“Asif Atanın ilhamı gələndə qəndi çox yeyirdi” - MÜSAHİBƏ

Kulis.az Asif Atanın Mütləqə İnam Ocağının tanınmış nümayəndəsi, ilahiyyatçı-publisist Soylu Atalı ilə müsahibəni təqdim edir. 

 

- Bir az geniş danışın, o dövrün ideya atmosferi, mənəvi birliyi... Siz Gürcüstandan gəldiniz bura, Asif Ata sizə necə təsir bağışladı? Ümumiyyətlə, Asif Ata necə görünürdü?

 

- Mən Asif Atanı institutun dördüncü kursunda tanıdım.

 

- Neçənci il idi?

 

- 90-cı il idi. Mən əsgərliyə gedəndə birinci kursu axşam şöbəsində başa vurub getmişdim. Əsgərlikdən geri qayıdanda, “fərq imtahanı” aradan qaldırılmışdı deyə, yenidən birinci kursdan başladım oxumağa. Əyaniyə keçirsələr də yenə 6 il oxudum. İki il də əsgərlik… İnstitutu 91-də bitirdim.

 

Dediyim kimi, 4-cü kursda idim, bizim institutda Asif Atanın görüşünü keçirirdilər.

 

- İnşaat Universitetində?

 

- Hə. İnşaat Universitetinin yataqxanasında “Cəngi zalı” vardı, iyi yüzdən çox adam tuturdu. Atanın görüşü orda keçirildi. O görüşə bizi də çağırdılar. Onda tələbə yoldaşlarla yataqxananın 6-cı qatında, onlardan birinin otağında oturmuşduq. O vaxt Atanın keçmiş qaynı da Ocaqçı idi, gəlib bizi çağırdı. Düzü, onun çağırışına heç kim ciddi əhəmiyyət vermədi. Uşaqlar nərd oynayırdılar, mənim də əlimdə qəzet vardı, səhifələyirdim. Mən o vaxtlar qanundan-zaddan çəkinən adam idim. Fikirləşdim ki, bəlkə bunlar “yuxarı”dan gəliblər, getmək gərəkdir ora. Yoldaşlara da dedim, bəlkə getmək gərəkdir, yaxşı deyil. O adam çağırıb getdi, bir azdan bir də gəldi. Dedim, ikinci dəfə gəlib, yaxşı deyil, gəlin gedək. Onlar getdilər-getmədilər, xatırlamıram, mən getdim. Zalda Asif Atanın görüşü başladı. Onu da deyim ki, Dövlət Təhlükəsizlik Komitəsi Asif Atanın ora gəlişinə yasaq qoymuşdu.

 

- Tələbələrlə görüşünə?

 

- Hə. “20 Yanvar” qırğınından on gün, ya iki həftə sonra idi. Ataya demişdilər, getmə! Asif Ata da israr etmişdi ki, biz söz vermişik, görüş keçirilməlidir. Elə də gəldilər, görüş alındı. Asif Ata danışırdı səhnədə, mən çox şeyi düzgün anlamırdım. Çox da ehtiraslı danışırdı. Bundan öncə nə vaxtsa, ağlıma gəlir, yanımda demişdilər ki, Asif Əfəndiyev böyük şəxsiyyətdir-filan, ancaq ruhi xəstədir, psixoloji problemi var. Yadımda elə bir şey qalmışdı. Ancaq indi o danışdıqca çaşdım, öz-özümə dedim, bəs deyirdilər, bunun ruhi problemi var. Belə xəstə olar?! Bu adam Azərbaycan deyir, Azərbaycan eşidir. Yoldaşlar çoxsaylı suallar verirdilər. Mən sual vermədim, heç bilmirdim nə sual verim. Sadəcə qulaq asırdım. Axırda öz telefonunu verdi ki, maraqlananlarla yenidən, istər tək-tək, istər kütləvi görüşə bilərik. Nömrəsini götürən götürdü, mən də götürdüm. Ən maraqlı cəhət odur ki, o görüşdə Asif Atanı, bəlkə də, ən az anlayan mən oldum, ancaq sonradan onunla bağlantı quran da təkcə mən oldum.

 

Yataqxananın birinci mərtəbəsində, girişdə avtomat telefon vardı. Bir neçə gün sonra zəng elədim, özü götürdü. Dedi, kimsən? Dedim, məni tanımırsınız, sizin görüşünüzə qatılan bir tələbəyəm, sizinlə görüşmək istəyirəm. "Gəl, oğul!" - dedi. Ünvanı soruşdum, getdim.

 

- Harda olurdu, maraqlıdır?

 

- Tibb Universitetinin (“Semaşko”nun yaxınlığında – red.) korpusuyla yan-yana, Səməd Vurğun küçəsində, beşmərtəbəli binada. Getdim, tək idi evdə.

 

- O gün getdiniz elə?

 

- Hə, zəng elədiyim gün getdim. Birotaqlı evi vardı. Oturduq. Dedi, eşidirəm səni. Mən də danışdım, niyə gəlmişəm, nə istəyirəm. Başladım Borçalı ilə bağlı danışmağa. Söhbətim “vətən” mövzusunda idi. O çağlar, doğrusu, vətən məsələsiylə bağlı elə də dərin bir şey düşünmürdüm. Elə belə, hamı kimi rahatsızlıqlarım vardı. Öz kəndimizin adının dəyişilməsi, Borçalı toponimlərinə münasibət… Əsgərlikdən gələndə bir şeir yazmışdım, Kəpənəkçiylə bağlı, adın dəyişdi-filan. Ata maraqla qulaq asırdı. Elə maraqla qulaq asırdı ki, adam istəyirdi danışdıqca danışsın. Sonra gördü, sözüm qurtarıb, dedi "aydındır, oğul, indi Ataya qulaq as". Özü haqqında üçüncü şəxs kimi danışırdı. Mən dinlədim, o danışdı. Getdikcə ehtiraslanırdı. Sanki böyük bir auditoriya qarşısında danışırdı. Gözünü yummuşdu. Mən özümün "İnam sorağında" kitabımda yazmışam ki, əgər o anda durub sakitcə getsəydim, yenə danışacaqdı. Üzünü sabaha tutub danışır, sanki. Yanaqları pörtmüşdü, tər puçurları gəlirdi üzünə, alnına. Qulaq asırdım. Öz-özümə utandım ki, belə bir adamın qabağında mən də durub vətəndən danışıram. Tər məni basdı, xəcalət çəkirdim.

 

 

- Nədən danışırdı konkret?

 

- Məsələn, danışırdı Azərbaycanın qədimliyindən, dəyərlərindən, indiki durumundan, gələcəyindən. Azərbaycan onun üçün nədir? Onu deyirdi. Obraz yaradırdı ağlımda. Nə isə, sözünü qurtardı, gözünü açıb təbəssümlə üzümə baxdı. Dedi, sualın varmı, oğul?  Dedim, yoxdur. Ayağa durdum. Gördü ki, mən qaçaraq durdum, o da ayağa durdu. Çıxmağa çalışırdım artıq. Ayrıldıq. Pilləkanla aşağı düşəndə, tamam elə bil, başqa bir aləmdə idim. Düşünürdüm, mən hara gəlmişəm, bu kişi nə danışır, düzmü deyir görəsən? Nəyi düz deyir, nəyi doğru demir?! Bu kişinin yanına gəlməyim doğrudurmu? Tamam başqa bir aləmdə idim. O cür də düşünə-düşünə getdim. Bir-iki gün belə gərgin oldum. Hətta, dərsə getmədim. Başkeçidli bir otaq yoldaşım vardı. Soruşdu ki, dərsə niyə gəlmirsən, müəllim sənə qayıb yazdı. Ona başqa bir şey dedim, istəmirdim bilsin ki, mən Asif Atanın yanına getmişəm. Onların hamısı özlərini qıraqda saxlayırdılar, guya heç bir təsirə düşmürlər. İndi belə çıxır ki, mən təsirə düşmüşəm, onların isə öz ağlı var, heç bir qıraq təsir onların həyatına girə bilmir. Bir sözlə, halımı gizləməyə çalışırdım. Onda qarışıq bir zaman idi.

 

Ancaq Asif Ata məni özünə çəkirdi, demək olar, hər gün yanına gedirdim. Bir dəfə dedi ki, oğul, sənin vətənçilik, millətçilik ləyaqətin var, istəyərdim Ataya Evlad olasan. Mən bilmirdim axı, Evlad nədir, Ata nədir?! Dedim, mən Asif Atanı özümə mənəvi ata sayıram. Dedi, yox, bizim işimiz var, mübarizəmiz var, Ocağımız var. Dedim, istəyirəm. Dedi, Ocağa gəlmək üçün qayda var, rica yazmaq gərəkdir. Çox bəsit bir şey yazdım, ərizə yönlü. Bir dəfə evinə gedəndə “ərizə”mi ona verdim. Alıb baxdı, üz-gözünü turşutdu bir az. Gördü, hara gəldiyimi bilmirəm. Dedi, aydındır, oğul, qalsın, sonra baxarıq. Vərəqi üzü üstə stolun üstünə qoyub, “vaxtını itirmə, qaranlıqlar yarılsın" dedi. O, ayrılanda, danışarkən sözünü bitirəndə belə deyərdi: “Qaranlıqlar yarılsın!”.

 

Mən qapıdan çölə çıxdım, o qədər pis olmuşdum, sanki havada gəzirdim. Öz-özümə düşündüm: görəsən, mən nəyi düz eləmədim, nə dedim ki, bu kişi mənimlə belə davrandı. "Qaranlıqlar yarılsın" nə deməkdir? Bəlkə, demək istəyir ki, bir də gəlmə. Çox sadəlövh idim.

 

- Həm də çox anlaşılmazdır axı bu məsələ.

 

- Eyni halda özümün də dünyagörüşüm çox aşağı idi. Beləcə, kefi pozulmuş ayrılıb getdim. Üstündən iki-üç gün keçdi, yenidən zəng elədim. Telefonu özü götürdü, gördü mənəm, həyəcanla soruşdu: "Oğul, bəs harda qaldın, gəlmədin, zəng eləmədin, Ata rahatsız oldu”. Mən sevindim ki, bu kişi məndən əl çəkməyibmiş. Ona yalan dedim: "Xəstəydim, indi gəlmək istəyirəm". Gəl, dedi. Yenidən başladım getməyə. Bu gedişlə 10 ay gedib-gəldim. Sonra bir dəfə Atanın yanında olan Ocaqçılardan biri ilə, necəsə, bağlantı qurdum. "Neftçilər"də görüşdük. O, mənə bilgi verdi. Atanın "Mütləqləşmək - Var olmaq" kitabını da özüylə gətirmişdi, verdi mənə. O, anlatdı mənə, rica necə yazılır. Axır ki, yazıb Atanın yanına getdim, Ata məni Ocağa Evlad qəbul elədi.

 

- 90-cı ildə.

 

- Hə, 90-cı ilin axırı. Bax, elə o çağdan mən Asif Atanın Ocağında yavaş-yavaş çalışmalara başladım. İlk anlardan da Atagüzarlıq eləməyə başlamışdım. Ata evdə tək idi, yeməyini hazırlayırdım, evinə, özünə qayğı göstərirdim.

 

- Onda artıq universiteti qurtarmışdınız?

 

- Qurtarmamışdım, son kurs idi.

 

- Asif Ata 35-ci ildəndir dediniz. Ümumiyyətlə, gəlin, Asif Atanın həyatından danışaq. Necə idi, işlərinə necə başladı? “Bilik cəmiyyəti”ndən danışaq.

 

- Deməli, Ata Moskvada təhsilini başa vurandan sonra Azərbaycana qayıtdı, “ədəbi tənqid” yönündə çalışmağa başladı. Həm də özünün ideya-prinsiplərini işləməyə, düşüncələrini sistemləşdirməyə başladı. İdeyalarını yaymaq, həyata keçirmək üçün o çağlar, öncə “Azərbaycan Dövlət Universiteti”ndə "Etika və estetika tərbiyə klubu" yaratdı. Orada düşüncələrini deməyə başladı. Gec-tez rəhbərlik duyuq düşdü ki, Asif müəllim deyəsən “xatalı” danışır. Millətçilikdən danışır, bu isə imperiyanın içində yolverilməz idi. Yavaş-yavaş bəhanələr gətirirdilər, klubu bağlamağa çalışırdılar. Bəhanələr də o idi ki, guya klub təmirə bağlanmalıdır. İşıqları söndürürdülər. Məndə o vaxtın fotoları var. İnsanların əllərində şam, lampa dinləyirdilər. Bilirdilər ki, işıqlar sönəcək. Özləri ilə fənər, şam gətirirdilər.

 

 

- Bakı Dövlət Universitetində?

 

- İndiki Bakı Dövlət Universitetində. Ancaq bunlara baxmayaraq bağladılar klubu. Sonra “Respublika Bilik Cəmiyyəti”nə köçdülər. Orada çoxsaylı görüşlər keçirildi. 79-cu ildə klub Ocaq elan olundu, Asif Əfəndiyev Asif Ata çağırıldı. Ocaq dövrü başladı.

 

70-ci illərdə Ata deyirdi, biz özümüz hakimiyyətə gəlməliyik. Öz dövlətimizi yaratmalıyıq. Öz istədiyimiz kimi onu yönəltməliyik. Özümüzün milli prinsiplərimizi işləməliyik. Ancaq elə ki, DTK onu təqib eləməyə başladı, yörəsində heç kim qalmadı. Hamı qaçıb dağıldı. Demək olar, tək qaldı. Onda qərar verdi ki, Ocaq hakimiyyətə gəlməyəcək. Yəni yol – hakimiyyətçilik deyil, ruhaniyyatçılıqdır: "Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq". Deyirdi, xalqın indiki səviyyəsi çox aşağıdır. İmperiyanın içərisində zaman-zaman xalqı özünə yadlaşdırıblar, qorxudublar. Xalq hazır deyil böyük dəyişikliklərə. Ona görə xalqı içəridən yaratmaq gərəkdir. Xalqı ayağa qaldırmaq gərəkdir. Bax, buna görə deyirdi: "Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq".

 

79-cu ildə "Bilik cəmiyyəti”ndə Ocağı elan eləyib gizli çalışmalara başlamışdı. Gizli olmasına baxmayaraq, yenə də izlənirdi. Yenə ailəsinə basqı göstərilirdi. Qohumlarına basqı göstərilirdi. Qohumları, o çağlar, Asif Atanın üstünə gəlirdilər ki, sənə görə bizi incidirlər, rahat yaşamağa imkan vermirlər. Ata onlara deyirdi ki, gedin, məni qohumluqdan silin və rahat yaşayın. Kənddən, rayondan, bir də görürdün qohumları qaçıb gəlirdilər Bakıya. Çünki xəbər çıxardırdılar ki, bəs Asifi öldürüblər, meyiti körpünün altından tapılıb, morqdadır. Bu cür doğru olmayan informasiyalar yayırdılar, ata, ana, hamısı narahat olurdu. Bundan sonra atası, anası da ona basqı göstərirdilər ki, əl çək inadından, yığış gəl kəndə, ailə qur, ev-eşik yiyəsi ol, sən də hamı kimi sakit, qulağı dinc yaşa. Ata deyirdi: "Mən öz idealımı tapmışam, bundan sonra necə gedim rayona, kəndə?! Müəllimlik gözəl şeydir, ancaq mən müəllimliyə sığa bilməzdim axı. Ona görə düşündüm nə etməli?". Bu qərara gəlir ki, elmi iş götürsün, müdafiə eləsin. Nə olur-olsun Bakıda qalsın

 

Elmi iş götürüb işləyir, müdafiə eləyir. İşə də düzəlir. Ailə də qurur. O, iki dəfə ailə qurub. Birinci osetin qızı ilə. Bu ailə baş tutmur. Qız çox bəsit adam imiş, özü də zəngin ailədənmiş. Tez-tez zənginliyini Asif Ataya xatırladırmış…

 

İkinci dəfə tələbəsi özündən beş yaş kiçik olan, əslən tovuzlu Raya adlı bir xanımla ailə qurur. Bir oğlu da vardı Fuad adında. Sonra  təqiblər başlayır. Sonra ailəyə basqılar... 82-ci ildə, Ocağın elanından 3 il sonra, bu ailə də dağılır. Bu dəfə Raya xanım şərtlər qoyur Atanın qarşısında. Ya ailə, ya da öz ideyaların. Ata deyir, təəssüf ki, məni anlaya bilmirdi. Görüşlərdə sual verirdilər Ataya. Deyirdi, siz onu qınamayın. Heç vaxt keçmiş qadını haqqında artıq söz deməyib.

 

- Sualı necə verirdilər, çox maraqlıdır. Bu şəxsi məsələdir axı...

 

- Düzdür, şəxsi həyata aid sual idi, ancaq hər halda, bu dahi bir insandır. Dahinin həyatında hər şeylə maraqlanır insanlar. Neyləmək olar?! Sualı belə qoyurdular: “Sizin keçmiş qadınınız niyə sizinlə yol getmədi? Niyə sizin əqidənizi qəbul etmədi?”. O da deyirdi, siz onu qınamayın, o, adi bir qadındır. Dahi deyil ki. Elə belə də deyirdi – heç kim dahiyə ərə gəlməz. Sonra ailə məsələsi gəlib o həddə çıxanda, Ata təəssüflənib demişdi: “Raya, sənin üçün həyat təkcə məişətdən ibarət imiş”. Elə də ayrıldılar.

 

- Bəs məişətdə necə idi?

 

- Özü səliqə sevən adam idi, ancaq səliqəyə elə vaxtı olmurdu. Mən gedib eləyirdim. Özünə çay süzərdi, ancaq yemək hazırlaya bilməzdi. Hazır yeməyi olmasaydı, elə ac oturacaqdı, ya da evdə şey-şüy olsaydı piti hazırlayardı. Piti üçün saxsı qabları vardı. Bir-iki tikə ət, kartof, soğan atardı, qaynayıb bişəndə yeyərdi. Ayrı yemək hazırlaya bilmirdi.

 

- İçki içirdimi?

 

- Cavan yaşlarında içib. "Etik-estetik tərbiyə klubu"na qədər olub onun içki dövrü. Ondan sonra içməyib. Siqaret də çəkib Ocağa qədər.

 

- Ocaqda içki içmək qadağandır?

 

- Atada qadağa yoxdur. Sadəcə olaraq məsləhət görmürdü. O özü belə deyirdi, yazıbdır da, içki süni fərəhdir, buna fərəhli insanın ehtiyacı olmamalıdır.

 

- Siz necə, içirsinizmi?

 

- Mən içmirəm.

 

- Heç?

 

- 19 ildir nə içirəm, nə siqaret çəkirəm.

 

- Ocağın əvvəlki vaxtlarında içirdiniz?

 

- Ocağa gələndə içmişəm, siqaret də çəkmişəm. Ata öləndən üzü bu yana siqaret də çəkmirəm, içki də içmirəm. Yaradıcı adamın içi o qədər zəngin olur, düşüncə, hallar o qədər rəngarəng olur ki, onun içkiyə, yəni süni fərəhə ehtiyacı olmur.

 

 

- Ata çay içən idi?

 

- Ata çox çay içən idi. Özü də qənddən çox istifadə edərdi. Hətta xəstələnən vaxtı, hipertoniya idi, həkimlə danışmışdım, demişdi, çalışın, şirin şeylərdən az istifadə eləsin. Mən də Ataya demişdim, bəzi şeylər olmaz, o cümlədən qənddən az istifadə etmək gərəkdir. Zarafata salıb demişdi: "Oğul, nə desən edəcəm, ancaq ilhamım gələndə qəndi çox yeyirəm".

 

- İndi konkret ideya məsələsinə keçək. İslama münasibəti necə idi?

 

- Əslində, Asif Ata bütün dünya dinlərini öyrənəndən sonra, fəlsəfəni, tarixi, estetikanı, hətta mifologiyanı, öyrənəndən sonra bu düşüncəyə gəlib ki, yeni dünyabaxışı gərəkdir, yeni inam gərəkdir. O, deyirdi, bütün dinlər insana qarşıdır. Söz yox, heç bir din pis məqsədlə yaranmayıb. Ancaq yaxşı məqsədlə yaransa da, yaxşı bir şey ortaya gətirmədi. O deyirdi, dinlər insanı alçaldır. Asif Atanın öz dünyabaxışının ortasında isə insan məsələsi dayanır. Ona görə deyirdi, dinlər getməlidir. İnam yalansız olmalıdır.

 

Dinlərin hər birinin özül prinsiplərində yalan var. Mən yazmışam bunları. Söz yox, Atanın ölçüsünə dayanıb yazmışam. Hansı yalanlar var? Məsələn, dünyanın yaranmasına münasibət. Semit dinləri deyir ki, Allah dünyanı 6 gündə yaradıb. Özü də bir baxışla. "Ol" dedi, oldu. Bu "ol dedi"ni biz məcaz kimi qəbul edə bilərik. Ancaq bunu bir həqiqət olaraq qəbul eləmək mümkün deyil. Yəni sanki Allah ismi-əzəm oxuyur, ofsunlayır və birdən-birə kainatın hansısa bir parçası əmələ gəlir. Doğru deyil bu. Bu baxış elmə də ziddir.

 

- Bəs Asif Ata nə deyirdi?

 

- Deyirdi, dünya mənaca əzəlidir, əbədidir, kamildir, sonsuzdur. Dünya özünün əzəli, əbədi, kamil, sonsuz dünyalıq mənasından yaranıb. Dünyanın olmayan vaxtı olmayıb, dünyanın olmayan vaxtı olmayacaq. Dünyada dəyişikliklər var. Deyək ki, dağılmalar var, ölm var, yenidən yaranma var. Ancaq bütöv şəkildə dünya yoxa çıxa bilməz, ya da yoxluqdan varlıq yarana bilməz. Yoxluqdan varlığın yaranması mümkün deyil. Dünya dünyalığın təzahürüdür, görünüşə gəlməsidir, gerçəkləşməsidir. İkinci yalan insana qarşı münasibətdədir, insanı alın yazısı ilə damğalamaqdadır. Fatalizm deyirlər elmdə. Qismətçilik. İnsanın ömrü qabaqcadan proqramlaşdırılıbdır. Ona görə heç nə insanın özündən asılı deyil. Ata deyirdi, bu, insanı alaçaltmaqdır. İnsan ruhani varlıqdır. İnsanın ömrü mexanizm ola bilməz. Onu kompüter kimi idarə etmək olmaz. İnsanın içində çox böyük imkanlar var. İnsan o imkanları aşkarlaya bilər. Əgər kimlərsə aşkarlaya bilmirsə, bir çox imkanlarını özüylə qəbrə aparırsa, bu, məsələnin ayrı tərəfidir. Ancaq bütövlükdə bəşər idrakı sonsuzdur. Bəşər mənəviyyatının  imkanları sonsuzdur. Bunu insan üçün məhdudlaşdırmaq, qəlibə salmaq yolverilməzdir. Üçüncü, o dünya-bu dünya məsələsi... Axirət dünyası ideyası... Dinlərə görə, bu dünya oyun oyuncaqdır, fanidir, yalnız axirət dünyası həqiqidir. İnsanın da məqsədi o olmalıdır ki, “ulu babası” Adəmin və “ulu nənəsi” Həvvanın işlədiyi günahdan çıxsın, Allahın Axirətinə qovuşsun. Baxın, biz, insan olaraq, əzəli günahkar elan olunmuşuq semit dinləri tərəfindən.

 

- Doğulmamışdan...

 

- Elədir. “Ulu babamız”ın, “ulu nənəmiz”in günahının daşıyıcılarıyıq. Əgər biz onların günahının daşıyıcısıyıqsa, onda heç vaxt kamilləşə bilməyəcəyik. Heç vaxt düşüncələrimizdə arına bilməyəcəyik, mənəviyyatımızda durula bilməyəcəyik, daim Allahın basqısı, qorxusu altında olacağıq. Semit dinləri qorxudan allahçılığa çağırır insanı. Asif Ata insançılığa çağrır və deyir: "Bəşərin nicatı insanlaşmaqdadır. İnsanlaşın - insanlaşdırın!" Onun bütün istəyi bu deyimin altındadır.

 

Mən Hüqonun "Səfillər" ilə bağlı bir yazı yazmışdım. Orda da bu məsələyə toxunmuşam. Niyə Jan Valjan qanun tərəfindən daim təqib olunurdu?! Gedib katorqada yaşadı. Çıxandan sonra ixtira elədi, tərəqqiyə kömək etdi. Böyük bir şəhərə, çoxsaylı insanlara dolanmaq şəraiti yaratdı. Mənəviyyat adamına çevrildi. Ancaq qanun yenə də onu təqib edirdi. Niyə? Baxın, bu, həmin tanrısal sistemdəki yalan məsələsindən qaynaqlanır. Tanrısal sistemdəki əyrilikdən gələn münasibətdir. İctimai qanunlarda da özünü göstərir. “Adəm və Həvva rəbbin buyruğuna əməl etmədi, yasaq edilmiş buğda ağacından təam elədi, ayıb yerləri göründü. Rəbb onları qovdu. İndi onlardan törəyənlər əzəli günah daşıyırlar”. Məsələ budur. Əgər bir adam katorqaya düşübsə, deməli, damğalıdır. O, artıq katorqalıdır. Onun ayrı cür aqibəti ola bilməz. Bu yanaşma insanı heç eləməkdir. Heç kim doğulanda kamil doğulmur. İnsan bəlli qüsurlarla yaşaya bilər doğulandan sonra. Ancaq insan özü-özünün yiyəsi olmalıdır. Taleyinin yiyəsi olmalıdır. Özü öz içini qurmalıdır. Düşüncəsinin, ömrünün yönünü qurmalıdır. Buna imkan vermir semit dinləri. Bilirsiniz ki, Tolstoy 50 yaşından sonra Tolstoy olmağa başlayıb. Onun “Etiraflarım” əsəri var. Özünə nə qədər əzab verir. İntihara cəhd edir və s. Ancaq sonra, həyatı ən yüksək səviyyədə anlamağa başlayır. İndi gəl sən ona dahi demə ki, öncələr filan cür olmusan, “ulu baban”la “ulu nənən”in günahını daşıyırsan. Ona görə bu dünyada heç nəyi təsdiq edə bilməzsən, gərək axirətə can atasan. Axirətin də gözəlliyi cənnətdir. Yəni tüfeyli həyat. Çünki orada nə isti var, nə soyuq, nə əzab var, nə zəhmət. Hər şey hazır durub möminləri gözləyir.

 

- Bəli, ancaq seksdir...

 

- Tüfeyli həyatdır bu. Mən yazmışam bu haqda, bizim bəzi məmurlar elə bu həyatı yaşayır. Nə əzab görür, nə əziyyət, nə isti görür, nə soyuq. Hər şey hazırdır. Əslində cənnət, tüfeyli həyat kimi canlanır insanın ağlında. Əzabsız, əziyyətsiz, zəhmətsiz yaşamaq olmaz axı. İnsan həm də gerçək varlıqdır. Gerçək varlıqdırsa, onun zəhməti olmalıdır axı. İkinci, orada doğub-törəmə yoxdur. Ata yox, ana yox, bacı yox, qardaş yox, dostluq yox, kimsə yox. Bəs hara çağırırsan bu insanı?! Atasız, anasız, qardaşsız, bacısız, dostsuz, övladsız bir dünyaya?! Əslində, millətsiz bir dünyaya. Çünki millət bu saydıqlarımızdan olur. Əgər bunlar yoxdursa, millət də yoxdur. Ona görə deyir, millət boş söhbətdir, hamı mənim ümmətimdir. Əslində, bu din bir millət olaraq, bizim etnik kimliyimizə soxulur. Etnik mahiyyətimizi pozur. Vətən ideyası da zədə götürür. “Fani dünya”da nə vətən?!

 

Asif Atanın “Ləyaqətli bəşər” ideyası var. O deyir ki, hər bir millət özü bir dəyərdir. O özü bəşərdir. Heç bir millətin başqa bir millətin dəyərinə qarşı çıxması, mədəniyyətini sıxışdırması, yerini dar eləməsi yolverilməzdir. Çəməndə çiçəklərin hərəsinin öz ətri, öz rəngi, öz gözəlliyi olduğu kimi, millətlərin də öz yeri var. Axı mücərrəd bəşər yoxdur. Bəşər millətlərin uca keyfiyyətlərinin birliyi deməkdir. Ona görə mən yazmışam ki, Məhəmməd peyğəmbər bəşəri peyğəmbər deyil. Çünki bəşəriyyəti ləğv eləməyə girişən adam bəşəri ola bilməz. Bəşər xalqlarının etnik kimliyinə müdaxilə edən adam necə bəşəri ola bilər?! “Sən mənim ümmətimsən, Allah bunu belə buyurub, belə istəyib”. Ancaq qəribədir, ərəbin özünün mədəniyyəti qalır, dili qalır, hər şeyi qalır. Başqa xalqların, deyək ki, bizim, bir türk olaraq, kimliyimiz sıradan çıxarılır. Ona görə də bəşəri deyil. Təbii ki, Asif Ata buna qarşı çıxmalıydı, çıxdı da.

 

- İstəyirəm qısaca Ocaqçılıqla bağlı danışaq. Asif Atanın sağlığında Ocağın nə qədər üzvü var idi?

 

- Ayrı-ayrı çağlarda ayrı-ayrı saylar olubdur. Asif Ata deyirdi, mən istəyirəm, Ocağımızda yüz evlad görüm. Ancaq yüz quru say yox, yüz kamil insan. Ocağa evladlar gəlirdi. Evlad gəlişi o deyən şeydir ki, gəlib ömrünün yönünü dəyişməlidir. “Özüylədöyüş” ideyası var Asif Atanın. Evlad özüylədöyüş yolu keçməlidir, mənəviyyatını yaratmalıdır. Düşüncəsini yaratmalıdır. İdrak insanına çevrilməlidir. Bu baxımdan yanaşanda çox az adam vardı. Ancaq ümumi say kimi götürəndə, məsələn, Asif Atanın sağlığında 82 say olub. Bizim çağımızda kütləvi axın vardı Ocağa. Xalq Cəbhəsi dövrü idi, hərə bir yana gedirdi. Ocağa da gəlirdilər, gedirdilər. Say artıb azalırdı, 50 olurdu, 60 olurdu. Ata öləndə 48 say vardı.

 

- Ocağa üzv olmaq üçün hansı şərtlər var? Siz deyən kimi rica yazılır?

 

- Ocağa üzv olmaq üçün elə bir özəl şərt yoxdur. Hər bir bəşər övladının üzünə açıqdır Ocaq. Rica məsələsi şərt deyil. Rica yazır ki, niyə gəlirəm, nə istəyirəm. Mən gəlirəm ömrümü ruhani mübarizəyə həsr eləməyə – insanlıq uğrunda, millət uğrunda, vətən uğrunda, bəşər uğrunda öz ömrümü ruhani mübarizəyə həsr eləməyə gəlirəm. Buna and içir, ad alır, başlayır ömrünün yönünü dəyişməyə.

 

- O, adı Ocağa girəndə alır?

 

- Hə.

 

- Bütün adları Asif Ata özü qoyub?

 

- Asif Ata qoyub, bəzilərini mən qoymuşam. Dediyim kimi, Ocaqçı ömrünün yönünü dəyişməlidir. Amallaşıb, öyrənib idrak adamı olmalıdır. Yoxsa gəlib-gedib say artırmaq hələ Ocaqçılıq demək deyil. Ocaqçılıq – mənəviyyat insanına çevrilmək deməkdir, iradə insanına çevrilmək deməkdir, idrak insanına çevrilmək deməkdir. Həqiqi ruhani mübarizə insanına çevrilmək deməkdir. Onun başqa amalı, başqa məqsədi olmamalıdır. Yəni onun siyasi oyunları olmamalıdır. “Hakimiyyətə gəlim, hakimiyyətə gəlmək üçün oyunlardan çıxım”. Belə şeylər Ocaq tələblərinə yaddır.

 

- Soylu bəy, indi durum necədir? İndi nə qədər adam var Ocaqda?

 

- İndi konkret Ocaqçı azdır. 10-15 adam. Bir də inamçılar var, çox sayda ocaqsevərlər var. Ocaqçılıq ayrı şeydir. Ocaq mərasimlər keçirir. “Ailə günü” deyirik biz, yəni Ocaq ruhsal ailələrdən əmələ gəlir. “Ailə ayda bir yol “Ailə günü” keçirir. Ailəçilər amallaşma, kamilləşmə, xalqlaşma hesabatı verirlər. Ocağın özünün içdən gələn qaydaları var, ailə onları yaşadır. Ocaqda zəngin ədəbiyyatlar hazırlanır. Ocağın arxivi yaranır. Səfərlər edirik, görüşlər keçiririk. Ocaqçılıq budur. Ocağa bağlı insanlar ki var, ocaqsevərlər, inamçılar, onlar çox olsa da, passivdirlər. Aktiv olan Ocağın özüdür. 

 

- Çox sağ olun, Soylu bəy.

 

- Siz də sağ olun, çağırışa görə təşəkkür edirəm.

 

LENT

26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017