Yılmaz Güney inqilabçı dostunu necə satdı? - ANIM

Bu gün böyük rejissor Yılmaz Güneyin doğum günüdür. Kulis.az bu münasibətlə Sunay Akının “Bir cüt ayaqqabı” kitabından “Qara, 42 ölçü...” adlı yazısını təqdim edir.

 

Oğlunun ölüm xəbəri gələndə evdəki hər kəs bir küncdə oturan 85 yaşlı Güllü xanımdan baxışlarını qaçırdı. Ailənin ortaq qərarı belədir: Xaricdəki oğlunu neçə ildir görməyən bu xəstə və dərdli anadan ölüm xəbəri gizlədiləcək.

 

Güllü xanım oğlunun komodun üstündə dayanan rəsmini qucaqlayıb öpməkdə, poçtalyon qapını hər dəfə döyəndə ondan bir məktub gəlib-gəlmədiyini həyəcanla soruşmaqdadır. Yüksək təzyiqi olan, ürəyi yaralı anaya heç kəs oğlunun artıq yaşamadığını deməyə cəsarət etmir. Evə gələn qohum-qonşuların söhbət əsnasında oğlunun öldüyünü ağızlarından qaçıracaqlarından narahat olan ailə yaşadığı şəhəri tərk edərək Güllü xanımı İzmirə aparası olur.

 

Yaşlı ana elə bilir ki, oğlu xaricdən Türkiyəyə gələ bilmir. Onun ölüm xəbərini gizlətmək buna görə də çətin olmur... Amma qardaşları sanki yaşayırmış kimi ananın suallarına cavab vermək o biri uşaqları üçün işgəncənin ən böyüyüdür. Oğlu hər dəfə imkan olanda Güllü anaya zəng vururdu. Buna da çarə tapılır: Xaricdə səsi oğluna bənzəyən bir tanış tapılır və arada zəng etməsini xahiş edərək Güllü xanımın oğul həsrətini azaldırlar!

 

İllər keçib gedir... Güllü ana səsini eşitdiyi oğluna həsrət qala-qala bir küncdə oturub fotolarını qoxlayır... Və oğlunun öldüyünü bilmədən bir gün son nəfəsini verir, Yılmaz Güneyin anası!

 

1991-ci ildə Yılmaz Güneyin filmləri üzərindən qadağa götürüldükdən sonra Fatoş Güney Türkiyəyə gəlir. Fatoş xanım həyat yoldaşının adına fond yaratmaq və dörd böyük şəhərdə xatirə tədbirləri təşkil etmək üçün qollarını çırmayır. Vaxt edib o illərdə hələ yaşayan qayınanasını da yoluxur...

 

Fatoş Güneyin neçə il sonrakı bu görüşdə jurnalist Nebil Özgentürk də iştirak edir. Özgentürkdən xahiş edirlər ki, Güllü xanım şəkil çəkilməsindən duyuq düşüb oğlunun ölməyini bilər deyə foto çəkməməyi xahiş edirlər. Usta jurnalist o günü “flaş”ın işığıyla olmasa da sözlərin işığı ilə bizə çatdırır: “Görüşdə iştirak etdim, amma dost kimi. İzmir tərəflərdə olan evdə həyəcan və narahatlıq vardı. Fatoş Güney həyat yoldaşı Yılmazla 10 il əvvəl Türkiyədən getmiş və o gündən sonra ilk dəfə gəlmişdi. Bütün ailə də bu həsrətə görə gəlinlərinə içliköftə hazırlamışdı. Ana gəlinini görən kimi ağlamağa başladı... İlk sözü “Yılmazımı niyə gətirmədin?” oldu. Bütün ailə ağlayırdı. Fatoş qayınanasını qucaqlayıb ağlayır, sözlər boğazında düyünlənirdi: “Gələcək, ana, gələcək... İndi işi var...”

 

Yılmaz Güney xaricə qaçanda oğlunu gedib görmək istəyən Güllü xanıma pasport verilmir. Oğlu 1984-cü ildə ölsə də Güllü ana neçə il onunla telefonda danışır, kino sənətinin böyük ustadının dublyoru ilə!..

 

5 noyabr 1973-cü ildə fikir məhbusu kimi yatdığı Səlimiyyə Qışlasında yazdığı bir məktubda yoldaşından bir xahiş edir Yılmaz Güney: “Ayaqlarım üşüyür. Altı kauçuk bir ayaqqabı istəməliyəm Fatoşdan; qara, 42 ölçü. Bu beton və daş yığını ikinci qış müqavimətimiz qırıldığı vaxtda yaxaladı bizi.”

 

Yılmaz Güney həbsxana günlərində sadəcə özü üçün ayaqqabı istəmirdi! 21 yanvar 1974-cü il tarixində məktuba belə başlayır: “Sevgili Fato. Amasya Həbsxanasından bir məktub aldım. Məktubun ifadə tərzindən belə başa düşdüm ki, ehtiyac və yoxsulluq içindədirlər. Ona görə sizdən bir ricam olacaq. Mənim paltarlarımdan münasib bildiyiniz birini, ya da bir şalvarımı, pencəyimi, mənim qırmızı boyunlu sviterimi, bir də ayaqqabıdan botdan filan bir cüt, və 150 lira pul hazırlayıb aşağıdakı ünvana gecikdirmədən yollayın. Ünvan budur: “Mustafa Turan, Amasya Həbsxanası.”

 

İnsanlara kömək etməyi, çətin günlərdə onların yanında olmağı çox sevərdi Yılmaz Güney. Sadəcə ayaqqabı, paltar, ya da pul göndərərək deyil, insan üçün hər cür fədakarlıq etməyə hazır bir “Adanalı dəliqanlı” idi. Belə ki, 12 Martdan sonra İstanbulun küçə-küçə, ev-ev axtarıldığı günlərdə Yılmaz Güneyin Leventdəki evinin qapısı döyülür. Qapını açan sənətçi qarşısında bir komissar və silahlı polislər görür: “Xəbər almışıq ki, Mahirlə dostlarını evinizdə gizlədirsiz!”

 

Qapının ağzında dayanmış Yılmaz Güney, komissarın bu sözündən sonra filmlərindəki o zarafatcıl təbəssümünə bürünərək barmağı ilə evin üst mərtəbəsini göstərir: “Yuxarıdadırlar...” Güneyin bu hərəkəti komissarla polisləri güldürür, sanki film səhnəsi izləyirlər. Silahlı adamlar qəhqəhə ata-ata rejissorun qapısından uzaqlaşırlar. Halbuki həmin adamlar o gecə həqiqətən evin çardağında gizlənmişdilər.

 

Yılmaz Güney düz demişdi polislərə!

 

2016

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017