Ərtoğrul Kamalov: “Tamaşaçının qabağında soyunaraq roldan-rolda girirdim” - MÜSAHİBƏ

Ərtoğrul Kamalov: “Tamaşaçının qabağında soyunaraq roldan-rolda girirdim” - <span style="color:red;">MÜSAHİBƏ
7 fevral 2017
# 11:41

Kulis.az rejissor Ərtoğrul Kamalovla müsahibəni təqdim edir.

- Ərtoğrul bəy, əvvəlcə özünüzü təqdim edərdiniz... CV-nizə rejissor yazırsınız, yoxsa aktyor?

- (Gülür). CV-yə məcburiyyət qarşısında peşən qeyd edilir. O məcburiyyətdən də mənim CV-ə də aktyor-rejissor yazılır. Ancaq o məcburiyyət olmasa, sərbəstlik yaransa onda CV-yə “aktyor-rejissor” yazmaram. Sadəcə adımı qeyd edərəm. Hansı peşənin sahibi olmağım nə önəm kəsb edir ki?

- İncəsənət Universitetində aktyorluq təhsili almısınız...

- Bəli. Vaqif İbrahimoğlu kurs rəhbərimiz olub. Dram teatrı və kinoaktyorluq fakültəsində. Məmmədsəfa Qasımov da kursun müəllimi olub. Özümü bu mənada çox şanslı hesab edirəm. Çox yaxşı, peşəkar insanlarla bir yerə düşdüyüm üçün, ümumiyyətlə, YUĞ Teatrında fəaliyyət göstərdiyim üçün...

- Nə vaxt qəbul olunmuşdun?

- Mən orta məktəbə tez getmişəm. 2007-ci ildə universitetə sənəd vermişdim. O vaxt maraqlı bir hadisə olmuşdu. 2006-cı ildə bir qəzet açılmışdı. Sadəcə indi qəzet ortada yoxdur deyə adını demirəm. O qəzetin fəaliyyəti dörd, ya beş ay çəkdi. Mən də onda özüm üçün cızma-qara eləyirdim. Orta məktəbdə oxuya-oxuya həm də işləyirdim. Jurnalistikaya da dəhşət marağım vardı. Beləcə, jurnalistikaya sənədlərimi verdim, 8 balla kəsildim. Məktəb vaxtı hansısa şairin şeir gecəsini, görüşünü mən hazırlayırdım. Atam da məktəbin direktoru idi. Mən kəsiləndə atam da, məktəbin müəllimləri də dedilər ki, sənin incəsənət qabiliyyətin var, niyə o sahəyə getmirsən. Açığı, mənim də incəsənət sahəsindən çox zəhləm gedirdi. İncəsənətin içindən xəbərim yox idi. Sadəcə kənardan, televizordan təqdim olunan incəsənət mənə bayağı gəlirdi. Bu düşüncəylə İncəsənət Universitetinə sənədlərimi verdim və necə oldusa qəbul olundum. Vaqif İbrahimoğlu, Məmmədsəfa televizordan tanıdığım adamlar idi. Məmmədsəfa müəllim ilk gün dərsdə hamımıza sual verdi ki, niyə bu universiteti seçmisiniz, niyə aktyor olmaq istəyirsiniz. Məni ayağa qaldırıb soruşdu. Dedim, jurnalistikaya sənəd vermişdim, kəsildim, sonra düşündüm ki, daha eybi yoxdur, gedim aktyor olum. O cavabımdan sonra Məmmədsəfa müəllim məni qaralamışdı (gülür). Hər dərsdə təkrar-təkrar mənə deyirdi ki, sən bura elə-belə gəlmisən. Ancaq Məmmədsəfa müəllim də, rəhmətlik Vaqif İbrahimoğlu da dərsdən sonra məni və bir neçə kurs yoldaşımı ayrıca dərsə çağırırdı. Allah Vaqif İbrahimoğluna rəhmət eləsin! Bizim üstümüzdə əməyi çox böyükdür. Yekəxanalıq kimi çıxmasın dediklərim, amma Vaqif müəllimin, Məmmədsəfa müəllimin və YUĞ-un sayəsində mən bu sahədə qaldım. Yoxsa mən başqa sahəyə üz tutacaqdım.

- Universiteti bitirən kimi YUĞ-a keçdiniz?

- Yox, artıq ikinci kursdan Vaqif müəllim məni YUĞ teatrında işə götürdü. İlk tamaşam Migel de Servantesin “Don Kixot”u əsasında “Psix” tamaşası olmuşdu. Don Kixot, Sanço Pansa, hətta Dulsineyanı oynayırdım. Tamaşaçının qabağında soyunaraq roldan-rolda girirdim. Həmçinin o tamaşada Vaqif müəllimə ikinci rejissor kimi xırda-para kömək də edirdim. Gümrah Ömərin “Naməlum Axundzadə” tamaşasında da ikinci rejissor kimi işləmişəm. Bundan sonra Vaqif müəllim icazə verdi ki, özüm tamaşa qurum. Yaqut Paşazadə və Amid Qasımovun rol aldığı ilk tamaşamı qurdum. Aktyor kimi filmlərdə rol almışam. Fariz Əhmədovun “Mayak” filmində, Xəzər TV-də “Həyat varsa” serialında oynamışam.

- Bir neçə il əvvəl Dərbəndə getmişdim. Orda teatrın vəziyyəti acınacaqlı idi. Sizi baş rejissor təyin etmişdilər.

- Mən hər şeydən əvvəl azərbaycanlıyam. Əgər hardasa teatrın nöqsanını görürsənsə və sən də bu sahədə çalışırsansa, mütləq onu deməlisən. Bu fikirlərimə görə məni tənqid etmişdilər. İndi Dərbənd Azərbaycan teatrında işləmirəm. Amma onu deyim ki, o teatrda bir-iki istedadlı gənc var. Bilmirəm, o gənclərə kim kömək etməlidir? Azərbaycan tərəfmi, Dağıstanmı, yoxsa Rusiyamı? Fərqi yoxdur. Amma o gənclərə kömək mütləq lazımdır. İstedadları, həvəsləri elə bir həddədir ki, sadəcə onların təhsil almağına kömək əli uzatmaq gərəkdir.

- Çoxu təhsilsizdir...

- Əlbəttə. Başqa sahələrdən təhsilləri var. Teatr təhsili yoxdur.

- Orda teatr binası da yoxdu...

- Yox dərəcəsindədir... Dörd-beş kabinetdi, sadəcə.

- Bəs tamaşalar harda göstərilir?

- Ləzgi Dövlət Teatrında... Amma Azərbaycanda bu dəqiqə ən pis vəziyyətdə olan teatr da Ləzgi Dövlət Teatrının vəziyyətindən yaxşıdır.

- Amma nisbətlə götürəndə...

- Bəli, nisbətlə götürəndə Dərbənd şəhərində ən yaxşı teatrdır. Üç dövlət teatrı var, bir də özəl tat teatrı. Deməli, Tabasaran, Ləzgi, Azərbaycan dövlət teatrları.

- Bəs rus teatrı?

- Dərbənddə yoxdu, Mahaçqalada var.

- Ən yaxşı vəziyyətdə Ləzgi Dövlət Teatrıdır?

- Bəli. Birinci oradır, sonra Tabasaran, sonuncu da Azərbaycan...

- İndi necədir vəziyyət?

- 2015-ci ildə dövlət Dərbənd Azərbaycan Teatrının binasının yenidən tikilməsi ilə bağlı pul ayırdı. Açığı, indi bilmirəm orda vəziyyət necədir. Ancaq yeni binanın tikilməsi mənim vaxtıma düşməmişdi.

- Sizi əvəz edən baş rejissor yoxdur?

- Yox. Heç kim.

- Mədəniyyət Nazirliyi təyin edir bunu?

- Mədəniyyət Nazirliyi təklif edə bilir. Təyinatı onlar verir.

- Ərtoğrul bəy, rejissor və aktyor kimi fəaliyyətiniz, gənc olmağınıza baxmayaraq, çox böyükdür. Peşəkar sayılırsınız. Ancaq çox qəribədir ki, klip rejissorluğuna keçdiniz son vaxtlar...

- Bu sahəyə keçməyim müğənni Çinarə Məlikzadə ilə oldu. İlk onun klipini çəkdim. 8 ildir Çinarə ilə tanışıq. 5 ildir yaxın ailəvi dostuq. Təbii ki, bu dostluq bir çox vacib məsələləri həll edir. Çinarə olmasın, başqası olsun, dostlarımla münasibətimin işimə təsiri var. Kimsə buna qeyri-peşəkarlıq kimi baxa bilər. Məsələ isə çox sadədir. Siz mənim dostumsunuz və yaxşı bir iş görmək istəyirsiniz. O zaman mən sizə kömək edə bilərəm. Bu iş peşə baxımından mənə xələl gətirməsə, hə, mən o işin arxasınca gedəcəm. Mən Çinarə Məlikzadənin klipini çəkəndən sonra daimi olaraq Çinarənin meneceri kimi də fəaliyyətə başlamışam. Klipin ətrafındakı söz-söhbətlər onu göstərdi ki, biz “Love story” çəkmədik. Biz klip çəkdik. Bir çox kliplərə baxanda görürük ki, maraqlı, rəngli, bəzəkli görüntülər verirlər. Bizim klipi tənqid edənlərin çoxu sadəcə tənqid xatirinə tənqid etmişdi. Bir xanım klipdəki şərab görüntüsünə yazmışdı ki, ayıb olsun rejissora. Mən də götürüb onun fikrini paylaşıb təşəkkür etmişdim (gülür). Yəni o, demək istəyirdi ki, Çinarə xanım şərab içir, tərbiyəsizdir. Belə uyğunsuz, tənqiddən uzaq rəylər var orda. Dəyərli adamlar var ki, onlar da klipi tənqid etmişdi. Mən gələcək kliplərdə onların fikrini nəzərə alacam. Amma klipin bir şərti var. Klip musiqini və müğənnini tamaşaçıya çatdırmalıdır. Vəssalam! Klipdə başqa bir şey yoxdur.

- Bir ara film də çəkmək istəyirdiniz.

- Bəli. “Mükafat” adında bir film.

- Açıqlama vermişdin bu haqda. Maliyyə problemlərinin olduğunu demişdin.

- Maliyyə deyəndə ki... Hələ də o filmdən əl çəkməmişəm. Evim satlıqdadır hələ də. Sadəcə çox aşağı qiymətə satmaq istəmirəm ki, heç olmasa film əmələ gəlsin (gülür). Düzdü, bununla bağlı evdə haqlı narazılıqlar var. Daha doğrusu, narazılıqlar oldu. Sonra izah elədim və sağ olsunlar ki, məni başa düşdülər. Peşə, ideya elə bir şeydir ki, bir gün səni içindən yaxşı mənada qurd kimi yeyə bilir. Bu, bir problemdir əslində. Yaxşı mənada problem. Onu həll etməlisən. Övladın xəstələnəndə pulun var, yox, fərqi yoxdur, sən onu sağaltmalısan, hardan olur-olsun pul əldə edib onu xəstəxanaya aparmalısan, yaxşı həkim tapmalısan. Bu sənin valideyn kimi borcundur. İncəsənəti də o cür təsəvvür edirəm. Yekəbaşlıq kimi çıxmasın. Mən bu sahədə özümü xırda və balaca hesab edirəm. Tural Vaqifoğlu, Mikayıl Mikayılov, Gümrah Ömər və başqalarından zəif rejissor hesab edirəm. Çünki mən onlardan öyrənirəm. Ancaq hesab edirəm ki, mənim qurduğum hansısa tamaşa, çəkdiyim hansısa film mənim övladım kimidir. Onun üçün mən maşınımı da, evimi də satacam. Təki onun çatışmazlığı qalmasın. Ona görə də o film üçün mübarizə davam edir. Hələ bir film də var fikrimizdə. Çinarə Məlikzadənin klipinin təqdimatına bir filmin ssenarisinin olduğunu demişdik. Yəqin, o filmdə də baş rolda Çinarə xanım oynayacaq.

- Ərtoğrul bəy, kommersiya filmlərində rejissor olmaq təklifi gəlsə razılaşarsınız?

- İndi kommersiya filmlərinin demək olar ki, hamısı komediyadır. Məşhur bir fikir var: gülürəm ki, ağlayım. Mən komediya çəkmək üçün kefim yerində olmalı deyil, əksinə çox problemim olmalıdır. Əgər o filmdən gəlir əldə etmək üçün rejissor olacağamsa, mən buna razı deyiləm. Mən bu yola getmərəm.

- Bəlkə də “Azdrama”nın tarixində tamaşa qoyan ən gənc rejissorsan... Onda neçə yaşın vardı?

- 23.

- Çox gənc... “Keçmişdən zəng” tamaşası...

- Bəli... Ukraynalı dramaturq Anatoli Krımın eyniadlı pyesi əsasında hazırlamışdım.

- Necə oldu bu təcrübə?

- Çox əla. 23 yaşındakı bu təcrübə mənim üçün başqa bir ləzzət idi. Bu tamaşa üçün İsrafil İsrafilova təşəkkür edirəm. İsrafil müəllim mənə bir neçə pyes verib dedi ki, hansını seçirsən seç, gəl tamaşanı hazırla. Maksimum bir həftə çəkdi seçimim. Hamısını oxudum. Mənim qəribə xasiyyətim var. Mən həmişə tamaşa hazırlayanda bir neçə pyes oxuyuram. Əgər bir pyesi oxuyanda düşünürəmsə, onu heç vaxt hazırlamıram. Yox, hansısa pyesi oxuyanda gözümün qabağında onu canlandırıramsa, ideyam yaranırsa və öz yaratdığıma gülürəmsə, bax onda həmin pyes əsasında tamaşa hazırlayıram. Tamaşa yaxşı alındı, aktyorların oyunu, texniki tərəf-filan. Amma əvvəl-əvvəl aktyorlar da təsdiqləyə bilər ki, mənim yeni fikrimə qarşı çıxmışdılar. Bu hər bir tamaşanın quruluşu vaxtı baş verə bilər, onları qınamıram. Eyni zamanda mən 23 yaşında “Azdrama”da tamaşa qoyuram. Onların fikirlərimə bir az narahat baxmağı normal idi. Ancaq nə istədiyimi tam izah edəndən sonra onlar fikrimi çox bəyəndilər. Tamaşanı kompyuter oyunu kimi qurmuşdum. Bir çox yerlərdə ekranla səhnəni birləşdirirdik. Tutaq ki, personaj telefonla deyirdi, gəlirəm sizə. Bu vaxt ekranda “GTA” oyunundan personaj binadan çıxırdı, gedirdi otururdu maşına. Və aktyorların plastikası oyun üslubundaydı. “GTA” oyununda necə yeriyir, necə qaçır, eynən elə. Tamaşa “Azdrama”ya yeni hava gətirmişdi. On dəfə göstərildi tamaşa. Amma indi repertuarda yoxdur.

# 3122 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #