Deyirdilər ki, akademik teatr eksperiment yeri deyil - Belqrad günlərində

Deyirdilər ki, akademik teatr eksperiment yeri deyil - <span style="color:red;">Belqrad günlərində
29 dekabr 2016
# 12:14

Kulis.az az sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilovun “Belqrad teatr həyatı payız günlərində” adlı məqaləsini təqdim edir.

Neçə illər bundan əvvəl Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən “Slaviya” beynəlxalq teatr festivalında Akademik Milli Dram Teatrı da iştirak edirdi.

H.Mirələmovun “Xəcalət” pyesi əsasında rejissor B.Osmanovun hazırladığı və böyük uğurla oynanılan eyni adlı tamaşadan sonra “Slaviya” festivalının direktoru, serbiyalı dostum Batriç Zarkoviçlə söhbətimizdə Milli teatr sənətimizlə bağlı ürək dolusu danışdım. Doğrudur, festivalın baş mükafatı A.P.Çexovun “Ayı” əsəri əsasında (nədənsə yapon milli teatr üslubuna uyğunlaşdırılmış) tamaşanı təqdim edən İran İslam Respublikasından gəlmiş kollektivə nəsib oldu amma, bizim teatrın təmsilçiləri də əliboş qalmayıb, birinci mükafata sahib oldular.

Həmin tədbirə ev sahibliyi edən Batriç və xanımı Liliana teatrımızı gələn festivallarda görmək istədiklərini arzularını dilə gətirdilər. O zaman xoş münasibətin qarşılığında mən də minnətdarlığımı və təklifə qarşı razılığımı bildirdim. Həmin məqamda vətənə dönüncə bu barədə məqalə yazmaq barədə düşündüm, hətta hələ yazılmayan həmin məqaləyə “Belqrad baharının Azərbaycan çiçəkləri” kimi ad da tapdım.

Amma həmin səfərdən dönər-dönməz çalışdığım teatrın uğurundan yazmağı təvazökarlıqdan uzaq hesab etdiyim üçün məqalə elə xəyalımdaca qaldı.

Kimin ağlına gələrdi ki, cəmi bir neçə ildən sonra tale məni yenidən Belqrada gətirəcək, bu gözəl şəhərin küçə və meydanlarını dolaşmaq, ədəbli və xeyirxah sakinləri ilə görüşmək qisməti verəcək. Məhz həmin küçələrin birində təsadüfən gözüm böyük bir plakata sataşdı və orada yazılan sözlər məni ötən illərə qaytardı. Plakatda 2016-cı ilin 6-16 mart tarixlərində “Slaviya” beynəlxalq teatr festivalının keçirilməsi bildirilirdi.

Həmin festival öz təntənəsi, qonaq-qarası ilə keçirilmişdi. Bizə yaxşı tanış olan, ötən festivalda dost münasibətləri qurduğumuz əcnəbi teatr xadimləri öz yeni səhnə işlərini təqdim etmişdilər. Təəssüf ki, Azərbaycan teatrı, konkret olaraq, Akademik Milli Dram teatrı bir zaman yaranmış xoş münasibətlərdən qaynaqlanan dəvət məktubu alsa da, “Slaviya” festivalına qatılmamış, həmin sənət bayramının duyğusal ovqatından Şeyx Nəsrullahın təbirincə desək, “bilbəhrə qalmışdı”. Halbuki teatrın prodüser fəaliyyəti və innovasiya şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun festivalın təşkilat komitəsi ilə yazışmalarında teatrın repertuarındakı “Kitabi-Dədə Qorqud” eposu əsasında rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan “İlahi oyun” tamaşası barədə ətraflı məlumatlar verilmiş, nəticədə həmin tamaşa festivalın proqramına daxil edilmişdi. Bu isə o demək idi ki, “İlahi oyun” tamaşasının festivalın maliyyə vəsaiti hesabına Azərbaycan, serb və ingilis dillərində afişaları, bukletləri və proqramları çap edilmişdi. Təəssüflər olsun ki, (başqa nə demək olar) Milli teatr sözü gedən festivalda iştirakdan imtina etməklə Serbiya teatrı ilə yaranmış əməkdaşlıq münasibətlərinin üstündən xətt çəkmiş oldu.

Milli teatr sənətinin bədii nümunələrinin Avropa ölkələrinin səhnələrində görünməsinin əhəmiyyət dərəcəsi barədə söz açmaq, ilk baxışda artıq görünsə də, nadanlığın törətdiyi fəsadları düşündükcə, hər dəfə bu məsələni qeyd etməli oluruq. Qəribədir bu gün milli teatrların dünya teatr prosesindən təcriddə yaşamasının mümkün olmadığı həqiqətini anlamaq məgər bu qədər çətindir? Axı, necə deyərlər, kor da bilir ki, balıq şordur. Axı, nə üçün milli teatrımız beynəlxalq teatr tədbirlərindən kənarda qalmalıdır? Səhnə sənətinin bədii axtarış meylləri, səhnə xadimlərinin ifaçılıq məharəti, estetik üslubu, bütövlükdə milli teatr mədəniyyətimizin qazandığı uğurların beynəlxalq meydandan gizlədilib, kölgədə saxlanılmasının dövlət başçısının imzaladığı “Azərbaycan teatrı 2009-2019-cu illərdə ”Dövlət Proqramının həyata keçirilməsinə zidd olduğu kimsəni düşündürmür?

Həmin tədbirin keçirilməsindən 6 ay ötməsinə baxmayaraq, sanki məni həmin çağlara qaytarmaq üçün “Slaviya” festivalının plakatı hələ də asılı qalmışdı. “Slaviya” festivalının keçirilməsindən cəmi bir neçə ay sonra Belqrad şəhəri ikinci böyük teatr festivalına ev sahibliyi edirdi.

Sözün bu məqamında qeyd etmək yerinə düşər ki, Serbiya dünya idmanına və mədəniyyətinə görkəmli simalar bəxş etmiş bir ölkə, onun yaşıllıqlar içində hüzur dolu, qədim memarlıq abidələri ilə zəngin olan paytaxtı isə qoca Avropanın ən mədəni şəhərlərindəndir. Yuxarıdakı faktların özü Belqradın mədəni mühitini, insanlarının teatral təbiətini aşkar sübut edir.

2016-cı il sentyabr ayının sonlarında Serbiya paytaxtı festival ovqatını yaşayırdı. Belə ki, bütün şəhər bu mədəni tədbirin təşviqat və təbliğat vasitələri ilə süslənmiş, bütün gün ərzində müxtəlif səhnələrdə, müxtəlif janrlarda və ifadə formalarında, oyun müddəti etibarilə 45 dəqiqədən tutmuş 3 saat 30 dəqiqəyə qədər çəkən tamaşalar göstərilirdi.

Teatr sənəti tarixi yaş baxımından qədim olsa da, onun estetik bayrağı altına girən kollektivlər öz fəaliyyət dövrləri etibarı ilə cavan, yaxud “dünyagörmüş” ola bilərlər. Odur ki, “Bitef” beynəlxalq teatr festivalında da ayrı-ayrı ölkələri təmsil edən kollektivləri şərti olaraq bu sayaq işarələmək mümkündür. Mühüm olan budur ki, siyasi-iqtisadi durumu, coğrafiyası, dili tarixi, mədəniyyəti fərqli olan ölkələrin teatr kollektivləri festival günlərində eyni yaradıcılıq müstəvisində, eyni məramla təmas qurmaq imkanı əldə edirlər. Bəlkə elə bu səbəbdəndir ki ən nüfuzlu mədəni tədbirlərdən olan Belqrad beynəlxalq teatr festivalı “Bitef” hər dəfə qeyri-adi sənət bayramına çevrilir.

Dünyanın tanınmış teatr kollektivlərinin dəvət aldığı “Bitef” festivalının sentyabrın 25-də təntənəli açılışı oldu. Festivalın açılış mərasimində dünyanın şöhrətli səhnə xadimlərinin, o cümlədən, teatr nəzəriyyəçisi, rejissor, aktyor, xoreoqraf Robert Uilsonun çıxışı böyük rəğbətlə qarşılandı və açılış gününün ilk tamaşası ilə Pekinin “Tao teatr” truppası çıxış etdi. Əsasən xoreoqrafik üslubda ritm və plastika sintezi estetikasında oynanılan tamaşada aktyorların heyrətamiz məharəti, rejissor fikrinin yozum ustalığı Çin teatrının uğurlu sənət addımlarının əsil yaradıcılıq nümayişi idi.

Burada bir cəhəti xüsusi qeyd etməyə ehtiyac var. Praktik teatr həyatı ilə bu və ya digər dərəcədə bağlı olan hər kəsə bəllidir ki, yaradıcılıq prosesi, hər hansı çərçivəyə sığmayan, ən dəlisov, bəzi hallarda tanış məntiqləri alt-üst edən, “başgicəlləndirən ideyaların” (V.Meyerhold) sınaq meydanı, ideya-bədii məqsədlərin təcrübi prosesidir. Həmin proses nəyin doğru, nəyin yanlış, uğurlu-uğursuz olanı müəyyən edən laborator işidir. Odur ki, ərsəyə gələn tamaşanın müəyyən mənada laborator təcrübəsindən keçmiş eksperimentə bərabər tutulmasında qeyri-adi bir şey yoxdur. Sadəcə belə demək olarsa, laborator təcrübəsinin nəticəsinə görə, bəzi tamaşalar uğurlu, yaxud uğursuz ola bilər. Bu zaman gözlənilən nəticə axtarış cəhdinin nə dərəcədə istedadla və düzgün istiqamətdə aparılmasından asılıdır. Razılaşaq ki, bir qayda olaraq bu işi ağıllı və istedadlı şəxslər görür.

Yeri gəlmişkən, bir vaxtlar bu sətirlərin müəllifini bəzi nadanlar “akademik teatr eksperiment yeri deyil” deyə qınadıqları zaman bəsit düşüncələri ilə özlərini necə rüsvay etdiklərinin fərqində deyildilər. Bu cahillər (onların içində özünü aktyor hesab edənlər də vardı) səhnə işinin mahiyyətini, hər bir məşqin estetik təbiətini və hədəfini təşkil edən prosesi barədə öz “eybini qanmadan” (M.Ə.Sabir) gözünü yumub ağıllı görünmək iddiası ilə fikir bildirirdilər. Bu ağılda, bu mövqedə olan belələri, teatr sənətinin yerində sayması faktının suçunu özlərinin yaradıcılıq və dünyagörüş səviyyəsizliyindən başqa, hər kəsdə və hər şeydə görürlər, beləcə layiq olmadıqları mövqedə, layiq olmadıqları teatrda “baobab sayağı” (V.Vısotski) mövcudluqda davam edirlər.

Operetta janrında sözün yetərli olmadığı məqamda musiqiyə keçilir. Bizim vəziyyətimizdə musiqinin belələrinə hər hansı təsirinin olacağına inanmaq çətindir. Nə isə...qayıdaq “Bitef” festivalına və burada diqqət çəkən, Avropanın bir sıra ölkələrinin səhnələrini işğal edən (bu, bəzi hallarda Brodvey teatrlarının təcrübəsindən qaynaqlanır) oyun təqdimatlarını nəzərdən keçirək.

Artıq xeyli vaxtdır ki, teatr tamaşalarında digər “qohum” sənətlərin ifadə vasitələrindən, texnoloji imkanlarından istifadə edilir və burada təəccüblü, həmçinin qıcıqlandırıcı səbəb yoxdur. Bununla bərabər onu da qeyd etmək lazımdır ki, teatr (banal səslənsə də) özü özlüyündə oyundur.

Şekspirin təbirincə desək, həyatımız kimi olan bu oyunun təbii ki, qəbul edilmiş qaydaları mövcuddur və həmin qaydalara riayət cəmiyyət həyatında olduğu kimi səhnə həyatında da vacib sayılmalıdır. Səhnə həyatında bədii yaradıcılıqda müxtəlif ideya-estetik məqsədlərlə görülən işlərdə istisnaların olduğu həqiqəti məqbul sayılsa da, zarafatda olduğu kimi, onun miqyasının və dərəcəsinin olçüsü mühüm şərtdir. Başqa cür olarsa, bəlli həyat və sənət müvazinəti zərər görmüş olur, birbaşa desək, pozulur. Odur ki, teatr tamaşalarında daxili monoloqun lent yazısı şəklində səsləndirilməsi, ekranda pyeslə bağlı hadisələr görüntülərinin verilməsi, pirotexnik və digər kino texnikasından, gen-bol (bəzi hallarda isə açıq-aşkar yersiz) istifadəsi teatrın ifadə vasitələrinin və səhnə dilinin kasıblığından daha çox teatrların, daha konkret desək, quruluşçu rejissorların dəbə uyması, yaxud ən betəri, axtarış əziyyətinə qatlaşmayıb yüngül yolla getməsinin sübutudur.

Türkiyənin çağdaş dövrünün teatr tamaşalarında az qala üsluba çevrilən yozum vasitələrində musiqiçilər qrupunun səhnədə yerləşdirilməsi, bir tərəfdən canlı musiqi müşayiətinin oyunun ifadəliliyinə, tempo-ritminə səmərəli təsir göstərirsə, digər tərəfdən tamaşaçı diqqətini əsas hadisələrdən və aktyor oyunundakı mühüm məqamlardan yayındırır. Başqa bir məsələ isə, kiminsə bir zamanlar tapdığı uğurlu səhnə həllinin darıxdırıcı təkrarları gələcəkdə teatr sənətini dalana salacağı təhlükəsidir.

Maraqlıdır ki, eyni hal Baltik yanı ölkələrin, həmçinin Almaniyanın, ABŞ-ın, İsveçin, Çexiyanın, Polşanın, Rusiyanın, Yunanıstanın və s. teatrların təcrübəsində də özünü göstərir. Əgər nisbi güzəştlərlə yanaşsaq, müşahidə edilən mənzərədə ikinciyə nisbətən birinci vəziyyət daha çox narahatlıq doğurur. Çünki, teatr sənətinin dil-ifadə vasitələri yüzilliklər boyu formalaşan, onun sosio-kultural mövqeyini bərqərar edən estetik təbiəti ilə bağlıdır. Onun bu təbiətinə zorakı müqavimətin zərərsiz ötüşəcəyini düşünmək yanlışdır. Çünki, bəlli olduğu kimi, musiqinin, təsviri sənətin, kinonun, televiziyanın, radionun öz sənət dili, ifadə vasitələri olduğu kimi teatrın da, təbiidir ki, mövcud olan dil-ifadə vasitələri inkişaf etdirilə bilər, amma onlara tamamilə məhəl qoyulmaması ən azı naşılıqdır.

“Bitef” festivalında təqdim edilən tamaşaların bir qismində, o cümlədən, Beyrut teatrının “Buludlar üzərində” tamaşasının sırf kino elementləri əsasında qurulması faktı ilə üzləşirik. Bunun isə nə az, nə çox teatr tamaşasından fərqli olan, ədəbi mətnlə müşayiət edilən kino-xronika təsiri bağışladığı səbəbindən səhnə sənəti işinə fayda verməsi mübahisəlidir.

Festivalın afişasında yer alan bütün tamaşaları sadalamaq, onların hər birinin bədii mündəricəsi, estetik özünəməxsusluq məsələləri üzərində xüsusi gəzişmələrə lüzum olmasa da bəzi məqamları ayrıca qeyd etməyə dəyər. Hər şeydən əvvəl onu qeyd edək ki, festivalda baxışa təqdim edilən tamaşaların seçimi bir qədər təəccüb hissi oyatdı. Yəni tamaşaların qəbulu işini həyata keçirən mütəxəssislərdən (!)ibarət qrupun həmin seçimi hansı meyarlara istinadən apardığı bəlli deyildi. Çünki “Bitef” kimi uzun illik fəaliyyət təcrübəsi ilə beynəlxalq nüfuz qazanan festivalda bədii-estetik mündəricəsi, istər üslub, istərsə bədii ifadə baxımdan bəsit və sadəlövh sənət təqdimatı ilə çoxsaylı suallar doğuran tamaşaların nümayişi aşkar anlaşılmazlıq yaradırdı. Almaniyanın Berlin şəhər teatrının “Pulemyotun tarixi”, Livanın Beyrut teatrının bayaq qeyd etdiyimiz “Buludlar üzərində”, Fransanın Paris Eçelle 11 teatrının “Lüks №2” tamaşaları bu baxımdan heç nə ilə yadda qalmadı. Teatr sənətinin daima yeniliyə can atması həqiqəti bəlli və təbii qəbul edilsə də, Avstriyanın Vyana şəhər teatrının “Gülünc qaranlıq”, Serbiyanın Belqrad şəhər teatrının “Kapitalizmin dəyərli sözü”, Sinqapur teatrının “Yumşaq maşın” tamaşalarında səhnə ifadəliliyində və oyun tərzində kollektivlərin bədii axtarış cəhdləri, orijinal səhnə tapıntıları olsa da, ifrata vardıqları, öz səylərində bir qədər “irəli” getdikləri də, yumşaq desək, diqqətdən yayınmadı.

Doğrudur, festivalın təşkilatçıları həmin tədbirdə nümayiş etdirilən tamaşalarda başlıca məqsədi uğurlarla kiminsə gözünü qamaşdırmaq yox, (olimpiya oyunlarında başlıca olaraq iştirakın əsas tutulduğu kimi) müxtəlif ölkələrin fərqli oyun üslubuna üstünlük verən aktyorların ,fərqli bədii metodlarla çalışan, öz konkret yaradıcılıq “mənini” bəyan etməyə səy göstərən rejissorların, həmçinin səhnə təsvirində minimalizmdən tutmuş neoprimitivizm, neokonstruktivizm kimi meylləri təbliğ edən səhnəqrafiya və dizayn ustalarını biri-birilə görüşdürmək idi. Bu mövqe ilə müəyyən güzəştlərlə razılaşmaq olar, amma diqqətdən kənarda qalmayacaq bir məsələ də ondan ibarətdir ki, hər hansı festival yalnız həmkarların görüş yeri kimi nəzərdə tutularsa, çox keçməz ki, belə tədbirlərin konkret səmərəsindən bəhs etməyə söz tapmaq çətin olar.

Əlbəttə, şərqdən qərbə, beş qitəni əhatə edən dünya teatrının mövcud inkişaf qüdrəti, sənətkarlıq potensialı, festivallardakı çıxışlarda tam təzahür etmir. Hər bir teatr ideya-estetik həqiqətini, bədii yaşamının axtarışlarını, itkilərini, eləcə də uğurlarını hər dəfə öz pərdəli məkanında öz tamaşaçıları qarşısında təsdiqləyir.

# 981 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #