Generalın ölümü – Afaq Məsudun hekayəsi

Generalın ölümü – <span style="color:red;">Afaq Məsudun hekayəsi
3 may 2017
# 17:23

Kulis.az Afaq Məsudun “Generalın ölümü” hekayəsini təqdim edir.

Xüsusi Xidmət Nazirliyinin xüsusi təyinatlı general-polkovniki Tapdıq Qayıblının qarın nahiyəsində aparılan uğursuz əməliyyat nəticəsində vəfat etdiyi barədə yayılan söz-söhbətlərə görə o, iki həftə əvvəl yay istirahətini keçirdiyi bağ evindən şiddətli ağrılarla şəhərin mərkəzi klinikalarından birinə aparılmış, orada ətraflı müayinə olunduqdan sonra «kor bağırsağın kəskin iltihabı» diaqnozu ilə əməliyyat blokuna salınmış, bir neçə gün reanimasiya şöbəsində saxlandıqdan sonra evə buraxılsa da, səhhətində yaranan kəskin ağırlaşmalarla yenidən klinikaya qaytarılmış, üzərində müxtəlif reanimasiya əməliyyatları aparılsa da, həyatını xilas etmək mümkün olmamışdı. Baş vermiş hadisə ilə əlaqədar dərhal şəhər prokurorluğunda cinayət işi açılmış, uzun illərdən bəri nazirliyin Daxili Təhlükəsizlik İdarəsinə rəhbərlik etmiş generalın qəfil ölümünün siyasi motivli sui-qəsd kimi qiymətləndirildiyi istintaq materialları Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə göndərilmişdi.

Mərhumun həyat yoldaşının istintaqa verdiyi ifadələrə görə ,Tapdıq Qayıblı cümə gününün axşamı işdən evə adi qaydada qayıtmış, şam yeməyini bitirdikdən sonra adəti üzrə talvara enib, orada həsir kreslosuna yayxanaraq, televizora baxmağa başlamışdı. Bir qədərdən sonra evdəkilər, talvarlıqdan eşidilən vəhşi bağırtı səslərinə özlərini həyətə atmış və generalı orada ikiqat bükülüb, ağrıdan qaralmış vəziyyətdə tapmışdılar.

Klinikadan verilən epiqrizdə generalın ölüm səbəbi qismində, reabilitasiya dövründə onun qanında aşkar edilmiş qida zəhərlənməsi göstərilsə də, mərhumun ailə üzvləri meyitin təcili surətdə Məhkəmə Tibbi Ekspertizasının baxışına göndərilməsi tələbi ilə Baş Prokurorluğa müraciət etmişdilər. Müraciətdə bildirilənlərə görə, evə buraxılan gün general səhər yeməyini bitirib, yenicə mürgüləməyə başladığı məqam qəfildən qapqara qaralmış, nəfəs yolunda göy öskürək tutmalarını andıran tıxanmalar müşahidə olunmağa başlamış, iyirmi dəqiqəyəcən davam edən bu vəziyyət xəstənin, gözlərinin bərəlməsi ilə nəticələnmiş və o, bir neçə dəqiqə xırıldadıqdan sonra canını tapşırmışdı.

Hadisənin səhəri günü Qayıblının ailə üzvləri, generalın nəhəng cəsədini Məhkəmə Tibbi Ekspertizasına aparan ambulansın ardınca yollansalar da, onlara yarılma əməliyyatının ertəsi günə qaldığı bildirildikdən sonra geriyə qayıtmalı olmuş, bazar gününün günortasına təyin olunan dəfn mərasiminə tədarük işlərinə başlamışdılar.

***

Axşama yaxın Tapdıq Qayıblının dənizkənarı qayalığın dikdirində yerləşən bağ evinin həyəti Daxili Təhlükəsizlik generalının qəfil ölüm xəbərindən çaşqınlığa düşmüş insan kütlələri ilə dolmuşdu.

Evin arxa həyətində qadınlar üçün, qarşısında kişilər üçün qurulmuş mağar getdikcə adamla dolur, qadınlar hüzn dolu ağır sükutla mağarın ortasında tabut üçün saxlanılan boş yerə zillənib qalır, darvaza qapıları hər açılıb-bağlandıqca, qarajın yanında yoğun zəncirini bu dəqiqə qıracaqmış kimi, o baş-bu başa vurnuxan nəhəng qoyun itinin acıqlı hürüşü eşidilir, hava qaraldıqca, həyatını dövlət əhəmiyyətli, sirli sui-qəsd nəticəsində itirmiş təhlükəsizlik generalının müəmmalı ölümü barədə söhbətlər yeni-yeni çalarlar kəsb etməyə başlayırdı...

Müəmmanın ilkin səbəbi – klinikanın tibbi personalının dedikləri ilə meyiti yaran cərrahın ifadələri arasındakı uyarsızlıqlar idi.

Klinikanın baş cərrahının ilkin istintaq əsnasında verdiyi ifadələrə görə Qayıblının üzərində aparılmış əməliyyat müasir cərrahiyyənin ən yüksək tələblərinə cavab verəcək normalar və standartlar daxilində həyata keçirilsə də, gözlənilən nəticə hasil olmamış, xəstə qanında sonradan aşkar olunmuş qəfil zəhərlənmə nəticəsində həyatını itirmişdi. Zəhərlənmənin özünə gəlincə, baş cərrah bunu reabilitasiya dövrü generalın qida rejimində yol verilmiş xətalarla əlaqələndirmiş, mərhumun həyat yoldaşını xəstənin səhhətində ciddi fəsadlar törədə biləcək yağlı yeməklərdən çəkindirməyə dəvət etsə də, dəfələrlə onun öz ərinə qarın qutabı, gürzə, sac qovurması kimi ağır qidalar yedirtdiyinin şahidi olduğunu bildirmişdi.

Məsələnin daha müəmmalı tərəfi - əməliyyat personalının əməliyyat zamanı baş vermiş insidentlə əlaqədar verdiyi ifadələr idi. Bu ifadələrə görə klinikanın birinci dərəcəli personalının iştirak etdiyi əməliyyat saat 12:00 radələrində başlasa da, təqribən 20 dəqiqədən sonra dayandırılmışdı. Buna səbəb – əməliyyata rəhbərlik edən cərrahın halının, xəstənin qarın boşluğunda aşkar etdiyi nədənsə xarablaşması olmuşdu...

- …Onun rəngi ağappaq ağardı… əlləri, huşunu bu dəqiqə itirəcək kimi, əsməyə başladı…

- Bu, sözün əsil mənasında, dəhşət idi… Bıçağı dəriyə toxundurmağımızla, ordan balina piyini andıran ağ rəngli nəyinsə çölə pırtlamağı bir oldu. Biz bunun, onun qarın boşluğunu bürümüş piy dilimi olduğunu, yalnız bir qədər sonra - kəsiyi lazım olan ölçüdən bir qədər iri açanda və onun içinin, ağlasığmaz dərəcədə yoğun piy kütlələri ilə dolu olduğunu görəndə anladıq…

- Biz kor bağırsağı uzun müddət axtardıq. Qarın nahiyəsini əvvəl qaydası üzrə, aşağı hissədən yardıq ki, yoğun bağırsağa oradan keçə bilək. Amma o hissədə piy qatı o qədər qalın idi ki, bizə içəri keçməyə imkan vermirdi. Onda məcbur olub, kəsiyin birini də göbəyin altından atdıq. Amma bu da bir nəticə vermədi. Onda professor kəsiyi mədənin ağzından düz qasığacan atmağı təklif etdi.

- Onun qarnında bəlkə əlli kiloyacan piy vardı. Daha doğrusu, elə bil piyi onun içinə, kolbasanın içinə tıxayan kimi, tıxamışdılar. Bütün içalat Arktika buzlaqlarını andıran ağappaq piyin altında idi. Odu ki, nəyin nə olduğunu müəyyən eləmək olmurdu...

- Belə baxanda, onun heç bir orqanı yerində deyildi. Kor bağırsaq normaya görə yoğun bağırsağa bitişik olmalı idi, burda isə o, göbəyin alt hissəsinə yapışmış vəziyyətdə idi. Böyrəklərin biri dalağın arxa divarına dirənmişdi, o birisi isə ümumiyyətlə, yox idi. Hər halda, biz onu tapa bilmədik. Dalağı isə biz lap aşağıda – sidik kisəsinin üstünə yapışmış vəziyyətdə aşkar etdik.

- Biz kor bağırsağı axır ki, tapıb kənara çıxardıqsa da, bunun həqiqətən, kor bağırsaq olub-olmadığını dəqiqləşdirə bilmədik. Çünki o da, o birilər kimi, piyin içində idi, ölçüsünü və quruluşunu tamamilə itirmişdi. Bir sözlə, bunun həqiqətən, kor bağırsaq olduğunu dəqiqləşdirməkdən ötrü onun özünü də yarmaq lazım idi. Professor isə buna getmirdi. Amma axırda naəlac qalıb kəsdi və bunun, öd kisəsi olduğunu görəndə halı xarablaşdı…

- Əslində, bunun öd, yoxsa, sidik kisəsi olduğunu da biz axıracan aydınlaşdıra bilmədik. Tünd yaşıl dərili qurbağanı andıran, əcaib bir şey idi. Kəsilib ləyənə atılandan sonra da vaxtından əvvəl çıxarılmış dölün titrəmələri ilə ləng-ləng tərpənirdi...

- Bütün bu anomaliyaların ən qorxuncu isə, əlbəttə ki, onun mədəsi idi. Bu, içi kobud əşyalarla dolu nəhəng sakvoyajı, balinanın dalağını andıran dəhşətli bir şey idi... Qarın boşluğunu bütünlüklə zəbt eləyib orqanları qasıq nahiyəsinə sıxan da, əslində, elə o idi. Biz ona toxunmadıq. Daha doğrusu, toxuna bilmədik.

- Bu, inanılmaz bir mənzərə idi… Biz elə bir halda idik ki, oradan ayaqqabı tayı çıxsaydı belə, təəccüblənməzdik. Onun bu vəziyyətdə necə yaşadığı, necə işlədiyi anlaşılmazdı. Xüsusən də, bu adamın ölkənin daxili təhlükəsizliyi ilə məşğul olduğunu düşünəndə…

- Öz qarnının içi başdan-başa təhlükə saçan bir adamın ölkənin təhlükəsizliyini qoruması… Əcaibdi, vallah.

***

Bazar gününün günortası generalın bağ evinin mərtəbələri, şam ağacları və gül kollarıyla sıralanmış geniş xiyabanlı həyəti dəfn mərasiminə toplaşan iş adamları, əlisilahlı mühafizə dəstələri və rəsmilərlə dolub daşsa da, cənazədən hələ də xəbər yox idi.

Yalnız axşama yaxın, göyün üzü qaramtıl buludlarla örtüləndə və buludların arxasından aramlı şimşək gurultuları eşidilməyə başlayanda, Məhkəmə Tibbi Ekspertizasından, meyitin müayinəsinin sabaha saxlanıldığı barədə xəbər gəldi. Tibbi ekspertizadan alınan son məlumata görə müayinənin sabaha saxlanılmasının səbəbi – ekspertizaya ölkənin və xaricdən dəvət olunmuş tanınmış patoloq-anatomlarının iştirak edəcəyi fövqəladə konsiliumun cəlb edilməsi idi.

***

Deyilənə görə bazar ertəsinin axşamı generalın nəşini gətirən ambulans mərhumun bağ evinə aparan ensiz yolun başında peyda olanda, göy qübbəsi möhtəşəm ildırım çaxıntılarından dağılmağa başlayıbmış... Günortadan narın çilərtilərlə səpən yağış güclənərək, xiyabanın torpağını talvarlığa axıdır, arxa darvazanın ağzına zəncirlənmiş nəhəng qoyun itinin tank gurultusunu andıran vəhşi hürüşü ətrafa yayılırmış.

Generalın növbəli yarılmalardan və müayinələrdən şişib üfürülmüş cəsədi ambulans xərəyinə sığışmadığından, maşından altı adamın köməyi ilə, kətan döşəküzünün arasında düşürülübmüş. Saxlanma müddəti ötdüyündən, meyit ağırlaşıb kəfənini qaramtıl-sumağı rənglərə boyaya-boyaya qan sızdırmağa başladığından, sabahkı günə təyin olunmuş dəfn mərasimi ləğv edilmiş, nəş gecə ilə bağ evinin arxa hissəsindəki talvarlıqda torpağa tapşırılmışdı. Yaşayış ərazilərində qəbirsalma işlərini qadağan edən qəsəbə bələdiyyəsindən xəbərsiz keçirilmiş gizli dəfndə, deyilənə görə generalın ailə üzvlərindən, sürücüsündən və aşpazından savayı ayrı bir kəs iştirak etməmişdi.

Generalın müəmmalı ölümü ilə bağlı dolaşmaqda olan şayiələrə görə o gecə meyit bağın arxa həyətində qazılmış qəbir çalasına endirilərkən, içindən qapı cırıltısını andıran əcaib səs eşidilibmiş. Səsdən diksinib qorxan qohumlar onu qeyri-ixtiyari əllərindən buraxmış və generalın nəşi yağış suyu ilə dolu palçıqlı çalanın içinə düşərək, dibə çökmüşdü. Qohumlar əlləşib-vuruşub, qəbir çalasını dolduran suyu boşaltmağa çalışmışdılarsa da, aramsız yağış buna imkan verməmiş, qəbir çalası bütün gecəni suyla dolub-daşmış, meyit yalnız sübhə yaxın, yağış kəsəndə torpaqlanmışdı.

***

Dəfnin səhəri günü tanış-bilişə, qonum-qonşuya general Tapdıq Qayıblının, uzaq dağ kəndində yaşayan bacılarının xahişi ilə, doğulduğu obada torpağa tapşırıldığı elan olunsa da, həftənin sonu onun itinin, yazıq zingiltiləri gecələr bağ qonşularına yuxulamağa imkan verməyən Yevronun cansız cəsədi arxa həyətin talvarlığında - üstü çay daşları və qızılgül kollarıyla bəzədilmiş alçaq təpəciyin üstündə tapılmışdı.

Məhkəmə Tibbi Ekspertizasının rəyinə gəlincə, generalın yarılmasından sonra baş tutan müayinə ekspertizası barədə sənəd, inadlı təkidlərinə baxmayaraq, onun ailə üzvlərinə verilmədən, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivinə göndərilmiş, orada dövlət əhəmiyyətli məxfi sənədlər saxlanılan bölməyə yönəldilmişdi.

2012

# 1069 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #