Şekspir, Dante, Balayar Sadiq - Bitməyən tədbirdən REPORTAJ

Şekspir, Dante, Balayar Sadiq - <span style="color:red;">Bitməyən tədbirdən REPORTAJ
13 yanvar 2017
# 08:30

Dünən Yazıçılar Birliyinin Natəvan klubunda şair Balayar Sadiqin yeni şeir kitabının təqdimatı keçirildi.

Keçirildi keçirilməyinə, amma bilmədim axırı nə oldu, çünki 3 saatdan sonra çıxıb getdim. Bu haqda yazının sonunda...

Tədbiri giriş sözü ilə Fikrət Qoca açdı. Açığı, nə mən, nə də başqaları eşitdi şairin nə dediyini. Ürəyimdə dedim, görən niyə Fikrət Qocaya tapşırırlar bu işi. Qoca kişidir, yaşı-başı ötüb, getsin istirahət eləsin. Ürəyimin səsini eşitdilər elə bil. Fikrət Qoca sözünü müxtəsər eləyib getdi.

Tədbirdə çox adam var idi. Belə gözləmirdim. Doğrusu, təəccübləndim. Sonra çıxışçıların hər biri belə bir söz də dedi: “Bir dostum da gələcəkdi, zəng etdi ki, gələ bilməyəcək”. Düşündüm ki, hər çıxışçının o bir dostu da tədbirdə olsaydı, basabas olardı. Allah üzümüzə baxıb, yazığı gəlib.

Qəşəm Nəcəfzadə Fikrət Qocanı əvəzləyərək tədbirə moderatorluq eləməyə başladı. Özü də Balayar Sadiq haqqında bəlağətli, geniş nitq söylədi. Kimimiz poeziya üçün ölürük, kimimiz də nitq söyləyirik! Eşq olsun! Mənim gülümsəyən üzümdə gizlənən şeytani hissi göydəcə tutan Qəşəm müəllim bir qulaqburması verdi: “Ayxan bura yazmağa yox, ova gəlib. Yaz, amma düzünü yaz!” Qəşəm müəllimin sözündən çıxmaq olmaz. Gərək hər şeyi olduğu kimi yazaq, yoxsa hamı məndən küsüb-inciyər.

Bu arada Dayandur Sevgin deyinə-deyinə stul gətirirdi. Qapı tərəfdə yaman basırıq vardı. İndi diqqət elədim ki, tədbirdə iştirak edən bir gənc mənəm, bir Kəramət Böyükçöl, bir də Nuranə Nur... Mənim gəlmək səbəbim məlum, Kəramət də qonaqlıq iyi alıb, yəqin. Nuranə xanım da qulağıma pıçıldadı ki, burda işləyirik, ona görə iştirak etməliyik.

Elçin Mirzəbəyli çıxış edəndə çöldə idim, qulaq asa bilmədim. Bu arada kitabın adını eşitdim: “Payız məktubları”. Yanımda dayanmış iki qadın əllərini ağızlarına aparıb nəsə danışdılar. Əlləri üzlərindən aralananda mənə baxıb gülümsündülər. Sonra o birisi rəfiqəsinin çiyninə vurub “Aazz, - dedi, - niyə payız? Qış döyül bəyəm?”. O birisi “Başın batmasın” deyib yellənə-yellənə güldü.

Söz Oqtay Rzaya çatdı. Oqtay müəllim koloritli adamdır, sözü-söhbəti həmişə maraqla qarşılanıb. Bəlkə də çıxışında beş dəfə salon onu alqışladı. Amma Oqtay müəllimin çıxışı sona çatmırdı. Balayar Sadiqlə coşğun günlərindən söz açırdı. Sən demə, bir yerdə cənub zonalarına səyahət ediblərmiş, yaxşıca yeyib-içib toqqanı bərkidiblərmiş. Elə bu yerdə Oqtay Rza bir şeir dedi: “Dost dostu yolda tanıyar...” Düşündüm ki, Oqtay Rza Yusif Nəğməkarın yerinə keçib, onun kimi danışır. Qapıdan çölə çıxdım, bir az ordakı tanınmayan şairlərlə söhbət edib, deyib gülüb təzədən qayıtdım, gördüm Oqtay Rza barmağını silkələyə-silkələyə şövqlə şeir deyir. Şeir bitdi, Oqtay Rza sanki təəssüfləndi, ya da gözlərinə kədər qondu. Yəqin kimsə qaş-göz elədi ki, daha bəsdir, başqaları da danışacaq. Oqtay Rza oyuncağı əlindən alınmış uşaq kimi yerinə çökdü.

Amma oturduğu yerdən də səsi eşidildi: “Anton Çex deyib ki...” Düzü, bu fikri heç yerdə eşitməmişdim: “Həyat rast gəlməkdir” dedi, yoxsa “Həyat hamı üçün eyni deyil”. Bu sən demə hekayə ustası Çexovun sözü imiş. Oqtay müəllim hamının familiyasındakı “ov” hissəciyi tullayır axı...

Dayandur Sevgin Oqtay Rzanın otursa səsinin kəsməyəcəyini hiss edib son ümid kimi zala səsləndi: “Alqışlayın da... alqışlayın!” Amma Dayandurun istədiyi kimi gurultulu alqış gəlmədi, bir tərəf alqışladı, bir tərəf yox. Mən çölə çıxdım, Oqtay Rzanın səsi hələ də qulaqlarımda idi. Gəlib gördüm ki, kədərlə oturub qarşısındakı kitabı vərəqləyir.

Bir qadın danışırdı, adı Azadə Tahir. Şair imiş. Tarixdəki Tomrisə oxşayırdı. Elə bildim “Azdrama”da Tomrisdən tamaşa hazırlanır, bu xanım da elə ordakı məşqləri yarımçıq qoyub, özünü bu gözəl poeziya qonaqlığından məhrum etmək istəməyib.

Xanım Balayar Sadiqə “Cəsarətli qələm” mükafatı təqdim etdi. Bu dəfə Dayandur Sevginin istədiyi kimi gurultulu alqış qopdu. Tarixi an idi.

Sonra Nəzakət adlı bir şair də danışdı. Çıxışına belə başlamışdı: “Mən nə deyə bilərəm ki...” Mən yenə çölə çıxıb bir az ordakılarla söhbət elədim, qayıdıb gələndə bu xanım hələ də danışırdı. Nə deyəcəyini bilmirdi özü də. Gördüm ki, Oqtay Rzanın qaşları düyünlənib. Yəqin işarə sayına görə qadın Oqtay Rzadan çox çıxış eləmişdi.

Daha sonra bir neçə şair danışdı. Qəşəm müəllim hamısını görkəmli, tanınmış şair kimi təqdim edirdi. Sən demə, bizim ədəbiyyatda nə qədər tanınmış qələm sahibi varmış. Onların məndən, mənim də onlardan xəbərimiz yoxdur. Eləcə məni görəndə başlarını bulayırdılar. Sonra da deyirlər ədəbiyyat yoxdur, müasir proses dayanıb.

Tanınmamış görkəmli şairlər danışandan sonra elə bil içəri qumbara atıldı. Dəyirmi masada əyləşən bir xeyli adam ayağa durdu. Çaşdım. İlahi, nə oldu görən? Baxdım ki, Vaqif Yusifliyə yer vermək üçün növbəyə durublar. Ürəyim düşmüşdü, elə bilmişdim gələn Vaqif Səmədoğludur. Torpağı xəbər aparmasın...

Vaqif Yusiflini Qəşəm müəllim belə təqdim etdi: “Ədəbiyyatımızın kompası”. Hər kəsə istiqamət təyin edən, kömək əli uzadan tənqiddə saç ağartmış Vaqif Yusifli əlində kitab çıxışa başladı nə başladı. Balayar haqqında fərqli bir fikir söylədi: “Öz dəsti-xəttini təsdiq etmiş şair”. Sonra çıxışına davam edib dedi ki, Balayar bundan sonra kitablar yazdı, mükafatlar qazandı və gəldi çıxdı sonet yazmağa.

- Dante, Petrarka...

Səs-küy yarandı, hətta Balayar Sadiq də yanındakı ilə yəqin ki, hansısa lətifəyə uğunub gedirdi. Vaqif Yusifli əsəbiləşdi:

- Bu sözü sənə deyirəm...

Qurbağa gölünə daş atdılar, Dayandur qapını örtdü, Vaqif müəllim sonet haqqındakı mühazirəsinə davam elədi: “Hər sonet 14 misradan ibarət olur. Sonetin terset və katron adlanan iki bölgüsü var. Sonet ölümdən, sevgidən, ayrılıqdan, dostluqdan, tənhalıqdan yazılır.”

Hiss etdim ki, bu intellektual çıxış, orda oturanları yaman yordu. Bunu Vaqif müəllim də hiss edib dünya ədəbiyyatında Şekspir kimi nəhəngin də sonet yaradıcılığında zirvələr fəth etdiyini deyib dərhal Balayar Sadiqə keçdi: “Balayar italyan soneti yazır – yenə qulaq asan yox idi, pıçapıç düşmüşdü, şəkil çəkdirənlər də var idi – Sonet bir mövzunu tam əhatə etməlidir 14 misrada. 15-ə keçməməlidir...”

Vaqif Azərbaycan ədəbiyyatındakı sonet janrından danışmağa başladı. Bəzi fikirlərə görə, sonet tarixçəmiz Mikayıl Müşfiqdən başlamış, bəzilərinə görə Səid Səlmasi adında repressiyaya uğramış bir şairdən. Şekspirin Azərbaycan dilinə tərcüməsindən sonra sonetə maraq artıb. Adil Babayev, Əliağa Kürçaylı da sonet yazıblar...

Qəşəm Nəcəfzadə: “Sakit duraq... Vaqif müəllim, Balayar Sadiq də sonetin son beşiyidir?”

Vaqif müəllim buna cavab verməyib çıxışına davam elədi: “Özü də Azərbaycanda əsasən Cənub zonasından olanlar sonet yazır. Şəkər Aslan, Elşad Səfərli, Tərlan Əbilov və Balayar”.

Sonet və Balayar Sadiq. Özü də italyansayağı bir əda ilə zala baxmaq. Növbəti kadrda Balayar Sadiqin kiminləsə qucaqlaşıb öpüşdüyünü görəndə Vaqif müəllim fon musiqisi kimi hələ də danışırdı: “Sonet...”

Söz qəzəlxan, yazıçı Səxavət Talıblıya verildi: “2006-cı ildə “Pərvanə” məclisində tanış olmuşuq Balayarla. 30 ildir oxuyuram Balayarı. Bir dəfə məndən soruşdular ki, bu saçı ağartmısan, amma bığın ağarmayıb. Dedim, mənim üzüm başımdan 15 yaş cavandır.”

Sonra Yusif Nəğməkar danışdı. O da Oqtay Rza kimi danışırdı. Əvvəl tanıya bilmədim. Bu kimdi? Qırmızı köynəyi yox idi deyə ayırd edə bilməmişdim.

Balayar Sadiqin qudası da danışdı. Sən demə, o da yazıçıymış, xəbərimiz yox. Hələ xəbərimiz olmayan nə qədər yazıçı, şair var, bir bilsəniz.

Çox adam danışdı, adlarını bilmədim. Nuranə Nur Balayar Sadiqin şeirlərini dərman reseptlərinə oxşatdı, bir az üzlərə təbəssüm qondu. Sonra bir kişi ayağa qalxıb saz çaldı. Dayandur tez-tələsik qapını örtdü. Sən demə, burda icazə yoxmuş saz çalmağa. Elə dedilər, niyəsini bilmədim. Balayar Sadiq də stula yayxanıb “Çal e, aşıq, “Dübeyti” çal” dedi, kişi isə “Ruhani” ifa elədi. Amma anlaya bilmirdim, Balayar Lerikdən, Cənub zonasından, “Ay loli... loli” oxunan yerdən, bu saz nədir onda? İtalyanlar kimi sonet yazır, borçalılar kimi saza qulaq asır. Çox universal adammış...

Yenə çox adam danışdı. Fikir verdim ki, hər çıxışda iki adam sağollaşıb gedir. Riyazi hesablamalarıma görə, tədbirdəki iştirakçıların yarısı danışsa, salonda bir Qəşəm müəllim, bir də Balayar Sadiq qalacaq.

Çıxışçılardan biri bu kitab təqdimatını “ədəbi toy” adlandırdı. Əslində haqlıdır. Hamı bir-birinə gözəl fikirlər yox, sağlıqlar dedi, saz çalındı. Sonda yəqin Balayar əlindəki çiçək buketini arxasında dayanmış iştirakçılara atacaqdı. Kim tutsa, növbəti kitab təqdimatı da onun olacaqdı.

Allah xeyir versin.

Mən tədbirin yarısında durdum, artıq 3 saat keçmişdi. Yazını bitirib nöqtəni qoyandan sonra maraq üçün ordakı şairlərdən birinə zəng vurdum, dedi, qardaş, mən Balayarın tədbirindəyəm, Oqtay Rzanın çıxışına qulaq asıram, sonra zəng edərsən...

# 1512 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #