82 ilin adamı – İlyas Tapdığın doğum gününə...

82 ilin adamı – <span style="color:red;">İlyas Tapdığın doğum gününə...
25 dekabr 2016
# 20:23

Bu gün şair İlyas Tapdıq vəfat edib. Kulis.az Şərif Ağayarın şairin doğum gününə yazdığı "82 ilin adamı" yazısını təqdim edir.

***

Bir də görürdün budu, Əlibala Hacızadədi, Nahid Hacızadədi ləngərli yerişlə hardansa gəlirlər.

Bilirdin ki, ya içməyə gedirlər, ya içməkdən gəlirlər...

Özü də daha çox “Elmlər Akademiyası” metrosu həndəvərində peyda olurdular.

Buralar yazı-pozu əhli üçün doğma yerlərdir.

Hər yana yaxındır.

Metroya, “Azərbaycan” nəşriyyatına, Bakı Dövlət Universitetinə, Elmlər Akademiyasına, ucuz çay və nərd verilən tələbə şəhərciyinə, lap desən ovçular evinə...

Ona görə hər cür adama rast gəlirsən buralarda: alim, tələbə, yazıçı, şair, jurnalist, qaçqın və s.

Üstəlik, Əlibala Hacızadənin də evi buralardadır.

İş bitər-bitməz Nahid Hacızadə televiziyadan, İlyas Tapdıq nəşriyyatdan sallanıb gəlirlər.

Hərdən, şair Oqtay Rza da axsaya-axsaya özünü yetirir.

Əlində də iri zənbil...

İçində cürbəcür içkilər...

“Yanacaq məndən, qanacaq sizdən!” – Oqtay müəllim içkiyə yanacaq, pula qanacaq deyir. Hamı bilir bunu. Hamı onu da bilir ki, Oqtay müəllim yanacaq kimi qanacağını da məclisdən əsirgəməz.

“Qanacaqsızlığımızı harda görmüsən?” - İlyas Tapdıq ürəklə danışır. “Azərbaycan” jurnalından qonorar alana oxşayır. Amma, hər ehtimal, sözü cəm halda deyib Nahid Hacızadənin də əlini daşın altına qoyur.

Nahid müəllim razılıqla gülümsünüb başını ağır-ağır tərpədir.

Əlibala Hacızadənin əli aşağıdır deyə, ona eyham eləmirlər.

O da məclisi siqaretlə təmin edir.

Nəyi olmasa da siqaretdən kalandır...

Azı üç-dörd qutu olur cibində.

Özü dayanmadan çəksə də, hamıya çatar...

Onda hələ Əlibala müəllim prezident təqaüdü almırdı...

Siqaret ucuz idi...

Zahid Xəlilov küçəsi modernləşməmişdi...

Universitetin yaxınlığında, küçənin ən məhrəm yerindəki ağacların altında xudmani bir kafe vardı.

İlyas Tapdıq və üç muşketyora nə lazımsa vardı burda.

Sakitlik, hüzur, ucuzluq, hərdən stollara yaxınlaşıb sümük üçün minor notlarda miyoldayan alabəzək pişiklər, yolu o tərəflərə düşən doğma insanlar...

Süfrələri kasıb olsa da inanılmaz mərdlik göstərirdilər.

Onların süfrəsində “qanacaq” Oqtay Rzanın dediyi anlamda deyil, öz müstəqim mənasındaydı.

Əlibala Hacızadə prezident təqaüdü alanda badə dostlarını atmadı.

Yenə bir yerdə idilər.

Süfrələri daha da zənginləşmişdi və adama daha ürəklə qanacaq göstərirdilər.

Mən də oralarda yaşayırdım deyə, tez-tez bu kafeyə yolum düşürdü.

Demək olar, zorla stollarında oturdurdular.

Bir dəfə gecənin qaranlığında Oqtay Rza hıqqana-hıqqana özünü yetirdi.

Əlində iki nəhəng zənbil vardı.

Mən qalxıb ona kömək eləyəndə Oqtay Rzanın bu zindan kimi ağır zənbilləri düşürdüyü taksidən necə gətirdiyinə məəttəl qaldım.

Amma içindəkinin nə olduğunu biləndə, heyrətim sovuşub getdi: “Yanacaq!”

“Salam, mirzələr! Çox gecikmədim ki?” – Oqtay Rza əllərinin yanıyla toqqasını rahlayıb soruşdu.

“Lap vaxtında gəlmisən.” – İlyas Tapdıq həmişəki sirli qımışmasını burda da nümayiş etdirib qonağa stul göstərdi.

Oqtay müəllim hardan gəlsə yaxşıdır? Salyandan!

Bəli, düz oxudunuz...

Salyandan birbaşa məclisə gəlirdi Oqtay Rza və bu pay-püşkü də ordan gətirirdi.

Yaşlı dostları onun Salyandan buracan gəlişinə uyğun elə görüşmüş, elə oturmuş, sifarişi elə vermişdilər ki, Oqtay müəllimlə kabab dabanqırma gəldi stola.

Oqtay müəllimin ağır zənbillərindən çıxan iki butulka şəftəli arağı stolu bəzədi.

Vur-çatlasın başladı.

Oqtay müəllimin ağır zənbillərinin içindəki çoxlu Salyan pivəsi də vardı.

Amma isinmişdi.

Birini açıb qoxladım.

Müdhiş idi.

İlyas müəllim bığaltı qımışıb izahat verdi: “Sən beləsini heç yerdə görməzsən! Bunu Oqtaya xüsusi olaraq pay qoyurlar.”

“Məncə, verək, soyuducuya qoysunlar” – pivəbazam. Mənim yanacağım da, qanacağım da pivədir.

“Yox!” – İlyas müəllim əlini yuxarı qaldırdı – “Onları soyuducuya qoyma!”

“Niyə?” – maraqla üzünə baxdım.

“Bilmirsənsə, bil, qocalar pivə içmirlər. Bu yaşdan sonra pivə bizim kimi adamlara artıq yükdür. Oqtay pivələrini həmişə cavan dost-tanışa hədiyyə eləyir. Bu dəfə qismət səninmiş!”

“Bəli!” – Oqtay Rza necə qışqırdısa, yerimdən dik atıldım. Əlibala Hacızadə xırıltıyla güləndə şəftəli arağının yaxşı olduğunu anladım. Nahid müəllimə elə hey yeyirdi. Gicgahları oynayırdı. Amma arada gülməyi də unutmurdu.

Məni stoldakılardan fərqləndirən təkcə pivəyə münasibət deyildi.

Onların danışıb qah-qah güldükləri lətifələrə gülməyim gəlmirdi.

Əvvəl elə bildim başa düşmürəm.

Sonra gördüm, yox, bunlar zamanı keçmiş lətifələrdir.

Ordaca dərk elədim ki, qocalıq həm də lətifələrin köhnəlməsidir.

Daha doğrusu, köhnə lətifələrə gülməkdir.

Ona görə, onların müddəti keçmiş lətifə keyfinə mane olmaq istəmədim.

Danışıb güləndə mən də yalandan gülürdüm ki, xətirləri xoş olsun.

Qəribədir, yorulmurdum onlarla...

Ümumiyyətlə, qoca adamlarla ünsiyyətim tutur.

Onlara həm də canlı tarix kimi baxırdım.

Təsəvvür edin, İlyas Tapdıq cavan vaxtı Əli Kərimlə güləşib və onu yıxıb.

Əli Kərim güləşə gedirmiş, düşünüb ki, bu irigövdəli Gədəbəy balasını asanca aşıracaq.

Ancaq urbanistik bicliklər dağ enerjisinə qalib gələ bilməyib...

Əlibala Hacızadənin kitablarını Qarabağ dağlarının ucqar Alp çəmənliklərində qoyun otaran cavanların toqqasında görmüşəm...

Oqtay Rzanı Xəlil Rzanın qardaşı hesab edirdim vaxtıyla...

Sonra gördüm elə qardaş kimi şeydilər...

Ən gec Nahid Hacızadəyə qanım qaynadı.

Məmur tipi vardı ona görə...

Əlibala müəllim öləndən sonra onları bir daha bir yerdə görmədim.

Məşhur “Antanta” dağılmışdı...

Az keçməmiş İlyas Tapdığın ayağı qırıldı.

O da ortalardan çəkildi.

Nahid Hacızadə də oralardan yox oldu.

Yəqin o da qocalığın tənhalıq mərhələsinə adlamışdı.

Ancaq Oqtay Rza şeirdə olduğu kimi, yanacaq-qanacaq işlərində də inadkardır...

O gün məclisdə görmüşəm...

Hamı sevgiylə yanaşsa da nəsə qərib idi elə bil...

Qocaldıqca lap balacalaşıb, büzüşüb, danışanda cücə kimi civildəyir.

Amma badə yenə əlindədir!

Heç kimə macal vermir.

Sağlıqları yenə ayaq üstə deyir: “Haydı, Mirzələr, badələriniz doldurun!”

Bu gün haqqında söz açdığım müqəddəs dördlüyün bir üzvünün doğum günüdür.

İlyas Tapdığın...

Düz 82 yaşı tamam olur.

Az qala bir əsrin kürəyini yerə vurub.

Yazısı-pozusu, qanacağı-yanacağı öz yerində, adam həm də canlı tarixdir.

Yaddaşı da möhkəmdir.

Çox istəyərdim, xatirələrini yazsın.

Məsələn, bir dəfə mənə danışmışdı ki, Məmməd Araz “Salamat qal” şeirini Aşıq Şəmşirin atası Aşıq Qurbana nəzirə yazmışdı.

Aşıq Qurbanın belə bir misrası vardı: “Gedirəm, salamat qalasan dağlar...”

Şeirin ilk vaxtlarında onu Aşıq Qurbana ithaf eləmişdi.

Sonra gördü, kişini elə də tanıyan yoxdu, epiqrafı sildi...

Və daha nələr...

Özü də İlyas Tapdıq yalan danışan, üzgörənlik edən qocalardan deyil.

Fikir vermişəm, danışanda elə danışır, elə bil yanında üç-dörd şahidi var.

Yalan desə, danlayacaq, hətta söyəcəklər.

Adi detalı belə yanlış söyləmir...

Məncə, onun məlum titullara çatmasına əngəl törədən ən ciddi amil də bax budur.

Yoxsa şeiri şeir, adamlığı adamlıq...

Oqtay müəllim demiş, yanacağı da, qanacağı da yerində...

Ancaq, yaman ləng yerişi var...

Ayaqlarını sürüyə-sürüyə boynunu qısıb elə asta, rahat yeriyir, deyirsən bu dünyada hər şey qaydasındadır və narahat olmağa heç bir əsas yoxdur.

Hərdən düşünürəm ki, bir az möhkəm yerisə, daha tez qocalardı.

Zamanın sürətdən asılılığı məsələsi...

İlyas Tapdıq göstərdi ki, xoşbəxtlik tələsməklə deyil...

O istəsə arxadan da gəlib çata bilər sənə...

Arzum budur İlyas Tapdıq ölümə də tələsməsin.

Əsrin ona 18 il borcu var...

Məncə, qaytarmağa qanacağı çatar...

30.11.2016

# 1320 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #