Üzeyir bəy Nərimanovun əsərini niyə tamaşaya qoymuşdu?

Üzeyir bəy Nərimanovun əsərini niyə tamaşaya qoymuşdu?
8 dekabr 2016
# 12:53

Azərbaycan teatrı institutusional mədəniyyətin faktı olmamışdan, yəni dövlət təsisatına keçməmişdən əvvəl müxtəlif truppalar şəklində fəaliyyət göstərib. Bugünkü Akademik Milli Dram Teatrının təməli sayılan dəstələr içərisində daha səmərəli yaradıcılıq yolu keçən “Nicat”, “Səfa” və “Müdiriyyət” truppaları olub. Akademik teatrın dövlət təsisatı alması da maraqlı yaradıcılıq prosesidir. Sənətşünaslıq doktoru, professor İlham Rəhimli bu barədə silsilə məqalələr yazıb. Həmin yazıları ardıcıllıqla oxuculara çatdıracağıq.

İlham RƏHİMLİ

1-ci məqalə

2-ci məqalə

3-cü məqalə

«MÜDİRİYYƏT» TEATR TRUPPASI

Əslində bu truppanın tam adı rəsmi sənədlərdə belə yazılıb: «Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti». Bəzən isə afişalarda və qəzetlərdə dəstənin adı «Hacıbəyli qardaşlarının müdiriyyəti» kimi verilib. Ən çox isə işlənən «Müdiriyyət» deyimi olub.

Bakının ən güclü aktyorlarının toplandıqları «Müdiriyyət» truppası 1916-cı ilin avqustunda əsasən bəstəkar Üzeyir bəy Hacıbəylinin rəhbərliyi, təşəbbüsü və səyi il yaradılıb. Truppaya ilk baş rejissor Abbasmirzə Şərifzadə dəvət edilib. Tezliklə dəstə öz nizamnaməsinə əsasən, operalardan, operettalardan, faciələrdən və komediyalardan ibarət sanballı repertuar yaratmağa başlayıb. Onlar kiçik vodevilləri və məzhəkələr oynamaqdan bacardıqca imtina edirdilər. Üzeyir bəy ilk tamaşam göstərməyə tələsmirdi və truppa son dərəcə ciddi teatral rejimlə çalışırdı.

«Müdiriyyət» ilk pərdələrini sentyabrın 9-da Opera teatrında Zülfüqar Hacıbəylinin «Aşıq Qərib» operasının tamaşası ilə açıb. Noyabr aynının 10-da isə Tağıyev teatrında «Yezid ibn Müaviyyə» (Curci Zeydanın romanı üzrə işləyəni Mehdi bəy Hacınski) dramı ilə yaradıcılığının yeni janrda fəaliyyətinə başlayıb. «Müdiriyyət» ilin sonuna kimi dörd opera və üç operetta premyerası və altı yeni dram tamaşası göstərib. Bununla da qısa müddətdə mövcud truppalar arasında aparıcılığı ələ ala bilib. Müsəlman təqvimində səfər ayının başlanması ilə əlaqədar olaraq teatr bir müddət opera və operetta oynamayıb. Bütün tamaşaların rejissorluğunu Abbasmirzə Şərifzadə və dirijorluğunu isə Üzeyir bəy Hacıbəyli etmişdilər.

Musiqi əsərləri bu ardıcıllıqla oynanılıb və onların hamısı ilin sonunadək təkrar-təkrar göstərilib.

18 sentyabr. «Əsli və Kərəm», Üzeyir bəy Hacıbəyli.

23 sentyabr. «Məşədi İbad», Üzeyir bəy Hacıbəyli.

26 sentyabr. «Şah Abbas və Xurşid banu», Üzeyir bəy Hacıbəyli.

30 sentyabr. «Arşın mal alan», Üzeyir bəy Hacıbəyli.

6 oktyabr. «Evlikən subay», Zülfüqar bəy Hacıbəyli.

7 oktyabr. «Aşıq Qərib», Zülfüqar bəy Hacıbəyli.

20 dekabr. «Leyli və Məcnun», Üzeyir bəy Hacıbəyli.

Üzeyir bəyin əsərlərinin tamaşalarında Kərəmin və Əslinin, Sərvərin və Gülnazın, Şah Abbasın və Xurşid banunun, Əsgərin və Gülçöhrənin, Məcnunun və Leylinin partiyalarını Hüseynqulu Sarabski ilə Əhməd Ağdamski oxuyublar. Onlar «Aşıq Qərib»də Qərib və Şahsənəm rollarının da daha yaxşı ifaçıları sayılıblar. Mirzağa Əliyev Məşədi İbad, Kəblə Hacı, Ələkbər Hüseynzadə Soltan bəy rollarında şöhrət qazanıblar.

«Müdiriyyəti»in dram tamaşaları aktyor ansamblının ciddi və peşəkar işi, yeni rejissor təfsiri ilə seçilirdilər. «Yezid ibn Müaviyyə»də əsas rolları Abbasmirzə Şərifzadə (Yezid), Şura Olenskaya (Səlma), Xəlil Hüseynov (Şümür) oynayıblar.

11 noyabr. «Ağa Məhəmməd şah Qacar», Əbdürrəhim bəy Haqverdiyev. Rollarda tanınmış aktyorlardan Abbasmirzə Şərifzadə (Qacar), Xəlil Hüseynov (Əliqulu xan), Bağır Cabbarzadə (İbrahim xan və İraklinin katibi), Rza Darablı (Elçi) çıxış ediblər.

18 noyabr. «Tariq ibn Ziyad», Əbdülhəq Hamid. Osmanlıcadan çevirəni Dadaş Bünyadzadə. Tariq rolunda səhnəyə Abbasmirzə Şərifzadə çıxıb.

25 noyabr. «Dəmirçi Gavə», Şəmsəddin Sami. Osmanlıcadan çevirəni Səməd Mənsur. Gavə və Pərviz rollarında Abbasmirzə Şərifzadə və Rza Darablı.

2 dekabr. «Qara bəla» («Əkbər şah Hindu»), Namiq Kamal. Osmanlıcadan çevirəni Cəlil Bağdadbəyov. Əsas rolları Abbasmirzə Şərifzadə (Xosrov Mirzə), Mirzə Muxtar Məmmədov (Əkbər şah), Şura Olenskaya (Bəhrəvar banu), Yeva Olenskaya (Mehridil), Cəlil Bağdadbəyov (Əmir Axşild) oynayıblar.

9 dekabr. «Dağılan tifaq» («Qumarbazın axır günü» adı ilə), Əbdürrəhim bəy Haqverdiyev. Əsas obrazları səhnədə Abbasmirzə Şərifzadə (Nəcəf bəy), Şura Olenskaya (Sona xanım), Xəlil Hüseynov (Cavad), Yeva Olenskaya (Nazlı xanım), Cəlil Bağdadbəyov (Səlim bəy), Rza Darablı (Həmzə bəy), Mehdi bəy Hacınski (Məşədi Cəfər), İbrahim Atakişiyev (Kərim) canlandırıblar.

15 dekabr. «Bahadır və Sona», Nəriman Nərimanov. Baş rollarda Hüseyn Ərəblinski (Bahadır), Gülsabah xanım (Sona) və Əbülfət Vəli (Dayı) çıxış ediblər. Tamaşa Ərəblinskinin benefisinə hazırlanıb.

«Müdiriyyət» ötən ildə oynadığı əksər əsərləri 1917-ci ildə təzə quruluşlarda yenə öz repertuarına daxil edib. Bu il də opera və operettalara üstünlük verilib. Təzə quruluşlar arasında Hüseyn Ərəblinskinin rejissorluq etdiyi «Məşədi Ibad» (23 fevral. «İsmailiyyə» binasında), Abbasmirzə Şərifzadənin səhnə təfsiri verdiyi Zülfüqar bəy Hacıbəylinin «Əlli yaşında cavan» (9 mart. «Malı teatr»ın binasında. Orduxan bəy – Mirzağa Əliyev. Bu rolu sonra Rza Darablı da oynayıb), «Leyli və Məcnun» (8 dekabr. Tağıyev teatrında), Hüseynqulu Sarabskinin quruluşunda «Əsli və Kərəm» (11 may. Opera teatrında), «Arşın mal alan» (5 avqust. Opera teatrında) tamaşaçıların daha çox xoşlarına gəlib. Tamaşalara dirijorluğu Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyli qardaşları və Müslüm bəy Maqomayev ediblər.

1917-ci ilin payızında Abbasmirzə Şərifzadə özü «Müsəlman dram artistləri ittifaqı» (qısa şəkildə «Artistlər ittifaqı» yazılıb) müstəqil truppasını yaratdığı üçün «Müdiriyyət»dən ayrılıb. Ona görə də truppaya baş rejissorluğu bir müddət Üzeyir bəy Hacıbəyli özü edib. Sonra, 1916-cı ilin ikinci yarısında bu vəzifəyə Hüseyn Ərəblinski dəvət olunub. Üzeyir bəy özünün bir neçə operasına və operettasına təzə quruluş verib. Hüseyn Ərəblinski baş rejissor təyin olunmamışdın əvvəl dəvətlə sıravi rejissor kimi «Arşın mal alan» (15 yanvar. Tağıyev teatrında), «Məşədi İbad» (29 yanvar. Tağıyev teatrında), «Aşıq Qərib» (28 fevral), «Şah Abbas və Xurşid banu» (11 mart), «Əsli və Kərəm» (15 mart) musiqi əsərlərinə quruluşlar verib.

Fevral ayında erməni daşnakları Tağıyev teatrını yandırdılar. Mart ayının 24-də isə Bakıda və Azərbaycanın digər bölgələrində iğtişaşlar törətməyə başladılar. Bu hadisələrlə bağlı teatr xadimləri şəhəri tərk etməli oldular. Üzeyir bəy Hacıbəyli İrana getdi. O, vətənə oktyabr ayında qayıtdı və qısa müddətdə əsasən Rusiyanın müxtəlif və İranın bəzi şəhərlərindən Bakıya gələn aktyorları bir yerə cəm edərək «Müdiriyyət»in bərpasına və fəaliyyətinə nail oldu.

May ayının 28-də Zaqafqaziya seymi dağılmış və Azərbaycan Cümhuriyyəti yaranmışdı. Lakin Bakıdakı hadisələrlə bağlı milli hökumət müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərirdi. Hökumət payızda Bakıya köçürüldü. «Hökumət teatrosu» («Dövlət Teatrı») elan edilsə də, hələ onun rəsmi açılışı olmamışdı. Buna görə də «Müdiryyət» müstəqil fəaliyyətini davam etdirirdi. Afişaların və tamaşa proqramlarının yuxarı hissəsində lira və onun ətrafında müəyyən qrafik işləmələrdən ibarət olan emblem verilirdi. Onun yanında və mətnin ən yuxarı hissəsində isə yazılırdı: Hökumət Teatrosu. «Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti». Aşağıda tamaşanın adı, rolların və iştirakçıların siyahısı verilirdi.

«Müdiriyyət»in ilk tamaşası Opera teatrında oldu və uzun fasilədən sonra truppa Nəriman Nərimanovun «Nadir şah Əfşar» faciəsini seçmişdi. Tamaşanı bir neçə günə Sidqi Ruhulla (Mollaoğlu) hazırlamışdı. Bayram təntənəsi ilə keçən tamaşada Sidqi Ruhulla (Nadir şah), Bağır Cabbarzadə (Hüseyn xan), İbrahim Atakişiyev (Gürcü bəy), Xəlil Hüseynov (Rzaqulu xan), Rza Darablı (Şah Təhmasib), Əbülhəsən Anaplı (Cavad və Heydər xan), Hacıağa Abbasov (Mirzə Mehdi xan) çıxış ediblər. Bundan sonra truppanın repertuarı müəyyən axara düşüb və 1918-ci ilin sonuna kimi Bakıda ən fəal teatr dəstəsi məhz «Müdiriyyət» olub. Dəstənin oynadığı tamaşaların premyera günlərinin mənzərəsi belədir.

26 oktyabr. Opera teatrı. «Dəmirçi Gavə», Şəmsəddin Sami. Rejissor Sidqi Ruhulla. Rolların ifaçıları Abbasmirzə Şərifzadə (Gavə), Nataliya Lizina (Mehri), Xəlil Hüseynov (Pərviz), Panfiliya Tanailidi (Mehri), Hüseynqulu Sarabski (Fərhad), Mir Paşa Sadıqov (Baş möbid), Rza Darablı (Qəhtan).

2 noyabr. Opera teatrı. «Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev və «Axşam səbri xeyir tolar», Sultanməcid Qənizadə. Rejissor Abbasmirzə Şərifzadə. «Dağılan tifaq»da əsas rolları Sidqi Ruhulla (Nəcəf bəy), Yeva Olenskaya (Sona xanım), Məxfurə Yermakova (Pəri xanım), Mirzə Muxtar Məmmədov (Mirzə Qoşunəli), Mirmahmud Kazımovski (Həmzə), Abbasmirzə Şərifzadə (Süleyman bəy), Əbülhəsən Anaplı (imamverdi və Əbdül), Rza Darablı (Ovçu), Bağır Cabbarzadə (Məşədi Cəfər), vodevildə isə Yeva Olenskaya (Çimnaz xanım), Xəlil Hüseynov (Ağacavad), Hacıağa Abbasov (Məşədi Şaban) oynayıblar.

6 dekabr. Opera teatrı. «Məşədi Ibad», Üzeyir bəy Hacıbəyli. Rejissor Hüseyn Ərəblinski, dirijor müəllif.

10 dekabr. Opera teatrı. «Arşın mal alan», Üzeyir bəy Hacıbəyli. Rejissor Hüseyn Ərəblinski. Hacıağa Abbasov bu tamaşada birinci dəfə Vəli rolunu oynayıb.

13 dekabr. Opera teatrı. «Əsli və Kərəm», Üzeyir bəy Hacıbəyli. Rejissor Hüseyn Ərəblinski.

16 dekabr. Opera teatrı. «Evlikən subay», Zülfüqar bəy Hacıbəyli. Rejissor Hüseyn Ərəblinski.

20 dekabr. Opera teatrı. «Əlli yaşında cavan», Zülfüqar Hacıbəyli. Rejissor Hüseyn Ərəblinski. Tamaşada dövrün ən məşhur komik aktyorları Mirzağa Əliyev, Hacıağa Abbasov, Rza Darablı və Əbülhəsən Anaplı iştirak ediblər.

28 dekabr. Opera teatrı. «Şah Abbas və Xurşid banu», Üzeyir bəy Hacıbəyli. Rejissor Hüseyn Ərəblinski. Əsas partiyaları Hüseynqulu Sarbaski (Şah Abbas) və Məxfurə Yermakova (Xurşid banu) oxuyublar.

«Müdiriyyət» 1919-cu ilin birinci yarısında da fəallığı özündə saxlayıb. Tağıyev teatrı yandığına görə əksər tamaşalar Opera teatrında, az qismini isə «Mikado» teatrının və «Malı teatr»ın binalarında göstərilib. Bakıdakı peşəkar teatrlar əsasən Üzeyir bəy Hacıbəylinin ətrafında birləşmişdilər. Dövlət teatrının rəsmi açılışı isə yalnız bu ilin oktyabrında mümkün olmuşdu.

İlin dörd ayı ərzində fəaliyyət göstərərək yaradıcılığına son qoyan «Müdiriyyət”in ən uğurlu və yeni işi Müslüm bəy Maqomayevin “Şah İsmayıl” (libretto müəllifi Mirzə Qədir ismayılzadə) operasının tamaşası olub. Opera Hüseynqulu Sarabskinin (Şah İsmayıl) benefisinə həsr edilib və mart ayının 7-də göstərilib. Tamaşa martın 5-də oynanılmalıydı, lakin Hüseyn Ərəblinskinin qətlə yetirilməsi ilə əlaqədar iki gün sonra nümayiş etdirilib.

“Müdiriyyət” təzə quruluşlarda “Aşıq Qərib” (3 yanvar. Rejissor Hüseyn Ərəblinski. 23 may. Rejissor Abbasmirzə Şərifzadə), Mehdi bəy Hacınskinin “Sultan Əbdülhəmidin xəli və yaxud zülm və istibdadın axırı” (6 yanvar. Rejissor Rza Darablı), Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” (10 yanvar), “Ər və arvad” (3 fevral), “Şah Abbas və Xurşid banu” (7 fevral), “Əsli və Kərəm” (21 fevral), “Məşədi İbad” (23 mart. Rejissor Abbasmirzə Şərifzadə), “Leyli və Məcnun” (25 mart. Rejissor Abbasmirzə Şərifzadə), S.Lanskoyun “Qəzavat” (12 yanvar. Rejissor Hüseyn Ərəblinski), Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” (14 fevral. Rejissor Abbasmirzə Şərifzadə), İsa bəy Aşurbəylinin “Cəhənnəm” (21 mart), “Azərbay və Can” (25 mart. Rejissor Abbasmirzə Şərifzadə), Cəfər Cabbarlının “Ənvər bəyin Ədirnə fəthi” (“Ədirnə fəthi”. 25 aprel. Rejissor Abbasmirzə Şərifzadə) əsərlərinin tamaşalarını oynayıb.

1919-cu ilin payız mövsümü başlayanda artıq Bakının irili-xırdalı bütün truppaları Hökumət Teatrı kollektivində birləşdirildi. Düzüdür, teatrın rəsmi açılışı oktyabrın 24-də olub, lakin sentyabrdan kollektiv öz tamaşalarını məhz həmin ada altında və yeni emblemlə göstərib.

Bununla da “Müdiriyyət” özünün fəaliyyətinə son qoyub. Bu kollektivin əksər opera və operetta tamaşalarının xorbaşısı Hənifə Terequlov olub. Dirijorluğu isə Üzeyir bəylə yanaşı, Müslüm bəy Maqomayev və bəzən Zülfüqar bəy Hacıbəyli ediblər.

“Müdiriyyət” daha kamil və daha məzmunlu repertuar uğurunda müəyyən nailiyyətlər qazanıb.

“Müdiriyyət”in tamaşalarının rejissor işindəki peşəkarlıq səviyyəsi, aktyorların xarakter yaratmaq vərdişlərinə yiyələnmələri artıb.

“Müdiriyyət” peşəkar teatr üçün vacib olan estetik prinsiplərə cəsarətlə yiyələnməyə şərait yaradıb.

“Müdiriyyət” milli teatr sənətinin institutosional (təsisatlı) mədəniyyətin faktına keçməsi mərhələsini peşəkarlıqla təminatlandırıb.

# 1010 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #