Andrey Konçalovski: “Avropa bizə lazım deyil” – MÜSAHİBƏ

Andrey Konçalovski: “Avropa bizə lazım deyil” – <span style="color:red;">MÜSAHİBƏ
27 dekabr 2016
# 16:11

Bir neçə həftə əvvəl rus rejissoru Andrey Konçalovskinin “Cənnət” filmi “xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar”a namizədlərin qısa siyahısına düşdü. İkinci dünya müharibəsi zamanında Müqavimət hərəkatının əslən rus iştirakçısından, fransız kollaborasionistin və alman SS zabitinin taleyindən bəhs edən film sentyabr ayında rejissor işinə görə Venesiya festivalının “Gümüş ayı”sını qazandı.

Kulis.az dünyaca məşhur rus rejissorunun bu günlərdə Rusiya mətbuatına verdiyi müsahibəni ixtisarla təqdim edir.

- “Cənnət” filmi məni dərindən təsirləndirdi. Venesiyada filmi ayaqda alqışlayanları başa düşürəm.

- Təşəkkür edirəm.

- “Cənnət” in yaradılmasında iştirak edən qurumlardan biri də Rusiyanın Mədəniyyət və Turizm Nazirliyidir. Məncə, onlar üçün əla yatırımdır. Hələ heç vaxt təbliğat üçün hədəflənən pullar belə ağılla xərclənməyib: parlaq, Avropasayağı işlənmiş film dünyaya böyük rus ideyalarından danışır. Filmin ilk hədəfi də bu idimi?

- Məncə, sizin fikrinizi eşitmək Mədəniyyət Nazirliyinə bir iltifat olacaq. Mənə belə kateqoriyalarda müzakirələr etmək, hansısa maraqlardan danışmaq çətindir. Bütün hallarda işə başlayanda yaranma prosesində ortaya çıxa biləcək mənalar haqda düşünmək çətindir. Mən düşünmürəm ki, sənət əsəri yaratmağa hansısa maraqlardan çıxış etmək fikrilə başlamaq olar. Sənətkarda özünə yer edən yaratmaq arzusundan başqa. Məgər Siz bəstəkardan soruşursunuz ki, hansı ideyanı demək istəyib, dünyanı nəyə inandırmaq istəyib? Çünki musiqi, elə musiqidir.

- Amma bu, bəstəkara müxtəlif aktual, o cümlədən siyasi məsələlər haqda yaradıcı danışmağa mane olmur... Biz “Cənnət” filmindən danışırıq. Sizin filminiz müxtəlif ölkə və mədəniyyətlər üçün ağrılı olan bir neçə mövzuya toxunur: Xolokost, fransız Müqavimət hərəkatı, bəşəriyyətin xilaskarı və azadlıq verən kimi rusların seçilməsi.

- Sizin dediklərinizin hamısı artıq filmin yekun nəticələridir. Lap başdan belə bir məqsəd qoymaq mümkün deyil. Yaradıcılıq prosesi müəyyən mənada zülmət qaranlıqda cığırı hiss edib, onu tutub getmək kimidir. Qaranlıqdasa filmin mövzusu çox şeyə toxuna bilər. Mövzu nədir? Mövzu nə Xolokostdur, nə fransızın, nə də almanın, nə rus qadının taleyidir. “Cənnət” filminin mövzusu şərin universallığı, cazibədarlığıdır. İdeya əlbəttə ki, daha sadə material detallardan, müxtəlif ipuclarından başlayır. Bütün bunlar müəyyən ideyalar, əhvalatlar və problemlər qarışığı yetişdirir. Biri o birində əriyən qarışıq. Ərimirsə, onda rejissor öz səhvini etiraf edə bilər.

“Cənnət” şərin ambivalentliyi haqda mülahizələrinə görə çox vacib təcrübədir mənim üçün. Bu Xolokost mövzusundan daha başqa bir mövzudur. Şər heç də həmişə monstr obrazında təcəssüm etmir. O, ağıllı, istedadlı, savadlı ola bilər...

- Çexovu sevən biri də...

- Hə, Çexovu da sevən, aristokrat, gözəl, heyrətamiz dərəcədə bütöv biri ola bilər. Mənə onun şərin bulanıq çayına girməsi, axının onu aparması vacibdir. Bu mənada mənə Conatan Littellin “Xeyirxahlar” romanı təsir etdi, o kitab “Cənnət” filminə hazırlaşanda əlimə keçdi. Bu roman məni xüsusilə ruhlandırdı.

- Yəqin həm də “Hanna Arendtin “Şərin banallığı”nı da oxudunuz?

- Yox, onu oxumamışam. Məni bir də Osvensimdə iki il yaşamış Avstriya psixiatrı Viktor Franklın “Həyata “hə” de” kitabı təsirləndirdi. Amma, düzünü desəm, mənim heç vaxt əsərlərimi nəzəriləşdirmək arzum olmayıb. Bir şey var ki, mənim üçün çox vacibdir: Filmin az qala yarısı üç qəhrəmanın tamaşaçı ilə monoloq formasında danışmasından ibarətdir. Filmdə o monoloqlar ən dəyərli şeydir mənim üçün. Əgər o monoloqlar olmasaydı, o film də olmazdı. Nəsə başqa bir şey olardı.

Image result for Кончаловский, Андрей Сергеевич

- Monoloqlar - onların görünüşü, kim tərəfindən və necə deyilməsi rejissor həllidir, ya bunlar hələ ssenari məsələsində bəlli idi?

- Onlar lap əvvəldən var idi. Hərdən ağlıma dəlicəsinə bir ideya gəlirdi ki, filmdə ancaq monoloqları saxlayım. Filmdə ən maraqlı olan bu üç insani varlığın etiraflarıdır. Məlum olur ki, belə də olurmuş.

- Film Fransada göstərilib?

- Yox.

- Aleksandr Sokurovun həmçinin Müqavimət və kalloborasionizm mövzusuna toxunan “Frankofoniya” filminin Fransada prokatda problem yaşadığını bilə-bilə necə bir reaksiya gözləyirsiniz? Axı bəlli oldu ki, fransızlar bu mövzunu yadlarla müzakirə etməyə hazır deyillər.

- Sokurovun filmini, təəssüf ki, görməmişəm. Amma jürinin onun filminə münasibətinə heyfslənirəm. Çox böyük haqsızlıqdır. Əminəm ki, Sokurovun etdiyi hər şey kinematoqrafiya əsəridir. Kinematoqrafiya əsəri deyirəm sizə - Robert Bressonun anlayışındakı kimi.

Fransızlara gəlincə, birincisi, onlarda senzura var. Mən bunu bilirəm, özüm qarşılaşmışam. Bir vaxtlar orada cihadçıya çevrilən ərəb haqqında film çəkməyə cəhd etdim. İdeya sadədir: fransızlarla bir yerdə yaşayıb cihadçı ola bilərsən. Amma orada onu çəkmək olmaz, çünki senzura var. Bir də fransızlara öz keçmişlərini qurdalamaq xoş deyil. De Qollun kolaborasionistlərin işini 60 illiyinə bağlamaq qərarı düzgün qərar idi. Arxivlərindi açılır, onda ki onlar artıq çoxdan ölüblər. Bilirsiniz, de Qoll niyə belə qərar verdi? Çünki başa düşdü ki, cəmiyyəti parçalamaq olmaz. Fransanın yarısı kolaborasionist idi, düzünü desək böyük bir hissəsi.

- Siz gerçəkdən bunu düzgün hesab edirsiniz? Sizin mülahizənizi özünüzə köçürəndə belə çıxır ki, 1991-də SSRİ-nin dağılması zamanı lütrasiya yox idi, bəla kimin şər atması, üzə durması, donos verməsi, kimin güllələməsi haqda həqiqətləri cəmiyyətə açmaq idi?

- İstənilən tarixin, əhvalatın ambivalent mənaları, daha dərin səbəb-nəticə əlaqələri olur, nəinki hansısa şərəfsizlərin harasa seçilməsi. Elə mənim filmim də bu haqdadır.

