Ərəb qonaqlığı

Ərəb qonaqlığı
1 may 2017
# 11:40

Kulis.az Təranə FazilqızınınƏrəb qonaqlığı” yazısını təqdim edir.

Təhsildən axsadığıma görə, səkkizilliyi bitirib, axşam məktəbində oxumağa başladım. Kasıbçılıq ucbatından qohumların köməyi ilə varlı ərəb ailəsində dayəlik edirdim. Tay-tuşlarımdan fərqli həyat tərzim məni sıxsa da, taleyimlə barışmışdım. Baxdığım körpə təxminən yeddi-səkkiz aylıq olardı. İlk aylar çətinlik çəksəm də, getdikcə körpə ilə bir-birimizə isinişirdik. Bəzən axşama yaxın evə getməyimi duyan körpə ağlayır, balaca toppuş əllərini inadla mənə tərəf uzadırdı. Belədə mən məmnun halda ərəb qadınına baxır, bununla da ona: “görürsünüz də, uşaq məni necə çox istəyir”, demək istəyirdim.

Xanımın iki qızı vardı. Böyük qızın adı Məryəm, mən baxdığım körpənin adı isə Yasəmən idi. On bir yaşında qıvrımsaçlı, üzü qəhvəyiyə çalan, gözləri civə kimi oynayan Məryəm olmazın oyunlardan çıxır, məni incidirdi. Ailədə məndən savayı hamı ərəb və ingilis dilində danışırdı. Amma bu, işləməyimə, körpə ilə ünsiyyətimə mane olmurdu. Məryəm, xüsusilə də ata-anasının evdə olmadığı vaxtlar min bir oyundan çıxırdı; gah saçımı yolub qaçar, qəfil üzümə tüpürər, qışqırar, bəzən də əl-qolunu üstümə ölçərək ərəbcə nəsə deyərdi. Belə vaxtlarda mən körpəni sinəmə sıxıb məlul-məlul evin xanımına baxırdım. O, qızına nəsə deyər, başa salardı. Əlbəttə, qızını dayənin ayağına vermirdi. On altı yaşım olsa da, utancaq və qorxaq idim. Dəfələrlə işimi atıb getmək istəsəm də, məvacibimin çox olmasını, ailəmizin vəziyyətini düşünüb fikrimdən daşınmışdım.

Sinif yoldaşlarımı görəndə, onlara paxıllığım tutardı. Məni görməsinlər deyə, onlardan qaçıb gizlənərdim...

Evin xanımı bəzənib-düzənməkdə, geyinib-keçinməkdə idi. O, bədənnüma güzgünün qabağında Məryəmin saçlarını hörür, gah da, aynada özünə baxıb gülümsəyirdi. Ucaboylu, qəddi-qamətli xanıma paltarı çox yaraşırdı. Bu alışıb yanan libasda, qızılı salxım sırğalarda o, şərq nağıllarındakı şahzadəyə oxşayırdı. Belindəki enli qızılı kəmər ona güvəncli görkəm verirdi. Mən qapıya söykənib, ev sahibəsinə heyranlıqla baxırdım. O, məmnunluqla mənim də, balacanın da qonaq gedəcəyini bildirdi. Artıq körpə yaşyarımlıq idi. Balaca paltarımın ətəyini dartır, sanki onu da geyindirməyimi təkid edirdi. Xanımın Yasəmənə seçdiyi paltarı geyindirib ortalığa çıxartdıq. Saçları rəngli lentlərlə yığılmış körpə xallı böcəyə bənzəyirdi. Onlar növbə ilə iri güzgünün qarşısında rəqs edirmiş kimi, dövrə vurdular. Qeyri-ixtiyari özümə nəzər yetirdim. Yuyulmaqdan bozarmış, nimdaş paltarıma baxıb məyus oldum. Görkəmimdən miskinlik yağırdı. Ziyafətə getmək istəmirdim. Xanımın əri Həbib bəy uşağı götürüb aşağı düşməyi əmr etdi. Qəhərdən, pərtlikdən boğularaq, körpəni qucağıma alıb həyətə düşdüm. Maşını bürüyən ərəb şərqisi küləyin vıyıltısına və ötüşən binalara qarışıb kədər kimi qəlbimə çökürdü. Allaha yalvarıb dua edirdim ki, yol uzun, mənzil başı görünməz olsun...

Hündür, qırmızı darvazadan içəri girəndə, məyusluqdan və həyəcandan ürəyim şiddətlə döyünməyə başladı. Ömrümdə görmədiyim bir yerə düşmüşdüm. Bu güllü-çiçəkli, ağ mərmər sütunlu imarətə, həyət-bacaya baxdıqca, oxuduğum nağıllar yadıma düşürdü. Sürücülər ağalarına və onların xanımlarına maşından düşməkdə kömək edirdilər. Fəvvarəli mərmər hovuzda rəngli balıqlar üzürdü. İri qəfəsin bir küncünə sığınmış tovuz quşları başlarını qanadlarının altına salıb gizlətmişdilər. Gözüm dörd olmuşdu. Axı belə dəbdəbəni, cah-calalı indiyə kimi görməmişdim. Gələn qonaqları qarşılayan xidmətçilərin, ev sahiblərinin canfəşanlığı ürəyimi sıxırdı. Məzlum-məzlum durub onlara tamaşa edirdim. Nəhayət, hamı yerbəyer oldu. Məni böyük işıqlı bir zala ötürdülər. İçəri qadın və uşaqla dolu idi. Sıxıla-sıxıla qapının kənarında dayanıb ətrafa göz gəzdirdim. Özümə yer axtarırdım. Müxtəlif dildə danışan qadınlar, hay küylü uşaqlar, böyük xalçanın üstünə səpələnmiş rəngli oyuncaqlar... bir sözlə, ağız deyəni qulaq eşitmirdi. Başım gicəlləndi. Özümü güclə ələ alıb, otağın qapı tərəfindəki küncdə yumşaq stula çökdüm. Körpə qucağımda idi. Bir az sakitləşmişdim. Həyəcanım ötüb keçmişdi. Ətrafı süzür, nə baş verdiyini anlamağa çalışırdım. Sarayın xidmətçiləri iri sinilərdəki çeşid-çeşid yeməkləri, şirniyyatları, meyvə şirələrini bir ucdan gətirib süfrələrə düzürdülər. Arada boyun-boğazları, üz-gözləri par-par yanan, ədalarından yer yarılan xanımlar içəri girib gözucu uşaqlarına baxır, dayələrə məsləhət verib gedirdilər. Bəzi dayələrin üzünə yemək-içmək bolluğundan xoşbəxtlik çökmüşdü. Onlar ovurdlarını şişirdərək yeyir, meyvə şirələrini qurtaqurtla içirdilər. Sanki illərin aclığı vardı canlarında. Bəziləri arada xanımlardan qeybət edir, məvacibin azlığından gileylənirdilər.

Mən hələ də qucağımdakı körpə ilə sakitcə oturub onları seyr edirdim. Birdən ağzındakı tikəni tam udmamış şişman bir dayə mənə yaxınlaşıb canıyananlıq elədi:

- Körpəni burax oynasın, nə qucaqlamısan, elə bil, avtobusdasan. Gəl sən də bir tikə çörək ye!. - Elə bil, keyimişdim. Başımı sağa-sola tərpətdim. Yəni, istəmirəm. Bir neçə dəqiqədən sonra, başqa bir dayə mənə yaxınlaşdı. Ona da “yox” deyib, başımı balaca Yasəmənin kürəyində gizlətdim. Uşaq da mənim kimi hürkmüşdü, səsini çıxartmırdı. Yarım saatdan çox idi ki, beləcə oturmuşduq. Dayələr isə məndən əl çəkmək istəmirdilər: “Ay qız, yetimsən?”, “Uşaq evindən gəlmisən?”, “Xanımın səni hardan götürüb?”....

Verilən suallar ruhumu əzib məni mənən öldürüdü. Başımı Yasəmənin kürəyinə qoyub ağlayırdım. Əslində, bu ağlamaq deyildi. Bütün varlığımla, qəlbimlə həyatıma üsyan edirdim. Mən doğulduğum günə, yaşadığım mühitə, insanlara, hər şeyə nifrət edirdim. Baş götürüb qaçmaq, tənha bir yerdə ölmək istəyirdim. Birdən Yasəmən ağlamağa başladı. Elə bildim ki, uşaq sövq-təbii ürəyimdəkiləri duyub. Onun ağlamağı məni özümə qaytardı. Mən uşağı öpüb sakitləşdirir, yanağımdan axan göz yaşlarını ehmalca silirdim...

02.05.2014

# 992 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #