Qadın peyğəmbərim

Qadın peyğəmbərim
23 yanvar 2017
# 16:34

Hikmət Kərimoğlu

- Tolstoy deyir ki, həyat bir qatardı, çalış gecikmə. Gecikdinsə bir ömür boyu dəmiryol stansiyasında növbəti qatarın gəlişini gözləməli olacaqsan, növbəti qatar isə heç vaxt gəlməyəcək, heç vaxt...

- Həmişə gecikirsən dəəə.

- Hə...

- Eh kefini pozma, kim bilir, bəlkə də, sənin qatarın heç gəlməyib. Ya bəlkə də çoxdan gedib, sən də axmaq kimi dəmiryol vağzalında eşələnirsən.

Gülümsədi.

Diqqətlə üzünə baxdım. Elə ciddi, elə gərgin danışırdı ki, nə dediyinin hamısını dəqiq başa düşə bilmirdim. Hiss edirdim, üşüyür, bəklə də, üşüyən cismi yox, ruhu idi. Mövzunu dəyişməyə, onu bu söhbətdən yayındırmağa, sakitləşdirməyə çalışdım. Ancaq yalnız qaşlarını dartmaqla “lazım deyil” deyə sərt bir nəzərlə üzümə baxdı. Buz kimi soyuq bir səslə sözünə davam etdi:

- Zarafat edirəm, yəqin ki, sənin qatarın heç gəlməyib.

Sonra nə düşündüsə gülə-gülə əlavə etdi:

- Hə, dəqiq bilirəm, atam, gəlməyib, gəlməyib sənin qatarın.

Sonra çantasını eşələdi. Balaca qara əlcəklərini çıxarıb toppuş əllərinə geyindi: “Haydı, gedək”.

- Hara?

“Üzü küləyə”, - deyə əlavə etdi.

- Sənə soyuq deyil?

- Yox. – Sakit tərzdə dilləndi, - solumu sən bağlamısan, sağım isə deyəsən, hə, bir az üşüyür...

Bu sözləri deyəndə elə gözəl görünürdü ki, adamın ağlı başından çıxırdı. Nəmli, yorğun gözlərindən mənalı bir kədər süzülürdü, deyərdin ki, bu gözlər hər əzaba qatlaşıb, heç birinə də “yox” demədən hər çətinliyi, ümidsizliyi, yorğunluğu dadıblar. Çətinliklə danışırdı, elə bil ki, nə isə mane olurdu. Elə bil gözəgörünməz bir əl boğazından yapışıb gücü gəldikcə onu boğurdu, danışmağına imkan vermirdi. Ya, bəlkə də, bərk şaxtaya düşmüş sifəti donmuşdu, ona görə də çənəsi tərpənmirdi. Yalnız hərdən görünən dilinin ucu ağzında tərpəndikcə dodaqlarından səsinə, sifətinə uyuşmayan şirin bir həssaslıq, həzin bir nəşə süzülüb gəlirdi. İçimdə bir tərəddüd var idi, qorxa-qorxa ona qulaq asırdım, ancaq, elə bil, huşum özümdə deyildi, sanki yarıyuxulu idim. Birdən yuxudan oyanmış kimi oldum. Qəlbimdən ona qarşı isti bir cərəyanın axdığını hiss etdim. Üzünə baxdım, bütün bədənimə, ruhuma, cismimə komanda verib cəsarətə gəldim:

- Bəlkə, sağını da bağlayım, sənə soyuq olmasın. Bilirsən, sənin üşüdüyünü hiss edəndə mən də üşüyürəm, ən çox da ruhum üşüyür...

- Yox, yox, lazım deyil, - deyə üşərgələnə-üşərgələnə qəti şəkildə bildirdi.

Susdum. İkimiz də onun dediyi kimi üzü küləyə doğru addımlayırdıq. Ətraf sükut, səssizlik içində idi. Elə bil ki, bütün şəhər görüşümüzün lal tamaşaçısı idi. Ara-sıra yollarda şütüyən bahalı maşınlar və bir də küçələrdə dolaşan sahibsiz, kimsəsiz pişiklər olmasaydı deyərdin ki, bu şəhərdə heç kim yoxdur, heç kim. Nə qəzet, nə kitab, nə də küçə musiqiçiləri, heç nə gözə dəymirdi. Hamısı, hamısı itib-batmışdı bu şəhərdə. Soyuq kapitalizm küləyi gələndə belə gəlir, insan ruhuna bağlı olan bütün dəyərləri bir andaca silir, süpürür, aparır...

Birdən sifətinə, hərəkətlərinə uyğun olmayan bir səslə danışmağa başladı:

- Mən tez-tez dinləyirəm...

Qeyri-ixtiyari olaraq sözünü kəsdim:

- Kimi? Nəyi?

- Şövkət Ələkbərovanı deyirəm, “Gedək üzü küləyə”... Eh, doğurdan da, sən heç nə başa düşmürsən.

Nə isə demək istədim. Uzun-uzadı nələrsə izah etməyə çalışdım. Amma danışa bilmədim, hiss etdim ki, sözlər Qori düyünü kimi boğazımda düyünlənib qalır. Ürkək nəzərlərim yenidən ona tuşlandı. Qara uzun saçları, küləyin yellədib yanaqlarını sığalladığı telləri diqqətimi cəlb etdi. Ömrümdə ilk dəfə idi ki, belə çılpaq şəkildə qadın gözəlliyini, qadın nəşəsini, qadın dərisinin zərifliyini duyurdum. Qəlbim ülvi bir rahatlıq, sonsuz günah duyğusu ilə döyünürdü. Şıltaq külək isə məni qısqandırmaq üçün onun dalğın saçları ilə rəqs edir, soyuqdan allanmış yanağını sığallayırdı. Birdən üzünü mənə tutub titrək səslə dedi:

- Məni doğurdan sevirsən?

Bu sözləri deyəndə qara, nəmli gözləri alışıb yandı, yanaqları qıpqırmızı qızarıb pörtdü. Və mən o dəqiqə hiss etdim ki, onu əldən buraxdığım illər ərzində bütün keçmiş həyatım, məhəbbətim, saxta, dolaşıq, miskin və bədbəxt imiş. Onu möhkəm-möhkəm qucaqlamaq, bağrıma basmaq, isti nəfəsini içimə çəkib illərin həsrətini canımdan çıxarmaq istədim. Sevgimi sadəcə sözlə yox, əməllərimlə göstərmək istədim. Var gücümü toplayıb bağırmaq, yalquzaq tək ulamaq istədim. Ancaq tez bir zamanda hiss etdim ki, yenidən acizləşirəm. Və tezliklə belə də oldu, həmişə olduğu kimi içimdə baş qaldıran cəsarət hissinə qorxu hissi qalib gəldi, şər, yalan həqiqətə qalib gələn kimi.

Dayandı. Yolun sağında yerləşən qeyri-adi üslubda tikilmiş restoranı mənə göstərib dedi:

- Görürsən?

- Nəyi?

- Restoranı deyirəm.

Restoranın adı diqqətimi cəlb etdi, “Bayquşxana”.

- Qəribədir, bu şəhərdə belə restoran var? İlk dəfədir görürəm.

- Hə, mən də indi gördüm. Bu yolla hər gün işə gedib gəlirəm, amma heç vaxt görməmişəm.

- Bəlkə oturaq?

- Mərc gəlirəm ki, orda iki-üç səfildən başqa heç kim yoxdur.

- Nədən mərc gəlirsən?

-Söz ver ki, mənim dediyim olsa bir də bu şəhərə gəlməyəcəksən, razısan?

Susdum. Nə deyəcəyimi bilmədim.

Üzümə baxıb gülümsədi.

- Yaxşı, yaxş, mənə sifət eləmə.

Sonra isə nə düşündüsə üzünə qəribə bir kədər qondu. Səsini qısıb güclə eşidiləcək bir tərzdə əlavə etdi: “Bilirsən, biz ikimiz də şeytanın övladlarıyıq. Şeytan ruhdu, bizdə onun bədbəxt övladları. Yəni demək istəyirəm ki, gedək ora, Bayquşxanaya”...

Zənnində yanılmamışdı. Doğurdan da, iki-üç “bayquş”dan başqa restoranda heç kim yox idi. Restoranın bir küncünə çəkildik. Paltosunu, şərfini, əlcəklərini çıxarıb bir kənara tulladı. Menyu kitabçasını əlinə götürüb vərəqləməyə başladı:

- Eh, bura, doğurdan da, bayquşxanadı, menyu da bayquşlara xas yemək və içkilərdən ibarətdi. - deyə əlavə etdi.

Susdum. Nə deyəcəyimi, nədən danışacağımı bilmirdim. Ayaqlarımın titrədiyini hiss etdim. Birdən çantasını eşələyib balaca, qara üzlü bir kitabça çıxarıb mənə göstərdi:

- Tanıyırsan?

Müəllifi dərhal tanıdım. Tanrısını öldürüb özündən Tanrı yaradan gənc şairlərdən birinin kitabı idi. Kitabın qeyri-adi adı isə diqqətimi cəlb etdi. Dərhal 140-ı bir kənara atıb yeddi rəqəmi üzərində dayandım, nostalji hislərə qapıldım. İlk tanışlığımız, ilk görüşümüz, ilk sevgim(iz) gözlərim önündə canlandı. Üzümə baxıb gülümsədi:

- 147 dənə sən...

- Niyə 147? Məncə, sən vahidsən.

- Yəni şair demək istəyir ki...

Özümdən asılı olmadan sözünü kəsdim. Sifətimə ciddi görkəm verib ağıllı-ağıllı danışmağa başladım:

- Bilirsən, bu şair qərb fəlsəfəsinin, xüsusilə Nitsşe fəlsəfəsinin təsirində olan bir insandır, onların Allahı da özləridir, sevgisi də. Mənim üçün isə eşq hecaya bölünmədiyi kimi parçalanmazdır. Mən yüzlərlə “SƏN” yaratmağın əleyhinəyəm. Nitsşenin fəlsəfəsində isə “Allah ölüb” fikri ideyalar, ideallar aləminin öldüyünə işarədir. Yəni Platonun təsvir etdiyi aləm. “Allah ölüb” o deməkdir ki, metafizik aləm öz həyatverici qüvvəsini itirib. Çünki Nitsşe fəlsəfəsi bir növ platonizmin əleyhinə idi. Xülasə, qısası, demək istəyirəm ki, Nitsşenin “öldürdüyü” Allah bizim ateist şairlərin düşündüyü Allah deyil.

Diqqətlə üzümə baxıb gülümsədi. Özü üçün qəhvə, mənim üçün isə gürcü çaxırı sifariş verdi və sanki bir anlığa nədənsə narahat oldu, dalğınlaşdı. Sonra yenə üzü güldü. Deyəsən fikirləşib axtardığını tapıb.

- Aha! – Sevinclə dilləndi. – Tapdım!

- Nəyi?

- 147- ni deyirəm, tapdım. Şair demək istəyir ki...

Qeyri-ixtiyari olaraq onun sözünü kəsdim.

- Yəni?

- Bax, burda bir misra var, - kitabı qarşıma qoyub əli ilə altından xətt çəkilmiş misranı göstərdi, - bax burda yazılıb, “Gecə yata bilmirdim, oyandım və 147 dəfə “SƏN” saydım”.

Qəribə bir tərzdə alnını qırışdırıb üzümə baxdı:

- Hey, sən neçə dəfə sayırsan?

- Bilmirəm...

Bir müddət heç birimiz danışmadıq. İkimiz də susub musiqi dünyasına baş vurduq. Yarısərxoş halda gözlərimlə onun sinəsini, boynunu-boğazını axtarıb tapdım. O, çox gözəl görünürdü, heç bir təsvirə gəlməyəcək qədər gözəl. Bu an içimdə qəribə hislər baş qaldırdı, onu al-əlvan işıqlara qısqandım. İşıqların əlindən almaq üçün baxışlarımla onun nəmli gözlərini, dodaqlarını, boyun-boğazını, sinəsini öpüşlərə qərq etdim. Elə bil ki, bir anda nə düşündüyümü, hislərimi, gözlərimin hansı nöqtəyə zilləndiyini başa düşdü. Çəhrayı rəngli yun şərfini götürüb yenidən boynuna-boğazına doladı:

- Bağışla, deyəsən, mənə soyuq oldu. Canım yoxdur ki, yanımdan yel ötən kimi üşüyürəm. Bax ha, mən xəstələnsəm bir də gözümə görünmə, bir il buralara gəldi söhbəti yoxdur! Eşidirsən?

Sonra isə gülüb əlavə etdi: “Yaxşı, yaxşı zarafat edirəm, mısmırığını sallama”.

Cəsarətə gəlib həyatımda ilk dəfə onu rəqsə dəvət etdim. Gülümsədi. Başının hərəkəti ilə razılıq işarəsi verdi. Bu məni çox təəccübləndirdi. Təəccübləndim ki, nə yaxşı rədd etmədi. Belindən tutub ilk addımlarımı atdım. Deyəsən, artıq kiminlə oynadığını hiss etmişdi, ona görə də özü məni oynatmağa, arxasınca çəkib aparmağa, necə deyərlər lap sürüməyə başladı. Bir anlığa rəqsin bütün qayda-qanunlarını unutdum, nə edəcəyimi bilmədən əsil şərqli kimi onunla bir yerdə süzməyə başladım. Təravətli, qəşəng hüsnü-camalına baxıb etiraf etdim ki, bu gün ömrümdə ilk dəfədir ki, hər hansısa bir qadınla rəqs edirəm. Gülümsədi. Məni ürəkləndirməyə çalışdı. Vurğun baxışlarıma, yaltaq sözlərimə sözlə deyil, naz-qəmzə ilə, bizi daha da yaxınlaşdıran, doğmalaşdıran, bir-birimizə toxunduran, ağlımı başımdan çıxaran işvəli hərəkəti ilə cavab verdi. Sağ əlimi belinə dolamışdım və diqqətlə onun əllərinin, ayaqlarının, çiyinlərinin hərəkətini izləyirdim. Sanki o işıq şüaları altında bərq vuran qar dənələri kimi rəqs edirdi. Musiqi kəsilən kimi dayandıq, yenidən öz yerimizə qayıtdıq. Oturan kimi yenidən yun şərfini götürüb titrək əlləri ilə boynuna doladı. Sonra isə saata baxdı. Qəribə bir jestlə getmək vaxtının çatdığını bildirdi. Yarıyuxulu halda başımı stolun üstünə qoyub ağlamağa başladım. Gözümdən axan yaş qəlbimin xarabalıqlarını isladırdı. Sonra isə hiss etdim ki, onun toppuş əlləri saçlarıma toxunur. Sonra isti, doğma bir nəfəs boynuma-boğazıma toxundu. Sonra isə hər şey bitdi.

Başımı qaldırdım. Gözlərimi açıb diqqətlə, pərişan halda ətrafa baxdım. Ətraf büsbütün su idi; hər yer, elə bil ki, Yer kürəsi suya qərq olmuşdu. Lap uzaqda suyun üzü ilə mənə doğru hərəkət edən ağ kölgə diqqətimi cəlb etdi. Kölgə yavaş-yavaş mənə doğru gəlirdi. İndi bizi üç-dörd yüz metrlik bir məsafə ayırırdı. Onun gülümsəyən üzünü dərhal tanıdım, suyun üzü ilə mənə doğru addımlayırdı. Əynində pambıq kimi ağappaq, ətəkləri suyun üzünə toxunacaq qədər uzun olan don var idi. Yaxınlaşdı, bir az da yaxınlaşdı. Artıq onun isti nəfəsinin üzümə, boyun-boğazıma toxunduğunu hiss edirdim. Özümdən asılı olmayaraq titrək və didərgin səslə qışqırdım: “Mənim qadın peyğəmbərim”...

Əlimdən tutdu. Ayaqlarımın yerdən üzüldüyünü hiss etdim. Hardansa anlaşılmaz səslər, dialoqlar, çığırtı-bağırtılar eşidilməyə başladı. İkimiz də baxışlarımızla səsin hardan gəldiyini axtarıb tapmağa çalışdıq. Amma heç nə yox idi, heç nə. Yavaş-yavaş anlaşılmaz səslər də, çığırtı bağırtılar da eşidilməz oldu. Möhkəm-möhkəm əlimdən tutdu, başını əyib qulağıma titrək səslə pıçıldayırdı: “Məni heç vaxt tək qoyma... eşidirsən? Tək qoyma məni... Mən... Mən tək qalanda qorxuram... Çox, çox qorxuram”...

Susdum, udqundum və susdum...

# 1609 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #