Qatil həkimin dəli oğlu

Qatil həkimin dəli oğlu
1 dekabr 2016
# 17:10

Kulis.Az Sevinc Elsevərin “Yazmağa dair” yazısını təqdim edir.

Mən uşaq olanda qəsəbəmizdə hamının dəli Behi çağırdığı bir oğlan yaşayırdı. Boyu olduqca uca idi. Bütün gününü küçədə keçirir, evlərini, həyətlərini əhatəyə alan daş divarı mismarla cızırdı. Öz divarlarını çox gözəl tanıyırdı. Başqa heç kimin divarını cızmazdı deyə kimsə də onun işinə qarışmazdı. O, səhərdən-axşama qədər divarın üstünə nə yazırdı, nə cızırdı, nə demək istəyirdi, heç kim bilmirdi. Onun ancaq özünə tanış olan əlifbasıyla, özünün bildiyi dildə yazdığı yazılardan heç kim baş çıxarmağı bacarmırdı.

Dəli Behi divarın üstündə cızdığı yazılarla Qobustanda qayaların üstünü cızan, şəkillər çəkən o ən qədim adam kimi sanki gələcək nəsillərə hansısa mesajı ötürmək istəyirdi. Divarın üstündə onun cızdığı xətlər bir-biri ilə kəsişir, bəzən yazılar bir-birinin üstünə düşürdü. Divarda təmiz bir yer qalmamışdı. Amma dəli Behi usanmaq bilmirdi. Elə cızır, cızır, cızırdı.

Bu divar onun üçün alınmaz qala, istehkam kimi idi. Yorulanda kürəyini o divara söykəyib tərpənmədən dayanırdı. Uşaqlar səkinin həmin hissəsindən keçməyə qorxurdular. Bilirdik ki, o, heç kimə ziyan verən deyil. Amma yenə ehtiyatla davranırdıq, xüsusilə biz qızlar. Oğlanlarsa Behi ilə zarafatlaşır, onu ələ salır, hirsləndirir, bundan həzz alırdılar.

Elə ki, uzaqdan “dəli Behi, dəli Behi” deyə qışqırırdın, Behi hər şeyi unudub sənin dalınca qaçırdı. Divar yazmaq, cızmaq qalırdı o yanda, ona dəli Behi deyən adamın dalınca düşürdü.

Behi dəli sözünü niyə bəyənmirdi? Bu sözlə uşaqların onu ələ salmaq istədiyini, küçümsədiyini hardan bilirdi deyə həmişə baş sındırardım. Mənə elə gəlirdi ki, Behi dəliliyin yaxşı şey olmadığını bilirsə, dəli olmamağı da bacarmalıdı. Bəlkə Behi heç dəli deyil deyə düşünürdüm.

Sonra onu da fikirləşirdim ki, bəs dəli deyilsə, niyə yağış bilmir, qar bilmir, isti bilmir, soyuq bilmir bu divarın dibində dayanıb elə yazır, elə yazır. Axı Behi kimin üçün yazır? Kim oxuyacaq yazdıqlarını deyə heç düşünürmü? Yazdıqları üçün narahatdırmı?

Nənəm deyirdi ki, Behinin atası məşhur cərrahdı. Əlində o qədər günahsız adam ölüb ki, Allahın ona acığı tutub, gözünün ağı-qarası bircə oğlunu dəli eləyib salıb çöllərə. Uşaqlıqda nənəmə inanırdım.

Behinin qatil həkim atasının günahı ucbatından dəli olduğuna inansam da, ona çox ürəyim yanırdı. Başa düşmürdüm ki, axı Behinin günahı nədir? Niyə atası dəli olmurdu ki? Başqa xəstələri də kəsib öldürməsin?! Bu suala cavab tapa bilmirdim.

Uşaqlar Behiyə sataşır, onunla qaçdı-tutdu oynayırdılar. Daha doğrusu, elə həmişə başqaları qaçır, Behi isə tutmağa çalışırdı. Heç kimin ağlına gəlmirdi ki, bir dəfə də “Behi, indi də sən qaç, mən qovum” desin...

Bəzən o, uşaqlardan birini qovduğu halda, qayıdıb bir başqasının dalınca qaçırdı. Təngnəfəs olub boğulurdu, amma yenə qaçırdı. Onun qışda da nazik olan paltarı qan-tərə batırdı, amma o, qaçmaqdan əl çəkmirdi.

Behi kimə çatırdısa, çatdığı uşağa verdiyi ən ağır cəza onu qaldırıb hündür divarın üstünə qoymaq idi. Divarın üstünə qoyulmaq da uşaqlar üçün yeni bir əyləncə idi. Bir də gördün, divarın üstü doludu uşaqla. Behi hamısını tutub divarın üstünə yığıb, özü də başını aşağı salıb divarı cızır.

Uşaqlar divarın üstündən Behiyə baxır, aralarında gülüşür, danışır, axırda da hoppanıb bir-bir evlərinə dağılışırdılar.

Behi isə yazırdı. Səhər-axşam yazırdı. Kimin oxuyacağı vecinə olmadan, yazdıqlarının gələcəyindən narahat olmadan yazırdı. Yazmaq onu xoşbəxt edirdi.

Bir gün də eşitdik ki, Behini maşın vurub. Uşaqların dalınca o tərəf-bu tərəfə qaçanda sürücülərdən birini çaşdırıb, maşının əyləci yaxşı tutmayıb, Behi düşüb təkərlərin altına.

Biz bilmədik ki, onu da cərrah atasımı əməliyyat eləmişdi? Amma Behi əməliyyatdan sağ çıxmamışdı. Behinin divar üstündə cızdıqları gözümüzə girirdi. Məktəbdən qayıdan baş biz Behigilin küçəsinə çatar-çatmaz şənlənirdik. O, bütün uşaqların şənliyi idi. Həmişə qovurdu uşaqları, heç vaxt siz də məni qovun deməzdi “qaçdı-tutdu” oynayanda.

Həmin küçədən, həmin evin, həmin divarın yanından hamı sükutla keçir indi. O vaxta kimi Behinin divara yazdıqları ilə heç maraqlanmayan uşaqlar ayaqlarını saxlayıb Behinin yazdıqlarını yozmağa, oxumağa çalışırdılar. Hərə bir cür oxuyurdu Behinin yazısını. Biri deyirdi bunu yazıb, biri deyirdi onu. Hərflərə, şəkillərə bənzətməyə çalışırdılar Behinin cızdıqlarını. Behi hələ heç kimin oxumadığı, oxuya bilməyəcəyi kitab idi sanki.

Hərdən ədəbiyyatdan küsürəm. Yazdıqlarım gözümdən düşür. Axı yazmağın nə mənası var deyə danlayıram özümü. Onda yadıma Behi düşür. Onun səhər-axşam, isti-soyuq bilmədən möhkəm, daş divarı mismarla cıza-cıza yazmağı. Yorulmadan, usanmadan yazmaq həvəsi... Yəqin ki, Behinin sağ əli həmişə qabarlı olurmuş, gecələr yatağına girəndə bu qabarlar Behini çox incidirmiş. Amma səhər açılan kimi Behi yeni bir həvəslə sevimli divarını cızmağa gəlirmiş. Onun həyatının mənası elə bu imiş.

Onun öz divarı və mismarı ilə münasibəti mənim ədəbiyyatla münasibətimə necə də bənzəyir. Bunu anlamaq mənim üçün çox kədərlidi əslində...

İllər əvvəl mən Behini uzaqdan səssizcə seyr edərək, ona nə qədər yaxın biri olduğumu anlamırammış.

# 911 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #