Gənc vokalçı: “Anam deyir, ulduz xəstəliyinə tutularsan” - SÖHBƏT, VİDEO

Kulis.az şairə Elnaz Eyvazın qızı, vokal səsi ilə dinləyicilərin marağına səbəb olan Yeganə Eyvazlı ilə söhbəti təqdim edir.

 

- Yeganə, iki il əvvəl bütün mətbuat səndən yazırdı. Səs yarışmasına çıxmışdın, az qala ulduz olmuşdun. Bu, necə baş verdi?  

 

- 2015-ci ildə ATV telekanalında “Özünü tanıt” müsabiqəsinin elanları gedirdi. Nəsə, həvəs göstərdim ki, mən də iştirak edim. Sözün düzü, anam əvvəl razı deyildi. Sonra mənim çox can atdığımı görüb özü mənə kömək elədi. Kastinqə getdik. Bir həftə sonra zəng edib birinci tura çağırdılar. Birinci turun necə keçdiyi efirdə yayımlandı, hamı da gördü.

 

- Necə keçdi? Yadımıza sal mümkünsə...

 

- Hər üç münsif ifamla bağlı çox gözəl sözlər dedi, heyran olduqlarını bildirdilər.

 

- Yadımdadır, Aygün Kazımova mətbuata da danışmışdı...

 

- Bəli, danışmışdı. Sevə-sevə mənə “hə”  deyib, tapşırdılar ki, gedib ikinci tura hazırlaşım. Mən də ikinci tur üçün oxuyacağım mahnını seçdim, səsimə uyğun minusunu çətinliklə əldə etdim. Günlərlə məşq etdim.

 

- Və...

 

- Və bir gün gördüm ki, efirdə müsabiqənin yarımfinalına seçim mərhələsini verirlər. Təsəvvür edirsiniz, mənim durumumu? Demək, ikinci turu keçirmədən birbaşa yarımfinala özləri kimi istəyir seçdilər. Əgər belə olacaqdısa, niyə mənə deyirdilər ki, get ikinci tura hazırlaş?

 

 

- Qəribədir...

 

- Dünyanın 57-58 ölkəsində keçirilir bu müsabiqə. Nə qədər maraqlandım, belə bir şeyə rast gəlmədim ki, birinci turdan birbaşa yarımfinala keçsinlər.

 

- Məncə, ruhdan düşməməlisən...

 

- Yox, ruhdan düşmədim. Qətiyyən özümü məğlub hesab etmirəm. Mənim üçün səhnələr, daha böyük səhnələr hələ qarşıdadır. Hələ ki, heç bir müsabiqədə iştirak etmək barədə düşünmürəm. Nə ölkədə, nə ölkədən kənarda. Baxmayaraq ki, məlum müsabiqədən sonra çox adam mənə Türkiyədə keçirilən mahnı yarışmalarına qatılmağı məsləhət gördü. Düzü, anam da istəmir. Deyir, qorxuram, erkən şöhrət gözlərini tutar, sənəti öyrənmək əvəzinə, ulduz xəstəliyinə düşərsən.

 

- Musiqi təhsili alırsan?

 

- Bəli, artıq vokal dərsləri almağa başlamışam. Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində həm fortepiano, həm də vokal sinfində oxuyuram. Vokal müəllimim Jalə Kərimovadır. İndi mənim əsas vəzifəm səsimin üstündə işləmək, sənəti öyrənməkdir. Müəllimlərimin, mənə inanan adamların ümidlərini, etimadını doğrultmaqdır.

 

- Vokal bir az ağır yoldur... Qazanc-filan da yoxdur...

 

- Mən yüngül mahnılarla məşhur olmağı, gələcəkdə toylarda pul qazanmağı seçə bilərdim. Ancaq mənim üçün əsas sənətdir, pul yox. Bilirəm, mənim yaşıdlarım arasında vokal sənətinə, akademik vokala maraq göstərənlər estradaya maraq göstərənlərdən çox azdır. Demək ki, bu, sevgidir, sadəcə maraq deyil.

 

 

- Sən həm də orta məktəb təhsilini də davam etdirirsən.

 

- Bəli. Yeddinci sinifdə oxuyuram. Anam məni musiqi məktəbinə aparanda ikimizin qarşılıqlı razılaşmamız və anlaşmamız olub ki, musiqi ilə məşğul olmağım dərslərimə mane olmayacaq. Hər ikisinin öhdəsindən gəlməyə çalışıram.

 

- Deyəsən, ali məktəbə də hazırlaşırsan.

 

- Bəli. Həkim olmaq istəyirəm. Eyni zamanda musiqi ilə də məşğul olacam.

 

- Həkim-müğənni var bizdə?

 

- Flora Kərimova...

 

- O müğənni-həkimidir...

 

- (Gülür) Təzə qaydalarla iki qrupa sənəd vermək mümkün olacaq. Mən həkimliyi və vokalı yazacam. Həkimlik alınsa Almaniyada, vokal alınsa İtaliyada təhsilimi davam etdirmək istərdim.

 

- Kimlərə qulaq asırsan bizim ifaçılardan?

 

- Vokal üzrə sevmədiyim müğənni yoxdur. Gənclərdən Fidan Hacıyevaya çox qulaq asıram. Bir az aşağı təbəqə bizdə azdı.

 

- Hamısı toy müğənnisi olur...

 

- Elə deməzdim. Toy üçün oxuyan da var. Amma daha çox estrada janrını seçirlər. Dünyada əksinədir. Vokalı seçirlər. Vokal konsertlərində zal dolu olur. Bizdə heç kim gəlməz.

 

 

- Azərbaycan musiqisi qane edir səni?

 

- Edir, amma elə mahnılar var ki, Azərbaycana layiq deyil...

 

- Və məşhurdurlar...

 

- Təəssüf ki.

 

- Muğamla aran necədir?

 

- Ən çox sevdiyim elə muğam müsabiqəsidir. Qulaq asıram həmişə.

 

- Yaxşı muğam oxuyan kimdir, səncə?

 

- İlkin, Arzu. Gənclərdən bunları tanıyıram. Yaşlı nəsildən Mənsum müəllim, Ağaxan müəllim... Təbii ki, Alim Qasımov...

 

- Türk musiqisinə qulaq asırsan?

 

- Əlbəttə. Məncə, türklərdə bizim qədər güclü vokal səslər yoxdur.

 

- Bəlkə var, tanımırıq?

 

- Tanıdıqlarımı deyirəm (gülür). Amma elə güclü səs olsa, yəqin ki, tanıyarıq.

 

- Sənə uğurlar...

 

- Sizə də...        

 

 

LENT

16 Yanvar 2017
15 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017
12 Yanvar 2017
11 Yanvar 2017
10 Yanvar 2017