Zülfü Ağdaşlı: “Alim Qasımovu qəbul eləmirəm” – MUĞAM SÖHBƏTİ

Zülfü Ağdaşlı: “Alim Qasımovu qəbul eləmirəm” – <span style="color:red;">MUĞAM SÖHBƏTİ
5 aprel 2017
# 14:00

Demək, “Canəli nəyi düz deyir, nəyi əyri?” məqaləsini yazandan sonra mənə çoxsaylı xoş və naxoş müraciətlər oldu. Zəng edənlər, Facebook-da şərh yazıb söyənlər, statusla həqarət yağdıranlar və s. Ancaq mütləq çoxluq mənə təşəkkür və sayğılarını çatdırırdı. Bu adamların içində bir qismi də vardı ki, söhbəti davam etdirib Sabir Mirzəyev haqqında da balaca bir yazı yazmağımı təvəqqe edirdi. Açığı, bir neçə səbəbdən bu arzu ürəyimcə idi. Əvvəla, oxucuların bu böyük sənətkar haqqında mənim yazmağımı istəməsindən məmnun idim. İkinci, Sabir müəllim qiymətini almamış sənətkardır. Üçüncüsü, onun qiymətini almamasına səbəb azadlığı, heç kimin qarşısında əyilməməsidir. Dördüncüsü, Sabir Mirzəyevlə şəxsən tanış idim və bir müddət dostluq da eləmişdim. Beşincisi, onun timsalında Azərbaycanda haqqı ola-ola dəyərini almayanlara sayğım sonsuzdur...

Və beləliklə, “Astarxanbazarlı...” yazısı meydan gəldi. Bundan sonra çoxsaylı təşəkkürlər aldım. Yalnız təşəkkürlər! Üstəlik telefon zəngləri. Telefon zəngi edənlərdən biri Zülfü Ağdaşlı adında ağsaqqal kişi idi və təkidlə mənimlə görüşmək istəyirdi. Sən demə, Sabir Mirzəyevlə yaxın dost imiş... Görüşdük... Zülfü kişi mənə tanınmış muğam ifaçıları ilə bağlı o qədər maraqlı xatirələr danışıb, o qədər maraqlı fikirlər söylədi ki, onunla söhbətimizin bir qismini yazıb oxucularla bölüşmək ehtiyacı duydum. Buyurun, oxuyun.

- Gəlin, əvvəlcə tanış olaq...

- Məmmədli Zülfü Ağamməd oğlu. 1952-ci ildə Ağdaş rayonunun Tofiqi kəndində andan olmuşam. Pedaqoji institutunu bitirmişəm. Tarix müəllimiyəm.

- Muğama bu həvəsiniz hardandır?

- Gözümü açıb evdə atamın böyük sənətkarlarımıza qulaq asdığını görmüşəm. Val oxudan radioda... Elektrik olmayanda iri batareyalı radiolarda qulaq asırdı. Atamın çoxlu valları vardı. Xana, Seyidə, Cabbara qulaq asırdı... Axır vaxtlar Mütəllimin, Zülfünün heyranı idi.

- Yəqin, sizin adınızı da Zülfüdən götürüb.

- Bəli. O biri qardaşlarım - Mütəllim, İslam, Ramiz... hamısı xanəndə adlarıdır.

- Qulaq asmaqla muğamların hissələrini, şöbələrini necə öyrənirdiniz?

- Fərqləndirmirdim, amma qulaq yaddaşımda vardı hamısı. Sonra bir dəfə deyiləndə, yadımda qalırdı. Bakıya gələndə dinlədiyim böyük ifaçılarla münasibət yaratdım. Cavan oğlan idim. Həvəsli vaxtlarım idi. Görən kimi gedib yanlarında otururdum, söhbətlərinə qulaq asırdım. İlk tanışlığım Yaqub Məmmədovla oldu. Tezliklə aramızda səmimi ünsiyyət yarandı. Mən anladığım suallardan verirdim, cavab alırdım və yadımda saxlayırdım. Vəli Məmmədovla dostluq elədim. Sonra rəhmətlik Fərman Hüseynov vardı, tarçalan, onunla çoxlu söhbətlərim olub. Əlibaba müəllimin məclislərində olmuşam.

- Bəs yerliniz Habil Əliyev?

- Yerlim olsa da insan kimi sevmirdim. Amma şübhəsiz böyük sənətkardır.

- Sizi incidib, deyəsən.

- Ay tövbə yox! Mən onu görəndə uzaqdan gedirdim həmişə.

- Bəs Sabir Mirzəyevlə necə dostlaşdınız?

- Konsertlərinə gedirdim. İmkan olduqca ünsiyyətdə olurdum. Bir gün bizə dedi, sabah gəlin filarmoniyaya. İki tələbə dostumla getdik, filarmoniyanın restoranında özü bizə qulluq elədi. O, deyirdi, 5 min adamın içində məni başa düşən dinləyicini tanıyıram və onunla dost olmaq istəyirəm. Məni də belə tanımışdı. Beləcə dostlaşdıq. Sonra mən ali məktəbi bitirdim, kəndə gəldim, aradan uzun illər keçdi. Nəhayət 2008-ci ilin yanvarında münasibətlərimiz təzədən bərpa olundu. Və o bərpa prosesində xanəndə dostum Ağakərim Nafiz də iştirak edirdi. Sabir müəllim xatırladı o illəri. Mən ona 1975-ci ildə Həbib Bayramovun ansamblı ilə məşq zamanı çəkilmiş bir fotoşəkil verdim, çox mütəəssir oldu, uşaq kimi sevindi. Və söz verdi ki, 1974-cü ildə filarmoniyada oxuduğu “Çahargah”ın, 1982-ci ildə oxuduğu “Rast”ın üzünü çıxarıb mənə hədiyyə edəcək. Təəssüf ki, qismət olmadı.

- Demək olar ki, bütün tanınmış xanəndələrin ifasına qulaq asmısınız...

- Demək olar. Amma eləsi var bir az gec dərk edirəm, eləsi var heç dərk etmirəm, özümə yaxın bilmirəm.

- Sizin üçün ən böyük ifaçılar kimlərdir?

- Axı mən nə Cabbarı, nə Xanı, nə Zülfünü görmüşəm... Zülfü 65-də rəhmətə getmişdi, mən Bakıya 69-da gəldim. Onda Mütəllim Mütəllimov oxumurdu, tara-qavala üz çəkirdi. Ən çox da “Beşmərtəbə”nin qabağında otururdu, müştərilərlə orda görüşürdü. Ondan sonra gələn xanəndələrin hamısını əlində qaval, nəfəs-nəfəsə dinləmişəm.

- Kim idi böyük ifaçılar?

- Bu ifa məsələsi bir az qəliz məsələdir. Hər bir insanın ayrıca ruhi qidası var. Hər kəs özünə yaxın olan nəfəsdən zövq alır. Oxuyanlar məni bağışlasınlar, mənim üçün iki xanəndə vardı: Yaqub Məmmədov, Sabir Mirzəyev. Onu da qeyd edim ki, bu bir həvəskar fikridir. Mənim muğam təhsilim yoxdur.

- Alim Qasımova münasibətiniz necədir?

- Mən elə bir xanəndəni dərk eləmirəm. Mənlik deyil. Dərk eləmədiyim üçün, qəbul da eləmirəm.

- Klassik yolla oxuduqlarını da?

- Heç bir oxumağı mənə çatmır. Onu da deyim ki, Sabir Mirzəyev Alimi bəyənirdi. Deyirdi, yaxşı oxuyur. Ancaq ustadlıqdan söz düşəndə Ağakərim Nafizin adını çəkirdi.

- Lap yeniləri necə, bəyənirsiniz?

- Mənim üçün muğam ifaçılığı Sabir Mirzəyev ölən günü bitdi.

- Sizə elə gəlmir ki, onu bütləşdirirsiniz?

- Heç kim daxili dünyamı Sabir Mirzəyev qədər fəth edə bilməz.

- Bəs Canəli Əkbərov? O günü deyirdi ki, gəlsinlər meydana, gör mənim kimi oxuyan varmı?

- Canəli müəllimi şəxsən tanıyıram, bir neçə dəfə söhbətimiz də olub. Bir dəfə Əlibaba Məmmədovla Kukla Teatrının yanındakı “Lalə” kafesində oturmuşdular. Yaxınlaşıb görüşdüm. Bir qədər söhbət edəndən sonra Canəli müəllim Sabir Mirzəyev haqqında xoşagəlməz söz işlədi.

- Nə dedi?

- Dedi, o adamın səsində bircə damcı da olsun şirinlik yoxdur. Mən də etirazımı bildirim. Özü də kəskin bildirdim. Ayrılanda mənə dedi ki, sən çox ədalətli kişisən.

- Məncə, o kolorit Canəli müəllimin özündə yoxdur.

- Hamı özünü şah bilir. Amma əslində kimin şah olduğunu zaman göstərəcək. Mən Canəli Ələkbərovun konsertlərində çox olmuşam, onu heç vaxt Sabir Mirzəyev kimi alqışlamayıblar. Heç Yaqub Məmmədovu da o cür alqışlamayıblar. Yaqubun konsertlərində salonu bircə dəfə dolu görmüşəm, onda da konsertdə Qədir Rüstəmov iştirak edirdi.

- Qədirlə aranız necədir? Sevirsiniz deyəsən.

- Qədiri mən sevmirəm, Allah sevir. Allah sevməsə, ona o qüdrəti verməz. Amma Qədir Rüstəmov muğam ifaçısı deyil. “Çahargah” oxuyub, alınmayıb, “Mirzəhüseyn segah”ı oxuyub, alınmayıb. Amma heç kim onun kimi “Olmaz, olmaz” oxuya bilməz, “Dili, dili” oxuya bilməz. “Sona bülbülləri” Leyla Hüseynova adlı müğənni oxumuşdu, adam qulaq asa bilmirdi. Qədir ona necə yeni ahəng verdi, necə oxudu?

- Qarabağlılarla Canəli müəllimin davası düşdü, siz hansı tərəfdə idiniz?

- Mən Azərbaycançıyam. Amma bu faktdır ki, muğamın əsası Qarabağdan gəlir. Sabir Mirzəyev də deyirdi ki, mən Qarabağ məktəbinin yetirməsiyəm. Seyid Şuşinski olmasa bizim indiki muğam olmazdı. Və təbii ki, xanəndələr də olmazdı.

- Amma yerlibazlıq muğamda həmişə olub.

- Təəssüf ki, olub. 70-ci illərdə Sabir Mirzəyevə əməkdar artist adının verilməsinə bir qarabağlı xanəndə mane olub. Adını çəkmək istəmirəm. Yazıb-pozub, xəbərçilik edib, imkan verməyib. Halbuki zəng edib özünə deyiblərmiş. Bəlkə də Sabir o vaxt ad alsaydı həyatı tamam başqa cür olacaqdı. Həvəslənərdi, ruhdan düşməzdi, içkiyə çox meyllənməzdi.

- Heç içmisiniz onunla?

- Mən içki içmirəm. Toyumda arzu edirdim ki, oxusun, qismət olmadı. Deyirdim, oğlumun toyuna çağıraram, o da alınmadı, dünyasını dəyişdi.

- Sizi Sabir Mirzəyevin tədqiqatçısı adlandırmaq olar?

- Yox. Tədqiqatçı yazmalıdır. Mən bu barədə tənbələm. Amma çox şey bilirəm.

- Son olaraq nə demək istərdiniz?

- Tarzən Firudin Ələkbərov bir əhvalat danışmışdı. Deyirdi, Sabir Mirzəyevin konserti idi, mən tarzən Qurban Pirimovla yanaşı oturmuşdum. Dedim, necə oxuyur? Dedi, iyirmi beş il Cabbar Qaryağdıoğluna tar çaldım, o, bu qələti eləməmişdi! Sabir belə ifaçı idi. Nə Cabbar, nə Seyid “Mənsuriyyə”ni onun kimi oxuya bilməyib.

- Bəs Yaqub?

- Yaqubun “Mənsuriyyə”si “Mənsuriyyə” deyil, şirin bir ifadır. Əvvəla, o, “Mənsuriyyə”ni bir ton aşağıdan oxuyub, ikinci ona “Segah” qatıb. “Çahargah” oğul muğamdır, “Şur” ana muğamdır. Muğamın fəlsəfəsi belədir. “Mənsuriyyə” döyüşdür. Xanəndənin döyüşü onun zənguləsidir. Yaqub zənguləli xanəndə deyildi.

# 1568 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #