Hamilə qadının özünü yandırmağı – Romandan parça

Hamilə qadının özünü yandırmağı – Romandan parça
6 yanvar 2017
# 13:31

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Zərbə zərbə üstündən gəlirdi. Anladım ki, qəbula getməyim asan başa gəlməyəcək. Hakim elədikləriylə yetinmədi, düz yaylağa hücum çəkib atamla anamı geri qaytardı. Artıq bütün sirlərim faş olunmuşdu. Gələcək gəlinimiz qardaşımın mənlə rəftarından sonra guya nişanı qaytarmaq istəmişdi. Atam-anam, qardaş-bacım çaş-baş qalmışdı, evdə hamı mənə düşmən gözüylə baxırdı. O birilərinə baxanda az-çox atam, bir də Musa əmim səbirlə, təmkinlə davranırdı mənlə. Əmim Hakimə belə deyirdi:

- Ay bala, adam bacısını elə dostuna verər də. Heç olmasa dostunu tanıyırsan ki, necə adamdı...

Əmim bunu dedikcə qardaşım ilan çalmış kimi atılıb düşürdü ki, yox, o əclaf bacımı istəməklə mənim namusuma toxunub. Onda əmim gülə-gülə ona sataşırdı:

- Hanı, göstər görüm hardadı sənin namusun, göstər baxım...

Musa əmim belə deyən kimi o qansız yenə üstümə atılıb məni döyməyə başlayırdı. Mən də eləcə yarı huşsuz, yarı anlaqsız halda günü batırırdım.

Daha Əlidən məktub da ala bilmirdim. Qəbul imtahanlarına sanılı günlər qalırdı. Sənədlərimi pedaqoji instituta vermişdik. Umudumu ali məktəbə bağlamışdım ki, bəlkə qəbul olunsam bu xarabadan canımı birtəhər qurtararam. Elə bu günlərdə qəlbimə bir yara da vuruldu: Musa əmimin bir gəlini vardı, bostanımızdan nanə yığmağa gəlmişdi. Mən ağlamaqdan şişmiş gözlərimlə, döyülməkdən axsayan ayaqlarımla bu, nənəm demiş, dodağı muncuqlu gəlini itdən ötürürdüm. Gəlin birdən dayanıb məni başdan-ayağa süzdü, qayıtdı ki:

- Zəmanəniz dağılsın, utanmırsan qardaşlarını belə qırğına verirsən?!..

Elə bildim altında dayandığım tutdan asılmış boranılar indicə qırılıb bir-bir təpəmə düşəcək. İçimdə nə vardısa çat verdi, çilikləndi. Bu qadın mənə həyan olmaqdansa üzümə ölüm hökmü oxuyurdu.

...Dostum, elə buradaca deyim ki, sonralar həmin gəlinin doğmaca qızı oxumağa getdiyi şəhərdən bətnində anonim uşaqla qayıtdı. Anası öz əlləriylə uşağı abort elətdi. Gəlinin doğmaca bacısı bu xəbəri bütün kəndə yaydı. İndi bütün bunların məndən ötrü zərrə qədər isti-soyuğu qalmayıb. Bircə bunu demək istəyirəm ki, mənim saf, məsum sevgimə bir tozca lağ eləyən, buna görə məni aşağılayan hər kəsə fələk dağ boyda dərd verdi. Yeri gəldikcə bunları bir-bir açıqlayacam...

Ailə şurasının növbəti toplantısında mənə ölüm hökmü kəsdilər: mən qəbul imtahanına getməyəcəm! Dostum, bu “ölüm hökmü” ifadəsini rəngləri tündləşdirmək, vəziyyətimin ağırlığını şişirtmək üçün işlətmədim. Əgər bu işgəncədən sonra sağ qaldımsa, bunun bircə səbəbi vardı: rahat intiharın nə olduğunu, asan ölməyin üsullarını bilmirdim. O vaxtlar o ətrafda mənim eşidib-bildiyim bircə intihar hadisəsi baş vermişdi, o da bibimin ərə getdiyi qonşu kənddə olmuşdu.

Nənəm danışırdı ki, bibimgilin qonşuluğunda anası ölmüş bir qız varmış. Əzazil gəlinlər – qızın qardaşlarının arvadları o biçarəni təpəqapaz eləyib canından bezdirirmişlər. Bir gün qonşunun yetkin oğlu bu qəlbisınıq yesir qızın saqqızını oğurlayır, sevgi, qayğı möhtacı qıza mehribanlıq göstərib onun bakirəliyini pozur. Az keçmiş qız uşağa qalır, məsələni açıb oğlana danışanda namərd oğlu kənddən qaçıb gedir uzaq şəhərlərin birinə. Bibim qızın havalı gəzdiyini görüb onu dilə tutur. Qız başına gələni Telli mamaya söyləyir. Bibim qıza yalvarır ki, sən razılıq ver, mən oğlanın ata-anasıyla danışım. Qız razılaşmır. Beləcə, gün-gündən böyüyən qarnıyla, it yemi olmuş bakirəliyinin acısıyla adam dolu bir kənddə çarəsiz, köməksiz, əlacsız qalır. Bir gün də köynəyini benzində isladıb geyinir əyninə, bir kibritlə bu həyatdan aldıqlarının hamısına – öz canına da, bətnindəki uşağa da od vurur.

Sonralar mən o qızı oda atmış kişini gördüm (arsız-arsız hələ indi də yaşayır). Avtomobil qəzasında sağ gözünü itirmişdi. Onun bu bədbəxtliyinə el hamılıqla sevinmişdi, hətta yetimin ahını yerdə qoymayan Allahın ədalətindən vəcdə gəlib qurban kəsənlər də olmuşdu...

...Mənim hökmüm üzümə oxunanda bir anlıq neyləyəcəyimi bilmədim. Atama sarı çevrildim, o da qardaşlarımın qərarını təsdiqlədi. Səbəbini soruşanda mənim səhhətimə görə narahat olduğunu dedi: deməyəsən, başımda nəsə şiş varmış, şəhərə oxumağa getsəm, xəstəliyim daha da şiddətlənə bilərmiş, qəfil bayılıb maşın-zad altında qalarmışam.

İçimə batmış döşlərimin alovu kürəklərimi yandırdı. Böyük həyətimizdə havalı-havalı o baş-bu başa qaçmağa başladım. Özümü qapılara, divarlara, ağaclara vururdum ki, bəlkə canımın halovuşu alına. Handan-hana gördüm, yox, çatlayıram, qaçıb özümü paltarlı-palazlı evin gerisindən axan arxa atdım. Canımı bürümüş cəhənnəm alovu yenə sönmədi, alışıb yanan iliklərim soyumadı. Əmim əlini atıb məni bir oyuncaq kimi sudan çıxardı, canım-başım sulu-sulu qucağına basdı, partlayış ərəfəsində olan ürəyimi qollarının arasında sıxıb yerinə oturtmağa çalışdı. Sonra da mənə qoşulub uşaq kimi ağladı, sakitləşim deyə mənə yalvardıqca yalvardı.

Ürəyimə dammışdı ki, məni lap çox da Əliyə görə qəbula buraxmırlar. Hə, beləydi, əlbəttə, beləydi. Əyin-başımdan, saçlarımdan su süzülə-süzülə atamın, qardaşlarımın qarşısında diz çöküb yalvardım, tanıdığım bütün müqəddəslərə, bütün övliyalara and içib söz verdim ki:

- Siz məni bircə bu il qəbula aparın. İnstituta girə bilməsəm, qayıdıb burda ömürlük sizə qul olacam. Əli deyilən adamı da biryolluq yaddan çıxaracam, ta heç vədə onun adını tutmayacam.

Anamla iki qardaşım kəskin etiraz elədilər. Yenə böyük qardaşım Səməndər mənim uğrumda təkbaşına mübarizəyə qalxdı, məni buraxsınlar deyə ata-anama yalvardı. Atam “dediyim dedik” deyib durdu. Ancaq içimdə aciz bir ümid işarırdı ki, bəlkə də son məqamda yola gələcəklər. Çox keçməmiş ümidimin son közərtisini də tapdalayıb külə döndərdilər. Bundan sonra başımda dolanan zəhərli külək daha da şiddətləndi.

Qəbul günü əmim məni götürüb dağlar qoynundakı kurort şəhərciyinə - şəfalı sularıyla ad çıxarmış qəsəbəyə qaçırdı. Mən uduzmuş, göylərdən yerə çırpılmışdım. Canımdakı qızlıq duyğusu soğulmuşdu, içini qurum tutmuş müqəvvaya dönmüşdüm. Sevginin dadını büsbütün unutmuşdum. Əlinin mənə poçtalyonluq eləyən əmisi qızını da bizimkilər qapıdan qovmuşdular.

Getməmişdən atam mənə söz verdi ki, gələn il hökmən özü məni qəbula aparacaq. Kurort şəhərciyində qaldığımız on günü eləcə yatılı keçirdim. Hərdən güc-bəla gözümü açıb ağzıma bir tikə alandan sonra yenidən yatırdım. Əli haqqında düşünmək belə istəmirdim, elə bilirdim düşdüyüm bəlalara o səbəb olub.

Artıq havalar da soyuyurdu. Oktyabrda nənəmin ilini verib qardaşım Kamilin toyunu çaldırasıydıq. Ancaq heç bir xoş xəbər məni həyata qaytara bilmirdi. Əlinin atası Musa əmimgilə gəlib demişdi ki, uşağı (yəni məni) incitməsinlər, istədiyiniz an elçi daşının üstündə oturmağa hazıram. Əmim onun dediyini atama çatdıranda anam bomba kimi partlamışdı:

- Mənim Naqqal Əhmədin oğluna veriləsi qızım yoxdu!

Sonra da əl altından xalama xəbər göndərmişdi ki, gəlib atamdan məni oğluna istəsin...

***

Cəhənnəmin astanasındaydım, Dostum. Nənəm qiyamətdən çox qorxardı. İndi mən də elə bilirdim canıma qiyamət küləyi dolur. Dörd-beş yaşım olanda gecələr nənəmin dizinə baş qoyub onun bir az sehirli, bir az da qorxulu nağıllarına qulaq asardım. İndi də beynimdən silinməyib o dadlı anlar. Böyüdükcə nənəm danışan nağılların çoxunu kitablardan oxudum. Ancaq o gecələrin sehirli tamını, nənəmin səsindən daman o ləzzəti ömrümün heç bir xoşbəxt günündən-saatından qopara bilmədim. O gecələrin ovqatını çağırmağa çox çalışdım, Dostum, ancaq Sənin qapını döyənə qədər o qapı üzümə bir də açılmadı. Çox tez usandırdılar məni yaşamaqdan, cənnət qapısı açılmamış qapandı üzümə...

Beləliklə, mənə qarşı ikinci cəbhə açıldı. Xalam gəlib oturdu ocağımızın qırağında ki, bəs deməzsənmi, Bircə mənim oğlumun göbəkkəsdisidi. Bunu hardan tapdılar, kim uydurdu, haçan uydurdu – bilmədim. Təkcə onu bilirdim ki, xalamın mənə deyikli çıxartdığı oğlunu görəndə səksənirdim. O yekəpər, köntöy məxluqdan, nə gizlədim, qorxmaq da yox, iyrənirdim. Əlinin valideyinləri bizə tez-tez gəlib gedirdilər. Onlar ayağını çölə qoyar-qoymaz xalam özünü çatdırırdı bizə.

Sonradan eşitdim, bu arada əmilərim də öz oğlanlarına mənlə evlənməyi təklif eləyibmişlər. Onlar da bir ağızdan belə deyiblər:

- Boy, Allah sən saxla, heç adam da Bircəni alar?!

Bu ifadə sonradan qohum-əqrəba arasında lətifəyə çevrildi. Məni öz bacıları sayan əmim oğlanları mənlə evlənməyi ağıllarına belə gətirməzdilər.

Uzun mübahisədən, Əlinin valideynlərinin uzun get-gəlindən sonra böyük əmimin sərt üzündən çəkinən anam geri çəkilməyə məcbur oldu. Mənim “hə”mi verdilər. Xalamla oğlu işi belə görəndə yırtıcıya döndülər.

Əlinin atası xalamgilin özlərini əməlli-başlı həyasızlığa qoyduğunu görəndə toyu tezləşdirmək istədi. Atam razılaşmadı, dedi ondan doqquz yaş böyük oğlum iki ildi nişanlı gəzir, əvvəlcə onun toyunu eləyək, sonra qızı köçürərəm.

Qardaşlarım hələ də məni dindirmirdilər, fürsət düşdükcə Hakim yenə məni ağladırdı. Səhhətim də bir yandan düzəlmək bilmirdi. Xalam gündə azı bir dəfə məni qarğıyırdı: görüm səni ağ günə çıxmayasan! Ancaq onun qarğışını eynimə almırdım, mən bu davada qələbə çalmaq üzrəydim. Xalam fürsət tapıb Əlinin atasına mənim ciddi xəstəliyimin olduğunu da çatdırmışdı. Kişi bundan qorxuya düşüb geriləmək istəmişdisə də, deyilənə görə, Əlinin dirəşməsindən sonra təslim olmuşdu.

Artıq evimizdə Kamilin toyuna hazırlıq gedirdi. Bu arada mən kiçicik bir fürsət qapıb Əliylə görüşə bilmişdim. Bu görüş ruh halıma, səhhətimə çox gözəl təsir göstərmişdi. O mənə:

- Bir azca da döz, səni burdan çıxaracam, müalicən üçün də nə lazımsa, hamısını eləyəcəm, - demişdi.

Onun mənə beləcə arxa-dayaq durması içimi fərəhlə silələmişdi. Əli məni oxudacağına da söz vermişdi, bu da sevincimin üstünə sevinc gətirmişdi.

Sirlərimi faş eləyən gəlinimiz də daha pərt-pərt dolanırdı. Kamilə nə demişdisə, qardaşım məndən xahiş elədi ki, toya qədər heç olmasa bir dəfə onlara gedib nişanlısına baş çəkim. Düzü, bütün olanlardan sonra mən onunla üz-üzə gəlməyə utanırdım. Ancaq yenə də canımı dişimə tutub getdim onlara. Görüşməyinə görüşdük, di gəl görüşümüz alınmadı, danışmağa söz tapmadıq. Elə bil yas evində oturmuşduq. İçəri girəndə verdiyim “salam”dan, çıxanda dediyim “sağol”dan savayı onlarda olduğum müddətdə dilimdən bir söz də qopmadı, qopara bilmədim. Susqunluğum gəlinimizə böyük dərs oldu. Başımdan bu qədər qəza-qədər keçəndən sonra hətta bu gün də mən onunla bir kəlmə kəsə, dərdləşə bilmirəm. Zatən o gündən sonra gəlin özü də mənə bir daha can atmadı...

ardı var

# 1060 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #