Modern insanın həftə sonu – QİSMƏTİN ESSESİ

Kulis.Az Qismətin “Şənbə” essesini təqdim edir.

 

Meqapolis göylərə meydan oxuyan gigant göydələnləri, alış-veriş mərkəzləri, insanı həmişə hazırlıqsız yaxalayan milyon-milyon balaca yolayrıcı ilə həm min bir gecədir, həm də min bir gündüz. Bir də var bu minbaşlı divin həftə sonları. Dünyanın siyasi xəritəsini bu yazının içinə sərib, tələsik, qaba hökmlər verməkdən uzağam, amma deyim ki, üç-dörd il əvvəl indi mənə kobud gələn bir ümumiləşdirmə oxumuşdum. Orda deyilirdi ki, dünyanı şərti olaraq iki yerə bölmək olar: həftə sonlarını gözləyənlər və daim həftə sonunda yaşayanlar. Böyük şəhərlərin qaçhaqaç, tələskənlik girdabında çırpınan çağdaş insan üçün həftə sonları vacibdir. Həftə sonları təkcə istirahət deyil – yuxudan saat yeddidə yox, on birdə oyanmaq deyil, həftə sonları həm də keçib getmiş həftəni və qarşıdakı günləri özün üçün saf-çürük etməkdi, daxili hesabatdı. Əlbəttə, həftə sonları həm də böyük şəhər həyatının turbo ritmində yaddan çıxan, diqqətdənkənarda qalan, həmişə sonraya saxladığımız, ertələdiyimiz işləri – doğmalarımıza ziyarətləri, hal-əhval zənglərini  – reallaşdırmaq imkanıdır. Kim bilir, bəlkə də sürətli qaçhaqaçın, qovhaqovun içində özünə və ətrafına vaxtı qalmayan modern insan üçün ömür elə həftə sonlarının cəmindən ibarətdir.

 

“Amsterdam” romanı ilə Buker mükafatını qazanmış ingilis yazıçısı İan McEwanın “Şənbə” romanı adından da göründüyü kimi həftə sonunun bir günündə – şənbə günündə beyin cərrahı Henri Perounun xatırladıqları, düşündükləri və  bir gün ərzində başına gələnlərdir. Ədəbiyyat tarixində bir günə sıxışdırılan romanlar çoxdur, tutalım, ən məşhuru Coysun “Ulisi”dir. “Şənbə”də bu romanlardandı. Roman 2003-cü il 15 fevral günü Londonda baş verənlərdən bəhs edir. Əsərin baş qəhrəmanı Henri 48 yaşlı beyin cərrahıdır, həyat yoldaşı vəkildir, 16 yaşındakı oğlu musiqiçidir, Parisdə yaşayan qızı şairədir. Ailə üzvlərinin peşələri təsadüfi olaraq belə seçilməyib, bu çağdaş avropalı ailə modelinin ümumiləşdirilməsidir. Bu ailənin timsalında İan McEwan müasir avropanı modelləşdirir. Roman Henrinin gecə yarısı qəfildən oyanması və pəncərədən bir təyyarənin yanması ilə başlayır. Bu görüntü Henrinin təhtəlşüurundakı zədəli nöqtələri aktivləşdirir. İan McEwanın “Şənbə” romanı artıq Filip Rotun, Con Apdaykın yazdıqları romanlardan sonra “post -11sentyabr” deyilən roman növünün ən yaxşı örnəklərindəndir. Roman qəhrəmanı Henrinin gecəyarısı pəncərədən gördüyü görüntü onun şüurundakı 11 sentyabr sonrası qorxunu işə salır.

 

Çox qəribədir, romanın sonrakı səhifələrində Henrinin 16 yaşlı oğlu ilə dialoqundan məlum olur ki, pəncərədən gördüyü yanan təyyarə terror aktı deyilmiş, sadəcə bir yük təyyarəsinin məcburi eniş imiş. Bu nöqtədə 48 yaşlı ata ilə 16 yaşlı oğul eyni qənaətə gəlirlər: deməli bizim həyatımıza qarşı bir akt deyilmiş.

 

11 sentyabrdan sonra dünyada müsalmançınlıqla terroru eyniləşdirən xeyli birtərəfli, spekulyativ kitablar yazıldı. İan McEwanın “Şənbə” romanı məsələyə tamam ayrı cür yanaşan, daha çox fərdlərin psixoloji zədələrinə fokuslanan, adi bir avropalı ailənin timsalında məsələləri siyasi kontekstdən kənar tutub insanlarla, onlarla sadə, insani qayğıları ilə maraqlanır.

 

“Şənbə” romanı ilə İan McEwan XXI əsrdəki əsas problemin cəmiyyətin nüvəsi olan ailənin təhlükə altında olduğuna diqqət çəkir.

 

Bu roman ölməmişdən əvvəl oxunması məsləhət görülən, bütün zamanlarda yazılmış 1001 ən yaxşı romandan biri hesab edilir.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017