Əli Kərimin sevdiyi şairin şeirləri

Əli Kərimin sevdiyi şairin şeirləri
15 dekabr 2016
# 08:30

Kulis.az şair Camal Yusifzadənin şeirlərini təqdim edir.

Divar

Bir dəfə
Dəsmal olsaydın göz yaşına,
İslana bilsəydin,
Sevinə bilsəydin,
Ağlaya bilsəydin bir dəfə -
Sənə bir nağıl danışardım.
Keçərdim taqsırından,
Sənə bir nağıl danışardım;
Quca bilsəydim belini, soyuqluğunu,
Sənə bir nağıl danışardım;
Divar olmasaydın...

1972

Lənkəran

Gözü yaşlı

Buludu kövrək

Yatağı nəm

Mənim

İslanmış

Yaşıl

Zərif nənəm

1960

Qarət olunmuş qadınlar

Müharibə evləri,
Qadınları taladı -
Kasıblaşdı, qocaldı,
Kişiləşdi qadınlar.
Yoruldular götür-qoydan,
"Neyləyim"dən, "nə edim"dən,
Gözləməkdən, təsəllidən,
Yordu fikir,
Yordu ümid,
Yordu həsrət,
Yordu yollar,
Yoruldular,
Qovruldular.
Kobud kişi əli olmadığından
Soyunub yatmadılar.
Bəs sonra?
Sonra da
Qəfil xəbərdən -
Qara xəbərdən -
Qorunmaq üçün
Üzü dənizə,
Üzü günəşə
Daşa döndülər...

1970

Mənim yaşımda

Mənim yaşımda
Heç kim məhəbbətdən ölməyib hələ,
Mən də ölmərəm.
Ölmərəm, ancaq
Görünür yaşamaq çətin olacaq.
Mənim yaşımda birisi yumar gözünü,
Yıxılar həsrətin daş hasarından
Başqa birisinin qolları üstə.
Mənim yaşımda,
zənciri qırılmış bir dəli fəryad,
Sərsəri başına bir cüt diz tapar.
Başqa birisi də bıçaq yerinə
Ruhunu soymağa bir cüt göz tapar.
Nə isə,
Mənim yaşımda
Yaşayar bu dövrü
hərə bir təhər.
Nə isə, nə isə...
Mənim yaşımda
Heç kim məhəbbətdən ölməyib hələ,
Mən də ölmərəm...

1970

Salxım söyüd

Əntiqə xanıma

Heç nə olmur özbaşına;
Nə olum,
Nə ölüm,
Nə də ki, sevda
Allahına daş atanın
Daşı düşür öz başına!
Nəhəng təkər - çərxi-fələk,
xəlbir - ələk -
Yer fırlanmır özbaşına.
Yer hərlənir -
Ay dolanır, gün yanır!
Gündüzlər gündüz gəlir,
Gecələr də hər gecə!
Ölüm sabah donunda,
Ayrılıq da eləcə.
Həsrət varmı özbaşına?
Ağrısını çəkə-çəkə.
Nəsə gərək itirəsən!
Havalanma göz yaşına,
Ölən gündən - keçmişdən
Nəsə gərək götürəsən,
Kişilər də tənha olmur özbaşına! -
nəsə hopur yaddaşına.
"Sevda" deyib ölən yar,
Alovlanan sevdanı,
Eşq məsəli - həyatı
Adidən də adi edən qadın var!
Əzabı sev -
içində azmısan daha!
Qarışqatək yükünü
Daşı-apar sabaha!
O gün ki ötüb keçəcək,
O şey ki, bitib keçəcək.
Salxım söyüd,
Ağlamağa dəyməz axı!
Suyum, güldanım - gülüm,
Vaxt itirmə boşuna,
Nəkarəsən bu dünyadan
Köç edəsən özbaşına!?
Məhəl qoyma baş daşına -
yaşına,
Əzrailə, İblisə!
Hadi, hadi, hadi get -
Nə qədər ki
Məhəbbət var, ölüm var,
Yaşa getsin özbaşına!

13.09.2005

Kor gördü, kar eşitdi

"Qoyma məni qəm apara"

Açdım sədəf düyməsini

közərən məhəbbətin;

Kor gördü,

Kar eşitdi.

Yüyürdü şil.

Dindi lal.

Bu nə dünya, bu nə hal?

Bir az işığından,

Bir az rəngindən,

Alovundan da bir az,

Kədərindən də az-maz,

Yuxusundan bir çimir,

Nağılından bir əlçim,

Həsrətindən bir içim,

Çəkdim başıma - içdim! -

Havalandı arzu, qəm,

Qəfil dəyişdi aləm!

Bu havalı başla,

Bu dürlü yaşla

ölmək çətin olacaq!

Bu oddan, kədərdən, bu ehtirasdan

Deyəsən həzin bir ağrı qalacaq!?

18.12.2005

Payızım oy, qışım oy

Əhməd Oğuza

Payızın başı üstdən

Birər-birər qar gəlir;

Payızım oy, qışım oy.

İndi bilirəm ki, nə itirmişəm;

Birər-birər günlərim;

Birər-birər yaşım oy.

Göy üzündən

Yer üzünə qar gəlir,

Kişilikdən danışmaq

Yaman mənə ar gəlir.

Ümidi vağam olan

Torpağım oy, daşım oy!

Ovcumun arasında

Havalanmış başım oy.

Düzü-dünya ələnibdi ağappaq;

Meşəsi ağ,

Baxçası ağ, dağı ağ;

Dağım, bağım, qarım oy.

Nə yaxşı ki, sifarişlə ələnmir,

Yağır, yağır, yağır oy,

Yağır, yağır özbaşına;

Ayının yuxusuna,

İgidin qorxusuna,

Alçağın baş daşına;

Namərdim oy, mərdim oy!

Hələ məni gözləyən

Diri gözlü dərdim oy.

Varlığım qara təşnə,

Ardıc gözlü ocağım,

Çörək dolu tabağım,

Eşq havalı otağım;

Ocağım oy, eşqim oy.

Laxtalanmış bəxtim oy.

Dostların başı üstə

Qaldırılan taxım oy.

Payızın başı üstdən

Birər-birər qar gəlir...

Niyə belə soyuqdu?

Vətən mənə dar gəlir!

Vətən mənə dar gəlir.

27.10.2006

Rəngli duyğular

Səmada quşların izin görürəm -
açıq mavi qanadlar,
açıq mavi səmada.
Zeytun gözlü dəryada
Zeytun gözlü balığın yuxusunu görürəm
Zeytun rəngli yuxusu,
çilik-çilik qorxusu.
Yazda havalanan dəmir ağac
Payızda heyrətlə dibinə baxır -
Yaşıl yarpağıyla xəzəlin sayı -
Əbcəd hesabı düz gəlmir axı!
(Görünüşüm yaz biçimdə,
Xışıl-xışıl xəzəl yatır içimdə)
Duman seyrələndə,
qar ələnəndə
Üfüqə dirənən bir yol görürəm -
ağappaq, kimsəsiz,
tənha bir cığır...
Gözlə görünməyən rəngli duyğular,
Havadan payız ətri,
Qabaqdan da qış gəlir...
Qoymayın dünyamı adiləşməyə!

17.12.2008

# 909 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
#
#
# # #