Atlar niyə çəhrayıdır? – QİSMƏT YAZIR

Atlar niyə çəhrayıdır? – QİSMƏT YAZIR

 

Kulis.az Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı haqqında Qismətin "Atlar niyə çəhrayıdır?" essesini təqdim edir.

 

                                           İztirab arzudan doğur.

                                                                                                             Budda

 

Tələbəlik illərində dərsdən qaçıb universitetin bufetində siqaret tüstülədə-tüstülədə gah şeir yazır, gah da həmişə çantamda gəzdirdiyim kitablarından birinin ovsunlu, rəngbərəng, əsrarəngiz dünyasına daxil olurdum. Unudurdum – qayıbları, dönərçinin nataraz gülüşünü, imtahan suallarını, paralel qrupdakı qırmızı papaqlı qızı. Həmin günlərdən birində Leonid Andreyevin “Ben-Tovit” adlı bir hekayəsini oxuyub sevmişdim. Hekayənin qəhrəmanı dişi ağrıdığı üçün özünə yer tapa bilmir, qıvrıldıqca qıvrılır, dayanmadan arvadına giley-güzar edir. Amma Andreyev hekəyədəki bu çox adi, insani məişət vəziyyətinə paralel bir xətt də daxil edir. Ara-sıra evin pəncərəsindən izdihamın hay-küyü eşidilir və hekayə irəlilədikcə məlum olur ki, özünə tanrının elçisi deyən İsa adlı bir nəfəri çarmıxa çəkməyə aparırlar... Çox sonralar bizdə yazılan tarixi romanları oxuyub bəyənməyəndə bu hekayəni niyə sevdiyimi daha yaxşı anladım. Çünki böyük ədəbiyyat tarix məxəzlərdəki hadisələrə yüngülvari bədiilik qataraq onu olduğu kimi ifadə etmək yox, hər şeyə yeni rakursdan baxa bilməkdir. Bu mənada modern ədəbiyyatın işi bir az da sıradan insanın tarixini rəsmi tarixə qarşı qoymaqdır. Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı da məncə ən birinci bu cəhəti ilə qiymətlidir.

 

Romanda paralel iki zaman var: 1) yeniyetmə Həsənin dilindən nəql olunan XX əsrin sonlarındakı müasir zaman; 2) təxminən eramızdan 5000 il əvvəl Misirdəki Amanis adlı kölənin gözündən təsvir olunan qədim zaman.

 

Mətnin bətnində ilk baxışdan sezilməyən üçlü bir model gizlənib və məncə, romanı həmin struktura uyğun şəkildə şərh etmək olar. Bu nəticəyə necə gəlmişəm? Romanın əvvəlində belə bir epiqraf var: “12 rəqəminin gecə və gündüzünə ithaf olunur.” Madam ki, müəllif əsərin başındaca bizi rəqəmlərlə bir oyuna dəvət edir, demək bunu diqqətə almaq lazımdır. Bu işarə əlbəttə ki, ilk növbədə mifoloji nəzəriyyədəki hər bir mətnin bir-birini tamamlayan mümkün iki variantının (12 gündüz, 12 gecə variantı) mövcudluğuna eyhamdır. Təxminən, İn-Yan simvolundakı kimi: qaranın içində ağ, ağın içində qara nöqtə. İç-içə keçmiş, bir-birini dəf edə-edə tamamlayan iki əbədi qüvvə – xeyir və şər. Amma fikrimcə, bu məsələnin aydın (gündüz) tərəfidir, işin bir də alt qatlarda gizlənmiş (gecə) tərəfi var. 12 rəqəmi bir ildəki ayların sayını, bir periodun tamamlanmasını ifadə edir. Amma 12 aydan ibarət il özlüyündə şərti olaraq 3 aydan ibarət 4 hissəyə bölünüb. Əgər 3 aydan bir hansısa mərhələ bitirsə, demək üçlü modeldən danışmaq olar. Bu, məncə, kitabdakı gizli koddur.

 

Romanın əvvəlindəcə təhkiyəçi Həsənin dilindən öyrənirik ki, o və nənəsi Arzular şəhərinə 3 il əvvəl on-on beş kilometrlikdəki bir kənddən köçüb gəliblər. İki cümlə sonra belə bir hissə gəlir: “Arzular şəhərində hamımız həyata keçməyən çoxlu arzularla yaşayırıq. Arzulardan sonra bir şəhər var və biz bütün arzularımıza çatanda o şəhərin sakinləri olacağıq.” Deməli belə, əvvəlcə bir kənd olub, sonra Arzular şəhəri, bir də Arzulardan sonra bir şəhər olmalıdır. Yenə üçlü model!

 

Növbəti səhifələrdən birində yeniyetmə Həsən özü haqqında deyir ki, içimdə üç fərqli insan var: birincisi kefcil, ikincisi mağmın, üçüncüsü əzazil.

 

Romanda üç mətn var: birincisi Həsənin əhvalatı, ikincisi Sərdar müəllimin yazdığı misirli kölə haqqındakı “Yaşıl vadi” əhvalatı, üçüncüsü isə bunların cəmi olan Şərifin kitabı.

 

Üç modelə uyğun üç variant təklif edəndən sonra Şərifin bu modeli bilərək, yoxsa intuitiv şəkildə qurması sualına cavab tapmaq lazımdır. Mənim fikrimcə, Şərif bu modelə yarı şüurlu, yarı fəhmlə üç yoldan gəlib: birincisi, tarix fakültəsini bitirmiş biri kimi Misirlə bağlı oxuduqlarından, ikincisi son illər buddizmlə bağlı mütaliə etdiklərindən, üçüncüsü buddizmin təsiri ilə yazılmış dünya ədəbiyyatının nümunələrindən. Məsələn, Hessenin “Sidharta”sından. Bu necə baş verir? Biz bir kitabı oxuyanda təkcə əsərlə tanış olmuruq, həm də dolayı yolla müəllifin oxuyub bəhrələndiklərini oxuyuruq. Bu, genetik miras kimi, bir meyvəni yeyəndə qanımıza keçən vitaminlər kimi, atamızda babamızdan, bizdə atamızdan, övladımızda da bizdən nəyinsə olması kimi bir şeydir. Hər diqqətli, yaradıcı mütaliə bir növ ulu babalarla görüşdür.

 

Keçək mətnin şərhinə və bu qənaətimizi bir az da dərinləşdirməyə. Məşhur fransız mifoloq, ədəbiyyat nəzəriyyəçisi Jorj Dümezil şah əsəri sayılan üç cildlik “Mif və Dastan: hind-avropa xalqlarının dastanlarında üçlü funskiya” kitabında yazır ki, ortaçağda cəmiyyət bu üçlü model belə qurulurdu: 1) din adamları; 2) döyüşçü; 3) sənətkarlar.

 

Birinci bənd, birinci funksiya qutsala, müqəddəsə aiddir. Bu, hindlərdə brahmanlara uyğun gəlir. Şərifin romanında bu bəndə iki adam uyğun gəlir: birincisi, Həsənin əhvalatında kəndin, yəni Arzulardan əvvəlki şəhərin yetirməsi olan, batil inanclı nənə; ikincisi isə misirli kölənin əhvalatındakı firon və cadugər.

 

İkinci punkt, funksiya torpağın qorunması ilə bağlıdır. Hindistanda bu kşatrilərdir. Şərifin romanında bu bəndə Həsənin əhvalatında Ədalət və Aqqadan, paralel mətndə isə Amanis uyğun gəlir. Şərif bu ikinci punktun, keçidin romanını yazıb.

 

Üçüncü bəndə sənətkarlar, tacirlər aiddir. Şərifin romanında bu bəndin sənətkarlar hissəsinə Arzulardan sonrakı şəhərə can atan Həsən, “Yaşıl Vadi” adlı əsər yazan Sərdar müəllim, tacirlər hissəsinə isə qırğın-davanın içində xırda fırıldağın qalmayan məktəb müəllimləri, işbazlar aiddir. Paralel mətndə isə sənətkar hissəsinə öldürülən şair, tacir hissəsinə fironun əyanları uyğun gəlir.

 

Şərti olaraq belə bir ümumiləşdirmə apara bilərik: Həsənin nənəsi ilə birgə tərk etdiyi Arzular şəhərindən əvvəlki məkan, yəni kənd hardasa feodal münasibətləri – klassik realizmi, Arzular şəhəri təxminən dağılmaqda olan, ya da təzəcə dağılmış sovetləri – yarımçıq qalmış modernizmi, Arzulardan sonrakı xəyali utopik şəhər isə postsovet dövrünü, müstəqilliyi, postmodern epoxanı təmsil edir. Bu mənada mən bu romanı həm də modernizm proyektinin yarımçıq qalması, tam keçilməməsi haqqında bir əsər hesab edirəm. Bu, iki daşın arasında qalmağın, tərəddüddən içində qıvrılmağın və bütün cəhdlərin yarımçıqlığı haqqında romanıdır. Əslində, bu mənada Arzular şəhəri məkan olaraq şəhər yox, şəhər-tipli qəsəbədir. Çünki qəsəbə nə kənddir, nə şəhər; nə tam mənası ilə kəndli vərdişlərindən ayrılıb, nə də tam mənası ilə şəhərə inteqrasiya olub. Avropanın neçə əsrə keçib tamamlandığı modernizmi tam mənası ilə keçə bilməmiş bütün post-sovet ölkələri, əslində, elə qəsəbədir, bəzisi kasıb, bəzisi göydələnlərlə dolu qəsəbə. Bəlkə də elə buna görə Şərif bir az romantik, bir az da ironik çaları olan “Arzular şəhəri” sözünü sərlövhəyə qədər çıxardıb. Bu, market olmaq istəyən dükan, universitetə girmək istəyən şagird, əsas heyətə düşmək istəyən ehtiyat skamyadakı futbolçu duyğusudur. Bura dondurulmuş, konservə edilmiş xaotik istəklər məkanı, daşlaşmış ənənələr məzarlığıdır. Romanının tragikomik tonunun belə uğurlu alınması, məncə, bu “iki daşın arasında qalmaq” hissinə görədir.                

 

Romanda məkan və zaman maksimal dərəcədə ümumiləşdirilib. Bu məkanı dünyadakı istənilən müharibə bölgəsi kimi təsəvvür etmək olar, elə zamanı da. Əsər həm də “biz yaxşı, onlar pis” məntiqindən uzaq olduğu üçün çox qiymətlidir. Zatən bu romanda müharibə dekordur, fondur, yaxınlaşıb-uzaqlaşan səslərdir. Müəllifin mətn boyu müharibə ilə, gərginliklə bağlı bədii kəşfləri bizi ustufca belə bir qənaətə gətirib çıxarır: Müharibə azadlıq ərazisinin daralması, sülh genişlənməsidir. Və buna görə roman böyük mənada müharibə yox, azadlıq haqqındadır.         

 

Romanda iki əsas leytmotiv var: ağzı məftillə bağlanmış çəhrayı atlar və yaxınlaşıb-uzaqlaşan səslər. Qürub günəşinin altında çəhrayı görünən atlar elə bil ki, işıqlı, ümidli hər şeyin uzaqlaşıb getməsinə, sülh günəşinin qürub edib, qanlı savaş gecəsinin başlamasına təbiətin xəbərdarlığıdır. Əsərdə qəribə şəkildə irili-xırdalı meyvələr kimi təsəvvür olunan müharibənin yaxınlaşıb-uzaqlaşan səsləri isə müəllifin ən yaxşı bədii kəşflərindən biridir. Bu, həm aclıq içindəki yeniyetmənin təxəyyülünə yaxşı oturur, həm də insanları qarabaqara izləyən müharibənin yaxınlaşmasını uğurla əyaniləşdirir.

 

Romanda öz fikrini daim ədəbsiz atalar sözləri ilə ifadə edən Namaz kişinin timsalında köhnə nəsrə ironik münasibət var. Mən ironik Namaz kişi və ənənəvi olmayan Nənə obrazlarını Şərifin ənənəvi ədəbi qoldan qopması, tamam yeni mərhələyə qədəm qoyması kimi oxuyuram.

 

Romandakı bütün personajlar depressiyanın, nevrotizmin, çıxılmazlığın pəncəsində qıvrılırlar. Hamısı sabahdan nagümandır, hamısı çarəsizdir və bu çarəsizlik suya atılan daş kimi həlqə-həlqə böyüməkdədir. Məsələn, nənə daim hər şeydən şübhələnir, qəzəblənir, yeni şəraitə uyğunlaşa bilmir, çünki uşağa öyrətmək daşa yazmaq, qocaya öyrətmək suya yazmaqdır.

 

Roman bədbindirmi? Məncə, bütün depressiv məqamlarına baxmayaraq, roman nikbindir. Çünki Həsənin timsalında həmişə həyatdan yapışmağa bir səbəb tapan, içdən-içə də olsa gülə bilən, təbəssümünü itirməyən bir yeniyetmə görürük. Və məncə, müəllif sabahı təmsil edən yeniyetmə Həsənə son dəqiqədə Sərdar müəllimin əlyazmasını xilas etmək imkanı yaratmaqla, qəlbinin dərinliklərindəki bir duyğunu bizə sezdirir: əlyazmalar yanmır və xilas kitablara, yazıya, ədəbiyyata, sözə inanmaqla mümkündür, yoxsa atlar həmişə çəhrayı olacaq. /sim-sim.az/   

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017