2016-nın son iş günü – KULİSDƏN REPORTAJ

Ənənəvi olaraq ilin son günlərində qarışıqlıq düşür, iş çox olur, adamın başı şişir. Bu səbəbdən mən də harasa reportaja getməyə imkan tapa bilmədim. Düşündüm ki, elə Kulisin redaksiyasından balaca bir reportaj yazım. Yazdım da! Əslində, bu reportajın əsl adı belədir: "Aşıq gördüyünü çağırar..."

 

Müəllifdən

 

Balaca bir otaqdayıq. İçəri girəndə sağ tərəfdə mən oturmuşam, Şərif Ağayar, bir də Səbuhi Məmmədli. Başımızın üstündə, tən ortada Rafiq Tağı...

 

Sol tərəfdə Mirmehdi Ağaoğludur bircə. Qan Turalının yeri boşdur. Məzuniyyətdədir. Səhər iclas keçirməliyik. Baş redaktorun masası boşdur. Orda mən otururam. Əlimdə qələm və dəftər.

 

 

Şərif Ağayarın replikası: “Orda hər adam otura bilməz”.

 

Mirmehdi Ağaoğlu: “Turalın yerində otura bilərsən, amma Tural ola bilməzsən”.

 

Mən ciddi görkəm alıram: “Keçək işimizə. Əlinizdə nə yazılar var?”

 

Gülüşürlər.

 

Yazıları bölüşdürürük. Hiss edirəm ki, bu kresloda nəsə var, məni ciddiliyə və həm də rəhbər kimi görünməyə səsləyir. İstəyirəm, deyəm ki, Şərif sən filan yazıya bax, Mirmehdi sən də sorğu keçir.

 

 

Səbuhi Məmmədlinin yenə başı qarışıqdır. Biz burda dalaşsaq da, çönüb baxmayacaq. Hərdən xırda etirazları olur: “Bəsdirin!”

 

Kulis.az bir adadır, Səbuhi müəllim də o adaya düşmüş Robinzon Kruzo. Lent.Azın məşhur jurnalisti, o boyda ölkələri gəzib dolanan Səbuhi Məmmədli indi balaca bir otaqda üç yazarın arasına düşüb. Tez-tez belə sualla verir: “Filan yazıçıya 10 ballıq şkala ilə neçə verərsiniz?” Şəriflə Mirmehdi bu sualı heç vaxt cavabsız qoymurlar.

 

Səbuhi müəllim hərdən məni qırağa çəkib əhvalat danışır. İçi doludur, maraqlı hadisələrə şahid olub: “Sənə bir hekayə deyim yaz... Bir dəfə...”

 

 

Hərdən gözüm Səbuhi müəllimin kompüterinə sataşır. Adı yadımdan çıxan saytın birində dünya xəritəsinin üstündə uçuşan təyyarələrə baxır: “Gəl bura – məni çağırır – bax bu Romaya gedir. Saat 2-də çatacaq. Orda mən çox olmuşam”.

 

Şəriflə yanaşı oturmuşuq. Yazını yazıram, verirəm Şərif oxuyub redaktə edir. Bir də görürsən, yazını hara atdığım tapa bilmir, faylın adını soruşur, elə bil əlində yanan məşəl mağaranın içinə girib hər yeri bitdə-bitdə axtarır.

 

Arada onun təəccüblənməsi var. Ya yazıdan, ya şəkildən, ya da başqa bir şeydən. Sual verirsən, şaşqın baxışları hələ də kompüterdən çəkilmir. Handan-hana səsi çıxır: “Bu kişi ölübmüş...”

 

 

Gülüşmə düşür, Şərifin tanınan bir adamın ölümündən gec xəbəri olub. Redaktə işi də belədir, insanı dünyadan təcrid edir. Bir də sözə həssaslığı var axı. Deyir, sözdən ləzzət ala bilməyən adam bədbəxtdir. Hansısa bir şeirə, hekayəyə sevincinin dəfələrlə şahidi olmuşam.

 

Gələk Mirmehdi Ağaoğluna. Hərdən Şəriflə atışırlar. Mirmehdinin bilmədiyi şeyə qurd düşər. Filan rokçu filan yerdə doğulub, nə bilim filan tarixdə belə bir hadisə baş verib. Şərifin incə yumoru arada Mirmehdinin bu intellektuallıq tilovuna ilişir: “Bu intellektuallıq səni gecələr yatmağa qoymayacaq”.

 

Siqaretə çıxanda Səbuhi müəllim də bizə qoşulur. Özü də Səbuhi müəllim ancaq “kurilka”da danışır. Otaqda bizim də danışmağımıza aman vermir, özünə də...

 

Ayağa qalxmağım çox vaxt başıma bəla olur. Dörd tərəfdən stəkanlar tüfəng lüləsi kimi mənə tuşlanır. Çay gətirməyə gedən kədərli müxbir...

 

Xadimələr televizorda seriala baxırlar. Bizim haqqımızda onların da öz fikirləri var. Ən çox Mirmehdinin adını çəkirlər: “Bığlı oğlan yaman çox çörək yeyir”. Şərifi deyəsən tanımırlar. Səbuhi müəllimi yəqin ki, o bufetdə heç görməyiblər. Mən isə bufetdə ən məşhuram. Hərdən atmacalar atırlar: “Ayxan, balaca olmaq çox ağır imiş...” Sonra bir-birilərinə baxışıb gülüşürlər. Mən də özümü o yerə qoymuram: “Sizi görmək üçün çay bəhanədir”.

 

 

İçəri girirəm, çayları paylayıb yerimə otururam və bu yazını yazıram. Bir də görürəm ki, Şərif yenə klaviaturaya qənim kəsilib. Özü bir dəfə mənə demişdi: “Gözü yumulu da yaza bilərəm”. Sürətlə yazmaqda ona çatan olmaz. Həm yazı yazır, həm kiməsə yazır, həm redaktə edir. Dəhşətli istedaddır.

 

Çay gəlir, bəs içməyə nə var? Şərif çox vaxt gizlədir, ancaq şkafına baxanda konfet, alma tapıram. Zarafatla deyirəm ki, yazanda humanizmdən yazırsan, amma bir konfeti qıymırsan. Mirmehdinin noğulu olur, ona görə də onun “Küləyi dişləyən” romanını gərək çox tərifləyəsən. Hər tərif noğulların sayını artıra bilər. Səbuhi müəllimin cəbhəsində isə nisbi sakitlikdir.

 

Yazını bitirirəm və otağa səslənirəm:

 

“Kim oxuyacaq?”

 

Mirmehdi:

 

“Ver, Şərif oxusun”

 

Şərif:

 

“Oxuyaram... Miri nə iş görür? Bir ekranına bax görüm”.

 

P.S. Fotolar çəkiləndə Səbuhi müəllim qeyb oldu... 

 

LENT

25 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017