Qaldı Sov. İKP-nin boşalmasına, bunu uğurlu siyasi həll saymaq olmaz. Unutmaq olmaz ki, kommunist ideyaları xeyli sayda insanın arzularının təcəssümü idi. Bu adamlar səmimiyyətlə bu ideyalara inanırdı. Mən hətta ötən əsrin unudulmuş illərindən birində aşağı partiya təşkilatının katibi haqda film çəkmək istəyirəm. Bunlar normal, təmiz insanlar idilər. Onları əlbəttə, nələrsə təmin etmirdi, amma 1960-cı illər - destalinizasiyadan sonra - onlar üçün yaxşı vaxtlar olmadı. Onlar Xruşşovizm dövründə yaranan məntiqlə heç nə edə bilmirdilər, amma onlar həyatın və idealların çirklənməsini arzulamırdılar. Başqa dövr gəlmişdi, onların inandığı bütün ideyalar kirlənmişdi, bütün günahlar Stalinin üstünə yaxılmışdı, buna cavabdeh olmalı olanlarsa destalinizasiyanı başladanlar idi. Hə, sonra nə oldu? Sonra birdən-birə hamı yaxşı oldu? Daha binaların girişlərini murdarlamadılar ki? Ya pəncərədən zibil tökməməyə başladılar?

Xalqın mentallığı keçmişlə haqq-hesabı çürütmək qərarı ilə dəyişmir. Bunun axırına çıxmaq mümkün deyil. Çindən nümunə götürün. Mao Tsze Dunun kultu heç vaxt devrilmədi, amma ölkə irəliyə gedir.

- Mən Çindən nümunə götürmək və orada yaşamaq istəmirəm. Bəs siz?

- Mən sizə Çində yaşamağı təklif eləmirəm, siyasi problemləri onlar kimi həll etməyi təklif edirəm. Arxaik ölkədə siyasi problemi həll etmək tamam başqadır, nəinki Yuqoslaviyada, ya da Şərqi Avropada.

- Biz arxaik ölkədə yaşayırıq?

- Mənim fikrimcə ölkəmizin böyük bir hissəsi arxaik sistemin dəyərləri ilə yaşayır. Bizim inamımız kommunizmlə bağlıdır, kommunizmsə provaslavlıqla. Və Rusiyada istənilən hakimiyyət, o cümlədən indiki, sosial istiqamətli hökümətdir.

- Nə mənada?

- O mənada ki, o özünü çox işləmək və qazanmaq istəməyən, aza qane olan adamları yedirməyə borclu hiss edir. Adamları öz iradələrinin əksinə gedib bizneslə məşğul olmağa məcbur etmək olmaz. İş onda deyil ki, bu imkan verilmir, iş ondadır ki, rusa bu lazım deyil. Biznes də, azadlıq da bu bədnam çoxluğa lazım deyil. lazım olsa quzu kimi götürərdilər. azadlığı vermirlər, alırlar! Adamlara da azadlıq lazım deyil. Ümid edirəm, siz anlayırsız ki, biz millətdən danışırıq, Sadovoe Koltsonun (Moskvada mərkəzi küçə) hüdudlarındakı vətəndaşlardan danışırıq.

- Məncə, bütün millətin adından qərar vermək xeyli dərəcədə risklidir.

- Qərar vermək çətindir, amma anlamaq vacibdir. Anlamaq lazımdır harada yaşayırıq və hara baxmalıyıq. Biz milli mentallığı anlamadan onu dəyişə bilmərik.

- Bu danışdıqlarınız prezidentliyinin əvvəllərində Avropa dəyərlərindən danışan, Rusiya haqda Avropanın bir parçası kimi bəhs edən , sonra az danışan, indi isə heç danışmayan Putinin ritorikasına bənzəyir.

- Mənim fikrimcə, siz baş verənləri düzgün qəbul etmirsiz. Rusiya həqiqətən də Avropa arealına çıxmaq istədi. Putinin ideyası belə idi. O, ölkədə ən böyük inanılmış avropalıdır. Amma Qərb Rusiyanı itələdi. Çünki biz onlara güclü lazım deyilik, zəif lazımıq, yenidənqurmada olduğu kimi. Dilənçi vəziyyətdə ordusu olan, dizə kimi zibilin içində olan böyük ölkə... Putin də bunu başa düşdü. ordu qurmaq və şərqdə tərəfdaşlar tapmaqdan başqa onun yolu qalmadı.

- Belə dönüş sizə görədir?

- Əvvəl mən qərbçi idim və düşünürdüm ki, Rusiyanın bir yolu var, o da Qərb. İndi əmin oldum ki bizim belə bir yolumuz yoxdur. O istiqamətə gedərkən geri qaldığımıza görə şükürlər olsun. Çünki Avropa fəlakətlə üz-üzədir. Fəlakətin də səbəbi odur ki, insan haqlarını baş küncə qoymaq olmaz. İnsan haqlarına onun vəzifələrinə uyğun olaraq baxılmalıdır. Onlar ənənəvi Avropa, həmçinin xristian dəyərlərindən üz çevirdilər.

- Siz doğrudan Putini avropalı sayırsınız?

- Sizə elə gəlmir? Yəqin siz onun prezidentlik trayektoriyasını analiz edirsiniz. Əlbəttə, avropalıdır, düşüncə tərzinə görə, Avropa həyatı təcrübəsinə görə. Məncə, o, ölkəni idarə etməyə başlayanda müəyyən ideyaları var idi, sonra daxili və xarici təzyiqlər altında şəklini dəyişdi bu ideyalar. O, tamamən dağılmış ölkəyə gəldi, onun idarəçiliyinə çoxlu sayda arxaik insan kütləsi verildi, bu adamlar da dövlətə düşməncə münasibətə köklənmişdilər. Onun səyləri süqutun qarşısını almağa yönəlmişdi, hər şeydən əvvəl. Onun bunu necə bacardığını təsəvvür edə bilmirəm.

Almanca yaxşı danışan, dünya mədəniyyətini bilən Putinin bir qərbçi kimi Rusiyanı Avropaya qaytarmaq illüziyaları var idi. Amma Avropada ona dedilər: “Siz kimsiz axı? Biz sizi gözləmirik”. Münhen çıxışı da Putinin Avropaya münasibətdə ideyalarının böyük məyusluğudur. O anladı ki, vətəndaş cəmiyyətindən xeyli uzaq bir dünyanın o başındadır. Bunlar mürəkkəb məsələlərdir, biz sizinlə Sadovoe Koltsadan görə bilmirik, amma bunu anlamadan ölkəni idarə etmək mümkün deyil.

- Mənim məntiqimlə “Anlamaq”ın arxasında maarifləndirmək arzusu dayanır. burada artıq sual sizədir.

- Maarifləndirmək deyəndə nəyi nəzərdə tutursunuz? Savadlandırmağı? İş orasındadır ki, fikirlər arxaik olaraq qalır. “Kim bizimlə deyil, bizə qarşıdır” hüdudlarında... Ağ və qara bölgüsündə. Ünsiyyət vasitələrinin modernləşməsi ünsiyyətin sürətini dəyişir, səviyyəsini yox. Mənim yekunum sizin ürəyinizcə olmayacaq, biz Avropa deyilik, olmayacağıq, heç bu bizə lazım da deyil.

Image result for Кончаловский, Андрей Сергеевич

- Bunu nə zaman başa düşdünüz? Bu dəyişiklik necə baş verdi: nə vaxtadək, məsələn mənim ruhuma yaxın Konşalovski...

- Mixalkova çevrildi hə?

- Hə. Sağ olun ki özünüz dediniz.

- Siz başınızı ovcunuzda tutub düşünün. 20 ilə siz də dəyişəcəksiniz. Düşünən adamlar tez tez fikirlərini, mövqeyini dəyişirlər. Dəyişməyən ancaq axmaqlardır. Mənə Kenozeradakı həyatım çox təsir etdi. Orda ”Poçtalyon”u çəkdim. (“Poçtalyon Tryapitsinin bəyaza gecələri” – red.) hər şeylə harmoniyada olan insanlarla həyat məni dəyişdi. Onların etdiyinin nə Putinə, nə Poznerə dəxli yoxdu. “Keçmiş günahlara görə əvəz ödəmək lazım deyil”, ümumiyyətlə, bizim bu qarışıq həyatımızdan heç nə onlara toxunmur. Onlar tam bir arxaiklikdə yaşayırlar, onlar öz Şekspir harmoniyaları ilə heyrətamiz bir dünyada yaşayırlar. Hətta bəlkə antik faciədə.

- Bu nədə hiss olunur?

- Onlar heç nəyə can atmır. Onları nə kapitalizmə, nə də xüsusi sahibkarlığa çəkə bilməzsən. Əlbəttə, orada da “imkanlılar” var, amma bu ölkəyə cavabdehlik hiss edən və dinamik burjua sinfi deyil. Burjuaziya burada heç vaxt olmayıb və hələ də yoxdur. Bu isə Rusiya tarixinin problemlərindən biridir - onu adlamaq mümkün deyil.

- Belə çıxır ki, əvvəllər liberal idiniz, sonra xalqın içində oldunuz, oradan tamam başqa adam kimi çıxdınız.

- Özünüzü sadəlövhlüyə vurmayın. Niyə belə sadələşdirək ki? Mən rus kəndində üç film çəkmişəm. Bu ölkədə yaşayıram və, xalqı yaxşı tanıyıram. Aydındır ki, sizdən də yaxşı, heç olmasa sizdən 40 yaş böyüyəm ona görə. Tədricən anladım ki, ölkəni dəyişmək üçün mentaliteti dəyişmək lazımdır. Mentallığı dəyişmək üçünsə xalqın mədəni genləri dəyişmək lazımdır. Mədəni genomu dəyişmək onun tərkib hissələrinə ayırmaq lazımdı , böyük rus filosofları ilə birgə. Yəni, səbəb-nəticə əlaqələrini tapmaq lazmdır. Ki, bu da bizim ölkədə indiyədək öyrənilməyib. Yalnız ondan sonra qərar vermək olar ki, hara getmək lazımdır.

Bütün cəmiyyətin maariflənməsinin insanı dəyişəcəyini düşünməksə sadəlövhlükdür. Məsələn, Rusiya təsəvvüründə biznes oğurluqdur. Sadovskoe Koltsoda elə də aydın görünmür bu. Amma buranın hüdudlarını aşanda insanların başqa dəyərləri var, görürük. Onlar istəyir ki, dövlət onları rahat buraxsın. Bu da o deməkdir ki, onlar vətəndaş yox, əhalidir. Onda hansı vətəndaş təəssübündən danışa bilərik?

- Məncə əhali maariflənərək vətəndaşa çevrilir.

- Hansı sahədə maarifləndirmək istəyirsiz?

- Ən azı öz tarixi məsələlərində. Sov. İKP-nin 20-ci siyezdinin 60 illiyində Stalinə heykəl qoyulur. Sualsa budur: O kim idi? Qanlı diktator idi, ya effektiv menecer - bunlar hələ cəmiyyətin müzakirəsindədir.

- Leninin, Stalinin, hətta imperator Aleksandrın müzakirəsi heç bir məna daşımır. Biz irəli getmək haqda düşünürüksə, rus millətinin mədəni kodunu anlamalıyıq. Ətrafda hər şey fırlanır, dəyişir, amma o min illərdir dəyişmir.

- Bu nə mədəni koddur ki onda?

- Bizim təfəkkürümüz kəndli təfəkkürüdür. Rus insanının dəyərləri burjuaziyayaqədərki dəyərlərdir: “Özünə bir köynək yaxın”, “Dəymə mənə, dəyməyim sənə”, “Seçkilərə getmək nəyə lazımdı ki; getmək lazım gələcək, getməsən gəlib özləri ora qovacaqlar, yoxsa da cəzalandıracaqlar”. Kəndli təfəkkürü cəmiyyətdə iştirak arzusunun olmamasıdır. Ailədən kənarda hər şey ən yaxşı halda laqeydlik yaradır, ən pis halda düşmənçi münasibət. Avropada Burjuaziyanın yaranması Respublikaçı düşüncəsini yaratdı. Rusiyada respublikaçı düşüncəsi iki şəhərdə olub: Pskov və Novqorod. Başqa heç harda. Yeri gəlmişkən bu da yox olub.

Image result for Кончаловский, Андрей Сергеевич

- “Cənnət” filminə qayıdaq. Filmdə “biz ruslarıq, haqq bizimlədir” qeyd-şərtsiz, elmi aksiom kimi deyilir. Siz həqiqətən də düşünürsünüz ki, bu, ölkə daxilində və ya Qərbdə bizim milli ideyamız ola bilər

- Filmdə elə ifadə yoxdur. Qəhrəman insanın təbiətindəki fədakarlıqdan, qurbanvermədən danışır.

Filmdəki təcrübə mənim üçün yenidir. Deyim sizə ki, mənim rejissor kimi yeni bioqrafiyam “Poçtalyon Tryapıtsin”lə başladı. “Cənnət” isə mənim bioqrafiyamda ikinci filmdir. Orada mən özümün kinematoqrafçı və sənətkar kimi rolumu anlamışam.

- Bu necə oldu?

- Kinonun qanunlarını anlamağa cəhd edirəm, hansı ki, hələ kəşf olunmayıb. Kinonun necə çəkilməyini bildiyimiz tamamilə illüziyadır. Sadəlövh 20-ci illərdə Bünüelin axtarışları oldu. Sonra Bünüel dərinləşməyə başladı və formal olaraq mənalar axtarmağı dayandırdı. Mən də indi bu yeni kino dilindən anlamaq istəyirəm, hələ ki ölməmişəm.

- Demək istəyirsiz ki, əvvəl başınız çıxmırdı? İstəmirdiniz, ya ehtiyac yox idi?

- Mən xoşbəxt adamam, o mənada ki, təhsil imkanım olub - musiqi, rəsm, Avropa kateqoriyalarının mədəni kodlarını və film çəkəndə nəzərdə tutduğum hər şeyi anlamaq imkanım olub. Bu mənim oxumağa stimulu az olan gənc nəsildən fərqləndirir. İndi hər şey internetdədi, bütün cavablar. Bu ona görə pisdir ki insan beynini deduksiyadan məhrum edir.

- Sizin də FB səhifəniz var, tez tez yeniləyirsiz.

- Var. Orada əsasən rəssamlıq, mədəniyyət, tarix haqda hekayələr paylaşıram. Çalışıram maraqlı olsun. Amma mənim qonaqlarım daha çox öz nəslimdir, ya da 50-ni adlamış adamlar. Biz yayındıq söhbətdən: Əvvəl etdiklərimdən imtina etməklə kinematoqrafa səs və obraz sənəti kimi baxmağa başladım. Anladım ki, səs və obraz simfoniya üçün əsas xammaldır. Səs və obraz. Başqa heç nə.

- Mossovet teatrında Çexovdan planladığınız trilogiyanı bitirdiniz. Söhbət gəzir ki, bu teatra siz rəhbərlik edəcəksiniz...

- Düşünmürəm. Mən rəhbər deyiləm, amma əlbəttə ki teatrla bağlı planlarım var. Şekspirdən trilogiya etmək istərdim: komediya, faciə, fantaziya. Baxaq necə alınır. Yaxşı sonluq olardı: Çexov, Şekspir. Yox, axı antik müəlliflər də var. Bu mütləq lazımdır. Bu nəhənglərin qarşısında necə miskin olduğumuzu anlamaq üçün bu, mütləq lazımdır. Mən bu hissi sevirəm. Onlar əbədiyyət nəhəngliyini anlamağa yaxınlaşmaq imkanı verir adama...

# 1133 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #