Şamil Süleymanlı: “Çəkildiyim film Oskar qazandı” - MÜSAHİBƏ

Kulis.az Şərif Ağayarla Xalq artisti Şamil Süleymanlının söhbətini təqdim edir. 

 

- Sizə Hacı deyə müraciət edə bilərəm?

 

- Edə bilrsən, ancaq buna nə ehtiyac var?

 

- İlk dəfə Həcc ziyarətinə getməyiniz yadımdadır. Nəsə oralarda duman olub, elə gözəl, elə eşqlə təsvir edirdiniz ki, unuda bilmirəm...

 

- Bəli, mən yeddi dəfə Məkkədə olmuşam. Altı dəfə də ölmüşəm... Biri qalıb.

 

- Başa düşmədim...

 

- Kinoda ölmüşəm (gülür). Bir dəfə də ekranda ölsəm, tamam olacaq. Amma bu dəfə həqiqi ölməyi deyirəm...

 

- Belə yerdə nə deyirlər, sizi istəməyən ölsün!

 

- Altı da Şamil rolu oynamışam, biri qalıb.

 

- Niyə məhz yeddi və niyə bu yeddi Həcc ziyarətindən başlayır?

 

- Yeddi mənim rəqəmimdir. Tale belə gətirib. Bu sənin istəyin deyil, Allahın çağırışdır. Çağırsa, yenə gedəcəm. Əlimə fürsət düşəndə elə çağırış kimi qəbul edirəm və məmnuniyyətlə gedirəm. Təsəvvür elə yüz minlərlə adam eyni vaxtda əlini yuxarı qaldırıb “Allahu Əkbər!” – deyir... Sən görsən, iyirmi yeddi dəfə gedərsən.   

 

 

- Sizi həm də şeir aşiqi kimi tanıyıram...

 

- Düz tanıyırsan. Şairləri və şeiri çox sevirəm. “Qurani-kərim”də də yalançılardan sonra şairlər gəlir... Yalansız çətin olur.

 

- Yalançılar, ya peyğəmbərlər?

 

- Yalançılardan sonra şairlər gəlir, o yalanlar olmayanda insanlar özü onu uydurmağa məcbur olurlar. Şair yalanları daha şirin və gözəl olur.   

 

- Şeirə bu dərəcə vurğunluğunuzun tarixçəsi var, yəqin ki...

 

- Mənə şeiri daha çox Ramiz Rövşən sevdirib. O, mənim elçiliyimi də edib. Məni həyat yoldaşımın ailəsinə yalandan tərifləyib (gülür). Qıza məni bəyəndirib. Qıza məni bəyəndirən də, qızımı şair kimi bəyənən də Ramiz Rövşən olub (Qızı şairə Solmaz Şamilqızını nəzərdə tutur – Ş.A.).

 

- Yəqin, “Evlənmək istəyirəm” filminin çəkilişlərində tanış olmusunuz.

 

- Ondan bir az əvvəl.

 

 

- Niyə bu filmi dedim... Filmdəki mahnıların sözlərini o yazıb.

 

- Filmdə səsi də var!

 

- Doğrudan? Harda?

 

- Özü də mənim adımı çəkib! Ramizlə eyni filmdə işlədiyim üçün özümü xoşbəxt sayıram. O, filmin redaktoru idi, aktyor gecikdiyi üçün hirslənmişdi. Ondan xahiş elədilər ki, bir dənə söz var, bəlkə, özün deyəsən? Onda mən Ramizin ayaqlarına yıxıldım, dedim, dədə, sənə qurban olum, mənim adımı sən denən. O da sözümü yerə salmadı, dedi: “Bu bəyzadələr də yaxşı hərifləyiblər Şamili!” Mənə desələr, sən Hamleti dünya səviyyəsində uğurla oynayacaqsan, razılaş, o səsi filmdən kəsək, razı olmaram. Mənim adımı kinematoqrafiyada ilk dəfə Ramiz Rövşən çəkib.

 

- Sizcə, Ramizi çox bütləşdirmirsiniz ki?

 

- Ramiz elə materialdır ki, heç vaxt bütləşməz. Deyir, demə şairinki dil davasıdır, şapalaq vurmağa qolumuz da var... Mən Ramizi şapalaq vuran görmüşəm. Pullu-pulsuz vaxtlarını görmüşəm. O, təpədən-dırnağa şairdir və çox ləyaqətli adamdır. Ona görə onu çox istəyirəm. Əslində, bu sualı mənə verməməli idin. Çünki bilirsən ki, şairləri çox sevirəm.

 

 

- Şeiri çox sevsəniz də, şəxsi görüşlərdə gözəl şeirlər desəniz də bədii qiraətlə məşğul olmursunuz.

 

- Neçə vaxtdı dostuq, bir dəfə eşitmisən ki, mən kino çəkmək istəyim, ssenari yazmaq istəyim?

       

- Eşitməmişəm.

 

- Bədii qiraət də eləcə. Mən sərhədləri sevən adamam. Hərənin öz işi var. Hətta teatrla kino aktyoru arasındakı sərhədi də qorumuşam həmişə.  

 

- Teatr səhnəsində heç olmamısınız?

 

- Tələbə vaxtı oynadığım tədris teatrını çıxsaq, yox. Teatr səhnəsindən qorxuram. Məndə fobiya yaradır.     

 

- Necə oldu ki, “Evlənmək istəyirəm” filminə öz adınızla çəkildiniz?

 

- Bu, rejissor Cahangir Mehdiyevin təşəbbüsü idi. Cahangir Mehdiyevin diplom işində də çəkilmişəm. Ümumiyyətlə, diplom işlərində uğurla çəkilirəm. “Baladadaşın ilk məhəbbəti” də mərhum rejissorumuz Fikrət Əliyevin diplom işi idi.   

 

- “Tütək səsi”ndəki Cümrü Baladaşdan sonradır də...

 

- Sonradır.

 

 

- Məncə, Cümrü Azərbaycan kinosunun ən kədərli obrazıdır.

 

- Bizim dövrümüzdə İsa Hüseynovun “Saz” və “Tütək səsi” əsərləri böyük hadisəyə çevrilmişdi. Sevirdik o əsərləri. Bir yer var ki, oranı indi də oxuyanda, hətta düşünəndə qəhər məni boğur: “Qoymayın, ay camaat, qağamı apardılar!”

 

- Cümrünü dəlixanaya aparanda Tapdıq deyir...

 

- Bəli. Bir də Mövlud Süleymanlının bir cümləsi ağıladıb məni həmişə: “Kimimiz var, kimimiz yox, əmoğlu?” Bu, sovet vaxtı Ezop dilində deyilmiş dəhşətli bir söhbət idi. Siz o dövrü görmədiniz.

 

Cümrü gözəl obrazdır. Heyf Sovet dövrünün ideologiya maşını onu filmdə lazımınca göstərməyə imkan vermədi və məni ağladan o sözlər ssenaridə yer almadı. Mən özüm də filmdə çox müdhiş, bağışlanmaz bir səhv eləmişəm.

 

- Nə səhvdir elə...

 

- (Düşünür) Deyəcəm eee... Cümrü roluna çəkiləndə on doqquz yaşım vardı. Tələbə idim. İstədim özümü ağıllı göstərəm. Əynimə xələt geyinib tibb institutunun tələbələri ilə ruhi xəstələrin yanına getdim. Onları müşahidə etmək üçün. Etdim də, nələrsə öyrəndim də. Sən demə, müalicə görmüş ruhi xəstələrlə, müalicə görməyənlər tamam ayrı imiş. Şükür Allaha ki, Rasim Ocaqovun ustalığı bu səhvimin çox görünməsinə imkan vermədi.

 

 

- Əlini qardaşının üzünə qoyduğu səhnə hər şeyi deyir... Məncə, inanılmaz dərəcədə gözəl çəkilib o hissələr...     

 

- O səhnəni mən də sevirəm. İndiki ağlım olsaydı Cümrünü tamam fərqli oynayardım. Ancaq bütün hallarda, Rasim Ocaqov gözəl bir iş qoya bildi ortaya.           

            

- Mən bilən, İsa Hüseynov da iştirak edib çəkilişlərdə.

 

- İştirak edib yox eee... heç çəkilişdən getmirdi. Sınaq çəkilişində Tapdıq üçün nəzərdə tutulmuşdum. Orda belə bir söz vardı: “Adını dost qoymusan, ürəyimdən isə xəbərin yoxdur.” İsa müəllim hər dəfə məni saxlayıb deyirdi ki, “Ürəyimdən isə” yox, “Ürəyimdənsə” deməlisən. Mən də hər dəfə eyni səhvi təkrar edirdim. “Ürəyimdən isə, Ürəyimdən isə...” Çaşırdım. İsa müəllim hirsləndi, mən özümü tamam itirdim. Axırı Rasim Ocaqov araya girdi, dedi, bala, “İsə” demə, “Rasim” de. Çəkilişdəkilərin hamısı güldü, mən də güldüm, gərginlik aradan qalxdı.

 

Sonra məni baş roldan çıxarıb Cümrüyə gətirdi. Özü də könlümü ustalıqla aldı. Dedi, bilirsən, Cümrü rolundakı rəqibin kimdir? Rasim Balayev! Rasim o vaxt Nəsimini oynamışdı, artıq böyük aktyor sayılırdı. Hər şey qaldı bir qıraqda, gəldim institutda qızları yığdım başıma, mətbuat konfransı keçirdim ki, bəs Rasim Balayevdən böyük aktyoram, onu qoyub rola məni təsdiq etdilər (gülür).

 

- Müsahibədən əvvəl Vikipediyada sizin səhifənizə baxdım, filmoqrafiyanızda 46 film var...

 

- 46 deyil, çoxdur. Oturub hesablamışam, ömrümün hər ilinə bir film düşür. 60-dan artıq filmə çəkilmişəm.   

 

- Azərbaycan reallığıyla baxanda pis deyil.

 

- Pis deyil, əlbəttə... 

 

 

- Həmişə sevirsiniz, qız da sizi sevir, amma nəsə alınmır... Arada yağış da yağır...  

 

- (Ah çəkir) Elədi də qardaş... (gülür)

 

- “Ölüm növbəsi” filmində bir balaca tənqid olundunuz...

 

- Olundum, hə. Bilirsən, nağıldı də. Hekayət nağılvaridi orda.

 

- Ancaq “Tabutçunun yelləncəyi” əla filmdir.

 

- O da diplom işidir. Elmar İmanovun. Bizdə tələbəyə yalnız bir diplom işi verilir, ancaq Almaniyada iki film çəkmək olar. Elmar Almaniyada yaşayır, oxuyur. İlk filminin adını “Şamil” qoymuşdu və baş rola məni çəkmişdi. Bu dəfə zəng edəndə dedi, sonuncu filmimi çəkib diplomu müdafiə etməliyəm və yenə də sizi çəkmək istəyirəm. Çəkdik və film Oskar qazandı. Amerika Kino Akademiyasının “Tələbə Oskarı” mükafatını... Ancaq nədənsə çox hallanmadı. Lazım olan adamlar alanda hallandırırlar və deyirlər Oskar alıb, amma Şamil Süleymanov alanda deyirlər, bu, sənin üçün deyil, yalnız Amerikada yaşayanlar üçündür (gülür).

 

O vaxt Elmar mənə zəng edəndə, dedim, çəkilirəm, diplom işlərində uğurluyam, filmin Oskar alacaq. Məni eşidənlər gülüşdülər, amma dediyim gerçək oldu. Məncə, əla filmdir. Almaniyada da çox bəyəniblər.

 

- Təzə nə var?

 

- Elxan Cəfərovla işləyirəm. Bizimki tutur. Onun komandasındayam. Bizim bir filmimiz də var: “Yarımçıq xatirələr”. Yaxşı filmdir. Bir neçə serial da var, çəkilirəm. Tələbə vaxtı institutun qarşısındakı plakatda ağlayan-gülən teatr maskalarının şəklini gördüm, gəlib evdə çalışdım ki, həmin maskalara uyğun bir üzü gülən, bir üzü ağlayan insan obrazını yaradım. Sonralar da həmişə düşünürdüm ki, görən belə bir obraz yaratmaq mümkündürmü? “Son addım” serialında belə bir fürsətim oldu. Seriala çəkilməyə bircə şərtlə razılıq verdim ki, həmin səhnədə xüsusilə diqqətli olsunlar. Oldular da, efirə də getdi. İndi başqa bir seriala dəvət almışam, mənim üçün maraqsızdır, amma orda bir səhnə var, onu oynamaq istəyirəm. Mənə üç güllə dəyir, hardasa üç dəfə ölürəm...

 

- Axı ölümlər yeddini keçir?

 

- (Gülür). Yox. İkisində yalançı ölürəm, birində həqiqi. İstəyirəm o vəziyyətlərin üçünü də oynayım. İkisində yalançı ölməyi, özünü ölülüyə vurmağı oynayım, üçüncüdə həqiqi ölməyi və o fərqləri tamaşaçıya göstərim.

 

- Uğurlar olsun...

 

- Çox sağ ol.               

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017