Ədəbiyyatımızın patriarxı: Çingiz Hüseynov – 88 TƏBRİKLƏR

Ədəbiyyatımızın patriarxı: Çingiz Hüseynov – 88 <span style="color:red;">TƏBRİKLƏR
20 aprel 2017
# 13:45

Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür. Çingiz Hüseynov 1929-cu ildə Bakıda anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Məmməd, Məmiş”, “Çətin yoxuş”, “Ailə sirləri” kimi əsərlərin müəllifi Çingiz Hüseynov bu gün 88 yaşını qeyd edir.

Kulis.Az bu münasibətlə yazıçını təbrik edir və qələm adamlarının onun haqqında fikirlərini yayımlayır.

Əkrəm Əylisli

Azərbaycan ədəbiyyat ictimaiyyəti onun 85 illik yubileyinin üstündən heyrət və xəcalət dolu sükutla keçdi. Buna ancaq təəssüf etmək olar. Heç olmasa ona görə ki, Çingiz Hüseynov gəldi-gedər ədəbi fiqurlardan biri deyil. Ədəbiyyatımızın çoxəsrlik salnaməsində adı, sözü, sənəti ilə daim yaşayacaq ciddi sənətkarlarımızdan biridir. Və biz buna sevinməliyik ki, yaşının bugünkü ahıl vaxtında da o, hər gün öz yazı masasının arxasındadır.

Böyük rus yazıçısı, sağlığında hakimiyyətin gözünün düşməni olan və o vaxtkı əzəmətli-həşəmətli Yazıçılar İttifaqının qarovulunu çəkib həyatını süpürməklə özünə bir tikə çörək və bir şüşə araq pulu qazanan Andrey Platonov deyirdi ki, mənsiz bu Vətən bütöv deyil. Burası həqiqətən belədir. Hər bir həqiqi yazıçı öz Vətəninin bir parçasıdır və onsuz doğurdan da bu Vətən bütöv deyil. Bu sözləri Çingiz Hüseynovun haqında da mübaliğəsiz demək olar. Harda yaşamağından və necə düşünməyindən asılı olmayaraq Çingiz Hüseynov Vətənimizin ayrılmaz bir parçasıdır və şəxsən mən bu Vətəni Çingiz Hüseynovsuz bütöv görə bilmirəm.

Qorxmaz Quliyev

Hörmətli Çingiz müəllim! Gənclik illərimdə “Məhəmməd, Məmməd, Məmiş” əsəri ilə müasir həyatın, “Fətəli fəthi” ilə tariximizin son dərəcə mühüm problemlərini ortaya qoyub mahiyyətini üzə çıxarmaqla virtual tələbənizə ədəbiyyat və zaman dərsi verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Nəriman Əbdürrəhmanlı

Çingiz Hüseynov məndən ötrü müəllim, ustad, çağdaş ədəbiyyatın nəhəng simalarından biridi. Mən onun “Məhəmməd, Məmməd, Məmiş” romanından təsirlənmiş, “Fətəli fəthi”, “Doktor N”, “Merac”, “Oyun direktoriyası”, “Aşkar olan gizli mənalar” əsərlərindən heyrətlənmişəm. Ustadı eyni dil məkanında yazıb-yaratmış adaşı Çingiz Aytmatov siqlətində olan bir qələm sahibi sayıram. Əminəm ki, ustadın əsərləri hələ dünyanı bundan sonra fəth eləyəcək.

Elçin Hüseynbəyli

Çingiz Hüseynov Azərbaycanın istedadlı yazıçılarından biridir. O vaxt onun “Məhəmməd, Məmməd, Məmiş” əsərini oxumuşdum. Mənə maraqlı gəlmişdi. Ancaq sonuncu əsəri “Bir göz qırpımında”nı oxuya bilmədim. Əsər merac üstündə qurulmuşdu. Quran, Məhəmməd peyğəmbər haqqında danışılırdı. Mənə çox ağır gəldi. Ümumiyyətlə, fəlsəfə, elm üzərində qurulmuş əsərləri oxuya bilmirəm. Məni daha çox interaktiv əsərlər cəlb eləyir. Bu baxımdan Çingiz Hüseynov mənim yazıçım deyil. Ancaq hər halda Azərbaycanın ən ciddi qələm adamlarından biridir.

Etimad Başkeçid

İnstituta qəbul olunana qədər Çingiz Hüseynovun «Məhəmməd, Məmməd, Məmiş» romanından başqa heç bir əsərini oxumamışdım. Həyatı haqqında heç bir təsəvvürüm yox idi, onun 70-ci illərdə bizim Ədəbiyyat institutunda kafedra müdiri işlədiyini də sonradan öyrəndim. Onunla şəxsi tanışlığım olmayıb, amma Rusiya ədəbi mühitində haqqında həmişə hörmətlə danışılan adam olduğunun şahidiyəm. Doğum günüdür deyə, mütləq patetik sözlər söylənməlidir fikrindən uzağam, amma Çingiz Hüseynov, istər alim, istərsə də yazıçı kimi, doğrudan da, hər cür xoş sözlərə layiq sənətkardır.

Qismət

Çingiz Hüseynovun yaradıcılığı ilə tanışlığım tələbəlik illərinə düşür. Yay tətillərində Zaqulbadakı bağ evimizdə, nənəmin yanında qalırdım. Orda babamın böyük kitabxanası vardı, bir gün o kitabların içində Çingiz Hüseynovun bir neçə kitabı ilə rastlaşdım: bizim dildə “Fətəli fəthi”, rusca “Məhəmməd, Məmməd, Məmiş” və "Ailə sirləri". Hamısını tələbəlik illərində oxudum, amma düzünü deyim ki, tam mənası ilə o əsərlərə nüfuz eləyə bilməmişdim. 2011-ci ildə Peredelkinoda Çingiz müəllimlə öz evində görüşdük, onun evi yaxın günlərdə dünyasını dəyişən məşhur estrada şairi Yevtuşenkonun eviylə üzbəüz idi. O görüşdə ustad rusca yenicə çıxmış kitablarından birini hədiyyə etdi – “Minuvşee navstreçu”, özü bizim dildə “Keçən günə gün çatmaz" adlandırır. Peredolkinoda ustadın da qonaq olduğu bir şeir məclisində olduq, Çingiz müəllimə orda “Patriarx” deyirdilər. Bakıya qayıdandan sonra onun tələbəlikdə oxuduğum kitablarını yenidən oxudum, böyük də zövq aldım. Mübaliğəsiz deyirəm, Çingiz Hüseynov həm mühitinin, dövrünün şahidi olmaq baxımından, həm də yazı manerasına, texnikasına görə, həm də dərin intellektinə görə dünya çapında yazıçıdır. Onu tanımaq böyük şərəfdir.

# 860 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #