Rus teatrşünas: “Biz postmodernizmdən uzaqlaşmaq nöqtəsinə gəlmişik”

Rus teatrşünas: “Biz postmodernizmdən uzaqlaşmaq nöqtəsinə gəlmişik”
31 mart 2017
# 13:33

Kulis.az tanınmış Rusiya teatrşünası Pavel Rudnevin bu günlərdə rus mətbuatına verdiyi müsahibəni təqdim edir.

- Bu günün teatr tənqidi sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Düzdür, indi hər kəs yazıçı və ya tənqidçi ola bilər, çünki onun vasitəsi-bloqu var. Necə ki, əli kameralı hər kəs kinorejissor ola bilər. Buna vərdiş etmək lazımdır. Bu fonda peşəkar olmaq dərin və uzaqgörən təhlilin hesabına udmaq deməkdir.

90-cı illərdə Moskvada istənilən premyera haqda 40-a yaxın resenziya çıxırdı. İndi bir-iki resenziya olanda mətbuat katibləri sevinir. Əlbəttə, məsələ prosesdə headliner-likdən getmir. Əgər sıravi teatrın sıravi tamaşası haqqında cəmi bir resenziya çıxıbsa elə bu da çox yaxşıdır.

Lakin paytaxtda bu adi bir qaydadırsa, daha çox əmək istəyən, yeni hər şeyi düşməncə qarşılanan və gənc sənətkara inamsızlığın olduğu məhdud mədəniyyət şərtlərində (əyalətdə) teatr yazılarına belə diqqətsizlik faciəyə çevrilir. Bu intellektual qüvvələrin miqrasiyasının səbəblərindən biridir. İnsanlar öz teatrlarını, öz cəmiyyətlərini, öz tələbat zonalarını tapmadıqları üçün başqa şəhərlərə üz tuturlar. Bunlar da bir qayda olaraq üstün insanlardır.

Problem həm də ondadır ki, hakimiyyət mədəniyyətə, sənətə vahid bir yanaşma tətbiq etmək istəyir. Əgər bu, gerçəkləşsə, qarşısını almaq çox çətin olacaq. Teatr və ya ədəbi tənqidin cövhərində isə mədəniyyətə vahid baxışı, yanaşmanı dağıtmaq cəhdi var. Tənqidi mövqe bayaq dediyim mədəniyyətə vahid dövlət baxışına əks fenomen kimi görülür. Axı tənqidçi müzakirəyə meyllidir və o “düzgün olmayan” suallar verir.

Hələ onu xatırlamaq da lazımdır ki, sənət ilk növbədə şübhə kultudur. Rəqabət münasibəti, dialoq, müzakirə, müxalif mövqe- bunlar sənətin yetişdiyi mühitdir. Danışmaq üçün məkan nə qədər geniş olsa, sənət o qədər effektiv yetişəcək.

- Bəlkə hər şey daha sadədir? Biz axı görürük ki, məsələn, mədəniyyət redaksiyalara pul gətirə bilmir.

- Burası aydın məsələdir. İlk ağla gələn də budur. Amma başqa tərəflərini də düşünmək lazımdır. Bilirsiniz, mən mühazirəmdə Maksim Çernışın “Boşluq” pyesindən sitat gətirəcəm. Bu pyesdə 2010-cu ilin adamı haqqında maraqlı bir nəticə var. Moskva şirkətlərindən birinin top meneceri sakramental monoloq deyir. Sonu isə belə bitir: “Mən indi hər şeyi ala bilərəm. Amma yadımda deyil nə üçün”. Burda söhbət ondan getmir ki, köhnəsi ola-ola niyə təzə soyuducu alırsan. Ümumiyyətlə, niyə almalıdır adam? Alacağı şeyi insan hansı meyarlarla seçməlidir?

Hökumətin iqtisadi məsələnin aparıcı olduğunu düşünməsi məyusedicidir. Əlbəttə, iqtisadi məsələ əsasdır. Bu mənada hətta mən kapitalist baxışlıyam. Düşünürəm ki, uğrunda adamların başqa cür düşünənləri öldürməyə hazır olduqları ideya diktat olunca, qoy, pul diktat olsun. Amma bu məsələni müəyyən etmir, puldan başqa məna məsələsi də var. Mədəniyyət-sənət insanın xoşbəxtliyini təşkil edir. Axı heç bir dövlət insanı xoşbəxt edə bilmir. O adamı varlı və ya kasıb edə bilər, azad ya asılı edə bilər, amma xoşbəxt edə bilməz. İncəsənətsə elə bir şeydir ki, bir yandan şübhə istehsal edir, o biri yandan xoşbəxtlik və məna.

- Ola bilsin ki, insanlar indiki sənətdə bir məna görə bilmirlər?

- Yəqin ona görə ki, onu tanımırlar.

- Amma bu qapalı dairədir. Görmürlər, çünki bilmək istəmirlər.

- Sözsüz, qapalı dairədir. Lakin burada qəbulolunma açar rolunu oynayır. Mədəniyyət böhranı həmişə cəmiyyətin böhranıdır. Çox vaxt insanlarda sənət əsərini qəbul etmək üçün açar, mədəniyyətdə ruhi qida tapmaq qabiliyyəti olmur. Məsələn, mən “Cakonda”ya baxıram, bilirəm ki, heyran qalmaq lazımdı, çünki məndən əvvəl hər kəs belə edib. Amma niyə heyrətlənmək lazımdır, bunu şərh etmək hər kəsin işi deyil. Tez-tez belə söz eşidirsən: “Mən müasir incəsənəti sevmirəm, klassikanı xoşlayıram.” O saat da belə sual ortaya çıxır: Yaxşı, sən ədəbiyyat dərsliklərinə baxmağa qaçmadan izah edə bilərsənmi ki, onu niyə sevirsən? Hamı Puşkini sevir, amma heç kim onu gecələr oxumur. Klassikaya heyranlıq fenomenində çox vaxt avtomatik qəbulolunma dayanır.

- Müasir dramaturgiya sahəsində ixtisaslaşmısız. Müasir rus dramaturgiyasının əsas mövzusu nədir?

- 2010-cu illərin dramaturgiyasında maraqlı mövzulardan biri miqrasiyadır. Postkolonilal, postsovet Rusiyasında insanlar “burada və indi” ilə razılaşmırlar, daima bir yerdən başqa yerə köçürlər. Bu təkcə rusların Rusiyadakı problemi deyil, qasterbayter mövzusudur.

Rusiya televiziyası Avropaya miqrasiya prosesinə tənqid söyləyir, amma bununla belə nəzərə alınmır ki, bu problem Rusiyada da var. Biz də postkolonializm problemi yaşayırıq və SSRİ idarəsi altına aldıqlarımıza (həm də, həmişə könüllü şəkildə yox) görə cavabdehik.

Dramaturgiyada bu evin itirilməsi mövzusu kimi ortaya çıxır.

Belə pyeslərin süjetləri avtobioqrafikdir, belə ki, dramaturqların özləri də qəhrəmanlarının daşıdıqları sosial qrupdandır. İnsanlar bir qayda olaraq kirayə mənzildə yaşayırlar. Ya da ipotekada. İnsanlar doğma ev, yuva anlayışından uzaq düşüblər. Və bu problemi çox ağır keçirirlər.

Söhbət ondan gedir ki, ideal ev xatirələr toplusudur. Əcdadların xatirəsi də orada material predmetlərdə yaşayır: nənə yoxdur, amma onun qaşığı var məsələn. Amma insan daimi miqrasiya prosesində olanda bu xatirələr toplusu olmur. Və insan daima öz həyatını sıfırdan başlayır, sanki bu həyatı qaralama hesab edir. Öz doğma yuvamı quranda tarixlə əlaqəmi yenidən bərpa edəcəm, deyə düşünür. Belə pyeslərdə adətən baba, ya nənə kirayə mənzilə gəlib düşür və yaddaşı, xatirələri itirdiyinə görə cəza orqanına çevrilirlər.

İnsanlar burada və indi xoşbəxt ola bilmirlər və daima bir yerdən başqa yerə köçürlər. Bu isə onlar üçün nəsillərlə əl təması imkanını məhv edir və onlar arxalarında onları dəstəkləyən hansısa bir tarixin dayanmadığını hiss edirlər.

XX əsr tarixi (xüsusən Rusiyada) həmişə sıfırlanma təqdim edib- müharibələr, inqilablar, repressiya - xatirələrin yanmasıdır. Hətta material mühiti, əşyaları yandırdılar. Daima insanları sıfırlayıblar.

Rusiyada müasir dramaturgiya reallığın tanınması ilə başlayır: tanımaq və onunla barışmaqla.

Lakin bu günün qəhrəmanları virtuallığla metafizikliyin arasındakı nazik xəttin üzərində gəzişirlər. Qəhrəman məişət yoxsa transendentallıq arasında seçim edərkən çox zaman uydurulmuş dünyanı seçir. Çünki, bu dünyanı hansısa həddədək idarə etmək mümkündür.

Ətraf dünya isə idarəyə, nəzarətə tabe olmur. Burada heç kəs səni saxlamır. Lakin virtual gerçəklikdə də əzabla müşayiət olunur, hətta gerçək dünyadan daha artıq əzab ola bilər, çünki ora ağrı və psixoz məkanıdır.

- Amma bu uydurulmuş dünyanı seçmək mahiyyətcə reallığa göz yummaqdır...

- Bəli. Amma yenə də tendensiya budur ki, reallığı bağlayır və özün üçün yoğurduğun zonaya gedirsən.

Yəqin ki, 2010-ların qəhrəmanları manipulyasiyaya kəskin şəkildə müqavimət göstərənlərdir. Aydın məsələdir ki, bu günün sağlam fikirli insanı Hamlet kimi “dünyanın qozbelini düzəltmək” fikrinə düşməyəcək. Və ya kainatı dəyişməyə qalxmayacaq. Özünü dəyişəcək...

Bu günün insanı gündəm xətrinə yaradılan nəhəng miqyasda informasiya axınını filtrləmək öhdəliyini götürür. İnformasiya filtrlənmək tələb edir, çünki bu günün KİV-inin əsas xassəsi müdaxilə xarakterli olmağıdır. Hətta çaydan qaynayanda da mahnı səsi gəlir-halbuki, bizə heç lazım da deyil...

Qəhrəmansa çox vaxt boş yerə, bəzənsə uğurla reklamın, siyasətin, TV-nin, kilsənin hətta mədəniyyətin basqısından qaçmağa çalışır. Qəhrəman özü ilə tək qalmağı arzulayır. Anonim qalmaq istəyir. O deyir ki, məni dəyişməyə çalışma, manipulyasiya etmə, özünə çevirmə. Başqasının sağ qalmaq strategiyasını mənə yükləmə.

Əlbəttə, müasir qəhrəmanın əsas problemi bir tərəfdən özündə “toxum” tapmaqdır - məna, dəyər, yaşamaq üçün səbəb tapmaqdır, digər tərəfdən başqasına repressiv olmamaqdır. Bu inanclı insanın ilk ili kimidir- “mən indicə həqiqəti tapmışam, Tanrını tapmışam və siz mənim arxamca gəlməyə borclusunuz. Eynən mənim kimi inanın”. Öz dəyərlərini başqasına yükləməkdən necə özünü saxlamalı? Bu, ikinci problemdir.

- Yaxşı, bəs bu günün düşünən insanı niyə aqressivdir? Dramaturgiya da ona müvafiq olaraq aqressivdir.

- Bu cəmiyyətdəki sosial bərabərsizliyin, konfliktin nəticəsidir. Müasir dramaturgiya bu mənada çox sosialdır. Hamı acıqlıdır. Ümumiyyətlə, isə biz indi postmodernizm və onun dəyərlərindən yavaşca və əzablı şəkildə uzlaşmaq nöqtəsinə gəlmişik.

Postmodernizmin gəlişi iyirminci əsrin siyasi uğursuzluqlarından, siyasi terrorlardan təkan aldı. İndi sənət başqa alternativ tapmaq yolundadır. Buna alternativ yeni pafosun əldə olunmasıdır. Çünki postmodernizmin əsas fikri dünyanı bütöv mənzərəsindən imtina etməkdir. Dünyanın bütöv mənzərəsi faşizmə və kommunizmə gətirdi. Total düşüncəyə gətirdi. “Cəmiyyət bütövdür və hamı bir nöqtəyə yönəlməlidir” təsəvvürünə gətirdi.

Postmodernizmin aləti sarkazmdır. Onunla klassik dəyərlərə lağ edildi - əvvəl siyasi situasiya ilə sonra sənətlə, mədəniyyətlə. Amma insana onsuz da yeni inanclar və simvollar lazımdır. İnsana yeni pafos lazımdır. İndi hətta uşaq ədəbiyyatında da sarkazm var. Uşaqlar ironiyasız heç nə başa düşmürlər. Məncə, indi Rusiyanın eləcə də dünyanın ən yaxşı sənətkarları hər şeydən əvvəl yeni pafos axtarır.

Aqressivliyə gəlincə, əlbəttə ki, qıcıqlanacam: Mən yeni inanc axtarışındayam və tapa bilmirəm. Mən susuzluq içində yanıram, amma mənə saxta feyk və simulyakr təklif edirlər.

- Deməli acıqlıdır, ona görə ki, axtarmaqdan yorulub?

- Tamamilə doğrudur. Müasir sənət buna görə aqressivdir. Çarlıq da oldu, kommunizm də, transhumanizm də, amma yaxın adam itkisi və ölümü problemi hələ də qalır. Mən təbiətcə pessimistəm və bununla daim mübarizə aparıram. Amma heç bilmirəm, sivilizasiya bu böhrandan necə çıxacaq...

# 1750 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #