63 yaşlı, zorlanan qadın haqqında Kann filmi

63 yaşlı, zorlanan qadın haqqında Kann filmi
2 mart 2017
# 14:49

Sevda Sultanova

Antonioninin “Qadının identifikasiyası” filmində pəjmürdə halda güzgüyə baxan qadın kişiyə vücudundakı sellülitlərdən narahat olduğunu deyir. Kişinin cavabı təsəllidən çox həqiqət kimi səslənir: “Əgər qadın sevilirsə, demək, o, hələ qocalmayıb”.

Ötən ilin Kann festivalında əsas mükafata iddialı olmuş, holland rejissoru Pol Verhoevenin “Qadın” filmində 63 yaşlı İzabel Yupperin intim, xüsusən də zorlanma səhnələrində aktrisa kimi rahatlığı, bədənindən ustaca istifadəsi üzündə iz salmış zərif qırışlarını da, kadra bir anlıq fiksə olunmuş baldırındakı sellülitü də görünməz edir, onları əhəmiyyətsizləşdirir.

Yupperə peşəkar demək günahdır. Çünki, o, peşəkarlığın ötəsində olan aktrisadır. Fiziki formasını personajına (qeyd edim ki, filmdə Yupper 49 yaşlı qadını oynayır) uyğunlaşdıran, bədənini özünə tabe elətdirən Yupper cəsarətli rolu, cazibədarlığı ilə özündən deyən gənc aktrisalara yenə meydan oxudu.

Bu günlər hamı Oskar mükafatının nəticələrini müzakirə etdiyi vaxtda, siyasi konyunkturadan kənar “Qadın” filmindən danışmaq istərdim.

Yupperin qəhrəmanı Mişel videooyunlar hazırlayan şirkətin rəhbəridir. O, ərindən boşanıb, gənc oğlu ondan ayrı yaşayır. Mişelin rəfiqəsinin əri ilə eşq macərası var. Adi günlərdən birində qara maska geymiş kişi Mişelin evinə daxil olaraq onu döyür və zorlayır. Amma Mişel bu barədə polisə şikayət eləmir. Atası kütləvi qətllər törətdiyi üçün həbsdə yatıb, o vaxt on yaşlı Mişelin də bu cinayətlərdə iştirakı ehtimalı səslənirdi, bu səbəbdən o ictimai diqqəti üzərinə çəkməkdən ehtiyatlanır.

Zorlanma aktı vaxtaşırı davam edir. Mişel sonradan bunu törədənin qonşuluğunda yaşayan ciddi, centlmen görünüşlü, ailəli gənc kişi olduğunu öyrənir...

Filmin adı fransızcada “Elle” adlanır. Elle qadın cinsinə aid şəxs əvəzliyini bildirir. Bizim dildə şəxs əvəzliyi cinslərə ayrılmadığı üçün “qadın” kimi çevirməyi uyğun hesab elədim. Həm də ona görə ki, bu, daha çox qadın filmidir. Daha doğrusu məişətində, kişi ilə münasibətlərində, həyata baxışında postekzistensializm dönəmini yaşayan müasir qadın filmi.

Müxtəilf qadın obrazları – Mişelin oğlunun sevgilisi, rəfiqəsi, onu zorlayan kişinin arvadı, gənc məşuqla yaşayan anası, keçmiş ərinin sevgilisi belə Mişeldə ümumiləşir. Onların hər birindən Mişel özündə bir parça daşıyır.

Verhoeven məşhur “Əsas instinkt” trillerində kişini qadınının təhlükəli intriqalarından hörülən oyunun içinə atır. “Dördüncü kişi” dramında isə kişiləri qadının qurbanına çevirir.

Son ekran işində isə rejissor daha irəli gedir, kişi personajlarını demək olar ki, amansızca, mərhəmət göstərmədən aşağılayır və sanki müəllif özü də qadın qəhrəmanının mövqeyindən həzz alır.

Zorakılıq göstərən, xəyanət eləyən, təhqiramiz söz deyən kişilər bunun üçün fiziki, emosional, ağıl gücü sərf edir. Qadın isə güc qarşısında xüsusi səy göstərmir, bir baxış, bir söz, bir jest, bir flirt kifayətdir ki, kişilər zəif düşsün.

Mişel onu aşağılayan işçisini soyuqqanlı baxışıyla susdurur, ondan ayrılıb, özündən gənc sevgilisi ilə yayşayan, yazıçı kimi uğursuz ərinə təsəlli verir. Amma onun təsəllisindəki təhqiramizliyi əri hiss edə bilmir.

Finalda Mişelə ərini öldürdüyü qadın sevgiylə gülümsəyir, təşəkkür edir. Təşəkkür edir ki, qəlbi yaralı olan ərini qısa müddətdə olsa da, ona istədiyini verir. Mişel tərəfindən xəyanətə uğrayan rəfiqəsi isə ərini tərk edir. Sonda Mişellə birgə yaşayışı seçir...

Qadın ətrafı ilə ünsiyyət çətinliyindən, hissi bağlantını qura, öz təyinatını anlaya bilməməsindən narahat olmur, onunla bunların niyə baş verməsindən heç kəsi sorğulamır, özünü belə sorğulamır, cavab axtarmır, əzab çəkmir, sanki mənəvi ağırısı belə yoxdur. O, “mən cismən burdayam” deyir. Filmin əsas ideyası da orda açılır, cismi dünyada olub, ruhi, mənəvi nəsə hiss eləməyən qadının yaşam modeli. Təsadüfi deyil ki, mərkəzdə də onun bədənidir, hətta məşuqu Roberlə sevişəndə belə o yataqda ölmüş qadın rolunu oynayır. Və kişinin nekrofil istəyini təmin edir.

Rejissor Hollivud filmlərinin klişelərini yeniləyir.

Misalçün, Hollivud flmlərində silsilə qətllər törədən manyak qurbanını manipulyasiya edir, qurban qorxu, ekstremal vəziyyətdə yaşayır.

Burda da qadın qurban rolunda qalır, amma müəyyən korrektələrlə. O, təhlükəli intim oyunu həyatının zövqünə çevirir. Və kişini oyundan yorulanda öldürür.

Qəhrəmanı kimi Verhoevenin özü də film boyu hər şeyi tamaşaçıya anlatmağın qayğısına qalmır.

Bəlkə gerçəkdən də müasir dünyada yaşamağın məqbul, rahat yolu budur, ruhu unudub cismən yaşamaq, olanları sorğulamaq, anlamaqdan və anlatmaqdan vaz keçmək...

# 1879 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #