28 il sonra eyni yerdə - O illərin fotosu

28 il sonra eyni yerdə - <span style="color:red;">O illərin fotosu
10 aprel 2017
# 17:30

LAYİHƏ: O illərin fotosu

Layihədə ədəbiyyat tariximizdə qalan şəkillər haqqında şahidlər danışacaq.

Səfər Alışarlı

- Bu şəkildə diqqət çəkən məqamlar çoxdur. Birincisi odur ki, biz, üç ədəbiyyat adamı, bir yerdə çalışırıq, bir otaqda otururuq və dostuq. Buna bir az dərindən baxaq: necə oldu ki, biz ilin-günün o vaxtında bir yerdə çalışdıq, özü də, demək olar ki, ixtisasımız üzrə. Məti ilə Akif bunu mətbuata dəfələrlə açıqlayıb, mən bəlkə də ilk dəfədir bu haqda yazıram. Bu haqda gözəl bir hekayə də yazmaq olardı, qismət deyilmiş.

Vəzirovçuluğun və bir sıra başqa ənənələrin tüğyan etdiyi bir vaxtda miqyaslı dava-qırğınlardan sonra oturubsan ədəbiyyatdan uzaq bir idarənin 90 manatlıq texniki redaktor maaşının üstündə, ailənlə ondan da uzaq bir fəhlə yataqxanasının 9 kvadrat metrində yaşayırsan, qarşında yüz illər boyu formalaşmış sümürgəçilik maşınının son modeli - proletariat diktaturası! Adı elədi, amma məzmunu tamam başqa şeydir. Hamı onun militarist mahiyyət və məzmunundan xəbərdardır, amma hamı onu artistliklə tərifləyir, sən isə bununla barışmaq istəmirsən. Ona görə səni heç kim sevmir. Belə vəziyyətdə səni yalnız özünün özünə sevgin xilas eləyə bilər, ancaq cavan olduğun üçün sən hələ bunun da sirrini-sehrini əməlli bilmirsən.

Və birdən yer kürəsi boyda bu çarəsiz dərdin içində telefonun ən adi zəngi səslənir, sənə qeyri-adi xəbər kimi deyirlər ki, təzə jurnal açılır, sən orada işləməyə dəvət olunursan! Əlbəttə, belə konkretliklə o vaxt da adamı işə dəvət etmirdilər, yəqin bu gün də etmirlər. O vaxt sadəcə ümid verirdilər, çünki... Siyasi Büronun təsdiqindən keçən yeni “Gənclik” jurnalı, LKGİ MK-nın orqanı, Azərbaycan... O Azərbaycan ki, onun hər cür od-alovdan, hər cür qaranlıqdan gözüyumulu keçməyə qadir yazı-pozu adamlarından ibarət işsizlər ordusu var. Bunların basabasından gözünü açmağa macal tapmayan, bircə dəfə əlini belə sıxmadığın Məmməd İsmayıl adlı yetim bir oğlan sənə şəxsən zəng vurub dəvət edir. Yenidənqurma budurmu, ya rəbb?!

İkinci məqam odur ki, 4 il keçsə də, mənim əynimdə Moskvada geydiyim paltarlar var: onlar mənə gəncliyimin tamam ayrı bir dövrünü və ayrı dünyanı bu gün də xatırlatmaqda davam edir.

Biz “Gənclik” jurnalı vasitəsilə çox qısa zamanda Azərbaycan mətbuatına gerçəkliyin həqiqi inikasını tam da olmasa, 60-70 faiz gətirə bildik. Məlum səbəblər üzündən bunu publisistika vasitəsilə eləyə bilməyəndə, bədii yazılar, məktublar, fotofaktlar və sair jurnalistika hoqqaları ilə elədik. Xalq bizi dərhal gördü və bizə inandı. Bu jurnal xalqımızın ictimai şüurunda böyük canlanma yaratdı, insanların mövcud sosial problemlər haqqında danışmaq üçün dilini açdı. Əminəm ki, dövrünə görə müqayisə böyük dissertasiya mövzusudur.

Ancaq hər şeyin başlanğıcı olduğu kimi sonu da var. 1990-cı ilin sonunda rəsmi dövlət jurnalının etik çərçivələri bizə bir qədər dar göründü, mən sosialist realizminin daha yüksək fazası ilə məşğul olmağa getdim. Qarşıda məni Azərbaycan qeyri-leqal mətbuatı gözləyirdi.

Məti Osmanoğlu

- Bu şəkli Azərbaycan mətbuat tarixinin maraqlı bir illüstrasiyası hesab etmək olar.

Dəqiq ayı-günü yadımda olmasa da, şəklin çəkilmə tarixi 1988-ci ilin yazıdır. O vaxt “Gənclik” – “Molodost” jurnalı təzəcə təsis olunmuşdu və ilk buraxılışından oxucuların böyük rəğbəti ilə qarşılanmışdı. Redaksiya əvvəlcə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin (indi orada Nazirlər Kabineti yerləşir) binasında yerləşirdi. Az sonra bizə şəhərin lap mərkəzində, Kommunist küçəsində - indiki İstiqlaliyyət prospektində yer verdilər. “İçərişəhər” metrosu ilə üzbəüzdəki “Mirzəbəyovun mülkü” adlanan binaya köçürüldük. Şəklin çəkildiyi yer də həmin binanın həyətidir.

Jurnalın qurucusu böyük şairimiz Məmməd İsmayıl idi. Bizim “troyka” – mən, Səfər Alışarlı və Akif Əhmədgil redaksiyanın ilk əməkdaşlarından idik. Aramızdakı qeyri-rəsmi iş bölgüsünə əsasən, Səfər redaksiyaya gələn nəsr əsərlərini, Akif şeirləri koordinasiya edirdi. Mən də publisistikaya baxırdım.

Səhv etmirəmsə, fotonun müəllifi o vaxt redaksiyamızla ştatdankənar əməkdaşlıq edən Oleq Volovikdir.

Bu şəklə baxanda ömrümüzün gur, qaynar, enerji ilə dolu illərini xatırlayıram.

Jurnalın rus variantının hazırlanmasında böyük əməyi olmuş professor Rövşən Mustafayev, az sonra redaksiyamızda işə qəbul edilmiş Hüseyn Əfəndi, Sabir Sarvan yadıma düşür. Müzakirələrimiz, mübahisələrimiz gözümün qabağına gəlir. İlk yazarlarımız Ağamalı Sadiq Əfəndini, Eyvaz Əlləzoğlunu yad edirəm.

Ötən günlər arxamca boylanır.

Aradan təxminən otuz il keçəndən sonra bu şəklin yaratdığı nostalgiya hissi bizim “troykanı” – Səfəri, Akifi və məni şəklin çəkildiyi yerə apardı. Orada “Gəncliy”imizi soraqlamağa getdik. Ancaq hər şey dəyişmişdi. O köhnə Bakı dalanında nə bizim “Gəncliy”imiz var idi, nə də gəncliyimiz...

28 il sonra eyni yerdə təzədən şəkil çəkdirdik...

Akif Əhmədgil

- Şəkil 1988-ci ildə “Gənclik” jurnalının həyətində çəkilib. Redaksiyamız indiki “İçəri şəhər” metrosu ilə üzbəüzdə yerləşirdi. O zaman “Gənclik” jurnalı 250-300 min tirajla çap olunurdu. Mən, Məti Osmanoğlu və Səfər Alışarlı həmin jurnalda işləyirdik. Sonradan Hüseyn Əfəndi və Sabir Sarvan da bizim dəstəyə qoşuldu.

# 1010 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #