Öz ucalıqlarını sübut etdilər

Öz ucalıqlarını sübut etdilər
14 fevral 2017
# 17:45

Azərbaycanın Xalq artisti, professor, "Şöhrət" və "Şərəf" ordenləri kavaleri Canəli Əkbərovun ölkənin musiqi mədəniyyətinin, xüsusilə muğam sənətinin inkişafında misilsiz xidmətləri olan sənətkarları "uf" demədən aşağılaması nə təəccüb, nə də təəssüf doğurur. Elə bir hiddət doğurur ki, onun ağrısı bu gün bütün Azərbaycan ziyalılarının, ictimai fikrinin qəlb sızıltılarına çevrilib. Bu da səbəbsiz deyil.

Barəsində heç bir məsuliyyət hissi keçirmədən böhtan və təhqir dolu sözlər dediyi sənətkarlar öz yüksək ifaçılıq bacarıqları və şəxsi mənəvi keyfiyyətləri ilə çoxdandır ki, müqəddəs muğamlarımızın simvollarına çevriliblər. Təsadüfi deyil ki, bu sənət korifeyləri artıq on ikinci ildir və altıncı dəfədir ki, xalqımızın mənəvi - mədəni irsinin qorunub saxlanmasına müstəsna xidmətlər göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təməlini qoyduğu və xalqımız tərəfindən milli musiqi irsimizə məlhəm kimi dəyərləndirilən "Muğam müsabiqəsi"nin münsiflər heyətinin hər dəfə adları alqışlarla qarşılanan üzvləridir. Onlar həm də sadəcə münsiflik etmirlər, hər müsabiqəyə üzərində illərlə əziyyət çəkdikləri yetirmələri ilə gəlirlər. Hazırda yenə növbəti müsabiqə üçün istedadlar axtarışındadırlar.

Maraqlıdır ki, respublikamızın bütün tanınmış, bəzən heç tanınmamış muğam ifaçılarının həmin müsabiqələrdə azı bir-iki tələbəsi iştirak etdiyi halda, Canəli Əkbərovun bir tələbəsini belə orada görən olmayıb. Hələ onu demirik ki, çıxdaş mənəviyyata belə sığışmayan təhqiramiz şəkildə adları çəkilən bütün xidmətlərini qoyaq qırağa, elə yüzlərlə biri-birindən gözəl, illərdir sevilə-sevilə oxunan mahnılarının tək biri ilə Azərbaycan musiqi sənətində öz möhürü olan Əlibaba müəllim, səsi Davud Peyğəmbərə, kişi yaraşığı Yusif Peyğəmbərə bənzədilən, "Rast"ı, "Şur"u, "Segah"ı, "Cahargah"ı və ümumiyyətlə nə oxuyubsa hamısı sənət möcüzəsi olan Arif Babayev, qadın ləyaqəti ilə sənətkar ləyaqətinin vəhdətindən muğam ustadı zirvəsinə çatan Səkinə xanım, təkcə respublikada deyil, neçə - neçə xarici ölkələrdə öz yüksək sənətkarlıq istedadı, intellekti ilə ürəkləri fəth edən, canından can qoyub 130 dəfədən çox Məcnun ömrü yaşayan, neçə-neçə məcnunlar, leylilər yetişdirən Mənsum İbrahimov artıq neçə-neçə xalq, əməkdar artistlər yetişdiriblər. Mübaliğəsiz demək olar ki, bu sənətkarlar artıq söz sahibləridir. Özü də hamının sevə-sevə qəbul etdiyi söz sahibi.

Bir maraqlı cəhət də odur ki, yaşlı - cavan sənətkarların hamısı - bütün münsiflər heyəti onun münsif olmağına qəti etiraz ediblər. Bəlkə də bu etiraz C.Əkbərovdan başqa heç kəsə olmazdı. Bu barədə fikirləşmək lazım idi. Onun bu böhtan və təhqirləri həmin etirazların tam düzgün olduğunu bir daha sübut etdi. Yaxşı, bu məsələ açılmayaydı və onu da münsif seçəydilər. Bu cür nifrət bəslədiyi insanlarla o, orada necə oturacaqdı?

Maraqlı cəhətdən biri də odur ki, axı bu sözü deyən sıradan biri deyil. Özünün dediyi kimi, bir ailənin, bir elin ağsaqqalıdır. Gənc nəsildə belə bir formalaşmaz ki, dünənə qədər özlərinə örnək saydıqları sənətkarları bir anın içindəcə yerə vurmaq, təhqir etmək olarmış və bu adidən adi bir işmiş? Deməli, hər şeydən əvvəl, həm də gənc nəsil haqqında fikirləşmək lazım idi.

Bəli, elə bu qeydlər də ondan ötrü idi ki, heç olmasa bundan sonra tanınmış sənətkarlar harda olmağından asılı olmayaraq bir-biri haqqında söz deyəndə hərtərəfli düşünsünlər və... yaxşı söz desinlər. Yaddan çıxarmasınlar ki, qəzəllərini sevə-sevə oxuduqları Böyük Füzuli deyib ki:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

Nəhayət, heç kəsə lazım olmayan bu hadisədə hamıya bir təsəlli həm də o oldu ki, bizim korifey sənətkarlarımız sözə ehya verərək haqlarında söylənənlərə yenə də öz yüksək mədəniyyətləri və mənəvi ucalıqları ilə cavab verdilər.

İsgəndər Allahverən

# 747 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #