“Mənim o yerlərə dönməyim gəlir” - Əkrəm Əylisli - 79

“Mənim o yerlərə dönməyim gəlir” - <span style="color:red;">Əkrəm Əylisli - 79
6 dekabr 2016
# 12:04

Bu gün Əkrəm Əylislinin 79 yaşı tamam olur. Kulis.Az bu münasibətlə Əkrəm Əylislinin “Mənim o yerlərə dönməyim gəlir” şeirini təqdim edir.

Mənim o yerlərə dönməyim gəlir

(60 yaşıma 13 bayatı)

Mənim o yerlərə dönməyim gəlir

Allah, yol ver gedim, əhd eyləmişəm

Bu yolu bir dəfə geri dönməyə

Bəlkə milyon dəfə cəhd eyləmişəm.

Daha səbr etməyə halım qalmayıb

Daha yol getməyə yolum qalmayıb

Bəsdir, çox demişəm qalım-qalmayım? -

Mənim o yerlərə dönməyim gəlir.

Daş dibindən baş qaldıran göy otdum,

İşıq gördüm – bir balaca boy atdım.

Elə billəm – gəldim, gəzdim, qayıtdım

Mənim o yerlərə dönməyim gəlir.

Elə billəm bu da bir pis yuxuydu:

Düşmənlərim dostlarımdan çoxuydu.

Qoy desinlər: heç əvvəldən yoxuydu –

Mənim o yerlərə dönməyim gəlir

Gəldim, bu şəhərin hər üzün gördüm,

"Domsovet"in gördüm, dənizin gördüm.

Anarın, Mövludun, Ramizin gördüm...

Mənim o yerlərə dönməyim gəlir.

Bu da bir yol idi – tutub gedirdim:

Dünya ilə cəngi-cida edirdim.

Heç bilmədim – nə tapdım, nə itirdim.

Mənim o yerlərə dönməyim gəlir.

Heç bilmədim necə oldu böyürdən

Şeytan çıxdı, insan düşdü dəyərdən.

Şairləri şər qaynadan bu yerdən

Mənim o yerlərə dönməyim gəlir.

Gəldim – bu dünyanın məğzini gördüm.

Naşəxsini gördüm, şəxsini gördüm.

Şeytanın min cürə rəqsini gördüm.

Mənim o yerlərə dönməyim gəlir.

Əyyaşların hacılığın da gördüm,

Dəyyusların ucalığın da gördüm.

Dostları da dar gündə cında gördüm,

Mənim o yerlərə dönməyim gəlir.

Gözüm baxa-baxa soyundu dünya:

Gördüm ki, bir miskin oyundu dünya

İndi bir hava çal – toyumdu, dünya!

Mənim o yerlərə dönməyim gəlir.

Mənə əl eləyir əli Əylisin,

Yağışı-yağmuru, seli Əylisin

İliyimdə əsir yeli Əylisin –

Mənim o yerlərə dönməyim gəlir.

Mənim o yerlərə dönməyim gəlir,

Kaş ki, bu gedişlə qalaydım, Allah

Yorğun ürəyimə bir ağac altda

Oturub bir layla çalaydım, Allah.

Allah, dinlə məni, dinməyim gəlir

Yandığım bəsimdir, sönməyim gəlir

Məni qaldırdığın o pilləkənlə

Sənin hüzuruna enməyim gəlir

Mənim o yerlərə dönməyim gəlir.

Mənim o yerlərə dönməyim gəlir

Allah, yol ver gedim, əhd eyləmişəm

Bu yolu bir dəfə geri dönməyə

Bəlkə milyon dəfə cəhd eyləmişəm

Daha səbr etməyə halım qalmayıb

Daha yol getməyə yolum qalmayıb

Bəsdir, çox demişəm qalım-qalmayım

Mənim o yerlərə dönməyim gəlir.

Fevral, 1997-ci il.

# 1013 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #