Kərpickəsən kişinin dastanı – Şərif Ağayarın POVESTİ

Bu gün Şərif Ağayarın doğum günüdür. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onun məşhur əsərlərindən biri olan “Kərpickəsən kişinin dastanı” poevstini yayımlayır. 

 

Kərpickəsən kişinin dastanı

 

Povest

 

Dədəm qaşlarını oynadıb-oynadıb alnının ortasında baş-başa gətirdisə, deməli nəsə ciddi bir iş var: «İlyaz kişi dedi, evi gələn ayın başınacan boşaldın». Hamımız biri-birimizə baxdıq, nə deyəcəyimizi bilmədik. «Gələn ayın başınacan?!» – anam həyəcanla soruşdu. Dədəm uzun fasilədən sonra «hə» dedi.

 

İlyaz qonşumuz idi. Daha doğrusu, biz onun qonşuluğundakı iki otaqlı, kürsülü evin müvəqqəti sakinləri idik. Hələ köçümüz təzə gələn vaxtı qonşu arvadlar tökülüşüb bu kimsəsiz evin tarixçəsini bizə danışmışdılar. Ev Teylur adında bir kişinin olub. Teylur İlyazın ögey qardaşı imiş, traktor sürürmüş. Bir gün qohumlarından biri ova gedəndə kənddən bir az aralı əkin sahəsində Teylurla rastlaşır. Görüşürlər, adama bir siqaret çəkirlər, sonra Teylur dinc durmayıb tüfəngi ondan almaq istəyir. Ovçu patronun az olduğunu bəhanə gətirib tüfəngi vermir. Süpürləşirlər. Çəkhaçək, vurhavur… birdən tüfəng açılır. Açılan kimi Teylurun boğazında ağ deşik görünür…

 

Teylur yerə yıxılıb xırıldaya-xırıldaya çabalayanda qohumu qorxusundan silahı atıb qaçır.

İlyaz kişi vaxtı ilə Teyluru güllələyən oğlanın anasını boşayıbmış. Kənddə danışırdılar ki, arvadını çox incidirmiş İlyaz. Guya arvad özü durmayıb onda. İndi də oğlunu öyrədib ki, hayıfını alsın bu törəmədən. İlyaz qoca kişidi; bir ayağı burda, o biri gorda, onu öldürməyəcəkdilər ha! Ən yaxşısı Teylurdu… Cavan, yaraşıqlı, təzə ailə qurub, körpə uşağı var. Teylurun ölümündən sonra həyat yoldaşı dözməyib bu kənddə. Övladını da götürüb gedib rayondakı qohumlarının yanına.

 

Qonşuluğumuzda Sənəm adlı bir qadın vardı. Köçümüz maşından daşınıb rəhmətlik Teylurun xaraba evinə yığışan vaxtı bizə üzü yumurtalı təndir çörəyi, camış qatığı gətirmişdi: «Yeyin siz Allah. Allah erməninin bəlasını versin. Hamımız müsəlmanıq…»

 

Sənəm arvad dil-ağızdan qalmırdı: «Vallah savabdı, bu komadan da işartı gələr, insan hənirtisi eşidilər. Evlər boş qalanda, işığı gəlməyəndə Allaha ağır gedir».

 

Arada anamı yanlayıb başqa vacib xəbərləri də çatdırmışdı: «Bu ev əslində Teylurun arvadınındı. İlyaz kişiynən qannı-bıçaqdılar. Bilsə, qiyamət qopacaq. Yaman hayasızdı haaa!» - Əlini əvvəl yavaşca dizinə vurub sonra çənəsini bürmələmişdi.

 

Laçında, öz doğmaca evimizdə başımız üstündən müharibə xofu asılmışdısa, burda Teylurun arvadının zəhmi basmışdı bizi. Hər an gələ, bizə dişinin dibindən çıxanı deyə, mitilimizi bayıra vızıldada bilərdi.

 

Evə söz ola bilməzdi. Döşəməsi, tavanı, ağ boyanmış suvağı… İkicə gecə yatmamışdıq ki, dədəm həyətin yaxınlığından keçən qaz borusunu deşib evə ayrıca xət çəkdi. Axşamlar həyətdəki tut ağacının altında oturanda Laçını unudurduq. Bircə ağcaqanadlar əsəblərə mizrab çəkən dızıltısı ilə taleyimizi təkrar yada salır, bizə dinclik vermirdi.

 

«Bay sənin saqqalına tula bağlayım. Sən də kişisən, a gözüynən görmüş?!» - Düz tapdınız. Teylurun arvadı gəlmişdi. Həyətdə çaxnaşma düşdü. İlyaz, kənddə ona Dəli İlyaz deyirdilər, əlinə lapatkə alıb Teylurun arvadının üstünə dartındı: «Qancığın qarnından çıxan, qardaşımın başını yedin, indi də mənim üstümə şeşələnirsən?!». İri bədənli, qıvraq, qarayanız, olduqca hikkəli, buna baxmayaraq kifayət qədər yaraşıqlı bir qadın barmaqlarının ucunda həyəti beş dolanır, sözü mərmi kimi İlyazın üstünə yağdırırdı: «Ə, cındır, qardaşının qisasını ala bilmədin, qaçıb tuman altda gizdəndin, hələ utanmıyıf danışırsan!!! Hələ bir dərənin qəhbələrini gətirib evimə yığırsan!» Teylurun arvadının son cümləsi mədəmin üstündə isti bir partlayış doğurdu. İsti başıma, sinəmə, boğazıma, boynumun arxasına, qafamın içinə, ən axırda gözlərimə və ağzıma yayıldı. Dönüb anama baxdım, başını aşağı salmışdı. Balaca bacım anamın ətəyindən tutub ağlamağa başladı.

 

Teylurun arvadı saman topasının üstünə sancılmış yabanı götürüb İlyaza tərəf cumdu. Arvadlar özlərini çatdırıb onu tutdular. Ağzı köpüklənə-köpüklənə İlyaza tərəf qışqırdı: «Ay oğraşşş!!!». Bu, onun son sözü oldu, huşunu itirib yerə yıxıldı. İlyaz Teylurun arvadının üzünə həyəcanla su çiləyən arvadlara baxıb acı-acı güldü: «Lotuşka özünü bijdiyə vurub, ona heç nə olan döy!»

Teylurun arvadını sürüyə-sürüyə evimizə, üzr istəyirəm, öz evinə apardılar. Döşək, mütəkkə… alnına soyuq suda islanmış əski qoydular.

 

Arvad ayılan kimi hamımızı heyrətləndirdi: «Siz Allah incimiyin, bir az hövsələsizəm. Teylurun ölümü bir yana, bu biqeyrətlər bir yana… Başım xarab oluf tamam, nə danışdığımı bilmirəm, evim sizə qurbandı, nə qədər istəyirsiz qalın».

 

Bəs indi İlyaz kişidən aldığımız «nota» nə idi. Axı evin əsil yiyəsi Teylurun arvadıdı. O da bizə «nə qədər istəyirsiniz qalın» demişdi.

 

Hamı sual dolu nəzərlərlə dədəmə baxırdı.

 

Dədəm yenə qaşlarını ata-ata fikrə getdi. Onun bu adətini sonralar kompyuterin axtarış əməliyyatına bənzədəcəkdim. O, eynən kompüter kimi, beynində virtual kargüzarlıq işi aparır, «kağız-kuğuzu» yerbəyer eləyib qafasının ayrı-ayrı «disklərinə» atır, lazım olanı öz bəlağətli danışığında bəyana gətirir, məhz bu danışıqdan əvvəl kişinin qaşları qalxıb alnının ortasında çardaq dirəkləri kimi çatılırdı. Yenə belə oldu. Qaşlar oynaya-oynaya vəziyyəti təfərrüatı ilə vərəvürd eləyib kşinin balaca alnının ortasına milləndi: «Çayırlıqda yer götürmüşəm, özümüzə daxal tikəcəyik».

 

***

 

İlyaz kişinin xəbərdarlığının səbəbini Sənəm arvad söylədi bizə: «İlyaz Teylurun arvadının bacısını oğluna alıb. Bir-iki həftəyə toylarıdı. Toydan sonra bu evə yığışacaqlar».

 

Bu ərəfədə gün-güzəranımıza ciddi təsir edən bir hadisə baş verdi; ali məktəblərin test siyahısında mənim də adım çıxdı. Nəsrəddin Tusi adına Pedoqoji Universitetin filologiya fakültəsinə qəbul olunmuşdum. Topladğım bal da yadımdadı: 310. Soruşan olanda bir az çox deyirdim. Məsələn, 350. Sonralar anladım ki, heç 310 da pis deyilmiş. Məndən artıq evdəkilər sevinir, kasıb süfrəmizin üstündə Allaha şükür yerinə mərhum Elçibəyə dualar oxunurdu. Ən çox ali təhsil diplomum üçün Gəncədə üzünə 40 min manat oxunan dədəm sevinirdi: «Allah onun atasına irəhmət eləsin…»

 

Tələbə adını almağım münasibəti ilə dədəm bazardan gündəlik azuqəmizlə yanaşı bir paçka İran xınası alıb gətirdi. Anam saçlarını xınaladı. Balaca bacım da fürsəti itirməyib əllərini qırmızı boyadı. Məni mal-heyvana göndərmirdilər artıq. Zarafat deyildi ha, öz gücümə ali məktəbə qəbul olunmuşdum. Di gəl, dərslərin gec başlması əleyhimə işləyir, tələbə üstünlüyümə tədricən kölgə salmağa başlayırdı.

 

***

 

«Ay oğul qalx, qalx bir çay iç, Səməd Vurğuna gedirik» - dədəm idi. Tikəcəyimiz daxalın orta tiri üçün qonşuluqdakı Səməd Vurğun kalxozuna gedəcəyimizi axşamdan bilirdim. Biz olan kənddə ərər (qovaq) ağcları yaxşı böyümürdü. Deyirdilər torpağın bir-iki metrliyində şor su var, ona görə…

 

Gün hələ çıxmamışdı, bu kişi ertədən gedib kimin qapısını kəsdirəcək deyə düşündüm. Sonra bəlli oldu ki, Səməd Vurğuna piyada gedəcəyik. Dədəm axşamdan itiləyib hazırladığı baltanı qoltuğuna vurdu, “girzovoy sapoklar”ını ayağına çəkib yola düzəldi. Mən də onunla dabanbasdı… Kəndin təzə götürdüyümüz məhəllə yerinə tərəf çıxacağında ağ-mavi rənglərlə boyanmış dəmir darvazanın altından balaca bir çubuş sıyrılıb çıxdı, dədəmin üstünə atılıb beyini mişarlayan nazik və qarışıq səslə hürdü. Dədəm arxaya necə sıçradısa, balta qoltuğundan yerə düşdü. Çubuş dal-dala çəkilən kişinin qorxduğunu görüb bir az da qızışdı. Dədəm kepqasını çıxarıb «ay it! ay it!» deyə-deyə özünü qorumağa başladı. Mən də çaşmışdım, ancaq özümü tez ələ aldım, yerdən bir kəsək götürüb itə tərəf tolazladım. İt zingildədi, quyruğunu qısaraq çəpərin dibinə tərəf qaçdı. Dədəm dərindən ah çəkdi: «Köpəyoğlunun iti necə sərt imiş. Bunun boyuna bax, həşirinə bax!» Papağı ilə bahəm qorxu-hikkəsini də çırpıb yelə verdi, əyilib baltanı götürdü, şırhaşır axan balaca kanalın tini ilə addımladı.

 

Darvaza Sonayagilin idi. Aramızda qalsın, Sonyaya vurulmuşdum. Gözəl qız idi. Uzun saçları, göy gözləri, yaşının az olmasına baxmayaraq gəlişmiş boy-buxunu, belindəki səhəngə belə naz satan ədalı yerişi, şaqraq qəhqəhələri vardı. Bütün tövrü ilə başını nümayişkaranə qaldıran məmələrini ətrafdakılara göstərir, hamını bu gözəl tənasüblüyün fərqinə varmağa məcbur edirdi.

Təzə götürdüyümüz məhəllə yeri Sonyagilin qonşuluğundaydı. Sizdən heç nə gizlətməyəcəm, qız məni saymırdı. Nəinki saymırdı, üstəlik gülürdü mənə, imkan düşən kimi ələ salırdı. Qulağıma bir ismarıcını da çatdırmışdılar: «Camaata it hürər, bizə çaqqal!». Hər dəfə qarşılaşanda yanındakıların qulağına nəsə pıçıldayır, şaqqanaq çəkib gülürdü. Çox vaxt Sonya ilə üz-üzə gələndə yolumu dəyişirdim. Bel üstə düşmürdüm amma! Özümü təsdiq etmək, eşqimi sübuta yetirmək, əslində ciddi adam olduğumu anlatmaq üçün çaba göstərirdim. Ali məktəbə qəbul olunmağım məntiqlə sevgimə öz töhfəsini verməli idi. Bu töhfəni səbirsizliklə gözləyirdim. Özümüzə ev tikməyimiz də işin xeyrinə olacaqdı. Səməd Vurğun kalxozuna ağac dalınca getmək lap ürəyimcə oldu.

 

***

 

Dədəmin pəsdən gözəl oxumağı vardı. Yola pilləkən salmaq üçün ruha sakitlik gətirən, adamı kövrəldən, az qala ağladan yanıqlı bir avazla oxumağa bşladı:

 

Mən Kərəməm, Gəncə mənim bağlarım,

Duman gəldi çiskin aldı dağlarım…

 

«Ay dədə, bizdən başqa qaşqın yoxdu bu kənddə?» - mən soruşdum.

 

«Biz qaşqın deyilik, məcburi köşkünük. Qaşqın Ermənistandan gələnlərə deyillər».

 

«Bunun fərqi var ki?»

 

«Var, var. Yardımda-zadda fərq qoyullar. Onlara güzəştlər lap çoxdu».

 

***

 

Kişini belə savadlı bilməzdim. Səməd Vurğun kalxozunun sovet sədri ilə bir söhbət elədi ki….

«Siz elə bilirsiz, xalqın azadlığa görə bu qədər qan tökməsinin qiymatını bilmirəm! Azadlıq qurbansız olmur ha! Əsas odu ki, ölkəmiz azaddı, torpaqlarımızı gec-tez geri alacağıq».

Sovet sədrinin tüksüz başı daha da parıldadı.

 

«Biz hörmətli prezidentimizin ətrafında yumruq kimi birləşməliyik. Bütün çətin işlərin həlli yolu budu. Allah prezidentimizə köməy olsun, onun sayəsində bax bu oğlum test üsuluynan instuta girdi».

 

Sovet sədrinin gülümsər gözləri məni başayaq süzdü:

 

«Haaaa… Təbrik edirəm, təbrik edirəm. Hara düşmüsən, a bala?»

 

«Nəsrəddin Tusiyə» - şeşələndim.

 

«Lap yaxşı, mən də Tusini bitirmişəm».

 

Dədəm ayaq üstə, qoltuğunda balta, əlində toza batmış kepka nazik boynunu irəli uzada-uzada nitqinə davam etdi:

 

«Qarabağ məsələsini düyünə salanlar salır. Bu, rus işpiyonlarının işidi. Yoxsa ermənidə cürət nə gəzir ki, torpaq ala, camahatı qovalaya… Bax elə götürək bizim rayonu. On iki imam haqqı, yoldaş sədr, «Eşşək meydanı»ndan o üzdə bir dördayaqlı qoymamışdıq. Dədələrinin üçündə-yeddisində kəsməyə heyvan tapmırdılar» - güldü - «Camahat zarafatla danışırdı ki, ermənilər bizə xəbər göndərif - siz Allah heç olmasa damazlıq bir-iki inək saxlayın, gələn il də oğurlamağa bir şey olsun. Ha-ha-ha! Bizim qonşu kənddə bir İrəsul vardı, anan ölsün, oğul! Çartaz fermasından erməni heyvanı aparırmış, postda saxlayıllar ki, sənədlərini göstər, cibindən erməni qulağı çıxardır, deyir mənim arayışım budu. Çox qoçaq oğlanlar vardı, çoox! Bax, sənnən soruşuram, yoldaş sədr, öz qapısının heyvanını qoruya bilmiyən adam özgə torpağını ala bilərmi?»

 

Sədr dinmədi.

 

Dədəm:

 

«Hə, ala bilərmi?»

 

Sədr yenə dinmədi.

 

Dədəm bir də təkrarladı:

 

«Torpağı deyirəm e… ala bilərmi?»

 

Sədr dədəmin əl çəkməyəcəyini görüb könülsüz «yox» dedi. Dədəm tutuldu bir az, tez söhbətinin əvvəlinə qayıtdı:

 

«Camahat da gərəy öz taleyinə biganə qalmasın, vətənin gələcəyi üçün əlindən gələni eləsin» – boğazını arıtladı – «Ölkəmizin gələcəyi, xalqın ağ günə çıxması sizin kimi gözəl irəhbər işçilərdən də asılıdı. Allah sizə də köməy olsun».

 

«Sağ olun, sağ olun. Niyə oturmursuz, əyləşin…»

 

Dədəm «T» şəkilli stolun sol tərəfinə düzülmüş döşəkli stulların birində oturdu. Arıq boynunu irəli uzadıb nəsə demək istədi, ancaq boğazını arıtlamaqla kifayətləndi. Kişinin tərəddüd içində var-gəl etdiyini açıqca hiss edən sovet sədri dodağının altında balaca qımışıb tez ciddiləşdi. Dədəmin nə deyəcəyini və bəlkə daha çox bu «nəyi» necə deyəcəyini səbrlə, həm də böyük maraqla gözləməyə başladı.

 

«Allah ölənlərinizə irəhmət eləsin, rəhmətlik dədəm həmişə deyərdi ki, dağ kişinin atasıdırsa, aran anasıdır. Çətin gündə dağ adamları arana üz tutublar, burda dolanışıq tapıblar. Yoxsa, iraq olsun, arandakılar biz tərəfə qaçqın gəlsəydilər, qarda-boranda çətin ki salamat qalardılar» – duruxdu, sözünün bir balaca yersiz olduğunun fərqinə vardı deyəsən. Belə məqamlarda həmişə misallar gətirir, şeir deyir, şeir deyəndə də həmişə karıxır. Üryəimdə Allaha yalvardım ki, şeirə keçməsin. Çifayda…

 

«Aran doğrudan gözəl torpaqdı. Böyük şairmiz Vaqif də yaxşı deyib:

 

Kür qırağının əcəb seyrəngahı var

 

Ya… Yaş… Yaşılbaş… Yaşıldbaş» - qaşları düyünləndi - «Yaşılbaş…»

 

«Yaşılbaş sonası var bu yerlərin» - sədr düzəliş verdi.

 

«Hə… Hə… Yaşılbaş sonaları da var bu torpağın…» - duruxdu, şeirin düz getmədiyini anladı, ancaq üzə vurmadı – «Doğrudan qızıldı bu topaq. Hərdən uşaqlara deyirəm aclıqdan qorxmuyun, Qarabağ bərəkətli yerdi, bərk ayaqda kövşən yerlərində başaq eləyib çörəyimizi ovcumuzla toplayarıq».

 

Soved sədrinin səsi gərləşdi:

 

«Elə niyə deyirsən, ağsaqqal, ölməmişik ha! Şükür olsun Allahın birliyinə, indi hər hektardan üç-dörd ton taxıl çıxır».

 

Dədəm müticəsinə gülümsündü:

 

«Bizim torpağımız yoxdu də, o mənada deyirəm, yoxsa sizdən bir narazılığım yoxdu ha».

Sovet sədrinin sifətində güclə seziləcək bir təəssüf ifadəsi dolaşdı. Dolaşdı və tez də sovuşub getdi. Söhbət yenidən əvvəlki məcrasına qayıtdı. Sovet sədrinin tüksüz başı, kostyumu, qalstuku, qarşısındakı telefonlar, başının üstündəki bayraq, gerb, bunlar azmış kimi bayaqkı vətənpərvər nitq dədəmin gözünün odunu almış, onu tərksilah eləyib sovet sədrinin hüzurunda əsir gününə salmışdı. Sovet sədri heç nə demir, təbəssümlə qıyılan biləndər gözlərini dədəmə dikib susur və bəlkə də onun bu vəziyyətindən ləzzət alırdı.

 

Nəhayət dədəm utana-utana sözə başladı:

 

«Bilirsiniz də, qabaqdan qış gəlir… Biz də əvvəllər İlyazın evində olurduq… Ev əslində İlyazın deyil, onun qardaşınındı… Qardaşının arvadı isə evi bizə vermişdi… Bilirsiz, onları da qınamıram, camahatın evini əlindən alası döyülük ha…»

 

Sovet sədrinin heyrətdən böyümüş gözləri bu dəfə mənə zilləndi. Sual dolu nəzərlərlə… Onun üz cizgiləri açıqca deyirdi: «Bu kişi nə danışır?»

 

Dədəm bir də boğazını arıtladı. Az keçməmiş bir də daha dərindən arıtladı, boynu ilə yanaşı sinəsini də irəli verib səsinin tonunu dəyişdi:

 

«Özümüzə daxal tikmək istəyirik».

 

Sovet sədri gözlərini məndən çəkib dədəmə zillədi:

 

«Tikin də!»

 

«Bir az ağac-uğac lazımdı, biz olan kənddə ərər ağacları böyümür, torpağın bir-iki metrliyində…»

 

«Tikin də, qoymuruq bəyəm» - sədr dədəmin sözünü kəsdi və əslində onun yenidən mövzudan sapmağına imkan vermədi.

 

«Ağacımız yoxdu də… Dedim bəlkə idarənizin həyətindəki bu ağaclardan birini…» - dədəm həmsöhbətinin tündləşən sifətinə baxıb sözünü yarımçıq kəsdi. Sovet sədri elə bil dədəmin qoltuğundakı baltanı indi gördü. Üz-gözünü turşutdu, səsi dəyişdi:

 

«Bilirsiniz, bu ağaclar kalxozundu. Əslində heç kalxozun da deyil, təbiəti mühafizənindi. »

 

«Bəlkə kolxoz sədriylə görüşdürəsiniz bizi» - Bu dəfə işin düzəlməyəcəyini yəqin edən dədəm onun sözünü kəsdi.

 

«Kalxoz sədri indi burda yoxdu, abeddən sonra gələcək. İdarəsini tanıyırsınız?» - cavab gözləmədən sağ tərəfinə qoyulmuş kiçik stolun tinindəki düyməni basdı, içəri cavan bir oğlan girdi.

 

«Apar bu kişiyə kalxozun idarəsini göstər. »

 

***

 

Nahar vaxtı kalxozun həyətində xeyli hərləndik. Dədəm ərər ağclarına diqqətlə baxır, orta barmağı ilə gövdəsini ehmalca çırtmalayır, elə bil tikili üçün nə dərəcə dözümlü olduğunu yoxlayırdı. Arada gözünün birini yumub başını ağaca yaxınlaşdırır, altdan yuxarı tüfəng lüləsi kimi dümdüz uzanmasına baxıb heyrətlə deyirdi: «Pahatonnan! Bizdə belə ağac hardan idi? Deyəndə ki, Laçın yaşayış yeri deyil, mənə gülürdülər. İmkanın ola, elə buralarda ölüb qalasan».

Kalxoz idarəsinin həyətində nəhəng bir xan çinarı vardı. Dədəm bu ağaca da xeyli tamaşa elədi. Uzun müşahidədən sonra bağı özü salıbmış kimi fəxrlə dedi: «On-on beş evin materialı var bu çinarda. Qol-qanadını da bir qış uzunu yandırmaq olar».

 

Sonra cibindən qatlanmış dəmir metrəni çıxarıb ağacın yoğunluğunu ölçdü. Metrəni gözünə lap yaxınlaşdırıb dırnağının altında sıxdığı rəqəmə diqqətlə baxdı və heyrətlə başını qaldırdı:

 

«Poohooo!!! Altı metir qırx iki santı… Desən heç kim inanmaz».

 

***

 

Kalxoz sədrinin yanına tək girdi dədəm. Bu dəfə baltanı da, kepqasını da mənə verdi. İçəridən çıxanda qaşları yerindəcə biri-birinə düyünlənmişdi. Dinməz-söyləməz kepqasını da, baltanı da məndən alıb kalxoz idarəsinin həyətindən çıxdı. Darvazadan təxminən on addım aralanandan sonra dərindən köks ötürüb dedi: «Gəl gedək, Allah bunnarın da evini yıxsın».

 

***

 

Sənəm arvad bizə gəlmişdi. Dədəmə kənddəki yükləyici traktorla danışıb saman-palçıq yoğurtdurmağı məsləhət gördü. Nə qədər havalar istidi palçıq qıcqırsın, kərpic kəsilsin, sonra puluyla da olsa ağac-uğac tapmaq olar. Günortadan sonra dədəm yükləyici dalınca getdi, mən balaca qardaşımı qarşılamağa çıxdım. O, pambıq sahələrinin yanındakı balaca təpəciklərdə qoyunlarımızı otarırdı.

 

Örüşə tərəf çıxar-çıxmaz tanımadığım bir oğlan mənə yaxınlaşıb dedi ki, qoyunlarınızı tutdular. Harda? Pambıqda. Addımlarımı yeyinlətdim. Həqiqətən də kalxozun pambıq tarlasının yanında, «Mal yeri» deyilən sahədə xeyli adam toplaşmışdı. İki “Jiquli” maşın vardı. Qaçdım. Kolxoz sədri, sahə müvəkkili, pambığın qoruqçusu, yaxında-uzaqda pambıq yığan, su-suvaran adamlar… hamısı burda idi. Qoruqçu qardaşımı tutmuşdu. Qardaşım ağlaya-ağlaya, qışqıra-qışqıra nə qədər dartınırdısa da, onun əlindən çıxa bilmirdi. Məni görüb daha bərkdən hönkürdü. Nə baş verdiyini anlamadan qoruqçunun üstünə cumdum: «Uşağı burax!!!»

 

Qoruqçu: «Pambığı otarmağınız bəs deyil, hələ bir üstümə gəlirsən. Sən öl səni dədənnən bel-belə sarıtdıracam. Budu e, bütün hökumət burdadı. Qoyunlarınızın hamısını aktlaşdırıb ətə göndrəcəm».

 

«Uşağı burax, əclaf!» - qoruqçu ilə yaxalaşdım. Məni tutdular. Bu heynidə qoruqçunun oğlu üstümə qaçdı, sifətimə möhkəm bir yumruq ilişdirdi. Əvvəlcə sol gözümdə yaşıl işıq parıldadı, sonra bütün aləm qaraldı. Qollarımdan yapışmasaydılar yıxılacaqdım. Başıma, gözümə qapaz-yumruqlar dəyir, ancaq o qədər təsir eləmirdi. Ara-sıra tanımadığım səslər eşidirdim: «Kərim, vurma!», «Kərim! Kərim!», «Ə, biriniz onu tutun!», «Buraxın məni, onun anasını ….!»

 

Gözümün altına soyuq suda islanmış əski qoydular. Qardaşım vurulduğumu görəndən sonra səsini kəsdi. Amma gözümü açanda onun xısın-xısın, səssiz ağladığını gördüm. Sahə müvəkkili yaxınlaşıb məni vurana, yəqin Kərim bu idi, bir sillə ilişdirdi: «Əclaf, sən kimsən vətəndaşa əl qaldırırsan!».

 

Kərimin atası polisin qarşısına çıxdı: «Pox yeyib mən dədəsiynən!»

 

Sahə müvəkkili: «Pox yemiyəndə, kanfet tükanı açmışam! Sən öl səni soxacam qoduqluğa».

«Düz elədim, qudurublar bunnar! Babalarının qəbrinə erməni işiyir, gəlib bizim yerimizi-yurdumuzu basdırırlar» - bunu Kərim dedi.

 

«Kəs, küçük!» - Kərimin atası oğlunun ağzının üstünə bir qapaz vurdu. Sonra mənə yanaşdı: «Bala, qələt eləyib. Cavansız, birini sən ona vurdun, birini də o sənə. Sən də gərək mənə əl qaldırmayaydın, yaşlı kişiyəm».

 

Sahə müvəkkili maşına minməzdən əvvəl əlini açıq qapıya söykəyib üzünü camaata tutdu: «Qoyunları aparın kalxozun tövləsinə, aktlaşdırın, nə qədər ziyan dəyibsə ödəsinlər, mən icazə verməyincə heyvanları buraxmayın».

 

***

 

Bir azdan dədəm gəlib çıxdı. Əvvəlcə bizi danladı, kalxozun yerini basdırdığına görə balaca qardaşıma bir sillə vurdu. Qardaşım ağlaya-ağlaya: «Ay dədə, vallah, qoyunları saxlaya bilmədim, qaçıb doluşdular pambığa…» - dedi.

 

Heyvanlarımızı burxmadılar, dedilər «uçaskov» gəlməsə olmayacaq.

 

Dədəm piyada düşdü yolun ağına – Səməd Vurğuna tərəf. Biz olan kəndlə Səməd Vurğun kalxozu eyni sovetlik idi.

 

Sonralar bildik ki, dədəm gecə gedib sovet sədrini tapıb, vəziyyəti danışıb. xahiş edib ki, heyvanlarımızı buraxsınlar, bir də belə qələt eləmərik. O da zəng eləyib sahə müvəkkilinə, sahə müvəkkili gecə gəlib biz olan kəndə, heyvanları açıb buraxıb, amma kişinin boyununa bir toğlu qoyub.

 

***

 

Mən evə girən kimi anam «uyyyy!!!» eləyib əlini üzünə atdı: «Səni kim vurdu?!». Dinmədim.

«A bala, niyə cavab vermirsən?! Kim səni bu günə salıb? Bə instuta necə gedəssən? Vay, evi yıxılan canım!».

 

«Nə olub e…» - mən dedim.

 

«A bala, birisüyün dərslər başdıyır, dayın xəbər göndərib ki, hazırlaşıb rayona gəlsin… Səni kim vurdu belə?!»

 

«Kərim!» - qardaşım dedi - «Hamı üstümüzə tökülmüşdü, dədəm də gəlib məni vurdu».

 

Sonra əhvalatı təfsilatı ilə danışdı. Axırda yenə kövrəldi: «Heç kim sözümüzü demədi, bizi döydülər» - ağladı. Anam onu sakitləşdirmək istədi: «Ağlama bala, burda heç kimimiz yoxdu, kim üstümüzdən gələcək ki? Dədənin başı batsın, bizi eldən-obadan perik salıb bu qərib-qürbət yerə gətirdi».

 

Bacım da qoşuldu qardaşıma. Bu vaxt qoyunların hənirtisi eşidildi, çölə qaçdıq, dədəm heyvanları gətirmişdi.

 

***

 

«Səhər gedəcəm yatağa (qohumlarımız yataqda olurdular) qohum-əqrəbanı tökəcəm bura» - anam dil boğaza qoymurdu – «Mənim uşağım kimin anasına-bacısına sataşıb ki, onu bu günə salıblar».

 

Dədəm:

 

«Ay arvad, bir sakit ol, dalaşıblar da, cavandılar. İki dalaşanın biri döyər, biri döyülər».

 

«Bizim heç kimimiz yoxdu bu kənddə. Sabah qızın böyüyəcək. Yoxdu sənin qeyrətin! Uşaqlarımı da götürüb çıxıb gedəcəm burdan. Sən qalarsan Dəli İlyazın yanında».

 

Dədəm səsinə müdriklik verdi:

 

«A rəhmətliyin qızı, iyirmi qoyunun var, un kisəsinin biri bir qoyun eləyir. Həftəyə də bir kisə un yeyirik. Acınnan ölmək istiyirsən?! Pambığa-alağa getməsək, çörək tapmarıq…»

Bacım mənə yaxınlaşdı, boynumu qucaqlayıb ağladı, gözlərini ovuşduranda əllərinə baxdım, xınası getməmişdi hələ.

 

***

 

«Kənddə bir şofir Zülfüqar var, deyillər yaxşı adamdı, gedək bəlkə ucuz qiymətə bağındakı ağacların birini aldıq» - dədəm yenə də baltanı qoltuğuna vurub hazır dayanmışdı.

 

Kəndin aralığından, mərkəzdəki böyük dükanın qarşısından keçəndə Sonyanın bir dəstə qızla sudan gəldiyini gördüm. Dədəmin arxasında gizləndim ki, üzümü görməsin. Mümkün olmadı, göy gözləri bir anlığa şəklimi çəkib yaddaşına köçürdü. Dodaqları büzmələnib içindən vulkan kimi püskürən gülüşü boğmağa müvəffəq oldu. Ardınca dədəmin iri qaloşlarına, köhnə pencəyinə, dizi süzülmüş şalvarına baxanda bu müvəffəqiyyət pıqqıltıya təslim oldu. Yanındakı qızlar da ona qoşuldular.

 

***

 

«Vallah, ağsaqqal, həyətim sənə qurbandı, amma bu ağacları oğlum üçün əkmişəm ki, evinə material eləsin. Yenə çatmır, bilmirəm neyləyəcəm. İndi taxta çox bahadı, pul çatdırmaq olmur. Yoxsa bir ağac nəmənədi…» - Şofir Zülfüqar söylədi.

 

Dədəm: «Əşi hörmətindən çıxarıq, borclu qalmarıq».

 

«Bıy… Ayıb söhbət eliyirsən, vallah. Sənin pulun mənim nəyimə gərəkdi. Prosdu ağacım yoxdu, yoxsa heç nəsiz verərdim» - Zülfüqar fısıldadı.

 

***

 

Zülfüqargilin kənarı ilə qalın böyürtkən kolları əkilmiş dar yolağında kədərlə addımlayan dədəmin əlacsız görkəminə baxa-baxa qəflətən ağlıma gələn fikirdən sevincək dilləndim:

“Ay dədə, uzun ağacı neyləyirik ki?! İki balaca sallamanı başbaşa gətirib altına haça qoyaq, qurtarsın getsin”.

 

Dədəm addımlarını yeyinlədərək görünüşünə yaraşmayan qətiyyətli səslə dilləndi:

 

“Tövlə tikirsən, yoxsa ev?! Ortasına haça qoyulan daxmaya ancaq qoyun-quzu qatmaq olar”.

Ardınca səbəbsiz yerə üstümə acıqlandı:

 

“İnstuta da girdin, amma ağıllanmadın! Yüz dəfə demişəm ki, qanmadığın sözü danışma!”

 

Rəngimin alacalandığını hiss etdim, ancaq dar yolaqda bizdən başqa heç kəs yox idi deyə çox da alınmadım.

 

*** 

 

Kəndin ortasındakı mağazanın qarşısı tünlük idi. Kərim cavanlarla əyləşib damino oynayırdı. Mağazanın beş addımlığındakı həyətdə yükləyici traktor dayanmşdı. Yükləyicinin çömçəsinin qatlanan yeri darvaza divarından xeyli hündürə qalxır, onu olduğundan daha əzəmətli göstərirdi. Dədəm traktora baxıb dedi: «Bəlkə, gedək, yiyəsiynən danışaq».

 

Darvazanı döydük, içəridən çıxan kişi Kərimin atası idi…

 

Mən də özümü itirdim, o da! Dədəm Kərimin atasını tanımırdı:

 

«Salam!»

 

Kərimin atası qorxa-qorxa:

 

«Salam!»

 

«Kişi, bu traktor sənindi?»

 

«Hə…»

 

«Biz bu kəndə qaşqın gəlmişik, özümüzə daxma tikmək istiyirik, bizə puluynan palçıq qatarsan?».

 

Kərimin atası sevindi:

 

«Niyə eləmirəm, eliyərəm. Gözüm üstə, pul-zad da istəmirəm. Nə vaxt gəlim?».

 

Dədəm təəccüblə mənə baxdı, sonra üzünü Kərimin atasına tutub dedi:

 

«Günü sabah»

 

«Gözüm üstə. Çayırlıqdadı yeriniz?»

 

Dözmədim:

 

«Dədə, gəl gedək, bu mənnən dalaşan oğlanın atasıdı».

 

«Nə!!!» - dədəmi ilan vurdu elə bil - «Sənnən dalaşan?!»

 

Kərimin atası söhbəti yumşaltmaq istədi:

 

«Əşşi elə-belə bir işdi, uşaqlar balaca savaşıblar».

 

Dədəm əlini şişib göm-göy olmuş gözümə uzatdı:

 

«Bu elə-belə işdi, ay Allah evinizi yıxsın!».

 

Kərimin atası qışqırdı:

 

«Əşşi çıx get burdan, üzümə qarğış niyə eliyirsən, yekə kişisən!».

 

Dədəm nəsə deməyə macal tapmamış Kərimin anası da gəldi, səs-küy qopdu, mağazanın qabağındakılar durub bizə yanaşdılar. Kərim əlinə bir ağac alıb dədəmin üstünə süzdü:

 

«Sənin var-yoxunu… Evimə hücum eləmisən, qaçqın koppayoğlu!».

 

Dədəm baltanı başının üstündə fırladıb ona tərəf addımladı.

 

Kərim baltadan qorxub dayandı. Mən fürsət tapıb onu vurmaq istədim. Ağacla özünü qorudu. Ağac əlimin üstünə dəyib «taqqq» elədi, göyüm-göyüm göynədim.

 

Camaat tez araya girdi, Kərimi tutdular. Kərimin anasının səsi bütün səsləri batırdı:

 

«Ə bu küçədə qalmışdara bax e… Necə qudurublar ee… Dayımın qapısında yallandılar-yallandılar, indi də qudurub üstümüzə cumullar!».

 

Yaşlı bir kişi ona təpindi, dədəmin qoluna girib, kənara çəkdi. Hamının eşidə biləcəyi səslə:

«Ağsaqqal kişisən, baltanı əlinə alıb camaatın qapısına hücum eləyirsən…»

 

Bu dəfə camaatın əlində balıq kimi partlayan Kərim qışqırdı:

 

«O ağsaqqaldı ki, Qiyas dayı?! Yalansa onun saqqalını! Oğraşdı o! Sən öl sənin ağsaqqal ağzını….!»

 

Kərimin anası:

 

«Rədd olun bu kənddən. Qəhbə törəməsi! Allah bilir hansı dərədən qovublar sizi. Namussuz köpəyoğlu,  sıçım sənin saqqalına!».

 

Camaat çox idi. Ancaq nə Kərimi sakitləşdirmək olurdu, nə də anasını. Bircə atası sakit idi. Mübahisə yerinə təzə gələn, davanın səbəbini soruşan adamlara deyirdi: «Nə bilim ə… Əlində balta evimə hücum eləyib».

 

Bu sözü eşidən cavan, yaraşıqlı bir oğlan (görünür kəndin say-seçmələrindən idi) mənə yaxınlaşıb yavaş səslə dedi:

 

«Belə şeylərdən ötrü adamın qulağını kəsillər. Get qağanı da götür rədd olun burdan! Yoxsa, o biri gözünü də mən vurub tökəcəm!»

 

Dinmədim. Kərimin atası xısın-xısın davam eləyirdi: «Kənddə bir başıpapaqlı yoxdu də… Hər yoldan ötən gəlib qapımızı kəsdirir».

 

Dədəm bütün peyğəmbərləri, imamları kəndin ortasına töküb Qiyas kişini – kəndin ağsaqqalını inandırmağa çalışırdı ki, biz davaya gəlməmişik, palçıq qarışdırmaq üçün traktor axtarırıq.

Suya gedən, sudan gələn qızlar-qadınlar ayaq saxlayıb kəndin ortasında qopan mərəkəyə tamaşa edirdilər. Qızların arasında Sonya da gözümə dəydi, bu dəfə gülmürdü nədənsə.

 

***

 

Dədəm heyvanı yerbəyer edib evə gəldi, söykəyini atıb çay istədi. Anam kənddə baş verənlərdən qorxmuşdu deyəsən. Odu ki, kişinin bütün dediklərinə anındaca əməl edirdi. Dədəm çaydan bir qurtum alıb qaşlarını oynatmağa başladı. Çay soyuyub buza döndü, yemək təkrar isinib süfrəyə gəldi, dədəmdən cınqır çıxmadı. Qaşlar eləcə «axtarış»ını davam etdirir, bir yerdə qərar tutmurdu. Görünür əmin idi ki, beyninin hansı küncündəsə düşdüyümüz vəziyyətdən çıxış yolu var. Sadəcə bu yolu tapmaq, həyata keçirmək gərəkdir.

 

Nəhayət qaşlar baş-başa gəldi və anındaca dədəmin səsi eşidildi:

 

«Bala, get Sənəm arvadı çağır».

 

***

 

Sənəm arvad tumanını yığıb sobanın yaxınlığında oturdu. Anam çay süzdü. Dədəmlə Sənəm arvadın arasında belə bir söhbət oldu.

 

«Ay Sənəm arvad, sən haqq adamısan, bu Kərimin atası nə təhər adamdı?»

 

«Nə təhəri olacaq, adamdı da…»

 

«Axı onlar niyə belə elədilər, bizim nə günahımız vardı?»

 

«Qudurğandılar, a kişi!»

 

«İlyaznan nə təhəri qouhumdular?»

 

«Kərimin anası İlyazın ögey bacısının qızıdı».

 

«Mehribandılar?»

 

«Külü qoyum onnarın mehriban başına. İt-pişik kimidilər. O ili otuz kilo pambığın üstündə

 

Kərimin anası İlyazı itdən alıb itə vermədimi?»

 

«Bilirsən, Sənəm bacı, biz bu kənddə qəribik, heç kimi tanımırıq. Kəndin acı var, gici var, alkaşı-avarası var. İndi bu adamları tanımaq üçün gündə yaxalaşmalıyıq? Kənddə bir ağsaqqal da yoxdu gedib dərdini deyəsən».

 

«Əşşi onnar ağsaqqal-qarasaqqal sayan döyüllər, özünə əziyyət vermə».

 

«İndi mən neyləyim, bax gör uşağın sifətini nə günə salıblar? Sabah dərsləri başlayacaq, dayısı xəbər göndərib, necə getsin indi? Durum gedim şikayət eləyim, camahatnan üz-göz olum? Böyün o qədər adamın içində mən yaşda adama dişinin dibindən çıxanı dedilər, üstümə dartındılar. Biz də yiyəsiz deyilik, bizim də adamlarımız, qohum-əqrəbamız var».

 

«…»

 

«Bəlkə kalxoz sədrinə şikayət eliyim».

 

«Birin ağına!»

 

«Birin ağı nədi?»

 

«Görməmisən, köpəyoğlunun bir gözünə boz gəlib, kordu. O, adamdı bəyəm, dərdini deyəsən? Pul alıb oğlunun qanını batıran adamnan nə gözdüyürsən?».

 

«Oğlunu öldürüblər sədrin?»

 

«Bıy! Xəbəriniz yoxdu?! Sədrin bacısı oğlu rayonnan qız istiyirdi, vermirdilər. Elçi-elçi üstündən getdi, xeyri olmadı. Onda hələ sədr döyüldü bu oğraş. Bacısına məsləhət görür ki, uşaqlar qızı qaçırsın. Bir gün qız ata-anasıynan bizim kəndə toya gəlir. Bu cavannar da – sədrin oğlu, bacısı oğlu, iki nəfər də dostları, toyda içib keflənillər. Bacısı oğlu sədrin maşınını götürür, çıxıllar yola. Gözləyillər, qızın atasının maşını gələndə yolu kəsillər. Kişi yerə düşəndə görür ki, bunnardı! Tez əlindəki knopkaynan maşının qapısını bağlayıb harasa zəng eləyir. Uşaqlar maşını sındırmağa cürət eləmillər, uzaqlaşıllar. Həmin gecə, yalan olmasın, bəlkə iyirmi qara rəhli maşın gəlib vıyıldaya-vıyıldaya kəndi dörd dolandı, getdi. Hamı sədrin bacısı oğluna dedi, a bala, bunnar kimdisə güclü adamlardı, gəl bu söydadan vaz keç, uşaq dedi, keçmənəm. Arada bir dəfə də sədrin maşınıynan gedib rayonda qızgilin məhəlləsində fırlanıllar. Bu mament o qara maşınnnılar düşüllər uşaqların dalınca, Bərdə yolunda maşını mühasirəyə salıb tutullar.

 

Uşaqların biri kanala tullanıb qaçır, o biri özünü pambıqlığa verir. Sədrin oğluynan bacısı oğlunu tutullar. Tərs kimi həmin gün qızı istiyən oğlannan sədrin oğlu qoftalarını dəyişifmişlər. Adamlar səhv salıb sədrin oğlunu öldürüllər, qanın baisini də lüt soyundurub, otuzdurullar sədrin maşınına, deyillər arxana baxmadan sür, cəhənnəm ol. Bu da qorxusundan maşını necə sürürsə, Hüsülüyə çathaçatda avaryaya düşür.

 

Dedilər sədrin oğlu avaryadan ölüf. Mən özüm meyidi gözlərimnən gördüm. Lomnanmı, almaturnanmı kürəyinə o qədər çırpmışdılar ki! Sinəsini də üç yerdən deşmişdilər. Necə avarya idi ki, bibisi oğlunun heç burnu da qanamamışdı.

 

Dəfinnən iki gün sonra «Birin ağı» bacısı oğlunu urusetə göndərdi, kalan pul alıb oğlunun qanını uddu. Hökuməti də pulnan susdurdular. Onnan sonra parıldadı bu kişi. Tükan aşdı, rayonda ev aldı, kənddə dvares tikdirdi, keçən il də rüşvətini verib gəldi oturdu vəzifədə. İndi qılıncının dalı da kəsir, qabağı da!»

 

«Mən də deyirdim daxal üçün bir-iki ağac istiyim onnan».

 

«Vallah nə bilim, özünüz məsləhət eliyin. İstiyin, bəlkə də verər. Onun əlində bir daxal tikmək nədi ki!»

 

«Bə bu Zülfüqar nə təhər adamdı».

 

«Hansı Zülfüqar? Tıs- tısı deyirsən?»

 

«Şofir…»

 

«Hə… Hə… Odu, odu. Bir dəfə qazəllibiriynən kəndə gəlirmiş, görür ki, yolnan bir təkər yumalanır. Deyir, nə yaxşı oldu. Tez maşını saxlayıb təkəri atır kuzasına. Evə çatanda arvadına deyir, büyün yaxşı bir qazanc eləmişəm: təkər tapmışam. Arvadı baxır ki, öz maşınının dal təkərlərindən biridi, yolda açılıb, yumalanıb, xəbəri olmuyub.

 

Bir dəfə də ova gedifmiş. Güllə atmaq istəyəndə tüfəngi pısıldayır. Barıtı islanıfmış. Görür açılmadı, lüləni ovcuna tutur, qırmalar dığıltıynan əlinin içinə tökülür. O gün axşamacan Zülfüqarın ovu belə keçir. Bütün patronları tısıldıyır, bütün qırmalarını ovcuna töküb cibinə yığır. O vaxtdan adı «Tıs-tıs Zülfüqar» qalıb. Amma pis adam döy».

 

«Səndə söhbətlər varmış…»

 

***

 

«Sədr mənə iki ağac verdi» - dədəm sevindiyindən az qalırdı qanad açıb uçsun. Cəld evdən balta, ip götürüb kalxozun parkına yollandıq. Qarovulçunun göstərdiyi ərər ağaclarını kəsib arıtladıq. Dədəm əvvəlcə addımları ilə, sonra metirlə hər şeyi ölçüb-biçdi, kərənləri lazımı ölçüdə kəsib nizamladı, sonra traktor tutub məhəllə yerinə apardıq. Həmin gün məhəlləmizə ilk lapatkəni vurduq. İşmizin üstünə birinci gəlib çıxan Sonyanın atası oldu. Onun eynən qızı kimi yaraşıqlı çöhrəsi, ağappaq, arxaya daranmış saçları vardı. Dədəmlə görüşən kimi üz-gözünü tökdü: «Adam yer tutanda bir məsləhət eləməz? Mən buranı dörd ildi ki, behləmişəm. Sədr də bilir, camaat da».

 

Hətta lapatkə vurduğumuz yerin üç addımlığında basdırdığı daşı da göstərdi. Dədəm uzun sükutdan sonra ərkyana bir təbəssümlə dedi:

 

«Sənin oğlannarın hələ balacadı. Onnar böyüyənə kimi bundan da yaxşı yerlər tutarsan. Bizim imkanımız yoxdu, qabaqdan qış gəlir, bir daxma yerindən ötəri kənddən çıxmayacam ki!»

 

Sonyanın atası sərtləşdi:

 

«Məni maraqlandırmır. Nə çox yer var, gərək gəlib mənim qapımın ağzında tikiləsən».

 

Dədəm mümkün qədər yumşaq davranmağa çalışdı:

 

«Qapının ağzında niyə? Sənin evin gör hardadı».

 

Sonyanın atası lapatkəni dartıb dədəmin əlindən aldı və kanala tərəf tolazladı.

 

«A kişi, çıx get mənim yerimdən. Sən nə təhər adamsan».

 

Dədəm onun üstünə çəmkindi:

 

«Sən kimsən ki, mənim lapatkəmi kanala atırsan. Sən öləsən, canın çıxsa da gedən döyüləm. İki dünya bir olsa da, mən daxalımı burda tikəcəm».

 

Səsə-küyə Sonyanın əmiləri, əmisi oğlanları gəldi. Başladılar dədəmlə mübahisə eləməyə. Bir azdan qonum-qonşu da yığışdı. Hamı Sonyanın atasının sözünü deyirdi. Dədəm isə bir addım belə geri çəkilmir, bütün gücünü səfərbər edib haqlı olduğunu sübuta yetirmək istəyirdi. Axır ki,

 

Sonyanın atası özünü saxlaya bilməyib qışqırdı:

 

«Kişiliyin çatır get Kərimin cavabını ver. Sənə yazığımız gəlir, a bədbəxt, özümüz xətrinə dəymirik».

 

Dədəm tutuldu, traktordan yenicə düşürdüyü kərənin üstündə oturub fikrə getdi.

 

***

 

Axşam kişi nə çay içdi, nə də bir loxma çörək yedi. Qapqara qaralmışdı. Məni çağırdı, yanında otuzdurub üzümə baxmadan soruşdu:

 

«Kərimi döyə bilərsən?»

 

Çaşdım.

 

«Sən onu döyməsən, bu kənddə qala bilməyəcəyik. Hamı üstümüzə ayaq alacaq, bizi götübarmaqlı edəcəklər. İcazə verirəm, onu tut, ustaddan gəlmə elə! Heç kimdən qorxma, bu da olsun üç-dörd qoyun, polisə verib canımızı qurtararıq».

 

***

 

Kəndin üstündən qapqara buludlar axışırdı. Buludlar çox alçaqdan və sürətlə gedirdi. Ya kənd göyün altından qaçır, ya göy bu kəndin üstündən sürüşüb harasa gedir, ya da buludlar kəndi yerli-dibli – tarlalı, evli, ağaclı, insanlı, heyvanlı süpürüb naməlum bir məkana aparırdı. Dünyanın sonu idi deyəsən – eynən müqəddəs kitablarda deyildiyi kimi… Yerlə-göy biri-birinə qovuşmuş, hər şey başı üstünə çevrilmişdi… Kəsilib səliqə ilə arıtlanmış ərər ağacları havada fırlana-fırlana uçuşur, daxallar ehmalca çökür, xan çinarları nəriltiylə aşır, başı görünməyən göydələnlər altından boğanaq qalxa-qalxa yerin təkinə gömülürdü. Havada şütüyən qırıcılar ürkmüş sərçələrə bənzəyirdi. Axan buludların, sürüşən göyün uğultusuna ildırım gurultusu da qarışdı. Hər gurultudan əvvəl şimşək gecənin köksünü bədheybət bir qüvvə ilə qamçılayır, hər qamçı işıq parıltısı ilə gecənin vahiməsini bir anlıq gözə soxur, təzədən geri alırdı. Qamçının çıxardığı hər işıqla bir tanış mənzərə görünürdü: Kərimin qəzəbli sifəti, dədəmin kepqası, baltası, sovet sədrinin tüksüz başı, sahə müvəkkilinin paqonları, qoyunlarımız, pambıq tarlası, Teylurun arvadının hədələri, hətta Teylura atılan güllənin səsi, Sənəm arvadın danışığı, qardaşımın hönkürtüsü, mağazanın qarşısındakı mərəkə, sifətimə dəyən yumruqlar, Sonya, anam, Kərimin anasının səsi, atasının titrəyən dodaqları, Şofir Zülfüqarın fısıltısı, kolxoz sədrinin bozarmış gözü… Mağazanın qarşısındakı mərəkəyə öz kəndimizin adamları, başqa millətlər, hətta ermənilər, qulağı sırğalı zəncilər də qatılmışdı. Kimin kimlə savaşdığı bəlli deyildi. Qamçının parlatdığı işıqda Sonyanın, bacımın, qardaşımın və anamın sifəti daha çox görünməyə başladı. Basabasda imkan tapıb Sonyanın üzündən öpdüm. Sonya çevrilib bacım oldu. Bacım əvvəl Sonya kimi, sonra özü kimi danışdı, amma danışan Sonya idi. Kərimin anası anamın sifəti, öz səsi ilə dədəmə söydü. Ardınca səsi də dəyişdi, ancaq o yenə anam idi. Kərim qardaşımın sifətində öz yumruqları ilə vurdu məni. Tutmaq istədim, əlim qalxmadı. Kərim qardaşımın sifəti ilə ağlayır, öz yumruqları ilə döyür, dədəmin səsi ilə danışırdı. Getdikcə sifəti də, səsi də özünün oldu - əlim-ayağım işə düşdü. Saçlarından yapışıb qarnını yumruqlamağa başladım. İki qatlandı. Sonra dizimlə ağzına… Başını qaldırdı. Sifəti qanın içində idi. Ancaq qan görünmürdü. Uğultu ilə axan buludlar, kəndin üstündən sürüşən göy Kərimi əlimdən alıb aparmaq istədi, yaxasını buraxmadım. Kərimlə birlikdə mən də buludlarla axır, kəndlə birlikdə göyün altından sürüşürdüm. Təkrar-təkrar Kərimin ağzına yumruqlar vurmağa başladım. Kərim arxası üstə yıxılır, torpaq olmadığından yıxıla bilmir, mən isə döyməkdən yorulurdum. Kərimi bir də yaxalayıb vurmaq istədim - o, qardaşım idi. Ancaq sifəti də səsi də özününküydü. Hətta səsini açıqca eşidirdim də: «Dur, dur, dur». Bilmirdim mənə deyir, yoxsa sürüşən göyə, axan buluda. Kərim «dur» kəlməsini təkrarladıqca səsi dədəmin səsinə çevrildi: «Dur! Dur! Dur!»

 

«…Dur, a bala! Məhəlləyə gedirik».

 

Dədəmin səsi oyatdı məni…

 

***

 

Saman-palçıq yoğurmağa başladıq. Təzə qonşulardan heç kim görünmürdü. Yalnız Sonyanın atası kanalın tilinə qalxıb xəbərdarlıq elədi: «A kişi, havayı əziyyət çəkmə, onsuz da o yeri sənə verməyəcəm».

 

Dədəm dinmədi.

 

***

 

Günortadan sonra mən əlimə ağac alıb qardaşımın yanına – örüşə yollandım. Kənddən xeyli aralananda gördüm ki, böyük kanalın kənarındakı torpaq topalarının üstündə kimsə oturub balıq tutur. Siqaret yandırmaq üçün yaxınlaşdım: «Salam əleyküm».

 

Çevrildi… Kərim idi.

 

***

 

Kərim məni görən kimi ayağa durdu, burun-buruna dayandıq. İkimiz də çaşıb qalmışdıq. O da udqundu, mən də. Boğazımdan xırçıltı səsi gəldi. Açığı ehtiyat edirdim Kərimdən. Onun boyu məndən qısa olsa da, işləməkdən bərkiyib yoğunlamış qolları, güclü pəncəsi, sərt baxışları, ciddi sifəti vardı. Kərim mənimlə dalaşmaq istəməzdi təbii… Çünki o, «öz işini» artıqlaması ilə «görmüş», kim olduğunu bizə «sübut eləmişdi». Qalırdı bizim cavabımız. Həyəcanlıydım: birdən davanı başlayaram, o məni döyər! Bundan sonra adam içinə çıxmaq bir yana, dədəmin gözünə görünməyəydim gərək. Dədəmə görə Kərimə döyülsəm, üzüsulu köçüb getməliydik bu kənddən.

 

«Kərim, məni niyə elə vurdun?» - sözə başladım

 

«Gəl o söhbətə qayıtmayaq. Oldu getdi, səhvimi başa düşdüm».

 

Hirsimi, həyəcanımı mümkün qədər gizləməyə çalışırdım:

 

«Bə camaatın içində söydüyün o söyüşləri hara yazaq? Məni vurmağını bağışladım, amma razı olarsanmı sənə, sənin atana o qədər adamın içində sən söydüyün söyüşləri söyüm?».

 

«Gəl o söhbət qayıtmayaq dəəə… Oldu getdi».

 

«Necə qayıtmayaq. Heç olmasa təklikdə ye o söyüşlərin cavabını».

 

Məni başayaq süzdü. Baxışları əlimdəki ağaca ilişib qaldı. Gözlərindəki qorxunu sezcək ürəkləndim. Amma özünü qorxan kimi göstərmirdi:

 

«Səndən neçə bayram böyüyəm, bir şillə vurmuşam, nə olsun, niyə kin saxlayırsan».

 

Səsimi qaldırdım:

 

«Şilləyə görə yox, söyüşə görə cavabını almalısan».

 

O da səsini qaldırdı:

 

«Sən məni söyə bilməzsən!»

 

«Söyərəm, lap bacını da …!»

 

Qəfil bir addım dala çəkilib bayaqdan əlimdə rahladığım ağacı var gücümlə Kərimin təpəsinə endirdim. Əllərini başına aparıb çökdü, oturacağı yerə gəldi. Barmaqlarının arasından şoralayan qan sifətinə töküldü. İkinci, üçüncü ağacı vurdum, yıxıldı. Yerdə budalamağa başladım. Ağacların zərbi altında ilan kimi qıvrılıb açılan Kərim dəhşətli səslə bağırdı: «Neynirsəəən! Neynirsəəəəəən!!! Ay camahat, qoymuyun, öldürdü məniiiii!!!»

 

Əl saxladım. Kərim ağır-ağır yerindən qalxdı, ağzına-burnuna dolan qanı toz-torpaq qarışıq fınxırıb üstümə cumdu. Qana batan əlləri ilə boğazımdan yapışdı. Biləkləri güclü idi, heç yuxuda gördüyüm adama oxşamırdı. Nəyin bahasına olur-olsun dözməli idim. Gec-tez heydən düşəcəkdi Kərim. Bu qədər qan itirmək havayıdırmı. Amma hələ güc-qüvvəsi yerində idi. Arada dizlərimi yerə gətirdi də! Atdığı yumruqları boynumun və başımın arxası ilə dəf edirdim.

 

Yaxalaşdığımızdan ağac bir kənara düşmüşdü.

 

Az keçməmiş Kərimin əllərinin əsdiyini gördüm. Onu arxaya basıb sifətinə daha bir-iki qapaz vurdum. Kərim məğlubiyyətlə barışa bilmir, hikkəsindən zır-zır ağlayırdı:

 

«Alçaqlar, gör başınıza nə oyun açacağıq. Sən məni vurursan? Sən mənim başımı dağıdırsan? Hı!».

 

«Səni vuraram da, o qəhbə ananı …. də!» - daha qorxum yox idi. Ağacı təkrar əlimə almışdım. Çox o yan-bu yan etsə Kərimi təzədən al qanına qəltan edə bilərdim. Bunu Kərim də hiss edirdi, odur ki, çox dərinə getmədi, «Görərsən, görərsən» - deyib hirsli-hirsli kəndə tərəf addımladı – «Sən hələ məni tanımırsan!».

 

Kərimin kanalın tilindəki şərit bağlanmış qarğısını dizimdə iki bölüb kanala tolazlayanda hiss elədim ki, hirsim hələ soyumayıb. Öfkəm tədricən qəribə bir kövrəklik duyğusu ilə əvəz olundu.

O gün axşamacan kənddən gələn yoldan gözümü çəkə bilmədim. Bir qaraltı görən kimi ürəyim tup-tup döyünürdü.

 

***

 

Qardaşımla heyvanın yanında ikən kənddə nələr baş verib… Bunu sonralar öyrəndim.

Kərimin atası da, anası da oğlanlarını al qanın içində qabaqlarına salıb aparıblar rayon polis şöbəsinə. Kərimi xəstəxanaya yerləşdirib sahə müvəkkilini iki yekəpər serjantla mənim arxamca göndəriblər. Polislər gəlib ki, dədəm saman-palçıq yoğurur.

 

«Oğlun hanı?»

 

Dədəm işi anındaca başa düşüb. Deyib, nə bilim hanı. Tapsanız, deyin gəlib mənə kömək eləsin. Görürsünüz ki, zığ-batdağın içində əlləşirəm.

 

«Oğlunu vermirsən, onda səni aparacağıq».

 

«Elə bu vid-fasonda?».

 

«Otur maşına, çox uzatma!»

 

Bu vaxt xoşbəxtlikdən qohumlardan biri bizdə imiş. Tez-tələsik taksiyə oturub, yataxlara xəbər aparıb. Kərimin bacıları isə daş-qaya ilə biz olan evə – Dəli İlyazın qonşuluğuna hücuma keçiblər. Pəncərələri sındırıb, evin çardağını daşa tutublar. Söyüş-küfür də öz yerində… Anam bacımı qucağına sıxıb ağlayırmış evdə: «Balamı tutacaqlar, instuta gedə bilməyəcək» (Sonralar anamı bu sözə görə lağa qoyub güləcəkdik). Birdən İlyaz çıxıb öz həyətlərindən. Əlində də yaba:

«Ha sizin körpə əmcəyinizi!!! Qızıxmısız, ləçərlər! Bilmirdiniz, söyəni söyəllər, döyəni döyəllər! Lap əcəb eləyib, əlinin içinnən gəlib!»

 

Sən demə Kərimin məni vurması İlyaza yaman dəyibmiş. Necə olmasa, biz onun adını tutub gəlmişdik bu kəndə, bizə münasibət İlyaza münasibət idi. Bacımın ağlamağını görüb lap əsəbiləşib Kərimin bacılarına: «O Teylurun goru haqqı, sizi buralarda tutsam bu yabanın sapını soxacam sizə. Rədd olun, qəhbə törəməsi!».

 

Yataqdakı qohumlar xəbər tutar-tutmaz yığışıb məsləhət eləyiblər. Bir-iki nəfər bizim evə gəlib, qalanları dədəmin arxasınca gedib. Tanış-biliş, dostluq-kirvəlik… rəisi razı salıblar ki, ağsaqqal kişini içəridən çıxarsınlar, barışıq olsun. Polislər alaqaranlıq təcridxanaya yaxınlaşıb qapıları şaqqaşaraq açıblar:

 

«A kişi qalx!»

 

Dədəmdən səs gəlməyib. Əli zopalı serjantlardan biri yaxınlaşıb ki, dədəm palçığı qurumuş əllərini başının altına qoyub ayaqları döşəməyə bərkidilmiş dəmir oturacağın üstündə yatıb.

 

«Qalx, a kişi!»

 

Gözlərini açıb. Əsnəyə-əsnəyə qalxıb oturub.

 

Polis:

 

«Deyəsən yerin rahatdı».

 

«Günün altında o qədər əlləşmişəm ki… Bura çox sərindi, and olsun Allaha çıxmaq istəmirəm».

 

«Qalx, qalx, səni gözləyirlər».

 

***

 

Kərimgilnən barışmağımız uzun çəkdi. Allahtərəfi, kənd camaatı barışıq istəyirdi. Kərimin atasını birtəhər yola gətirdilər, anası ram olmurdu. Axırda razılaşdılar ki, sahə müvəkkilinin «şirinliyindən» başqa Kərimgilə üç qoyun verək. İki erkək də sahə müvəkkili aldı. Dədəmin köhnə borcu da vardı axı…

 

Elə bil hər şey Kərimin döyülməyinə bənd imiş. Kəndin təftiş komissiyasının sədri gəlib dədəmlə görüşdü:

 

«A kişi, sədrimiz məhəllənin şirinliyini istəyir».

 

«Bir toğlu verərəm, dostdarıynan kəsib yeyər».

 

«İki elə» - təftiş dirəşdi - «Bilirsən ki, burdan başqa adamlar da yer istəyir. Camaatın ağzını yummaq olmur. Deyillər, qıraqdan gələnə yer verirsiz, bizə yox».

 

«İndən sonra başımı ağrıdan olmayacaq ki?!»

 

«Olmayacaq» - təftiş əminliklə bildirdi.

 

«Razıyam» - dədəm əlini ona uzatdı.

 

Təftiş dədəmin əlini sıxıb gülümsədi:

 

«Bir toğlu da ağaclar üçün istəyir sədr».

 

«Nə» - dədəm təəccübləndi – «Elə bilirdim ağacları pay verib».

 

Təftiş çürümüş dişlərini göstərdi:

 

«Rəhmətliyin oğlu, biz hansı zamanda yaşayırıq».

 

***

 

Sonralar öyrəndik ki, sədr Sonyanın atasını qəsdən salıbmış üstümüzə. Deyibmiş, qaçqına nə etibar, bir şey verməsə neyləyərik? Sən irəli dur, şirinliyini verməsə yeri əlindən alacağıq. Bu xəbəri də Sənəm arvad verməli idi bizə. Amma biz Sonyanın atasını yaxından tanıyanda Sənəm arvad çoxdan rəhmətə getmişdi. Bəlkə elə o yox idi deyin qonşu olduğumuza baxmayaraq Sonyanın atasını yaxşı tanıya bilməmişdik. Bir də ki, Sənəm arvad sədr barədə nə lazımdırsa demişdi. Sadəcə dədəm qulaqardına vurmuşdu onun sözlərini. Xüsusən ağacları alanda qınamışdı rəhmətlik arvadı. Hətta yarızarafat, yarıciddi demişdi: «Birin ağı pis adam deyilmiş».

 

***

 

Çoxdan dədəmi belə xoşbəxt görməmişdim. Əlləri ilə palçığı taxta qəliblərə doldurur, çılpaq ayağı ilə üstündən basıb bərkidir, sonra qəlibi arxasınca məhəllənin açıq yerinə sürüyüb üzüqoylu çevirirdi. Özü də oxuya-oxuya:

 

Bu qəlbimin sevinci

 

Sənin yadigarındı

 

Mən də sevinirdim:

 

- Ay dədə, sovet sədrinin yanında yaman karıxdın haaa… - zarafatlaşmaq istədim.

 

- Karıxmadım. Şeirin ikinci misrası işimizin ziyanına idi. İstəyirsən deyim:

 

Kür qırağının əcəb seyrəngahı var,

Yaşılbaş sonası hayıf ki, yoxdur.

Ucu tər cığalı siyah tellərin

Hərdən tamaşası hayıf ki, yoxdur

 

***

 

«Dur, ay oğul, evimizə gedirik».

 

Hövlank ayağa durdum. Üzümə bir-iki ovuc su vurub dədəmin dalınca düşdüm. Kəndin aralığında Sonya ilə qarşılaşdıq. Sonya ərkyana bir təbəssümlə bizi süzüb başı ilə dədəmə salam verdi. Ardınca da:

 

«Sabahınız xeyir, dayı» – dedi.

 

Qulaqlarıma inanmadım. O, gülmürdü, o, ciddi idi!

 

«Aqibətin xeyir, bala» – dədəm də təəccübləndi deyəsən.

 

Azca aralanmışdıq ki, mənə baxmadan soruşdu:

 

«Bu qızı tanıyırsan?»

 

«Təzə qonşumuzdu» – uçmağa qanad gəzirdim.

 

Sonyagilin çubuşu yenə darvazanın ağzında idi. Bizə baxdı, səsini çıxarmadı, quyruğunu laqeydcəsinə bulaya-bulaya çəpərin dibinə tərəf yürüdü.

 

Daxalımızın hər şeyi hazır idi, üstünü də örtmüşdük. Bircə qapı-pəncərəsini salmamışdıq. Uzaqdan çox da pis görünmürdü. Çardağını şiferləsəydik evdən seçilməzdi. Pulumuz olmadığından üstünə müşəmbə çəkib nazik torpaq tökmüşdük.

 

Dədəm içəri keçdi. Mən həyətdə Sonyanın qayıtmağını gözlədim. İçəridən dədəmin qışqırığı eşidildi:

 

“Bay sənin evini allah yıxsın! Yıxsın Allah sənin evini!!!”

 

İçəri qaçdım. Sədrin verdiyi ağac ortası qırılacaq həddə əyilmişdi – tavan çökürdü.

 

Dədəm qaşlarını uzun-uzadı oynadandan sonra bu qərara gəldi:

 

«Evin ortasına haça qoymasaq mümkün olmayacaq».

 

LENT

26 Aprel 2017
25 Aprel 2017
24 Aprel 2017
23 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017