Xalq düşməni kimi güllələnən Xalq artistimiz

Kulis.az İlham Rəhimlinin “Xalqın artistinə xalqın düşməni” damğası adlı yazısını təqdim edir.

 

Romantik aktyor məktəbinin Hüseyn Ərəblinskidən sonrakı ən ləyaqətli davamçısı görkəmli faciə aktyoru, böyük rejissor, cəfakeş teatr xadimi, kino sənətimizin tərəqqisində müstəsna rolu olan Abbasmirzə Şərifzadədir. O, 1891-ci il mart ayının 9-da Şamaxıda doğulub və iki yaşında ikən ailəsi Bakıya köçüb. Atası Mirzə Rəsul (Əbdürrəsul) Şərifzadə müəllim işləyib, anası Fərruxbəyim isə evdar qadın olub. İlk təhsili evdə atasından alan Abbasmirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-türk (rus-tatar) məktəbinə daxil olub. Üç il burada oxuyan Şərifzadə bir ildən sonra üçüncü Aleksandr adına kişi gimnaziyasına qəbul edilib. Ancaq tutulduğu uşaq xəstəliyi ona təhsilini davam etdirməyə imkan verməyib.

 

Böyük qardaşı Qulamrza Şərifzadənin yanında ticari işlərdə məşğulluğa başlayıb, həm də onunla teatr tamaşalarına gedib. Hüseyn Ərəblinskinin oyunu digər həmyaşıdları kimi, Abbasmirzəni də məftun edib. Get-gedə qəlbində aktyorluq sənətinə böyük maraq oyanan gənc 1908-ci ildə Müsəlman dram artistləri dəstəsinin hazırladığı fransız dramaturqu Molyerin «Zorən təbib» komediyasında Lal qız rolunda ilk dəfə səhnəyə çıxıb. Bununla taleyini ömürlük səhnəyə bağlayan Şərifzadə «Nicat», «Səfa» mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor və rejissor kimi fəaliyyət göstərib. Aktyorluğa başladığı ilk illərdə tamaşaların məramnamələrində qardaşı Qulamrzanın adı «Şərifzadə – 1» (Şərifov), onunki isə «Şərifzadə – 2» yazılıb.

 

1917-ci il 18 oktyabrda kifayət qədər şöhrətlənmiş sənətkar Azərbaycan artistlər ittifaqı yaradıb və özü də onun sədri olub. Abbasmirzənin təşəbbüsü və səyi ilə İttifaqda ikiillik aktyorluq kursu yaradılmışdı ki, bu da ilk milli səhnə təhsilimizin qaranquşu sayılır.

 

İttifaqın əsas idarə heyəti «İsmailiyyə» binasında yerləşirdi və onların hazırladıqları tamaşaların əksəriyyəti də məhz orada göstərilirdi. «İsmailiyyə» binası İstiqlaliyyət küçəsində, hazırkı Milli Elmlər Akademiyasının prezidiumunun yerləşdiyi binadır. 1918-ci ilin mart hadisələrində erməni daşnakları Bakını tar-mar edəndə «İsmailiyyə» binasını da yandırdılar və İttifaq dağıldı. Məcburiyyət qarşısında qalan Şərifzadə Bakını tərk edib Volqa çayı boyunca uzunmüddətli qastrola çıxdı. Həmin ilin payızında Bakıya döndü. Bu zaman ittifaqın fəaliyyətini bərpa etdi. Həmin qurum bəzən Bakı türk artistləri ittifaqı adlanlrdl.

 

 

1919-cu ildə «Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti» dram və opera truppasında baş rejissor işlədi. 1920-ci ilin iyununda Bakıdakı bütün teatr dəstələri bir truppada cəmləşərək Birləşmiş Dövlət Teatrosu yaradıldı. Buraya rus, gürcü və digər dillərdə fəaliyyət göstərən, o cümlədən bugünkü Akademik Milli Dram Teatrı daxil idi. Milli teatr 1922-ci ildə ayrılıb müstəqil oldu. 1924-cü ilədək Şərifzadə bir neçə dəfə Akademik teatra baş rejissor təyin edildi.

 

Abbasmirzə Şərifzadə iyirminci illərin sonunda qısa müddət Bakı Türk İşçi Teatrında və kino fabrikində işləsə də, 1928-ci ildə Opera Teatrına baş rejissor təyin olunsa da, onun rejissor, əsasən aktyor yaradıcılığı bilavasitə Milli teatrla bağlıdır. O, Azərbaycan səhnə sənətini başqa məmləkətlərdə tanıtmaqda da böyük işlər görüb. Onun başçılığı ilə aktyorlarımız İranda (1914), Aşqabadda (1917), Hacıtərxanda (1918), Tiflisdə... qastrollarda olublar.

 

Səssiz kino dövründə «Bayquş» filmində Xan roluna, «Əvəz-əvəzə»də epizod personaja çəkilmiş Abbasmirzə Şərifzadə «Bismillah» (1925), «Hacı Qara» (1929), «Məhəbbət oyunu» (1934) bədii və «Azərbaycana səyahət» (1926) sənədli filmlərinə rejissorluq edib. Bakı Teatr Məktəbində aktyor sənətindən dərs deyib. 19 dekabr 1928-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 11 fevral 1936-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

 

Qüdrətli sənətkarın acınacaqlı həyatı olub. Şəxsiyyətə pərəstiş dövrünün repressiyaları onun da taleyindən yan keçməyib. Abbasmirzə Şərifzadənin «xalq düşməni» damğası ilə tutulması haqqında order 3 dekabr 1937-ci ildə imzalanıb. 4 dekabra keçən gecə o, həbs olunub və evində axtarış protokolu tərtib edilib. Şəxsiyyətə pərəstiş dövrünün qurbanı olan sənətkarın güllələnmə ili və günü uzun illər dəqiq bilinmədiyinə görə onun ölümü mart ayından götürülüb. Bəzi mənbələrdə bu tarix 1943-cü ildir.

 

Mən Milli Təhlükəsizlik Nazirliyinin arxivində işləyəndə maraqlı bir sənədlə qarşılaşdım. Qurama «üçlük» məhkəməsi 1938-ci il oktyabr ayının 19-da Abbasmirzə Şərifzadə haqqında xalq düşməni kimi güllələnmə qərarı çıxarıb. O, təxminən bir aya yaxın güllələnmə hökmü ilə zindanda yatıb. Hər qapı açılanda elə bilib ki, onu güllələməyə aparırlar. Nəhayət, Abbasmirzə Rəsul oğlu Şərifzadə 1938-ci il noyabr ayının 16-da axşam saat 10-nun yarısında güllələnib.

 

* * *

 

Abbasmirzə Şərifzadə bir müddət Akademik teatrda işləməklə yanaşı, Rus Operası Teatrı (o vaxt bugünkü Opera və Balet Teatrı belə adlanıb) nəzdindəki «Azərbaycan opera sektoru»nda Üzeyir bəy Hacıbəylini «Leyli və Məcnun», «Əsli və Kərəm», «Şah Abbas və Xurşid banu», «Arşın mal alan», «Məşədi İbad», Zülfüqar Hacıbəylinin «Aşıq Qərib», Müslüm Maqomayevin «Şah İsmayıl» əsərlərinə quruluş verib.

 

 

Abbasmirzə Şərifzadənin operalara səhnə quruluşları verib. Onun rejissorluq fəaliyyəti ansambl bütövlüyünə meyli, kompozisiya tamlığına cəhd, milli koloriti qabartmaq səyi ilə daha çox səciyyələnir.

 

Qüdrətli sənətkar 1919-cu ildə Bakıdakı Mərkəzi fəhlə klubunda, sonralar Fəhlə-Kəndli Türk Dram Dərnəyində həvəskarlar dəstəsinə rəhbərlik etmiş, bir sıra tamaşaların quruluşçu rejissoru olmuşdur. Abbasmirzə Şərifzadənin təşəbbüsü ilə həmin dərnəklərdəki həvəskarların bir çoxu peşəkar aktyorluğa gəlmişlər.

 

SSRİ Xalq artisti Mərziyə Davudova onun həyat yoldaşı olub. Bu ailədə doğulan Firəngiz Şərifova Xalq artistidir və hazırda Gənc Tamaşaçılar Teatrında işləyir.

 

Abbasmirzənin gur, cingiltili və qəltanlı səsi olub. Səsini ən zil nöqtədə və pıçıltılı danışıqda da sərbəst işlədib, ifadə və ləfzi dəqiq, aydın, sərrast idi.

 

Kükrəyib daşan, bir qəlbə sığmayan qızğın ehtirası, bütün tamaşa boyu kökdən düşməyən coşğun temperamenti vardı.

 

Poetik teatrın estetik prinsiplərini, poetika xüsusiyyətlərini öz oyununda yüksək səviyyədə təcəssüm etdirdiyinə görə Şeyx Sənanın, İblisin, Səyavuşun, eləcə də Hüseyn Cavidin digər qəhrəmanlarının ən kamil ifaçılarından sayılır. Yumordan «xəsisliklə» istifadə etsə də, komediya rollarında duzlu, məzəli, baxımlı idi.

 

Xalq oyun-tamaşa, qaravəlli ifadə vasitələrinə üstünlük verməklə məzhəkə janrının estetik göstəricilərinə daha çox əsaslanırdı.

 

Son dərəcə aydın diksiyası, cingiltili səsinin çoxqatlı çalarları, qızğın daxili temperamenti dərin mənası, psixoloji tutmu ilə monumental ifadəlilik kəsb edirdi. Bu vəhdətin poetik hüsnü, ecazkar cazibəsi tamaşaçıları coşqun riqqətə gətirirdi.

 

Romantik aktyordan tələb olunan bütün yaradıcılıq keyfiyyətlərini yüksək peşəkarlıqla mənimsəmişdi və onları səhnədə yaradıcı sənətkar səxavətilə oyununa məsrəf edirdi.

 

Aktyorluq sənətinin elmi-nəzəri əsaslarını yorulmadan öyrənir və əxz etdiyi qənaətləri səhnədə cəsarətlə sınaqdan çıxarırdı.

 

Bəzi məqamlarda qrimdən ifrat dərəcədə istifadə etsə də, oyununda, obrazın xarakterini hərəkətlərdə verməkdə buna, yəni qabarıq qrim tipajlığma bəraət qazandırmağa çalışırdı.

 

«Hamlet», «Otello», «Aydın», «Şeyx Sənan», «İblis» kimi tamaşalarda oynadığı eyni adlı obrazlarla tamaşanın ümumi sürət-ritmi arasında harmonik vəhdət-körpü yaradırdı.

 

Abbasmirzə Şərifzadənin orta səviyyəli, hətta alınmayan zəif rolları da olub. Ancaq aktyor o personajların ifasında da canlı, həyati və səmimi görünüb.

 

Abbasmirzə Şərifzadə milli romantik aktyor məktəbinin ən parlaq simalarından olan sənət dühasıdır.

 

Teatrda milli rejissuranın bərqərar olması uğrunda cəsaratlə mübarizə aparıb.

 

* * *

 

Sovet hakimiyyəti illərində, yəni 1920 – 1937-ci illərdə nəinki Bakıda, eləcə də rayon teatrlarında, Tiflisdəki, İrəvandakı, Ağqabaddakı, Təbrizdəki Azərbayan teatrlarında Abbasmirzə Şərifzadə kimi şöhrət zirvəsinə çatan, Abbasmirzə Şərifzadə kimi sevilən, Abbasmirzə Şərifzadə kimi canlı əfsanəyə çevrilən və eləcə də sənətdə həm say, həm də keyfiyyət baxımından misilsiz uğurlar qazanan ikinci sənətkar olmayıb...

 

Abbasmirzə Şərifzadə kimi canlı əfsanəyə çevrilən aktyor olmayıb. Eləcə də “xalq düşməni” damğası ilə tutulan səhnə ustaları arasında bu canlı əfsanə qədər canlı vəhşilərin əzablarına düçar edilən olmayıb...

 

 

Abbasmirzə Şərifzadə qədər sənətdə həm say, həm də keyfiyyət baxımından misilsiz uğurlar qazanan ikinci sənətkar olmayıb. Eləcə də “xalq düşməni” damağası ilə tutulan səhnə ustaları arasında zirvələrdən endirilib müdhiş zirzəmilər qaranlığında zülm çarmıxına çəkilən olmayıb...

 

“Xalq düşməni” damağası ilə tutulan səhnə ustaları Abbasmirzə Şərifzadənin, Ülvi Rəcəbin, Panfiliya Tanailidinin istintaq materialları ilə tanış olmaq üçün həmin qurumda işləyən xeyirxah insanlar mənə yardımçı olublar, böyük köməkliklər göstəriblər.

 

Həmin sənədlərin içərisindən müəyyən şahid ifadələri, müəyyən “yalançı” üzədurmalar hansısa səbəblərə görəsə çıxarılıb. Bununla belə, saralıb-solmuş, elə görkəmlərindən vahimə yağan həmin qovluqlardakı sənədlərin bir qismini təqdim etmək istəyirəm. Bəzi məqamlara anlayıb dərk elədiyim dərəcədə şərh verməyə çalışacam. Bir sıra tük ürpədən anlardan nəticə çıxarmağı oxucunun öz öhdəsinə buraxacam.

 

Abbasmirzə Şərifzadə 19 dekabr 1928-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 11 fevral 1936-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Xalq artisti alandan düz bir il on bir ay 24 gün sonra “xalq düşməni” saxta ittihamı ilə tutulub.

 

3 noyabr 1937-ci il. Cəfər Cababrlının “1905-ci ildə” dramı Ədil İsgəndərovun rejissorluğunda yeni quruluşda tamaşaya qoyulub. Əsərin qəhrəmanı bolşevik Eyvaz rolunu Abbasmirzə Şərifzadə ifa edib. Düz bir ay bir gün sonra bolşeviklər onu həbs ediblər.

 

3 dekabr 1937-ci il. Abbasmirzə Şərifzadə Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərinin məşqindən evə gəlib... Bu onun son məşqi... eləcə də teatrın binasından son çıxışı idi... Təxminən altı saat sonra, gecə saat ikiyə işləmiş Qurtulmuş Azərbaycan küçəsi 115 (el arasında Çadrovu deyilib) ünvanda yerləşən evinin qapısı onu həbs etməyə gələnlər tərəfindən döyülüb...

 

(Həmin küçə sonralar o evə tez-tez gələn, Abbasmirzənin və ailəsinin sevimlisi, SSRİ xalq artisti Mirzağa Əliyevin adını daşıdı... O küçə və Abbasmirzə Şərifzadənin yaşadığı ev 2016-cı ilin yayında yerlə yeksan edildi.)

 

Həmin müdhiş gecədə Abbasmirzə Şərifzadəyə 3240 nömrəli order göstərilib (order rus dilində yazılıb).

 

“Order № 3240. Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsliyi İdarəsi.

 

Q.B.Kojevnikovun adına. Vətəndaş Abbasmirzə Mirzə Rəsul oğlu Şərifzadənin evində axtarış aparmaq sizə həvalə olunur.

 

3 dekabr 1937-ci il.”

 

Bu orderə əsasən əvvəlcə evdə axtarış aparılıb və sonra protokol tərtib edilib.

 

 

Protokolda yazılıb:

 

“Axtarışda iştirak etdilər:

 

1. Abbasmirzə Əbdülrəsul oğlu Şərifzadə.

 

2. Sara Heydər qızı Şərifova (aktyorun həyat yoldaşıdır – İ.R.).

 

3. İbrahim Xanlarov (çox güman ki, qonşudur, şahid sifəti ilə çağırılıb – İ.R.).

 

Axtarış zamanı evdən götürüldü:

 

1. Abbasmirzə Əbdülrəsul oğlu Şərifzadənin pasportu. № 000956.

 

2. Teatr kitabçası. 2 ədəd (çox güman ki, bunlar Abbasmirzə Şərifzadənin yeni əsərlərdəki rol kitabçalarıdır – İ.R.).

 

3. Teatr vərəqəsi. 2 ədəd.

 

4. Abbasmirzə Şərifzadəyə aid  fotoalbom.

 

5. Yubiley nişanı. 1 ədəd.

 

6. Müxtəlif qeydli dəftərlər. 30 ədəd.

 

7. Teatr vəsiqəsi. № 49.

 

8. Müxtəlif bloknotlar. 7 ədəd.

 

9. Müxtəlif çertyoj və sxemlər (Abbasmirzə Şərifzadənin vaxtilə rejissoru olduğu tamaşaların səhnə tərtibatı, mizanlar barədə qeydlər – İ.R.).

 

10. Müxtəlif şəxsi zapiskalar. 22 vərəq.

 

11. Müxtəlif kitablar. 3 ədəd.

 

12. Yubiley adresləri. 6 ədəd.

 

13. Müxtəlif kitablar. 6 ədəd.

                                          4 dekabr 1937-ci il.”

 

Abbasmirzə Şərifzadənin həbsi barədə sanksiya 3 dekabr 1937-ci ildə verilib. Snksiyaya 1-ci ranq hərbi prokuror Axverdov imza atıb. İcraçılar operativ əməliyyat müvəkkili, XDİK Dövlət Təhlükəsizliyi İdarəsinin dövlət təhlükəsizliyi leytenantı Kovrıjenk və həmin idarənin 3-cü şöbəsinin rəisi, baş leytenat Borisov təyin olunublar.

 

Evdə axtarış aparılan aktın və ittihamnamə sənədinin aşağısında Şərifzadə əllə yazıb: “Bu qərar mənə elan olundu. 4 dekabr 1937”. Onun qarşısında imza atıb. Həyəcanlanan və möhkəm sarsılan sənətkarın xətti nizamsızdır, 4 rəqəmi və bəzi həriflər xəttdən aşağı düşüb, həm də çox əyri-üyrü yazılıb...

 

İstintaq sənədləri arasında məhbusun 2859/1017 nömrəli anketi var. Anket aşağıdakı şəkildə Şərifzadə həbs olunan gün doldurulub.

 

Ad, familya, atasının adı: Şərifov Abbasmirzə Mirzə Rəsul oğlu.

 

Doğulduğu il və yer: 1891-ci il, Şamaxı şəhəri.

 

Ünvan: Bakı, Qurtulmuş Azərbaycan küçəsi (keçmiş Çadrovı – İ.R.), 115.

 

Sənəti və ixtisası: artist.

 

İşlədiyi yer və vəzifəsi: Azərbaycan Dövlət Dram Teatrı, artist.

 

Pasport: 5 illik, BŞM, 7-ci şöbə.

 

İctimai mənsubiyyəti: qulluqçu.

 

a) İnqilabdan əvvəl: aktyor işləyib.

 

b) İnqilabdan sonra: aktyor işləyib.

 

Təhsili: orta.

 

Partiyalılığı: tərəfsiz.

 

Milliyyəti: Azərbaycanlı.

 

Ailə üzvləri: arvadım Sara, 25 yaş. Oğlum Ərtürk, 14 yaş. Oğlum Qaratay, 12 yaş. Qızım Firəngiz, 13 yaş. Anam Mina, 70 yaş.

 

Qeyd edim ki, istintaq materiallarında Abbasmirzənin soyadı Şərifzadə deyil, Şərifov, atasının adı Əbülrəsul yox, Mirzə Rəsul kimi verilib.                         

 

 

Onun haqqında toplanan sənədlərin qovluğunun nömrəsi: 22134. Arxiv nömrəsi: 16641.

 

“Başlanıb: 4 dekabr 1937-ci il.

 

Başa çatdırılıb: 29 mart 1938-ci il”.

 

İlk ittiham budur:

 

“Əldə olunan məlumata görə Şərifov Abbasmirzə Mirzə Rəsul oğlunun xarici dövlətlərdən birinin xeyrinə casusluq etməsi ifşa olunub.

 

İfşa olunması ilə bağlı Şərifov Abbasmirzə Mirzə Rəsul oğlu XDİK (Xalq Daxili İşlər Komissarlığı – İ.R.) DTİ (Dövlət Təhlükəsizliyi İdarəsi – İ.R.) 8-ci bölməsinin və Xüsusi İşlər Prokurorluğunun qərarına əsasən Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə məsuliyyətə cəlb olunur.

 

Azərbaycan SSR XDİK DTİ 3-cü şöbəsinin rəis müavini, dövlət təhlükəsizliyi baş leytenantı Q.B.Borisov”.

 

9 yanvar 1938-ci ildə Azərbaycan SSR XDİK DTİ 3-cü şöbənin 2-ci bölməsinin işçisi, dövlət təhlükəsizliyi leytenantı B.A.May istintaq materiallarına baxıb və aşağıdakı qərarı çıxarıb.

 

“Şərifov Abbasmirzə Mirzə Rəsul oğlu Azərbaycan ərazisində mövcud olmuş, 1937-ci ildə ifşa edilmiş nüsavat təşkilatı ilə əlaqəlidir. Qərara gəldim: Şərifov Abbasmirzə Mirzə Rəsul oğluna aid olan 6453 nömrəli iş, axtarış zamanı əldə edilən sənədlər sonrakı icraat üçün Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizliyi İdarəsinin 8-ci şöbəsindən keşməklə 4-cü şöbəyə verilsin”.

 

Sənədi B.A.May və Xalq Daxili İşlər Komissarının müavini, mayor Borşov imzalayıbıar. Bundan sonra aşağıdakı qərar yazılıb.

 

“Mən, XDİK DTİ-nin 4-cü şöbəsinin 2-ci bölməsinin cavabdeh işçisi Şərifov Abbasmirzə Mirzə Rəsul oğlunun 6453 nömrəli ittihamnaməsi ilə (Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci bəndi ilə) tanış oldum. Aydınlaşdırdım: Müttəhim Şərifov Abbasmirzə Mirzə Rəsul oğlu, əldə olunan materiallardan göründüyü kimi, millətçi-burjua təşkilatının üzvü olub. Buna əsasən qərara alıram: İttiham olunan Şərifov Abbasmirzə Mirzə Rəsul oğlunun işi XDİK-nin nəzarətində olan, DTİ-nin və prokurorluğun apardığı böyük dəstənin 10497 nömrəli cinayət işi ilə əlaqəli araşdırılsın.

 

6453 nömrəli cinayət işinin sənədləri Azərbaycan SSR XDİK DTİ-nin 8-ci şöbəsinə göndərilsin.

 

DTİ-nin 4-cü şöbəsinin 2-ci bölməsinin operativ əməliyyat müvəkkili Petruşin.

 

DTİ-nin 4-cü şöbəsinin 2 bölməsinin kiçik leytenantı Q.B.Mustafayev. 8 fevral 1938-ci il”.

 

Göründüyü kimi sənədlərdə hansısa cinayətlə bağlı heç bir fakt, sənəd yoxdur. İttihamnamə və çıxarılan qərarlar da savadsız, səriştəsiz tərtib olunması ilə gülməli təsir bağışlayır. Zavallı sənətkarı “zorla” qurama olan “qrup cinayət işinə” bağlayırlar. Həmin sənədi onun sol tərfdən yuxarı hissəsində “təsdiq edirəm” sözlərini yazmaqla baş leytenant B.Atakişiyev imzalayıb. Burada da tarix 8 fevral 1938-ci il göstərilib.

 

Səkkiz gün sonra başqa bir qərar çıxarılıb.

 

“Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizliyi İdarəsi, 4-cü bölmə, dövlət təhlükəsizliyi Kapitanı Q.B.Reznikov. 16 fevral 1938-ci il. Təqdim olunan ittihamla bağlı çıxarılan qərar. Bakı, 1938-ci il, 16 fevral.

 

Mən, operativ əməliyyat müvəkkili (XDİK 4-cü şöbə, 2-ci bölmə) N.Petruşin 10497 nömrəli cinayət işi ilə tanış oldum. Nəzərinizə çatdırım ki, Şərifov Abbasmirzə Mirzə Rəsul oğlunun millətçi burjua təşkilatının üzvü olması kifayət qədər ifşa edildi.

 

Buna görə Şərifov Abbasmirzə Mirzə Rsul oğlu əlavə olaraq həm də Azərbaycan SSR cinayət məcəlləsinin 73-cü maddəsi ilə mühakimə edilsin (bu maddə “Sovrt hökuməti əleyhinə tbliğat”dır – İ.R.).

 

İmza: Dövlət Təhlükəsizliyi İdarəsi, 4-cü şöbənin 2-ci bölməsinin əməkdaşı Petruşin.

 

Razıyam. Dövlət Təhlükəsizliyi İdarəsi, 4-cü şöbənin 6-cı bölməsinin dövlət təhlükəsizliyi kiçik leytenantı Mustafayev”.

 

Səkkiz ay üç gün sonra el arasında “troyka” deyilən üçülk təyin edilib. Onların işi müzakirə etmələri 7 dəqiqə çəkib. Müsibətə bax, qüdrətli sənətkarın taleyini (eləcə də Cavid, Müşfiq, Əhməd Cavad, Seyid Hüseyn və digər bu kimi dühaları) üç nadürüst həll edir... Üçlüyün atüstü “müzakirəsindən” sonra protokol tərtib olunub.

 

“Protokoldan çıxarış. Azərbaycan SSR XDİK üçlüyünün iclası. 19 oktyabr 1938-ci il.

 

Eşidildi: Şərifov Abbasmirzə Mirzə Rəsul oğlunun, bitərəf, 10497 nömrəli cinayət işi barədə.

 

Qərara alındı: Şərifov Abbasmirzə Mirzə Rəsul oğlu, 1891-ci il təvəllüdlü, cəsusluq fəaliyyətinə görə güllələnsin. Əmlakı müsadirə edilsin”.

 

Protokolu imzalayıb və möhürlə təsdiqləyib: “XDİK Dövlət Təhlükəsizliyi İdarəsi 1-ci xüsusi şöbənin dövlət təhlükəsizliyi leytenantı Savçenko”.

 

Üçlüyün adları və soyadları yazılmayıb.

 

1938-ci il 16 noyabrda 22134/10497 istintaq işinin icrası barədə 30 nömrəli akt tərtib olunub. Aktda göstərilir: “Xalq Daxili İşlər Komissarlığının xüsusi “üçlüyünün” 10 oktyabr 1938-ci il tarixli qərarına əsasən 1891-ci il təvəllüdlü Şərifov Abbasmirzə Mirzə Rəsul oğlunun güllələnməsi 16 noyabr 1938-ci ildə, saat 9-30-da icra olundu. Dövlət Təhlükəsizliyi İdarəsinin daxili türmə rəisi, Dövlət Təhlükəsizliyi İdarəsi xüsusi şöbəsinin rəisi”.

 

Akta imza atılıb, lakin ad və soyad yazılmayıb...

 

Cinayəti törədənin özünü gizlətməyi onun şəxsi şərəfsizliyidir...

 

Abbasmirzə Şərifzadənin məzarının yoxluğu isə o dövrün siyasi mühitinin cinayətidir...

 

* **

 

Abbasmirzə Şərifzadəyə amansız işgəncə verə-verə bu sözləri yazmağa məcbur ediblər: “Mən Romeo, Mirzə Səməndər və Eyvaz rollarını uğursuz oynadım ki, antisovet olduğumu göstərm”. Mən istintaq aparan rəzillərin bu sözləri yazdırmaqda məqsədlərini heç cür başa düşə bilmirəm...

 

İstintaqın bu qənaətə gəlməsi də absurddur: “Abbasmirzə Şərifzadə İranın Gəncədəki konsulu Mövsüm xan (1932-ci ildə) və Azərbaycan Dövlət Dram Teatrının direktoru Əli Kərimov (o, 13 oktyabr 1937-ci ildə güllələnib) tərəfindən casusluğa səfərbər olunub”.

 

Həyasızcasına Abbasmirzə Şərifzadənin üzünə duranlar Ərşad Həsənoğlunun və Əli Həsən Abbas oğlunun kimlikləri bilinmir.

 

“Abbasmirzə Şərifzadənin İranın “Təminat” gizli polisi ilə əlaqəsi olub” söyləyən Qulammirzə Bağırzadənin də kimliyi istintaq sənədlərində göstərilməyib.

 

Teatr işçilərindən aktyorun üzünə yalandan duranların ifadələrinin əsas hissələri istintaq işindən çıxarılıb... Ancaq vaxtilə Barat Şəkinskaya, İsmayıl Osmanlı, Şəmsi Bədəlbəyli, Ağasadıq Gəraybəylı ilə söhbətlərimdən yadımda qalıb ki, həmin rəzillərdən biri “təsadüfən” truppaya daxil olan, az müddət teatrda işləyən və qəflətən “yoxa çıxan”  Əbülhəsən Kamalov idi. O, teatrın 1937-ci ilin sentyabrında keçirilən “xalq düşmənlərini ifşa edək” ümumi iclasında həyəsızcasına Ülvi Rəcəbin və Panfiliya Tanailidinin də üzünə durub...

 

İndi də Abbasmirzə Şərifzadə ilə müxtəlif vaxtlarda aparılan istintaq sorğularından müəyyən məqamları nəzərinizə şatdırmaq istəyirəm. İstintaq tərcüməçi ilə aparılıb və protokollar Azərbaycan dilində tərtib edilib. Görünür ki, əcnəbi millətdən olan müstəntiqlərin yanında azərbaycanlı “mirzələr” də varmış.

 

“Sual: – Qohumlarınızdan xaricdə kim var?

 

Cavab: – Qardaşım Qulamrza Şərifov Tehrandadır. O, 1921-ci ilin sonunda emiqrasiya edib. Müsavatın fəal üzvü olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra, 1920-ci il mayın ortalarında Azərbaycan ÇK-sı (Föfqəladə Komissarlq – İ.R.) tərəfindən tutulub. Buraxılandan sonra xaricə qaçıb və o vaxtdan bəri İrandadır. Arvadı, qızı və oğlu da onunla qaçıblar.

 

Sual: – Bu illərdə qardaşınla sənin aranda əlaqə olubmu?

 

Cavab: – Onunla heç bir əlaqəm olmayıb. Ancaq 1932-ci ildə (Abbasmirzə Şərifzadə Gəncədə işləməyə 1933-cü ilin 4 yanvarında gedib – İ.R.) mən Kirovabadda işləyəndə qardaşım oğlu teatra, mənim adıma Konstantinopoldan məktub göndərib. Bu məktubda o, mənim aktyor yaradıcılığımdakı qələbələr haqqında xarici jurnallarda oxuduğunu yazır, mənim uğurlarıma sevindiyini səmimiyyətlə bildirirdi. Həm də yazırdı ki, nənəmə ehtiramımı çatdır. Mən bu məktubu cavabsız qoydum.

 

 

Sual: – Siz hansı xarici ölkədə və nə vaxt olmusunuz?

 

Cavab: – 1914-cü ildə İranın Ənzəli, Rəşt, Tehran şəhərlərində olmuşam. Artist kimi orada 7 ay qastrolda olmuşam və 1914-cü ilin sentyabrında qayıtmışam Bakiya.

 

Sual: – Son illər siz Azərbaycan SSR-də konsulluqlara getmisinizmi?

 

Cavab: – 1932-ci ildə (1933 – İ.R.) Gəncədə olanda iki və ya üç dəfə İran konsulluğunda olmuşam. Onda konsul Vəfa idi. O, demək olar, hər axşam bizim teatra gəlir, tamaşalara baxır, sonra da aktyorları evinə dəvət edirdi. O cümlədən mən də onun evində olmuşam.

 

Sual: – Vəfa Bakıya gələndə siz onunla görüşmüsünüzmü?

 

Cavab: – Bir dəfə onunla küçədə rastlaşdıq və ancaq salamlaşmaq imkanımız oldu. İkinci dəfə o mənə telefonla zəng vurdu, bildirdi ki, qonaqları cəm olurlar və mənim də gəlməyimi xahiş etdi. İmtina etdim və bir daha onu görmədim. Konsul işçilərindən də bir kimsəni tanımıram.

 

Sual: – Bakıdakı türk konsulluğu ilə hansı əlaqən olub?

 

Cavab: – Nə əvvəllər, nə də indi onlardan heç kimi tanımıram.

 

Sual: – Xalq düşməni kimi ifşa edilənlərdən kiminlə yaxın ünsiyyətiniz olub?

 

Cavab: – Düzdür, onlardan bəzilərini tanıyırdım, ancaq heç biri ilə yaxınlığım olmayıb.

 

Sual: – Əliheydər Qarayevlə hansı əlaqələriniz olub?

 

Cavab: – Mən onu müsavat hakimiyyəti illərindən tanıyırdım, çünki bizə yaxınlıqda yaşayırdı. 1921, 1922, 1923-cü illərdə mən Əliheydər Qarayevlə Quba, Tovuz və digər rayonlarda olmuşam, qastrol tamaşaları göstərmişəm. 1923-cü ildən sonra nə ictimaiyyət arasında, nə də digər yerlərdə görüşməmişəm”.

 

Bu sorğu-sual Abbasmirzə Şərifzadə tutulandan üç gün sonra aparılıb. Ancaq burada maraqlı məqam var. Şərifzadənin istintaq sənədlərinin arasında Ruhulla Axundovun 27 iyul 1937-ci ildə (12493 nömrəli istintaq işi üzrə) verdiyi ifadədən çıxarış var. “Qosplana işə keçəndə mən antisovet təşkilata səfərbər etdim: Salman Mümtazı, Xuluflunu, Zeynallını.

 

Mikayıl Hüseynov səfərbər etdi: Həsən bəy Balabəyovu, Əhməd Triniçi, rəssamlar Xalıqovu (Qəzənfər Xalıqov – İ.R.) və Mustafayevi (Rüstəm Mustafayevi – İ.R.), artist Ülvi Rəcəbi, Rza Darablını, Hacıağa Abbasovu. Mən Əli Kərimovu (teatrın direktoru – İ.R.), Abbasmirzə Şərifzadənin və Mirzağa Əliyevi...”.

 

Araşdırdığım sənədlərin arasında Ruhulla Axundovun 11 oktyabr 1937-ci ildə aparılan istintaq sorğusundan da çıxarış var.

 

“...Sual: – Sizin millətçi təşkilatın üzvü olan, Sovet hökumətinə qarşı fəal mübarizə aparan müsavatçıların adını çəkin.

 

Cavab: Müsavatçı antisovet təşkilatın əsas rəhbərləri bunlar idi: Dövlət dumasının üzvü Məmmədyusif Cəfərov, yazıçılar İttifaqından Hüseyn Sadıq, məşhur pantürkist şair Hüseyn Cavid, bəstəkar Üzeyir Hacıbəyov, xalq artistləri Mirzağa Əliyev, Abbasmirzə Şərifzadə...”

 

Bu ifadələrdən belə nəticə çıxır ki, deməli, Abbasmirzə Şərifzadənin həbsi üçün 4-5 ay əvvəl hazırlıq görülüb.

 

17 noyabr 1937-ci ildə aparılan istintaq sorğusu qısa olub.

 

Sual: – Siz Azərbaycan SSR cinayət məcəlləsinin 67-ci bəndi ilə ittiham edilirsiniz. Bu ittihamla özünüzü günahkar sayırsınızmı?

 

Cavab: – Mən özümü yalnız Gəncədə olanda İran konsulluğuna getməkdə, konsul Vəfa ilə görüşməkdə günahkar sayıram. Ayrı heç nə deyə bilmərəm.

 

Sual: – Sizə ikinci dəfə sual verilir: İfşa olunmuş xalq düşmənlərindən kiminlə yaxın münasibətdə olmusunuz?

 

Cavab: – Onlardan heç kiminlə yaxın əlaqəm olmayıb.

 

Sual: – Müsavat hakimiyyətdə olanda onlarla yaxınlıq etmisinizmi?

 

Cavab: – Xeyir! Mən müsavat partiyasının üzvü olmamışam. Nə də onlarla fikir mübadiləsi etməmişəm. Ümumiyyətlə mən teatrdan başqa bir şey tanımamışam.

 

Sual: – Azərbaycan Sovet Hakimiyyəti qurulandan bu günə qədər sizdə millətçiliyə meyl olubmu?

 

Cavab: – Yox, heç vaxt.

 

Sual: – İstintaq tələb edir ki, bütün siyasi fəaliyyətiniz barədə həqiqəti olduğu kimi söyləyəsiniz.

 

Cavab: – Mən bütün varlığımla Sovet Hökumətinin tərəfindəyəm və kommunist partiyasının tərəfindəyəm.  Onların tapşırığı mənim üçün qanundur”.

 

 

Burada istintaq sona çatıb. Açıq-aydın görünür ki, istintaqın əlində Abbasmirzə Şərifzadəni ittiham edə biləcək heç bir fakt yoxdur.

 

25 dekabr 1937-ci ildə aparılan istintaqdan fraqment.

 

Sual: – Son illər müsavatçılardan, pantürkistlərdən kiminlə yaxınlıq əlaqəniz olub?

 

Cavab: – Müsavatşı və pantürkistlərdən heç kimlə yaxın münasibətim olmayıb. Hüseyn Cavidi, Müşfiqi, Əhməd Cavadı, Seyid Hüseyn Sadıqovu işlə bağlı tanıyıram.

 

Sual: – İşdə yox, şəxsi həyatda onlarla görüşmüsünüzmü?

 

Cavab: – Cavidlə görüşlərimiz olub, onlarla yox...

 

Sual: – Bununla məsələ bitmir. Sizin aranızda hansı millətçi söhbətlər olub?

 

Cavab: – Bu mövzuda onlarla heç vaxt söhbətlərimiz olmayıb.

 

Sual: – Bilə-bilə ki, adları çəkilən şəxslər millətçidirlər, bəs nəyə görə onların əsərlərində belə şöhrət qazanırsınız?

 

Cavab: – Mən teatrda işləyirdim, hansı rolu həvalə edirdilərsə, onu da oynayırdım.

 

Sual: – Digər cavablarınızda olduğu kim, bu sualı cavabda da səmimi deyilsiniz. Siz teatrda ən qabaqcıl aktyor olmağınızdan istifadə edərək, burjua, antisovet yazıçılardan Cavidin, Əhməd Cavadın, Müşfiqin əsərlərinin pantürkist ideyalarının tərənnümçüsü olmusunuz. Nə üçün sizin teatr və eləcə də radio, konsert repertuarınız məhz Caviddən, Əhməd Cavaddan və Müşfiqdən ibarət olub?

 

Cavab: – Mənim konsertlərdəki bütün çıxışlarımın proqramı əvvəlcədən Xalq Maarif Komissarlığının incəsənət işləri idarəsində qeydiyyatdan keçib. Onların razılığı olmadan mən heç vaxt çıxış etməmişəm.

 

Sual: – Boynunuza alırsınızmı ki, siz teatrdakı bütün gəncləri osmanlı ləhcəsi ilə yoluxdurmusunuz?

 

Cavab: – Bunu boynuma alıram. Mən osmanlı ədiblərinin dilimizə çevrilib səhnəmizdə göstərilən əsərlərinin tamaşalarında istər-istəməz türk ləfzindən istifadə etmişəm.

 

Sual: – İstintaq sizdən tələb edir ki, Azərbaycanda mövcud olan müsavat təşkilatının üzvü olduğunuzu səmimiyyətlə boynunuza alasınız. Sizi bu təşkilata kim cəlb edib?

 

Cavab: – Məni heç kəs heç hara cəlb etməyib və ümumiyyətlə mən belə bir təşkilat olduğundan xəbərsizəm”.

 

 

Nadan müstəntiq bilmir ki, Abbasmirzə Şərifzadə işləyən teatrda Nə Müşfiqin, nə Əhməd Cavadın, nə də Seyid Hüseynin dram əsəri tamaşaya qoyulmayıb. İstintaqdan hiss olunur ki, verilən işgəncələr hələ Abbasmirzə Şərifzadənin qürurun sındırmayıb. O, cavablarında qətiyyətli və inamlıdır.

 

Abbasmirzə Şərifzadə 31 dekabr 1937-ci il, 8 yanvar 1938-ci il, 9 yanvar 1938-ci il tarixdə də istintaq edilib. Həmin istintaqlarda müstəntiqin son sualları və  Şərifzadənin son cavabları belə olub:

 

“Sual: – Kiminlə yaxşı münasibətdə olmusunuz? Adları çəkilənlərdən yaxın olduğunuz varmı?

 

Cavab: – Mən bütün gənc aktyorlarla xoş münasibətdə olmuşam. Ümumiyyətlə, teatrda işim o qədər çox olub ki, kənar işlərə vaxtım qalmayib”. (31 dekabr 1937-ci il tarixdə aparılan istintaqdan).

 

“Sual: – Bir daha sizə təklif olur ki, antisovet fəaliyyətiniz barədə danışasınız.

 

Cavab: – Danışılası heç nə yovdur. Mən heç bir antisovet iş görməmişəm”. (8 yanvar 1938-ci il tarixdə aparılan istintaqdan).

 

“Sual: – Müsavat əks kəşfiyyatından kiminlə tanış idiniz?

 

Cavab: – Mən orada heç kimi tanımırdım”. (9 yanvar 1938-ci il tarixdə aparılan istintaqdan).

 

Abbasmirzə Şərifzadədən istədikləri cavabı ala bilməyən istintaq aktyoru bir neçə adamla üzləşdirib. Onlardan da bəzi fraqmentləri təqdim edirəm.

 

28 aprel 1938-ci il. Mahmud Baləmi oğlu Mahmudovla üzləşmə.

 

Sual: – Abbasmirzə Şərifovun inqilaba qarşı nifrət fəaliyyəti barədə nə deyə bilərsiniz?

 

Cavab: – Abbasmirzə Şərifzadə zaverbovka olub İran kəşfiyyatına ki, SSRİ ərazisində təxribat aparsın. O, məni də bu işə cəlb etdi və 1936-cı ildə razılıq verdim”.

 

11 iyin 1938-ci il. Əli Həsən Abbas oğlu ilə üzləşmə.

 

Sual: – Abbasmirzə Şərifov barədə nə bilirsiniz?

 

Cavab: – Mənimlə üzbəüz oturan Abbasmirzə Şərifzadədir və onu 1928 – 1929-cu illərdən tanıyıram. Abbasmirzə mənimlə tez-tez əksinqilabı söhbətlər edirdi. Söhbətlərimiz mənim işlədiyim qəzet kioskunda olurdu... 1936 – 1937-ci illərdə mən müntəzəm olaraq (təxminən 12 – 15 dəfə) İran konsulluğuna gedib konsuldan “Sitari İran” qəzetini və məktubu alıb gətirib verirdim Abbasmirzə Şərifzadəyə.

 

Şərifzadəyə sual: – Əli Həsən Abbas oğlunun dediklərini təsdiq edirsinizmi?

 

Şərifzadənin cavabı: – Xeyir, təsdiq etmirəm”.

 

Yəqin ki, oxucuya hər şey aydındır... Abbasmirzə Şərifzadə barədə böhtan ifadə verən aktyorların adların çəkmədim. Onlardan beşi Xalq atristi, biri Əməkdar artist fəxri adlarına layiq görülüb. Həmin aktyorların Abbasmirzə Şərifzadə barədə mənfi fikirləri hansı şəraitdə, hansı təzyiqlər altında söylədiklərini bilmirəm... Onu bilirəm ki, 1955-ci ildə Abbasmirzə Şərifzadəyə ölümündən sonra bəraət veriləndə sənətkar haqqında müsbət fikir söyləmək üçün aktyorlar dəvət olunub. Həmin dəvətlilərdən beşi məhz Abbasmirzə Şərifzadə barədə vaxtilə hədyan yazanlar idi...

 

* * *

 

Abbasmirzə Şərifzadə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 17 sentyabr 1955-cı il tarixli, 012175/55 saylı qərarı ilə ölümündən sonra bəraət alıb. Sənətkara 1963-cü ildə təntənəli şəkildə 70 illik yubiley keçirilib. Onun adına Bakıda küçə var. Vaxtilə özü sədr olduğu cəmiyyətin yerləşdiyi Aktyor Evi Abbasmirzə Şərifzadənin adını daşıyır.

LENT

26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017