"Qəm yükü" - Təranə Fazilqızının hekayəsi

"Qəm yükü" - <span style="color:red;">Təranə Fazilqızının hekayəsi
13 mart 2017
# 10:51

Son aylar baş verənlər onu karıxdırmışdı. Zamanla yuxusunu qaçıran, vücudunu çökdürən xəstəlik qəlbinə dolan zülməti daha da dərinləşdirmişdi. Dağınıq düşmüş müayinə kağızlarına nəzər yetirəndə, küncdə-bucaqda qoyduğu həblər üstünə gəlirdi. Belə anlarda göz yaşlarını saxlaya bilmirdi. İçindəki düyünlənmiş qubarı ağlamaqla dağıdar, sakitləşərdi. Sonra mətbəxə keçər, biş-düşə başı qarışardı. Aylarla qapısını döydüyü həkim-ekstrasensin seansı da nəticə verməmişdi. Həkimin dediyinə görə şiş böyüyüb inkişaf etmişdi. Ona əziyyət verən ağrılardan özünü tox tutmağa çalışsa da bacarmırdı. Vaxtsız gələn ölümdən qorxurdu. Hamı kimi arzuları, istəkləri vardı. Övladlarını yerbəyer etməyib, dünyadan köçməyi ağlına gətirəndə havalanır, bu amansız xəstəliyilə barışa bilmirdi.

Evdəki ab-hava, yoldaşının bulanıq baxışları canını sıxır, onu hövsələdən çıxarırdı. Bir zamanlar atasından eşitmişdi: “Yaxşı günün dostu, yoldaşı olmağa nə var ki, bala, insanın pis gününün dayağı olasan gərək..."

Atasının söylədiyi zərbi-məsəllər son vaxtlar tez-tez yadına düşürdü. Bunu da yəqin edirdi ki, insan ölənə yaxın ata-anasını daha çox xatırlayır. Yaxşı ki, ona can yandıran bacısı, qardaşı vardı. Təsəllisi bircə onlar idi. Yoldaşının yersiz sözləri təskinlikdən çox atmacaya bənzəyirdi. Ona baxıb rişxəndlə:

- Qorxma, sən öləndən sonra, uşaqlarına ana gətirməyəcəm, uzaqbaşı kənarda günümü keçirəcəm – deyib, dişlərini ağartması içini göynədirdi. Bu vaxta qədər ağzının iri, dişlərinin sarı və seyrək olduğunu görməmişdimi?! Düşüncələrindən özü də çimçəşdi. Ərinin laqeydliyi ürəyini üşüdürdü. Gəlin gəldiyi ilk aylardan onun zay adam olduğuna əmin olsa da, ailəsinin xətrinə taleyi ilə barışmışdı. Son günlər onu bir sual çox düşündürürdü. Onu sevirdimi? Görəsən, o öləndə ağlayıb, göz yaşı tökəcəkdimi?! İnanmağı gəlmirdi. Bəlkə də yox! Hara getsə, uşaqlarının anasıydı, yanmalıydı!

Mətbəxdə vurnuxsa da, fikri aramsız civildəşən sərçələrin yanındaydı. Pəncərədən gördüyü mənzərədən düşüncələrinə bir işıq seli axdı. Yetişmiş xurmalar yeni il qabağı bəzədilmiş yolkanı xatırladırdı. Sərçələr iri gövdəli ağacın budaqları üstündə civildəşir, bir-birinə aman vermir, xurmaları dimdikləyirdilər. Dəymiş xurmanın torpağa düşüb partlaması ilə civildəşən sərçələr bir anlıq pərən-pərən düşdü. Az keçməmiş yenə geri qayıtdılar.

Müşahidə etdiyi bu mənzərə, sərçələrin yetişmiş xurmalar üstə davaları onu düşündürdü. Demək o, nəyin hesabına olursa-olsun, yaşamalı, övladlarını böyütməli idi. Doğrayacağı kələm əvəzinə, barmağını kəsdi. Düşüncələri bir andaca dağıldı. Barmağından süzülən qanı sıxaraq dayandırmağa çalışdı, mümkün olmadı. Əlini yodlayıb bintlə sarıdı. Yoldaşının dəhlizdən ona baxdığını bilsə də, əhəmiyyət vermədi. O, isə öz növbəsində acıqlı səslə:

- Nə oldu, əlin bişib?! Xörək bişirməyi bacarmırsan, heç olmasa, bir əməlli çay gətir! - deməsi onsuz da təlx olan ovqatını bir az da korladı. Əli heç nəyə yatmırdı. Hər şeyi atıb getmək, hamının gözündən itmək istəyirdi. Bəs uşaqlar? Onlar necə olacaqdı? Özünə acığı tutdu. Elə bil günü sabah öləcək, körpələri yetim qalacaqdı. Yox, əməliyyata hələ üç gün vardı. Hər şeyi Allahın ümidinə bağlamışdı. Əməliyyat uğurlu keçsə, bu işıqlı dünyaya yenidən baxa bilsə, qurban kəsəcək. Yenə də atasının sözü yadına düşdü. "Dünya qurddu, insan quzu. Qurd quzunu udmaq istəyir, axmaq quzu isə qurda aşiq olub". O zamanlar bu məsəli anlamayıb güləndə, atası deyərdi: “Övladım, bu dünya dediyin çox şirin şeydi. Ona aşiqsən quzu kimi. Torpaq isə, əvəlli-əzəli qurd kimi insanı ağuşuna alıb udur..."

Yaman yerdə axşamlamışdı. Stolun üstündəki həblərdən ikisini götürüb atdı. Zəhər kimiydi. Bircə bu günlər gəlib keçsəydi, bilərdi işini. O, bişirdiyi yeməyin dadına baxsa da, heç nə anlamadı. Elə bil, fikir ağzının dadını da qaçırtmışdı. Son günlər iştahasızlıq onu əldən salmışdı. Arıq, uzunsov sifəti bir az da uzanmış, gözlərinin altı tuluqlanmışdı. Mətbəxdəki yır-yığış vaxt aparsa da, qəlbinə bir rahatlıq gətirdi. Gecənin sükutu başqa aləm idi. Evə çökən səssizlik ruhunu oxşadı...

***

Əməliyyata gəlmişdi. Qohum-əqrəba ürək-dirək versə də, qəhər onu boğurdu. Bacısının boynuna sarılması, onsuz da kövrək olan qəlbini bir az da əzir, incidirdi. Göz yaşları dayanmaq bilmirdi...

O, özünə gələndə, xəstəxananın kəsif qoxusu ürəyini bulandırdı. Yatdığı palataya ötəri göz gəzdirdi. Kiçik, solğun otağın tozlu pəncərəsindən qəm yağırdı.

Gözlərini yumub düşündü...

Deyilənə görə, əməliyyat uğurlu keçmişdi. Əsas nəticə bir neçə saatdan sonra bilinəcəkdi. Ölümün bir addımlığında yarımçıq qalmış arzuları qanad açıb uçurdu. Ümidli-ümidsiz beyninin süzgəcindən keçirtdiyi ən incə məqamları, xatirələri vərəqləyir, yaddaşından silinib getmiş səhifələri təkrar oxuyur, yada salırdı...

Dənizi çox sevirdi. Ona sirdaş olmuş Bakı bağlarının qumlu sahilləri, kükrəyib şaha qalxan təlatümlü dənizi, bəzən də sakitliyindən qulaq tutulan, qızmar istisindən qaralıb kömürə dönən vücudu və xırda gözləri düşüncəsində canlanırdı. Səhərin erkən çağında atasının onları oyatması, güclə tut yedirtməsi, quyudan çəkdikləri şirin suyun dadı damağında, xatirəsi yaddaşında idi. Sahildə qurduqları narıncı rəngli çadır onları günün istisindən, küləyin sovurduğu qumdan qoruyurdu. O zamanlar indikindən fərqli olaraq sahildə qaynaşan balıqlara rast gəlmək olurdu. Bacı və qardaşlarının kimin daha çox suyun altında qalmasından mərcə gəlməsi uşaqlıq illərinin ən xoş xatirəsiydi. Atasının tutduğu balıqları anası bişirər, onlar isə ləzzətlə, acgözlüklə yeyərdilər. Yaddaşında iz salan anlardan biri də, yorulub əldən düşdükləri vaxt, yuxularına şəkər qatan dalğaların və qağayıların səsi idi. Həzin nəğməni xatırladan bu səslər üçün yaman qəribsəmişdi...

Havanın tutqunluğu, pəncərənin tozu təlx olan ovqatını bir az da korlamışdı.

“Allahım, sənə inanmayana lənət! Kərəminə şükür, İlahi! Səni övladlarına yenidən qaytarana, mənə ana, bacı verənə şükürlər olsun!”

Bu dəhlizdən eşidilən bacısının səsi idi. O, sevincindən ağlayırdı.

2000-ci il

# 616 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #