Təkamülü bu fosillər sübut edir

Təkamülü bu fosillər sübut edir
5 dekabr 2016
# 13:20

Nobel mükafatçısı genetik François Jacob deyib: “Biologiyada bir neçə əsas fikir var, ancaq onlar arasında ən əhəmiyyətlisi “təkamül” fikridir. Çünki canlılarla əlaqədar bütün qayda və intizamı birləşdirir, müxtəlif canlılar arasında bir qanunauyğunluq qurur və bunları Yer kürəsinin qalan hissəsinə sıx bağlayır. Qısa ifadə etsək, təkamül canlılar aləmindəki çoxnövlülüyün məntiqi açıqlamasını verir.”

Baza məlumat: dilimizdəki “təkamül” sözü bir şəxsin, ya da sistemin mükəmməlliyə doğru dəyişməsi, kamilləşməsi kimi başa düşülsə də, ingilis dilində qarşılığı olan “evolution” sözü latınca açmaq, yaymaq, gizli bir potensialın üzə çıxarılması, yaxud göstərilməsi mənasını verən “evolvere” sözündən gəlir ki, bu açıqlama təkamül prosesinin mahiyyətini anlamaqda bizə daha çox kömək edir. Təkamül prosesi çox vaxt fərdlərin dəyişməsi olaraq təsəvvür edilsə də, əslində o, bir populyasiyada olan genlərin rastgəlmə tezliyinin dəyişməsidir. Təkamülün baş verməsini təmin edən bir neçə mexanizm (təbii seçmə, cinsi seçmə, süni seçmə, miqrasiya, mutasiya və s.) vardır ki, onların işi sayəsində populyasiyada müəyyən genlərin sıxlığı artır, bu “uğurlu” genlərə sahib fərdlər dominantlıq əldə edərək həyatda qalırlar. Təkamül bir xətt üzrə baş verən hadisə deyil. Bəzən eyni növün populyasiyalarında müxtəlif amillərin təsiri altında müxtəlif cür dəyişikliklər baş verir. Yəni, bir növün davamı bir xəttli olmaya bilir.

Zamanda səyahət adətən elmi-fantastik filmlərin mövzusudur. Amma başqa formada onu real həyatda da etmək mümkündür. Yer qabığı boyunca dərinə endikcə əslində həm də zamanda geriyə qayıtmış oluruq. Hal-hazırda yaşayan canlılardan aldığımız məlumatlarla təkamül tarixinin bir qismini öyrənə bilsək də, bu tarixin gerçək sübutlarını yalnız paleontologiya ilə əldə edə bilərik. Fosillər, sağ qalan döllər verə bilməmiş saysız canlıların varlığını, onların böyük yoxolma və fərqliləşmə proseslərini, canlıların bu qitələr üzrə bugünkü yayılmasını və canlı hərəkətlərini izah edir. Onlar vasitəsi ilə biz təkamül proseslərinin zaman ölçüsünü və baş verdiyi dövrdə ətraf mühitin şərtlərini öyrənə bilirik.

Geoloji hadisələrin mütləq yaşını müəyyən etmək üçün radiometrik metoddan istifadə olunur. Maqmatik qayaların içindəki mineralların tərkibində olan radioaktiv elementlərin çevrilməsi sabit sürətlə baş verdiyindən hər element müəyyən yarılanma ömrünə sahibdir. Məsələn, Uran-235 izotopunun yarılanma ömrü 0,7 milyard ildir. Bu, o deməkdir ki, hər 0,7 milyardlıq dövrdə dövrün əvvəlindəki Uran-235 atomlarının yarısı qurğuşuna (Pb 207) çevriləcək. Beləliklə, qayanın içindəki ana atom/qız atom nisbəti qaya yaşının təyin olunmasına imkan verir. Tapıldığı qayanın yaşına əsasən isə fosilin yaşadığı dövr müəyyən edilir.

Fosilləşə bilən canlıların sayı çox azdır. Bunun səbəbi bəzi canlıların çox narın olmaları və ya sərt hissələrinin olmaması, ya da onların rütubətli meşələrdə yaşamalarıdır. Əgər canlı şanslıdırsa və fosilə çevrilə bilibsə, onun dövrümüzə qədər mühafizə olunması üçün içində saxlandığı çöküntü qayaya çevrilməli, həmin qaya aşınmadan və qitələrin altına girmədən milyonlarca il qala bilməli və sonra qaya yer səthinə çıxmalı, paleontoloqların əllərinin çata biləcəyi vəziyyətə gəlməlidir. Bu çətinliyin nəticəsidir ki, müəyyən edilmiş təxminən 250000 fosil növü keçmişdə yaşamış canlıların 1 faizdən belə az hissəsidir. Bununla belə, fosillər bizə bir çox dəyərli məlumatları çatdıra bilirlər:

Tiktaalik: Balıqlardan amfibilərə təkamül keçidinin təmsilçisi olan Tiktaalik Kanadada tapılmışdır. Quru canlılarının atası hesab edilən bu canlı özündə həm balıq (üzgəc, qəlsəmə, pullar), həm də dördayaqlılara (yastı baş, kəllənin üzərində yerləşən gözlər, başa bağlanmayan çiyinlər) xüsusiyyətləri daşıyır. Qəlsəmə ilə yanaşı Tiktaalik ağciyərlərə da sahibdir. Digər maraqlı xüsusiyyəti isə boynunun olmağıdır. Bu bizimkinə bənzəyən, indiyə qədər tapılmış ən qədim boyundur. Bundan başqa insanın qolunda olan bazu, mil, dirsək sümüklərinə uyğun olaraq Tiktaalikin üzgəclərində eyni hissələr ilkin şəkildə var. Bu fosili tapdıqdan sonra Neil Shubinin yazdığı “İçimizdəki balıq” kitabında deyildiyi kimi, bu gün hər biləyimizi bükdüyümüzdə və boynumuzu əydiyimizdə Tiktaalikə təşəkkür edə bilərik. Qurunu istila edən sürünən, ağaclara dırmanan primat, dünyanı dəyişən insan əli də üzgəclərdəki o xəzinədən inkişaf edib.

Tiktaalik

Microraptor gui: 140 milyon il əvvələ aid tüklü dinozavrdır. Çin daş faunasından olan bu heyvan quşların dinozavrlardan təkamül etməsini göstərən nümunələrdəndir.

Archaeopteryx lithographica: Üst Yura təbəqəsində aiddir. Kəskin dişli çənəsi, uzun sümüklü quyruğu, “öldürücü pəncə” adlandırılan ikinci ayaq barmağı onu dinozavrlara bənzətsə də, kiçik bədən ölçüsü, uçma və ya havada süzmə qabiliyyəti arxeopteriksi quşlara yaxınlaşdırır. Günümüzə qədər Arxeopteriksə aid 11 fosil tapılmışdır.

Archaeopteryx

Sürünənlərdən məməlilərə:

Paleothyris: 311 milyon əvvəl yaşamış bu sürünəndə məməlilərdəki gicgah boşluğu yoxdur.

Paleothyris

Archaeothyris: Kiçik gicgah boşluğunu əhatə edən sümüklər məməlilərdə olduğu kimi azalmışdır.

Archaeothyris

Varanops: Ataları ilə müqayisədə gicgah boşluğu daha böyükdür. Alt çənə sümüyü kiçilməyə başlamışdır.

Varanops

Procynosuchus: Alt çənə sümüyü bir sümük şəklində olmağa başlamışdır (məməlilərdəki kimi).

Procynosuchus

Dvinia: Alt çənə sümüyü məməlilərdəki kimi tək sümük şəklindədir.

Ambulocetus: 48-47 milyon il əvvəl yaşamış “üzən-yeriyən balina” adlandırılan bu fosil balinaların quruda yaşayan məməlilərdən təkamül etməsini açıq şəkildə özündə göstərir. Bu su məməlisinin arxa ayaqları quruda hərəkətdən daha çox suda üzməyə, burunları su altında udqunmağa, periodik sümükləri su altında eşitməyə uyğun olmuşdur. Onurğasının anatomiyasından görünür ki, o da, balinalar kimi onurğasını yuxarı-aşağı (balıqlar kimi sağa-sola deyil) hərəkət etdirərək üzüb.

Ambulocetus

Ambulocetus-dan başqa balinaların təkamülünü daha da aydınladan bir neçə başqa fosillər də tapılmışdır ki, onlar artıq həm quruda, həm suda deyil, yalnız suda yaşamışlar:

Basilosaurus

Dorudon

Ardipithecus ramidus: (adətən “Ardi” adı ilə tanınır). Şimpanze və insanın ortaq atası ilə insanın ilk təmsilçisi hesab edilən Avstralopitek arasında keçid forma olan fosil 1994-cü ildə tapılmışdır. 120 sm hündürlükdə, 50 kq ağırlığında olan bu dişi 4,4 milyon il əvvəl yaşamışdır. Kəllə qutusu və beyni şimpanzedə olduğu kimi kiçikdir. Avstralopitek qədər rahat olmasa da iki ayaqüstə yeriyə bildiyi, ağacda həm əl, həm də ayaqları ilə hərəkət etdiyi düşünülür.

Ardipithecus ramidus

Australopithecus anamensis: 4,2-3,9 milyon il əvvəl yaşamışdır. Kəllə qutusu ilk şimpanzelərdəki kimi olsa da, bədəni daha yaxşı inkişaf etmişdir. Müasir insanın ayağındakı qamış sümüyünün ilkin formada yaranmağı onun iki ayaqüstdə hərəkət etməsini göstərir.

Hər bir fərd özündə əcdadın xüsusiyyətlərini daşıyıb onu kodlarla növbəti nəslə ötürən körpü funksiyasını daşıyır. Kodlanmış əlamətlər isə nəsillər boyu sabit olmayıb dəyişkəndir. Ona görə də hər birimiz keçid fosilləşə və bir gün zamanda geriyə qayıdan birinin yolunu işıqlandıra bilərik.

yasilelm.com

Mehri Rəhimli

# 958 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #