Yerlə göy arasında – Əsəd Cahangir yazır...

Yerlə göy arasında – <span style="color:red;">Əsəd Cahangir yazır...
23 yanvar 2017
# 15:36

Kulis.az Əsəd Cahangirin Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi" hekayəsindən bəhs edən “Yerlə göy arasında” yazısını təqdim edir

Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi" hekayəsinin ilk etiraz doğuran yönü onun adıdır - Əli Kərimin ünlü "Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada" şeirini yada salır. Söhbət eləcə adda deyil, Cavid və onun bir çox ədəbi yaşıdlarında 60-cı illəri xatırladan bir şeylər var. Hər şey bir yana, indi 60-cılar özləri artıq başqa cür düşünür, başqa cür yazır və onların son yazıları, məsələn, Elçinin "Baş", eləcə də 90-cılardan Həmid Hersiçinin "Solaxay" romanı sözün müsbət anlamında bu başqalaşmanı bütün aydınlığı ilə göstərir. Bədii düşüncəmiz təkcə coğrafiyadan (yerə bağlılıq!) yox, ümumən materialist xurafatdan, ateist mövhumatdan, bir sözlə, maarifçi-rasional ehkamlardan getdikcə və getdikcə daha çox arınır, irrasional, metafizik ölçülər qazanır. Leninin əlinə zərrəbin alıb, Hegeldə "səmərəli rasional toxum" axtardığı dövrün kölgəsi ədəbiyyatın üstündən çəkilir. Bədii fikri ilgiləndirən indi daha mürəkkəb məsələ - birbaşa ruhun özünün coğrafiyası, ruhun fenomenologiyasıdır. Amma Cavidin hekayəsində elə bir məqam var ki, onu nəinki 60-cılar, hətta öz ədəbi yaşıdlarından da fərqləndirir və bu yazıdan məqsədimiz o fərqi göstərməkdir. Fikrimiz tam aydın olsun deyə əsas məsələyə keçməzdən öncə kiçik bir nəzəri remarkaya ehtiyac duyuruq.

Hekayə janrını adətən oxunaqlı süjetə, gözlənilməz finala malik Mopassan hekayəsi ("Boyunbağı"), dərin psixologizm və xarakterə söykənən Flober hekayəsi ("Təmiz ürək") deyə iki qismə bölürlər. Milli nəsr düşüncəmizdə xarakter hekayəsinin klassik örnəkləri ("Poçt qutusu", "Usta Zeynal" və s.) Cəlil Məmmədquluzadəyə məxsusdur. 60-cı illərin yazıçıları da məhz bu ənənəni davam etdirirdilər. Onların ən səciyyəvi hekayələrində əsas məsələ bir qayda olaraq qəhrəmanın ruhi-psixoloji aləmində gedən proseslərlə bağlı olur və buna uyğun olaraq problemin çözümü daha çox insanın daxilində baş tuturdu. Bu cür yanaşma məsələlərin həllini insanın iç dünyasında axtaran ekzistensializmin təsiri ilə önəmli dərəcədə bağlıydı. Bu, məsələnin fəlsəfi tərəfi idi.

Stalinin ölümündən sonra siyasi rejimin nisbətən mülayimləşməsi, bədii sözə ideoloji təpkinin müəyyən qədər azalması ədəbiyyatdakı inqilabçı və ya istehsalatçı obrazını sadəcə insanla əvəz etməyə, tipik sovet ədəbiyyatı üçün səciyyəvi olan pafos və patetikadan yan keçməyə, insanın daxili aləminə enməyə yazıçılara imkan verirdi. Bu isə məsələnin siyasi tərəfi idi.

Sadəcə maraqlı əhvalat üstündə qurulan hekayələr (tutaq ki, S.Qədirzadənin yaradıcılığı) isə belletristik bir şeylər, qeyri-ciddi ədəbiyyat örnəkləri sayılırdı. Təbii, bu iki özəlliyi özündə birləşdirən hekayələr də var idi, məsələn, "Parisdə avtomobil qəzası" (Elçin) Yeri gəlmişkən, bu hekayənin də qəhrəmanı (Kərim) coğrafiya müəllimidir. Amma ümumi şəkildə götürəndə 60-80-ci illər hekayələrində ən önəmlisi hadisə yox, müəyyən xarakterlərin bəlli durumlarda çıxardığı daxili qərarlar, qəhrəmanın bu qərarlarla bağlı mənəvi qələbəsi idi. Daxili təskinlik nəhəng sovet əjdəhası ilə toqquşmada ədəbiyyatın dayaq nöqtəsinə çevrilmişdi.

"Coğrafiya müəlliminin pencəyi" hekayəsinə hadisə və xarakter məsələsi baxımından yanaşanda maraqlı bir faktla üzləşirik - müəllif bu iki məsələni bir araya gətirir. Və bu fakt sadəcə cavan bir yazarın yox, onun təmsil etdiyi zaman və ədəbi nəslin məsələyə münasibətini öyrənmək yönündən maraqlıdır.

Kasıb, amma namuslu əyalət ziyalısı İbrahim müəllim öz həmkarı Xədicə müəlliməyə verdiyi bir neçə yüz manat borcu geri aldığını və sonra itirdiyini zənn edir. Bütün hekayə həmin pulla min bir problemini çözəcəyini, arvadı Nərgiz, oğlu Murad və qızı Məryəmə ən zəruri şeylər alacağını planlaşdıran İbrahim müəllimin gərgin psixoloji durumuna, onun daxili dramının açılışına həsr olunub. Yalnız finalda məlum olur ki, pullar itirilməyib və itirilə bilməz, çünki Xədicə müəllimə hələ o pulları qaytarmayıb və sən demə, coğrafiya müəllimini sadəcə qara basırmış. Beləliklə, fabulanın özülündə qarabasma durur və bu, Cavidin hekayəsini metodoloji yöndən realist-psixoloji nəsr örnəyi kimi dəyərləndirməyə əsas verir (Qarabasma sözünü yadda saxlayaq, çünki məqalənin finalında bizə yenidən lazım olacaq!)

İlk baxışdan elə görünür ki, "Coğrafiya müəlliminin pencəyi" nə problem, nə mövzu, nə də xarakter baxımından 60-80-ci illər hekayələrindən elə də fərqlənmir. Və hətta sual doğur - görəsən, bu hekayəni yazmağa nə ehtiyac var idi? Təkcə ona görəmi ki, maddi güzəran çətinliyi mövzusu bu gün də 60-cı illərdə olduğu kimi aktualdır? Bəli, aktualdır, amma sadəcə mövzu aktuallığı hər hansı bədii mətni təqdir etməyə doğrudanmı yetərlidir?

Amma bütün zahiri oxşarlığına baxmayaraq, istər problemin həlli, istərsə də hekayənin üslubu baxımından Cavidin 60-cılarla gizli bir qarşıdurması var. Hekayənin altyapısında diqqəti çəkən ən başlıca cəhət 60-80-ci illər hekayələrindən fərqli olaraq "Coğrafiya müəlliminin pencəyi"ndə açılışın iki dəfə baş verməsidir. Əgər yaddaşım məni aldatmırsa, Cavid heç vaxt postmodernist mətn yazmayıb və onun bu hekayəsinin də postmodernizmə birbaşa, açıq şüur müstəvisində heç bir dəxli yoxdur. Amma o, postmodern dövrün yazarıdır. Elə bir dövrün ki, əsərdə bəzən çoxsaylı açılışların baş verməsinə baxmayaraq, problem çözülmür (Faulzun "Cadugər", Ekonun "Qızılgülün adı", Den Braunun "Da Vinçi kodu" romanlarını yada salaq). Görünür, dövrün mental-psixoloji aurası yazıçı iradəsindən kənar, alt qatda onun şüuru və bu şüurun bədii realizəsi olan mətninə təsirsiz ötüşmür. Cavidin hekayəsində problem finalda çözülür (pul tapılır) və bu, onun hekayəsini postmodernist mətn saymağa imkan vermir. Çünki nəticə olan yerdə postmodernizm, postmodernizm olan yerdə nəticə yoxdur. Lakin burda o qədər də gizli olmayan bir paradoks var. Hekayədə itməyən pul tapılır (?) və demək, olmayan problem çözülür. Yəni çözülən problem əslində mövcud deyil - simulyakrdır və bu, hekayəni yeraltı axınlarla postmodernizm dənizinə qovuşdurur. Amma bir daha xatırladaq - bu yaxınlaşma üslubi yox, düşüncə planındadır, özü də şüuraltı düşüncə planında. Burda dənizə axan yeraltı çaylardır.

Hekayədə birinci açılış daxili, psixoloji, mənəvi planda gedir. İtirilmiş pulun acısını bəsdi deyincə yaşayan, fikrində dağı arana, aranı dağa daşıyan İbrahim müəllim ona mənəvi dəstək durmaq üçün qonaqlıq verən məktəb gözətçisi, şikəst Həsənağadan şübhələnir. Ağır güzəran problemlərinin illərdən bəri yaratdığı qara enerji bir vulkan kimi püskürərək heç bir suçu olmayan Həsənağnın üstünə tökülür:

"İbrahim müəllim birdəncə qalxdı ayağa, yapışdı korun yaxasından. Çəkdi özünə, baxdı deşik-deşik olan bəbəyinin düz ortasına. Baxdı, baxdı, lap axırda elə bağırdı, elə bağırdı:

- Məni ələ salıbsan, oğraaaş?

İbrahim müəllimin bağırtısından daxmanın pəncərəsində oynaşan payız çiskini diksindi, araq şüşəsinə çat düşdü.

- Məllim, burax yaxamı. Məllim...

- Dedim, məni dolayıbsan, oğraş?

- Bu nə sözdü, məllim?

- Sən götürüb gizlədibsən, hə?

Həsənağa day heç nə demədi."

Qonaqlıq səhnəsi qəhrəmanın daxili dramının kulminasiyasıdır. Bundan sonra problemin həllində əsaslı dönüş başlayır. Şimşək çaxır, dolmuş bulud boşalır və hadisələrin psixoloji gedişi əks istiqamətə yönəlir - yüngülləşmiş İbrahim müəllim heç nəyi vecinə almamaq qərarına gəlir. O hətta Bakıya - tələbə dostunun oğlunun sünnət toyuna getmək üçün özünə təzə pencək almaq fikrinə düşür. Beləliklə, problem de-fakto öz həllini tapmasa da, ekzistensial olaraq, yəni daxilən çözülür.

Məşhur ekzistensial devizi xatırlayaq - dünyada bircə həqiqət var, qəlbin həqiqəti. Əgər İbrahim müəllim itkiyə baxmayaraq, qəlbən, ruhən təskinlik tapırsa, demək məsələ çözülmüş sayıla bilər. Aydındır ki, məsələnin bu cür həlli özünüqoruma instinkti ilə taxılan psixoloji maskadan başqa bir şey deyil.

Bura qədər Cavid Zeynallı hələ 60-cı illər nəsri düşüncəsi və ənənələri çərçivəsində yazır. 60-cı illər nəsrinə alışan oxucu bu üzdən məsələnin bitdiyini düşünür. Müqayisə üçün "Gilənar çiçəyinə dediklərim"də (Ə.Əylisli) problemin həlli üsulunu xatırlayaq. Əsərin qəhrəmanı universitetdə işə düzəlmək üçün rüşvətxor müəllimə pul verməkdən imtina edir və öz dərdini çiçəkləmiş gilənar ağacına deməklə problemi "həll edir". Yəni məsələ özünün praktik yox, mənəvi-psixoloji həllini tapır. Əslində, qəhrəman problemi həll etmir, ondan yan keçir. Əvəzində əsər qəhrəmanın mənəvi "qələbəsi" ilə bitir - o rüşvət aktının iştirakçısı olmur. Cavidin itmiş pul problemini heç cür həll edə bilməyən qəhrəmanı da eyni durumu yaşayır. Amma Əylislinin qəhrəmanından fərqli olaraq İbrahim müəllimin mənəvi dayağı sadəcə ağac yox, dənizi, çayı, buludu, küləyi, ilan-qurbağası, yəni sadəcə xeyri yox, həm də şəri ilə birlikdə bütün təbiətdir. Qəhrəmanın mənəvi dayaqları sırasına ev quşları, taxıl kisələri və arvadının sırğalarının əlavəsi isə romantik təbiət kultundan yumoristik məişət müstəvisinə keçidi işarələyir: "İbrahim müəllim dünyadan xəbərsiz hüdüləyib tökəndə Nərgiz bacı özü boyda sual işarəsinə dönüb soruşurdu: nəynən gedəcəksən? Nəynən e, nəynən? İbrahim müəllim arvadının sual işarəsinə döndüyünü görüb udqunanda bayırdan hinduşka hökkültüsü gəldi, xoruz banladı, ördək vaqqıldadı. Hinduşkalar dedi: bizi sat. Ördəklər dedi: bizi də. Xoruz dedi: məni də, məni də. Anbarda buğda kisələri yerində dingildədi: yaddan çıxmayaq. Nərgiz bacının sırğası qulağında oynaqladı: bə mən?".

Bu, sentimental-romantik paradiqmanın süquta uğradığı, praqmatizmin hakim düşüncə tipinə çevrildiyi dövrün təmsilçisi kimi Cavidin Ə.Əylislinin poetik nəsri və təbiət kultuna şüuraltı ironiyasının ifadəsidir. Bir daha təkrar edirik - söhbət dərk olunmuş yox, məhz şüuraltı ironiyadan gedir. Açıq şüur müstəvisində Cavid 60-cılarla həmrəydir. Təbiət kultunun hekayəyə daxil olması da (hekayə kənddə qollu-budaqlı bir ağacın təsviri ilə başlayıb, müəllimin öz köhnə pencəyini Bakıdakı ağaclardan birinin başına tolazlaması ilə bitir) bu həmrəyliyin göstəricisidir.

Lakin problemin daxili-mənəvi planda həlli kapitalizmə keçid dövrünün yazıçısı kimi Cavidi qane etmir, özü də söhbət puldan gedəndə. Yəqin bu üzdən o, hekayəyə ikinci açılışı da daxil edir və problemin həlli daxili plandan zahiri hadisə qatına keçir. Məktəbin gözətçisi Həsənağa ailə-uşağı ilə birlikdə Bakıya gəzməyə gələn İbrahim müəllimə zəng edir və məlum olur, pul itirilməyib. Flober mövzusuna final akkordu Mopassan ədası ilə vurulur, hekayə novella xarakteri alır. Təkcə qəhrəman yox, oxucu da aldandığını başa düşür və onun bu mənalı aldanışdan aldığı zövq göstərir ki, müəllif öz başlıca məqsədinə nail olub - hekayə alınıb. "Coğrafiya müəlliminin pencəyi" sadəcə cavanların yazdıqları yox, ümumən son illərdə meydana çıxan hekayələr arasında örnək sayılmağa layiq bir neçə mətndən biri və şübhəsiz ki, öz müəllifinin qələbəsidir. Hekayədəki iki açılışdan birincisi, sovet tarixçilərinin diliylə desək, Cavidin tam, ikincisi isə qəti qələbəsidir. Bunlardan birincisi məsələnin daxili (psixoloji), ikincisi isə zahiri (hadisə) planda həllidir. Odur ki, bu iki planın birləşməsi mahiyyət etibarı ilə xarakter hekayəsi və hadisə hekayəsinin birləşməsi anlamına gəlir. Lakin hekayənin əsas ideyası nə birinci, nə də ikinci açılış yox, onların hər ikisinin altından göz vuran, bütün hekayə boyu mətnin altı ilə ağır-ağır axıb gedən üçüncü "açılışdadır". Müəllif bu barədə "susur", mətn bu haqda açıq-aşkar heç nə demir. Üçüncü açılış Folknerin "yazıçı danışmamalı, göstərməlidir" prinsipi üzrə sükutun dili ilə göstərilir. Oxucuya isə elə gəlir ki, aysberqin suyun altı ilə axan hissəsini özü görür, açılışı özü edir və bu deşifrovka prosesi ona zövq verir. Əslində isə müəllifin bu haqda bir kəlmə belə danışmamasına baxmayaraq, onun kamerası bütün hekayə boyu bu məsələnin üzərinə fokuslanır - müasir insanın, xüsusən də ziyalının maddi güzəran sorunları onu qarabasmalarla üz-üzə qoyub, ağlını itirmək həddinə çatdırıb. Beləliklə, getdikcə kapitalistləşməkdə olan cəmiyyət qanunlarının insan psixologiyasında yaratdığı deformasiyanı göstərmək müəllifin başlıca məqsədinə çevrilir. Nəsrin publisistikadan əsas fərqi, Cavidin bir nasir kimi əsas uğuru da burda - aysberq üsuluna müraciətdə üzə çıxır.

Cavid Zeynallı öz hekayəsinin müəyyən məqamından sonra 60-cılarla vidalaşdığı kimi, biz də bundan sonrakı təhlillərimizdə Cavidlə vidalaşıb, yazının sonuna təkbaşına getməli olacağıq. Bu o demək deyil ki, məqalənin bundan sonrakı hissəsini özümüzdən yazacağıq, yox, yenə də hekayənin mətninə əsaslanacağıq. Sadəcə, bundan sonrakı qeydlərimiz müəllif yox, birbaşa mətnin diktəsi ilə yazılacaq. Mətn isə bəzən müəllifin nəzərə almadığı gözlənilməzliklərə malik olur. İlk baxışdan paradoks kimi görünən bu faktın psixoanalitik əsası var. Yəni müəllif öz mətnini şüur qatında işləyir, amma ora müəllif iradəsindən kənar daha iki qatın təsiri ola bilər - şüuraltı və şüurüstünün. Şüuraltı məsələsi ilə bağlı bəzi qeydləri məqalənin bundan öncəki hissəsində artıq etmişik. İndi isə şüurüstü məsələsi ilə bağlı məqamlara diqqət yetirməklə fikrimizi yekunlaşdıraq. Şüuraltı insanın bioloji-instinktiv, şüurüstü isə ruhi qatı ilə bağlıdır. Odur ki, yazının bundan sonrakı hissəsi mətn və Allah məsələsinə həsr olunacaq, yəni metafizik xarakter daşıyacaq.

Cavidin mətnində hadisələrə Allahın birbaşa, çılpaq müdaxiləsi görünmür, amma onun bütün mətn üzərindən xəfif bir meh kimi əsib keçən nəfəsi duyulur. Bəlkə də, bu daha məqbul variantdır, axı təbiət elementlərindən (məsələn, ağacdan) fərqli olaraq o Gözəgörünməzdir və öz bəndələri ilə birbaşa yox, işarələr diliylə, rəmzi-simvolik planda danışır. Hekayədə hadisələrə ilahi müdaxiləni məktəb gözətçisi kor Həsənağa rəmzləşdirir. Bu obrazla hekayəyə metafizik məntiqlə çözülə biləcək bütöv bir işarələr sistemi daxil olur və bu işarələr mətnə gizli məna, sirli aura verir.

Həsənağanın məktəbdə gözətçilik etməsi dünyanın bir məktəb, Allahın isə öz yaratdığı məktəbin qoruyucusu olması kimi anlaşılır. Həsənağanın bir gözünün kor olması Allahın hər şeyə bir gözlə (ədalətlə!) baxmasına işarə kimi səslənir. Pul itirmiş İbrahimə məhz Həsənağanın mənəvi dəstək durması Allahın öz darda qalan qullarına həyan olmasına uyğun gəlir. Onların birlikdə araq içməsi Allahın öz bəndələrinə ilahi bilgi, ilahi ağıl verməsi kimi başa düşülür. İbrahimin hirsini Həsənağanın üstünə tökməsi bəndənin Allaha qarşı asi düşməsini simvollaşdırır. Və nəhayət, Həsənağanın finaldakı telefon zəngi və bu zənglə həqiqətin aydınlaşması qeybdən gələn müjdə kimi mənalanır. Çıxış yolunu yenə də Gözəgörünməz göstərir, özü də məhz gözə görünmədən göstərir. Hekayənin şüurüstü qatı müəllif ideyasına ciddi bir əlavə edir - maddi güzəran sorunları ağlımızı başımızdan alıb və ümid Allaha qalıb. Hekayənin son cümləsi bu məntiqi birbaşa olmasa da, dolayısı ilə təsdiq edir.

"Elə bil, birdəncə dəniz daşdı, dağlar yerindən oynadı, elə bil, ağaclar, adamlar İbrahim müəllimin bağırtısına diksindilər, quşlar göydə qanad saldı, ağaclar köklü-köməcli haya gəldi. Və İbrahim müəllim gülə-gülə, sevinə-sevinə pencəyini çıxarıb gücü çatan qədər, gücü yetən qədər göyə atdı. Pencək haya gələn ağaclardan birinin ən yuxarı budağına ilişib yellənə-yellənə daşan dənizə, yeriyən dağlara, diksinən adamlara İbrahim müəllimin, Nərgiz bacının, Muradın, Məryəmin yerini nişan verdi..."

Amma Yer (coğrafiya!) müəlliminin göyə atdığı pencək uzaqbaşı ən uca ağacın budağına ilişib qaldığı kimi, hekayə müəllifinin də metafizik düşüncə qatına birbaşa çıxış yoxdur. O, şüursuz dəniz, dağ və ağacın arxasında duran şüurlu qüvvənin fərqində deyil. Və bu təkcə Cavidin yox, ümumən ədəbi-bədii düşüncəmizin fərqində ola biləcəyi ən ciddi problemdir. O dərəcədə ciddi ki, sovet quruluşunun dağılması və yeni cəmiyyətin formalaşması ən dərin, batini, ezoterik qatda məhz bu həqiqətin dərki naminədir. Çağdaş ədəbiyyatın 60-cı illər ədəbi-bədii düşüncəsindən fərqlənməsi zərurəti və tələbi də ilk öncə bu amillə bağlıdır.

Image result for əsəd cahangir

# 2693 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #