Bir gecənin sirri - POVEST

Bir gecənin sirri - <span style="color:red;">POVEST
23 aprel 2017
# 10:00

Kulis.az Göyərçin Kəriminin “Bir gecənin sirri” povestini təqdim edir.

Post insan

(proloq)

... Onu tanıyan çox idi; kim olduğunu bilən yoxdu. Bəlkə çox illər sonra biləcəkdilər... kim bilir, bəlkə də yox...

... Əsmər dənizlə söhbətləşirdi ki, qulağına anidən səs gəldi:

– Sən kimsən?

– Ruham.

– Kimin ruhusan?

– Bir ruhu uçmuşun.

– Nə işlə məşğulsan?

– Yüksəkliklərdən yüksəkliklərə yüksəlirəm.

– Oralarda nə görürsən?

– Yerdə görmədiklərimi.

– Bəs niyə üzün gülmür?

– Vətənim bərbaddır, məni uçurub, özü ağrı çəkir.

– Niyə ağrı çəkir?

– Arzularına biganəyəm.

– Ora qayıtmaq istəmirsən?

– Qayıdıram, amma özümə nəsə lazım olanda...

Bu, uzun eşq hekayəsidir, amma... Əsmər həmsöhbətini tanımadığı üçün addımlarını tezləşdirib sahil boyu yoluna davam elədi. Bilirdi ki, rahatlığı yalnızlıqda tapmaq, yalnızlığı göz yaşları ilə ovutmaq tərki-dünyalıqdır. Əmin idi ki, ayağının altını sarı-qəhvəyi qum dənəcikləri qıdıqlayır, dalğalar su-quru xəttini aşıb topuğunu yalayır, düşüncələr sahildən-sahilə atır, qağayılar göylərə səsləyirsə, ayrı aləmdəsən.

Dəniz durmadan sahilə cumur, qumun üzərinə cızılmış yazıları yuyub aparırdı: “Sevirəm”, “Xoş gəldin”, “Sən mənimsən”, “Həyat gözəldir”, “Sənsizliyin son nəqarəti” və s... Bir dalğalıq ömürləri varmış sən demə...

Dönüb gəldiyi yola baxdı. Arxada sukuta qərq olmuş genişlik üfüqə kimi uzanırdı. Önünə göz gəzdirdi. Öndə də həmin mənzərə. İndi Əsmərə kim inandıra bilərdi ki, dünyada ondan başqa kimsə var?! Qışın sərt soyuğu belə fikrindəki ilıq yaz havasını üşüdə bilmədi.

Yoxsul bir komada dünyaya göz açmışdı Əsmər, ucqar kənd məktəbini bitirmişdi. Üzü gülərdi həmişə. Uşaqlığında çəkdiyi ağrı-acılar davranışında iz buraxa bilməmişdi. Ağlının yaxşı kəsmədiyi vaxtlardan böyüklər kimi düşünməyə adət etmişdi. Aclıq, həyəcan, səfalət içində itirilmiş uşaqlığını xatırlamaq istəmirdi. Yaz aylarında qanqal yığmağa getdikləri və yerli əhalinin “Haramı” adlandırdığı qayaların üstündən tamaşa eləyəndə Çökəkli kəndi alaçığa bənzəyirdi; sanki burada çiy kərpic və qarğı-qamışdan inşa edilmiş salğarlı evlər estafeti əlindən buraxmır, daş tikili, demək olar ki, sıxışdırılıb sıradan çıxarılmış kimi gəlirdi nəzərə. Araz çayı ilə bu kəndi bir-birindən suları “qan-qan!”– deyən kanal ayırırdı. Kanalla çayın arasını mal-qara üçün nəzərə alınmış otlaq sahələri tutmuşdu. Kanal Arazdan şülüzlər vasitəsi ilə ayrılmış qol idi. Çökəkliyə qonaq gələn hər kəsi kəndin girişindəki damı yaşıl yosunlu məktəb binası qarşılayırdı. Əsmər ilk təhsilini bu məktəbdə almışdı. Səhərlər yuxudan oyanmaq onun üçün əsl işgəncə olsa da, dərsə gecikməyi sevməzdi. Yükü ağır olardı həmişə. Çantasında təkcə dəftər-kitab deyil, həvəslə üzlədiyi və icazəsiz oxuduğu romanlar da gəzdirər, məktəbarxası həyatını sinif yoldaşlarından gizlədərdi. Şəkli həmişə məktəbin şərəf lövhəsində olardı.

“Bu, uzun eşq hekayəsidir”– deyə öz-özünə deyinib pəncərədən qonşu evin həyətinə boylandı. Uşaqlardan gözünə dəyəni dilə tutub dərman almağa yollayacaqdı. Gecəni yata bilməmişdi, daha doğrusu, yatmağa imkan verməmişdilər. Bir dəstə adamın küçədə saldığı hay-küyə oyanmışdı. Yarımçıq oyananda sübhə qədər gözünə yuxu getmirdi. Yatmaq üçün ölə-ölə yata bilməmək yuxu dərmanlarına ehtiyacını, yuxu dərmanlarının qəbulu ürəyinin döyüntülərini artırırdı. Əlinin altında dimedrol, filan olmayanda üfüqlər qızarana qədər pəncərədən çölə baxırdı.

Əsmərin günəşi salamlayan mətbəx pəncərəsi dalana açılırdı. Pəncərənin önü səs-küylü olurdı. Ən çox da gecələr tanımadığı adamlar buraya toplaşır, səbəbsiz “dava-dalaş” salır, yersiz mübahisələr edirdilər. Yuxusuz qalmaq Əsmər üçün ölümə bərabər idi. Elə bil, həyatının qəsdinə durmuşdular. Hər vasitə ilə əsəbləşdirib yuxusunu qaçırmağa çalışırdılar. Əsmər yaxşı başa düşürdü ki, bu əməllərin müəllifi ya düşmən, ya da psixoloji durumu qaydasında olmayan biridir. Çünki ağıllı adamların təsir vasitələri də aqilanə olur. Özgəsinin pəncərəsi qarşısında it sürüsü kimi zingildəmək insana aid olmayan davranışdır. Normal insan, məqsəd nə olur, olsun, küçədə heyvan səsi çıxarmaz. Bu adamların hamısı ucdantutma ağıldan kəm ola bilməzdilər. Yəqin ki, idarə olunduqları mənbənin tapşırığına əsasən özlərini dəli kimi aparırdılar. Bəlkə də, sıralarına qoşmaq üçün yeni dəli axtarırdılar. Nə oyunun adı məlum idi, nə şərti. Əsmər dəfələrlə pəncərəni açıb onlardan bəzilərini qovsa da, bir azdan ayrıları təşrif gətirirdi. Gecənin yarısı küçələrdə kimlərin olduğunu kim bilmir ki? Amma bu “gecəquşları”nın onunla nə əlaqəsi? Bilmirdi ki, bilmirdi... Səbəbini anlamadığı düşmənçilik, adını bilmədiyi düşmən Əsməri ehtiyatlı olmağa vadar edirdi. Görəsən, onun pəncərəsi kimin hədəfi idi və yaxud hədəf idimi? Hay-küyə dözəcək, hay-küyçülərlə döyüşəcək gücü qalmışdımı? Bəs vaxtı necə? Küçə sakitliyini kimlər tənzimləməlidir? Kiminsə rahatlığını, nəinki gecə, heç gündüz də pozmaq olmaz. Hüquq- mühafizə orqanlarının müdaxilə etməsi üçün ciddi qanun pozuntusu aşkarlanmalı, yaxud sui-qəsd hadisəsi baş verməlidir... Ölümə qədərki təzyiqlər, cinayət tərkibi yoxdursa, cəzasız qalmalıdır, yəni intihar həddinə çatdırma ölümə qədər heç kimi narahat etməməlidir. Elə ki, ölürsən tappa-turup başlayır. Vətəndaşın ölümündən sonra işə düşən qanun hansı qayda pozuntusunu nizama salacaq? Vətəndaş öz ölümü ilə vəziyyəti nizamlamadımı? Ölümdən sonra açılan cinayət işindən ölənə nə?

Əsmər başına gətirilənlər baradə on dəfə aidiyyatı üzrə polis bölməsinə şikayət etsə də, onunun da cavabı eyni idi: “Sizin şikayətinizlə bağlı məsələdə cinayət tərkibi olmadığı üçün materiallar arxivə verildi”. Məsələnin ən pis tərəfi doğmalarının ona etimad göstərməməsi idi. Düşünürdülər ki, Əsmərin psixoloji durumu qaydasında deyil. Fikirlərini qadının özündən də gizlətmirdilər. Guya “küçə şoularının” rejissoru manyak ola bilməzmiş, yaxud hədəfini ağıldan kəm kimi qələmə vermək istəyən paxılların mövcudluq dərəcəsi sıfra bərabərmiş. Qonum-qonşu səbrli olmağı, fikir verməməyi məsləhət görürdü. Haqlı idilər də... Onlar da anlaya bilmirdilər ki, iş-gücünü atıb gecə yarısı özgənin pəncərəsi önündə yallı getməkdə məqsəd nədir? Bir günlük, bir aylıq məsələ deyildi ki, əsəbləşməyəsən. İllərdir, belə davam edirdi. Keçən müddət ərzində əsəb poladdan da olsa, zəifləyərdi. Dözməyə çalışmağın nəticəsi daha ağır olurdu. Onu cırnatmaq üçün təzyiq vasitələrini çoxaldırdılar. Bir sözlə, çıxış yolu tapmaq, ya tərəflə hansısa razılığa gəlmək mümkünsüz idi. Çünki daş kimi susur, hər dəqiqə bir hava çalırdılar. Əsmərə elə gəlirdi ki, pəncərəsinin altına yığışan sürünün çobanı nəinki insana bənzəmir, heç heyvana da oxşamır, yadplanetli də ola bilməz. Çünki zamanı boşuna xərcləyən adamın ancaq bir adı var: “Avara!” Sosial şəbəkələrdə Əsmərə qarşı haker hücumları təşkil edir, düşən-düşməyən nömrələrdən o qədər zəng vururdular ki, telefonlarını bağlamaq məcburiyyətində qalırdı. Etiraf etməyə ləyaqətləri çatmasa da, küçə “şouları” qonşuların da diqqətindən yayınmırdı. Yaşı səksəni keçmiş Töhfə xala gecələr dalanda dəfələrlə tanış olmayan adamları görüb çağırmışdı. Cavab verməyib uzaqlaşmışdılar.

Nağıl gecəsi kimi səbrli olan həyat yoldaşı baş verənləri təsadüf adlandırırdı. Onun fikrinə görə, xəlvət olduğu üçün dalana qadağan olunmuş vasitələrdən istifadə edənlər, hətta anasından gizli siqaret çəkən cavanlar da gələ bilərdilər. Bəs telefon zəngləri, haker hücumları? Onları təsadüf hesab etmək düzgün idimi? Bəzən sosial şəbəkələrdə paylaşdığı statusları bir neçə dəqiqədən sonra küçədə qışqıra-qışqıra təkrar edirdilər. Qonşulardan birinin sosial şəbəkədə Əsməri izləməyində qəribə heç nə yoxdur, amma küçədə səsini başına atıb paylaşılan cümlələri təkrarlamaq qəribədir. Əgər təhrikçi dəli deyilsə, deməli, gizli düşməndir. Əsəblərinin zəifliyindən istifadə eləyib qadına işgəncə verir, təşvişə, qorxuya salıb öldürmək istəyirlər. Hər halda, o, belə düşünürdü.

Əsmər telefon nömrələrini tez-tez dəyişirdi. Elə dəyişdiyi günün səhəri məlunlar yeni nömrəni əldə edə bilirdilər. “Bu qədər sürətlə məlumatı hardan alırlar?”– deyə uzun-uzadı fikrə gedər, işıq ucu tapmazdı. Tanımadığı adamlarla necə mübarizə aparsın? Mənbəyi bilinməyən düşmənçiliyin öhdəsindən necə gəlsin?

Görəsən, bir dəli öz məqsədini həyata keçirmək üçün onlarla ağıllıdan necə istifadə edir? Kor tutduğunu buraxmayan kimi yapışmışdılar yaxasından.

Əsmər xəstəliyə düçar oldu, azara tutuldu. Tez-tez əsəbləşdiyi üçün iki ildə iki dəfə ürəyindən qapalı əməliyyat olundu. Gündə bir ovuc təzyiq və xolesterin əleyhinə dərman yeyə-yeyə ürək damarının tez müddətə tutulması həkimin özünü də təəccübləndirmişdi. İşin belə böyüyəcəyini bilsəydi, elə ilk gündən mübarizəyə başlar, “vaxt keçər, uşaq oynamağa başqa oyuncaq tapar” fikrilə hadisələri öz axarına buraxmazdı. Əslində, ortada qazanc, filan yox idi; bir tərəf bacardığı qədər işgəncə verir, digər tərəf artıqlamasıyla qəbul edirdi.

Hər dəfə facebook profilinə daxil olanda qorxudan ürəyi ağzına gəlirdi ki, ya akkuantı oğurlanmış olacaq, ya da hansısa xoşagəlməz müdaxilə ilə qarşılaşacaq. Dəfələrlə profilqarışıq qrup və səhifəsini oğurlamışdılar. Bəlkə də, virtual quldurlar öz çirkin əməlləri ilə onun səhhətinə necə zərər vurduqlarının fərqində deyildilər. Bilmirdilər ki, hər sarsıntıdan sonra ölməyə başlayan sinir uclarının məşəqqətli göynərtisi müalicəsiz sakitləşmir. Axı zoribalayan xəstəliyinə yoluxan vəhşi təbiətlilər bunu necə anlasın? Bəlkə də, verdikləri əzabın dərəcəsini duya bilsəydilər, çox feyziyab olardılar. Çünki dəlilərlə zalımların lüğətində insaf, vicdan, mərhəmət adında termin yoxdur.

Ruhi xəstələr arasına salınmış sağlam insan “dəliliyə” yoluxmasa da, bir müddətdən sonra ətrafındakılara dəli təsiri bağışlaya bilər. Amma əsəbləri dözümsüz olsa da, Əsmərin güclü təbiəti vardı. Məhz bu mənada düşmənləri ondan qat-qat zəif idilər. Qadının facebook profilini, canavar çobanın əlindən qoyunu necə qoparırsa, elə alırdılar. Özünü, həqiqətən, qoyununu canavar aparmış çoban kimi hiss edir, virtual məğlubiyyətin zorakı çarəsizliyini yaşayırdı... Yırtıcılıq vəhşiliyin son həddidir. Yırtıcı heyvanın gözündən yayınmaq olar, yırtıcı insanın əsla!

Sosial şəbəkə əxlaqı pozğunların, niyyəti əyrilərin, şantajla çörək yeyənlərin, cinsi azlıqların gizli at oynatdığı məkandır. Qadınlarla kişi, kişilərlə qadın kimi davranan cinsindən dönmüşlərin işi Allaha qalıb. Belələri saxta profillər açıb istədiklərini edir, cəmiyyət içində itirdikləri yerin boşluğunu virtual aləmdə doldurmağa çalışırlar. Ən çətini də odur ki, şikayətlərə gərək Mark nəzarət etsin. Proqramın istismarında çoxlu kəm-kəsir olduğundan ona da dərdini başa salmaq müşgül məsələdir.

Əsmər küçə şoularına başçılıq edən adamın ancaq saxta profilini tanıyırdı. Düşməni ilə yeganə əlaqəni sosial şəbəkələr vasitəsilə həyata keçirə bilərdi ki, onunla da bir qərara gəlmək mümkün olmamışdı.

BİR GECƏNİN SİRRİ

Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə müharibə qaçılmazdır...

A.Eynşteyn

Saat iyirmi iki, iyirmi üç radələri olardı ki, qapını əsəbi halda döyməyə başladılar. Əsmər səksənməsin deyə zəngi şəbəkədən ayırmışdılar. Məsud dəhlizdə dairəvi kətilin üstündə əyləşib telefonla danışırdı. Qapıya Əsmər yaxınlaşdı. Şəhadət barmağını perpendikulyar şəkildə dodağına yapışdırıb həyat yoldaşına “susmaq!” işarəsi verdi. Qonaqları tanımamışdı. Yaxşı niyyətlə gələnə oxşamırdılar. Məsud qapıya yaxınlaşıb gözlükdən baxmaq istəyirdi ki, qulağına tanış səs dəydi: “Məsud, mənəm, Rəhman, səninlə vacib işim var”. Həqiqətən də, Rəhmanın səsiydi, az qala yalvarırdı ki, Məsud qapını açsın. Məsud gözlükdən baxıb Rəhmanı kandardakıların arasında dayanmış gördü.

Məsudla Əsmər iki saat əvvəl türkiyəli dostlarını birlikdə ölkəsinə yola salıb Rəhmandan ayrılmışdılar. Vizası bitmədiyi üçün Rəhman getmək istəməmiş, hətta dostunun: – Pulumuz qurtarıb, daha burda nə işimiz var? Birlikdə gəlmişik, bərabər də qayıdaq, – təklifini qulaqardına vurmuşdu. Xərclərini özü ödəməli olacaq deyə Məsud da Rəhmanın qalmağına razı olmamışdı. Dostlar şəhərin mərkəzində gün hesabı kirayələdikləri mənzili pulları qurtardığı üçün boşaltmalı olmuşdular. Nadir başqasının hesabına yaşamağı ar bilib geri dönmüş, Rəhman isə Məsudun subay tanışlarından birinin evinə köçmüşdü. “Görəsən, Rəhmanın indi onun qapısında nə işi vardı? Yanındakılar kimdir? Rəhman tanımadığı, görmədiyi yerə necə gəlmişdi?” Maraq Məsudu elə çaşdırdı ki, Əsmərin üzündəki qorxuya əhəmiyyət verməyib qapını açdı. Elə qapını açdığını gördü, bir sürü adam təpildi içəri. Gizləndikləri üçün gözlükdən hamısını görə bilməmişdi. Əsmərin: – Siz kimsiniz, – sualına özlərini polis kimi təqdim eləyən dəstə evdə axtarışlar aparmağa başladı. Rəhman nəsə demək istəyirdi ki, ona möhkəm bir yumruq ilişdirdilər. Zərbədən müvazinətini saxlaya bilməyən qonaq mətbəx dolabına çırpıldı. Dolabın içindəki çay, qəhvə fincanları, boşqab, nəlbəki, rumkalar çiliklənib yerə töküldü. Döşəmədə qənd çaya, çay sarıkökə, sumaxa qarışdı. Əsmər səsini başına atıb soruşurdu:

– Axı siz kimsiniz? Mənim evimə nə ixtiyarla soxulmusunuz?

“Qonaqlar”ın içindən özünü rəis kimi aparan qara dərili balacaboy oğlan cavab əvəzinə sual verdi:

– Məgər bu xarici vətəndaş sizin evdə yaşamır?

– Xeyr, əlbəttə, yaşamır. Bizimlə necə yaşaya bilər ki, mənzilimiz bir otaqlıdır? Mətbəxdə yer açacaqdım ona, yoxsa hamamda?

– Allah qonağıdır, yaşayanda nə olar? Malını, pulunu əlindən alıb özünü küçəyə atırsınız?

Əsmər az qala qışqıra-qışqıra: – Nə mal, nə pul? Goru vardı ki, kəfəni də olsun? Pulunu harda xərcləyib bilmirəm, mənim evimi tərk eləyin. –“Qonaqlar”ı qapıya tərəf qovmağa çalışdı.

– Gedəcəyik, narahat olmayın, amma onun əşyaları ilə birlikdə – deyə “polislər”dən biri dilləndi.

Əsmər həyatında birinci dəfə idi ki, budağından qopmuş yarpaq kimi özünü belə gücsüz, zəif hiss edirdi. Bu, açıq-aydın quldurluq idi. Həyəcandan dodağı elə qurumuşdu ki, dili söz tutmurdu. O, bu adamlara necə başa salaydı ki, evində heç kimin əşyası yoxdur?

“Polislər” əllərində silah, radioqəbuledici mənzilə səpələndilər. Məsudu otaqda sorğu-suala tutur, Əsmərə dəhlizdən tərpənməyə imkan vermir, onları qəsdən aralı saxlayırdılar ki, nə baş verdiyindən xəbərsiz olsunlar. Sonralar Əsmər hər dəfə o qorxulu gecəni xatırlayanda vicdanı sızıldayırdı. Məsudu unutduğu o anları heç cürə özünə bağışlaya bilmirdi. Bəlkə, otaqda onu boğurdular?

Məsuddan tələb olunurdu:

– Dolların yerini de, harda gizlətmisən onları?

O da heç nə anlamayıb soruşurdu:

– Rəis, məgər dollar saxlamaq cinayətdir? Bizim dollarımız ola bilməz?

– Olar, əlbəttə, olar. Bizə maraqlı dolların olmağı deyil, saxta olub-olmadığını yoxlamaqdır.

Gələnlər rollarını məharətlə oynayırdılar ki, ər-arvad onların quldur olmağından duyuq düşməsin. Həqiqətən də, Əsmər çağrılmamış qonaqları polis zənn etməsəydi, qışqırar, bağırar, qonşuları köməyə çağırardı. Qışqırdığı üçün onu vura da bilərdilər, öldürə də. Yaxşı ki, xəbəri yox idi.

Mətbəxdəki polis Əsmərin ora keçmək istədiyini hiss eləyib çığırdı: – Ona imkan verməyin bura gəlsin. – Əsmər çaş-baş qaldı: – Görəsən, mətbəxdə nə baş verir? Məndən nəyi gizlətmək istəyirlər?

Dəhlizdəki “polis” fəxri qarovulda durubmuş kimi yerindən tərpənmirdi. Quldurlar gedəndən sonra məlum olacaqdı ki, dəhliz pusqusu telefonu məşğul saxlamaq və qapını güdmək məqsədilə imiş. Axı hər an qapı döyülə, telefon zəng çala bilərdi.

Divarının yuxarı başından “Qurd və quzu” rəsmi asılmış otaqda “istintaq” prosesi uzanırdı. Məsudun gözü qarşısında video-maqnitofon, bir neçə fotoaparat, suvenir və digər gözəgəlimli əşyalar torbalara yığılırdı. Bilmək istəyirdilər ki, əşyalar oğurluqdur, ya yox. Ağıla batmayan iddialarına görə, Məsud onların cinayətkar dəstə olduğunu çoxdan anlamışdı. Amma səsini çıxarmırdı ki, Əsmər təşvişə düşməsin. Özü əvvəl-əvvəl müqavimət göstərmək istəsə də, silahı görüncə heysiyyətini susdurmağı bacarmışdı.

Otaqda yır-yığışı başa çatdırmışdılar. Təkcə dolların yerini öyrənmək qalırdı. Məsudun əcnəbilərlə əlaqəsini öyrənib onu pullu hesab etmişdilər. Xəyalları suya düşən oğrular mümkün qədər çox vəsait toplamaq istəyirdilər ki, zəhmət çəkib təşrif gətirdikləri üçün əliboş qayıtmasınlar.

Dolların yerini öyrənmək istəyən “polis” Məsuda hədə-qorxu gəlmək üçün radioqəbuledici vasitəsiylə kiminləsə danışırdı. Söhbətini bitirən kimi Məsud üzünü ona sarı tutub: – Siz bizim evdən götürdüyünüz əşyaları yoxlamadan sonra qaytaracaqsınız? – deyə soruşdu.

Görünür, Məsudun sualı quldurun ürəyincə olmadı. Dodağının altında nəsə mızıldanıb tutuquşu kimi sualını aldadıcı zəmində yenidən təkrar etdi:

– Sən dolların yerini de, yubatma bizi, yuxarı cavab verməliyəm.

Məsud onun sözünü yarımçıq kəsdi:

– Rəis, çətin məsələdir, həm də çox çətin. Olmayan dolların yerini necə göstərim? Siz nə təhər adamsınız? Silah, radioqəbuledici sizin əlinizdə, bir dəstə adam da ixtiyarınızda, axtarın, tapın.

Araya sükut çökdü. Otağın küncündəki məktəbli ləvazimatı ilə dolu kisəni “polislər”dən biri çiyninə aşırmışdı. Məsudun sənəd saxladığı çanta, əyin paltarları da “əşyayi-dəlil” kimi “yoxlamaya” aparılırdı.

Əsmər baş verənləri gördüyü kimi qəbul etmir, düşünürdü ki, Məsudla Rəhmanın açıq hesabı varmış. Məsuddan istədiyini ala bilmədiyi üçün Rəhman polisə müraciət edib.

Məsud da Rəhmandan bədgüman idi. Ona elə gəlirdi ki, laməzhəb nəsə qələt eləyib. Məsələn, saxta dollar xərcləyəndə və yaxud uyuşdurucu maddədən istifadə eləyəndə tutulub.

Ev sahibinin: – Axtarın, axtardığınız qədər, dollar tapsanız məni də şərik edərsiniz, – deyə kinayə etməsi qulduru sakitləşdirdi. Onlar əmin oldular ki, evdə pul yoxdur. Amma gözlərinə nə göründü, əllərinə nə keçdisə, doldurdular torbalara. Getmək üçün hamısı qapının yanına yığışmışdı ki, Əsmərin gözü Məsudun pul kisəsinə sataşdı. Kisənin içində pasport və nəğd bank qəbzləri vardı. Qorxudan rəngi ağardı:

– Onlar nəyinizə lazımdır? Qaytarın, yerinə qoyun.

Bu dəfə onun tələbinə məhəl qoyan olmadı. Qapını açıb pillələrlə aşağı enməyə başladılar. Rəhmanı da sürüyüb özləri ilə apardılar.

Məsudun sənədlərinin aparılması Əsmərin ürəyinə xof salmışdı. Cəld mətbəxə keçib dolabın siyirtməsini çəkdi. Ziynət əşyalarını yerində görməyib çığırdı:

– Məsud, tez bura gəl, bunlar polis deyilmişlər, qızıllar da yoxa çıxıb. Sənin üzüyünü də tapmıram.

– Bəlkə, heç ora qoymamısan, yaxşı bax.

– Yox, evə gələn kimi çıxarıb atmışdım siyirtməyə. Həmişə belə edirəm də. Üzüklə iş görəndə çətinlik çəkirəm. Qulağımdakı sırğalardan başqa hamısını aparıblar. Əlbəttə, məni daha çox sənədlərin aparılması narahat edir.

Məsudun xəcalətdən başı yuxarı qalxmır, Əsmərin dediklərini yaxşı eşidə bilmirdi. Rəhmanla uşaqlıq dostu olsalar da, deməli, onu yaxşı tanımırmış. Ürəyiyumşaqlıq edib yenə öz başına oyun açmışdı. Ən çətin dəqiqələrdə Əsmərin yanında ola bilməmiş, onunla necə rəftar edildiyini gözü ilə görməmişdi. Beş-on manat dünya malından ötrü insanın ruhunu sarsıtmaq, ürəyini qorxuya salmaq, qürurunu sındırmaq... İnsan övladı bu işi görərmi? Görər, əlbəttə, görər. Dünyada baş verən ən iyrənc hadisələrin başında insan durmurmu?

Əsmərlə Məsud sonralar həmin gecə baş verənləri hissə-hissə, dahi ispan rəssamı Pablo Pikassonun janr səhnələri kimi xatırlayırdı. Hərəsinin öz səhnəsi vardı.

Portmanatın içindəki bank qəbzi nəğd pul idi. Məbləğ də az deyildi. Vaxtında polisə şikayət olunmasa, quldurlar qəbzi asanlıqla pula çevirə bilərdilər. Əsmər telefona yaxınlaşdı ki, polisə zəng etsin, dəstəyi aparatın üstündə görməyib barmağını dişlədi: – Aha, məlum oldu dəhlizdə dayanan oğlanın vəzifəsi nə imiş? – Polisə məlumat verib üzünü çarəsiz-çarəsiz Məsuda tərəf çevirdi:

– Biz indi neyləyək? Polislər tez gəlsəydi...

– Polis oğurlanan əşyaları, sənədləri tapıb gətirəcək? Getdi onlar, Əsmər, getdi. Özü də birdəfəlik. Qəbzi xilas etsək böyük işdir.

– Tapıb-tapmamaq onların işidir. Bizim vəzifəmiz hadisə barədə vaxtında xəbər verməkdir.

Əsmərin fikri özündə deyildi. Elə bil, yuxudan oyatmışdılar onu. Yuxuların ən qorxuncu isə gerçək həyatında baş vermişdi. Məsudun son sözləri qulaqlarında fırfıra kimi uğuldayırdı: “Getdi, onlar... özü də birdəfəlik”... Çox da uzaq olmayan keçmişindən bir epizodu xatırladı:

– 1988-ci il iyunun iyirmi dördündə Moskva özünün xüsusi təmsilçisi Arkadi Volskini Dağlıq Qarabağa “Siyasi büronun nümayəndəsi” kimi yollamışdı. 1989-cu il yanvarın on ikisində Qorbaçovun qərarı ilə Daqlığ Qarabağ Azərbaycanın tabeliyindən çıxarılaraq Moskvanın ixtiyarına verilmişdi. Regionun bilavasitə mərkəzdən idarə olunması üçün Xüsusi İdarə Komitəsi yaradılmışdı və heç vaxt ermənipərəst mövqeyini gizlətməyən A. Volskini həmin komitəyə rəhbər təyin etmişdilər. Əsmərin fikrinə görə Dağlıq Qarabağ Azərbaycan torpağı olduğu üçün Volski hakimiyyəti müvəqqəti idi. Atası qızı ilə razılaşmayıb çox əsəbi: – Volski ilə Dağlıq Qarabağ getdi! – deyə yumruğunu divara çırpmışdı. Əsmər bu sözlərdən atasını boğacaq qədər qəzəblənmişdi. İdarəetmənin üçüncü şəxsə tapşırılması, guya, barışdırıcılıq nöqteyi-nəzərindən imiş. Düşünəndə ki, iyirmi il keçməyinə baxmayaraq Qarabağ hələ də erməni işğalındadır və buna dünya göz yumur, elə bu uyğunluğa görə atasının haqlı olduğuna inandı. Əsmərin qələbəyə ümidi bir an azalmasa da, atasının ruhu önündə xəcalət çəkdi: – Ata, bağışla! Kaş ki, bütün əşyalarım oğurlanaydı, canımdan çox sevdiyim kitablarım yanaydı, evim dağılaydı, xarabalıqlarda gecələməyə məhkum olaydım, ayaqyalın gəzəydim, ana ola bilmədiyimi gündə başıma vuraydılar, sevdiklərimdən uzaq düşəydim, dərmanlarımı almağa pulum çatmayaydı, amma Qarabağ yad tapdaqları altında qalmayaydı. Xocalı müsibətinin yanında bu gecə baş verənlər nədir ki? – O, bir anlıq özünü Xocalıda, Şuşada hiss edib çağrılmamış qonaqları da erməniyə oxşatdı və sağ qaldıqlarına sevindi. Necə olsa, silahlı idilər. Təbii ki, sevincini ağlı ilə yaşadı, ürəyi ixtiyarsız susurdu. Telefonun dəstəyindən yapışmış halda donuxub qalmışdı. Hara baxdığını, niyə baxdığını dəqiqləşdirə bilmirdi.

Çox keçmədi ki, əməliyyat qrupu özünü hadisə yerinə çatdırdı. Oğru polislərin ayaqqabı ilə gəzdiyi xalçanın üstü ilə bir az da doğru polislər var-gəl etdilər və ip ucu tapmaq üçün küçəyə çıxdılar. Quldurlar maşınlarını, ya binanın qarşısında, ya da əsas küçədəki mağazaların yanında saxlamalı idilər. Bostan vaxtı olduğundan meyvə-tərəvəz dükanları gecələr də işləyirdi. Deməli, qarpız satan onlardan şübhələnsə, maşınların qeydiyyat nişanlarını yadında saxlaya bilərdi.

Polislər aşağı enəndən təqribən yarım saat sonra geri qayıtdılar. Həqiqətən, qarpız satandan maşınlar haqqında məlumat əldə etmişdilər. Maşın sahiblərindən birinin ünvanı, yalan-gerçək, şəhərin varlılar məhəlləsinə təsadüf edirdi. Bəlkə də, bu fərziyyə Əsməri şikayət ərizəsi verməkdən çəkindirmək məqsədiylə uydurulmuşdu. Odur ki, əməliyyatçılardan birinin açıqlaması belə oldu:

– Maşınların nömrəsini götürüblər. Amma biz onların ardınca getməyə ehtiyat edirik. O məhəlləyə necə gedək?

Əsmər çox əsəbi dilləndi:

– Hansı məhəlləyə? Niyə gedə bilmirsiniz? Deyəsən, mənim bəxtim heç gətirmir. Qarət olunmağım bəs deyil, ərizəmi almağa da çətinlik çəkirlər.

– Xanım, o olsun ki, ərizə yazmağın faydası olmayacaq.

Əsmər danışacaq halda deyildi. Beyni o qədər yüklənmişdi ki, gözləri yumulurdu.

Düşünürdü ki, sakitləşdirmək əvəzinə ona dolayısı hədə-qorxu gəlirlər ki, şikayət etməsin. Sözünü qısa elədi:

– Qanunun gücü çatmayan iş yoxdur və ola da bilməz. Heç bir cinayət gizli qalmır, sadəcə, geci-tezi var. Çağırdım? Gəldiniz? Baş verənləri öz gözlərinizlə gördünüz? Bundan sonrası sizə aiddir. Gedə bilərsiniz.

Bu sözə məəttəl imişlər kimi polislər “asta qaçan namərddir” deyib bir-birinin ardınca özlərini liftə saldılar.

Əsmər başa düşmüşdü ki, polislər quldurbaşının kim olduğunu təxmin ediblər. Elə buna görə də ərizə almadılar. Varlı məhəlləsi, filan bəhanədir, səbəb daha ciddi olmalıdır.

Quldurlar həmin gecə polislərdən zirək tərpənib daha bir mənzili qarət etmişdilər. Əsmərgil bu barədə sonralar şəhər Baş Polis idarəsində eşidəcəkdilər. Polislər gedəndən sonra Rəhman da gəldi. Məsudun pasportunu da gətirmişdi.

Mətbəxdə bir-birinin üzünə baxa-baxa hərəsi bir küncə çəkilmişdi. Sarsıntı nə düşünməyə imkan verir, nə dincəlməyə qoyurdu. Üzlərdən mənası anlaşılmayan ifadələr sallanır, yorğunluqdan kirpiklər bir-birinə dolaşır, amma beyinlər yuxuya getmirdi. Hadisəni hər kəs fərqli şəkildə götür-qoy edib əzabı eyni cür çəkirdi. Həqiqət ancaq Rəhmana məlum idi. O da özünü günahkar saymır, sadəcə qorxaq olması ilə razılaşırdı. Rəhmanı təhqir etmiş, söyüb-döyüb alçaltmışdılar. Qulduru polislə səhv salmaq qonağa baha başa gəlmişdi. İndiki vəziyyətində, yəqin ki, onu uşaq da döyə bilərdi. Çünki həm qonaq, həm də qərib idi. Qəribə əl qadırmaq heysiyyətsiz adamın işidir.

Əsmər nə qonağa inandı, nə öz ərinə. Şübhə onun qəlbində inam hissini öldürmüşdü. Rəhman qayıdandan sonra “nə bilirdisə” qadının ürəyi yumşalsın deyə, təkrar-təkrar danışmışdı: “Mən neyləmişəm ki? Bir az dənizkənarı bağda gəzib evə gedəcəkdim. Ətraf seyrəklik idi. Nəsə dammışdı ürəyimə. Tez-tez yeriyirdim ki, adamların gur yerinə çatım. Bilmədim bu haramzadələr hardan peyda oldular... Görünür, əcnəbi olmağım nəzərlərindən yayınmayıb. Axı niyə də yayınsın? Elə onlar mənim kimi axmaqların ovuna çıxırlar də. Əvvəl hardan gəldiyimlə maraqlandılar, sonra sənədlərimə baxdılar. Daha sonra yaşadığım ünvanı soruşdular. Sonra da sürüyə-sürüyə gətirdilər bura. Ağıllı adam o dəqiqə başa düşməliydi ki, polis belə iş tutmaz”.

Qonağın söylədikləri Əsmərə cəfəngiyat kimi göründü. Rəhman nə qədər yalvarıb-yaxarsa da, qadın ona inanmadı, əksinə, istehza ilə soruşdu:

– Polis ola, olmaya, başa düşüb neyləyəcəkdin ki? Mənə elə gəlir sən bizdən nəsə gizlədirsən. Onları öz yaşadığın yerə niyə aparmadın?

– Qorxdum, Əsmər bacı, vallahi qorxdum. Qorxdum evə nəsə atıb şərləyərlər məni. Həm də evdə məndən başqa heç kim olmayacaqdı. Burda siz varsınız. Düşündüm, müdafiə edərsiniz məni.

Əsmər yenə də dilini dinc saxlamadı:

– Bəlkə, evdə nəsə vardı? Polislər görsələr, nəticəsi yaxşı olmaz – deyə bura gətirmisən onları.

Rəhman özünü başa düşməzliyə vurdu:

– Yox, yox. Mənim nəyim vardı? Beş-on manat pulum vardı ki, onu da çoxdan xərcləmişəm.

Məsud uşaqlıq dostunun qəlbinə dəyməkdən ehtiyat etdiyi üçün susmağa üstünlük verirdi. Əsmərin kükrəyib daşmağı xoşuna gəlmirdi. Ürəyində deyirdi: – Rəhman nə bilirdisə danışdı. Artıq sorğu-sualın nə mənası? Demək istəmədiyini ondan zorla öyrənmək olar? “Dəyirman bildiyini edir, çax-çaxı baş ağrıdır”. Əlbəttə, o, dostunun uyuşdurucu qəbul etdiyini Əsmərdən gizlətmişdi. Arvadı bu barədə bilsəydi, ikisinin də aqibəti pis olardı. Odur ki, Əsmərin ikibaşlı sualları Məsudu da hövsələdən çıxarırdı. İncikliyini büruzə verməsə də, üzünü ancaq dostuna tutub danışırdı:

– Yaxşı ki, bura gətirmisən onları. Nə zərər dəyib özümüzə dəyib. Yoxsa xalaoğlunun üzünə necə baxardıq? Çətin vaxtda əlimizdən tutdu. Yaxşılığa yamanlıq olardı, vallah. – Bir qədər duruxdu, sonra heyrət edirmiş kimi soruşdu: – Bu, “evə nəsə atıb şərləyərlər” ağlına hardan gəldi, ay Rəhman?

– Şahidi olduğum bir əhvalatdan.

– Əgər sirr deyilsə, danış, biz də bilək.

– Danışım də. Bir dəfə xarici ölkələrin birindən qayıdırdım. Gömrükdə yol yoldaşım olan bir kişinin pendir qutusunu saxladılar. On iki kiloqramlıq qutunun qapaq tərəfdən kustar üsulla lehimlənməsi gömrükçülərin marağına səbəb olmuşdu. Pendirin sahibi qutunun açılmasına razılıq vermirdi. Bir qutu pendirin ətrafında bir çək-çevir başladı, nə başladı. Gendən baxana elə gələrdi ki, qutu özü ağırlığında qızıl küpüdür. Avtobusa it də gətirdilər. Təsəvvür edirsiniz, guya, bağlı qutuları iyləyəcəkmiş. Əlqərəz, qutu açılası olmadı. Ayırd eləyə bilmədim, gömrükçülər ciblərinin hayındadır, ya nədənsə çəkinirlər? Sərhəd məntəqəsindən aralanandan sonra yolun çöllükdən keçən hissəsində avtobusu iki bahalı maşın qarşıladı. Kişini pendirqarışıq özləriylə götürüb gözdən itdilər. O vaxtdan diqqətli olmağa çalışıram.

Dostunun uydurduğu əhvalat Məsudun azacıq keyfini açdı, amma əsas qorxusu arvadından idi. Özünü günahkar hesab etdiyindən Əsmərin gözünə baxmağa üzü gəlmirdi. Ağlına belə gətirməzdi ki, vəziyyət bu həddə çatsın. Yoxsa bir bəhanə ilə qonaqları başından eləyərdi.

– Bəs evi necə tapmışdılar? – O, özündən soruşdu.

Bir-biri ilə şübhəli davranan üç zərər çəkmiş nəhayət ki, bir məsələdə ümumi razılığa gələ bildilər. Söz verdlər ki, hadisə ilə bağlı heç kimə heç nə danışmasınlar. Sabah sahə müvəkkilindən də susmağı xahiş edəcəkdilər.

“Bəzən elə hadisələr baş verir ki, kimliyindən asılı olmayaraq hər kəsi mütiləşdirir. Qürurlu insanın, ümimiyyətlə, zorakılığa qarşı immuniteti olmur. İstər fiziki, istər maddi, istərsə də mənəvi təcavüz olsun, fərqi yoxdur, zor tətbiq etmək ən ağır cinayətdir. Cinayətdən sığortalanmaq olmur, elə caniyə yem olmaqdan da. Diqqətli davranış da həmişə işə yaramır. Nəqliyyat qəzaları kimi ağlagəlməyən hadisələrin qarşısını ağılla necə alasan? Yaxşı tanımadığın adamlardan uzaq durmaqla nisbətən qorunmaq mümkündür, amma ən faydalısı laqeydlikdir. Nə qədər can yandırsan, o qədər canın yanar”. – Məsud düşündüklərini dilinə gətirməkdən qorxur, özünü içində yeyib tökürdü: “Yaxşı ki, bura gətirib onları. Yoxsa, kim bilir, Rəhmanın başına nə gələrdi! Görəsən, bizim ünvanı necə əldə ediblər? Eeeh, mən də tutuquşu kimi səhərdən eyni sualı təkrarlayıram. Ev telefonunu biləndən sonra ünvanı öyrənməyə nə var?”

Rəhman başına ağac dəymiş toyuq kimi gicəlirdi. Qınayan olmasaydı, uşaq kimi ağlayardı. Səhərin açılmasını gözləyirdi ki, telefon açıb qardaşından kömək istəsin. Zərərin müəyyən hissəsini ödəmədən ölkəsinə qayıtmaq arına gəlirdi.

Səhərin gözü açılar-açılmaz İlqarla Nadir təşrif gətirdi. İlqar Əsmərin subay xalası oğlu idi ki, qonaqlara evində müvəqqəti yaşamağa izn vermişdi. Elə astanada Əsməri qucaqlayıb: – Yaxşı ki, özünüzə heç nə olmayıb, yaxşı ki, sağsınız, qalanını boş verin, – deyə sevincini gizlətmədi. Əlbəttə, o, haqlı idi. Onları şikəst də edə bilərdilər, öldürə də.

Nadirin geri döndüyünü görüb ər-arvad lap məəttəl qaldılar. Əsmər səbrsizliklə soruşdu:

– Aaaa, sən niyə getməmisən?

Nadir yadından heç nə çıxmasın deyə əvvəlcədən əzbərlədiyi sözləri kəkələyə-kəkələyə üdüləyib tökməyə başladı: – Əsmər bacı, avtobus gedəsi olmadı. Bir-iki müsafiri vardı. Sürücü bu gün gedəcəyini söylədi. Ha yalvar-yaxar etdim ki, mənim vizamın vaxtı qurtarır, xeyri olmadı. Mənim vizamın vaxtı qurtarır deyə camaat uşağına çörək pulu qazanmasın? Kor-peşiman aşağı enib İlqar qardaşımgilə üz tutdum. Gecə baş verənləri mənə o, danışdı. Gəldik ki, görək, cərəyan nədir?

Nadirin özünə bacı, İlqara qardaş deməsi Əsmərin xoşuna gəlmədi: “Küçədə qalmasaydı, belə dil tökməzdi. Bunlardan olsa, hamını özlərinə borclu çıxararlar. Əsas məsələ söylədiyi müzəxrəf yox, getməməyinin səbəbidir”.

Mətbəxdə, sanki qumbara partlamışdı. Güllü xalçanın üstü qab-qacaq qırıntısı ilə dolu idi. Hərənin damağında bir siqaret vardı. Burula-burula yuxarıda bir-birinə qarışan tüstülər mətbəxin zəhərli havasını bir az da ağırlaşdırırdı. Nadir avtobusun vaxtını bəhanə edib İlqardan onu ötürməyini xahiş etdi. İlqar evdəkilərlə xudahafizləşib qonağa “son borcunu” ödəmək üçün onunla terminala yollandı. Məsud da evdə dözə bilməyib hava almaq üçün küçəyə çıxdı. Onun vəziyyəti daha acınacaqlı idi. Əsmərin könlünü ala biləcəkdimi? Çünki arvadı öz düşüncələrində israrlı idi. Ona elə gəlirdi ki, qonaqlarla quldurlar iş birliyi qurublar. Məsələn, Rəhman polisə şikayət etməli, polis Məsuddan satılmayan malların pulunu almalı, sonra aralarında bölüşməli imişlər: “Əvvəlcədən heç kimin hesab-kitabını bilmək olmaz. Nə olsun ki, uşaqlıq dostu olublar? Dostlar böyüdükcə bir-birindən xasiyyətcə uzaqlaşır. Əsl günahkar Məsuddur. O, gərək belə işlərə baş qoşmayaydı. Xeyir iş tutmaq istəyib əcəb zərərə düşdük. Bəlkə, oyunları Rəhmangilin kirayə etdikləri evin sahibi düzüb-qoşub?! Eeeeh! Belə getsə, fikirdən başım xarab olacaq”.

Məsudun gözlərinə elə bil nar sıxmışdılar. Həm yuxusuzluq, həm dost xəyanəti, həm sevdiyi qadının məzəmməti onu taqətdən salmışdı. Günahkar ər ötən gün baş verənlərə arvadından daha mərhəmətli yanaşırdı: “Axı tanıdığın birinə kömək etməyin nəyi pisdir? Rəhman heç istəyərdi ki, başına müsibət gəlsin? Nadir bir gün sonra yola düşməyini özü planlaşdırmışdı? Əsmər düşünür ki, üçümüz də yalançıyıq. Mən hardan biləydim ki, bunlar yad məmləkətə pulsuz gələcək? Hardan biləydim ki, məktəb ləvazimatı əvəzinə zir-zibil gətirəcəklər? Sata biməyəcəyim malın pulunu əvvəlcədən niyə ödəməliyəm? Pulumun dəlisi deyiləm ki. İnsafən, hər Türkiyəyə gedəndə onlar mənə həmişə yardımçı olublar. Lənət olsun, yaxşıca korladıq münasibətləri!”

***

Nadirlə Rəhman gəlməmişdən əvvəl satmaq üçün gətirəcəkləri mal haqqında Məsudla danışmışdılar. Əgər Məsud onlara malların bazarda tez xırıd ediləcəyi barədə söz verməsəydi, gəlməyəcəkdilər. Nədənsə malın bazara uyğun gəlib-gəlməyəcəyini götür-qoy etməmişdilər. Aralarında anlaşılmazlıq məhz bu səbəbdən üz verdi. Dərslərin başlamasına az vaxt qaldığı üçün məktəb ləvazimatı bazarda əsas tələbat vasitəsinə çevrilmişdi. Deməli, Məsud söz verməkdə haqlı idi. Lakin qonaqların gətirdiyi mallar bazardan qiymətcə baha, keyfiyyətcə aşağı olduğu üçün pula getmədi. Məsudun ən böyük səhvi görmədiyi mala ikitərəfli zamin durması idi. Dəllallara söz vermişdi ki, xaricdən münasib qiymətə mal gələcək. Qonaqları da əmin etmişdi ki, mal tedad qiymətlə bir-iki günə satılacaq. Dəllallar heç nə itirməsələr də, dostlarını pis vəziyyətə salmışdı. Bu mənada dostların da Məsuddan incimək haqları vardı. Bahalı ev tutmasaydılar, pulları tez qurtarmayacaqdı. Ev də ki, nə ev... Zalın balkona açılan pəncərə-qapısını arko şəklinə salıb otağı böyütmüşdülər. Sağ tərəfdə divar mebeli, qarşı tərəfdə divan və iki kreslo vardı. Otağın balkona düşən hissəsində yemək stolu, mətbəx stulları qoyulmuşdu. Divanla mebel arasında jurnal stolu dururdu. Giriş qapısından baxanda mənzil dəhlizi xatırladırdı ki, arada boş qalan məsafə bir metr olardı, ya olmazdı. Mətbəx avadanlığına qaz plitəsi, soyuducu, dolabın üstündəki televizor da daxil idi. Yataq otağında, mətbəxin yeri olduğu üçün, güclə iki çarpayı yerləşdirmişdilər. Qonaqların biri yataq otağında, o biri zalda yatırdı. Günorta eşikdə yeyib-içsələr də, səhər və axşam yeməyini özləri hazırlayırdı. Mənzilin təmirsiz olduğunu nəzərə alsaq günə əlli dollar böyük məbləğ idi. Deyilənə görə, ev sahibi əlinə “yağlı müştəri” keçdiyi üçün ailəsini başqa yerə köçürüb öz yaşadığı mənzili kirayə vermişdi. Üç-dörd gündən sonra kirayəçi ilə kirayənişinlər arasında mərəkə qopmuş, mənzilin təhvil veriləcəyini eşidən ev yiyəsi yağlı tikəni ağzından çıxarmaq istəmədiyi üçün dava-dalaş salmış, müxtəlif bəhanələrlə onları qorxudub danışılan müddətə qədər qalmalarını tələb etmişdi. Axırda söhbətə Əsmər qarışıb yalvar-yaxar etmişdi ki, əcnəbiləri rahat buraxsınlar. Çünki onların, həqiqətən, kirayə ödəməyə vəsaiti qalmayıb və gətirdikləri malların müqabilində nəğd pul əldə edə bilmədikləri üçün getməyi planlaşdırıblar. Nadir elə həmin axşam yola düşmüş, Rəhman müxtəlif bəhanələr gətirib hələ bir neçə gün də qalmaq istəmişdi. Nadiri yola salandan iki saat sonra Rəhmanın “başçılığı” ilə Məsudgilin evi qarət olunmuşdu. Deməli, Əsmər düşüncələrində müəyyən mənada haqlıdır: “Bəlkə, bu iyrənc tamaşanı Məsuddan pul qoparmaq üçün ev sahibiylə Rəhman qurub, ya elə üçü də? Heç təsadüfə oxşamır. Vizalarının bitməyinə hələ on gün qalır. Məsud malın müəyyən hissəsini özü satın aldı ki, dostlarına pul versin. Görünür, ona inanmadılar. Düşündülər ki, onları yola salan kimi Məsud malları, özünün dediyi kimi, xırıd eləyib pulunu qoyacaq cibinə. Mənzərənin kənardan görünüşü istənilən adamda belə təsəvvür yarada bilər. Kirayəçinin marağı nə qədər güclüydüsə arvadını mənə təzyiq göstərməyə təhrik etmişdi. Rəhmanın şəriki ilə getməməsi müəmmalıdır. Ola bilər, əcnəbi cütlüklər ev sahibini də dolandırmaq istəyiblər. Məsələn, mallarının, pullarının Məsudda olduğunu söyləyib qarasınca o ki var şikayətləniblər. Kirayəçi də eləməyib tənbəllik öz cibinə xatir dostlara “kömək” etmək üçün quldurlarla sözləşib. Dostlardan xəbərsiz də ev sahibi quldurlarla “iş birliyi” qura bilər. Bəlkə, kirayəçi özü soyğunçulardan biridir, ya həmin mənzil soyğunçuluq məqsədiylə kirayələnib? Nadirin qayıtması təsadüf idimi? Hər nə oldu, Məsuda oldu. Bunlara dost demək olarsa, həm dostlarını itirdi, həm pulunu, həm də etibarını”.

***

Quldur basqınından sonra Rəhmana “get” deyən olsaydı, arxasına baxmadan götürülərdi. Amma getməyə yeri, yemək almağa pulu olmadığından qardaşı gələnə kimi dözməyə məcbur oldu. Rəhmanın qardaşı hadisədən iki gün sonra gəlib çıxdı. Əsmərə hədiyyə, filan da gətirmişdi. O, yola düşməzdən əvvəl Nadirdən hadisələrlə bağlı müfəssəl məlumat əldə etdiyindən qardaşını da yanına alıb bilet almaq bəhanəsiylə aradan çıxdı. Tezliklə qayıdacaqlarını söyləsələr də, geri dönmədilər. Əsməri hədiyyə, filan düşündürmürdü. Sakitlik istəyirdi. Qardaşlar gedəndən sonra ikisi baş-başa qalmışdı–qəzəbli arvad, soyuqqanlı ər. Arvadını dilə tutmaq üçün sükutu ilk pozan ər oldu:

– Əsmər, deyirəm, bəlkə, sabah konsulluğa gedək?! Görək, qəbzi itirməyimiz barədə nəsə bir kağız əldə edə bilərik? Bankda qəbzi oğurlanmış kimi qeydiyyatdan keçirməsək, pul da əlimizdən çıxacaq.

Əsmər həm yorğun, həm də acıqlı idi. Getmək istəmədiyi üçün onu başından eləməyə çalışdı:

– Məsud, əzizim, konsulluq əsası olmayan kağızı bizə necə verəcək?

– Evimizin qarət olunması əsas deyil?

– Əsas olmağına əsasdır, amma biz hələ ki, əsası əsaslandırmamışıq, yəni şikayət ərizəsi verməmişik.

– Konsulluğun məsləhətindən sonra polisdən lazım olan sənədi almaq olar. Verməkdən imtina etsələr, rəsmi müraciət edərik.

Məsud Əsmərə ona görə dil tökürdü ki, sənəd məsələsində ona kəf gəlmək olmazdı. Dildən iti, özülə varmaqda səriştəli, bir sözlə, canlı qanun məcəlləsi idi.

Əsmər onu çox gözlətmədi:

– Yaxşı, gedərik, – dedi. – İndi azacıq yatmaq istəyirəm, soruşan olsa, oyatma. Beynim özü boyda qurğuşuna çevrilib, ağırlığı boynumu sındırır.

Məsud son günlərin çək-çevirindən sonra ilk dəfə idi ki, sevincək kimi olurdu:

– Oldu, mən də gedim televizorun qarşısına. Bəlkə, baxmağa bir veriliş tapdım. Yuxum gəlmir nədənsə.

Deyirlər ki, stress insanın adaptasiya mexanizmidir. Yeni şərait və ya vəziyyətə uyğunlaşma bacarığını əhatə eləyir. Əsmərin baş verən hadisəyə refleksiyası özünün məğlubiyyəti ilə başa çatmışdı. O, bütün gecəni yata bilmədi, ürəyi qəfəsə salınmış yaralı quş kimi çırpındı. Alnından, yanaqlarından soyuq tər süzülür, fikrində hardan yapışmaq istəyirdisə, əli boşa çıxırdı. Dirsəyindən, dizindən barmaqlarının ucuna kimi elə bil ülgüclə çərtirdilər. Sinir ucları göynəyə-göynəyə ölürdü. İki günün ərzində immun sistemi zəifləmiş, iştahası küsmüşdü. Qan təzyiqi yüksəldiyindən nəbzi çoxalmış, göz bəbəkləri böyümüş, əzələləri elastikliyini itirmişdi. Məsələ oğurluğun, qarətin dəyərində deyildi. Aldığı zərbənin dalğaları vücudunu elə titrətmişdi ki, orqanizmi hər cür xəstəliyin baş qaldırması üçün hazır vəziyyətə gəlmişdi. Sonradan qazandığı şəkərli diabet, ikinci mərhələ hipertoniya, ürəyin işemik xəstəliyi, qanında trombosit çatışmazlığı həmin gecə yaşananların bəhrəsi deyildisə, bəs nə idi?

Əsmər səhərə yaxın yuxuya getdiyindən gec oyandı. Konsulluğa günün ikinci yarısı getdilər. Konsulluğun səlahiyyətli nümayəndəsi onları çox mehribanlıqla qarşıladı. Əlbəttə, onun ilk marağına səbəb qəbzin hansı şəraitdə itirilməsi oldu. Əsmər çəkinə-çəkinə baş verənləri təsvir etməyə başladı:

– Bir neçə gün əvvəl bizim evə quldurlar basqın etmişdi. Qəbz də oğurlanan çantanın içində olub. Hüquq-mühafizə orqanlarına xəbər vermişik. Lazım olsa, hadisəni təsdiqləyən sənəd gətirərik. Banka məlumat verməsək, oğrular pulu əldə edə bilərlər. Bank əsas olmadan qəbzin ödənilməsini əngəlləyə bilməz. Belə ki, sizin yardımınıza ehtiyacımız var.

Nümayəndə, əlbəttə, ölkəsinin qanunlarına yaxşı bələd idi. Əsmərin sözlərini axıra kimi dinləyib azacıq fikrə getdi. Sonra onları müstəntiq kimi sorğu-suala tutmağa başladı:

– Soyğunçular neçə nəfər idi?

– Evə dördü gəlmişdi, aşağıda neçə nəfər olublar, xəbərimiz yoxdur. – Əsmər tələsik cavab verdi.

– Sizi hardan tanıyırdılar? Bilmədən, tanımadan qapınıza necə gəlmişdilər?

– Məsudun uşaqlıq dostunu sahil bağında yaxalayıb, ona polis olduqlarını söyləyiblər. Sonra da birlikdə bizə gəliblər. Məsud dostuənun səsini tanıyıb qapını açan kimi doluşdular evə.

– Məsudun dostu hansı ölkənin vətəndaşı idi?

– Təbii ki, sizin.

Konsulluğun səlahiyyətli nümayəndəsi Əsmərlə Məsuda baxıb başını buladı. Onlara kömək etmək istəyi rəftarından bəlli idi. Amma nəsə fikirləşib yenə soruşdu:

– Bəs polislər bu işə nə dedi?

– Bir söz demədilər. Başlarını bulayıb getdilər. – Əsmər dilləndi.

– Ərizə vermədiniz?

Xorla cavab verdilər ki, xeyr, daha doğrusu, məsləhət görmədilər.

– Necə yəni məsləhət görmədilər? Siz ərizə yazmalı idiniz.

Nümayəndə sualları Məsuda verir, cavabları Əsmərdən alırdı:

– Dedilər ki, ərizənin bir faydası olmayacaq.

– Siz də inandınız, Əsmər xanım?

– Məsələ inanıb-inanmamaqda yox, nəticənin şübhəli olmağındadır.

Əşyalarımızı verməyəcəklərsə, ərizənin nə mənası?

– Doğru deyiblər, bir dana bir naxırı korlayar, – deyə nümayəndə etirazını gizlətmədi:

– Bəli, təəssüf ki, qanun keşikçilərinin də içində məsuliyyətsizi olur. Səbəb nə olur-olsun, siz şikayət etməli idiniz. Əlqərəz, biz o quldurları tutmuşuq. Onların işi xarici vətəndaşları və onlarla əlaqəli olan şəxsləri qarət etməkdir. Ən çox qarət isə İranla Türkiyə vətəndaşlarının payına düşüb. Sizin kimi müraciət edənlər çoxdur. İndi N bölməsinə getməlisiniz. Orda dəstə üzvlərinin şəkilləri var. Tanış olun, bəlkə, sizin evi də onlar talayıb. Ordan mənim yanıma qayıdarsınız. Qəbz məsələsində sizə kömək edərəm.

Səlahiyyətli nümayəndə polis bölməsinin adını və ünvanını yazıb Məsuda verdi. Onlar bölməyə yetişəndə günün elə bir vaxtı idi ki, hərə bir işin dalınca getmişdi. Dəhlizdə tam sakitlik hökm sürürdü. Növbətçidən öyrəndilər ki, içəridə ancaq bir nəfər var. Bu, həmin şəxs idi ki, quldurların işini araşdırırdı. Məsələdən hali olan kimi zərər çəkənləri əməliyyat otağına dəvət edib onlara bir şəkli nişan verdi: – Diqqətlə baxın, bu şəkildəki adamı tanıyırsınız? Şəkilə baxan kimi quldurbaşını tanıdılar: – Bəli, özüdür. – Əməliyyatçı şəkli alıb mizin üstünə atdı: – Sizin evdə də əmrləri bu verirdi? –Bəli, – deyə cavab verdilər. – Təxəllüsü Yapondur, bir neçə dəfə həbsdə olub, – polis əlavə etdi. Sonra onlardan ünvanlarını soruşdu ki, aidiyyatı bölməyə xəbər versin. Eşidəndə ki, zərər çəkənlərin ərizəsi alınmayıb səsinin tonunu qaldırdı: – Heç belə də məsuliyyətsizlik olar? Təəssüf ki, sıralarımızda hələ də belələri qalmaqdadır. Yaxşısı budur ki, onlara özünüz xəbər verin. Burda olduğunuzu söyləməyin. Deyin ki, şəhər Baş Polis idarəsindən zəng vurursunuz. Onda görəcəksiniz necə əl-ayağa düşəcəklər. Necə ola bilər ki, quldurluq, soyğunçuluq hadisəsi baş versin, polis zərər çəkəndən ərizə almasın?

Əməliyyatçı xalqına, dövlətinə, peşəsinə sadiq birinə oxşayırdı. Peşə yoldaşlarının səhlənkarlığı onu hövsələdən çıxarmışdı. “Əslində, buna səhlənkarlıq deməzdim. Ərizə almamağın iki səbəbi ola bilər; ya kimdənsə “sağ ol” eşitmək istəyiblər, ya da sırf şəxsi mənafe peşə borcunu üstələyib. Düzünü özləri daha yaxşı bilir. Səbəb nə olur, olsun, qanunu üstələyə bilməz”. – Polis əməkdaşı öz-özünə mızıldandı.

Əsmər əməliyyatçının dediyi kimi etdi. Yaşadığı ərazinin polis bölməsinə zəng vurub şəhər Baş Polis idarəsinə şikayət ərizəsi vermək istədiyini söylədi. Onun zəngindən polis bölməsində sanki bomba partladı, qaça-qaç düşdü. Növbətçi polis bölmənin rəis müavinini telefona çağırdı ki, özü Əsmərlə danışsın. O da dil tökməyə başladı ki, heç yerə getmədən bölməyə gəlsinlər.

“Axşamın xeyrindən gündüzün şəri yaxşıdır” fikriylə Əsmərlə Məsud bölməyə getməyib evə gəldilər. Amma yorğun ər-arvadı səhərin şirin yuxusundan polislərin zəngi oyatdı. Bölməyə çağırırdılar. Əsl həngamə isə şikayətin rəsmiləşməsindən sonra başladı. Quldurların qarət dairəsi bütün rayonları əhatə etdiyi üçün cinayət işi Baş Polis idarəsində açılmışdı. Hər rayon müvafiq ərizələr üzrə ilkin istintaq aparıb işi Baş Polis idarəsinə təhvil verirdi. Bu məqsədlə Əsmərgil yaşayan rayonun Polis idarəsində tanıma “mərasimi” keçirilirdi. Yəni on-on beş təsadüfi adamı sıraya düzüb aralarına hər dəfə quldurlardan birini əlavə edirdilər ki, şikayətçilər tanısın. Birinci tanışlıq telefonun böyrünü kəsdirən oğlanla baş verdi. O, tanınmağına narahat olub hay-küy saldı ki, adı protokola düşməsin:

– Ey, xanım, məni heç yerdə tanımayıblar, üzümə niyə durursunuz? Sizə başa salarlar yalan danışmaq nə deməkdir? Deyəsən, şəxsi-qərəzliyiniz var mənimlə – deyib Əsməri qorxutmağa çalşdı. Qadını, elə bil, od götürdü: – Kəs, səsini, quldur! Şəxsi-qərəzliyimiz olsaydı, biz sənin evini qarət edərdik. Sudan quru çıxmaq istəyirsən? Alınmayacaq!

Aranın qarışdığını görcək əməliyyatçı polis Əsməri otaqdan çıxarıb sakitləşdirməyə çalışdı: – Bunun nəyinə cavab verirsiniz? Son anda bunlar ancaq danışmğı yaxşı bacarırlar.

İkinci qulduru da tanıdılar. Birincidən fərqli olaraq o, səsini çıxarmadı, əksinə, qarətdə iştirak etdiyini başı ilə təsdiqlədi.

Üçüncü qarətçinin vəziyyəti daha acınacaqlı idi. O, Əsməri qabaqlayıb: – Bəli, bacı, o bədbəxt mənəm, – deyə az qala ağlamsınıb cavab verdi. Əsmər nə qədər qəzəbli olsa da, onun halına acıdı. Ya ağlının kəmliyindən, ya da dişinin itiliyindən başına bəla açmışdı.

Yaponu “görüşə” gətirmədilər. Görünür, əməllərini boynuna almışdı. Görüşdən sonra müstəntiqə yazılı izahat verib axşamüstü evə qayıtdılar və sevindilər ki, get-gəldən canları qurtardı. Lakin belə olmadı. Sonrakı üç gün polislər onları prospektdə yerləşən bölmənin yaxınlığına aparıb-gətirdilər. Deyəsən, gizli əməliyyat gedirdi. Məqsədlərini açıqlamırdılar. Bölməyə gedib-gələn hər kəsi diqqətlə izləyirdilər ki, bəlkə, gözlərinə tanış kimsə görünər. Əlbəttə, həmin adamı Əsmərlə Məsud tanımalıydı ki, onlar da heç kimi tanımadılar. Evə dörd adam gəlmişdi, tanımışdılar. Görmədikləri şəxsi necə tanıyacaqdılar?

Bir neçə gündən sonra Məsud konsulluqdan qəbzin itməsinə dair arayış alıb xaricə yola düşdü. Əsmər ərizəçi olduğu və əşyalarının qaytarılacağına ümid etdiyi üçün ölkədə qaldı.

***

Oktyabr ayının sonlarıydı. Günəş boyalı qadın saçı kimi saralırdı. Şəhər telefonu zəng çaldı. Əsmər dəstəyi qaldırdı. Özünü müstəntiq kimi təqdim edən şəxs ondan Baş Polis idarəsinə gəlməyi xahiş edirdi. Üzü gülməyə başladı. Deməli, istintaq başa çatmaq üzrədir, nəhayət, “ev dustaqlığı”ndan azad olacaq. Əşyaların fikri olmasaydı, Əsmər həyat yoldaşından ayrı düşməyəcəkdi. Gözü hər yerdə ərinin hədiyyə etdiyi və gözəlliyi dəyərindən bahalı olan almaz qaşlı üzüyü axtarırdı. Məsud da təkid etməyi özünə sığışdırmadığı üçün arvadının qalmasına razılıq vermişdi, yoxsa onu əşya, filan maraqlandırmırdı. Əsmər əri gedən günün səhəri onun ardınca qaçmaq istəsə də, üzük sevgisini aşmağı bacarmamışdı.

İstintaqın yekunu ilə bağlı Əsmərin verdiyi xəbərə Məsud sevinmişdi. Çünki xanımından ayrı yaşamaq onun üçün əsl işgəncə demək idi. “Axı Əsmər orda nəyi gözləyir?” Birdən öz-özündən soruşurdu: “Necə nəyi gözləyir, əlbəttə ki, oğurlanmış əşyalarımızı”. Sonra öz-özünə təskinlik verir, əsəblərini ələ almağa çalışırdı. Ərinin yanında olmaqdansa Əsmərin əşyalarını üstün tutması Məsudun ürəyini ağrıdırdı. Amma Əsmər üçün zalımların son gününü görmək maraq, əşyalarını tələb etmək prinsip məsələsi idi.

Gecə ilan vuran yatdı, qadın yata bilmədi. Fikrində dağı arana, aranı dağa daşıdı. Səhərə yaxın mürgüləyib zəngli saatın səsinə erkəndən oyandı. Məsudun sözləri xoşuna gəlməmişdi. O, hələ də əvvəlki fikrində qalırdı: “Deyirəm, bu qədər gözləməyinin bir faydası olacaq?” Məsud Əsməri həvəsdən salmışdı. “Mənim sevimli üzüyümü qaytarsınlar, bəsimdir, qalanları olmasa da olar”. Əsmər də Məsudun kinayəsinə özünəməxsus şəkildə reaksiya vermişdi. Pis yatdığından əsəbi istifadəyə təzə qoşulmuş telefon kabeli kimi tarıma çəkilmişdi. Qalxıb vanna otağına keçdi. Gözünə hər nə dəydisə, sındırmaq istədi. Günəş şəkilli güzgüdə gördüyü üzü sanki heç vaxt görməmişdi. Əl-üz yuyulan da günəşə bənzəyirdi. Süd rəngli əl-üz yuyulanın şəkli güzgüyə, güzgünün şəkli əl-üz yuyulana düşmüşdü. Vanna otağındakı əşyalar biri-birinə ağ kəcavəyə qonmuş bəyaz kəpənəklər kimi yaraşırdılar. Güzgünün qarşısında ərimiş şam qırıntıları görüb təmizləmək istədi. Tez də fikrindən daşınıb əl-üzünü yudu. Qurulanıb saçını daradı. Çaydan qazın üstündə fit çalırdı. Stəkana yarı süd, yarı qaynanmış su, bir qaşıq da bal əlavə edib şorqoğalla içdi. Hamam və mətbəxdəki vaxt itkisi bir yerdə on-on beş dəqiqə olar, ya olmazdı. Libas seçmək üçün paltar dolabının qarşısına keçdi. Hava soyuq olduğundan cins şalvarı ilə qara köynəyini, üstdən qara yelənli ağ pencəyini əyninə keçirib, qara-ağ muncuqlu əl çantasını çiynindən asdı. Dəhlizə keçib çantasına uyğun payız tuflisi geyindi. Zövqlə geyinmək Əsmərin hobbisi idi. Amma tələsdiyi üçün üst-başına o qədər də diqqət etməyib dayanacağa, ordan da avtobusla gedəcəyi ünvana yola düşdü.

Buraxılış vərəqi hazır olduğundan qapıda çox gözləmədi. Onu ikinci mərtəbəyə – müstəntiqin otağına apardılar. Müstəntiqin otağı dəhlizin sol tərəfindən axıırda yerləşirdi. Əsməri görəndə çoxdan tanıyırmış kimi hal-əhval tutan müstəntiq onu başqa otağa gətirdi. Bu otaqda Əsməri N bölməsində gördüyü peşəkar polis işçisi qarşıladı. Ərizəsi ilə əlaqədar toplanmış istintaq materialları stolun üstündəydi. Sənədləri gözdən keçirməyə başladı. Evinə basqın edən quldurlardan üçünün izahatı alınmışdı, birinin yox. “Məni heç kim tanımayıb səndən başqa”, – deyə kükrəyən Füzuli adlı oğlandan izahat alınmamışdı. Onun adı quldurların sırasında yox idi. Yanıldığını zənn edib sənədlərə təkrar baxsa da, qarovul çəkən quldurun haqqında yazı, filan görmədi. Təhqiqatçıdan soruşdu:

– Bəs, Füzulinin izahatı hanı?

Sual polis əməkdaşını çaşdırdı. – Məgər sən onu tanımışdın? – deyə soruşanda Əsmər onun əsəbləşdiyini hiss etdi. Onun üzü zərərçəkənlərdən ərizə alınmadığını eşidəndə necə dəyişmişdisə, yenə həmin rəngi aldı. – Sən Füzulini tanımışdınmı, qızım? – Sualını təkrar etdi. Əsmər səksənən kimi oldu:

– Əlbəttə, mən də, Məsud da tanımışdıq.

Təhqiqatçı daha heç nə soruşmayıb otaqdan çıxdı. Bir neçə dəqiqədən sonra qayıdıb pəncərədən eşiyə baxmağa başladı. Bulud binaların üstünə qədər ensə də, yağış yağmırdı, amma ağacların üst-başı su içində idi. Bir daha özü ilə qürur duymaq üçün çiynindəki paqona baxıb gülümsündü. Bəlkə də, belə deyildi, lakin Əsmərə elə gəlirdi ki, təhqiqatçı daxilən sakitləşmək istəyir. O, Əsmərin mat-mat baxdığını görüb yavaş səslə dedi:

– Deyirlər, Füzuli hansısa nazirin qohumudur. Deyəsən, onu çıxarıblar aradan. Əsmər əməliyyatçının sözünə inanmaq istəmədi: “Ola bilməz, nazir, filan bəhanədir. Bilirlər ki, adi polis əməkdaşının nazirdən bu barədə soruşmaq imkanı yoxdur, elə ərizəçinin də. Ona görə nazirə şər atırlar. Çox güman, aldıqları rüşvəti bölüşməmək üçün sizi başlarından eləyiblər. Ola bilər, Füzuliyə ilkin istintaq zamanı bəraət qazandırılıb, yəni birinci işi olduğu üçün ağıllanmağa fürsət veriblər. Axı həbsxana həyatı qətiyyətsiz adamları daha da korlayır. Hər halda, bilə bilmirəm qanuna hörmətsizlik olunub, ya yox, amma Füzulini tanımışdım”.

Hiss olunurdu ki, əməliyyatçı peşəsini, dövlətini, vətənini, xalqını sevən biridir. O, zərərçəkənin çılğınlıqla söylədiyi fərziyyələrə qulaq assa da, münasibət bildirmədi. Onun paqonlarına baxıb fəxrlə gülümsəməsi xanımın xoşuna gəlmişdi. Əsmər ürəyində deyirdi: – Atalar demişkən, meşə çaqqalsız olmur. Hər nəzarətçiyə bir nəzarətçi təyin etmək mümkün deyil. Son illər nələr yaşamadıq... Torpaqlarımızı işğal etdilər. Əhali ev-eşiyindən didərgin düşdü. Ölən öldü, qaçan qaçdı, qaça bilməyənləri əsir götürdülər. Ac-susuz qaldıq, yoxsullaşdıq, amma sonlu dünyada bəzilərinin varlanmaq istəyi sonsuza qədər böyüyür. Görəsən, hərislik rüşeymi nədən cücərir? Quldurluq, ev yarmaq kimi vərdişlər insanın qanındadır, yoxsa sonradan qazanılır? – Biləkləri zəncirli Yaponun otağa gətirilməsi qadını düşüncələrindən ayırdı. Zərərçəkənlə zərərvuran üz-üzə əyləşdi. Quldur Əsməri görən kimi sancmağa başladı:

– İstəyirsən, ərizəni bir az da uzun yaz. Onsuz da nəticəsi olmayacaq. Sənin əşyalarını gedər-gəlməzə göndərmişəm.

Quldurun həyasızlığı Əsmərə toxunsa da, cavabını qısa elədi:

– Olsun! Səni qolu qandallı görmək də nəticədir.

Müttəhim söz tapa bilməyib başını aşağı saldı. Bir azdan gəlib onu apardılar. Qapıdan çıxanda Yapon Əsmərin üzünə baxıb başını yellədi. Deyəsən, bu otağa niyə gəldiyinin səbəbini anlamağa çalışırdı. Heç nə başa düşmədiyi üçün Əsmər də başını buladı. Təhqiqatçı nəsə yazırdı. Otaqda elə sakitlik idi ki, qələmin kağız üzərində açdığı izin səsi duyulurdu. Yapon atmacası ilə Əsməri ruhdan salmışdı: “Bəs Yapon haqlısa? Onda özümü ikinci dəfə təhqir olunmuş hesab edəcək, gözlədiyimə görə başıma-başıma döyəcək, xəcalətdən Məsudun üzünə baxa bilməyəcəyəm. Amma yox, quldura necə inanmaq olar?” – deyə özü-özünə ürək-dirək verirdi.

Yapon haqlı idi. Əsmərgil çox sonralar biləcəkdilər ki, quldurbaşı polis bölmələrindən birinin rəisi imiş. Görünür, pul və zinət əşyalarını qaytarmağın cəza müddətinə təsiri olmayacağını bildiyi üçün heç nəyi geri verməmişdi. Evindən bir az yararsız əşya, filan tapıb gətirmişdilər.

Əsməri “əşyatanıma” protokolu tərtib etmək üçün ayrı otağa çağırdılar. Otaqda üst-üstə yığılmış köhnə-təzə, o qədər vəsait vardı ki, axtardığını tapmaq üçün toyuq kimi eşələnmək lazım gəlirdi. Əsmər özlərinə aid bir neçə əşyanı, məsələn, iki ədəd ev başmağı, uşaq çantası, bir neçə kişi qalstukunu tanıdı. Tanıdığı əşyalar üçün uzun-uzun protokollar imzalayıb təhqiqatçının yanına qayıtdı. Təhqiqtçı onun əlində heç nə görməyib soruşdu:

– Oğurlanmış əşyaların içində sənə məxsus heç nə yox idi?

Əsmər:

– Var idi, əlbəttə, var idi.

– Bəs niyə götürmədin?

– Mənə dəyən zərərin müqabilində qəpik-quruş? Gülməlidir. Qiymətli əşyaların adı tutulmur. Guya, Qərib adlı bir nəfər aparıb. Amma bu Qərib o qədər qəribdir ki, yerini heç kim bilmir. Siz, yaxşı olar ki, icazə verin, mən gedim. Lazım olan bütün sənədləri imza etdim, deyilmi?

Təhqiqatçı başa düşürdü ki, Əsməri dəli eləyən boşa çıxan ümididir. Kömək edə bilmədiyinə təəssüflənir, könlünü almaq üçün mənəviyyat fəlsəfəsindən sitatlar gətirməyə çalışırdı:

– Yaxşı ki, özünüzə heç nə olmayıb. Can sağlığının yanında dünya malı nədir ki. Məndən asılı olsaydı, sənə dəyən zərəri iki qat ödəyərdim. Əlbəttə, daha imzalamağa heç nə qalmadı. İş məhkəməyə göndərilir. Məhkəmədə iştirakın önəmlidir. Sənə bu barədə əlavə məlumat veriləcək.

Əsmərin Məsudsuz keçirdiyi günlərə heyfi gəldi. Ağlamamaq üçün özünü zorla saxlamışdı. Valideynlərini itirmiş səfil uşaq kimi çarəsizcəsinə dodağının altında mızıldandı:

– Məhkəməyə gəlməyə söz vermirəm. Yəqin ki, ölkədə olmayacağam. Neçə aydır ki, həyat yoldaşımın üzünü görmürəm. Dözüm də bir yerə qədər olur. Hələlik...

Təhqiqatçı onun əlini gülə-gülə sıxıb dedi:

– Uğurlar!

Əsmər yol boyu kütləvi qırğın silahları haqqında düşündü: “Silah ixtira eləyən insan əməlindən razı qalmaya da bilər. Lakin bu, o demək deyil ki, o, daha başqa silah növü ixtira etməyəcək. Bəşəriyyəti sevən biri olsa belə, yeni ixtiranın sevincini manyakcasına yaşayacaq. Çünki o, silah ixtira eləyir, silahdan istifadəyə sövq etmir. Bir qadına hamiləliyinin doqquzuncu ayında desələr ki, dünyaya gətirəcəyi uşaq böyüyəndə qatil olacaq, doğmağından əl çəkər? O anlarda ana olmaq ehtirası bütün hissləri üstələyir. Görünür, quldurluq da bir ehtirasdır. Lakin quldurlar üçün kəşf, filan yox, qarət olunacaq hədəf var. Xalq Qaçaq Nəbiyə quldur ləqəbi vermədi. Çünki quldur nəticəni əvvəlcədən görməyəcək qədər kordur. İnsanın heyvandan fərqi düşünmə qabiliyyətinin olmasındadırsa və bütün ixtiralar, kəşflər, fəlsəfi nəzəriyyələr düşüncənin məhsuludursa, görəsən, quldurlar, canilər, inkasator oğruları, bank yaranlar, pedofillər və s. niyyətlərini gerçəkləşdirmək üçün düşünmürlərmi? Əlbəttə, düşünürlər. Filosof da düşünür, qatil də... Bəs bu iki düşüncə tərzi arasındakı fərq nədən ibarətdir? Bəlkə məsələ məqsədin seçilməsindədir? Amma “yaxşı məqsədi doğru, pis məqsədi yalnış düşüncə tərzi həyata keçirir”, desək yanılmış olarıq. Çünki eyni insan şəraitdən asılı olaraq həm ondan ola bilir, həm bundan. Hər halda çətin sualdır. Bu sualın düzgün cavabını tapmaq hər kəs üçün əl çatan olsaydı, sualın özünə ehtiyac qalmayacaqdı. Çünki o zaman fərd, kütlə, dahi kimi anlayışlar meydana gəlməyəcək, adi adamlarla dahilərin düşüncə tərzi arasında fərq aradan qalxacaqdı. Nəzərə alsaq ki, dahilər də cinayət etməkdən sığortalı deyillər və ən xeyirxah insan adi adamların arasından çıxır, onda bütün günahlar təbiətdədir”.

Hadisə gecəsi polislər gizli əməliyyatdan xəbərdar olduqları üçün ərizə almağa çətinlik çəkirmişlər. Cinayət dəstəsinin rəhbəri polis əməkdaşı olduğundan tərəddüddə imişlər. Əsmərə üzüyünə qovuşmaq nəsib olmadı, amma qanun öz işini gördü və ləyaqətli hüquq-mühafizə orqanları cinayətkar dəstəni zərərsizləşdirdilər. Deməli, hadisənin zərərçəkənə görünməyən tərəfləri də olur.

Əsmər evə çatan kimi yır-yığış eləyib bilet sifariş etdi. Növbəti gün səhər saatlarında, “asta qaçan namərddir”, deyib Məsudun yanına yola düşdü.

***

Aradan beş il keçmişdi, amma düşmənçilik hissi soyumamışdı. Hələ də incidirdilər onu, hələ də görünən-görünməyən nömrələrdən zənglər ara vermir, virtual hücumlar səngimək bilmirdi. Əsmər bu adamları tanımırdı. Düşünməklə məsələnin kökünə varmaq mümkün olmasa da, bu barədə düşünməyə bilmirdi. Əvvəllər hansısa manyaka tuş gəldiyini, müəyyən vaxtdan sonra bezib əl çəkəcəyini düşünmüşdüsə də, sonralar ümidi boşa çıxmışdı. Açıq-aydın ondan nəyinsə intiqamını alırdılar. “Görəsən, nəyin?” Yaddaşı zəiflədiyi üçün keçmişdə baş verən hadisələri çözür, – bəlkə, kiməsə pisliyim dəyib, indi əvəzini çıxır, filan – deyə bacı-qardaşlarından soruşurdu. Hər halda açıq mübarizəyə cürətləri çatmadığı üçün özlərini gizlədirlər. Bəs vaxt itkisi? O, adamlardakı enerjiyə məəttəl qalmışdı. Eyni işi gündə neçə dəfə təkrarlamaq olar? İş də ki, nə iş... Başqasını əsəbləşdirib ləzzət almaq–sadizmdir. Hardasa oxumuşdu ki, sadizm qorxulu xəstəlikdir. İntellektual və yaradıcı adamlarda bu, daha dəhşətlidir. Təzyiq vasitəsilə onu nəyə məcbur etmək istəyirdilər? Sosial şəbəkələrdə saxta adlarla peyda olub zəhləsini tökür, niyyətlərini gizlətmək üçün özlərini dost, sevgili kimi qələmə verir, qarşılıq almayanda isə müxtəlif viruslar yollayıb profilinə soxulurdular. Günlərlə evdən çıxmırdı. Elə ki, ayağını eşiyə qoyurdu, küçə qapısının qarşısında qəribə adamlar peyda olur, maşını yanında dayandırır, o, bir az irəli gedən kimi sürüb təkrar yanında saxlayırdılar. Bir sözlə, siçan-pişik oyununun adam variantı baş verirdi. Onlar qadının diqqətini cəlb etmək üçün belə edirdilər, Əsmər də özünü elə aparırdı ki, guya heç nə görmür. Əlbəttə, baş verənləri təsadüf kimi düşünmək ağılsızlıq olardı. Çünki təsadüf bir dəfə, iki-üç dəfə olar, daha hər gün yox. Hara gedirdisə, sanki təqib olunurdu. Həyatına qarşı ciddi təhlükə hiss edir, amma sübut üçün tutarlı dəlil tapa bilmirdi. İldə bir neçə dəfə, yəni hər ciddi zərbədən sonra, hüquq-mühafizə, təhlükəsizlik orqanlarına şikayət ərizəsi yollayırdı. Aidiyyatı orqanlar Əsmərə müəyyən mənada kömək etsələr də, məsələnin mahiyyəti dəyişmirdi. Çünki ortada ciddi məsələ yox idi. Bir qrup avara adamın qıcıqlandırıcı əməlləri məcəlləyə görə cinayət hesab olunmasa da, Əsmər üçün mənəvi işgəncəyə çevrilmişdi. Əsəbləri korlanmış qadın və bir qrup dəli, yəni dəlilik həddinə qədər özünüidarəni itirmiş şüursuz kütlə. Əsməri ən çox əsəbləşdiriən hüquq-mühafizə orqanlarından eşitdiyi: – Məgər onlar sizi yenə də narahat edirlər? – cümləsi olurdu. ”Qəribə məntiqdir, deyilmi?”– deməli araşdırmalar aparılır, yəni “yenə də incidirlər?” sualı öz-özünə yarana bilməz. Düşmənlər isə bildiklərini heç dədələrinə də vermək istəmir, hər polis xəbərdarlığından sonra dəyişən təzyiq üsulları, məkan və zaman olurdu.

Dalandakı altı evdən üçünün girişi əks küçədən idi. Qalan üçündən birində – dalanın başında Töhfə xala, onlardan sağ tərəf evdə gənc ailə yaşayırdı. Əsmərgilin evinin qapı və mətbəx pəncərəsi dalana açılır, evlərinin sağ və arxa tərəfində qonşu həyətlər yerləşir, sol tərəfindən marşurutların hərəkət etdiyi əsas yol keçirdi. Bir sözlə, onların payına dalanın haylı-küylü ərazisi düşmüşdü ki, küçədən keçən yük maşınlarının nəriltisi, minik maşınlarının siqnal səsi və üstəgəl bir qrup adamın qara mal kimi mütəmadi böyürməsi qulaqlarının pərdəsini zədələmişdi.

***

Məsud səhər işə getmək üçün yatağından qalxanda Əsmər də gözünü açdı. Təzədən yatmağa çalışsa da, bütün zehni ilə oyandığından yuxuya gedə bilmədi. Hava işıqlanmamışdı hələ. Mətbəxə keçib işığı yandırdı. Elə təzəcə xəbər saytına daxil olmuşdu ki, dalanda təsadüfi dayanan maşın səsini başına atıb var gücü ilə bağırmağa başladı. Maşının uzağı görmək üçün istifadə olunan faraları mətbəxin pəncərəsinə zillənmişdi. Əsmər beyni yorulmasın deyə qulaqlarını əlləriylə bərk-bərk tutub gözlədi ki, maşın çıxıb getsin, amma maşın gedənə oxşamırdı. Bu, ayrı cür səs idi – gur və zəhlətökən, maşın hərəkətdə olanda, təbii, belə səs çıxarmır. Ancaq kanalizasiya maşınları nəcis quyularını təmizləyəndə bu səsi eşitmək mümkündür. Maşında heç kim yox idi. Görünür, sürücü yaratdığı bağırtıya özü dözə bilmədiyi üçün ərazidən uzaqlaşmışdı. Əsmər işinə davam etmək naminə nə az, nə çox, düz yarım saat dığıltıya qulaq asmalı oldu. Səhər-səhər qadının ovqatına yenə zəhər doğradılar. Öz-özünə deyinməyə başladı: “Evimin bir addımlığında dayanıb əsəblərimlə oynayırlar. İnsan özünü niyə bu həddə qədər alçaldır? Axı dığıltı yaratmaqla kimə neyləmək olar? Sürücü enəndə, bəlkə də, bilə-bilə mühərriki söndürmək əvəzinə, bir az da gücləndirib aradan çıxıb. Deməli, məqsəd sakitliyi pozmaqdır. Bəs mənim oyaq olduğumu hardan bilib? Axı başqa günlər bu saatlarda yuxuda oluram. Pəncərədən işığın yandığını görmək olar, amma səhər-səhər iş dalınca gedən biri hansısa evin işığının yandığını görüb sahibini narahat etmək üçün yarım saat ləngiyərmi? Mən vayfayı işə salan kimi maşın peyda oldu. Sürücü bəs onun işlədiyini yaxına gəlmədən necə təyin etmişdi? Bəlkə, qonşuların arasında satqınlıq edəni var? Axı kimdir məni izləyib nə işlə məşğul olmağım barədə bu alçaqlara mütəmadi xəbər verən? Tutaq ki, xəbər verdilər. Yarım saat, bir saat küçədə maşın dığıldayıb başımı apardı. Bəs özləri nə qazandı? Belə hərəkəti ağıldan kəm, yəni ruhi xəstə adamlar edə bilərlər. Sahə müvəkkili demişkən, bəyəm bu qırılmışın hamısı ucdan tutma dəlidir? Mənim başımda, qulaqlarımda səs olduğu üçün hay-küyə dözmürəm. Amma küçədə bağırmaqla Məsudu narahat etmək olmaz. Meşədə uzunqulaq anqırtısına dözmək asandır, nəinki şəhərdə qulağı qısa insanın çıxardığı məqsədli bağırtıya. Bu vəhşiliyin axırı olmayacaqmı? Adamlara bax eee, adamlara... Qapımda bayquş kimi ulayıb, it kimi hürürlər, sonra da özlərini adam hesab edirlər. Ləyaqətli insanı təzyiqlə nəyəsə məcbur etmək istisna hallarda mümkündür. Amma bunlar adam deyillər ki, belə şeyləri anlasınlar. Adam olsaydılar beş ildə özlərinə yığışardılar. Axı hardan yığışsınlar, uyuşdurucu, spirtli içki qəbul etməkdən başları ayılır ki? Yox, yox, bunlar nəinki adam deyillər, heç heyvana da bənzəmirlər. İşsiz, gücsüz, avara... buraxasan ordunun qabağına mina təmizləyələr...”

Sahə müvəkkili dözməyi məsləhət görürdü. Amma o, özünü soyuqqanlı apardıqca “əhəmiyyət verməmək əhəmiyyət verilməyə gətirib çıxarır”dı...

Növbəti günlərdən birində axşam vaxtı başqa bir maşın faralarını pəncərəyə bərəldib işığını artırdı. O da kanalzasiya maşını kimi uğuldamağa başladı. Sürücü yenə harasa getmişdi. Bu maşının mühərriki də yarım saata yaxın SOS siqnalı verdi. Yaxşı ki, yarım saatdan çoxa özləri taqət gətirmirdi, yoxsa Əsmərin beyninə əsəbdən qan sızardı. Bir sözlə, gün çox, günün saatı, dəqiqəsi çox, hər saatın, dəqiqənin də öz hökmü.

Bir axşam Əsmər yorğun olduğu üçün erkəndən yatmışdı. Gecənin bir yarısı evlərinin yanında dayanmış motosiklet səsinə oyandı. Motosikletin səsi durmadan artıb-azalırdı. Eşitməmək üçün yastığı qulaqlarına sıxsa da, mümkün olmadı. Axır ki, yuxusunu qaçırıb oyatdılar onu. Yataqdan qalxıb əsəbi-əsəbi zalda var-gəl etməyə başladı. Səsə Məsud da oyanmışdı. Ərinə sakitləşdirici verib, özü yuxu dərmanı qəbul etdi. Bir-iki saatdan sonra dərmanın gücünə yuxuya gedə bildi. Amma necə? Beyni elə ağrıyırdı ki, səhərin alatoranında bağçada oxuyan quşların səsi də ona işgəncə verməyə başladı, yarpağın pıçıltısı, suyun şırıltısı da... Oyanıb ətrafa nəzər saldı. Məsud həmişəki kimi erkəndən getmişdi. Canı bərk ağrıyırdı, elə bil, bütün orqanlarını zədələmişdilər. Ağrıya dözməyib ağladı. Fikir yenə uzaqlara aparıb çıxardı Əsməri, yenə də günah axtarışına, yenə də keçmişi töküb-töküşdürməyə başladı, yenə də ürək dərmanları içib üzünü göylərə tutdu. Allaha yalvardı ki, gizli düşmənini aşkar etsin. Beş il idi ki, beləcə hər gün yalvarırdı. Beş il idi ki, Allah hər gün onun naləsini laqeydcəsinə dinləyirdi. Elə bil, məlunlar Allahı da rüşvətlə susdurmuşdular. Yoxsa, tanrının əlində ədaləti bərpa etmək nə böyük işdir? Az qala dəridən-qabıqdan çıxırdı ki, Allahın könlünə yol tapsın. O qədər bezmişdi ki, iki çıxış yolundan ikisini də ölümdə görürdü. Ya özü ölüb canını qurtarmalı, ya da düşmənbaşı həlak olmalıdır, məsələn, avtomobil qəzası, filan... Yoxsa bu xəmir hələ çox su aparacaqdı. Çünki Əsmər baş verənləri görməməyə, duymamağa səbrinin yetməyəcəyini yaxşı bilirdi. Nəyin barəsində düşünür-düşünsün, bir də ayılırdı ki, məqsəd qalıb bir tərəfdə, fikirləri qeyri-ixtiyari gizli düşmənin sorağındadır.Yersiz düşüncələr əlini işdən soyutmuşdu; vaxtında yatıb, vaxtında oyana bilmir, günlərlə, həftələrlə başını evdən eşiyə çıxarmaq istəmirdi. Elə bil yaşamaq həvəsini durğunluğa məhkum etmişdilər. Günün çox hissəsini baş ağrısı ilə keçirdiyindən gözləri həmişə şişkin olur, təzədən həyata başlamaq üçün – bəlkə, bir gün bu məlunlar yorular və ya özlərinə başqa oyuncaq taparlar – deyə günlərini sayırdı.

Ağıllı adam vaxtını boş yerə sərf etməz; bir dəfə əliboş qayıtdığı qapıya ikinci dəfə getməz, təlxək kimi yolun ortasında tamaşa çıxarmaz. Bu, necə düşməndir ki, bir qəpiklik ağlı yoxdur? Atalar belə yerdə deyib: “Ağılsız dostun olunca, ağıllı düşmənin olsun”. Əsmərin bəzi qonşuları tanımadıqları manyakın qiyabi əlaltısına çevrilmişdilər. Düşmənə cani-dildən köməklik göstərir, ixtiyari, qeyri-ixtiyari bütün proseslərdə iştirak edirdilər. Qonşulara arxayın olmadan yad adamlar özgənin pəncərəsinin altına necə toplaşar, həyət-bacasına necə boylana bilərdi? Təzyiq səhnələri qonşulardan birinin iştirakı olmadan tamaşaya qoyulmurdu. Hətta bəzən özlərinin boş vaxtı olmayanda “işlərini”onlara həvalə edirdilər. Qonşuların axmaqlığı vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Ayrısının məhəlləsində lotuluq etmək kişi lotulara aid bir məsələdir. Bunlar isə nəinki cəsarətsiz, hətta it qorxağı idilər. Kişi olsalar, qadın incitməz, cəsarətli olsalar, üzə çıxardılar.

Əsmər gündə bir fikrə düşürdü; bu gün – mənə pislik edən budur – deyə qətiyyətlə haqqında düşündüyü adamı sabah başqası, o biri gün bir ayrısı əvəz edirdi. Əsəb pozğunluğu, mütəmadi gərginlik, təzyiq üsullarının müxtəlifliyi düzgün nəticə çıxarmağa imkan vermirdi.

Günlər beləcə davam etmiş, aylar bir-birini ötmüş, il dolanıb, yaz gəlmişdi. Əsmər dəbdəbəli toyların fişəng səsinə uyuyub yüklü samasvalların nəriltisinə yuxudan oyanan qəsəbənin məqsədsiz adamlarının əlavə işgəncəsi üzündən növbəti yuxusuz gecənin daha bir yorğun səhəri əlinə qələm, kağız götürüb yazmağa başladı. Şikayət ərizəsini tamamlayıb polis bölməsinə yollandı. Ərizəni aidiyyatı üzrə təqdim eləyib sahə müvəkkili ilə bir neçə kəlmə danışmaq istəyirdi ki, ayrı bir sahə müvəkkili bir nəfər mülki şəxslə özünü içəri saldı. Üz-gözündən Eynşteynin şər formasını xatırladan mülki geyimli kişi içəri daxil olan kimi özünə bəraət qazandırırmış kimi hay-küylə izahata başladı: “Burda belə bir şey yoxdur, bu cavan oğlan (sahə müvəkkilini nəzərdə tuturdu) nədən qorxur, anlamıram? Elə mən özüm də əvvəllər burda –işləmişəm”. – Sahə müvəkkili: – O, heç nədən qorxmur, – deyə çağrılmamış qonağın sözünü kəsib üzünü Əsmərə tutdu:

– Əsmər xanım, bizim evimiz, eşiyimiz sizə qurbandı. Öz evinizdə yaşamağa imkan vermirlər, sizə uyğun yer tapa bilərik. Amma indi gedin. Ərizənizə baxılacaq.

– Bu, onuncu ərizədir ki, yazıram. O birilərinə baxılan kimi baxılsa, vay halıma. Yəni bir neçə xuliqanı susdurmaqda bu qədər acizsiniz?

Əsmərin sözünə bənd imiş kimi naməlum şəxs söhbətə qarışdı:

– Əgər doqquz dəfə cavab mənfi olubsa, onuncu da mütləq müsbət olmalıdır. Bəs sənin ərin necə baxır bu məsələyə?

Ölkədə olimpiya oyunları başlamışdı. Bəzi yollar bağlı olduğu üçün Məsud işinə rahat gedib gələ bilmirdi. Odur ki, imkandan istifadə eləyib xaricə getmişdi. Evdə tək gecələdiyini bilməsinlər deyə Əsmər onun getməyini heç kimə bildirməmişdi. Görünür, qırx lotular Məsudun yoxluğunu hiss etmişdilər. Tanımadığı kişinin sualı onun yerini öyrənmək məqsədi ilə verilmişdi. Əsmər həmin an sualın fərqində olmasa da yalan danışdı:

– Kaş ki... Həyat yoldaşım sübh evdən çıxıb gecə qayıdır. Nədən xəbəri olur ki? Onu görəndə bir qələt eləmirlər. Mən də ona hər sözü demirəm. Kişidir, əlindən xəta çıxar. İstəmirəm qan tökülsün.

Sahə müvəkkili dözməyib yad kişiyə acıqlandı:

– Mən səninlə danışıram, o, çıxıb getsin. Sən də sual verib yubadırsan?

Əsmər heç nə deməyib qapıdan çıxdı. Polisin “getsin” deməsi qüruruna toxunmuşdu. Öz-özünə deyinməyə başladı: – Məsuliyyətsiz adam! Guya mənim bu mənzərədən xoşum gəlir. Mən şikayətçiyəm, sən icraçı. Məsələnin axırına çıxsaydın təkrar şikayətə ehtiyac olmazdı. Axı nə biləsən ki, mənim üçün vaxt itkisi nə deməkdir? Mənim necə əzab çəkməyimin heç fərqində deyilsən. Bir-iki axmağı susdurmaq üçün cinayət tərkibi axtarışındasan.

Əsmər evə qayıtmaq üçün yolun o biri tərəfinə keçdi. Bölmədəki polisin “getsin” sözünü həzm edə bilməyib təzədən yolun bu tərəfində vüqarı özündən yekə zirvə təsiri verən Polis İdarəsinə döndü və düşündü: – Belə çıxır ki, polislərin canını boğazlarına yığmışam?! – Tez-tez şikayət etməyimdən narazıdırlar? Bəs mənim canım boğazıma yığılmayıb? Bəs mən narazı deyiləm? – Əsmər beyni ilə rabitəsini itirmiş xəstələr kimi gahdan yeyinləşib, gahdan yavaşıyan addımlarla nəzarət məntəqəsinə yaxınlaşdı. Məqsədi rəisin qəbuluna yazılmaq idi. Növbətçi polis qəbula yazılmaq üçün yazılı müraciət etməyin lazım gəldiyini söylədi. Əsmər qonşuluqda yerləşən idarələrin birində polis rəisinin adına ərizə yazıb tez də qayıtdı. Qadını içəri buraxdılar ki, ərizəsini dəftərxanada qeydiyyatdan keçirsin. Dəftərxanada ərizəni qəbul edib ona söylədilər ki, növbəsi çatanda özləri çağıracaqlar. Əsmər növbətçi polislə xudahafizləşib kölgəlik olduğu üçün yolunu böyük ağacları olan parkın içindən saldı. Bir neçə addım getmişdi ki, bir az əvvəl bölmədə gördüyü kişinin ona sarı gəldiyini gördü. Kişi özünü çatdırıb Əsmərdən dayanmağını xahiş etdi:

– Xanım, bir dəqiqə ayaq saxlayın, sizə sözüm var.

Əsmər nəzakət xatirinə ayaq saxladı:

– Buyurun, eşidirəm sizi.

– Sizin məsələ ilə bir balaca maraqlandım. Əgər dinləmək istəsəniz bəzi məsləhətlərim var.

– Məsələn?

– Sizin xilasınız öz əinizdədir. Günün belə istisində polisə gəlmək yaxşıdır, ya məsələyə əncam vermək?

Əsməri daxili maraq bir az da bu yöndəmsiz kişi ilə danışmağa sövq etdi:

– Necə yəni öz əlimdədir? Belə çıxır ki, məsələni çətinləşdirən özüməm?

– Əlbəttə. Siz cinsi azlıqların hədəfinə tuş gəlmisiniz. Onlarla sosial şəbəkələrdə yazışın və istədiklərini edin, canınız qurtarsın.

Əsmərin əsəbdən dili, boğazı qurudu:

– Əvvəla, cinsi azlıqların mənimlə nə işi? İkincisi, mən heç kimə heç nə yazan deyiləm. Üçüncüsü, nə səbəbə belə düşünürsünüz?

– Düşünürəm yox, əminəm. Siz mütləq onlarla əlaqə qurmalısınız. Dediklərimi etməsəniz, başınız çox bəla çəkəcək. Cinsi azlıqların o qədər növü, qadınlarla o qədər işi var ki. Bəs niyə azlıq deyirlər? Narkotikadan istifadə etdikləri üçün impotentləşmiş kişiləri də siyahıya əlavə etsəm, nəticə heç də ürək açan deyil. Bəs yazıqlar neyləsin?

– Heç nə, gizli yollarla düşsünlər günahsız qadınların üstünə. Vay-vay, iyrəncliyin də öz fəlsəfəsi olurmuş. Nə danışdığınızın fərqindəsiniz? Siz mənə nə cəsarətlə alçalmaq təklif edirsiniz? Alçalmaq ki, ölümdən betərdir. Biz hansı dövrdə yaşayırıq? İnsan təbiətindən dönəndə lap murdarlaşırmış. Xeyr, mən bu dərdin çarəsini hüquq-mühafizə orqanlarının ixtiyarına buraxmışam. Onlar əncam çəkməlidir, mən yox.

Naməlum kişinin Əsmərin sözlərinə gülməyi gəldi. Gözlərinin içinə kimi bic-bic irişib dedi:

– Ay-hay! Polis onları tanıyır. Görünür, sənə demək istəmirlər. Polis onlarla bacarmaz. Yeri gəlmişkən, izləndiyinizdən xəbəriniz var? Evdən nə vaxt çıxırsınız, hara gedirsiniz, nə vaxt qayıdırsınız əzbərdən bilirlər. Bu qədər də şikayət olar? Qorxmursunuz ki, sizə xətər yetirərlər?

Əsmərin izləndiyindən xəbəri vardı. Bu barədə özü dəfələrlə sahə müvəkkilinə demişdi. Amma idbar kişinin bunu bilməsinə təəccüb etdi. Əvvəl ona elə gəldi ki, kişini bölmədən öyrədib yollayıblar ki, ona xox gəlsin, yəni ora-bura şikayət etməyini əngəlləsinlər. Amma izlənmək məsələsini eşidəndə başa düşdü ki, polis belə səhv buraxmaz. Deməli idbar kişi qırx lotulardan biri, bəlkə də, birincisi–dəstənin başçısıdır. Bir-birini əyani tanıyıb hər hansı razılığa gəlsinlər deyə zərərçəkənlə təcavüzkarı üz-üz qoymaq polisin təşəbbüsü ola bilməzdi. Çünki belə bir təşəbbüsdə iştirakçı olmağın ancaq bir adı vardı: “Şərəfsizlik”. Bu görüşü idbar kişi özü düzüb qoşmuşdu. Əsmər idbar kişinin üzünə tüpürməkdən özünü güclə saxlayıb dayanacağa sarı yollandı. Marşruta əyləşib heç beş dəqiqə yol getməmişdi ki, avtobus dayanacaqdan kənar bir yerdə dayandı. Elə bu zaman avtobusa Əsmər əyləşən tərəfdən qara cip yaxınlaşdı. Maşının içindəki üç-dörd avara pəncərədən bir neçə saniyə onun üzünə baxdı, sonra da heç nə olmamış kimi getdilər. Görünür, özlərini kimisə axtarırmış kimi göstərib sürücüyə dayanmaq işarəsi vermişdilər. O da qanunu pozduğunun fərqində olmadan əyləci sıxmışdı. Bu, açıq-aydın izlənmək mesajı idi. Əsmər onlardan qorxmurdu, amma ağılsız və xəstə adamlardan qorunmağın vacib olduğunu bilirdi. Ora-bura şikayət yazmaqla kiməsə pislik etmək niyyətində deyildi, sadəcə, rahatlığını bərpa etmək istəyirdi. Amma necə? Tutalım, bir qrup xəstə adamın təzyiqinə tuş gəlib. Bəs onlara əlaltılıq eləyən onlarla adamın hamısı xəstədir? Bu təcavüzkar nə böyük adamdır ki, polis onun əməlinə göz yumsun? Mümkündürmü hüquq-mühafizə orqanı beş-on nəfər azğının öhdəsindən gəlməsin? Əlbəttə, yox. Ciddi hadisələri buraxıb beş-üç avaranın ardınca düşməyə polisin vaxtı hardadır? İnsafən, məsələ günü-gündən kiçilir, dəstələrin sayı get-gedə azalırdı.

Əsmər düşünürdü: – Görəsən, cinsi azlıqlar cəzasız qalmağa necə müvəffəq olurlar? Rüşvət vermək lazım gələndə pul təklif edirlər, ya öz bədənlərini? Məgər transseksualların hamısı ucdantutma eyni xasiyyətdədir? Bəlkə, doğrudan da, öhdələrindən gəlmək olmur. Yəqin ki, mənim anlaya bilmədiyim nəsə var, demək istəmirlər. Biseksuallar nə kişi kimi kişi, nə də qadın kimi qadındır. Bir balaca əxlaqi müvazinətini itirən hər kəs onların toruna asanlıqla düşə bilər. Əsas hamiləri imkanlı kişilər, fəaliyyətləri fahişəlikdən ibarət olduğu üçün, yəqin ki, ilişəndə, ya bədənlərini təklif edir, ya da imkanlı kişilərini köməyə çağırırlar. İcraçını yoldan çıxarsalar, vay şikayətçinin halına. Deməli, mən haqlıyam, yəni çarə tərəflərdən birinin ölməyinə qalır...

Növbəti yay günlərinin birində, müvəqqəti də olsa müdaxilə etməsinlər deyə, Əsmər kompyuterini format etmək üçün ustaya apardı. Yol boyu qorxa-qorxa ora-bura boylanırdı ki, görsün izləyəni varmı? Deyəsən, yox idi. Hətta ürəyində sevindi ki, bir günlük də olsa, onu yaddan çıxarıblar. Amma atalar deyir: “Sən saydığını say, gör, fələk nə sayacaq”. Havadan od tökülürdü. Kompyuteri ustaya verib gözləməyə başladı. Format və proqramların yazılışı saat yarım, iki saata yaxın vaxt aparacaqdı. Təmirgah arakəsmələr vasitəsiylə üç hissəyə bölünmüşdü. Birinci hissə, yəni foye maqazin kimi fəaliyyət göstərdiyi, həm də müştərilərilərdən sifarişlər burda qəbul olunduğu üçün geniş və təmiz idi. Orta yerdə texniki servis çalışırdı. Axırıncı bölmədə kompyuter formatı, proqram yazılışı, kartriclərin doldurulması və s. xidmətlər həyata keçirilirdi. Əsmər axırda – öz kompyuterinin yanında əyləşmişdi. Təmirgaha təşrif gətirən müştərilər, təbii ki, onu görə bilməzdilər. Çünki heç kimi foyedən o yana buraxmırdılar. Daimi müştəriləri olduğu üçün Əsmərin içəridə gözləməyinə etiraz etməmişdilər. O, foyeyə gəlib-gedən müştəriləri, nəinki görə bilməz, heç danışıqlarını da yaxşı eşidə bilməzdi. Ara-sıra proqramçı oğlandan nəsə soruşub ekranı izləməklə məşğul idi. Birdən qulağına foyedən səs gəldi. Müştəri yalnız bir cümləni, sanki bir km uzaqlıqda olan birinə xitab olunurmuş kimi, yüksək səslə söylədi: “Mən köhnə Suraxanıdan gəlmişəm”. Sonradan danışıq yenə eşidilməz oldu. Söhbətin davamından xəbərsiz olduğu üçün Əsmər müştərinin niyə gəldiyini, təmirə nə gətirdiyini başa düşmədi. Amma bir cümlənin təsiri bütün əhvalını korladı. Sözün ucadan deyilməsi ona mesaj təsiri bağışladı. Çünki bölmədə gördüyü idbar kişi də səbəbsiz yerə köhnə Suraxanıda yaşadığını dönə-dönə təkrarlayırdı. Fikrini yenə mənasız düşüncələr məşğul etməyə başladı. Bu, izlənməyi barədə ismarıc, yoxsa əsəb pozğunluğunun yaratdığı şübhə idi? Həyəcandan ürəyi əsməyə başladı. Deməli, heç nəyi unutmayıblar. Foyedə kənar şəxsin olmadığını görüb müştərinin kimliyi ilə maraqlandı da. Amma onu, sanki heç görməmişdilər. Özünü qeyri-adi aparan müştəri beş-on dəqiqə keçməmiş onların yadından necə çıxmışdı? Bəlkə, öz-özünə danışırmış? Görünür, hər kəsin qulağı, ya özünə aid olan sözü eşidir, ya da, atalar demişkən, “danışmaq gümüşdəndirsə, susmaq qızıldandır”. Çantasından bir ədəd sakitləşdirici çıxarıb içdi. Hövsələsi daraldığından proqramçıdan tələsməyi xahiş etdi. Amma özü də yaxşı bilirdi ki, proqramların yüklənməsini tezləşdirmək mümkün deyil. Vaxtı hiss etməsin deyə su içmək üçün qonşuluqdakı dükana getdi. Orda da qərar tutmayıb küçəyə çıxdı. Özünü çarəsiz dərdə yoluxubmuş kimi hiss etməyə başladı: “Görəsən, bu xəstə adamlara “dur” deyən tapılacaqmı? Psixoloji təsir və ya təzyiq cinayət deyilmi? Deyilsə, cinayət necə olur? Yox, əgər cinayətdirsə, niyə hər dəfə mənə, “bu şikayətdə cinayət tərkibi yoxdur” kimi cavablar yazılır? Niyə müraciət etdiyim orqanlar ağzına su alır? Yəni bir qrup narkomanı və yaxud biseksualı, transı susdurmaq belə çətindir? Onların məni izləməyə nə haqqı var? Bir dəstə nadana necə imkan vermək olar ki, başqasının həyatını cəhənnəmə döndərsin? Mən heç onları tanımıram da. Bəlkə, təzyiqlər sifarişlidir? Bəlkə, düşmənçilik məqsədi ilə mənim haqqımda harasa yanlış məlumat veriblər? Elə isə yoxlamadan niyə hərəkətə keçsinlər?”

Proqramçı oğlan işini bitirmişdi. Kompyuteri qablaşdırıb ağır olduğu üçün Əsməri dayanacağa qədər ötürdü. Qadın kompyuteri qucağına götürüb marşruta əyləşər-əyləşməz yenə də iti caynaqlı fikirlər beynini didişdirməyə başladı. İzlənmək məsələsi ilə heç cürə razılaşa bilmirdi: “Axı bu adamlar avaradırsa benzin pulunu hardan tapırlar? İllərlə bir qadını izləməkdən əllərinə nə keçir? Bu ki, manyaklıqdır. Manyaklar isə islah olunmurlar, onları ancaq və ancaq zərərsizləşdirmək lazımdır. Bu, əslində, sadizmdir. Əzab verməkdən həzz almağın ayrı adı varsa, buyursunlar. Çünki onlar dəqiq bilirlər ki, heç bir istəklərinə mənim tərəfimdən qarşılıq verilməyəcək”.

Əsmər yaşadığı evə yatandan-yatana qalxırdı. Bütün gününü həyətdə keçirirdi ki, gözü pəncərədən heç kimə sataşmasın, qulağı artıq-əskik söz eşitməsin. İndi də yeni üsula əl atmışdılar. Gecə görürdülər ki, yuxarı mərtəbənin işıqları yanıb söndü, bir müddət gözləyib, ya yaxınlıqdakı qaz borusunu döyəcləyir, ya da telefonda dalaşırmış kimi qışqırır, ağızlarına nə zibil gəldi tökürdülər eşiyə. Mümkün qədər ucadan səs edirdilər ki, qadını yuxudan oyatsınlar. Neçə ilin təcrübəsindən əzbər bilirdilər ki, təzəcə yuxuya gedən kimi onu hay-küylə oyatmaq işgəncə verməyin pik nöqtəsidir. Bir sözlə, milli emoların əlindən çarəsiz qadının rahatlığı yox idi.

***

Yay gecələrinin birində yuxunun ən şirin vaxtı beyninin sol yarımkürəsinə, elə bil, çəkiclə döyəcləməyə başladılar. Başında necə ağrı hiss etdisə, yuxuda güllə dəymiş it kimi zingildəməyə başladı. Yenə də zorla oyatdılar onu. Zehni yorğun olduğu üçün narkoz qəbul etmiş xəstə kimi dərin yuxuya getdiyindən özünə gəlməyi də uzun çəkdi. Harada olduğunu təxmin etdikdən sonra beynini sakitləşdirmək üçün mətbəxə keçdi. Ağrıkəsici qəbul edib valerian, valokordin, korvolol damcılarını bir-birinə qarışdırıb içdi. Ha çalışdı ki, yenidən yuxuya getsin, mümkün olmadı. Başının ağrısı sakitləşmir, əksinə, sol çiynindən üzü aşağı yayılıb bel fəqərələri və fəqərəətrafı nahiyəni bürüyürdü. Belə vaxtlarda gücü ağlamaqdan savayı heç kimə, heç nəyə çatmazdı. “Lənət şeytana!”– deyib yatağına uzansa da səhərə qədər qəzəb və nifrət hissi gözünü yummağa imkan vermədi. Daha bir gecəsini, daha doğrusu, daha bir növbəti gününü insafsızcasına əlindən aldılar.

Əsmər axşam tərəfi zəng etmək üçün telefonun dəstəyini qaldıranda gördü ki, tanış olmayan nömrədən zəng gəlib. İstədi zəng vurub nə lazım olduğunu soruşsun. Əsəbləşəcəyindən ehtiyat eləyib fikrindən vaz keçdi. Qeyri-ixtiyari ürəyindən ağrılı bir hiss keçdi ki, yenə də dinc dayanmırlar. Növbəti gün görünməyən nömrələrdən zənglər gəlməyə başladı. Heç bir zəngə cavab verməsə də, yetərincə əsəbləşdi: – Axı bu adamlar nə istəyirlər? Niyə əziyyət etməkdən yorulmurlar? Niyə də yorulsunlar? Bekar adamlardır də... arvadları işləyir, özləri də evdə oturub mənasız zənglərlə onun-bunun arvadının zəhləsini tökürlər. – Geyinib küçəyə çıxdı. Yaxınlıqdakı dükanın qarşısında alkoqolik qonşusuna rast gəlməyi heç ürəyindən olmadı. Həmişə şübhələnirdi ki, bu adamın ona edilən pisliklərdə barmağı var, yəni azından kiməsə əlaltıdır. Bir dəfə bu barədə özündən də soruşmuşdu. O da məsələni aydınlaşdırmaq istəyib, guya, bir şərəfsizə zəng vurmuş və eynən idbar kişinin parkda söylədiklərini tutuquşu kimi təkrarlayıb durmuşdu: “Ay balam, qapını döymürlər, pəncərənə daş atmırlar, axı sənin şikayətin nədəndir? və s. filan”. Əsmər başa düşürdü ki, bu “onlar”, “on birlər”– hamısı bir nöqtədən idarə olunur. Bəs bu bir nöqtənin başı batmış sahibi kimdir? Niyə bu qədər avara adamın arxasında gizlənib? Ortalığa çıxmağa cürəti yoxdur, amma bir barmağının hərəkətinə qırx lotu oynadır. Əlbəttə, o, əsasən, özü kimi şərəf hissini itirmiş adamlardan istifadə eləyirdi. Çünki əlli faiz kişiliyi qalan birini yarım litr araq verib mərdimazarlığa təhrik etmək olmaz. Qadının ümidi ilahi ədalətin qələbəsinə qalmışdı.

“Vorzakonluq” təklif edən içki düşgünü Əsməri görəndə özünü itirsə də, salamsız ötüb keçmək istəmədi:

– Salam, necəsiniz Əsmər xanım? Daha sizi incidib eləyən yoxdur ki?

Əsmər bu alkoqoliki görəndə özünü çox pis hiss edirdi. Odur ki, suala refleksiyası qıcıqlandırıcı oldu:

– Sağ olun, pis deyiləm. Bu gün yenə də görünməyən nömrədən zəng edirdilər. Sümük bıçağa dirənib daha.

– Axı nə deyirdilər?

– Cavab vermədim. Axmaq adamlara görə, düzü əsəbiləşmək istəmirəm. Görünməyən nömrədən nə deyəcəklər axı? “Sevinci olar telefona?”, sair, filan...

– Cavab verin də, bəlkə heç onlar deyil.

– Onlardır. Dünən evə gələndə gördüm ki, eyni nömrədən bir neçə dəfə zəng gəlib. – Əsmər yaddaşındakı nömrəni rəqəm-rəqəm söylədi. Niyə zəng vurduqlarını soruşmaq istədim, bacım imkan vermədi ki, qanını qaraltma, sonra əsəbləşib yata bilməyəcəksən. Nömrəni eşidər-eşitməz “vorzakon” cin atına mindi:

– Bu ki, mənim nömrəmdir, indi də mənə şər atırsan? Arvadım da, mən də işdə olmuşuq. Uşaqlar sizin nömrəni hardan bilir və niyə zəng etsinlər? Bizdən sizə zəng edilə bilməz.

Əsmər zəngin məhz həmin nömrədən gəldiyini israr etdikcə qonşu etirazını artırdı:

– Mənim rabitədə dostlarım var, gedib araşdıraram. Sübut edərəm ki, siz yalan danışırsınız.

Əsmər bu adamın həyasızcasına elədiyi işi boynuna almamağına məəttəl qaldı: Ya bu öz evinin kişisi deyil, ya da özünü qoyub fahişəliyə. Bəlkə bir evdə yaşadığı qardaşı, qonşusu, ya elə qonşunun uşağı zəng edib? Bəlkə, səhvən düşüblər. Bu qədər əminliklə danışmağına səbəb nədir? Israr etməyindən bilinir ki, məqsədli şəkildə özü zəng edib, indi də özünü qoyub hərcayiliyə. Bu, nə iyrənc adamdır? Beləsiyilə kəlmə kəsmək özünü təhqir etməkdir, Əsmər, bacardıqca kənar ol, belələrindən. – Ürəyi bulandığı üçün rəngsazlıqla məşğul olan içki düşgününü susdurmağa çalışdı:

– Polisin müdaxiləsi olmasa, rabitə heç kimə məlumat verməz. Get-get, görünür, mənim telefon aparatım bəzi adamların başı kimi xarab olub. Yoxsa nömrəni niyə səhv yazsın ki?

Polis sözünü eşidəndə rəngsazın başına sanki bir qazan qaynar su tökdülər:

– Nə polis-polis salmısan? Polisdən qorxan var? Sən şikayət edəcəksən, biz də bir yolla canımızı xilas edəcəyik. Ortada pis vəziyyətdə qalan yenə sən olacaqsan.

Belə şüursuz mühakimənin cavabında qanun belə acizdir. Yekə bir toxmaq lazımdır ki, çırpasan başına, ağzını son dəfə açıb yuma.

Rəngsaz əvvəlki söhbətdə də Əsmərin şübhəli kimi adını çəkdiyi hər kəsi az qala öz balası kimi müdafiə etmişdi. Əsmər tez ondan uzaqlaşıb öz-özünə deyinməyə başladı: – Günah cəmiyyətdədir, yoxsa ayrı-ayrı adamlarda? Nə olsun ki, hərə bir cürə baş girləyir? Elə başlar da var ki, girləyə bilməzsən. Cəmiyyət hər kəsin marağını eyni nisbətdə qorumayanda iflasa uğrayır. Tərəqqi tənəzzüldən başlayır. Ayrı-ayrı insanlar inkişaf yolunu təkbaşına, ya da məcbur edilməsələr, qət edə bilmirlər. Görünür, eyni insan türünə aid deyilik. Zəmanəmizin adamları eyni türün davamçıları olsaydılar, onlar arasında təbəqələşmə bu şəkildə fərqli olmazdı. Çox güman ki, inkişafdan qalmanın əsas səbəblərindən biri qədimlərdə baş vermiş türlərarası qohumluq əlaqələridir. İdeal olmasa da, qanuna tam riayət edən cəmiyyətlər mövcuddur. Qəribə məntiqdir! İçib itlərlə küçədə gecələyən meypərəst canını qurtarmaqdan danışır. Görəsən, hansı yolla? Məni incitdiyi bəs deyil, hələ cəmiyyətə də şər atır. İdbar kişi düz deyirdi ki, onlar kişiliyini itirmiş adamlardır. Yalançı adlar altında virtual intim axtarışı cinayət olmaya bilər, amma qarşısı alınmayınca cinayətə gətirib çıxarmayacağına təminat varmı? Günahların islahına laqeydlik günahkarla əməl ortaqlığı kimi başa düşülməlidir. Qonşu arxayınlıqla deyirdi ki, canımı qurtaracağam, vay sənin halına. Yəni mən pislik etsəm, yaxşıdır, sən şikayət etsən, pis. Həyatın dibində eşələnən biri meypərəstliyin sonuncudan əvvəlki mərhələsində xəstə illiüziyası ilə təhlükə hiss edən xoruz kimi tüklərini qabardır, amma mən heç nə edə bilmirəm. Lənət olsun, belələrini tanımaq da günahdır. Bu vələdüzna lap ətimi ürpəşdirdi.

Əsmər qonşusuna arxasını çevirib uzaqlara, çox uzaqlara boylandı. Köçüb getmək keçdi ağlından. Amma hara? Axı öz ölkəsindən çıxıb hara getsin?

Belə, növbəti bir il də ötüb keçdi. Doğrudur, təzyiqlərin şiddəti hər şikayətdən sonra, ya azalır, ya da nisbətən yüngül formaya keçirdi, amma tamamilə qurtarmırdı. Əsmər, demək olar ki, işgəncə korpusunun başçısından başqa onun bütün əlaltılarını tanıyırdı. Əlində sübut, filan olmasa da ona elə gəlirdi ki, başçı elə bölmədə rast gəldiyi idbar kişidir. O, adamları özünə xidmətə vadar etməklə onlarda hadisəyə maraq oyatmış və iştirakçıların sayını təbii üsulla çoxaltmışdı. Mənasını bilmədən yerindən qalxan hər şalvarı cırıq qadının pəncərəsi önündə hürməyə gəlirdi.

Əsmərin dostları sosial şəbəkədə şəhvani qəzəllər paylaşıb ona-buna sataşan şübhəli profillərdən birinin parolunu sındırıb kimliyini təyin etmişdilər. Şair oğlu şair imiş bu axmaq. Şair ha? Şair də xalqının, millətinin qadınına, qızına hərcayi qəzəllər həsr edər? Oğul ha? Özü cəhənnəm, atasının adını da yerə soxar beləsi. Bəlkə, qəzəllər də sifarişlə yazılır? Hər halda şair oğlu şair özü etiraf etmişdi ki, porno-profilin müəllifi özüdür, amma əməllərinə bir sürü “ustad” qəzəlxanın adını da tağ eləmişdi. Bir sözlə, profil sürü şəklində idarə olunurmuş. Qəzəllərdə Əsmərin pəncərəsi önündə gündəlik, həftəlik baş verən hadisələr “nəzmə” çəkilirdi, yəni bir başa onun adını yazmağa cürət etməyib, eyhamla əsəbləşdirməyə çalışırdılar. – Yaxşı olardı ki, qarşı tərəfin bütün ciddi-cəhdini heçə sayacaq qədər səbrli olum, çünki vəziyyətdən çıxmağın ən sadə yolu belədir. – Əsmər dönə-dönə təkrar edirdi.

Sonralar daha bir şair oğlu şairin etiraflarını eşitmişdi ki, onun da Əsmərin ətrafında cərəyan edən hadisələrdən xəbəri vardı. Qadın başa düşə bilmirdi ki, bu şairlər oyunun birbaşa iştirakçılarıdır, yoxsa kimlərinsə əlaltısı? Daha düşünmək də istəmirdi. Düşündükcə, soruşduqca “bir-birindən maraqlı” personajlarla tanış olurdu ki, bunlardan bəziləri sırf təsadüf nəticəsində zühur etmişdilər. Tarıma çəkilmiş əsəblərini okeanın dərinliyində nəhəng balığa ilişmiş qarmağın ipi kimi boşaltmağa başladı. O, aydın hiss edirdi ki, ipi boşaltdıqca balıq uzağa çəkilir. Deməli, çabalayıb labirintdən tez çıxmaq istəyi qarşı tərəfə stimul verirmiş. Görünür, sahə müvəkkili haqlı imiş, əlac ancaq dözməyə qalır. Dözürdü də, dözmürdü də. Hərdən elə hadisə baş verirdi ki, əsəblərini cilovlamaq üçün toxuduğu tor deşilirdi. Bu anlarda özünü idarə etmək Əsmər üçün imkansız olurdu.

Kimə bu barədə danışmışdısa, hamı təəccüb etmiş, inanmaq istəməmişdi ki, həqiqətən, bu qədər avara bir yerə cəm olub ağıla gəlməyən mənzərələr yaratsın. İnternet xəttini bağlayıb sosial şəbəkədən uzaqlaşmış, telefonlarını söndürmüşdü. Küçədən də yığışdıra bilsəydi məlunları, həyata təzədən başlamaq olardı.

***

Növbəti ilin növbəti yayının orta ayı idi. Əsmər səyahətə hazırlaşırdı. Məsud korluq çəkməsin deyə ehtiyat azuqə tədarükü görürdü. Elə ət dükanına girmişdi ki, gözü “vorzakon” qonşusuna sataşdı. O, qardaşının idarə etdiyi maşının arxasında gizlənib düz Əsmərin üzünə baxırdı. Əlbəttə, o, baxmaqdan çox kabab iyinə gələn ac pişik kimi marıtdamışdı. Əsmər başa düşmədi ki, özünün başı xarab olub, ya bu səfeh qonşunun? Səhər saatları olduğundan bu rəngsaz jestləri kiminsə tapşırığı ilə bir qarın araq üçün eləyə bilərdi. Çünki alkoqoliklərin təlaşı içənə qədərdir. Özünə söz vermişdi və həm də axşam yola düşəcəkdi deyə əsəbləşmək istəmədi. Ondan hərəkətinin mənasını soruşmağı səyahətdən sonraya saxladı. Səyahətdən qayıtdığı gün isə rəngsaz qəzaya düşüb ölmüşdü.

Əsmər dalana yığışanların hansına nə deyir, desin, məsələn, kimliyini və onun pəncərəsinin qarşısında nə etdiyini soruşsun, cavab həmişə eyni olurdu: “Biz aşağıdan gəlmişik”. Aşağı deyilən yaşayış məskəni onların evindən yarım km aralıda və həqiqətən, dərədə yerləşirdi. Elə bil, bu dərədə şeytan yuvası vardı. Bu gorbagor rəngsaza qədər Əsməri incidənlərdən birinin həbsi, dördünün dünyasını dəyişməsi aşağının pislik etmək əzmini sındırmamışdı.

Hər müşgülün özünə məxsus həll üsulu olduğu üçün, səbəb nə olur-olsun, Əsmər təzyiqi insana məxsus əməl hesab etmirdi. İnsana aid heç nəyi olmayanalara necə insani münasibət bəsləsin? Ona təzyiq göstərmək fikrində olanlar o qədər həşəratlaşmışdılar ki, hadisələri analiz etməyə beyinləri qalmamışdı. Elə səhərdən-axşama, axşamdan səhərədək alt tərəfi döyəclənən boş qazan kimi danqıldayıb baş-qulaq aparırdılar. Maraqlıdır, insan gərək hərəkətinin qarşı tərəfə necə təsir etdiyinin fərqində olsun. Pis təsir edəcəksə, tərəfin uyğun reaksiyasına hazır olmağı bacarmalıdır. Ayrı-ayrı insanlara zor tətbiq etməklə qələbə olmaz. Zorakı qələbə ancaq güc dövlətlərinə uğur gətirir, çünki xalqına firavan həyat vəd edirlər. İnsan insankimilərlə üz-üzə qalanda mübarizə aparmaq çətinləşir. Gəl, indi sürü şəklində yaşayanlara başa sal ki, onlar normal cəmiyyəti təmsil edə bilməzlər. Qürursuzluq qorxulu xəstəlikdr. Qəribə də olsa, iki cinsin bir-biri haqqında dediklərinə fikir verək. Kişi: “Ölsəm də, qalsam da, o qadın mənim olmalıdır”. Qadın: “Agəz, iyrənirəm o kişidən, adını bir də yanımda tutma”. Bu, bilirsiniz, nəyə oxşayır? Siçovul gəlir durur insanın qarşısında və deyir: – Xoşun gəlsə də, gəlməsə də, məni yeməlisən. – Bu mövzuya toxunmaqda məqsədim bəzi adamların sevgi pərdəsi altında qürursuz davranıb qarşı tərəfə işgəncə verməsinə iradımı bildirməkdir. Çünki sevgi qürursuz olmur.

***

Bu yaxınlarda LGBT fəallarından birinin intihardan əvvəl yazdığı məktubu xatırladı: “Bu dünya mənim rənglərimi daşıyacaq gücdə deyil, hamınız ölümümdə günahkarsınız” və s. Bəli, bu cümlələr ruhi vəziyyəti qaydasında olmayan adamın açıq-aydın sayıqlamalarıdır. Çünki dünya bizim rənglərimizi daşımağa borclu deyil, əksinə biz onun rənglərini daşıyırıq. Digər tərəfdən, kəndiri boğazına o ki, özü doladı. Qəribədir, öz təbiətinə zidd çıxan cinsi azlığın nümayəndəsi təbiətinə sadiq çoxluqdan hesab tələb edir. İnsan tanımadığı, görmədiyi birini necə intihara təhrik edə bilər? Belə çıxır ki, hər kəsin əməlinə görə hər kəs cavabdehdir? Əlbəttə, küçə təmizliyi və buna bənzər digər ictimai məsələlərdə cavabdehdir, amma intihara səbəb olmaqda yox. O, “mən xoşbəxt olmağa gedirəm”, deməkdə haqlı idimi? Əsl xoşbəxtlik bəşərə xidmətdə özünü büruzə verir. Trans-yoluxdurucu mənbə olmamaq istəyi özü də bəşəriyyətə xidmətin bir növüdür. Əgər ciddi səbəb yoxdursa, intihar hadisəsi ruhi zəiflik halında, psixoloji durum pisləşəndə baş verir. Əlbəttə, razılaşmayanlar da olacaq. Onlar bir anlıq Xocalı qətliamında əsir düşmüş azəriləri xatırlasınlar. Əsirlikdən azad edilmiş bəzi kişi və qadınların, erməni təcavüzündən sağ çıxmış uşaqların söylədiklərini dinləmək cəhənnəm azabıdır. Erməniyə əsir düşməkdənsə ölmək daha asan iş olardı, amma onlar intihar etmədilər. Hər cür soyqırım işgəncələrinə dözdülər ki, bəlkə, bir gün vətənə dönərlər. İntihara, ya müdrik adamlar əl atır, ya da ağıldan kəmlər. Birincilərin məqsədi dövlət sirrini qorumaq və bu qəbildən olan digər məsələləri məxfi saxlamaqdırsa, ikincilərinki məhz ruhi pozqunluqdur. Əlbəttə, birincilərin ölümlərini intihar hesab etmək doğru olmaz. Onlar yad ünsürlərin üzünə beyinlərini qapayırlar. Amma ikincilərin ölümü beyin hüceyrələrinin funksiyasını itirmə səbəbindən baş verir. Özlərinə nə qədər aşiqdirlərsə, şəhərin küçələrində LGBT bayraqlarının dalğalanmağını, özlərinə aid şüarların səslənməyini tələb edir, homoseksual cütlüyün küçələrdə əl-ələ tutub azad gəzməyini istəyirlər. Onlar istədikləri azadlığın sağlam uşaqların əxlaqına mənfi təsir edəcəyinin fərqində deyillərmi? Azadlığı hər kəs öz arzularına rahat qovuşmaq kimi başa düşməməlidir. Əksinə, azadlıq arzuların məhdudlaşdırılmasından başlayır; fiziki, cismani mənası olmur. Əsl azadlıq nə alınar, nə də verilər, fəth olunar. Cəmiyyətə zidd əməllər həyata keçirməkdən ötrü arzulanan şərait azadlıq deyil, əxlaqsızlıqdır. Hər bir insanın istədiyi kimi yaşamaq hüququ var, amma başqalarının əxlaqına təsir etmədən, yəni axına qarşı getmədən.

Əsmər üzünü güzgüdəki qadına tutub soruşdu: – Axı onlar kimdir, görəsən, neçə nəfərdirlər? Yadına sahə müvəkkilinin – onlar sizi yenə də incidirlər? – sualı düşmüşdü. Sonralar başqaları da bu müraciəti eyniylə təkrarlamışdılar: – Axı onlar kimdir? Görəsən, neçə nəfərdirlər? Əgər bu adamlar, idbar kişinin söylədiyi kimi, cinsi azlığın nümayəndələridirsə, məni necə başa düşsünlər? Onların çərçivədaxili dünya görüşü mənim Günəş azadlığımın önündə günəbaxan təsiri bağışlamırmı? Bəlkə də, nə etdiklərinin fərqində deyillər. Hər halda, azadlıq istəyən insan başqasının azadlığına müdaxilə etməz. Axı kim dedi ki, bunlar insandır? Belə insan türü dünyaya gəlməyib. Hələ heç bir kitabda buna bənzər rəvayət yazılmayıb. Suda yaşayanlarla quruda yaşayanların intim münasibətlərinin mümkünsüzlüyü qədər absurd bir hekayədi bu...

Əsmər nələr görmədi bu beş ildə, nələr eşitmədi. Eşitməyəcək qədər qulaqları karlaşdı, görməyəcək qədər gözləri korlaşdı, gülməyəcək qədər dodaqları qapandı. Onu bəzi məmurlardan eşitdiyi sözlər daha çox yandırıb tökürdü: “Əsmər xanım, gözəl, göyçək qadınsınız, bəlkə, sizə aşiq olublar?” – Ay balam, belə də aşiqlik olar? Aşiq olub, hasarımın üstünə bir çiçək qoysun, niyə qapımın ağzını zibil torbalarıyla doldurur? Görünür, qonşunun qarımış qızı demişkən, onlar da belə fanatdırlar, – deyə özü-özünə təskinlik verirdi. Amma yorulmuşdu. Təkcə yaşadığı şəhərdən uzaqlarda, qanına susamışların hənirtisi hiss olunmayan yerlərdə rahat nəfəs alırdı. İndiyə qədər qazandıqlarının üstündən adlayıb uzaqlara çəkilmək istəyirdi. Belə də etdi. Sosial şəbəkələrdən uzaqlaşdı, internetdən istifadəni azaltdı, evini satdı. Üstünə qalxıb üfüqlərə tamaşa etdiyi qaya parçasının kənarında son dəfə əyləşib özü-özünə dedi: – Qoy hər şey onların olsun, – sosial şəbəkələr də, küçələr də, bu şəhər də, mənə rahatlığım yetər.

Bir neçə gündən sonra evi təmirə gəlmiş ustalar komodun siyirməsindən yazılı dəftər vərəqləri tapdılar. Məktuba oxşayırdı, amma üstündə nə ad var idi, nə də ünvan. Gərəkli olub-olmadığını yoxlamaq üçün vərəqləri oxumağa başladılar. Bu, personajları post insanlar olan uzun bir “eşq” hekayəsi idi. Əsmər yazırdı:

– Sevmək nədir, bilirsiniz? Sevmək sevdiyinin yaşadığı evin qarşısına paket-paket zibil yığmaq, hasarının üstünə tullantı düzmək, gecələr vəhşi heyvan səsi çıxarıb yatmağa qoymamaq, gündüzlər üstünə it hürdürmək, küçəsində it kimi hürməkdir. Sevgi hardadır bilirsiniz? Harda ki, küt alətlə dəmir dirəyə acıqlı-acıqlı vurur, bağlı olmayan həyət qapısını daşla döyəcləyir, ağız-ağıza verib söyüş serenadası oxuyur, qonşuluqdakı yarımçıq tikilinin ikinci mərtəbəsindən “əlibaltalı” boylanırlarsa, bax, ordadır. İnanmırsınız? Onda yanıma gəlin, bir gününüzü, ancaq bir gününüzü mənimlə keçirin ki, yaşadıqlarımın şahidi olasınız. İnanın, sadaladıqlarımla sevgi hissi arasında hər hansı əlaqənin mövcudluğunu qəbul edəcək qədər duyğusuz deyiləm, amma mənə başa salmağa çalışdılar ki, əsl məhəbbət çaqqalsayağı ulamaq, it kimi hürmək, intim münasibətdə olan maral cəldliyi ilə dürtmələməkdir. Doğrudan da, Nizami, Füzuli zəmanəsi çoxdan sovuşub. O dövrlərdə sevgiliyə can qıyılırdısa, indi canını alırlar ki, bədənindən istifadə asan olsun–nekrofiliya, başqa sözlə, https://az.wikipedia.org/wiki/Nekrofiliya İbnisalam xəstəliyinin biqeyrətlik variantı. Axı o da Leylinin bədəninə aşiq olmuşdu. Yuxarıda sadaladığım təzyiq vasitələrini nəzərə almasaydıq, bu hissə heyranlıq adı vermək olardı. Çünki birini tanımadan, bilmədən şəklinə vurulmaq hansısa roluna görə aktyora aşiq olmaq kimi bir hiss deyilsə, axmaqlıqdır. Aktyor rolunu oynadığı yüzlərlə obrazın heç birinə bənzəməyə bilər və minlərlə tamaşaçı tərəfindən sevilər, amma qarşılıq göstərməz. Ümumiyyətlə, sevgi təmənnasız duyğudur. İnsanlar arasında ünsiyyət vasitəsi dildir, yəni söz. Sözünü bilmədiyin birinin qəlbini bilməzsən. Qəlbini bilmədiyinə qəlbən aşiq olmazsan. Olsa-olsa söhbət üst-başdan, zahiri görünüşdən gedəcək. Yaxşı, tutalım, şəklə aşiq olmaq mümkündür. Bəs onda şəkil sahibinin qapısında sirk göstərmək nə üçündür? Əziyyətdən keçib, bu sualın cavabını da özüm verim. Şəklin sahibi ismətli biridirsə, aydındır ki, onu təsadüfü sevgi oyununa cəlb etmək asan olmayacaq, qalır çirkin vasitələrə əl atmaq, məsələn, özünü köhnə dost, çoxdan unudulmuş sevgili kimi qələmə vermək, əlbəttə, söhbət virtual aləmdən gedir. Qarşı tərəf həqiqəti öyrənənə qədər səni köhnə dostu, keçmiş sevgilisi zənn edib özünü buna uyğun apara bilər. Amma tezliklə anlayacaq ki, sən “O” deyilsən və bütün əlaqələrini dayandıracaq. Bəli, virtual əlaqəni bərpa etmək üçün gerçək təzyiq üsulları məhz bu məqamdan sonra başlayır. Gərək o qədər hürəsən ki, iti kölgədə qoyasan, o qədər ulayasan ki, çaqqal ulamaq estafetindən əl çəksin, o qədər banlayasan ki, toyuq-cücə hindən qaçsın, o qədər anqırasan ki, eşşək hörmət qazansın... Eeeeh, o qədər, o qədər... və hər gün, hər saat... Soruşsalar ki, niyə belə edirsiniz, “sevdiyimiz üçündür”, deməlisiniz. Çünki başqa söz qınağa səbəb olacaq. Axı, necə olsa, sevgi azaddır.

Qədimlərdə Fərhadlar sevgidən dağ çapardı, indilərdə şantaj yoluyla özgə arvadı tuturlar. Qədimilər indikilərdən qədimi deyilmişlər, indikilər qədimilərdən qədimiymiş.

Sevmək nədir, bilirsiniz? Əlil arabasında əyləşib özgə xanıma “sən facebookdakı qadınların hamısından gözəlsən, niyə bizə gəlmirsən?” ismarıcı yollamaqdır və unutmaqdır ki, özü kişilərin gözəli deyil, yəni həddini bilməməkdir. Azərbaycanlı qadından amerikalı müğənniyə elçi getməsini xahiş etməkdir, dolayısı “padxod” etdiyini anlatmaqdır və anlamamaqdır ki, sevginin sözə ehtiyacı olmur. Sevgi əlli, altmış, yetmiş yaşında adamların “mən sənə məhkumam” deyib ağlaması, yalvarması imiş.

Sevgi hardadır, bilirsiniz? Xeyr, bilmirsiniz, amma mən bilirəm. Harada ki, hər gün onun-bunun virtual həyatına soxulub özgə məktubları oxuyur, başqasına aid profilləri oğurlayır, şəhvani qəzəllər yazırlarsa, bax, ordadır. Qəzəl dedim, ha. Yəqin ki, üzdəniraq qəzəlxanların özəl fəaliyyətlərində bu mövzu yetərincə vəsf olunur. Deməli, sevgi “ustad” qələmindən sivişib kağıza tökülən təhqirnamədir.

Həəə, az qala yadımdan çıxmışdı. Sevgi sevdiyini görən kimi telefonu qulağının ağzına basıb qışqıra-qışqıra: “Ayə, ləngimə, uşaqları da al, gəl, sevgilim seyrə çıxıb, birlikdə tamaşa eləyək” – deməkdir. Sevgi idarə etdiyin avtomobili sevdiyinin dalanına sürüb irəli-geri saymaqdır: “Bir-iki, üç-dörd, beş-altı–daşaltı”.

Bu parafillər sevəndə əsas məsələni unudurlar ki, sevgilinin də öz sevgilisi ola bilər və yaxud heç sevgilisi yoxdur, amma səni toyuqlarının ətrafında belə görmək istəmir.

Birini otuzu-qırxı sevəcəksə, təbiidir, amma biri otuzunu-qırxını “sevməlidirsə”, mütləq fahişə olmalıdır. Hamı fahişə ola bilərmi? Hər könlünə yatan qadından zorla qarşılıq istəmək parafil fahişəlikdir. Bu fərziyənin əks cinsə aid tərəfi yoxdur. Öz hisslərinə sahib çıxa bilməyənin özgə qadınına sahiblənmək istəyi necə də gülüncdür. Abırlı qadın ölümü bahasına olsa belə, hisslərini zorlamır.

Sevgi sirr olduğu müddətcə gözəldir, açılanda gül ləçəkləri kimi ayaqlar altına tökülür. Tapdanır, yıpranır, ayaqqabıya yapışır, yusan da getmir. Siz ayaqqabıya yapışan saqqızla heç ayaqqabı sahibi arasında hər hansı əlaqə gördünüzmü? Əlaqə var – ancaq və ancaq ayaqqabıdan saqqızı hansı vasitə ilə təmizləmək istəyi. Bəs saqqız nə fikirdədir? O da öz yapışqanlıq missiyasını həyata keçirməyə çalışır. Amma necə? Ayaqqabı sahibini tez-tez təmizlik işlərinə vadar etməklə.

Sırtıqlıq, gənə kimi yapışdığı yerdən qopmamaq cəhdi ləyaqətsizliyin mənfi sonsuzluq dərəcəsidir. Burada daha insan yoxdur, insanilik yoxdur. Əvəzində təzyiq var, zor var, “sevgilini” görəndə öz köynəyini başına keçirib başmağını çirkab quyusuna salmaq var. Bir sözlə, özünü dəli oğlanlığa vurmağın bütün variantları var, məlunluğun kubu, kvadratı var.

Hə, iş bu yerə çatanda gözləməlisən... ya Allah sənə verə, ya da onlara. Məsələn, ya özləri ölə, ya sən, ya da səni öldürələr, yaxud sən öldürəsən. Nəhəyət ki, hüquq- mühafizə orqanları uzun müddət axtarışında olduqları cinayət ünsürünü kəşf etməli olacaqlar. Bu kəşfdən ölənə nə? Görürsünüzmü, sevginin gerçək və virtual həyatda neçə cür çeşidləri var? Səslisi-səssizi, dəlisi-ağıllısı, zehinlisi-zehinsizi, şeirlisi-şeirsizi, dəlillisi-dəlilsizi, söyüşlüsü-söyüşsüzü var. Günəşli-günəşsizi var–ikisi də yandırır; biri cəhənnəm odunda, o biri cəhənnəmsizlik.

Sevilmək nədir, bilirsiniz? Rahatlığını itirməkdir, çəkdiyin hər nəfəsi əzabla ötürməkdir. Azadlığını məhşər ayağına gətirmək, arzularını məzarlığa götürməkdir. Sevilmək toxunulmazlıq sərhədlərinin mərhəmətsiz adamlar tərəfindən qırılıb-tökülməsidir. Vay o gündən ki, kəlbətinləşmiş əlləri şair barmağı idarə edə... şəhvani qəzəllər, filan...

Bu necə “sevgidirsə” insanlığın özünü beyindən aparır. Mahiyyətini itirən adam sağlam insanların həyatına hepatit C virusu kimi nüfuz edir. Müalicə olunsan da, heç vaxt sağalmırsan. Sevilmək heç vaxt sağalmamaq imiş.

***

Mən qəddarcasına hepatit C sevgisinə yoluxdurulmuş bir qadının etiraflarından bəhs etdim. Yetər ki, ruhdan düşməyəsiniz, çünki sağlam sevgilər də mövcuddur... yəqin ki, ruhu sağlam insanların sayı qədər...

Bu, uzun bir düşmənçilik hekayəsi idi, əslində. Bitmək bilmirdi. Yel dəydikcə közərən kababçı manqalı kimi küləkdən-küləyə şiddətlənirdi. Və o qədər post idi ki, bəşəriyyət tarixində hələ buna bənzər hekayə yaşanmamışdı...

# 2372 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #