Nənəm başımızı niyə kəsmək istəyirdi?

Nənəm başımızı niyə kəsmək istəyirdi?
10 aprel 2017
# 11:50

Kulis.az Təranə FazilqızınınNənəm” adlı hekayəsini təqdim edir.

Uşaqlıq illərim sadə, kasıb bir ailədə keçib. Atam yumşaq təbiətli, anam üzüyola, qonaqpərvər bir qadın idi. Tünd xasiyyətli nənəm nəinki biz uşaqları, ata-anamı da hakimiyyətində saxlayan, daim ibadətdə, inanclara bağlı olan biri olub.

O dövrdə əksər ailələr rus dilli olduğundan, uşaqlar ateist ruhda böyüyüb, tərbiyə alırdılar. Bizim ailədə bu hiss olunmurdu. Nənəmin, atamın namaz qılıb, oruc tutması adi hal idi. Bəzən biz kiçiklər Ramazan bayramında oruc tutur, üzdə ac görünər, amma mətbəxdə gizlicə yeməyə girişər, sonra da xısın-xısın gülərdik. Yəqin ki, uşaqlığımıza görə, böyüklər əməllərimizə göz yumardılar.

Ailədə dörd uşaq idik. Böyük qardaşım Xalığın adını nənəm İranda yaşayan, sonralar itkin düşmüş qardaşının adına xitabən qoymuşdu. O, ovqatının təlx olduğu vaxtlarda oxuduğu bayatılar, hədislərlə qardaşını yad edıb, ağlayar, Xalıqı sinəsinə sıxıb əzizləyərdi. Ondan kiçiklər olan biz xalça-palaz üstdə bardaş qurub, nənəmin şirin söhbətlərinə qulaq asar, xəyallara dalardıq. Bəzən namaz vaxtı şuluqluq salan qardaşım əvəzinə mən çubuqla döyülürdüm. Qardaşım ailənin əziz-xələfi, mən isə, avam, ağlağanın biri idim.

Nənəmin zəhmli çöhrəsi, içəri batmış iri gözləri vardı. Arıqlıqdanmı, ya nədənsə gözlərinin dərinliyi məni qorxudurdu. Damarları çıxmış ağ şirmayı barmaqları, ovucu İran xınasından əksik olmazdı. Qocalıqdan yığılmış kürəyi yumağa dönsə də, yerişi iti idi. Baxışı ötkəm, səsi amiranə nənəm nəinki biz uşaqları, hətta anamı da vahiməyə salardı. İfrat vasvası, az qala, evdə olan bütün qab-qaşığı, pal-paltarı, günc-bucağı pak etməyi, qüsl verməyi ilə qonşular arasında ad çıxarmışdı. Yola çıxarkən qarşısından keçən pişik, yaxud "tək səbir" onu hövsələdən çıxarardı. Bütün bu əlamətləri uğursuzluq sayar, belə hallarda gedəcəyi yeri təxirə salardı. Ona oğrun-oğrun baxar, gözündə yaxşı görünməyə çalışsam da, alınmırdı. Elə hey məni danlar, döyər, atama şikayət edərdi. Əsəbi vaxtlarında daimi oturduğu kresloda mütəkkələrə yayxanıb təsbehini şaqqıldadar, istixarə edərdi.

Nənəmin əksər çarşabları tünd rəngli idi. Əda ilə çarşab örtməyi başqa bir aləm idi. Bir yerə gedəndə dəhlizə yığışıb yola salardıq. Gözümüz onun tünd yaşıl, dama-dama düyünçəli atlas boğçasında olardı. Bu iri boğçanı cümə günü hamama gedəndə özüylə götürərdi. Həmin günün dəsgahı başqa aləm idi. Hamımız qulluğunda durar, dediklərini can-başla yerinə yetirməyə çalışardıq. O, gəlin və nəvələrinə gözucu baxıb dua edər, sağollaşardı. Günaşırı çox sevdiyi bibimgilə gedərdi. Anam arxasınca su atmalı, cani dildən "yaxşı yol" deməliydi. Qayıdanda isə, biz qızlar çarşabını alıb, səliqəylə qatlamalı, pürrəngi çayını, süfrəsini hazırlamalıydıq.

Geydiyi güllü paltarların cibindən nanəli konfet əksik olmazdı. Əksər dişləri olmadığından konfeti damağıyla sındırıb xımır-xımır yeyərdi. Ovqatının xoş vaxtında bizə konfet paylamağı, başımıza sığal çəkməyi də olardı.

Nərd oynamaqda mahir olan nənəm evimizə gələn qonaqları əvvəl nərddə pas edər, sonra aldığı zövqdən məmnun halda söhbətə başlardı. Nənəmin bir şakəri də vardı ki, giley-güzar edəndə atamla rus dilində danışar, bizi nigaran qoyardı. Belə də, atam uşaqlar kimi farağat dayanıb, başını tərpədər, sonra da məzəmmətli baxışlarını bizə yönəldərdi. Bu məqamlarda səhv etdiyimizi bilərdik. Nadir hallarda nənəmlə bir yana gedəndə, qonum-qonşuların ehtiramla salamlaşmasından sevinər, uşaq ağlımla bundan fəxr duyardım. Böyüklərin onu görən kimi ayağa durması, hal-əhval tutması məndə qəribə təəccüb doğurardı. O, elçiliyə gedər, dava-dalaşı yoluna qoyar, qan düşmənçiliyi olanları barışdırardı. Hamı sözünə qulaq asırdı. Fikirləşirdim ki, qonşular ya nənəmdən qorxur, ya da ona hədsiz hörmət edirlər...

İsti yay günlərindən biri idi. Gövhər nənəmi qonaq aparacaqdılar. Günortadan yığışıb hazırlaşmış, biz də qapı ağzında dayanmışdıq. Gözlərimizin sevinci üzümüzə həkk olunmasın deyə, ciddi görkəm almışdıq. Özümüzü evdə tək qalmaqdan üzüləcəkmiş kimi göstərsək də, nənəmin getməsi bizim üçün toy-bayram idi. O qədər atılıb düşürdük ki, anam bezirdi.

"Elə yaxşı ki, nənəniz var. Yoxsa, siz mənim başıma oyun açarsız"-deyə söylənərdi.

O gün nənəmi yola salandan sonra, anam mətbəxə, biz balacalar isə, onun otağına cumduq. Qardaşımın fitvasına uyaraq əvvəlcə nənəmin şifonerinə baş vurduq. Qorxudan ürəyimiz ağzımıza gəlsə də, rəfləri ələk-vələk elədik. Birdən rəngli parçaların altında qırmızı onluqlar gözümüzə sataşdı. İlk dəfəydi ki, bu qədər pul görürdük. Onları götürüb bir müddət əlimizdə oynatdıq. Pulların xışıltısı bizə xoş gəlirdi. İki onluq götürüb oğrunca həyətə qaçdıq.

- Uzağa getməyin- dalımızca anamın səsi eşidildi.

- Ay, hay! Gözümüzə ana görünürdümü? Özümüzü yaxınlıqdakı univermağa saldıq. İçəri girən kimi canımızı qorxu aldı. Dala qayıtmaq, pulu yerinə qoymaq istədikdə, Xalıq təkidlə dedi:

- Bacı, dəlisən, görmürsən nənə qocadı, o pulların sayını hardan bilir axı? Gör, onda nə qədərdi. Heç bizə konfet, oyuncaq da almırlar. Gəl, gəl, qorxma! İndi sənə gəlincik, saqqız, konfet alacam.

Qardaşımın 7-8, mənim 6 yaşım ancaq olardı. Mənə elə gəldi ki, univermaqda hamı bizim pul oğurladığımızı bilir. Sakitcə satıcı qıza yaxınlaşdıq. Xalıq iki onluqdan birini çıxarıb şəstlə qıza uzatdı. Qız sınayıcı nəzərlərlə bizə və pula baxıb soruşdu:

- Bu pulu hardan və kimdən oğurlamısız?

Mən həyəcandan ağlasam da, qardaşımın ötkəm səsi məni sakitləşdirdi.

- Biz oğru deyilik. Nənəmin puludu, verdi ki, xərcləyək.

Qardaşım inamlı danışsa da, elə bil qız bizdən şübhələnmişdi. Sadəcə, əhəmiyyət verməyib kağız torbaya çoxlu oyuncaqlar qoydu. Biz başqa vitrindən xətkeş, pozan, rəngli karandaşlar, bir sözlə əlimizə nə keçdi almışdıq. Bu azmış kimi iyirmiyə yaxın dondurmanı kağız torbalara doldurduqdan sonra, evə tərəf götürüldük. Həyəcandan bilmirdik əlimizdəkiləri necə, hara aparaq. Qərara aldıq ki, aldığımız oyuncaqları, şirniyyatı həyətdəki uşaqlara paylayaq. Küçəmizə qayıdanda artıq sərin düşmüş, meh əsməyə başlamışdı. Həyətə gələn kimi səs-küy düşdü. Oyuncaqlar, karandaşlar, dondurmalar, üstdə qiyamət düşdü, uşaqlar bir-birini qırdı. Səs-küyə, dava-dalaşa binanın pəncərələri bir-bir, iki-bir açılmağa başladı. Hər şey bir andaca hamıya məlum oldu...

Anamın bizi evə salmağıyla, möhkəm silləyə “qonaq eləməyi” bir oldu. Biz ağlayır, günahımızı bir-birimizin üstünə yıxırdıq. Yazıq anam həyəcandan gah dizinə, gah başına vururdu. Onun həyəcanı bizi də qorxudurdu. Birdən qapının zəngi çalındı. Gələn nənəm idi. Ev ölü sükuta qərq oldu. Salamlaşıb hərə bir tərəfə dağılışdı...

Nənəmin qəzəbli çığırtısı ikimizi də onun otağına atdı. Anam günahkar kimi nəyisə izah edir, göz yaşı tökürdü. Onun həyəcanından, nənəmin qəzəbli baxışından uşaq fəhmiylə pis iş tutduğumuzu bilirdik.

Nənəm qonaq otağına keçib bizi səslədi.

Hər ikimiz əllərimiz arxada, başımızı aşağı salıb onun bir addımlığında dayandıq. Həyəcanlı anlar yaşayırdıq. Təsbehini şaqqıltı ilə əlində oynatması onun əsəbindən xəbər verirdi. Nənəmin bizə zillənən baxışları, onun mühüm bir qərar qəbul edəcəyini söyləyirdi. Nəhayət, o, üzücü saniyələrdən sonra qışqıraraq dedi:

- Siz Allahın əmrinə zidd gedərək çox pis iş görmüsüz, - oğurluq etmisiz. Buna görə cəzalanacaqsız. Bayaqdan təsbehimi çevirir, Tanrının mələklərindən xəbər gözləyirəm. Budur, nəhayət ki, xəbər gəldi. Hər ikinizin başı ananın mürəbbə bişirdiyi tasda kəsiləcək. Ölümdən qabaq qüsullanın, kəlmə şəhadətinizi oxuyun. Tez olun, vaxtımız azdı. Cəhənnəm sizi gözləyir.

Bizim vay-şivənlə ağlamağımız, qışqırmağımız, nənəmin ayaqlarına düşüb üzr istəməyimiz uşaq qəlbi üçün dəhşətli sınaq idi. Anamdan imdad diləsək də, yazıq qorxusundan bir kənara çəkilib göz yaşı tökürdü. Bizdən balaca bacı və qardaşım qorxudan anamın ayaqlarına sığınıb ağlayırdılar. Səs-küyə qonşu Buxara xala gəldi. O, məsələdən hali olub nənəmə yalvarır, bizə imdad diləyirdi. Lakin cəllad qədər qəddar nənəm sözündən dönmürdü ki, dönmürdü. Biz hamamda dəstəmaz alıb, qüsl verdik. Sonra, evin ortasında dayanaraq əllərimizi açıb ağlaya-ağlaya kəlmə şəhadəti oxuduq. Nənəm amansızcasına hər ikimizin qollarını kəndirlə bağladı. Ayaq üstə ölmüşdük. Rəngimiz ağarmış, bədənimiz buzlaşmış halda başımızı tasa qoyduq. İmdadla anamıza baxırdıq. O ağlayır, bir söz demədən nənəmə yalvarıcı tərzdə baxırdı. Özümüzü cəhənnəmin astanasında görürdük. Təsadüf, ya nə idisə, tas da, bıçaq da qan rəngində idi. Nənəm əlinə iri bıçağı alıb yəqin ki, küt tərəfdən hər ikimizin boynuna sürtdü və sərt səslə dedi:

- Dayanın, ağlamayın, kəsin səsinizi! Allahdan mənə indicə səda gəldi ki, sizi bu dəfə bağışlayım. Əgər bir də oğurluq etsəniz, onda....

İkimiz də ruhən çoxdan ölmüşdük. Mən bayılmış halda, gözüyaşlı anamın ayaqlarına tərəf süründüm...

***

O hadisədə mən qorxu daha çox keçirtmişdim deyə, qızdırmam düşmürdü. Buna görə atam bizi çıldağa aparmalı olmuşdu. Sonralar qonşular bu əhvalatı danışanda kiçiklər halımıza acıyar, böyüklər nənəmin qəddarlığından bir daha heyrətlənərdilər...

# 739 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #