“Dodaqlarım artıq bakirə deyil” – Bircənin romanı

“Dodaqlarım artıq bakirə deyil” – Bircənin romanı
10 fevral 2017
# 13:25

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Etika-estetika fənnini bizə Xuraman adlı çox savadlı, çox mədəni, həm də sonsuz bir qadın keçirdi. Bu qadın qısa müddətdə mənə candan-könüldən bağlandı. Məni övladı kimi bəsləyən, bir dəqiqə gözündən qoymayan Xuraman müəllimə vurub kənddəki evimizəcən getdi, atam-anamla tanış oldu, onlara da, qardaşlarıma da yalvardı ki, Bircəni mənə verin. Siftə-siftə bizimkilər onun bu diləyini aqressiv qarşıladılar, sonra qadının içini-çölünü yaxşıca öyrənib dincəldilər.

Xuraman müəllimə məni hansısa ali məktəbə qəbul elətmək üçün sonadək mübarizə apardı, mən peşə məktəbinin birinci kursunu bitirəndən sonra sənədlərimi alıb institutlardan birinin qəbul komissiyasına aparmağa çox çalışdı, ancaq kurs iki illik olduğundan məktəbin rəhbərliyi sənədlərimi ona verməkdən imtina elədi.

Bu xeyirxah, son dərəcə mərd, alicənab qadın mənim içimi dərinliklərinəcən görürdü, mənə böyük dəyər verirdi, məni ana kimi, sevgili kimi duyurdu. Arabir məni evinə aparırdı, oturub saatlarla üzümə baxırdı, məni imtahan eləyirdi, mən də hardan, hansı kitabdan soruşurdusa, ordan cavab verirdim. Valideynlərimin mənim biliyimə, istedadıma biganə yanaşması onu yandırıb-yaxırdı.

Paralel qrupda oxuyan Xumar adlı qızla dostluq eləyirdim. Onun da atası bizimkilər kimi son dərəcə mühafizəkar idi. Xumar evlərində məndən o qədər danışmışdı ki, bir gün gördüm atası məktəbə gəlib. Kişi məni bir xeyli sorğu-suala tutdu, özü də tarixi çox gözəl bilirdi. Mən ona Varfolomey gecəsindən, qugenotların kütləvi qətlindən danışanda göz yaşlarını saxlaya bilmədi, qalxıb məni bağrına basdı:

- Haram olsun mənim qızıma! Bu, xəritədə adı olmayan ucqar kənddən gələn sən, bu da mənim şəhərin mərkəzində oxumuş qızım. Elə bir ata kimi mənə də haram olsun!..

Sonralar Xumarın atası məni evlərinə qonaq apardı. Mən o geniş evi otaq-otaq gəzdim: yataq otaqlarının hamısında divarlara hind aktyorlarının şəkilləri vurulmuşdu. Evdə bir dənə də kitab gözümə dəymədi. Xumarın anası ilk vaxtlar mənlə isti davranmadı, əlbəttə, bir kəndçi qızının yanında öz qızının mənən yoxsul, savadsız görünməsi onu sevindirməmişdi. Sonralar o qadın da mənə mehrini saldı...

***

Birinci kursu bir az sevincli, bir az sönük, bir az da qəzəbli başa vurdum. Yersiz-səbəbsiz güdüklər, izləmələr məni canımdan usandırmışdı. Dayım Xuraman müəllimənin mənə sonsuz sevgisini heç cür sinirə bilmirdi, bu münasibətin tərkibində şübhəli, çirkin bir qatqı axtarırdı. Bir də görürdün axşamüstü Xuraman müəllimə əriylə birlikdə qapımızı kəsdirdi, yalvar-yaxarla məni qardaşlarımdan alıb apardı. Teatra da, filarmoniyaya da ilk dəfə onlarla getmişəm. Üzlərini ancaq televizorda gördüyüm müğənniləri, aktyorları canlı-canlı görmək məni xoşbəxt eləyərdi.

Di gəl, evə qayıdandan sonra dayımın öyrətməsiylə Hakim hamısını burnumdan tökərdi. Dayım qardaşlarımın beynini doldurmuşdu ki, bu qadın məni aparıb pis yola salacaq; yoxsa ona nə düşüb ki, dünən kənddən gəlmiş üstü təzəkli bir qızdan ötrü bu qədər əziyyət çəkir, pul xərcləyir... Xuraman müəlliməylə gəzintidən qayıdandan sonra evdə məndən haralara getdiyimizi, nə iş gördüyümüzü dönə-dönə soruşurdular, eyni şeyi bəlkə on dəfə təkrarlayırdım, yenə inanmırdılar. Axırda Xuraman müəlliməylə görüşməyi mənə qadağan elədilər.

Yenə sarsıldım. Yenə günlərlə ağladım. Yenə harayıma çatan olmadı. Xəstələnib yatağa düşdüm, bir həftə dərsə gedə bilmədim. Mənim dərsdən qaldığımı görən Xuraman müəllimə neçə gün sonra evimizə gəldi. O gələndə mən canımla əlləşirdim. Bizdə həmişəki kimi mehriban qarşılanmadığını görən qadının, deyəsən, dalağı sancmışdı. Bununla belə, müəllimə yastığımın yanını kəsdirib göz yaşı tökdü, qardaşlarıma yalvardı ki, verin Bircəni aparım öz evimə, Bakının ən yaxşı həkimlərinə göstərim. Ancaq bundan sonra da dayımın, qardaşlarımın üzündəki buzun əriməməsi mələk könüllü qadını dəhşətə gətirdi, yazıq bu xoflu, qəlbiqara adamların rəftarından heç nə anlamadan çıxıb getdi.

On gündən sonra hardansa bir bülleten tapıb qoltuğuma verdilər. Məni məktəbə aparan dayım yol boyu mənə bir də o qadına yaxın getməməyi, bülleten barədə, ümumiyyətlə, heç nə barədə ona bir kəlmə də deməməyi bərk-bərk tapşırdı. Dayım yol uzunu danışır, mənimsə eləcə qulaqlarım uğuldayır, beynimə söz girmirdi.

Bir müddət sevimli müəlliməmin gözünə görünmədim. O da arif adamıydı, ondan qaçdığımı görüb mənə yaxın gəlmirdi. Evdə isə fasiləsiz fırlanan dəyirmanın çax-çaxı qulaqlarımın pərdəsini cırırdı.

Bu arada Xuraman müəllimə həlim ürəkli, özü boyda nur topası, eşq yumağı olan qardaşım Səməndərə məktub yazmışdı (mən bundan sonralar xəbər tutdum). Məktuba Natəvanın “Qoyubdur intizarında neyçün gəlməz, neyçün gəlməz...” qəzəlinin ilk beytiylə başlamışdı. Burasını da deyim ki, müəlliməm qardaşlarımın hamısını bəyənsə də, demokratik ruhlu Səməndəri o birilərdən seçirdi. O məktubda qadın mənə olan analıq sevgisini, özünün övladsızlıq yanğısını, mənə istəyinin təmənnasızlığını necə, hansı dillə anlatmışdısa, Səməndər məktubu oxuyan kimi durmayıb birbaşa Bakıya gəlmişdi.

Şəhərə çatar-çatmaz Səməndər dayımla da, burdakı qardaşlarımla da çox kəskin mübahisə elədi, sonra məni də yanına alıb Xuraman müəllimənin ziyarətinə getdi. Qadın bizi pəncərəsi dənizə baxan çox gözəl, rahat, səliqəli evinin qapısı ağzında görəndə sevincindən ağladı, məni bağrına basıb uzun-uzadı öpdü, qoxuladı, öpdü, qoxuladı. Mən doğulandan ana sevgisi dadmamışdım deyə düşünürdüm ki, yəqin ana elə belə olur...

Səməndər körpüləri bərpa eləyəndən sonra mənim Xuraman müəlliməylə ana-bala münasibətim o pak insanın son gününəcən davam elədi...

***

İyunda yığışıb kəndə qayıtdım. Qəti qərara gəlmişdim ki, ikinci kursu oxumayacam, çünki dayımgilin, Hakimin əlindən daha cana yığılmışdım. Bütün yayı qonşularımıza, gəlinlərimizə paltar tikdim, bacılarımı, bibimi bəzədim. Tikib başa gətirdiyim hər don, hər ətək mənə ayrıca zövq verirdi, həm kiminsə işinə yarımağımdan, həm də gördüyüm işi yarıtmağımdan ləzzət alırdım. Saçlarım artıq xeyli uzanmışdı. Burnum arada-sırada qanamağındaydı. Anam mənim əl işlərimə elə də məhəl qoymurdu, girəvə düşdükcə üstümə qışqırmağından da qalmırdı.

Özümə cədvəl tutmuşdum: tək günləri yaxınlarıma pal-paltar tikir, cüt günləri anamın tapşırıqlarını yerinə yetirirdim – mürəbbə bişirir, banka bağlayır, meyvə qurudurdum.

Şəhərdə Əli heç yadıma da düşmürdü, kəndə gələndən sonra isə beynimin bir yarısı gördüyüm işdə, bir yarısı da onun yanında olurdu. Günorta hamı yatanda mən dirrikdə ləklərin arasında, bağda ağacların dibində qurdalanırdım. Şaxda qalmış göy lobyalar quruyub dənlənmişdi – həmin yay mən bir iri kisə lobya paxlası yığıb qurutmuşdum, çoxlu aş lobyası arıtlayıb, pal-paltardan artıq qalmış alabəzək parçalardan tikdiyim torbalara yığmışdım. Ərik ağaclarımızın barlı budaqları yerə dəyirdi; nəinki meyvələrini, hətta çəyirdəklərini də qurudub qışa tədarük görmüşdüm. Fikrim qətiydi – sentyabrda şəhərə qayıtmayacaqdım.

Mənim niyyətimdən xəbər tutan Aqil dərslərin başlanmasına az qalmış kəndə gəldi. O məni təhsilimi yarımçıq qoymayım deyə çox dilə tutdu, gələcəyimin parlaq olacağına məni inandırmağa çox çalışdı. Ancaq yenə yola gəlmədim, öz növbəmdə mən də qardaşımı inandırmaq istədim ki, özcə əzizlərim məni şəhərdən iyrəndiriblər. Kamil də mənə dəstək olmağa söz verdi, dayımla, Hakimlə danışdı ki, məni rahat buraxsınlar. Onda mən razılaşıb Aqillə Bakıya qayıtdım...

Daha dərsə özüm gedib-gəlirdim. Hətta bir dəfə qrup qızlarına qoşulub kinoya da getmişdim. Düzdü, film bitənəcən iynə üstündə oturdum, öz azadlığımdan ləzzət ala bilmədim, içimə gün düşmədi, heç filmin süjeti də yadımda qalmadı. Sonrakı günlər yenə arabir sağa-sola dönsəm də, heç yerdə qərar tuta bilmirdim, heç kimin yanında ləngiyib dinclik tapa bilmirdim, tez evə qaçmaq istəyirdim; üstəlik də, evdəkilərin üzünə suçlu kimi baxırdım, elə bilirdim gec gəldiyim üçün yenə məni danlayıb ağladacaqlar.

O yaşımda özümü qocalmış, pırsımış bir qarı kimi hiss eləyirdim. Hakim yenə dırnaqlarıma lak çəkməyə, üz-gözümə ənlik, kirşan vurmağa qoymurdu, həftədə bir yol çantamı gəzirdi ki, birdən orda nəsə bir kosmetik əşya gizlədərəm. Doğrusu, kosmetikaya-filana özümün də elə marağım yoxuydu, bunlardan istifadə qaydasını da düz-əməlli bilmirdim. Səhərlər sağollaşıb evdən çıxanda Hakim tez qabağıma qaçıb sir-sifətimə diqqətlə göz gəzdirəndən sonra məni bayıra ötürürdü.

***

Peşə məktəbində oxuduğum iki ildə bir hadisə də yaddaşıma ömürlük iz saldı.

Qrupumuzda Mehri adlı çox qəşəng, bir az da key kimi hərlənən qız vardı. Aran zonasından idi, kənddə böyümüşdü. Eşitmişdim ki, hardasa bacısıgildə qalır. Qız üzündən oxumağı belə düz-əməlli bacarmırdı. Bir qəribə xasiyyəti vardı: dərs bitən kimi yapışırdı üzünə gülən qızların birindən ki, gedirəm sizə, bu gecə sizdə qalacam. Qızlarımızın da çoxu yataqxanada, bir qismi isə qohum-əqrəba evində qalırdı. Heç kim Mehrini özüylə aparmaq, özünə yük eləmək istəmirdi. Dəfələrlə görmüşdüm – qızlar onu aldadıb ya dayanacaqda, ya da metroda azdırırdılar, yazıq qalırdı ora-bura vurnuxa-vurnuxa.

Mənsə onun bu sərbəstliyinə həsəd aparırdım.

Bir gün Mehri utana-utana mənə də yaxınlaşdı:

- Bircə, olar bu gecə sizdə qalım?

Etiraz eləmədim. Qız sevinə-sevinə mənə qoşuldu. Onun qəlbini qırmasam da, ürəyimdə səksəkə vardı, dayımdan arxayın deyildim: yenə başlayacaqdı ki, nə bilirsən bu kimdi, bəlkə elə bir xəstəliyi var, nə bilim, daha nələr, nələr... Bununla belə, qıza yox deməyə üzüm gəlmədi.

Aqil, nişanlısı, bir də bacım qonağımı çox yaxşı qarşıladılar. Hakim dəhşətə gəlmişdi ki, belə gözəl qızı necə başlı-başına buraxmaq olar?.. Evə girəndən mənim bir gözüm Mehridəydi: qız süfrə arxasında rahat əyləşdi, yedi-içdi, tez bir zamanda evdəkilərə qaynayıb-qarışdı.

Gecə hamı yatandan sonra Mehri məndən soruşdu:

- Sənə bir söz desəm, məktəbdə danışmazsan ki?

Bu qızı o qədər hissiz-duyğusuz bilirdim ki, mənimçün maraqlıydı: görəsən, nə deyəcək? Ona toxtaqlıq verdim:

- Arxayın ol, ürəyindən nə keçir, de gəlsin.

Qız həndəvərə gizli-gizli baxınandan sonra pıçıldadı:

- Bircə, mən bədbəxt olmuşam!

Mən yerimdəcə qurudum. Mehri bir yumub beş tökdü, gözündən sel getdi. Ona yazığım gəldi, qızı qucaqlayıb bağrıma sıxdım, yalvardım ki, dərdini mənə danışıb yüngülləşsin.

Demək, Mehrinin xəstəxanada işləyən bacısı iki gündən bir gecə növbəsinə qalırmış. Həmin gecələri bacısının ərinin də, körpə balalarının da qayğısını Mehri çəkirmiş. Arvadının evdə olmadığı gecələrdə yeznəsi qızın yatağına hücuma keçir, onun başına olmazın oyunlar açırmış...

Mehri danışdıqca mən titrəyirdim. Nənəmin illər uzunu nədən mənə bir əsgər sayıqlığıyla keşik çəkdiyini, niyə məni doğmaca qardaşlarımdan belə qoruduğunu indi-indi anlayırdım. Handan-hana özümə gəlib həyəcanla soruşdum:

- O sənə toxunub, bakirəliyini pozub?

Mehri:

- Yox, - dedi, - ancaq döşlərim, dodaqlarım artıq bakirə deyil. Dərdimi heç kimə danışa bilmirəm...

Qız üstümə atılıb yenə zar-zar ağladı. Yeznəsi Mehriyə bərk-bərk tapşırırmış ki, bu sirri kiməsə açsa, onu öldürəcək. Demə, bu yazıq, əlacsız qız hər gün buna görə qızlardan birinə qoşulub getmək istəyirmiş.

Xəcalətimdən yerə girmək istəyirdim, çünki qızlara qoşulub mən də Mehrini çox ələ salmışdım, onun dərdindən-sirrindən xəbərim olmamışdı. İndi bilmirdim vicdanımı bu ləkədən necə arındırım. Üstəlik, onun azadlığına qibtəylə baxmışdım deyə azadlığın özü də gözümdən düşmüşdü.

O gecə Mehri qorxusuz-ürküsüz yatdı. Səhər dərsə gedəndə yol boyu ona yalvardım:

- Gəl kömək eləyim, səni yataqxanaya köçürək. Ya da çıx get evinizə.

- Yataqxanaya köçməyimə bacım razı deyil. Evimizə qayıtmağa da yeznəm imkan vermir, deyir getsən, bütün kəndə yayacam ki, burda pozğunluq elədiyinə görə məktəbdən qovulub.

Mən o alçağın həvəsini qursağında qoymaq üçün hər bir addımı atmağa hazır idim. Düşünürdüm ki, heç nə də alınmasa, evdəkiləri razı salıb Mehrini evimizə gətirərəm. Elə bilirdim vəziyyəti üstüörtülü anlatsam, qardaşlarım da mənlə razılaşarlar.

Məktəbə çatanda hər şeyi olduğu kimi Xuraman müəlliməyə danışdım. O da eynən mən Mehrini dinləyəndə düşdüyüm hallara düşdü. Əvvəl-əvvəl inanmadı, dedi bəlkə qız yalan danışır. Özü Mehrini yanlayıb, zavallı qızın başına gələnləri yerli-yataqlı öyrəndi. Ardınca Xuraman müəllimə yubanmadan məsələni direktora çatdırdı. Direktor da Mehrinin savadsız atasını rayondan çağırdıb qızını ona təhvil verdi. Onda diplom almağımıza hələ altı ay qalırdı. Adını belə qoydular ki, məktəb təmirə dayanır deyə qızlar evə göndərilir.

Mehrini bir həftə evimizdə saxladım. Bir də diplom paylananda onu şəhərə çağırdım, diplomunu özünə verib yenidən kəndə yola saldım.

Diplomunu almağa gələndə Mehri artıq nişanlanmışdı, həm də çox xoşbəxt idi. Bu qəziyyədən sonra illər boyu hansısa qorxulu filmdə nəsə bir əcaib məxluq gördümsə, Mehrinin yeznəsinə bənzətdim. Hərçənd o xoşqeyrətin nə üzünü, nə şəklini görmüşdüm. Bəlkə də nə vaxtsa yanımdan keçib, bilməmişəm.

ardı var

# 1824 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #