Vaxtın edam edilməsi – YENİ POVEST

Vaxtın edam edilməsi – <span style="color:red;">YENİ POVEST
14 yanvar 2017
# 16:00

Kulis.Az yazıçı İman Usuboğlunun “Yalanların gerçək vaxtı” povestini təqdim edir.

Dünyanın dar vaxtında qabaq ayaqlarından səkil qara atın üstündə bir yolçu Cəlil şaha bunları söyləmişdi: Qarşı yatan Qara Dağın döşündə şəhər saldırarsan, adına Cəliloğlu deyərsən. Günah edərsən şah taxtından enərsən, cəllad olarsan çörəyin qandan çıxar. Yeddi köynək bilmərəm, yetmiş köynək bilmərəm, o üzə çəkər günahın. Öz qılıncın öz boynuna enər, öz əlin öz gözünü sığayar. Ölərsən bir də gələrsən bu yalan dünyaya. Yenə adın Cəlil olar, qız sevərsən sənin olmaz. Ürəyinə gor qazarsan, öz əlinlə basdırarsan, qayıdıb evində sazda “Cəlili” çalarsan. Əlin simə yatan günü bağışlanmaq günündür.

* * *

Dünyanın dar vaxtında qabaq ayaqlarından səkil Qara Atın üstündə bir yolçu Vaxta belə demişdi: Yerinə bir şah gələcək, ölümünə fərman verəcək, üzünə Dar fərmanı oxuyacaq. Dar ayağında gözləməkdən bezəcəksən, durub Dara yalvaracaqsan, cəlladın Cəlil olacaq, kəndiri boğazına cəllad Cəlil keçirəcək, ayağından kətili anan çəkəcək, ölümün ananın əlindəndir.

* * *

Dünyanın dar vaxtında qabaq ayaqlarından səkil Qara Atın üstündə bir yolçu İman oğlunun köç arabasında yüyrükdə uyumuş Güllü adlı bir qız uşağının başı üstündə durub bunları demişdi: Yalan dünyaya birinci gəlişindi. Yeddi köynək bilmərəm, yetmiş köynək bilmərəm ağrı çəkəcək, Vaxta boylu olacaq. Vaxtın anası olmaq alın yazısıdı. Ya özü doğar, ya qızı. Ya nəvəsi doğar, ya nəticəsi, ya qaracası. Doğduğu Vaxt şah olacaq. Şah balası gözünün qabağında dara çəkiləcək. Özü öz balasının qanını 3 tümənə satacaq. Qanpuluna çörək alıb yeyəcək. Öləcək bu yalan Dünyaya bir də gələcək. Yenə adı Güllü olacaq, oğul nəvəsinə qiyamət köynəyi geydirib qiyamət gününü soruşacaq.

Dünyanın dar vaxtında qabaq ayaqlarından səkil Qara Atın üstündə bir yolçu Əsədə, Məmmədə, Məcidə də nəsə demişdi.

* * *

Yolçu sözünü deyib getmişdi. Qara atının üstündə qara qaraltısı qara yolun sonunda qara nöqtə boyda qalmışdı.

İman oğlu sağ əlini üzünə aparıb salavat çevirdi. Ağ barmaqlarını ağ üzündəki ağ saqqalında saxladı. Qara yolun sonunda qara nöqtə boyda qalan Qara atlı yolçunun dalısıycan qara qarğış elədi: aya, aya ay atlı, qara atlı, ay atlı, qara söz dedin balamın yüyürüyünün başında, ağzından qara yellər alsın. Qara sözün qara atına gəlsin. Qara atından ötsə qara canına gəlsin. Ağzından çıxsın qara qoynuna tökülsün. Ağzını qara molla yumsun. Ağzın yansın ay yolçu. Qara atından düşəsən qara yolların qırağında qara daşlara yoldaş olasan. Qara gözün dünya malına doymasın, gördüyündən göz kirəsi istəyəsən. Sağ əlin sol əlinə, sol əlin sağ əlinə möhtac olsun. Qaraçuxana, qara donluna, ərinə, ərgəninə qıymaram, qara qarğış eləmərəm.

Yolçunun qabaq ayaqları səkil qara atı uzaqlarda kişnədi. İman oğlunun sözləri qara yelə qovuşub qulaqlarına ala-çula çatdı, dedi, neyləmişəm, İman oğlu neyləmişəm? Alın yazınızı oxudum üzünüzə, yazı Tanrının, qələm fələyin, kim yazar, kim oxuyar.

Amma yolçunun canında sümükləri titrəmişdi. Üzünü qibləyə tutub qara qarğış verən İman oğlunun qarğışı keçirdi. Qara atlı atını canından çox istəyirdi. Elə atın üstündəcə Qadir Tanrıdan atının iltimasını elədi: “Qadir Tanrı, sən yazanı oxudum ağ-ağ alınlardan, qara qarğını aldım. Sümüklərim şaqqıldadı, ətim irpələndi, tüküm ürpəşdi, Qaraçuxamdan, qara donlumdan iraq elə. Qara qarğış naxırda qara malıma gəlsin, sürüdə qara qoçuma gəlsin. Qoçumdan ötsə qaraca canıma qıy. Qara atıma qıyma. Atımdan iraq elə. Qara yəhər qoydum belinə, qara qaytarğac taxdım başına. Uzaq-uzaq mənzilləri yaxın elədim. Qardaş dedim qara ata, qardaşımdan iraq elə”.

* * *

Yeddimi, yetmişmi köynək əvvəlin alın yazısını oxuyub qara qarğış alıb qara atından enən Qara Pirverdi dünyaya bir də gəlmişdi. Bu gəlişdə də adı Pirverdi idi. Sarallı ağzıqara Pirverdinin evi kəndin girəcəyindəydi. Yolun qırağında oturub çöplə yerə cız çəkə-çəkə mızıldanırdı: “Haqq yazanı bəndə bilməz, bilsə günah eylər”. Dalısıyca da deyirdi, ağ cız, qara cız-ağ cız, qara cız. Çöplə dünyanın şəklini cızdayıb çəkirdi. Ağ cızla, qara cızla dünyanı yüz yerə bölürdü, doymurdu. Min cız çəkirdi, dünyanı min yerə bölürdü. Dünya ağzıqara Pirverdinin qara yerdəki qara cızıyla yüz yol, min yol ağa, qaraya ayrıla-ayrıla yol gedirdi, qurtarmaq bilmirdi.

İman oğullarının köçü yaylaqdan arana enirdi. Payız “tələsmişdi”, tez düşmüşdü. Ağzıqara Pirverdinin gözü İman oğlu Məhəmmədin iki illik qısır düyəsində qaldı. Düyə yayxana-yayxana, buğum-buğum budları əsə-əsə keçib getdikcə ağzıqara Pirverdi “Buda bax, buda, nə kabablıqdı! Dırnağa bax, dırnağa, nə kəlləpaçalıqdı! Axşamdan qoyasan ocağa ifrim-ifrim bişə, səhər çalxa çəkəsən qabağına, duzunu, sarımsağını, sirkəsini qatıb verəsən dəyirmanın ağzına, yaxın yerə yük daşıyasan. Bəh-bəh, qabırğaya, sırta bax. Bunun bozartmasına bircə çimdik ətotu tullayasan, ətri yeddi ağaclıqdan adam səsləyər” - deyirdi.

Köç ötüb getdi. Ağzıqara Pirverdi yolun qırağında çöməldiyi yerdən balaca oğlunu səslədi: “A Məti, a Məti, bir zənbil götür get, İmana, Məhəmməd əminə de ki, qağam deyir, ətə bir pay da bizi yoldaş eləsin, pensiya gələndə pulunu yollayacam”.

İmana oğlu Məhəmmədin iki illik qısır düyəsi həyətə girgəcli ildırım vurmuş kimi yıxılmağıyla can verməyi bir oldu. Məhəmməd kişi elə atın üstündən arvadına səsləndi: “A Gülgəz, a Gülgəz, tez elə firəngini (iri bıçaq) mənə gətir. Yoxsa düyə bıçağa gəlməyəcək”. Sonra atdan tələsik aşırılıb düşdü. Arvadı bıçağı gətirgəcin düyənin başını kəsib murdar olmağa qoymadı. Firənginin qanını düyənin böyrünə silib ayağa durdu.

Ağzıqara Pirverdinin kiçik oğlu əlində zənbil artıq darvazadan içəridə idi, deyirdi: “A Məhəmməd əmi, qağam dedi ki, ətə bir pay da bizi yoldaş eləsin, pensiya gələndə pulunu yollayacam”.

İmana oğlu uzun boyunun içində yay kimi gərilib açıldı. Yaxşı-dedi, ay ağzıqara, yaxşı. Demək nəfəsin yıxıb qısır düyəmi, göz yetirmisən. Armud ocağı yalan olar, sənə göstərməsə.

İmanların Güllü nənəsi içəri evdə idi. Pəncərədən baxırdı. Darvazanın açılmasını, malların həyətə girməsini, düyənin ildırım vurmuş kimi yıxılmasını görürdü. Nəvəsinin atdan tələsik aşırılıb düşməsini, düyənin başını tələsik kəsməsini görüb çəliyi əlində bayıra çıxdı. Düyənin qap-qara qanı qara torpağın çuxurunda laxta-laxta idi. Göz dəyib dedi, gözlə vurublar düyəni, yoxsa qan qırmızı olar oğul.

Nəvəsi:

- Hə, ay nənə, ağzıqara oğlu yolun qırağında şöngürmüşdü, əlindəki qara çöplə yeri cızdayırdı. Görmürsənmi biz çatmamışdan oğlunu ətə yollayıb.

İman qızı üzünü qibləyə tutub salavat çevirdi, söylədi:

- Birin bir olanın, Gözə görünməzin, məkansız olanın, beldən gəlməyənin, qarında yatmayanın, haqq olanın eşqinə, uca yaradanın, can verib cahana gətirənin, dil verib bəyana gətirənin, ayı batırıb günü doğuranın, günü batırıb ayı doğuranın, daşın, ağacın, otun, ya canlının, ya cansızın səcdə elədiyinin, sular sunuruna, səmtinə axanın eşqinə, göyü uca, yeri uca olanın, daş tərəzi, hədd, insaf, mürvət yiyəsinin, yerdə bəndəsinin, ağacda budağının, budaqda yarpağının sırasını bilənin eşqinə, dalda meyvənin, sünbüldə dənin, yerdə bəndənin sayını bilənin, saxsı kimi torpaqdan can düzəldənin, usta, ustad olanın, dildə söz, ağızda dad olanın, dərin-dərin dəryalarda damla-damla suların arasına kölgəsi düşənin, acı suyu şirin suya qarışmayanın eşqinə, Armud ocağı gücünü göstər. Qadir tanrı, iki əlinin arasındakı cənnət qərardı. Yalan dünyada alçalan kimdi, ucalan kim?! Bac alan kimdi, öc alan kim, nəfsinə qul olan kim?! Adilsən, ədl sənin, mal-qoyunuma əyri baxan yaman gözün sağını qara yerdə istərəm.

İmana qızı sözünü bitirdi, nəvəsinə:

- Bə sənə ismarlamadımmı, dağdan enəndə dağdağandan kəs sürüdə keçinin, naxırda hər malın boğazından illə as?

Nəvəsi:

- Asmışdım, bu düyəninki düşübmüş, üstündə yox idi.

Və artıq İman oğlu düyənin gönünü alıb, elə gönün üstündəcə içalatını çıxarıb doğramışdı. Bir pay da ağzıqara oğlu üçün ayırmışdı. Uşağın əlindən zənbili alıb ət payını doldurdu. Nənəsi “a bala, öfgədən də bir tikə kəs payın üstünə qoy, aparsın, atası kor gözünün üstünə qoyar” dedi. Ağzıqara Pirverdinin uşağı dilli-dilavər bir uşaq idi. Ona görə də İmana oğlunun nənəsinin cavabını verdi: “Ay nənə, qağam kor ha deyil” - dedi. Nənə: “Gedəndə görərsən, dərdin alım, gedəndə görərsən. Sən öfgə də apar”.

İman oğlu Məhəmməd nənəsinin sözünə əməl eləyib, düyənin öfgəsindən bir tikə kəsib ət payının üstünə qoydu. Uşaq zənbili götürüb çıxdı.

Ağzıqara Pirverdi əlində çöp yenə həmin yerdə ağ cız, qara cız çəkə-çəkə kiçik oğlunu gözləyirdi. Min çəkdiyi cızı min birinci kərə yenə çəkdi, bir də mızıldandı “Haqq yazını bəndə bilməz, bilsə günah eylər”.

Dalısıyca da yenə pıçıldadı, ağ cız, qara cız-ağ cız, qara cız. Birdən sağ gözü pırtlayıb çəkdiyi ağ cıza, ağ cızdan da qara cıza düşdü. Əlindəki qara çöpü qara cızın içindəki gözünün qarasına sancıldı. Tez sağ əliylə tökülən gözünü qapadı, sol əliylə ciblərini eşələdi. dağdağandan kəsib düzəltdiyi təsbehi cibində yox idi. Yaylığını çıxarıb gözünün yerinə basdı. Arvadının qarasıyca deyindi: “Tünbətünün qızı, pencəyi yuyanda çıxarıb, yerinə qoymayıb” -dedi.

Bu vaxt oğlu əlində ət zənbili döngədən burulub çıxdı. Baxdı ki, atası sağ əliylə sağ gözünü qapayıb və barmaqlarının arasından qan damır. Atasına “ay qağa, İmana oğlunun nənəsi öfkə yolladı, dedi, apar dədən kor gözünün üstünə qoysun”.

- Ağzıqara Pirverdi - mən elə bilirdim qara göz bircə bizdədi, ay aman, bizdən də ötələr varmış - deyib öfgəni zənbildən götürüb sağ gözünün qanlı yerinə basdı. Bununla da İmana oğlunun nənəsinin istəyi yerini almış oldu.

* * *

Saralın o başından gələn arx burdan da keçib kəndin aşağısına - Darın burnuna tərəf gedirdi. Arxın altı-üstü göylük idi. İman oğlunun gəlinini gətirib göylüyə palaz salmışdı. Böyük qaynanası Güllü qarının əlindən tutub gətirib palazın üstündə əyləşdirmişdi. Balaca nəvəsini də qulaqhəyanı vermişdi. (Onun da adı Güllü idi, nənəsi öz adını qoymuşdu) Və nənəyə də tapşırmışdı, a nənəsi, öz adını qoyduğun Güllü balam arxın qırağında oynayır, gözün üstündə olsun. Balaca Güllü də gəlin bəzəyib balaca gəlinciyi ilə oynayırdı. Əlbəttə ki, nənəsinin gözü üstündə idi, nəvəsini gözündən irağa qoymurdu. Balaca Güllünün oynamasına baxır, öz uşaqlığını yadına salır, gümüldənirdi. Gümüldənmək də oxumaqdı, amma sözü yoxdu, havası var. Sözü olmayıb, havası olan kədərli, dərdli mahnıya gümüldənmək deyirlər. Gümüldənən nənə arxada qoyub gəldiyi ömrə boylanmağa qorxurdu. Öz-özünə deyirdi: - A dinim-imanım, havax keçdi bu ömür?! Nənə yenə gümüldənməyindəydi, gözləri yenə balaca nəvəsindəydi. Balaca Güllü gəlinciyinə evcik qurub, yataq düzəltmişdi, layla çalırdı. Qımqımısı, nanayı dünyanı başına götürmüşdü. Nəvəsinin nanayı Güllü qarının da kefini durultdu. Nəvəsinin elədiklərinə baxıb “özüməm, ona bax, eləcə özüməm” dedi. Nəvəsinin nanayına qoşulub uzaqdan sevə-sevə balaca Güllünü öydü, oxudu:

A qız, a qız, a qız, Güllü qız, a qız,

Telli qız, telli qız, telli qız, a qız.

Bu dəm aşağı əyilən bala Güllünün boynundakı xal da göründü. Nənə, dedi-özümün xalımdandı, məndə də var, anamda da vardı, nənəmdə də varmış. Sonra yenə həmin oxuduğu havaya qayıtdı:

Belə boynu xallı qız, a qız,

Buxağı, qoynu xallı qız a qız,

Qaymaqlı, ballı qız, a qız,

Əlində qumquması, ey, qumquması, (qumquma - su qabı)

Əynində cimciməsi,ey, cimciməsi, (cimcimə - çit parça növü)

Biləyi Selyanlı qız, a qız,

Balaca Güllü gəlinciyini-bəbəsini yatırıb, indi də arxın yaxası uzunu açmış muncuq çiçəyindən yığırdı. Nənəsi səsləndi:

- A qız, a qız, a Güllü, kimə yığırsan o gülü?

Güllü də:

- Ay nənə, bəbəmə yığıram. - dedi. Amma qımqımasından qalmadı. Nənəsi də yenə Güllüyə qoşuldu, oxudu:

Tellərin qara-qara, a qız, qara-qara,

Daraq götürüb bir dara-dara, a qız, dara –dara,

Tel-tel eylə, ey tel-tel eylə, tel-tel,

Gül-gül eylə, ey gül-gül eylə, gül-gül,

Nənən gözünün qurbanı, a qız, gözünün,

Bir də özünün qurbanı, a qız, özünün,

Yığasan gülü muncuq,

Balamın gözü muncuq,

Düzülüb sözü muncuq,

Dilli, dilli, dilli qız, a qız,

Güllü, Güllü, Güllü qız, a qız.

Bu ara gəlin gəldi ki, inəklər çeşdə (çeşd - günorta sağını) gəlib, ay nənə, maya inək südünü vermədi. Buzovu da saldım altına iki məməsini eydirdim, yenə südünü vermədi. Yelini də doludu, bəs neyniyim?

Güllü qarı heç nə demədi, eləcə-gəl əlimdən tut, məni qaldır, gedək-söylədi. Gəlin gəlib nənənin əlindən tutub qaldırdı. Varıb dama getdilər. Nənə çuvaldan iki cam kəpək götürüb vedrəyə tökdü, üstünə su çiləyib əliylə qarışdırdı, əlavə iki pazı da doğradı. Gəlinə “götür” dedi vedrəni. Gəlin vedrəni aparıb maya inəyin qabağına qoydu. Nənə “indi o biri vedrəni götür, kətili altına çək, sağ” dedi. Özü də əliylə maya inəyin belini tumarladı. Gəlin sağmağa başladı. Güllü qarı çöldəki mahnısını burda da oxudu. İnəyin süd sağmasında “öz mahnısı” var. İnəyin başı kəpəyi yeməyə qarışıb. Balaca Güllü də bəbəsi qucağında qapının ağzından baxır. Nənənin nəğməsindən dadlı nə var dünyada?! Maya inək yumşalıb pipəyə dönmüşdü, gəlin ovşara (sağım növü) keçmişdi. Südün şırıltısı nənənin nəğməsinə qarışırdı:

Mayam ay lay, lay-lay, lay-lay, lay,

Nənəm ay lay, lay-lay, lay-lay, lay,

Sonam ay lay, lay-lay, lay-lay, lay,

Güllü balama süd var, ay lay, lay-lay, lay,

Telli balama süd ver ay lay, lay-lay, lay,

Bılığın adı maram, ay lay, lay-lay, lay,

Duruşu zadı maral, ay lay, lay-lay, lay.

Maya inəyin südü vedrəni doldurdu. Gəlin ovşarı buraxıb məmələri tək-tək çərtdi. Yelin boşalıb, daha süd yoxdur. Bircə məmə qalıb o da buzovun payıdı. Gəlin qalxıb süd dolu vedrəni həyətə apardı. Südün üzünü köpük almışdı. Həyətdə dirəkdən asdığı cunanı götürüb dörd qatladı. Ayrı bir vedrənin ağzına paltar tutanla bərkitdi, südü cunadan süzdü. Gəlin bəzək inəyi də beləcə sağmaq istər, amma bəzək inəyə də nəsə olub, südü qan rəngindədir. Başıalovlu yenə nənəyə “Ay nənə, ay nənə, Bəzəyin südü qana dönüb, göz dəyib, ya quqi adlayıb altından. Nənə də “hə, yəqin quqi adlayıb altından” - deyir. Buzovu açıb Bəzək inəyin altına buraxırlar. Buzov da bir az əmib geri durur. Əmmək istəmir. Nənə gəlinə “sağ, apar, əldən-ayaqdan uzaq bir yerdə çala qaz, basdır. Bərəkətdi, ayaqlanmasın, günahdı” - deyir. Gəlin elə də eləyir. Sonra nənə dirəkdən üzərrik, səfərotu götürüb Bəzək inəyin başı üstündə yandırır. Üzərriyi gəzdirə-gəzdirə inəyin yelinini tüstüyə verir. Quşun qarasınca-quşsanmı, qanadlısanmı, dərdsənmi, bəlasanmı, sağdan keçmisən, gəl sağdan çıx, a quş, soldan keçmisən gəl, soldan çıx. Və gəlinə axşamdan Bəzəyi çullamağı tapşırır. Səhər sağınında yenə buzovu yenə açıb buraxırlar Bəzəyin altına. Buzov bu dəfə ağzı köpüklənə-köpüklənə əmir. Süd öz rənginə-tamına qayıdıb. Sonra inəkləri çölə ötürürlər.

Nənə gəlinin yerişinə diqqət eləyir. Gəlin boyludur. “İmama oğullarının sayı artacaq” deyir. Gəlinin sağ döşünün sol döşündən iri olmasına baxıb “oğlu olacaq”, ertəsi gün sol döşün sağ döşü keçməsinə baxıb “yox, qızdı” söyləyir. Daha bir həftə gəlinə nəzər yetirir. Döşlər bərabərləşib bir-birinə qovuşub “əkiz doğacaq” deyir. Sonra görür gəlin 3 gün alma ağacının altına getdi, alma dərib yedi, 3 gün isə armud ağacının altına getdi, armud dərib yedi, amma bir günü boş ötürdü. “Əkizdi” - yəqinləşdirir, “biri oğuldu, biri qız”. Amma gəlinin iti hərəkətlərinə baxıb “hələ təzədir” deyir, qışın ortasında yatacaq, qoymaram həkimə aparsınlar, özüm tutacam uşaqları.

* * *

Qışın oğlan çağıydı, gəlinin ayağı ağırlaşmışdı. İmanların Güllü qarısının yadına yeddimi-yetmiş mi köynək əvvəlin qara atlı yolçusunun söylədikləri süzülüb gəlirdi. “Dünyanın nəhs vaxtında soyunda əkiz uşaq doğulacaq, biri oğlan, biri qız. Qız bu dünyalıqdı, ömrü var. Oğlan bu dünyalıq deyil, əyninə qiyamət köynəyi geydirib əvvəl-axırı soruşacaqsan. Dünyanın axırını o bilir. Deyib, öləcək, bir anı yüz ilə bərabərdi. Qiyamət köynəyi geygəcin bığ yeri tərləyəcək. Sözünü qurtarıb ağ saçlı, ağ saqqallı olacaq. Gözünü açıb-yumunca bu dünyadan gedəcək”.

Qışın oğlan vaxtında gəlin tezdən yatdı. Əkiz uşaq doğdu, biri oğlan, biri qız. Güllü qarı uşaqları tutub göbəyini kəsdi, qız tayını bələyib anasının döşünə saldı. Oğlan tayının bir parça humayunu (ağ parça) ortadan dəlib qoynuna keçirdi. Uşaq ağlamırdı. Gözlərini açmışdı, baxırdı. Bu dünya qərib bir yer idi. Hələ bu qərib yerin Vətən olmağına çox vardı. O körpənin vətəni ana bətni idi, qoyub gəlmişdi. “Ol” səsinə olmuşdu, humayunu deşib boynuna keçirmişdirlər. Qiyamət köynəyi deyib Qiyamət gününü soruşurdular. Güllü qarı başının üstünü kəsdirmişdi. Qonşudan arvadları çağırıb başına cəm eləmişdi. “Gəlin – demişdi - gəlin”. İmanların sayı 2 nəfər də artdı. Oğul tayının qisməti qiyamət köynəyidi, geydirək qiyaməti soruşaq, görək nə qalır əvvəl-axıra? Güllü qarı doğulan oğlan uşağını yüyrüyə qoyub yırğalayırdı. Üzünü arvadlara tutub deyirdi: “A bacılı, bacılı, bu uşağın adı yoxdu. A bacılı, adını Osman qoydum, adıyla böyüsün, adı Osman olsunmu?” Arvadlar cavab verdilər: “Olsun, olsun, bacılı olsun”. Yenə Güllü qarı: “Osman, Osman, ay Osman, bəbə Osman, ay Osman, bələk Osman, ay Osman, dilək Osman, ay Osman, dilək dilədim, Tanrıdan sənə dil istədim, dillən, bu dünya hardan gəlir?”

Osman qığıldandı. Əvvəlcə qırıq-qırıq, sonra şaqraq gülüşlə gülüb, uğundu. Gülə-gülə Osman böyüdü, böyüyə-böyüyə güldü, qiyamət köynəyi əyninə dar gəldi. “Ora baxın, - dedi, -bax dünya ordan gəlir”

Hamı Osman göstərən tərəfə baxdı. Baxdılar ki, divardı, ayrıla-ayrıla gedir, yol görünür. Arvadlar durub görsənən yola düşüb getdilər. yol uzana-uzana arvadları da aparıb getdi, getdi bir şəhərə çıxdı. Cəlladların, Cəmilinin arvadı-tanıdım, bizim yerdi. Cəliloğludu bura.

Cəliloğlunun böyük bazar meydanında carçı car çəkə-çəkə bağırdı: “Sabah Vaxtın son günüdü. Sabah böyük bazar meydanında vaxtı asacaqlar... Xəbərdar, Xəbərdar... Şahın əmridi, hamı səhər tezdən meydana gəlsin. Eşitmədim, bilmədim, deməyin, gəlməyən cəlladlanacaq”.

Böyük bazar meydanında dar taxtı qurulmuşdu. Cəllad Cəlil qırmızı geyinmişdi. Baltasının zağlı ağzından “qan damırdı”. Hamı bir-birinə gecə qurulan darı göstərib, Vaxtın darıdı-deyirdilər. Şəhər əhli məmədən-pəpəyə Böyük Bazar Meydanında idi.

Vaxtı qara geyindirmişdilər. Gözünə qara bağlayıb, başına qara torba keçirmişdilər. Dörd ayaqdan səkil səkkiz qara at qoşulmuş araba dar taxtına yanaşıb durdu. İki əsgər Vaxtın qollarını arabanın yanından açıb, onu dar taxtına adlatdı, Cəllad Cəlilə təhvil verdi.

Şah vəziri, vəkili, əyanları yanında dar taxtının sağında yerini almışdı.

Cəllad Cəlil Vaxtı darın altına dartdı.

Şah işarə ilə vəzirə:

- Cəllad əl saxlasın, Vaxta son söz verilsin - dedi.

Vəzir-vəkilə, vəkil-qazıya, qazı Cəllad Cəlilə “əl saxla, Vaxt son sözünü desin” söylədi.

Cəllad Cəlil Vaxtın başından qara torbasını çıxardı, gözlərindən qara dəsmalı açdı. Ağ dünyanın ağ işığı Vaxtın qara gözlərini qamaşdırdı. Əllərini gözlərinə aparmaq istədi. Qolları arxadan bağlı olduğundan çırpındı. Vaxtın üzünə ölüm kölgəsi çökmüşdü, dodaqları qurumuşdu.

Şah bir də buyurdu:

- Son sözün, Vaxt?!

Vaxt içində özünü bərkitdi, çətini buracan idi, burdan o yana nədən qorxacam deyə fikirləşdi. Bircə dilim qurumasın, səsim titrəməsin, Allah, bircə anam gözümə dəyməsin, düşmən önündəyəm. Udqundu, öz ötkəm səsini uzaqdan eşitdi: “Son sözüm yoxdu, ey şah! Qara ağızlardan min ildi ah alıram. Hamı məni sənin Vaxtın hesab edir. Mən sənin Vaxtın deyiləm, ey şah! Səni söyən, mənə söyür. Min ildi sənin sayəndə evimə bu meydandan dərd aparıram, qəm daşıyıram, ey şah. Hamının ahı mənimdi, günahı sənin. Qulaqların kar, gözlərin kordu. Böyük bazar meydanına bu xalqı qorxu, zülm, zillət yığıb, iblis qəhqəhən, gülüşün yığıb. Mənim şah Vaxtımda sən gəda idin, ey şah”. Vaxt susdu. Meydana yığılan şəhər əhlinin içindən bir uğultu keçdi. Uğultu saman çöpü kimi alışıb söndü, yerini sükut aldı. Şahın üzündə həmişəki şeytani gülüşü görsəndi, cəllada işarə elədi: “Qurtar!”

Cəllad Cəlil qara yaylığı Vaxtın gözünə bağlayıb, torbanı başına keçirdi. Kütlənin içindən kimsə “bir Vaxtımız vardı, onun da boynu kəndirdə” dedi. Cəllad Cəlil Cəllad Cəmilin, Cəllad Cəmil də yenə Cəllad Cəlilin oğlu idi. Çörəkləri qandan çıxırdı. Min il idi nəsil adlarını unutmuşdular. Hamı kimi özləri də özlərinə Cəlladuşağı deyirdilər. Min il idi Cəlladuşağının ölən Cəlladının bircə vəsiyyəti olurdu. Ölüm ayağında Cəlladoğlunu yanına çağırıb vəsiyyət eləyirdi “Oğlunu cəllad eləmə, mən bacarmadım, oğul, sən qoyma. Cəlil (ya Cəlil) Cəllad olsun”. Amma min il idi ölən Cəlladuşağının vəsiyyəti tutulmurdu. Ayrı bir sənətə uymurdular. Min il idi cəlladlıqlarını eləyə-eləyə yol gəlirdilər. Babadan nəvəyə balta qalırdı, kiriçi qalırdı, mil qalırdı. Baltayla kəsir, kiriçilə boğur, millə göz çıxardırdılar. Cəllad Cəlil Vaxtı kətilin üstünə çıxarıb durdu. Kəndiri dartıb Vaxtın boynuna keçirib, həlqəni daraltdı. Bununla da işini bitirmiş oldu. Mən bitirdim, dedi, şahım, mən işimi bitirdim. İndi kimsə kətili Vaxtın ayaqlarının altından çəkməli idi. Amma heç kim bu işi öhdəsinə götürmək istəmirdi. Kimsə bu işi öhdəsinə götürsəydi, min illik lənətlənəcəkdi. “Vaxtın kəndirini Cəllad Cəlil keçirdi, kətilini siz çəkdiniz. Sizin keçmişinizə lənət” - deyəcəkdilər. Kətili çəkənin nəsil adını dəyişəcəkdilər, “lənətullahlar” söyləyəcəkdilər.

Şah Vaxtın dar taxtının sağında qurulan şah taxtında əyləşmişdi, gözləyirdi. Gözünü dar taxtındakı Vaxtdan çevirib vəzirə baxdı. Şahın qəzəbli səsi vəzirin içinə sancı kimi doldu: - Ey vəzir, niyə bitirmirlər? Vəzir əyilib təzim etdi: - Təsəddüçün olum, Vaxtın ayağından kətili çəkən yoxdu. Odur gecikdirən. Şah buyurdu “carçıya söyləyin, car çəksin, Vaxtın ayağından kətili çəkənə 3 tümən bəxşiş veriləcək”. Carçıya əmri çatdırdılar. Carçı car çəkə-çəkə meydana dörd dolandı... - xəbərdar, xəbərdar, Vaxtına ayağından kətili çəkənə 3 tümən bəxşiş veriləcək, 3 tümən, üç.

Yenə Böyük Bazar Meydanından kimsə irəli çıxıb dar taxtına yaxınlaşmadı. Vaxtın ayağından kətili çəkməyə cürət etmədi. Hamı lal-kar olmuşdu, eləcə baxırdılar. Günortadan gün əyiləndə şah yerindən durdu. Əyan-əşrəfi ilə atlara süvar olub meydanı tərk elədi. Geridə əsgərlər və cəllad Cəlil qaldı.

* * *

Üç gün idi Vaxt dar taxtındaydı. Üç gün idi ayağından kətili çəkəni - ölümünü gözləyirdi. Üç gün ötəsi şah şəhər qazısını hüzuruna istədi. Şəhər qazısı Qazı Qələndər şahın hüzuruna varıb əyilib yeri öpüb təzim etdi. Şah “ey qazi, sənin bu şəhərin yəni belə şəhərdi ki, üç tümənlik bir adam tapılmadı Vaxtın ayağından kətili çəksin? Yəni sənin şəhərinin adamları bu qədər varlıdı ki, üç tümənə ehtiyacı olan birisi bulunmasın?”

Qazı: - Qibleyi aləm, xalq qorxur. Gündüz kimsə cürət edib Vaxtın kətilini çəkməz. İzn verin, xəlvətcə gecə çəksinlər. Onda min adam tapmaq olar, mini növbəyə durar, üç tümən üçün.

Şah carçıya çatdırın, car çəksin, gecə gedib Vaxtın ayaqları altından kətili çəkənə 3 tümən bəxşiş veriləcək.

Qazı təzim edib şahın hüzurundan mürəxxəs oldu. Bir azdan carçı şəhəri dolana-dolana bağırırdı, xəbərdar, xəbərdar... gecə gedib Vaxtın ayağından kətili çəkənə üç tümən veriləcək, üç tümən. Üç gün ötdü, yenə kimsə Vaxtın kətilini çəkməyə getmədi. Üç gün yenə ötdü. Vaxt yenə darda, ölüm ayağında gözləyirdi. Üç tümənlik adam yenə tapılmırdı. Üç gün ötəsi elçi damına söykənmiş qara çadralı bir qadın gördülər. Eşikağası hüzura buyurub təzim etdi - şahım, elçi daşında bir qadın gözləyir, hüzurunuza buyurmaq istəyir-dedi. Şah –nə istədiyini soruşdunuzmu?

Eşikağası: - Soruşduq, qibleyi aləm, deyir istədiyimi ancaq şahdan istəyəcəm, sözümü də ancaq şaha söyləyəcəm, kimliyimi də, ancaq şaha deyəcəm. Şah: - Gətirin!

Şah cülus taxtında vəzir sağında, vəkil solunda əyləşmişdi. Başı qara çadralı, başdan-ayağa qara geyimli bir qadın eşikağasının arxasınca içəri daxil olub təzim etdi. Şah: - Kimsən, ey qadın, istədiyin, məramın nədir? Qadın: - İstədiyimi və kimliyimi təklikdə deyəcəm, ey şah, əmr buyurun əyan-əşrəf çıxsınlar.

Şah əliylə işarə elədi, əyan-əşrəf divanxanadan çıxdılar. Qadınla şah tək qaldılar.

Qadın :-Mən Vaxtın anasıyam, ey şah. Vaxtı mən doğmuşam. Günlərdi mənim balam dar taxtında ölüm ayağındadır. Amma mən balamın iltimasına gəlmədim. Mən 3 tümənin arxasıyca gəldim. Əsgərlərin məni Böyük Bazar Meydanına buraxmadılar. Vaxtın ayağından kətili mən çəkəcəm. Əmr buyurun, məni meydana buraxsınlar. Vaxtı doğacaq qadın mənim ulu nənəmiydi, ey şah. Min ildi bətnimizdə gəzdirib Vaxta boylu olmuşuq. Atası olmur, kişi belindən gəlmir Vaxt. Tanrı əmridi Vaxtın anası olmaq, ey şah. Amma bu min ildə Vaxtı doğmaq nənələrimə qismət olmayıb. Vaxtın boyluluğunu vəsiyyət eləyə-eləyə gəlib mənə çatıb. Vaxt mənim boyumda yatıb, min illik ağrını mən çəkmişəm. Kətili mən çəkəcəm balamın ayağından. Buyurun 3 tüməni mənə versinlər.

Şah gözlərinə, qulaqlarına inanmadı. “Get - dedi, ey qadın, get. Yoxladacam, düz deməsən, Vaxtı dardan buraxıb, yerinə səni asdıracam”. Sözünü bitirib şah əlini-əlinə vurdu. Eşikağası daxil olub əmrə müntəzər dayandı.

Şah: - Yola salın, getsin.

Qadın getdikdən sonra vəzir, vəkil divanxanaya dəvət olundu. Qadını tanıyıb-tanımadıqları soruşuldu.

Vəzir: - Qibleyi aləm, görən kimi tanıdım, İmana oğullarının Güllü qarısıdı. Vaxtı doğan qadın budur, düz deyir, Vaxtın anasıdır -. dedi.

Şah fikirli-fikirli culus taxtından durub gəzindi, dedi: - Vaxt doğa bilən qadının ola; bu qadın da ana ola; 3 tümənə görə oğlunun ayağından kətili çəkməyə razı ola; Şah hüzuruna vara, balasının iltimasında yox, 3 tümən davasında ola; Bu məmləkət də sənin ola; Bu məmləkətin də şahı sən olasan?!!

Şah sözünü bitirib əlini atıb başındakı firuzə-yaqut düzülü tacını çıxarıb culus taxtının üstünə tulladı. Üzünü vəzirə tutub-o qadını meydana buraxdırın. Buraxdırın kətili çəksin-dedi.

* * *

Güllü qarı şahın hüzurundan çıxıb Böyük bazar Meydanına tərəf getdi. Bazarın girəcəyində təndir çörəyi bişirib satırdılar. Çörəyin ətri bazar ətrafını başına götürmüşdü. Uzaqda pitixananın qabağında ac-yalavac, yaltaq, sümsük itləri səvərmişdilər. İmanların Güllü qarısını çörəyin ətri vurdu. Üç gün idi ac idi, dilinə çörək dəyməmişdi. Ağzı sulanır, ürəyi bulanırdı. İçində hər şey ölmüşdü, bircə özü diri idi. Bilirdi ki içini yeyib qurtarıb. Daha içində yeməli bir şey yoxdu. Ürəyində üzünü doğma balası Vaxta tutub “yedim, hər şeyi yedim qurtardım. Adamlığımı yedim, insanlığımı yedim, analığımı, qadınlığımı yedim, acam oğul. Qonşuluğumu yedim, qohumluğumu yedim. Bircə sən qalmısan, üç tümən az pul deyil, oğul!

Güllü qarı Böyük Bazar Meydanını adlayıb qurulu dar taxtına tərəf getdi. Öz-özünə “ay Allah, nə ola bilməyə, mən olduğumu. Nola bilməyə, Vaxtı allada biləm. Gözü bağlı, başı torbalı, nə biləcək mən olduğumu? Fərman şahın, buyruq şahın, yazı Tanrının. Yazıya pozu yox, baxtdan qaçmaq yox, barı üç tümən yada qismət olmasın. Acam, sənin də boynun kəndirdə, neynim, oğul?! Güllü qarı Vaxtın dar taxtına düz çıxdı.

Vaxtın şah vaxtında bir yolçu yolunu kəsib bunları söyləmişdi: - Yerinə bir şah gələcək, dar fərmanı verəcək sənə. Ölüm ayağında gözləməkdən bezəcəksən, durub dara yalvaracaqsan. Kəndirini cəllad Cəlil keçirəcək, kətili ayağından anan çəkəcək, ölümün ananın əlindədi. Indi boynu kəndirli Vaxt bunu xatırlamırdı. Ancaq qulağına taqqıltı səsi, burnuna doğma bir qoxu gəldi. Anamdı-dedi, anamdı, məni xilas etməyə gəlir. Gözləri doldu, qəhər boğazını yandırdı, dardas çırpındı. Sözləri boğazında özündən əvvəl boğuldu. Eləcə boğuq-boğuq səsləndi-ana, ay ana, ana?! Amma səsini özündən başqa eşidən olmadı.

Güllü qarı dar taxtına çıxıb durdu. Vaxtın ayaqları yalın, qolları arxadan bağlı idi. Ana duyğusu 3 tümənlik pul duyğusundan bircə addım qabağa keçdi. Için-için inildədi-ayaqları yalın balam, boynu kəndirli balam. Sonra 3 tümən duyğusu yenə ana duyğusunu üstələdi. Üç tümən böyüyüb-böyüyüb Güllü qarıdan da, balası Vaxtdan da iri oldu. Güllü qarının yadına Böyük Bazar Meydanının girəcəyindəki təndir və bir də o təndirdə bişirilib satılan çörək düşdü. Ağzı bir də sulandı, sarfası bir də qarışdı. Bir də yadına düşdü ki, girvənkəsi yarım şahıya hər gün təzə çörək alıb yeyəcək, hər gün. Amma bununçün Vaxtın ayağından kətili çəkmək lazımdı. Güllü qarı çəliyini taqqıldada-taqqıldada Vaxta tərəf getdi. Öz-özünə-Vaxt biləcək mən olduğumu, bəs neynim, ilahi? Çadrasını başına bürüyüb, dizə çöküb iməkləməyə başladı.

Cəllad Cəlil baltası əlində Vaxtın gerisindəydi. Vaxtın gerisindən-irəlisinə baxırdı. Canlıydı, ya ruhmuydu bilmirdi. Indi bu olanlar Cəllad Cəlil üçün keçmiş idi. Cəllad Cəlil üçün bu dar taxtı, bu gəliş, bu gediş min il əvvəlin “biri vardı-biri yoxdu”su idi. Yeddimi, yetmişmi köynək əvvəlin baba Cəlilindən, nəvə Cəlilə bir nağıl pıçıltısı gəlirdi-biri vardı, biri yoxdu, dünyanın dar vaxtında bir Cəlil vardı. Oğullarına bir şəhər saldırmışdı, adını Cəliloğlu qoymuşdu. Hardasa günah eləmişdi, taxtından düşüb cəllad olmuşdu. Çörəyi qandan çıxırdı. Öz baltamız, öz başımız anəcək, oğul. Öz əlimiz, öz gözümüzü sığayacaq, günah yiyəsiyik, oğul. Amma cəllad Cəlil deyilənləri anşırda bilmirdi. Nağıl başlayırdımı, ya bitirdimi-kəsdirəmmirdi.

Amma təzə heç nə olmurdu. Olanlar bir də olurdu. Indi, elə indi cəllad Cəlilin əlindəki baltasının zağlı ağzından boynuna doğru bir ağru tələsirdi. Tələsə-tələsə gedən ağrı cəllad Cəlilin beynini dumanlandırırdı. Bunlar olub, deyəsən, ya Xaliq, mənə olmamışları göstər. olmuşların-olub artıq-deyirdi.

Cəllad Cəlil qara çadrada dar taxtına çıxıb duran, sonra iməkləyə-iməkləyə Vaxtın ayağına tərəf sürünən qaraltını bayaqdan görmüşdü. Öz-özünə-qoy gəlsin, kətili çəksin. Boynundan tutub üzünə baxmasam, getməsinə imkan vermərəm-dedi.

Qara çadralı, qara donlu qaraltı iməkləyib Vaxtın ayağına bir addım qalmış dayandı. Çəliyinin əyri başını uzadıb kətilə keçirib çəkdi. Ayağının altından kətili çəkilən vaxtın boynundakı kəndir dartıldı. Vaxt boğulub öldü. Elə həmin andan hamı eyni yaşda oldu. Yeddidən-yetmişə, səkkizdən-səksənə, doqquzdan-doxsana-bir birinə yaşıd oldular.

Cəllad Cəlil əl atıb qadının boynundan tutub qaldırdı. Qadının çadrası başından sürüşdü, üzü göründü. Sən vaxtın anasısan, İmana oğullarının Güllü qarısısan, tanıdım səni-dedi və qarının qolundan tutub dar taxtından düşürdü.

Güllü qarı 3 tüməni almaq üçün tələsdi.

Cəllad Cəlil qayıdıb Vaxtın meyidini dardan açdı, yerə uzatdı. Başından qara torbasını çıxarıb gözlərinin qara yaylığını açdı. Vaxtın gözləri yumulu idi. Vaxt ölmüşdü. Vaxtla birgə vaxtın ölçüləri də ölmüşdü. Cəllad Cəlil elə indi anladı ki, Vaxt təkcə Vaxt demək deyilmiş, həm də dünyanın dadı imiş. Vaxt yoxsa, dünyanın dadı da yoxmuş. Cəllad Cəlil bir də başa düşdü ki, daha bu dünyaya da, elə onun özünə də nəsə olur və bu dadını itirmiş, Vaxtı ölmüş dünyada qalmaqdan qorxulu heç nə yoxdur. O, Vaxtın ölüsünün baş tərəfindəki cəllad kötüyünə yanaşdı, boynunu kötüyün üstünə qoyub baltasını iki əliylə qaldırıb öz boynuna endirdi. Cəllad Cəlilin başı kötükdən o üzə düşdü. Vaxtın üzü cəllad Cəlilin qanına boyandı. Cəllad Cəlilin əlləri cəllad Cəlilin başını axtardı. Cəllad Cəlilin əlləri cəllad Cəlilin başını tapıb, gözlərini sığayıb örtdü. Sonra cəllad Cəlilin əlləri kötüyün yanına çəkildi. Bayaqdan başı kəsik cəllad Cəlil elə dizüstə qalmışdı. Daha dizi üstə qala bilməyib yana yıxıldı, ayaqlarını qarnına yığıb büzüşdü, yumağa döndü.

* * *

Cəllad Cəlilin ölümüylə divardan ayrılan yol qayıtmağa başladı. Arvadlar qayıdan yola qoşulub geri qayıtdılar. Osmanı yüyrükdən götürüb taxtın üstünə qoydular. Daha yüyrüyə sığmaz olmuşdu. Açıq pəncərədən Osmanı eşiyin sazağı vururdu.

Osman tək asqırdı. Güllü qarı-ya Allah, söyləyib üzünə salavat çevirdi. Ayrılan divar da, o ayrılan divardan çıxıb uzana-uzana varıb gedən yolda Allahın tək səbrinə bənd imiş kimi yox oldular. Güllü qarı baxdı ki, yenə öz evdi, divar, dam-daş da sağ salamat durub. Gəlin taxtın üstündə uzanıb, qız bəbəsi də yanında mışıl-mışıl yatır. Qonşu arvadlar da gəlinə quymaq çalırlar.

* * *

Belə baxanda cəlladların Cəmilinin oğlu Cəlil yıxılmamalı idi. Çünki yeddi köynəkmi, yetmiş köynəkmi əvvəlin cəlladuşaqları Əsəd, Məmməd, Məcidindən başqa, bu soydan belə, Çəlil kimi yıxılan olmamışdı.

* * *

Saralda birinci üç qardaş-Əsəd, Məmməd, Məcid yıxılmışdılar. Üçü də bir qızı sevmişdilər. Ayrı-ayrı sevmişdilər, amma birdən yıxılmışdılar. Bu yıxılmaq elə-belə yıxılmaq deyildi. Bu yıxılmaq, bir qızın tellərinə baxıb yıxılmaq idi. Bu yıxılmaq, bir gözəlin incə belinə, incə belinin kəmərinə, kəmərçininə, donunun qırçınına baxıb yıxılmaq idi. Bu yıxılmaqda ayaq daşa ilişmir. Bu yıxılmaqda bəxtin qara yerinə ilişib yıxılırsan. Ayaq daşa ilişib yıxılanda durursan, yeriyirsən, amma bu yıxılmaqdan durmaq olmur. Qolundan min qaldıran olsa da, dura bilmirsən. Bu yıxılmaq bir Ucaq Eşqdən yıxılmaqdı. O uca eşqdən yıxılan üç qardaş haqqında saralda min nağıl danışırdılar. O nağıllar min il əvvəlin nağılları idilər. Danışıla-danışıla köhnəlmişdilər. Köhnələ-köhnələ əfsanələşmişdilər. Əfsanələşə-əfsanələşə inanılmaz olmuşdular. Inanılmaz ola-ola yalana oxşamağa başlamışdılar. Indi o yalanın kökündə bir gerçək durduğunu kimsə unamırdı, xatırlamırdı. Amma o yalanın gerçək olduğu vaxtın qorxusu hər Sarallının canında-qanında qalmışdı. O qorxunun bir adı da SEVGİ-idi. Və sevgi Saralda qorxu idi. Hər sevən, sevdiyini demirdi, boynuna almırdı. Heç özünə də pıçıldamırdı. Eləcə öz-özünə-“yox-yox sevmirəm, sevmək nədi, iraq olsun, Cəlladların Əsədi, Məmmədi, Məcidiyəmmi mən?”-deyə qorxa-qorxa fikirləşirdi. O min ilin əvvəlinin nağılında, hələ yalanların gerçək vaxtı, hələ gerçəklərin yalan olmamış vaxtında Saralda Cəlladların erkən dul qalmış Balaxanımının ev damının olacağında gündüzdən yanan təndir sönməyə doğru idi. Təndirin üstünə kürsü qurulmuşdu. Kürsünün üstünə kilim sarılmışdı. Yanına keçə, yorğan-döşək atılıb yatacaq düzəldilmişdi. Cəlladların dul Balaxanımının üç əkiz oğlu-Əsəd, Məmməd, Məcid kürsünün yanındakı yataqlarına uzanmışdılar. ...ilin Xıdır Nəbi bayramına cəmi bir gün qalırdı.

Dul Balaxanım sinidə qovud gətirib çuvalın üstünə qoymuşdu. Hər balasının adına bir çıraq düzəldib qovudun üstündə yandırmışdı. Səhər xaşıl çalacaqdı.

Qışın oğlan çağı idi. Bayırda lopa-lopa qar yağırdı. Əsəd, Məmməd, Məcidin ayaqlarına təndirin istisi vururdu. Isti topuqlarından keçib canlarına ləzzət qarışıq bir rahatlıq, gözlərinə yuxu gətirirdi. Balaxanım arvad dirəkdən asdığı piy çırçırasını (çır-çıra-piylə çırıldayaraq yanan və səsinə müvafiq ad alan çıraq) söndürdü, olacaq qap-qara qaranlığa qərq oldu. Sonra gedib taxtın üstündəki yatağına girdi.

Əsədlə Məcid bir ay idi ki, bir-birinə boyunlarına almışdılar. Boyunlarına almışdılar ki, bəs, hər ikisi də Xaccanı (Xədicə sözünün loru tələffüzü) sevirlər. Və ikisi də ayrılıqda gedib Xədicəyə sevgilərini bildirmişdilər. Hər ikisi də də ayrılıqda elə belə də demişdilər-“a Xacca, sən mənim qəbrimin üstündən keçməklə onun (Əsədin-ya Məcidin) ola bilərsən”. Məcidin yaxşı dili vardı, amma Əsədin yox idi. Məcid fikirləşib yaxşı dilini işə salıb, Əsədə-“dünən getdim sudan gələndə Xaccanı gördüm, “hə”sini aldım, qulac hörüklərini sənəkdək açdım, boynuma doladım. Qucağımda quş kimi çırpındı. Xacca mənimdi ha...,qarda., daha dilinə dolanma”-demişdi.

Indi yataqda uzanıb hərəsi öz aləminə qapılmışdı. Məcidlə Məmmədi tez yuxu apardı. Amma Əsəd yata bilmədi. Öz-özünə-“Xaccanı sənə yedizdirmərəm, qardaş. Qanını tökərəm, ya qanım tökülər, amma Xacca sənin olmaz”-deyə fikirləşirdi. Bu fikirlərlə də yuxuya getdi.

O səhər, Xıdır Nəbi bayramının səhəri sübh tezdən malı çaya sulamağa aparanda Əsəd Məcidi kürəyindən vurdu. Vuran da, vurulan da inildədi... qardaş, hey...y. Bu Məcidin son sözü oldu. Əsəd xəncəri dartıb çıxartdı. Elədiyinə baxıb, yuxudaymış kimi ayıldı. Məcid qarın üstünə yıxılıb can verirdi. əsəd əyilib qardaşının qanlı yarasını öpdü, yarana qurban olum, qardaş. Qolum qurusun mənim, qolum qurusun-dedi. Sonra Xədicənin uzun saçları, şam kimi ağ barmaqları düşdü. Içindəki şeytana qoşulub elədiyindən qaçıb gizlənmək istədi. Qardaşının meyidini sürüyüb Dölləyin Dərəsinə apardı. Meyidi dərəyə atıb geriyə, gəldiyi yola boylandı. Tərləmişdi, nəfəsi təntimişdi. Uzaqdan izini tutub gələni tanıdı, Məmməd idi. Əsədin tərpənməyə taqəti qalmadı, dərənin qaşında qarın üstünə çökdü. Məmməd gəlib yetişdi, çiyninə keçirdiyi tüfəngi üzünə qaldırdı, namərd qardaş-dedi, namərd qardaş, qardaşına niyə qıydın?

Əsəd-“Xacca mənim idi. Alladıb alıb Xaccanı. Dünəndən demişdi. Bu gecə içimi qurd kimi gəmirmişəm. Mənim idi Xacca”-deyib başını aşağı saldı. Daha nəsə demək istədi. Məmmədin gülləsi açıldı, Əsədin sözü ağzında qanına bələndi. Səhərisi gün Əsədlə, Məcidi Dölləyin dərəsinin kənarında dəfn etdilər. dərənin adını dəyişib “Qanlı Dərə”-dedilər.

“O xoşunu doğrayacam”-deyə-deyə Məmməd Əsədin Məcidin üçünü gözlədi. Üçdən sonra Xədicəni sudan gələndə gördü. Xədicə qara geyinmişdi. Uzun hörüklərini sənəyə keçirib çiyninə almışdı. Məmməd irəli yeriyib sənəyi Xədicənin əlindən alıb yerə qoydu. Xədicənin hörükləri sənəyin qulpundan sivrilib Məmmədin əlinə, əlindən də Xədicənin topuğuna töküldü. Məmməd evdə fikirləşdiyi sözləri-“xoşu, qardaşı-qardaşa niyə doğratdın” kəlməsini unutdu. Xədicənin titrək əli qabaq tərəfə düşmüş bir tay hörüyü arxaya atmaq üçün uzandı. Axşamın sazağında barmaqlarının şam ağlığı Məmmədin içinə çək kimi çöysüdü. Bircə kəlmə-“sən niyə belə elədin? Niyə qıydın Əsədə, Məcidə? Niyə ikisindən birini seçmədin, heç olmasa, biri ölsə də, biri qalardı”-dedi.

Xədicə-“Qıymadım, vallah, heç birinə qıymadım. Gözlərimi kor istərdim, belə olmasını istəməzdim. Mən heç birinə söz vermədim. Hər ikisinə də yox dedim”. Sonra Xədicə başını aşağı saldı, əlini sənəyə uzadıb qulac hörüklərini yenidən sənəyin qulpuna doladı. Qaldırıb çiyninə atdı. Iki addım gedib geri döndü-“Mənim gözüm səndəydi, a Məmməd, mən Əsədə, Məcidə söz verə bilərdimmi?”-deyib yenidən yoluna düzəldi.

Lopa-lopa qar yağan o qışın o günündən sonra Məmmədi Saralda görən olmadı. Və deyirlər guya Məmməd Xədicəyə son söz-“A Xacca, mən Əsədin, Məcidin qəbrini basıb səni dilimə dolaya bilmərəm. Barmaqlarının şövqü vurdu məni. Gözəlliyin ilahidəndi, yaslı çağımda ürəyimi titrətdin. Gəlmişdim səni doğrayıb aparıb Əsədin, Məcidin yanında basdırım. Səni gözəlliyinə bağışladım. Mən gedirəm, Əsədin, Məcidin, elə Məmmədin də qanını sənə halal eləyirəm, yeri, yeri”-deyibmiş.

* * *

Cəlladların dul Balaxanımı daxmasından gündə bir yol qəbirlərə dəyməyə gedə-gedə iz saldı. Məmmədi gözləyə-gözləyə qocaldı, saçları dağların qarından ağ oldu, dünyadan qoca oldu. Dul Balaxanım, Əsədin, Məcidin qəbirlərinin yanında üçüncü-yalançı qəbir düzəltdi, Məmmədimin qəbridi, dedi. Illər keçəndən sonra dul Balaxanım ölüb dünyadan getdi və öz əliylə düzəltdiyi yalançı qəbirdə basdırıldı. Saralın beş-on kişisi-“yazıqdı, qoy o dünyadasa balalarının yanında olsun”-dedilər.

Dul Balaxanımdan sonra Qanlı Dərədəki o üç qəbirə gedən izlə başqa bir qadın getməyə başladı. O qadın Xədicə idi. O üç qəbrin başında üç armud ağacı əkmişdi və o ağaclar bizim günlərə qədər qalırdı.

* * *

Yeddi köynəkmi, yetmiş köynəkmi əvvəlin Əsədi, Məmmədi, Məcidindən başqa, Cəlilin doğulduğu saral kəndində ağacdan yıxılan olmuşdu. Burnu qanayan olmuşdu, dizi-dirsəyi sıyrılan olmuşdu. Amma bu cür cəlil kimi yıxılan olmamışdı. Cəlilin yıxılmağı saralda adət olan yıxılmaqlardan deyildi. Cəlil yerə yıxılmamışdı, ayağı sürüşməmişdi, daşa-ağaca ilişməmişdi, dərəyə dığırlanmamışdı, heç qəddi də əyilməmişdi. Amma cəlil yıxılmışdı. Ayağının altında yenə yer vardı, amma yer o yer deyildi, ayrı yer idi. Başının üstündə yenə göy vardı, amma göy, o göy deyildi, ayrı göy idi. Cəlil yenə başının üstündəki o ayrı göyün altında, o ayrı yerin üstündə idi. Yenə düppədüz yeriyirdi, əyilməyi, axsamağı da yox idi. Heç kim düppədüz yerişinə baxıb Cəlilin yıxılmağına inana bilmirdi. Amma Cəlil yıxılmışdı. Bu yıxılmağını-özü də bərk yıxılmağını bircə Cəlil özü bilirdi. Amma Cəlil özü bu yıxılmaqdan durmaq olmayacağını bilmirdi.

* * *

Gərək o qız Sarala gəlməyəydi. Gərək o qız, elə o yayı da, əvvəlki illərin yayları kimi Bakıda, Pirşağıda, Bilgəhdə keçirəydi. Dənizdə çiməydi, evdə akvarium dedikləri o şüşə qabdakı balaca qırmızı balıqlara baxaydı. O şüşə qabın içindəki gerçək suda yalançı yarpaqlara, yosunlara baxaydı. Gərək o qız Sarala-dağların, dərələrin, otların və bir də balıqların gerçək olduğu yerə gəlməyəydi. Akvariumdakı o balaca qırmızı balıqların yalan dünyasında yaşayaydı. O qız sarala kaş gəlməyəydi. Amma gəlmişdi. Atası-anasına-“məzuniyyətini götür get uşaqlarla Armudun Bulağının suyundan iç, buralar istidi”-demişdi. Və o qız Sarala o yay, ancaq, anasıyla , bir də balaca qardaşıyla gəlmişdi. Gələn kimi də saralın anı, dəqiqəsi, satı, axşamı-sabahı dəyişmişdi. Yelin səsi, suyun tamı, çörəyin dadı dəyişmişdi. O qız gözəl idi. Yerişi, duruşu, səsi gözəl idi. O qız Saralı gözəlləşdirmişdi. Yeridikcə-yol gözəl olurdu, durduqca-yer gözəl olurdu. Içdiyi su boğazında görsənirdi. O qızı hamı sevməyə başlamışdı. Əvvəl-əvvəl (xəlvətcə) oğlanlar sevmişdilər. Sonra qızlar sevmişdilər. Qızların bu sevgisinə, həm də bir az xiffət, bir az qibtə və bir xeyli də izaholunmaz ayrı nələrsə qarışmışdı. Və qızların heç biri o bir az xiffəti, o bir az qibtəni, bir xeyli də o izaholunmaz ayrı nələri boyunlarına almazdılar. Bəlkə də heç o ayrı nələrdən qızların özlərinin xəbərləri yox idi. O ayrı nələrsə-hər qızın ürəyinin ən dərin, ən gizli bir yerində gizlənmişdi. O ən gizlin, ən dərin yerə qızlar ya özləri boylanmaq istəmirdilər, ya da ora boylanmağa qorxurdular.

Sonra o qızı pişiklər (quyruqlarını bulaya-bulaya qızın yanınca ayaqlarına dolaşa-dolaşa yeriyib) sevmişdilər. Sonra da qalan adamlar sevmişdilər.

Şəhərdən gələn qızın gözəlliyi elə-belə gözəllik olsa idi, arvadlar-“ay qız, yanıyanmış yaraşıqlıdı ha...a” deyib qımışacaqdılar. Amma indi bu sözü deyə bilmirdilər. Çünki o qızın gözəlliyi o sözlərdən çox ucalarda idi və o ucalara Badam xalanın, Xırda xalanın, Məsmə xalanın sözləri gedib çıxa bilməzdi. Və bir də o qızın gözəlliyi ovsun kimi bir şey idi. Sözlər də ovsundan sonra heç nə olur. O qızın saçları uzun idi, topuğuna tökülürdü. Hər səhər saçlarını həyətdəki çinarın altında durub darayırdı. Quşlar çinarın yarpaqları arasında gizlənib qızın saç daramağına baxırdılar. Yel çinara çatınca-dayanırdı, budaqları silkələycəyindən qorxurmuş kimi sakitləşirdi.

Cəlil o qızın uzun tellərindən yıxılmışdı. Yıxılmağa özgə yer yox idi. Özgə yerdə özgə adamlar dayanmışdılar. O özgə yerin yıxılmağı özgə cür olur, belə olmur. Cəlil kimi yıxılıan özgə yerə yıxılmır. Ona görə də, Cəlil o qızın tellərindən öz içinə yıxılmışdı. Cəlilin içi çox uca idi. Sevgi Cəlilin içini ucalara, çox ucalara qaldırmışdı. O ucaların yanında “uca” sözü çox aşağıda qalırdı. O ucalıq-aydan, ulduzdan çox ucada idi. Gündə o ucalığa baxanda “başından papağı düşürdü”. O qızın saçları Cəlilin içindəki o ucalıqdan Tanrının Dan Üzünə tökülürdü. Tanrının Dan Üzü o qızın qara, uzun saçlarının arasında itirdi, görünməz olurdu. Bəndələr göyün göy üzünə boylanıb göyün göy üzünü qara görürdülər. gecədir-deyirdilər, hələ gecədir. O qız qara uzun saçlarını Tanrının Dan Üzündən yığıb gərdəninə tökəndə, Tanrının Dan Üzü nura bələnirdi. O qızın saçlarından sonra Tanrının Dan Üzünə Dan Sədası düşürdü. Tanrının Dan Üzü ağarırıdı. Ağarışdanırdı, göyün göy gözləri yaşarırıdı. Yarpaqlarda damla-damla su “puçurlayırdı”.

Və Cəlil o puçur-puçur damlaların arasında içindəki ucalığa yıxılmışdı. Gözgörəsi Cəlilə heç nə olmamışdı. Nə dizi sıyrılmışdı, nə dirsəyi. Nə burnu qanamışdı, nə də dodağı çapılmışdı. Amma Cəlil yıxılmışdı. Ürəyi köksündən sıçrayıb o qızın dünənmi, ya sırağagünmü burdan keçəndə qoyduğu ayaq izinə düşmüşdü. Cəlilin o ayaq izi dünyanın ən təmiz, ən pak yeri idi. O yer, Saralın o biri yerlərindən çox gözəl olmuşdu. Cəlil o qızın ayaq izinə atılıb düşmüş ürəyinin sağında oturub ürəyinin atmasına tamaşa eləyirdi. Anası Pəriyə xəbər çatmışdı, atası cəlladların Cəmilinə xəbər çatmışdı, bacılarına xəbər çatmışdı. Xəbər çatmışdı ki, Cəlil filan yerdə yıxılıb, ürəyi köksündən sıçrayıb Bakıdan gələn qızın ayaq izinə düşüb. Indi Cəlil dizə çöküb. O qızın ayaq izinə düşmüş ürəyinə tamaşa eləyir. Xəbər çatınca anası Pəri yüyürmüşdü, bacıları yüyürmüşdülər. Amma atası Cəmil yüyürməmişdi. Gələn xəbərə inanmamışdı, elə şey olmaz-demişdi, bizdə Əsəddən, Məmməddən, Məciddən sonra elə yıxılan adam qalmayıb. Yıxıla bilənlərimiz yeddimi-yetmişmi köynək əvvəl yıxılıblar. Indi Cəlil nədir ki, nə yıxıla? O yıxılmağı Cəlil nə bilir? Yəqin, ayağı sürüşüb, dizi yerə gəlib. Durar yeriyər, ağrısı yadından çıxar.

Amma Cəlil o yıxılmağı bilməyə-bilməyə yıxılmışdı. Əsədin, Məmmədin, Məcidin yıxılmağı kimi yıxılmaq Cəlilin ürəyinin bir damcı qanında gizlənib qalmışdı və Cəlil yıxılmışdı. O yıxılmağın ağrısı diz ağrısı deyildi, göz ağrısı deyildi, baş ağrısı deyildi. Cəlil o ağrını unuda bilməyəcəkdi. O ağrı unudulan ağrılardand eyildi.

Anası Pəri, bacıları çatıb Cəlilin diz çöküb köksündən ayaq izinə düşmüş ürəyinə tamaşa eləyən çağını görmüşdülər. qolundan tutub qaldırmışdılar. Anası əyilib Cəlilin ürəyini yerdən götürüb ətəyi ilə tozunu silmişdi. “Al, anan ölsün, al, tez yerinə qoy, hələ işləyir”-demişdi. Amma Cəlil almamışdı-“istəmirəm, daha o mənim deyil, o qızındır, aparın ona verin”-söyləmişdi. Anası, bacıları Cəlilin ürəyini götürüb getmişdilər. Bakıdan gələn qızın nənəsinin qapısını döymüşdülər. qızınıza deyin, demişdilər, qızınıza deyin, bir xoş söz desin, qaytarıb uşağımızın ürəyini yerinə qoyaq.

O qız xoş nə deyəcəkdi. Xoş söz deməyi öyrənmişdimi? O qız-kənddə doğulub-böyüyüb onuncuda oxuyan Cəlilin köhnə, yamalıqlı şalvarınamı, ayağındakı səndəlinəmi, boynusökük, əyninə iri, çiyinləri sallaq milmil köynəyinəmi, darağayatmaz pırtlaşıq saçlarınamı deyəcəkdi o xoş sözü? O xoş söz ayrı cür olmalıydı. Içində sevgisi olmalıydı, pıçıltısı olmalıydı. O sözü heç kim eşitməməli idi. O xoş sözü o qız təkcə dodaqlarıyla deməməliydi. Baxışıyla, yerişiylə, duruşuyla deməliydi. Axşamlar-gün batan çağı çinarın kölgəsinin uzanıb bağın çəpərindən, evin divarından, məhlənin hasarından uzun olan vaxtında deməliydi. O qız o xoş sözü səhər-səhər elə o çinarın dibində ayağına dolaşa-dolaşa yeriyən pişiyin yanında, yarpaqların arasında gizlənib civildəşən quşların şahidliyiylə, saçlarını darayanda deməliydi. Amma demirdi.

Qızın nənəsi Cəlilin anasının əlində tutduğu ürəyə baxmışdı, əvvəl inanmamışdı. Sonra öz əlinə alıb o üzə, bu üzə çevirmişdi, “hə-ürəkdi” demişdi. Istidi, əlimi yandırdı-eləyib geri qaytarmışdı. “Qoy qızın atası gəlsin, ayın axırı gələcək, atasına deyərik, görək nə deyəcək”-söyləmişdi.

Ayın axırı qızın atası gəlib çıxmışdı. Anası Cəlilin ürəyini götürüb qızın atasına aparmışdı. Qızlarını da yanına almışdı. Cəlil də ana-bacısının arxasıyca gedib doqqazın ağzında gözləyirdi. Qızın atası ağ jiqulu maşınını qapıda saxlayıb evə keçmişdi. Bayıra çıxıb Cəlilin ürəyini görmüşdü. Əlinə alıb o üzə, bu üzə çevirmişdi. Sonra çevrilib doqqazın ağzında dizi yamaqılı şalvarda, çiyinləri sallaq mil-mil köynəkdə (böyük qardaşının köhnə köynəyi idi) dayanan Cəlilə xeyli baxıb gülmüşdü. Sonra qızına Cəlilin qrəyini almağa icazə vermişdi. Qız da Cəlilin ürəyini alıb öz otağına çəkilmişdi. Ana-bacısı Cəlili də yanlarına alıb geri dönmüşdülər. anası-“atamanam, di qoy üzün gülsün, ürəyini aldılar, ta qız səninkidi”-demişdi.

Həmin axşam Cəlil yenə həmin evin yanına gəldi. Dırmaşıb, divardan ikicə barmaq hündürdə dayanıb o qızın nənəsinin pəncərələrinə baxdı, ürəyinin yerini müəyyənləşdirdi. Küncdəki pəncərənin qabağında çarpayıda uzanan o qızın yerini müəyyənləşdirdi.

O qız Cəlilin ürəyini alıb, aparıb yastığının üstünə qoymuşdu, ürək hələ döyünürdü. O qıza maraqlı gəlirdi. Akvariumdakı qırmızı balaca balıqcıqlardan daha maraqlı şeylər varmış dünyada. Və o qız gecənin aydınlığında pəncərədən bayıra baxıb indi oynadığı o ürəyin yiyəsinin-Cəlilin divardan ikicə barmaq ucada duran ikicə gözünü gördü. O qız xəlvətcə durub bayıra çıxdı. Divarın yanına gəldi. Cəlili yanına səslədi, gəl-dedi, bura, aşağı, yanıma düş.

Cəlil divardan aşırılıb o qızın yanına düşdü. O qız əlində Cəlilin ürəyini tutmuşdu, soruşdu:

- Sənin ürəyindi?

Cəlil: Hə, mənim ürəyimdi.

O qız: Doğrudan sinəndən çıxıb düşüb?

Cəlil: Hə, doğrudan.

O qız: Indi yeri bilinir?

Cəlil: Hə, bilinir.

O qız əlini uzadıb Cəlilin köhnə mil-mil köynəyinin yaxasından sinəsini yoxladı.

Cəlil qızın əlini sinəsindən götürüb barmaqlarını öpdü.

O qız: İstəyirsən ürəyini qoyum yerinə?

Cəlil: Yox, istəmirəm.

O qız: Niyə?

Cəlil: Daha o sənindir. Özgəsinin ürəyini mən neynirəm?!

Sonra o qız Bakıdan danışdı. Akvariumdakı balaca qırmızı balıqlardan danışdı.

O gecə dünyanın ən dadlı gecəsi idi, ən “ağ” gecəsi idi, ən gözəl gecəsi idi. Cəlilin ömrünün ən xoşbəxt gecəsi idi və bir də belə dadlı gecəsi olmayacaqdı.

* * *

O yay əvvəlki illərin yayı qədər “uzun” olmadı. Atası gələndən 10 gün sonra Bakıdan gələn qız üçün yay tətili də, elə yay da bitdi. Atası qızını, balaca oğlunu və arvadını ağ “Jiquli”sinə mindirib Bakıya getdi. Getdi ki, o qız yenə Bilgəhdə, Pirşağıda dənizdə çimsin, şəhərdəki evlərində akvariumdakı balaca qırmızı balıqlarla oynasın. Akvariumun yalançı yaşıl otlarına, yosunlarına, yarpaqlarına tamaşa eləsin. Və o qız Cəlilin ürəyini də aparıb getdi.

O qız getdikdən sonra Saralın gözəlliyi azaldı. Quşlar, ağaclar qayıdıb yenə əvvəlki oldular. Sular öz tamına, yel öz səsinə qayıtdı. Gün, saat, dəqiqə öz ölçüsünə qayıtdı. Pişiklər bir həftə o qızsız qəribsədilər, xiffət çəkdilər. ancaq bir həftədən sonra qayıdıb yenə əvvəlki pişik oldular. Pusquda durdular, marıqda yatdılar, siçan tutdular, sərçə qovdular. Amma bircə Cəlil həmin Cəlil ola bilmədi.

* * *

O ilin payızında Bakı adlı şəhərdə o qızın toyu oldu. O qızın barmaqlarını bir üzüklə, boynunu-boğazını boyunbağı ilə, qulaqlarını bir cüt tana ilə allatdılar. Yalanı bəzəyib-düzəyib gerçəkdən gözəl elədilər. Gözəl bir yalanla allatdılar o qızı.

Cəlil gerçək idi. Gerçək sevgiylə sevmişdi. Çiyinləri sallaq mil-mil gerçək köynəyiylə, pırtlaşıq gerçək saçıyla sevmişdi. Cəlil yalan dünyanın doğrudan da yalan olduğunu bilmirdi. Göydəki gerçək Tanrının yerdəki gerçək bəndəsi idi. Ona görə də gerçəkdən sevmişdi. Ürəyini-sinəsindən atılıb düşən ürəyini kimsə geriyə-yerinə qoymamışdı. Gerçəkdən o qıza vermişdi. O qız da Cəlilin ürəyini gerçəkdən aparıb getmişdi. Aparmışdı ki, Bakı adlı, küçəsi, binası böyük, evi, qapıları, qapılarındakı gözlükləri balaca olan şəhərdə akvariumdakı xırda balıqlardan bezəndə, Cəlilin ürəyi ilə oynasın. Oynamışdı da, ta ki, Məmmədov soyadlı bir bəndənin kürəqulaq Məmməd adlı oğlu ortaya çıxanadək.

Dünyanın hər yerində bir Məmmədov olur. Dünyanın Vaşinqtonunda, Londonunda, Parisində, Biləcərisində, Şəkisində, Bakısında olur. Elə Saral adlı bir kəndində də olur. Olur ki, dünyanın nizamı düzəlsin, Düzlərin əyri pərsəngi, ağın qara pərsəngi, gerçəyin yalan pərsəngi tarazlaşsın. Bir də nizamı pərsənglə düzələn dünyanın Məmmədovlarının çoxlu pulu olur, yuxarı vəzifəsi olur, maşını olur və bir də DİLİ olur. Bu dil nə türkcə olur, nə tatca, nə ingiliscə, nə almanca, nə də farsca olur. Bi DİL yalan dili olur, ilan dili olur. Məmmədlər bu dillə allada bilir, ala bilir, sata bilir, qala bilirlər. Bu dil yağlı olur. Yavan söz yeyəndə də bu yağ, o dilin yavan, yalan sözünün yavan, yalan olduğunu görməyə qoymur.

Indi həmin Məmmədlər o qızın Bakıya dönüşündən xeyli sonra qızın anasını yağlı dillə alladıb almışdılar. Axıra bircə atası qalmışdı. Atası da naçar qalmışdı. Sağa boylanıb-“bəs Cəlildən ürək almısan, onu neyləyəcəksən, mənim balam?”-demişdi. Sola boylanıb görmüşdü ki, arvadını yağlı dillə alıblar, baldızını al dillə alıblar, bacısını al dillə alıblar, bircə özü qalıb, bir də qızı. Arvadı, baldızı, bacısı Məmmədlərdən içlərinə ilan dili qoymuşdular. Məmmədlər arvadların hərəsinin barmağına bəri başdan bir üzük taxmışdılar. Məmmədə “nişanlamışdılar”. Arvadı, baldızı, bacısı kişiyə-“Məmməd varlıdı, vəzifəlidi, pulludu. Qızın gedib xanım olacaq, qabağında qulluqçusu olacaq, xidmətçisi olacaq, aşpazı olacaq, qızı Məmmədə verək. Cəlil kimdi? Çiyni düşük, şalvarı deşik, dizləri yamaqlı Cəlilin ürəyini tullayaq getsin, Kömürçü bazarında itlər didişdirsin”. Və tulladılar da. Kişini də razı salıb tezcə də toy eləmişdilər. Toy dünən olmuşdu. Indi səhər idi. O qız yatağında uzanmışdı, tək idi. Bu gecənin gəliniydi. Canında ağrıqarışıq bir ləzzət dolaşırdı. Barmaqlarındakı üzüklərə, biləklərindəki bilərziklərə, boynundakı boyunbağına doya-doya baxırdı. əllərinin xınasına doya-doya baxırdı. Hələ Cəlil yadına düşmürdü, hələ dünya atası gildə qoyub gəldiyi akvarium kimi bir şey idi. Hələ hər şey o akvariumun içi kimi-qumu ilə, balaca qızrmızı balıqları ilə bu dünyanın şəkli idi, amma özü deyildi. Hələ o qız canındakı ağrıqarışıq ləzzəti yaşaya-yaşaya bətnindən xəbərsiz idi. Bəlkə də o qız haçansa Cəlili xatırlayacaqdı, bəlkə də...

Amma indi barmaqları üzüklərə, könlü yalan sözlərə allanan o qız ilahi gözəlliyindən enmişdi. Dünyanın o biri qızlarının tayı olmuşdu. Ona görə də saçları uca göylərdə Uca Tanrının Dan Üzündə qala bilmirdi. Kürə Məmmədin əlləri o saçların qanadlarını qırmışdı və o qızın saçları göylərdən enirdi. Tanrının Dan Üzündən sürüşüb yerin payı olurdu. Yerdə kürə Məmmədin payı olurdu. Bir saç enirdi göy üzündən, tel-tel bir saç enirdi. Enib yerdə Hürünün, Pərinin, Nərgizin saçlarına oxşayırdı. O qız da gözəlliyindən enirdi, adiləşirdi. Daha o qız da Hürü idi, Pəri idi, Nərgiz idi.

Cəlil o saçdan sonra tək qalırdı, tək-tənha və o təklikdə tək Tanrının olurdu. Hər gün tək tanrıyla pıçıldaşacaqdı, söz söyləyəcəkdi, barmaqlarıyla danışacaqdı, ovcuna oxuyacaqdı dərdlərini. Daha Cəlilin kimi-kimsəsi dərd olacaqdı.

* * *

Bakıdakı o toydan sonra gecə Cəlil yatmışdımı, yatmamışdımı bilmədi. Qapı döyüldümü, döyülmədimi bilmədi. Durub qapıya getdimi, getmədimi bilmədi. Qapını açdımı, açmadımı bilmədi. Amma qarşısında dayanan üç nəfəri ilk andaca tanıdı. Əsəd, Məmməd, Məcid əmimsiniz-dedi.

Gələnlərin hər üçü də onda Cəlilə belə demişdilər:-Yıxılmağını gördük, ürəyinin düşməsini gördük, ürəyini o qıza verməyini gördük, gəldik. O qıza aldanmağını, o qızın aldanmağını gördük, küçələrə atılmış ürəyini götürdük sənə gətirdik, mənim balam. Biz də yıxılmışıq, üçümüz də yıxılmışıq. Üçümüz də sevdik, birimiz almadıq. Ayrı-ayrı, tək-tək təklədilər bizi. Döyüb yıxmışdılar, güləşmədilər, qurşaq tutmadılar, öpüb yıxdılar bizi, mənim balam. Sevmək də günahın bir üzüdü, niyə sevdin mənim balam. Sevən sevir, daş olur, daşlara yoldaş olur, qanadlanır quş olur, quşlara yoldaş olur, uçur, amma qonmağa yeri olmur, göydə qalır, mənim balam. Yıxılmağın mübarək, ağrımağın, ağlamağın mebarək. Dünən Bakı adlı şəhərdə toy oldu, sənsiz oldu. O qız getdi gəlin oldu. Bu gün sənin də toyundu. Dərd sənin olur, sən də dərdin. Dərdə evlənirsən, toyun mübarək, mənim balam. Ürək verdiyin qız ürəyini atıb getdi. Ürək adama lazım olur, mənim balam. Yaşının on beşində, on altısında, otuzunda, qırxında lazım olur, ölməyə lazım olur. Sənin ürəyin yoxdu, nə ilə öləcək mənim balam? Ürəksiz necə öləcək? Əvəlcə ürək ölür, sonra əl ölür, ayaq ölür, baş ölür, göz ölür. Ürəyin yoxdu, mənim balam, əlin ölməyəcək, ayağın ölməyəcək, gözün yumulmayacaq, baxacaq mənim balam. Göylərin rəngi qalacaq gözlərində, buludun əksi qalacaq. O qızın əlləri gözlərini sığamayacaq, mənim balam. Sevmək-Allahdandl, üzünü Uca Göylərə tutub Allahı sevməliydin, mənim balam balam. Bəndəni sevmək günahdı. Sən sevgində günah elədin, axşamda-sabahda günah elədin, günahkarsan mənim balam. Çiyinləri çılpaq balam, kürəyi ensiz balam, köynəyi sallaq balam. Ürəyini o qızdan kim alacaq? Maqnit tutsan çəkərmi, təzədən əksən bitərmi, bitərmi, mənim balam? Ürəyi təzədən əkmək olmur, maqnitlə çəkmək olmur, olmur, mənim balam. Gözünün yaşı gedər, yolunun daşı gedər, dağların başı gedər, sən gedəmməzsən, ürəyin gedən yerə sən gedəmməzsən, mənim balam. Gəl aparaq ürəyini basdıraq, atılmış ürəyi daha neynirsən, mənim balam?

* * *

Cəlil qabağa düşüb yol göstərdi. Əsəd, Məmməd, Məcid Cəlilin ürəyini götürüb getdilər. O qızın ayaq izinə çatıb dayandılar. Əsəd, Məmməd, Məcid-buramı düşmüşdü ürəyin-deyə soruşdular. Cəlil-hə, dedi, bax, o...dur. o cinarın altında dayanmışdı, saçını açıb tökmüşdü, baxdım, ürəyim atılıb düşdü. O qız həmişə burdan keçib gedirdi. Bu ayaq izi də onunkudur.

Əsəd, Məmməd, Məcid əyilib Cəlilin ürəyini o qızın ayaq izinə qoydular. Cəlilin ürəyi dəygəcin ayaq izi böyüyüb-böyüyüb tabut oldu. Əsəd, Məmməd, Məcid, Cəlil tabutun altına girib çiyinlərinə qaldırmaq istədilər, gücləri çatmadı. Gedib Cəlilin atası Cəmili yuxudan qaldırdılar, ana-bacısını oyatdılar. Qalxın dedilər, qalxın, gedib Bakıdan Cəlilin atılmış ürəyini gətirmişik, basdırmağa aparırıq, gücümüz çatmır, Gəlin kömək eəyin, aparaq basdıraq.

* * *

Qəbristanlığa çatıb dayandılar. Tabutu endirib yerə qoydular. Cəlil qəbir qazmağa başladı. Anası deyirdi-qaz, dərdin alım, qaz, qoy ürəyini basdıraq. Daha atılıb, toz olub, torpaq olub, daşa dəyib, quma bələnib, indi o ürəyi neynəyəcən, mənim balam? Ürəyin yeri sinədi, sinədə qərar tutmalıdı, köksdə çarpmalıdı. Partlayıb sinən, ürəyin köksündən sıçrayıb ayaq izinə düşüb. Ayaq izinə düşən ürəyi neynirsən, mənim balam?!

Cəlil yerin yeddinci qatını keçib durdu. Çiyinləri düşük mil-mil köynəyinin ətəyi ilə alnının tərini sildi. Cəlladların Cəmili, Əsədi, Məmmədi, Məcidi ip bağlayıb tabutu qəbirdəki Cəlilə salladılar. Cəlil tabutu qəbrə qoyub torpaqladı, ayağını torpağın üstünə qoya-qoya dikəlməyə başladı. Qəbri torpaqla doldurub qurtardı. Tərini yenə mil-mil köynəyinin ətəyi ilə sildi. Aşağı əyilib qulağını qəbrə qoyub dinlədi. Ürək döyünürdü, torpaq xəfifcə titrəyirdi.

Göylərdə ayın utancaq bir duruşu vardı və ay günahkar adama oxşayırdı.

* * *

Yalançı danla-gerçək danın arasında Cəlladların Cəmilinin evindən saz səsi gəlirdi, “Cəlili” çalırdılar.

# 1269 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #