Dostunuz sizə öz zəif əsərini veribsə nə etməli? - ZƏMANƏTLİ RESEPTLƏR

Dostunuz sizə öz zəif əsərini veribsə nə etməli? - <span style="color:red;">ZƏMANƏTLİ RESEPTLƏR
8 dekabr 2016
# 12:50

Ədəbi mühitin dürlü-dürlü halları var. Bunlardan biri sənə yaxın olan insanın əsərini oxuyub münasibət bildirməyindir. Bu yaxın adam dost da ola bilər, qohum da, müdir də, qonşu da, yolunu saxladığın ağsaqqal da! Əgər əsəri bəyənirsənsə, təbii ki, heç bir problem olmur. Fikrini deyirsən, hər ikiniz məmnun qalırsınız. Hətta axşama qonaqlıq da gözlənilir. Əgər bəyənmirsənsə... Vay-vay! Çətin məsələdir. Bu halda üç çıxış yolu var. Birincisi, bəyənmədiyini açıqca deyirsən və araya inciklik düşür. İkincisi, yalandan tərifləyib müəllifi məmnun edirsən, özün vicdan əzabı çəkirsən. Ən çətin yol üçüncüdür. Bu halı şərti olaraq “Nə şiş yansın, nə kabab” adlandırmaq olar. Yəni, nə yalan deyib vicdan əzabı çəkmək istəyirsən, nə də doğrunu deyib, könül qırmaq. Başlayırsan nala-mıxa vurmağa. Bax biz nala-mıxa vurma mərhələsində yazarlarımızın ən çox dadına çatan 10 məşhur cümləni təqdim edirik.

1. Mənim yazıçım deyil - guya sən dəhşət ədəbiyyat bilicisisən, bütün estetik istiqamətlərlə tanışsan, hamısını da qəbul edirsən. Amma bu istiqamətlərin arasında öz zövqünün də itməsinə imkan vermirsən. Əsər, pis deyil, amma sən onun yazıçısı deyilsən axı. Bax, ona görə səndən publikaya geniş danışa bilməz.

2. Məncə, maraqlıdır, ancaq bir başqa oxucular da baxsın... – başdan eləməyin usta variantıdır. Yəni, ola bilər mən tutmayım, başqaları tutsun. Şübhəsiz ki, sən yaza bilirsən, amma məni bu məsələyə qarışdırma. Sən bil, oxucular bilsin.

3. Dilin yaxşıdır – bah! Nə böyük ehtiram! Ana dilimdi də, yaxşı olacaq. Bəs bu yaxşı dillə nə yazmışam? Yaxşı dillə sarsaqlamaq da olar axı? Lotusan, mən ölüm!

4. Yaxşı detallar var – yolvermənin geniş yayılmış növüdür. Yaxşı detal harda yoxdu ki? Hər yan ədəbiyyat üçün materialdır. Sağ, sol... “Baksovet”, “Sahil”, “Əhmədli”... Day, kişi kimi denən ki, yaza bilməmisən. Detal detal olaraq qalıb.

5. Əsərin ideyası güclüdür – qardaş, xahiş edirəm, bura ver əlyazmamı! Mən bir də sənə yazı versəm əclafam. A kişi, heç pis niyyətlə, pis fikirlə əlinə qələm alan görmüsən? Mən sənə əsər vermişəm, ideyadan danışırsan. Gəl sənə gündə otuz dənə ideya verim. Bunu əsər kimi həll edə bilmişəmmi? Məsələ budur.

6. Bu əsər belə yaranıb, belə də qalsın – yəni day bir qəzadı başına gəlib, bir də belə şeylər eləyib özünü də, məni də pis vəziyyətdə qoyma...

7. Yazıçının yazıçı haqda fikir deməsi doğru deyil – Eləmi? Bəs elədirsə Folkner Selincər haqda niyə danışıb? Borxes Kasaresdən niyə yazı yazıb? Yazammadığıma baxma, mütaliəm pis deyil. Get özünü dola. Heç, əslində mən səni yazıçı-zad saymıram. Tənqidçi kimi daha maraqlısan. Əlyazmanı da ona görə vermişdim sənə.

8. Filan cümlə xoşuma gəldi – bu üsul o qədər də yayğın deyil. Amma mühit o qədər qarışıqdır ki, belə istedadsız bəhanələrə aldanan yazarlar da var. Əsər qalıb bir tərəfdə, bircə cümləni tərifləməklə vəziyyətdən çıxırsan. Türklər demiş, nə gözəl İstanbul!

9. Mövzu yaxşıdır - buna az qala ən peşəkar yazıçılar da aldana bilər. Çünki, müəllif özü də hardasa bir sözün ətəyindən tutub vəziyyətdən çıxmağa meyllidir. Niyə də olmasın? Adam deyil?

10. Mən olsam buranı belə işləyərdim – day denən, ver, özüm təzədən yazım!

11. Bir az da işlə - əslində, ən abırlı münasibət budur. Ancaq bu cümləyə çox da güvənməyin. Çünki elə yazıçılar var ki, bu cümləni “Çox mənasız əsərdir, get özünə ayrı iş tap” kimi qəbul edə bilər.

12. Yaşına görə yaxşıdır, amma... - yaş deyəndə ki... Cəfər Cabbarlı “Aydın”ı 20 yaşında yazıb. Əslində belədir: Sənin yaşında Cəfər Cabbarlı “Aydın”ı yazırdı, sən də bunu götürüb gəlmisən ki, əsər yazmışam.

13. Sən daha yaxşısını yazarsan - bu bir az usta variantdır. Yəni, bu yazdığın heç nədi, amma sənə inanıram, gələcəkdə nəsə yazarsan. Bu istedadına inandığın adamın pis əsəri haqda deyilir. Başqa cürəsi də ola bilər: “Adına layiq deyil”. Yəni... Başa düşən başa düşür. Başa düşməyəndən də yazıçı çıxmaz zatən...

14. Özünü yazmısan - hamı özünü yazır. Kim qonşusunu yazır ki? Ədəbiyyat insanın dünyaduyumudur, dünyaanlamıdır. Bu bizim gördüyümüz dünyadır. Burası məlum. Lakin özünü yazmısan, əslində, o deməkdi ki, özünü yazmamısan. Yaza bilməmisən. Bu səninçün maraqlıdır, amma oxucu üçün gərəksizdir. Öz içindən çıxa bilməmisən. Belənçik...

15. Çexovu oxu - lap köhnə nömrədir. Yəni get oxu, yazmaq tezdir hələ. Müəllif əsər haqda nə soruşsa deyirsən ki, Çexovu oxu, əla yazacaqsan.

- Necə yazmışam?

- Çexov oxu...

- Bəs hekayəm necədir?

- Çexovun bir hekayəsi var. Orda jjFJjfçşnDLKGJIFJGVNjoteipOPDGİDJKOIkdg

- Gərək oxuyum. (Hekayəsini unutdu).

# 1031 dəfə oxunub

Oxşar xəbərlər

Ağır sözlərə məruz qalan aktyordan sərt reaksiya - Foto

Ağır sözlərə məruz qalan aktyordan sərt reaksiya - Foto

12:00 25 aprel 2024
"Ofis"in aktyor heyəti açıqlandı

"Ofis"in aktyor heyəti açıqlandı

12:00 25 aprel 2024
Cəlil Cavanşir oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

Cəlil Cavanşir oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

11:30 25 aprel 2024
"Tütək səsi" bədii filmi nümayiş olunacaq

"Tütək səsi" bədii filmi nümayiş olunacaq

11:00 25 aprel 2024
“Qədim incəsənətin şah əsərləri”  sərgisi açıldı

“Qədim incəsənətin şah əsərləri” sərgisi açıldı

10:40 25 aprel 2024
Şayamalanın "Tələ"si - Treyler

Şayamalanın "Tələ"si - Treyler

10:20 25 aprel 2024
# # #