Arvadını öldürən kişiylə tanışlığım – Sevdanın hekayəsi...

Kulis.az Sevda Sultanovanın “Tanımadığım kişi” hekayəsini təqdim edir.

 

Səbətdəki ərzağı piştaxtaya qoymaq istəyəndə gözüm məndən sonra növbə tutan gənc ata və qızına sataşdı.  Qızcığaz kassanın yanına düzülmüş plitka şokoladlara əl uzadıb, “bundan istəyirəm” deyəndə, atanın cavabı hazır idi: “Pulum yoxdu”.

 

Ata əlində bir qutu peçenye tutmuşdu.

 

- Buyurun, keçin, məndə ərzaqlar çoxdu - onları irəli buraxmaq üçün kənara çəkildim.

 

Kişi nəzakətlə gülümsədi:

 

- Yox, mən gözləyərəm.

 

İsrar elədim:

 

- Xahiş edirəm buyurun.

 

O, bir az sıxılan kimi oldu, təşəkkür edərək qızını da dartıb qabağa keçdi.

 

Yenə səbətə tərəf əyilmək istəyirdim ki, bu dəfə gözüm başqa alıcıya sataşdı. Orta yaşlı, azca sarışın, ortaboylu kişiydi. Əlində bir şüşə su vardı.

 

Qeyri-ixtiyari dilləndim:

 

- Hətta siz də buyura bilərsiz.

 

Səsimdə güclə seziləcək kinayəmi ancaq özüm duydum.

 

- Necə? – O, azca diksindi.

 

Onu fikrindən ayırmışdım.

 

- Yəni növbəmi sizə verirəm.

 

- Çox sağ olun.

 

O şüşəni satıcıya verdi, çönüb mehribanlıqla mənə baxıb, yenə “çox sağ olun” dedi.

 

İndi fikir verdim, gözlərinin rəngi yaşılı-qəhvəyi idi. Çox da yaraşıqlıydı. Elə bil, 1960-cı illər fransız melodramlarından gəlmişdi. Pulunu ödəyib satıcıya təşəkkür elədi, yenə mənə baxıb xəfif təbəssümlə “Sağ olun, xanım” dedi.

 

Yüngülcə başımı tərpədib, onu soyuq təbəssümlə yola saldım.

 

Kassaya pulu ödəyəndən sonra özümdən asılı olmadan gözüm onu axtardı. Ağlıma gəldi ki, bəlkə ticarət mərkəzindəki kafelərdən birində olar. Yaxınlıqdakı kafelərə göz gəzdirdim, yoxuydu.

 

“Bəlkə ikinci qata çıxıb, yox, ora getməyə həvəsim yoxdu.”

 

Ümidsizcə çıxış qapısına gedəndə onu bankomatın qarşısında dayanan gördüm. Həmin an çox vecsiz idim, bütün dünyanı ayaqlarımın altında hiss edirdim. İndi bura terrorçu da gəlsə, o anı sakit, soyuqqanlı qarşılayacağımdan əmindim.

 

- Vaxtınız varsa, sizi qəhvəyə dəvət edirəm.

 

Gözlərini bankomatdan ayırıb qarşısında məni görəndə özünü itirdi.

 

- Anlamadım.

 

Bir az özüməinam hissim laxlasa da tez toparlandım. Səsimə incəlik, kübarlıq qataraq qətiyyətlə dedim:

 

- Yəni vaxtınız varsa, çay ya qəhvə içə bilərik.

 

O, nə baş verdiyini hələ anlamırdı.

 

- Mən dəvət edirəm - dedim

 

Təəccübü yumşaq təbəssümlə əvəzləndi, amma səsində tərəddüd vardı:

 

- Olar, əlbəttə.

 

Birinci mərtəbədəki xudmani kafeyə kimi səssizcə getdik. Söhbətə necə başlayacağımı düşünürdüm.

 

Ortadakı masa boş idi.

 

- Çay da olur burda.

 

- Düzü, qəhvə sevən deyiləm, amma içərəm sizinlə.

 

- Kappuçino, amerikano, latte, türk qəhvəsi...

 

- Kappuçino.

 

Çantamı, torbamı kresloya atdım, vitrinə tərəf gedəndə:

 

- Bir dəqiqə. İcazə verin, mən qonaq edim

 

O, bunu elə centlmenliklə, səmimiyyətlə dedi ki, imtina edə bilmədim. Mənə elə gəldi ki, belə mədəni, nəzakətli kişi ömründə heç kəsin qəlbini qırmayıb.

 

- Mən amerikano içəcəm.

 

Masaya qayıtdım. Paltonu çıxarıb, tələsik özümü sahmana saldım. Divardakı iri güzgüdə özümə baxdım. Yox, pis deyildim. Bayaq təsadüfən rəssam dostumla rastlaşanda “çox cazibədar olmusan, ispan qadınlarına oxşayırsan, vaxt elə gəl çəkim səni ” dediyini xatırlayanda özgüvənim artdı.

 

...Bir neçə dəqiqəydi ki, üz-üzə otrumuşduq. Dinmirdik, qəhvədən qurtumlayıb, nə deyəcəyimizi düşünürdük.

 

- Tanış da olmadıq.

 

Elə adını demək istəyirdi ki, az qala qışqırdım.

 

- Yox, lazım deyil.

 

Pərt olmuşdu.

 

Özüm də çığırtımdan utandım:

 

- Üzr istəyirəm. Adınızı bilmək istəmirəm, öz adımı da demək istəmirəm. Ümumiyyətlə,  adların əhəmiyyəti yoxdur.

 

 

- Yaxşı... Peşənizi bilmək olar hər halda?

 

Ağlıma gələni dedim:

 

- Tarix muzeyində işləyirəm

 

O, canlandı, gülümsədi:

 

- Nə gözəl, tarixçisiz?

 

- Hə. Hərçənd, keçmişdə eşələnməkdən xoşum gəlmir.

 

- Maraqlı peşəniz var,  mən mühəndisəm.

 

Söhbətimiz yavaş-yavaş axarına düşürdü. O, xaricdə şirkətlərdən birində işləyirdi, Bakıya valideynləri ilə Yeni ili keçirməyə gəlmişdi. Bir saatdan çox idi, oturmuşduq. O isə danışır, danışırdı. Tarixdən, siyasətdən, terrordan, avropalı dostlarından, ordakı həyat tərzindən, alışa bilmədiyi nəsnələrdən...  Sıxılmağa başlayırdım. O, fasilə verən kimi dərhal dedim:

 

- Gedək?

 

- Gedirsiz? Necə istəyrisiz...

 

Ayağa qalxanda:

 

- Sizə bir şey demək istəyirəm - dedi.

 

- Buyurun - yenidən əyləşdim.

 

O, danışmağa çətinlik çəkirdi.

 

- Eşidirəm sizi - hövsələm daraldı.

 

 

- Mən... Mən təbiətən qapalı, soyuq adamam, ünsiyyətə çətin girirəm. Heç bilmirəm, necə oldu ki, sizlə rahat danışa bildim... Amma demək istədiyim başqadır.

 

Məni həyəcan bürüdü, ürəyimin ritmi pozuldu.

 

- Həyat yoldaşımı öldürmüşəm. Niyəsə sizə etiraf eləmək istədim bunu - o, bunu birnəfəsə dedi.

 

Özümü necə itirdimsə, həyəcandan necə əsməcə tutdusa çantamı töküb töküşdürməyə başladım. Əvvəlcə səbəbsiz yerə cüzdanımı qurdaladım, sonra darağımı çıxarıb saçlarımı daramağa başladım.  

 

- Sakitləşin, tam düşündüyünüz kimi olmayıb. Təzyiqdən əziyyət çəkirdi. Bir dəfə də təzyiqi qalxanda qəsdən təcili yardımı gec çağırdım. Həkim gələndə iş-işdən keçmişdi.

 

- Yəni onu əzabdan qurtardınız?

 

- Onun əzabları məni o qədər də maraqlandırmırdı. Birlikdəliyimiz başdan yanlış idi... Mənə məyus oldunuz?

 

Dərindən, rahatlıqla nəfəs aldım. Bəlkə də həyatımda ilk dəfəydi ki, bu qədər rahatlıqla nəfəs dərirdim.

 

- Qətiyyən. Mən də ərimi öldürməyi düşünürdüm. Tale elə gətirdi ki, qəzada öldü. Görürsüz, ortaq nöqtəmiz tapıldı.

 

Qəhqəhəmiz  kafeyə yayıldı.

 

Hava qaralmışdı. Yaxşı ki, yadıma düşdü. Çantamı eşələyib qutunu çətinliklə də olsa tapdım.

 

- Yeni ilinizi təbrik edirəm. Bunu sevgilimə almışdım, bu gün görüşməliydik,  amma onun vacib işi çıxdı. Mən də düşündüm ki, bunu tanımadığım kişiyə hədiyyə edim. Sizin qismətdir.

 

O, mütəəssir olmuşdu.

 

- Çox sağ olun. Mobil telefonunuzu...

 

- İnanın, ehtiyac yoxdu.

 

Və özümü qarşıma çıxan ilk taksiyə atdım.

 

LENT

16 Yanvar 2017
15 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017
12 Yanvar 2017
11 Yanvar 2017
10 Yanvar 2017