İradə Musayeva harda səhv edir? - POLEMİKA

İradə Musayeva harda səhv edir? - <span style="color:red;">POLEMİKA
13 mart 2017
# 10:48

Kulis.az yazıçı Alpay Azərin “Biz hekayə yaza bilirikmi?” yazısını təqdim edir.

Hörmətli tənqidçimiz İradə Musayevanın "Biz niyə dünya ədəbiyyatına çıxa bilmirik?" məqaləsini oxudum. Məqalənin əsas tezisi son vaxtlar yazılan hekayələrimizin dünya səviyyəsində olmamasıdır.

Əvvəla qeyd edim ki, konkret bizim hekayələrin dünya arenasına çıxmamasının səbəbi aparıcı xarici dillərə, ən əsası, ingilis dilinə tərcümə olunub tanınmış jurnallarda çıxmaması və onların xarici populyar saytlarda təbliğ olunmaması ilə bağlıdır. Götürək, iki məşhur - “Paris review” və “New-Yorker” jurnallarını. Mən düzü, bu jurnallara ingilis dilinə tərcümə olunmuş bir hekayəmi yollamaq istəyirdim. Amma ABŞ-da yaşayan professor dostum mənə məsləhət görmədi, dedi ki, heç ağlına belə gətirmə. Təəccüblə niyəsini soruşanda, cavab verdi ki, göndərdiyin hekayənin heç üzünə baxan olmayacaq, çünki bu jurnallar artıq dünya ədəbiyyatında öz sözünü demiş Xalid Hüseyn, Milan Kundera kimi konkret müəlliflərlə işləyir.

Amma ABŞ-da, Böyük Britaniyada başqa jurnallar da var ki, onlarda da çap olunmaq mümkündür. Çap olunmaq istəyən üçün də başqa bir problem çıxır - maliyyə məsələsi.

Birincisi, hekayənin bizdə bədii ingilis dilini bilən yerli tərcüməçi tərəfindən tərcüməsi bir məsrəfdir, onun təkrar dil daşıyıcısının redaktə etməsi isə başqa bir məsrəf-problemdir.

Qaldı ki, İradə xanımın məqalədə yüksək dəyər verdiyi amerikalı yazıçı Şirli Ceksonun "Lotereya" hekayəsi (rusca variantını http://royallib.com/book/dgekson_shirli/lotereya.html saytından oxumaq olar) səviyyəsində bizim indiki yazıçıların hekayə yaza bilməməsi fikrinə, həmin əsəri tapıb oxudum. İradə xanım məqaləsində hekayəni kifayət qədər yaxşı təhlil edib, əsərin ana ideyasını, mövzunu, obrazların xarakterini açıb. İdeya, dialoq və süjet baxımından bu hekayə gerçəkdən, çox uğurlu əsər sayıla bilər, buna sözüm yox. Və bu əsərə, məşhur “New-Yorker” jurnalında nəşr olunandan sonra, ABŞ-da olan saysız-hesabsız müsbət reaksiya barədə də məlumatım var. Amma inandırım ki, indiki nasirlərimizdən Şərif Ağayarın “Şəkil”, “Şeqlov üsulu”, Kamal Abdullanın “Ən uzun liliput”, Nəriman Əbdülrəhmanlınn “Təkan”, Mübariz Örənin “Qar tanrısı”, Rəşid Bərgüşadlının “Qara buludlar”, “Cəngi”, Azad Qaradərəlinin “Dəli Sərvərin dəli olmağı”, Mirmehdi Ağaoğlunun “85-ci gün“, Hədiyyə Şəfaqətin “Barış”, təvazökarlıq sərhədlərini keçsəm də, lap elə özümün “Su... su”, “VİP nazir və qeyri-VİP prezident” hekayələri (başqa müəllifləri də əlavə etmək olar) ideya, dramaturgiya, mövzu və məzmun baxımından Şirli Ceksonun həmin hekayəsindən fərqli və oxşar cəhətləri ilə bir yerdə, heç də geri qalmır, hətta bəziləri ondan üstündür.

Təbii, İradə xanım və ya başqa tənqidçilərimizdən mənimlə razılaşmayanlar da olacaq, çünki bunun üçün sadaladığım hər bir hekayəni “Lotereya” ilə müqayisəli təhlil metod əsasında ayrı-ayrılıqda analiz etmək lazımdır. Yeri gəlmişkən, “Biz hekayə yaza bilirikmi?” mövzusu həm də qoy elə başqa tənqidçilərimizi müzakirələrə dəvət edən bir çağırış olsun.

Eyni tezisi mən tək həmin hekayə yox, elə müasir Qərb və əsas da rus yazıçılarının hekayələrini oxuduğumdan çıxış edib deyirəm. Yəni, bizdə tək hekayə yox, elə roman səviyyəsində də dünya arenasına çıxmaq cəhdləri istənilən səviyyədə alınmasa da, - məsəlçün, Xalid Hüseyn səviyyəsində, - bəşəri kriterilərə uyğun hekayə yaza bilən nasirlərimiz var. Məncə, İradə xanımın müasir hekayəçiliyimiz haqda bu cür düşünməsini şərti olaraq “mövzuya valeholma” sindromu ilə izah etmək olar. Yəni, İradə xanımın təbirincə desək, “fəlsəfi düşüncələrə aparıb çıxaran, sillə kimi sifətimizə çırpılan, əks-səda verən... insan tragediyası”, eləcə də “ibtidai inanc” ideyalarının hekayədəki bədii açılışı ona qeyri-adi gəlib.

Məncə, tənqidçi xanım məsələyə zövq prizmasından yanaşır və ədəbiyyatşünaslıqda bəlli olduğu kimi, ən çətin şeylərdən biri, əsərin yaxşı olması, yoxsa xoşuma gəlməsi ölçüləri arasında olan seçimin müəyyən edilməsidir. Yəni, bizdə bəzən hansısa hekayə, ya roman tənqidçinin xoşuna gəlmirsə, o dəqiqə yarlıq vururlar: əsər alınmayıb. (Yenə təkrar edirəm, mən “Lotereya” hekayəsinin ideya və məzmun cəhətlərini yüksək qiymətləndirirəm, sadəcə, bizim müasir dövrdə yazılan hekayələrin bir növ, onun kölgəsində qalması fikrini qəbul etmirəm).

İradə xanım həmin kontekstdə yenə bizim müasirlərimiz olmayan Lev Tolstoyun “İvan İliçin ölümü”, Çexovun “6 nömrəli palata”, Buninin “San-Fransiskolu cənab”, Heminqueyin “Qoca və dəniz” kimi uzun hekayələrini misal çəksəydi, müəyyən mənada razılaşmaq olardı. Təbii ki, bizim yazarlarımızın elə ucdantutma şedevr, əla hekayələr yazmaq fikrində də deyiləm. Amma istənilən halda, onların müasir Qərb yazıçılarından aşağı səviyyəli mətn yazmaları tezisini qəbul etmirəm. /“Ədəbiyyat” qəzeti” /

# 2087 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #