Sən yatsan, çoxalar qaranlıq – Ayişədən YENİ ŞEİRLƏR

Sən yatsan, çoxalar qaranlıq – <span style="color:red;">Ayişədən YENİ ŞEİRLƏR
19 yanvar 2017
# 12:55

Kulis.az şairə Ayişə Nəbinin yeni şeirlərini təqdim edir.

Əraf

Əlimlə toxunuram bir axşam divarına

nəfəs alır əlimin altında daş

asta-asta, yavaş-yavaş.

Mən tuturam nəfəsimi, daş da bir an dayanır

Nəfəs alıb verirəm

Daş canlanır divarda.

Daş hər nəfəs alanda divar bir az qabarır,

Daş hər nəfəs verəndə divar içə çəkilir.

Beləcə bu divarla qaranlıq arasında

əlim xeyli isinir...

axirətlə dünyanın bu bilək güləşində

daşların nəfəsindən

hənirlənir əraf da

vəcdə gəlir arif də...

Yatma, aana

Bərk-bərk yumub gözümü dərin yuxu dilədim,

Uzun gün yorğunluğu çıxsın canımdan dedim.

Dedim yelə verdiyim bu günü də unudum.

Yastıq çəkdi başımı,

Gözlərim ağırlaşıb kirpiklərim qovuşdu.

Elə bu vaxt yuxuma qılınc çəkildi birdən

Səsi gəldi oğlumun otağın o başından

- Ana, yatmısan, ay ana?

- Yoox, - deyərək,

yox elədim yuxumu bir andaca,

hicran düşdü yenə də qovuşan kirpiyimə:

- Yatmısaaan?

- Yox, su istəyirsən?

- Yox.

- Acmısan?

- Yox.

- Üşüyürsən?

- Yox?

- Bəs...

- Yatma, ana. Sən gözünü yumma haa. Sən gözünü yumanda

Yatammıram mən onda.

- Yatmıram, qorxma, quzum. Sən gözünü yum da yat.

- Eşikdə kim var, ana?

- Heç kim, əsən küləkdi.

- Sən qorxmursan?

- Yox.

- Qaranlığın içində o nədir baxır mənə?

Sən gözünü yumanda yatammıram axı mən.

- Qaranlığın içində yuxundur baxır sənə,

İstəyir ki, gözünü sən yumasan o gəlib

Qona gözün üstünə, şirin yuxu gətirə.

- Mən yumuram gözümü, sən yumma ha mənə bax.

Sonra açıb gözünü yenə baxır üzümə:

- Sən niyə heç qorxmursan?

Gizlədib yorğunluğu gülümsəyirəm ona:

- Heç qorxmaz ki, analar.

Bilirsənmi, soyuqlar özü qorxar anadan,

Qaranlıq da titrəyər anaları görəndə.

- Yatmaz, eləmi, analar?

- Yatmaz, analar yatmaz,

Analar keşik çəkər gecələr balalara.

- Əgər sən yatsan, ana,

çoxalar bu qaranlıq

ulayaraq bu vəhşi olar nəhəng əjdaha

Udar evimizi də.

Əjdahanın qarnında neyləyərik axı biz?

- Yat, quzum, gözümü yummayacam mən,

Kəsəcəm küləyi, çapıb zülməti

yuxuna gözəllik gətirəcəm mən.

Yaraşıq edəcəm mən nəfəs-nəfəs.

Yat, quzum, yuxunun keşiyindəyəm,

Hörümçək toruyam ətrafında mən

Qoymaram ətəyin yerdən çəkə nəm.

Sabah ayini

Vəl asr....

Dan atmaqdadır

Süd bəyazlığı üfüqlərə axmaqda

əlimdə Son Kitab

Son Kitabın ağırlıq ahəngiylə endirərək başımı

yaşadıram gözümü qaralan hərflər üstə.

Açılır dilim sözlərin bələyinə

Sabahın soyuğuna naxış işləyir səsim

Ta... ha... Haa... mim..

Gedirəm səsimin dalınca

ətrafımda gizlədib

gizildədib səsini qaranlığın içində

qulaq kəsilib mənə, masa, tavan, qab-qacaq,

kitablar da uyuyur susur

mən susanda gözümlə dilimlə hər şey udur

səsini yavanlıq edib ömrünə susur.

Bir tək mənim içimdən qıvrılan səsə nazlanır yarıyuxulu varlıqlar.

Səsim çəkir örtüyünü əşyaların üstünə

Yuxuda üzü rahat körpəmin üstünə

Yuxusu yuxa anamın üstünə

Səsim çiliklənmir şüşələrə dəyərək, oxuyur aynalarda alaca quş yerinə

Səsim sığallayır aynada şəffaflığı

Səsim çıxır aynadan yol açılır fəzalara yol alır

Yayılır fəzada dağılmaqda olan qaranlığın üstünə

Səsim dağıdır gecənin qaranlığını

Qovur dünya göyündən çarəsiz yalnızlığı.

Səsim ana olur kimsəsiz yalnızlığa.

Aydınlığı yayır o dan üzünə, bir qızıl bayraq olur alaca qaranlığa.

Obaşdanlığa qalxmışam.

Əlimdə Son Kitab.

Hər gün bir cüz oxuyuram-otuz gün.

Səsim oyadır, ovudur, suya dönüb əridir

Çəkilir sübh yuxusunun üstünə

quşların sübh yuxusu şirinliyə vida deyir

əl yelləyir.

Image result for сон

Bir quş

Ala quş, alaca quş, bulaca quş pəncərəmin önündə

Qonub budağa durur mənimlə üz-üzə

Mən oxuyuram o oxuyur. Mən susuram o susur.

Dayanıb baxıram o da baxır qıyqacı.

Mən oxuyuram: innə adeynəkəl kevsər

O da ordan səs verib oxuyur səsim üstə.

Eyni ritmə düşmüşük eyni dalğadayıq biz

Səsimiz

Fəzada dalğalarda qovuşub mənalanır.

Fəsalli li rabbikə vənhar - sonsuzluğa bir uçuş

O da qırır səsini dalğalar da qısalır

Innəə şaaniəkə hüvəl əbtar-titrəyir susqunluğu əbədi yatmış səsin

Kəsilir soyu kökü burda nəfsin zülümün

Burda soyu quruyur şeytanın və şübhənin.

vəl asr

əlimdə bu uçarı zamana içilən and

quşla mənim səsimdə birləşib salam deyir.

tapıram

tapıram o əbədi, o dolaşıq kələfin sonsuzluq səkkizində

dolanan gümüş tiyə, gümüş tiyə ucunu.

Bu sabah bu mənimlə həmahəng oxuyan quş

Çevirdi öz irqinin nəğməli quş dilinə Son Kitab sözlərini.

Şəhid qəbrinə yağan yağış

Ulu bir yağış yağır

Daş torpaq parıldayır,

Yağır hikkəylə yağış, yağır hər yerə yağır.

Gözəl imarətlərə, şəhid qəbrinə yağır

Üstə bayraq örtülmüş təzə şəhid qəbrinə.

Yağır qəbri isladır, torpaq altda şəhidin

Soyuq çökür canına, yağmur üşüdür onu.

Çadırdan deyil axı ipəkdəndir bayraqlar

Suyu yaxşı keçirir.

Burda şəhid qəbrinin bayraq çəkilib üstə,

Şəhidin qoruduğu ulu üçrəngli bayraq

İndi qorumur onu bu leysan yağışından.

Oğru yatır o yanda mərmər daşın altında,

Yatır şanlı şəhidim parça bayraq altında

Yatır su ilə dolan palçıqlı qəbrində o.

Kəfənsiz yatan oğul yağışa da dözəcək,

Artıq onun bədəni qar şaxta bilməyəcək.

Ancaq göyün ən uca işıqlı bir qatında

Ruhu sızıldayacaq canı gizildəyəcək

Tavanı daman evdə hər düşəndə üstünə

Anasının o soyuq buzlu yağış damcısı

Üstünə mərmər deyil bayraq çəkilən şəhid...

Şəhərə yağan yağmur

“Şəhrə yağmurlar yağdı bu gün”

Yağdı, şəhər islandı,

mən islanmadım, ağlamadım.

Ağlamadım, amma

Səni zövqlərin əbədisinə girov qoydum,

Utanmadım adını sayıqlamaqdan,

Unutmadım, sevdalar ucalıqları səslər,

Səslər səsləyər

Səslərə aman verməz dan üzü küləkləri

Ağzımdan alıb uçurar adını sonsuzluqlara.

Mənə bir nişan ver

Üfüqlərin ötəsindən nişan

Bilim ki, sən mənə simsarsan

Sən mənə həyan.

Adını dillərə salmam

Adını yazmam daşlara

Adını daşlar isitməz

Sözümü dağlar eşitməz

Boylan mənə üfüqlərdən

“Şəhrə yağmurlar yağdı”

Şəhər qadamı aldı islandı,

Mən islanmadım

Ağlamadım.

Şübhə

Çıxart görüm, çıxart insan

bu toxumdan bu meyvəni –

bu Adəmmi, ya Həvvamı.

Torpağın var, suyun var,

Gün də sənə olubdu yar,

bu toxumdan bir meyvə al –

altı günü sənə möhlət.

Ona rəng ver, ona dad ver

sonra dönüb yaratdığın bu məxluqa bir ad ver -

adın sirri sənə agah.

Ad ver görüm, nə verirsən

Neçə hərfi birləşdirib neçə sözü yamsılarsan,

Bu havada bu toxumu

cücərt görüm nə alarsan, böyük adam

Qüdrətini göstər bizə,

Sonra qayıt şübhə elə

Səni yoxdan yaradana.

Bir toz kimi itsin...

Sən sən ol...

Sən sən ol sübh açılsın sübhə dol

İşıq ol

işığım ol sübh pəncərəmdə

pəncərəmə dol.

Oxuyan quşlar utansın dilinin şirinliyindən

Səslərin içində açılan sirrim ol,

Uç, uç, gəl sabahıma dol.

Seyrələn qaranlıqlar çəkilsin yer üzündən

Qəlbim aydınlansın gözümdən çıxsın.

Sən sən ol, işığım ol, sabahıma dol,

Açılsın pəncərəm sübh küləyindən

Dolsun içəriyə rəhmət nəfəsi

Sinəmə ac kimi çəkim səsini

Bürünüm

soyuqdan titrəyən canıma sarım

Sozalan günəşə bir az pay verim

Səsinin ipək işıltısından.

Sən sən ol, sən sən ol qıraqda durma,

Bu soyuq havaya bir isti meh ol,

Çəkilsin gözümdən alatoranlıq

Hu hu - lara varım

Varım-varım yolum uzansın getsin,

Dönüb bir toz kimi yoxluqda itsin.

# 840 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #