Gündəlikdə yenə teatr problemləri – İsrafil İsrafilov yazır

 

Kulis.az Sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilovun “Gündəlikdə yenə də teatr problemləri idi” adlı yazısını təqdim edir.

 

Teatr tənqidçilərinin beynəlxalq assosiasiyasının Varşavadan, Pekindən sonrakı növbəti Konqresi 2016-cı il sentyabr ayının 26-da, Serbiyanın paytaxtı Belqrad şəhərində öz işinə başladı. Azərbaycan təmsilçiləri olaraq Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə həmin Konqresdə iştirak etmək üçün sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə və bu sətirlərin müəllifi olan mən Belqrad şəhərinə gəldik. Bizi Belqrada gətirən səbəb dünya teatr tənqidçilərinin XXVIII Konqresi olsa da ilk sözü onun keçirildiyi şəhərdən Belqraddan başlamaq yerinə düşərdi. Milyon yarımdan artıq əhalisi olan Belqrad şəhəri sanki parklar, çəmənlər içində salınmış oazisə bənzəyir. Haqqında əfsanələr dolaşan Dunay çayının ikiyə bölməsi bu şəhərin gözəlliyini artıran ilahi bir hədiyyədir. Şəhərdə nəqliyyatın-tramvayların, trolleybusların, avtobusların, çoxsaylı yük və minik avtomobillərinin bu başdan o başa intensiv hərəkət etməsinə baxmayaraq, hay küydən, gurultudan uzaq olan Belqrad təmkinlə, sadə ahəngi ilə rahatlıq gətirir. Bu şəhərin insanları isə (Avropanın bir çox şəhərlərində az təsadüf edilən), öz mehribanlığı, gülərüzlüyü, əcnəbilərə nəcib münasibətilə ilə heyranlıq hissi yaradır.

 

Konqresə gəlincə, o öz əsasnaməsinə uyğun olaraq, hər iki ildən bir keçirilir və onun gündəliyində dünyanın teatr həyatında müşahidə edilən bədii-estetik məsələlər, sənət baxışları, yeni metodlar və axtarışlar haqqında məruzələrin dinlənilməsi, həmçinin bu sahədə ki mövcud problemlərlə bağlı diskussiyaların aparılması nəzərdə tutulur. Bundan başqa konqresin gündəliyində təşkilatı məsələlər, yəni Assosiasiyanın prezidentinin, baş katibinin, komitələrinin seçilməsi məsələləri də var idi.

Gündəlikdə duran məsələlərə beş sessiya iclaslarında baxıldı. Həmin sessiyalar daxilində “Yenilik mərkəzi Avropa konsepti” (Danila Avila-Braziliya), “Brextin və Adornonun irsi” (Aleksandra Jovesaviç-İtaliya), “Nə itirilib və necə” (Manabu Nola-Yaponiya), “Yenilik risk yaradır” (Mişel Vais-Kanada), “Teatr tənqidi landşaftının dəyişilməsi ”(Duska Radosavlyeviç-İngiltərə), “Kommersiyalar və orijinallıq” (Lamice Əl Amari-Almaniya),“Yenilik Hindistan gərçəkliyi kontekstində; Yeni təcrübələr. Tematik tədqiqatlar”(Dipa Punjani-Hindistan), “Opera sənətinin rekonstruksiyası”(Edita Lescinska-Latviya), “Köhnə yeni, yeni köhnə”(Jefrey Erik Cenkins-ABŞ) “Yunan teatrının yeni nəslinin Şekspir tamaşaları ”(Qriqoris İoannadis-Yunanıstan), və s. mövzularda edilən məruzələrdə dünya səhnə sənətinin, həmçinin çağdaş dövrün teatr tədqiqatlarının aktual məsələlərinə diqqət yetirildi.

 

Dünyanın teatr prosesində müşahidə edilən, ayrı-ayrı ölkələrin teatr həyatında təzahür edən ictimai-mədəni problemlərin dəyərləndirilməsi və həlli ilə bağlı fikir mübadiləsində mübahisələr qaçılmaz oldu. Əslində bu, gözlənilən idi, çünki assosiasiyada təmsil olunan ölkələrin, istər siyasi, istər iqtisadi, istərsə də sosial-mədəni reallıqlarının təsiri ilə fəaliyyət göstərən teatr sənəti, təbii olaraq fərqli inkişaf vüsətinə malikdir. Həmin ölkələrin cəmiyyət həyatı ilə qarşılıqlı əlaqədə olan teatrlarının həll etməli olduqları məsələlər, üzləşdikləri çeşidli problemlər mövcuddur. Məsələn çağdaş hind teatrının qarşısında duran məsələlərlə, Braziliya, yaxud İngiltərə teatrının üzləşdiyi çətinliklər, eləcə də Yaponiyanın teatr həyatının reallıqları ilə Almaniya teatrının həll etməli problemlər arasında fərqlər açıq aşkardır. Əgər Çin teatrının prioritetləri içərisində ənənə və novatorluq, nəsillər arası mədəni-estetik varislik hədlərini qorumaq qayğısı başlıca yer tutursa, Yunanıstanın teatr sənətinin inkişafı üçün ictimai-iqtisadi resursların səfərbər edilməsi bu gün daha böyük önəm daşıyır. Odur ki, istər dinlənilən məruzələrdə, istərsə aparılan fəal diskussiyalarda konkret ölkənin və xalqın çağdaş ictimai-iqtisadi durumunun, eləcə də sosio-mental özəlliklərinin nəzərə alınmasının vacibliyi xüsusi vurğulanırdı. Ayrıca olaraq, dünyada baş verən siyasi proseslərin, müharibələrin, silahlı münaqişələrin mədəni proseslərə, xüsusən incəsənət sahəsində müşahidə edilən təsirlərilə əlaqədər olaraq, teatr tənqidçiləri anlaşılan həmrəyliklə öz narahatlıqlarını bildirdilər, “toplar atılan zaman muzalar susur” deyimini dilə gətirdilər. Məruzələrdən sonrakı diskussiyalarda dünya teatr tənqidinin sayılan təmsilçiləri bu sahədə müşahidə edilən gerçək problemlərə, eləcə də konkret məsələlərə prinsipial mövqe bildirdilər. Yuxarıda sözü gedən Konqresdə dünya teatr sənətinin çağdaş halı və üz tuta biləcəyi bədii yaradıcılıq üfüqləri nəzərdən keçirilirdi. Bu sahədə müşahidə edilən tendensiyalar, tədqiqatlar, getdikcə daha artıq diqqətçəkən yaradıcı simalar, yeni formalar və fərdi metodlar, bir zamanlar avanqard sayılıb; bu gün göz görəsi köhnələn üslublar və sair məsələlər daha böyük maraq və əhəmiyyət kəsb edirdi.

 

Təsadüfi deyil ki, çıxışlar mövzu etibarilə konkret məzmunu əhatə etsə də onların içərisində ümumi teatr fəaliyyətinin ağrılı məsələləri önə çəkilir ayrı-ayrı dövrlərin və teatrların yaradıcılıq təcrübəsi kontekstində dəyərləndirilirdi. Bu zaman teatr tamaşalarının mövzu-problematika, janr müxtəlifliyi məsələləri ilə yanaşı bədii forma və səhnə ustalığı məsələlərinə də xüsusi diqqət verilirdi. Məsələn, ABŞ-ın tanınmış teatr tənqidçisi Jefrey Erik Cenkins teatrların yeni forma, üslub, səhnə dili axtarışları problemlərinə toxunaraq, məşhur “yeni unudulan köhnədir”  deyimini bir daha xatırladıb, yaradıcılıq axtarışlarının hər hansı teatrın inkişaf meyllərini ifadə etməli olduğunu, tamaşalarının mədəni-estetik təmənnasının doğrulmasına yönəlik səmərəsini qeyd etdi. J.Erik Cenkins bütün axtarışların yeniliyə aparmadığını, bəzən əksinə sapmalara, əyintilərə də yol aldığını bildirməklə, başqa bir tənqidçi, Kanadalı Mişel Vaisin “Yenilik risk yaradır” adlı məruzəsinin tezislərində səslənən, ayrı-ayrı teatrların təcrübəsində müşahidə edilən real mənzərəni örnək göstərdi.

 

Çağdaş dövrün teatr üfüqlərində görünən müxtəlif rejissor simalarının yaradıcılıq metodları, klassikanın və müasir dramaturji əsərlərin səhnə yozumları, həmçinin tamaşaların auditoriyaya təsiri, seyrçinin estetik qavrayış məsələləri ilə bərabər çıxışlarda bu sahədəki tədqiqatlar, səhnə sənətinin yaradıcılıq həyatının bəzi hallarda teatr tənqidinin diqqətlindən kənarda qalması faktları da qeyd edildi.

 

Konqresdəki diskussiyaların mövqeyindən dəyərləndirməli olsaq, ölkəmizdəki teatr həyatı, teatr tədqiqatları yumşaq desək, hələ çox təkmilləşməlidir. Belə ki, dünya teatr elminin uzun illər bundan öncə yararsız və perspektivsiz hesab etdiyi mövzular qəribədir ki, bu gün bizim ölkədə hələ də əhəmiyyətli hesab edilir, hətta dissertasiya mövzusu kimi müdafiə edilir. Yəni başlanğıcdan ölü olan, heç bir elmi və praktik faydası olmayan məsələlərin ciddi şəkildə elmi mövzu hesab edilməsi təəccüblüdur. Yaxud praktik teatr həyatını tədqiq edən teatrşünaslığın sıxışdırılıb, bu sahədə mövcud olan aktual sənət məsələlərinin teatrətrafı dedi-qodularla əvəz edilməsi, ən betəri, bunun çağdaş dövrümüzdə teatr jurnalistikası kimi qələmə verilməsi, məhdud ifadə dalanında ara-sıra görünməsi faktı da təəssüf doğuran və çətin anlaşılan gerçəklikdir. Halbuki bu sənətin funksional yaradıcılıq  imkanlarının məhdudlaşması, bütövlükdə, teatr həyatının açıq aşkar deqradasiyasına aparır.

 

Çağdaş dünyanın teatr tənqidinin problemləri, dövrün teatr mədəniyyətinin, konkret olaraq, hər bir cəmiyyətin teatr prosesindən birbaşa asılıdır. Cəmiyyət həyatındakı reallıqların və prioritetlərin dəyişməsi, buradakı tərəqqi, yaxud ətalət vəziyyəti incəsənətin ən həssas sahələrindən olan teatra öz müvafiq təsirini göstərir. Bəzi hallarda teatr sənəti ətrafdakı hadisələrə adekvat reaksiya verməklə öz mövcudluğunu bəyan etsə də, bəzən həmin hadisələr onun yaradıcılıq ahəngini ciddi şəkildə zədələyir. Belə vəziyyətlərdə teatr tənqidinin hər hansı fəal müdaxiləsindən, mövqe nümayişindən bəhs etmək mənasızdır.

 

Başqa bir məsələ, teatr prosesinə kütləvi informasiya vasitələrinin bəzən səmərəli, bəzən isə nəticə etibarı ilə zərərli təsiri ilə bağlıdır. Belə ki, teatr həyatının mənəvi-ruhsal yaradıcılıq mühiti həssas və səriştəli yanaşmaya ehtiyac duyduğu halda, qeyri-peşəkar müdaxilə onun təbiətindəki demokratizmlə bərabər canlı harmoniyanı bərbad edir. Nəticədə prosesin sabitliyi və ardıcıl inkişaf xətti pozulur ən yaxşı halda ləngiyir. Bu zaman professional tənqid sakromental “yaşa, zərər vermə” hikmətinə sadiq qalsa da, cahil jurnalist yazar sanki nə etdiyinin fərqində olmur. Başqa sözlə desək, ciddi tənqidin bəlli səbəblərdən təmkinlə prosesi izlədiyi zaman sayt yazarları mavr sayağı öz işlərini görməyə tələsirlər. Kompüter texnologiyalarının, sosial şəbəkələrin getdikcə artan vüsəti sayəsində yaranan vəziyyəti reqlamentləşdirmək mümkünsüz və gərəksiz göründüyü kimi, ciddi teatr tənqidinin professional fəaliyyət meydanının daraldığı da aydın görünür. Və bu zaman köhnəlməyən rus sualı olan “nə etməli?” gözlərimizin qarşısında böyüyür, hər birimizdən cavab gözləyir. Burada, sadəcə sözlərlə yaxa qurtarmaq mümkün deyil. Əslində, həmin sualın birmənalı və yeganə cavabı da yoxdur. Çünki bu, hər bir cəmiyyətin və hər tənqidçinin fərdi fəaliyyəti ilə mümkündür.

 

Səhnə sənətinin yaradıcılıq perspektivləri ilə bağlı dünya teatr tənqidçilərinin yekdil qənaətinə görə, bu sənətin çağdaş dövrdə inkişaf meylləri birmənalı şəkildə onun teatr tənqidi ilə əməkdaşlığı sayəsində faydalı nəticələr verə bilər.

 

 

Dünyanı ağ-qara görənlərə, baş verən hadisələri elə beləcə dəyərləndirənlərə sözümüz yoxdur. Amma teatr sənəti ağ-qara deyil və ola da bilməz. Odur ki, səhnə aləmini və burada baş verənlərin rəngarəng təbiətini bilən teatr tənqidi “dünyanın səhnə-insanların aktyor” (Şekspir) olduğunu az qala postulat kimi qəbul edir, bu sənətin onilliklərlə dəyişilməyə məruz qalan fəlsəfəsini təmkinlə dəyərlindirməyə cəhd edir. Və bu zaman, yəni cəmiyyətin dialektik dəyişməsinə müvafiq olaraq dəyişən teatr və onun tənqidi ilə məşğul olan mütəxəssislərin baxışlarının, metodlarının, mövqelərinin və təhlil üslubunun da dəyişməsi labüdləşir.

 

Bu isə, hər şeydən əvvəl, teatr sənətinin, onunla bərabər tənqidin öz yaradıcılıq sferasını və ifadə arsenalını yenidən dəyərləndirməsini tələb edir. Cəmiyyət həyatının ovqatını müəyyən edən “ictimai rəyimizlə gecikməyin” (G. Tovstonoqov) yolverilməz olduğu üçün həmin ictimai rəyi formalaşdıran təngidin bu gün sakit limana çəkilib milli teatr sahəsində baş verənlərə susqun, ən yaxşı halda söz deməyə ehtiyatlandığı, yaxud açıq aşkar mövqesizliyini müşahidə etmək təəssüf hissi doğurur. Halbuki bu gün teatrşünaslıq elmimizin və praktik teatr tənqidinin öncülləri olan professorlar Məryəm Əlizadə, İlham Rəhimli, Aydın Talıbzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov kimi usta qələm sahiblərinin arxasınca cavan nəsli təmsil edən Aliyə Dadaşovanın, Könül Əliyevanın, Elçin Cəfərovun, Aygün Süleymanovanın bu sahədə diqqət çəkən fəaliyyətlərini təqdir etsək də, eyni zamanda onların malik olduqları istedad potensialını tam şəkildə realizə etdiklərini söyləmək çətindir.

 

Ölkəmizin teatr həyatındakı yaradıcılıq işlərinə (uğurlu, ya uğursuz, fərq etməz) bu və ya digər teatrın fəaliyyətində müşahidə edilən sənət hadisələrinə həməncə reaksiya verilməsi, teatr mövsümünün sonunda icmal-məqalələrin yazılması, xüsusilə bölgə teatrlarının sənət həyatı ilə (buranın reperturarından tutmuş, sənətçilərin fərdi yaradıcılığına qədər məsələlərlə) bağlı təhlillərin aparılması işi yox dərəcəsindədir. Bundan başqa, çağdaş dövrümüzdə  aktuallığı ilə seçilən, teatr antropologiyası, teatr sosiologiyası, teatr menecmenti, teatr iqtisadiyyatı kimi mövzularda ciddi araşdırmalar da mətbuatda görünmür.

 

Bu qeydlərimiz indiyədək görülən işləri dəyərdən salmaq, kiminsə çəkdiyi zəhmətə xor baxmaq yox, zamanın tələbləri və teatr həyatının nəzəri-estetik məna qazanması işinin yükünü daşımalı olan teatr tənqidinin professionallıq məsuliyyətini xatırlatmaqdır. Hər birimiz unutmamalıyıq ki, bəzən giley-güzar etdiyimiz Mədəniyyət və Turizm Nazirliyi dövlətin mədəniyyət siyasətini həyata keçirən, icra orqanıdır. Onun həmin siyasətin yönəldilməsinə nəzarəti və tənzimləmə funksiyası ayrı, praktik, teatr həyatının cari estetik problemlərinin nəzəri təhlil işi tamamilə ayrı məsələdir. Odur ki, bu gün teatr tənqidi elmi-yaradıcılıq prioritetlərini dəqiq müəyyənləşdirməli, öz professional missiyasını yerinə yetirməlidir. Qədim çin atalar sözündə deyilən “qoy yüz bahar olsun, yüz qızıl gül yetişsin” hikmətini düşündükcə, milli teatr mədəniyyətimizdə yalnız münbit yaradıcılıq şəraitinin yaranması ilə neçə-neçə nadir istedad sahibinin boy verib görünməsinə, streotiplərin üstündən xətt çəkib, heç nəyə yaramayan “daşlaşmış” ənənələri alt üst edən fərdi metodların meydana gəlməsinə ümid edə bilərik.

 

Ötən əsrdə İlyas Əfəndiyev və Tofiq Kazımovun, sonralar Mərahim Fərzəlibəyovun bu əsrdə Kamal Abdullanın, Afaq Məsudun və Vaqif İbrahim oğlunun, Vaqif Səməd oğlunun, Rəhman Əlizadənin və Hüseynağa Atakişiyevin, Elçinin, Əli Əmirlinin və Azər Paşa Nemətovun, Elçinin, Afaq Məsudun və Mehriban Ələkbərzadənin,  Əli Əmirlinin, Hüseynbala Mirələmovun və Bəhram Osmanovun yaradıcılıq əməkdaşlığı sayəsində bütün eniş yoxuşlardan, üzü ağ çıxan milli teatrımızın sabahı ilə bağlı bu gün teatr ictimaiyyəti tərəfindən yaşanan narahatlıq da əsassız deyil. Çünki ötən teatr mövsümü sənət həyatında bədii hadisəyə, mədəniyyət faktına çevrilən, orijinal üslub, yozum həlli, konseptual özünüifadə nümunəsi olan hər hansı tamaşa ilə yadda qalmadı. Hələ ki, istisna olaraq Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi teatr, obrazlı desək, milli teatr dənizində “ağ yelkənli qayıq” (Y.Lermontov) kimi görünür və şükür allaha ki, dalğalara sinə gərib üzməkdə davam edir.

 

Bayaqkı mətləbə qayıdıb, bir məsələni də qeyd edək ki, Konqresin gündəliyində duran məsələlər, eləcə də onun iş reqlamenti dövrün mədəni gerçəkliyində müşahidə edilən yaradıcılıq hadisələrini və tendensiyalarını, həmçinin teatr tənqidinin mövcud problemlərini tamamilə əhatə etmək iddiasında deyildi. Burada başlıca məqsəd həmin sahədəki mövcud mənzərəni diqqətə çatdırmaq, bu və ya digər ölkələrin teatr mədəniyyətlərində müşahidə edilən tendensiyaları elmi-praktik müstəvidə dəyərləndirmək, reqressiv meyllərin qarşısının alınması istiqamətində ümumi məxrəcə gəlib, qüvvələri səfərbər etmək idi. Odur ki, teatr tənqidinin teatr prosesinə getdikcə daha artıq nüfuz etməsi, fəaliyyətinin miqyasının və səmərəsinin artırılmasına nail olmaq üçün virtual polemikaların və praktik teatr həyatına həsr edilən nəzəri tədqiqatların aparılması işi konqres iştirakçıları tərəfindən təqdir edildi. 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017