Ramiz Rövşənin yubileyindən təbəssüm dolu REPORTAJ

 

 

Yenə bu şəhərdə Ramiz Rövşənlə üz-üzə gəldik. Neyləyək, ayrıca Ramizimiz yox? Bəlkə biz də Ramiz ola bilərdik, bəlkə Ramizik, xəbərimiz yox.

 

Soyuq, küləkli havada Yazıçılar Birliyində Ramiz Rövşənin işığına yığışmışdıq. Hamı orda özünü xoşbəxt sanırdı.

 

70 yaşı tamam olmuş Ramiz Rövşən hələ də Budda kimi görünürdü. Natəvan klubunun dairəvi masası o an mənə dünyanı xatırlatdı. Ramiz Rövşən Budda sakitliyi ilə dünya kimi yumru masanın başında oturmuşdu. Və onu sevənləri, dostları yığışmışdı başına.

 

Sözü verək Anar müəllimə: “Ramiz Rövşən Azərbaycan ədəbiyyatın böyük şairlərindəndir”

 

Burda mütləq bir alqış olmalı idi. Amma Anar müəllimin girişinin sonunda alqışın gurultusunu artıracaq daha ciddi bir məsələ vardı. Ədəbiyyata xidmətlərinə və 70 illik yubileyinə Ramiz Rövşənə mükafat verdiyini açıqlayanda qulaqlar tutuldu alqış səslərindən. Anar müəllim gurultunun arasından bir yüngül zarafat da elədi: “İstədim, araq, ya da konyak hədiyyə edim Ramizə. – gülüş səsləri. – Sonra mənə dedilər ki, Ramiz içmir. – yenə gülüşmə. – Axırda qərara aldım ki, bir dəst qələm verim”.

 

Tədbirdə iştirak edən şair dostlardan biri şairin qulağına pıçıldadı, mən də qulaqlarımı şəklədim: “Bahalı qələm dəstləridir ha...”

 

Ramiz Rövşən bu bahalı qələm dəstini, bir də gül buketini (bunsuz hədiyyənin dəyəri olmaz) götürəndə Anarın əlavəsi eşidildi: “TÜRKSOY sənə medal göndərib”. Medalı Ramiz Rövşənin sinəsinə taxmaq istəyəndə şair gülümsəyərək etiraz elədi: “Sinəm medala öyrəşməyib, sonra taxaram”.

 

Təbii ki, o sinədə şeirlər yaşayır, hamının əzbər bildiyi və elə hamının da sinəsində gəzdirdiyi şeirlər.

 

Növbəti söz Kamal Abdullaya verildi:

 

“Bir dostumuz vardı, Hacı adında. Ona soruşurduq ki, saat neçədir. Deyirdi, Ramiz Rövşəndən böyük şair yoxdur, sonra da deyirdi ki, beşdir”.

 

Gülüşmə düşdü. Ramiz Rövşənin medalsız sinəsindən saat kimi çıqqıldayan ürəyinin döyüntüsünü eşitdim sanki. Birdən öz-özümə düşündüm ki, Ramiz Rövşən də xoşbəxtdir, saata baxmır. Bəlkə də baxır, xəbərimiz yox.

 

Anar bu vaxt elə bil düşüncələrimi oxudu: “Ramiz Rövşənin dostu olmaq xoşbəxtlikdir. Onun ən yaxın dostu da adaşı Ramiz Həsənoğludur. Mən iki Ramiz tanıyıram. Biri uzun Ramiz, biri də gombul Ramiz”.

 

Hər iki Ramiz də güldü, sonra bütün zaldakılar güldü. Mən də içəridəkilərə göz gəzdirib başqa Ramizin olub-olmadığını yoxladım. Nəsə tapa bilməyib, baxışlarımla qayıtdım “uzun Ramiz”in yanına.

 

Ramiz Həsənoğlu ayağa qalxanda çox uzun göründü mənə. Yəqin özümün çox balaca olmağımdan belə göründü. Sonra onun yanına Ramiz Rövşəni qoydum və birdən gözümün qabağına Don Kixotla Sanço Panço gəldi.

 

Ramiz Həsənoğludan sitat: “Yaxşı ki, sən mənim yanımdasan Ramiz. Var ol”.

 

Gözlədim ki, uzun bir çıxış olacaq. Amma elə olmadı, elə bunu deyib yerində oturdu.

 

Sonra Fikrət Qocaya söz verdilər. Nə danışdı, nə dedi, bilmədim. Eşidə bilmədim. Hətta mənə elə gəldi ki, yanında oturduğu Ramiz Rövşən də onu eşidə bilmədi. Hər halda yəqin ki, yaxşı sözlər dedi. Xırıltılı təriflər.

 

Anar müəllim söz verməyi saat əqrəbi prinsipi ilə aparırdı. Sonra əqrəb yaxşı işləmədi deyəsən, gah sağ tərəfdən, gah sol tərəfdən çıxışçılar danışmağa başladı.

 

- Azər müəllim, buyurun. – dedi Anar müəllim. – Həm danış, həm də burdakıları qəzetinə yaz.

 

Gülüşmə ilə bir ayağa qalxdı Azər Turan. “Ədəbiyyat qəzeti” adından bir məktub oxuyub böyük şairimizi təbrik elədi və təbrik məktubunu da səbəbkarın özünə verdi. Ramiz Rövşənin sözləri yadıma düşdü: “Bir mövzuda iki şair şeir yazar, birinə mükafat verərlər, o birini edam edərlər”.

 

Qaramat danışmayaq. Sıra həmişəki kimi koloritli danışığı ilə hamını güldürən Seyran Səxavətindir: “O vaxt Ramizlə təzə tanış olmuşduq. Universitetə imtahan verirdik. Sonra Ramizin atası bizə peraşki aldı. Yadındadır, Ramiz?”

 

Ramiz Rövşənin başı aşağı-yuxarı tərpəndi.

 

“Hə, hərəyə üç-dörd peraşki yedik”.

 

Xatirənin gözəlliyinə bax. Həqiqətən böyük şairlə peraşki yeməyin özü də bir xoşbəxtlikdir.

 

Seyran Səxavət gülənlərə, qımışanlara fikir vermədən sözünə davam elədi: “Ramiz Rövşən həm də qatil şairdir”. Təəccüblü baxışlar. “Niyə? Deyim də. Özünü Ramizə oxşatmaq istəyən nə qədər şair özünü məhv elədi. Bir yerdə oxumuşdum, turistlər Eyfel qülləsindən özlərini aşağı atırlar ki, məşhurlaşsınlar. Onlar başa düşmürlər ki, Eyfel elə yerindəcə durub. Elə Ramiz də onun kimi. Ramizin Eyfelindən özünü aşağı atan nə qədər şairlər oldu, amma Ramiz hələ də qaldı”.

 

Bir anlıq gözüm yenə içəridəkilərə tuşlandı. Özünü Ramiz Eyfelindən atan şairləri görə bilmədim. Çox güman, hava soyuq olduğuna görə gəlib çıxa bilməməmişdilər. Yəqin siz də arzulayardınız ki, onlar intihar xatirələrindən danışsınlar.

 

Bu yerdə Seyran Səxavət zarafatla sözümü kəsdi:

 

- Sənin hələ nə yaşındı, Ramiz? – təəccüb qarışıq gülüşmə. – Gələcəyin qabaqdadır!

 

Belə məclislərdə ən maraqlı söhbətlər “kurilka”da olur. Dedim, görüm orda nə söhbət gedir. Bir xeyli adam yığışmışdı. Bəlkə onlar da Ramizdən danışırdılar, bəlkə elə Ramiz də onları eşidirdi, bəlkə elə bütün dünya Ramiz Rövşənin 70 yaşına yığışmışdı. Kim bilir? Suallar içimdə geri qayıtdım və onda gördüm ki, alim Rafiq Əliyev ayaq üstə çıxış edir. Ramiz Rövşən poeziyasının yeni mərhələ açmağı, onun şeirlərinin ucalığı. Qısa və lakonik danışdı.  Sonra da dedi ki, istəyən gedib Ramiz Rövşən haqqımdakı yazını oxuya bilər.

 

Sonrakı çıxışçılar da Ramiz Rövşəndən yazı yazıblarmış. Sən demə, hamının Ramiz adlı bir yazısı varmış. Bütün salondakılar o yazıları oxusa nə olar deyə düşündüm.

 

Sonra Vaqif Yusiflinin səsi eşidildi: “14 dekabr, yəni Ramiz Rövşənin anadan olduğu gün poeziya günü kimi keçirilsin. Ramiz Rövşən xoşbəxtdir ki, bütün dövrlərdə oxunub və sevilib”.

 

Poeziya günü. Yaxşı təklifdir. Hətta təklifin bədii hissəsi olsa lap şairanə olardı. Soyuq havalar gəlib. Poeziya günü olaydı, yeyib-içmək olaydı... Hiss elədim ki, içimdəki hiss bütün salondakılara sirayət (yaxşı sözdür) elədi. Hamı gülümsünürdü, hamı xoşbəxtdi. Bu Ramiz Rövşən poeziyasına yad olsa da, qırışığımızın açılması baxımından təqdirəlayiq (nə axmaq sözdür) hadisə idi.

 

Bu yerdə söz bir qırmızı köynəkli kişiyə verildi. Qırmızı köynəyinə diqqətlə baxandan sonra tanıdım onu: Yusif Nəğməkar. Nəğməli şair deyib susuram və sözü ona verirəm: “Ramiz Rövşənin çox sirləri var. İndi sizə onun bir sirrini açacam”.

 

Deyəsən, bu anda Ramiz Rövşən də yerində qurcuxdu. Hamımız şok olduq, elə bil tok vurdu məni, arxama çevriləndə bir adam gülümsəyərək üzr istədi. Tok deyilmiş, Balayar Sadiq imiş. Sirr? Nə sirr? Əcəba, o nə olan sirdir ki, nəğməli şairimiz bunu neçə vaxtdır gizlədib? Görəsən şəxsi məsələdi yoxsa poetik mətləbdir? Hadisənin davamı növbəti abzasda.

 

Nəğməli şair bir vərəq çıxarıb çırpa-çırpa onu açdı və kəkələyə-kəkələyə oxumağa başladı. Sən demə, sirr dediyi Ramiz Rövşənə yazdığı “Sirr” şeiri imiş. Allah səni saxlasın, ürəyimiz düşmüşdü burda. Ramiz Rövşən də həvəslə gülümsədi.

 

Şeir də ki, yaman uzunmuş. Hətta şairin özü də oxumaqda çətinlik çəkirdi. Bu yerdə Əjdər Olun replikası bizi təzəcə düşdüyümüz şokdan və təəccübdən xilas edib gülüş məkanına çıxardı: “Heç olmasa o şeiri əzbərləyib gələrdin”.

 

Tədbirin sonunda Ramiz Rövşən yeni şeirlərini oxudu. 70 yaşlı, ədəbiyyatımızda öz sözünü demiş şairin pıçıltıları idi bəlkə də o misralar. “Həyatının filminin yarısında yuxuya gedən” Ramiz Rövşən. Öz Ramiz meşəsində itən Ramiz Rövşən. 18 yaşındakı şeiri ilə imtahanlara və istilərə meydan oxuyan Ramiz Rövşən.

 

Seyran Səxavət onun bu kədərli şeirlərini bir anlıq öz yumoru ilə dayandırdı: “O vaxt Ramiz çox tərbiyəli idi. Biz də onun yanında pis görünürdük deyə, ona deyirdik ki, siqaret çək də. O da elə burdakı kimi bədahətən şeir deyirdi: “Mən siqaret çəkmirəm, çəkmirəm. Mən özüm siqaretəm zamanın qarşısında”.

 

Ramiz Rövşən həmişəki kimi ağır intonasiya ilə öz şeirlərini oxuyub tədbirə yekun vurdu.

 

Özü də dediyi kimi, son oxuduğu şeir qəmli idi, amma çıxanda hamı gülümsəyərək çıxdı salondan. Elə Ramiz Rövşənin özü də gülürdü.

 

Ramiz Rövşən güldürməyi də bacardı. Bəlkə də öz “qara paltarlı” şeirlərinə bir etiraz idi o gülüşlər.

 

LENT

19 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017