lakin kiçik həcmli nəsr nümunələrini roman mərtəbəsinə qaldıran roman monumentallığını əks etdirə bilən keyfiyyətlər isə birbaşa mətnin mahiyyəti ilə bağlıdır. “Əbədi eşq”, “Şənbə” kimi məşhur əsərlərin müəllifi ingilis yazıçısı Iən Makevən çox qısa yazılmış romanların tərəfdarı olduğunu bildirirdi. “Mən qısa romanları sevirəm. Roman birnəfəsə oxunmalıdır, məsələn, 3 saata - necə ki biz 3 saatlıq filmə, yaxud operaya bir oturuma baxıb həzz alırıq”.

 

Məşhur yazıçı E.Munronun hekayələri o qədər böyük idi ki, ona Nobel mükafatı veriləndə mətbuatda hətta onun hekayələrini “roman” kimi də qələmə verənlər olmuşdu. Iən Makevənın romanını isə bir çox nəzəriyyəçilər hekayə kimi qəbul etmişdi. Səbəb isə təbii ki, ilk növbədə həcm məsələsi idi...

 

Onun hekayə və roman arasındakı fərqə münasibət meyarı isə qəribədir: “Mənim üçün hekayənin maksimum həcmi 40 min sözdür. Mənim romanım isə bundan təxminən 15 min söz çoxdur. Əgər biz janrlar arasında bu cür sərhəd çəkmiş olsaq, onda mənim yazdığım - hekayə yox, qısa romandır. Mən bu formanı doğrudan da sevirəm. Sən gərək obrazları tez tanıdasan. Burada maksimum 1-2 altsüjetə yer var”.

 

Çağdaş Azərbaycan ədəbiyyatında romanın həcm məsələsi də paradoksal yanaşmalarda müxtəlif cür izah edilir. Kimi romanda miqyas siqlətini (həcm baxımından) vacib hesab edir, kimi isə həcm limiti tələbini rədd edərək məzmun, ideya, obraz dəyərləndirməsini önə çəkir.

 

Düzdür, bəzən yığıncaqlarda kiminsə qoltuq cibindən balaca, bloknota bənzər bir kitabı çıxarıb “Buyurun, yeni romanımdır”- təqdimatı istər-istəməz məndə də təəccüb və qıcıq yaradır. Çünki təsəvvürümüzdə roman anlayışının mahiyyəti sanki hər detalda möhtəşəmlik nümayişi ilə səciyyələnməlidir-kimi qənaətə köklənmişik. Fəqət, faktlar göstərir ki, qəliblənmiş, şablonlaşmış təsəvvürümüz çox vaxt yanlışlığa aparıb çıxarır bizi. Yəni romanı həcm meyarı ilə yox, məzmun, məğz, ideya siqləti və s. bu kimi daha ciddi tezislər əsasında araşdırmalı, qiymətləndirməliyik…

 

Saday Budaqlının “Zədə” romanının həcmi çox kiçikdir. 100 səhifədən də az. Ümumiyyətlə, hekayələrində də  yığcamlığı, qısa və konkret təqdimatı sevən müəllifdən, əslində bu həcmdə roman gözlənilən idi. Yenə İ. Makevənin fikrinə qayıtmaq istəyirəm. O deyirdi ki, müəllif obrazını oxucusu ilə tanış edəndə söhbəti uzatmamalıdır…

 

“Zədə” romanında da belədir. İlk cümlələrdən etibarən beynimizdə bir sual işarəsi yanıb sönür sanki: Bu kimdir? Kimdir axı? Hay-küy, narazılıq, xəcalət hissinin təlatümü ilə başlayır özünütəqdimə. Və bu adamı çox tez tanıyırıq. Hisslərimiz onun həyəcanına əlüstü təslim olur və başlayırıq o adamla yol getməyə. Bu yol isə düzü-dünyanı fırlanıb bizi öz içimizə, daxili “mağara”mıza qədər endirir. Romanda bu yola yönləndirmə detalı isə çox kiçik bir hadisədən başlanğıc alır. Əsərin qəhrəmanı Mədət qardaşına görə vəzifəli bir adama ağız açır. Amma bu xahiş sən demə onun bütün varlığını tar-mar edir. Müəllif bir xahiş anının tablosunu elə ustalıqla, elə incə çözümlərlə rəsmləyir ki, kompazisiya da, süjet də, bu süjetin kulüminasiya nöqtəsi, final aqibəti ehtimalları da məhz həmin tablonun – xahiş anının dramatizminə köklənir. Çünki bircə xahişi etmək üçün həm fizioloji, həm mənəvi - psixoloji durumunda əyilmələr, alçalmalar, sıxılma, kiçilmə, mütiləşmə və s. bu kimi neqativləşmə aktlarına imza atmalı olursan. Boynunu bükür, səsini qısır, üzünə yaltaqlıq, qorxaqlıq, ürkək və süni utancaqlıq maskası geyirsən…

 

“Biabırçılıqdı, biabırçılıqdı, biabırçılıqdı. Gör nə təhər alçaltdı özünü, nə təhər alçaltdı, alçaltdı, alçaltdı. Hələ xahiş eləməmişdən alçalmışdı, görən kimi alçalmışdı. Gözləri yazıqlamışdı, şit-şit gülümsəməyicə bacarırdı. Çünki o heç nədi, heç nədi. Hə, hə, heç nədi. Qışqırıb bağırmaqla deyil – heç nədi. Özgə vaxt sinəsinə döyür: mən, mən, mən-guya göydən zənbillə düşüb, guya hamı ondan aşağıdı, guya hamının ona borcu var”.

 

Bu parçanı oxuyan andaca sual edirik: Kim kimin haqqında belə həqarət və nifrətlə düşünür, görən? Bu təhqiramiz, aşağılayıcı yanaşma kimin kimə münasibətinin ifadəsidir? Məlum olur ki, Mədət adlı bu cavan oğlan-əsərin baş qəhrəmanıdır, özünü dara çəkir, söyür, yamanlayır… Deməli, ilk cümlələrdəncə obrazı, qəhrəmanımızı tanıyırıq. Özü ilə mücadiləyə qalxan, bu barışmazlıq üzündən yaşamağa belə fürsət tapa bilməyən bir adam… Əsərin mənfi qəhrəmanı da, müsbət qəhrəmanı da bir obrazın simasında əks olunub. Qoşa addımlayırlar... Amma bu adam çox tanış gəlir bizə. Çünki bizim içimizdən çıxıb o. Nə vaxtsa orda yaşayıb, ya nə vaxtsa qayıdacaq, ya da çoxdan çıxıb, küsüb gedib real mövcudluğundan. Bəlkə diksinib, iyrənib, bezib gedib? Bu adam –“Zədə” romanının baş qəhrəmanı güzgüyə baxanda da başqası, yad biri ilə üzləşir. O özünün sıxılmış, kiçilmiş, alçalmış, əzilmiş “mən”i ilə söhbət edir. Onun tərəf müqabili özüdür.  Romanın çox sadə süjeti var. Hadisə, macəra, (Gülzar və Mahmudun, digər epizodik obrazların əhvalatlarını nəzərə almasaq) müxtəlif çeşidli obrazlar silsiləsi, ictimai-siyasi barışmazlıq və s. bu kimi yanaşmalardan uzaq bir süjet. Daha doğrusu, düşüncə seli… Özündən xilas ola bilməyən, psixoloji travmalı xəstə kimi görünən, əslində isə  vicdanlı, sağlam əqidəli biri… Hər mənəvi itkisinə, insan kimi hər məhv edilmiş dəyərinə  çox vasvasılıqla yanaşan, o itkilərə sanki günlərlə yas saxlayan biri…

 

Bu romanın mövzusu, dili, üslubu kimi strukturu da çox maraqlıdır. Müəllif süjeti, kompazisiya və ideya yükünü, dinamik inkişaf sürətini, tempini sanki bütün əsərin yox, əsərin qəhrəmanının düşüncəsi üzərində tənzimləyir. Ümumi mətnin deyil, mətni də öz təsiri altında saxlayan bir düşüncə intensivliyi, davamlılığı bizi özü ilə romanın sonunadək apara bilir. Darıxmırıq, çünki bu düşüncədəki analizlər o qədər səbr, hikmət və obyektivliklə aparılır ki, sonda özümüz üçün xeyli diksindirici qənaətlər əldə edirik. Yox olmaqda, heçə dönməkdə olan bir insanı (bəlkə də özümüzü) dinləyirik…

 

Qarşımızda anbaan azalan, elə hey çıxılan, minusa doğru sürüklənən İnsan taleyi sərgilənir. Mədət yapışıb öz yaxasından, dara çəkir, yıxıb sürüyür özünü, yorulur, nəfəsi kəsilir, az qalır bu “öz”ü məhkəməyə versin,  camaatın içərisində onun üzünə “alçaq”, “yaramaz” da deyə bilər, onu boğa da bilər və s. O içindəki bu adamdan utanır, onun mövcudluğundan, varlığından utanır. Bu adam onu hər an ələ verə bilər, sata bilər… Və bir şeyə çox təəccüblənir.  Axı onu - qorxaq, riyakar, yaltaq adamı niyə hələ də sevən var? Niyə onu görmürlər? Niyə onun həqiqi kimliyinə hamı göz yumur?  “İlahi, axı o niyə yaşayır, niyə yaşayır. Öləsi adamdı, öləsi. Özü özünü aldadır, yalmanır, yazıq-yazıq gülümsəyir. Tutu da deyir nişanlım var,  sevgilim var. Onu sevir, onu. Gör dünyanın harasıdır, onu da sevən var, xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxan var. Qoy rədd olsunlar, qoy hamısı rədd olsun. Qoy sevməsin.  Desin sən pissən, sən heç nəsən. Bacarır, qoy desin. İndiki gördü, gördü o kimdi. Gördü ki, kiminsə qabağında sıpıxır, boynunu bükür. Üzünə tüpürürlər – susur, dolayırlar, susur”.

 

S.Budaqlının qəhrəmanları, adətən “adam içində adam” təsəvvürü yaradır. Ya daxilindəki adam onunla, ya da o daxilindəki adamla “vuruşur”. Bəzən rus suveniri (biri digərinin içərisində gizlənən, bir-birindən balaca) Matryoşka (ana kukla)  kimi  görünür bu adamlar.   Qaldırdıqca içərisindən daha         bir adam boylanır, çıxır. Sürpriz kimi…  “Zədə” romanının qəhrəmanları isə suvenir sürprizi kimi görünmür, situasiyaların, şəraitlərin “doğduğu” və bu situasiyalarda kiçildikcə kiçilən, əridikcə əriyib yoxa çıxan adamlardır… Bu suvenir kuklanın  içərisində olduğutək, onun qəhrəmanı da sanki soyunduqca soyunur, soyulduqca soyulur, axırda lap balaca, kiçik fiqur kimi qalır.  Böyük fiqurların içərisində gizlənib qalmış balaca adamdır hədəf. Amma bu balaca adam elə balaca doğulmamışdı. Onu yenidən doğanlar var,  daha doğrusu, bu romanda da aydınca gördük ki, hər bir insan sanki bir ömür boyu öz yaradılığışını  mənfi mənada “redaktə”, təhrif işi  ilə məşğulmuş…

 

S.Budaqlı özünün roman ideyası, mövzusu, məzmunu, fəlsəfəsi  prinsiplərini, şərtlərini  çox böyük səbrlə bir insanın daxili kriminalogiyası, müharibəsi mənzərəsinə köçürə bilib. Məkan da, zaman da, hərəkətlilik, sürət və ləngimələr də bu mühitdə-bir insanın daxili qaranlığında, şüur, düşüncə, hiss və həyəcanları miqyasında cərəyan edir. Amma orda hamı var. Orda müxtəlif zamanların, daha çox sitüasiyaların qəhrəmanını görə bilərsiniz.

 

Romandakı dramatizm bir xahişin psixoloji travma miqyasında böyüdükcə böyüyən mənəvi sarsıntı yaratması faktı ilə bağlıdır. Mədət qardaşı Süleymanın xahişini nişanlısı Tutunun dayısından edir. Onun (Süleymanın) təhriki ilə.

 

Romanın ideyası, əslində alçalmanın anatomiyasını açmaq missiyası üzərində qurulub. Biz necə olur ki, alçalır, balacalaşır, əsil simamızı itirir, insan kimi mənəvi yüksəlmələrdən imtina edib intensiv tənəzzüllə müşahidə olunan bir “heç” aqibətinə düçar oluruq? Sual, əslində dərinliklərə aparır bizi. Amma romanı  üzdən, sadəcə bədii mətn kimi oxuyanlara bu dərinlik ola bilsin ki, cəngəllik kimi görünəcək. Hətta ola bilsin ki,  “Bu adam nə qədər öz içində var-gəl edir? Özü ilə danışır, dalaşır?” sualını verəcək.

 

Alçalmaq, bu rəzil prosesə öyrəşmək də olurmuş. Mədətin bacısı Gülzar döyülməyə, nənəsi korluğa, cəmiyyət qorxu içərisində yaşamağa öyrəşdiyi kimi, fərdlər, şəxslər, şəxsiyyət kimi qəbul edib səcdə etdiyimiz adamlar da alçalma dinamizmikasına, mexanizminə öyrəşə bilərmiş…

 

Müəllifin müşahidəsi və təsvir dəqiqliyi adamı qorxudur, hətta. Baxın bu adamı tanıyırsınızmı? Hər tərəf bu adamlarla doludur. Sağımız, solumuz, içərimiz… Saymazlığı, özünə qarşı hörmətsizliyi, istehzalı yanaşmanı işlərini yola vermək naminə  asanca udan adamlar … Özlərini, vicdan və ləyaqətlərini bala-bala xərcləyən adamlar…  Amma Mədət xahişdən sonra nələr yaşayır, nələr düşünür: “Çünki özü özünü alçaldır. Özü özünə hörmət eləmir. Cavabını versəydi, belə danışmazdı. Onda sayardı. Deyərdi, bu da kişiymiş. Elə deyərdi. Onda sayardı. Ancaq özü istəmir onu kişi bilsinlər. İstəmir. İstəyir ona yazıqlarıca gəlsin, başını sığallasınlar. Üzünə gülümsəsinlər. Öyrəşib, daha öyrəşib. Bu gün dözdü, sabah da dözəcək. Xətrinə dəyəndə narahat olmayacaqlar, üzr istəməyəcəklər. güləcəklər: “İncidin? İncimə, incimə”. Çünki bilirlər o cavab qaytara bilməz, hirslənə bilməz, təhqir eləyə bilməz, O ancaq susub burnunu sallaya bilər. yiyəsindən küsmüş it kimi ancaq quyruğunu bulayar, qayıdıb dişləyə bilməz. çünki qorxur qapıdan qovalar, üzünə baxmayalar, sonra yazıq ola. Bunu bilirlər. düz bilirlər, özünü elə tanıdıb”.

 

Fəqət, bütün böyük ədəbiyyatların kulüminasiyası elə insanın içindəki bu var-gəllər, bu mənəvi-psixoloji qovğalar, bu daxili təbəddülatlar üzərində qurulmurmu?

 

Dünya ədəbiyyatı nümunələrində dəyişmə, başqalaşma, mənəvi süquta dirənmə halları adətən, demək olar ki, çox vaxt  hadisələr, macəralar, obrazların, xarakterlərin qarşılaşdırılması fonunda verilir. İ.V.Hötenin, E.M.Remarkın, U.Folknerin, L.Tolstoyun, F.M.Dotayevskinin, F.Kafkanın və başqalarının əsərlərində belədir.

 

“Zədə” romanında anti –mövqeli adamlar əsərin qəhrəmanı üçün qorxulu, təhlükəli deyil.  Burda düşmən, onu –Mədəti yaşamağa qoymayan məhz içindəki balaca adamdır. Qorxaq adam, yaltaq, satqın, riyakar, dəyişən, simasını itirən həmin balaca adam, əslində onun  içində gizlənmiş təhlükədir… Bu balaca adam həm də çox güclüdür. Çünki onun milyonlarla tərəfdaşı, anlayanı, kömək edəni var. Lakin onun sahibinin, məsələn, Mədətin isə bəlkə də heç kimi yoxdur anlayası… O tənhadır, unudulduğu zamanlar, yaddan çıxıb gərəksiz olduğu dövrlərin (elə vaxt olur ki, hətta əsgərliyə çağırış vərəqəsini görəndə uşaq kimi sevinir ki, onu da hardasa yada salıblar) ağrısı da var bu tənhalıqda. Romanda Coysvari detallama, kiçik zaman içərisində saysız-hesabsız mətləblərə başvurma texnikasından məharətlə istifadə olunub. Xeyirxahlıq haqqında düşünür. “Biz bütün yaxşılıqları belə özümüzə görə edirik” –kimi məlum qənaətin bu mətndə bədii inkasını görürük. Mədət özünü qardaşına lazımlı, humanist adam kimi göstərmək istəyir. Amma onun ən böyük dərdi odur ki, hər sözünü, hər hərəkətini az qala məhkəməlik edir. Hər kəlməsinin məsuliyyətini yoxlayır, hər yanaşması, münasibəti ilə özünü mühakimə edir. Axırda da uduzur. Özünün “yaxşı adam” obrazının maskasını yırtmaqla məşğuldur sanki.

 

“Bilmədi Süleymanı aldadırdı, ya özünü. Dedi Əzizin qardaşı əsgərlikdədi, gedirəm yanına dəyməyə…

 

Narahatçılığının səbəbi indi yadına düşdü. Süleyman Əzizin ailəsilə, dolanışığı ilə maraqlandı, o da qalxıb birdən dedi ki, pis deyil, babatdı, amma arvadını yaxşı söyləmirlər. Elə dedi, hə elə dedi. Gör heç yeri idi? Axı niyə dedi? Nə düşmüşdü ona ki, dost bildiyi adamın ailəsi haqqında mollalıq eləyirdi. Lənət şeytana. Sabah da heç nə olmamış kimi gedib Əzizin çörəyini kəsəcək. üzünə güləcək, süfrəsinin başında oturacaq, daha Əzizin ağlına gəlməyəcək ki, dostu ailəsi haqqında yeri düşəndə gözəl-gözəl sözlər deyir. Deyir, gəlib süfrəsinin başında oturmağa da utanmır. Ancaq utanacaq. Bekaraca. O da Əzizi görənə qədər. Görüb biləndə ki, dediyindən Əzizin xəbəri yoxdu, yenə əvvəlki kimi mehribandı, yenə xətrini istəyir – sakitləşəcək. İnanacaq ki, doğrudan da yaxşı adamdır. Bu hörmətə layiqdi. Lənətə gələsən…”

 

Roman boyu Mədətin özünə lənət oxumasının dəfələrlə şahidi oluruq. Hər özünü tanıyanda, hər mühakimədə üzləşdiyi daxili obrazının sifətinə baxanda bu kəlmələri təkrarlayır: “Lənətə gələsən!” Bir az səbrlə dinləsək bu adamı o lənətlərin də məğzini anlayarıq. Gündə nə qədər yalan-yalnış söhbətlərimiz olur. Şəkklər, şübhələr, ehtimallarla məzəli, məzəsiz danışıqlar… Başqa yazıçılardan fərqli olaraq S.Budaqlı səbrlə dayanır, ayaq saxlayır bu günah  dənizinin yanında. Bir insan simasında danışılan, yaşanılan hər nüansa, hər detala, hər kəlməyə işıq tutur. Nəticədə isə təhlil, analiz edilən İnsanın obrazı işıqlandırılır, rentgen şüası altında aydınlaşır. Məsələn, indicə çəkdiyim bu misalda bircə cümlənin ittihamı, təhlili baş alıb gedir. Və əbəs yerə uzadılmır söhbət. Diqqət edin: “Çünki dost dostunun ailəsi haqda o danışdığı sayaq danışmazdı. Danışırdısa, demək, hər şey üzdəndi. Demək, ikinizə də bir qoz. Elədi. Əlbəttə elədi. O, Əzizi yox, özünü də alçaltdı. Gülüncdü. Vallah gülüncdü. Axmaq adam, axmaq adam, axmaq adam, axı nə düşmüdü sənə ki, danışırdın? Nə, hə, nə?  Ailəsini soruşurdu, deyərdin yaxşı dolanırlar, vəssalam. “Arvadın bir az yaxşı söyləmirlər…” özü də kədərli-kədərli dedi. Guya gör nə yaxşı dostam, bunu özümə dərd eləmişəm, dostuma canım yanır. Hə, ona görə dedi. Qardaşının gözündə özünü qaldırmaq istədi. Həmin dəqiqə də qandı ki, kişilik eləməyib. Çünki başladı Əzizi tərifləməyə. Ancaq qardaşı üçün bu söhbət maraqsızdı. Heç qulaq asmadı da. Qulaq asmadı…”

 

Romanda bir Qorxu obrazı da var. Bu daha çox hakimdir mətnə. Qorxunun diktəsi, əmrləri, qadağaları, vahiməsi, xofu … Qorxu gizlənməkdənsə hisslərə hökm oxuyur… Bütün addımlara, bütün əllərə sirayət edib. Mədət bir axşam darıxır, sıxılır, həyatına cüzi də olsa rəng qatmaq, gözünü təzələmək üçün doğmalarının şəklini divardan asmaq istəyir. Amma kirayədə qaldığı evin sahibi tapşırıb ki, divarı zədələməsin. O da şəkli əlində hərləyib-hərləyib axırda atır stolun üstünə. Özü kimi olmaqdan qorxur. Başqalarının ona münasibətinin dəyişməyindən, hər şeydən səksəkəlidir sanki. Avtobusda səbrsizlik edib cavan oğlanların əlindən siqareti alıb atır pəncərədən bayıra. Əslində cəsarət nümayiş etdirir guya. Amma bu məqamın qorxu obrazı daha maraqlı təsvir edilir. Bu situasiyada iki yox, üç obraz var. Avtobusdakı adamları saymayıb siqaret çəkən gənclər, onlarla savaşan və gözlənilmədən siqaretlərini alıb pəncərədən atan Mədət, bir də bunların hamısına qalib gələn Qorxu…  əvvəlcə hər iki tərəf özünü cəsarətli, prinsipial göstərir, sonra isə məlum olur ki, Qorxu iki tərəfi də udub… Yenə kiçilmə, yenə mənəvi məğlubiyyət…

 

“Qardaş, olmaz ki burda çəkməyəsiniz…

 

Nahaqca dedi. Durub indi düşərlər üstünə. Iki nəfərə gücü çatmaz. Nahaqca dedi.

 

- Dədənin maşınıdı? Xoşun gəlmir, bas bayıra.

 

Lənət şeytana, özünü işə saldı. Çönüb baxanlar da var. Yazıqlar darıxmışdı. Yox, belə olmaz, belə olmaz. Lap mat qalıblar. Yəqin gözləmirdilər ki, durub ayağa üzlərinə sakitcə baxa-baxa siqaretlərini alıb pəncərədən atar. Gözləmirdilər ki, mat qalıblar. Yaman elədi. Birdən gəlib vurarlar? Tərslikdən arxasını da onlara çevirib. Vurdular-vurdular, nə desən çıxar. Yox, düşüb getdilər. Allaha şükür, yaxşı qurtardı”.

 

Mədətin ömrü qorxu, qadağa, gözüqıpıqlıq və içində hər gün bir az daha kiçilən insana yas saxlamaqla davam edir. Get-gedə fağırlaşırdı, yazıqlaşırdı, ha çalışırdı özünü düzəltsin, bacarmırdı, elə bil boynundan basırdılar, lap kiçilirdi.  Tutuya eşq elan edənda razılıq alır, onda da qorxur. Tutunu itirməkdən də qorxur, ailə qurmaqdan da, kimlərləsə sərbəst, azad şəkildə ünsiyyət qurmaqdan da… Bir də daimi bir utanc hissi var içərisində. Bu utanc hissini də müəllif maraqlı şəkildə səciyyələndirir Mədətin söhbətilə. Dayısı və onun arvadı Amerikada çimərliyə bilet alıbmışlar, qapıya çatanda saxlayırlar ki, burda hamı lüt çimir. Onlar da əvvəl tərəddüd edir, sonra deyirlər ki, əşşi bizi burda kim tanıyır və qoşulurlar lüt camaata : “Adamdan baş açmaq olmur. 30-40 il yaşayır, bilir, pis nədi, yaxşı nədi, amma aparıb  başqa yerə atan kimi  necə yaşadığını, kim olduğunu unudur. Tezcə düşdüyü yerə uyğunlaşır. Hamı necə, o da elə. Lüt çimir, hələ başqa şeylər eləsələr onu da eləyər. Demək adam özündən utanmır, başqalarından utanır. Demək, necə olmağı, necə özünü aparmağı adamın özündən asılı deyil, başqalarından asılıdır”.

 

Romanda hadisələrin (əslində hadisə yox kimidir, sırf düşüncə selinin) məntiqi davamlılığı, axarı, ziddiyyətli, müqayisəli məqamları sənətkarlıqla işlənib. Məsələn, Mədət o “tarixi”, faciəvi anı-Tutunun dayısına qardaşının xahişini etdiyi zamanı xatırlayır tralleybusda. Düşüncəsində o məqamdadır ki, rədd edilmiş xahişin pərtlik situasiyasında Tutunun üzünə baxmaq, onun reaksiyasını bilmək istəyir. Baxa bilmir. Amma əvvəlki düşüncələrində vurğulamışdı ki, belə balaca adamı sevən adamın özü də elə mükəmməl insan deyil, yəqin ki. O qadının, Tutunun  bu alçalma anına münasibəti necə oldu görən?-dalğınlığındaca trolleybus səhnəsi canlanır:”Düz qabağında oturmuş balaca bir arvad hərdən çəkinə-çəkinə ona baxırdı. Elə bil nəsə demək istəyirdi, amma ürək eləyə bilmirdi. Onunsa danışmağa həvəsi yoxdu, ona görə də arvada tərəf baxmamağa çalışdı ki, ürəklənib sözünü deməsin”.

 

Elə qarşısındakı bu “balaca” arvad, nəsə demək istəyən, ona yazığı gəlib ona yer təklif edən qadın da hardasa Tutu idi. Daha sonra qatardakı qoca kişi və başqaları ilə bağlı təsvirlər də paralellər aparmaq üçün mesaj verir…

 

Mədət doğulduğu yerə-Düzyurda bilet alır və geriyə dönür. Şəklini divara vurmağa qorxduğu, şəkillərinə yer tapmadığı insanların yanına dönür. Amma onlar yatıb. Onları da durquzmağa, sevindirməyə qorxur, ehtiyatla davranır. Keçmişdən, keçmişə yol gedir, sanki. Gələcək adlı zamanın qapısı bağlıdır elə bil. Donmuş, bütün işlərin, məqamların ortasında dayanmış bir adamla tanış olduq bu romanda. Mədət Düzyurda da gedib çıxa bilmir. Yuxu ilə gerçəklik arasında acı bir reallıq yaşanır… Özündən bezir bu yolun ortasında (“Bəlkə hamı onun kimidi? Bəlkə hamı onun təki elə yuxular görür ki, ayılanda özündən iyrənir? Əgər bu cürdürsə, necə rahat yaşaya bilirlər?”)

 

Yoldan qayıdır, yenidən Bakıya bilet alr. Ümumiyyətlə, əsərdə tamamlanmış heç nə yoxdur. Hər şey yarımçıqdır. Mədət nişanlıdır, həyatının yarısında, ailəlik dönəminin ortasında, getdiyi, üz tutduğu, ya da qayıtdığı yolun belə ortasındadır. Qatarda belə… Bacısı ilə bağlı hadisələrdə əslində bir cəmiyyətlik problemlər çözülür. İnsanlar, ailə, qohumlar, doğmalar arasındakı məişət münasibətlərinin fonunda daha ciddi, insan xislətinin dərinlikləri işıqlandırılır. Amma burda da hər şey yarımçıqdır. Bacısı ərindən ayrılmaq, boşanmaq istəyir, amma geri dönür, anası dayısını, dayısı oğlunu məhkəməyə verməli idi, vermir, yarımçıq qalır. Qatardakı yol yoldaşlarının da taleyindən bəhs edən hekayətlər yarımçıqdır… İnsan taleləri çölün düzündə qalmış, səhrada, relslər üzərində var-gəl edən tərəddüdlərə köklənib.

 

Amma bizim diqqətimiz daha çox  Mədətdədir. Bu adam ürəyimizi sıxdı, darıxdırdı bizi, yordu da bir az. Amma nə onu, nə də onun müəllifini qınaqdıq. Çünki, bizim içərimizdən çıxmış biri idi. Həyatımızın, yaşayışımızın doğmaca siması, üzü idi. Ölən, təcavüzə uğrayan, bitən bir İnsan maketi qalır yaddaşımızda. Və bu insanın romanını onun öz düşüncələri, analizləri, təsəvvür və xəyalları əsasında yazmaq, təbii ki çətindən də çətindir. İfşaedici, tərbiyəverici tərəf müqabilləri yoxdur bu adamın, ancaq və ancaq özü var. 

 

Biz də eləyik, axı. Cəmiyyətdə yaşayırıq, ətrafımız insanla doludur. Lakin, əslində, hər kəsin hesabat verəcəyi, dizinə baş qoyacağı bircə insanı var. O da ÖZüdür. S.Budaqlı bu ÖZdən yazdı. Ən mühüm problemi, insanın özünü psixoloji-fəlsəfi, sosial analiz zərurətini ortaya qoydu. Get-gedə kiçilən insan çeşidlərinin xarakterini analiz etdi. Məlum oldu ki, alçalan insanlar da doğub-törəyir, artır. Çünki hər alçalan adam başqasını da alçaldır, əzir, aşağılayır. Beləliklə, nəticədə alçaq, kiçilmiş, qorxaq və miskin bir toplum yaranır həyatda…

 

Romanın sonunda yenə maraqlı üsullarla müəllif bizi keçmiş, sabah, bu gün arasında düşüncələrə daldırır. Müxtəlif zamanların, müxtəlif yaşların, müxtəlif məkanların bir insanı var sanki. Və bu insan hamını tanıyır elə bil. Elə hamı da onu tanıyır, lap özləri kimi… “Maşının qabağından bir uşaq zorla qaça bildi. Qorxudan o, az qaldı qışqırsın. İndiyə qədər keçirmədiyi bir hiss içini titrətdi. Ona elə gəldi ki, bu usagı tanıyır. Tək bu usagı yox - hamını tanıyır, nə vaxtsa bu adamların ömrünü yaşayıb, bu saat onların nə düşündüyündən, sevinclərindən, qayğılarından da xəbəri var”.

 

Əslində qəzadan qaçan və həyətdə kranla oynayan uşaqlarla baş-başa qalır Mədət. Yatmaq, ancaq yatmaq istədiyi bir vaxtda o, qəzadan qaçan usagı harda gördüyünü yadına salmaq istəyir. Axır ki yadına düşür, amma bu onun son narahatçılığı olur. “Daha heç nə haqqında düşünə bilmədi”. Əsərin əvvəlindən bu admın faciəsini, çıxılmaz bir yola çıxdığını anlamışdıq. Bu adam tükənməli, bitməli, təslim olmalı idi. Zənnimizcə elə də oldu… Ölülüərin içində diri, dirilərin içində ölü kimi yaşamaq ağrısı anlaşılandır…

 

Saday Budaqlının “Zədə” əsərini Azərbaycan nəsrinin ən uğurlu romanlarından biri kimi təqdirəlayiqdir və bu əsəri biz müxtəlif dillərə tərcümə etdirərək dünyaya çıxara bilərik. Sadə dillə mətnin alt qatlarında, silsilə süjetlər, düşüncələr doğuran mürəkkəb, çoxlaylı fikir seli yeni, fərqli nəsr üslubu hesab olunur. Və romanı bu baxımdan təhlilə də ehtiyac var…

 

12 aprel 2017.

LENT

24 İyul 2017
23 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017