“Cəhənnəmdən keçmiş mələk” – ROMANDAN PARÇA

“Cəhənnəmdən keçmiş mələk” – <span style="color:red;">ROMANDAN PARÇA
29 noyabr 2016
# 12:02

Kulis.Az Bircənin “Cəhənnəmdən keçmiş mələk” romanından növbəti parçanı təqdim edir.

Cəhənnəmdən keçmiş mələk

Avtobioqrafik roman

əvvəli burada

Bizimlə bir dam altında yaşayan kiçik əmim Cahangir bütün qazancını bizə yedirdərdi. Qardaşlarımın təhsil almasında da onun böyük rolu olmuşdu. Atam, nənəm nə qədər çalışırdılarsa evlənmirdi. Sonralar bildim ki, onun sevdiyi qıza qovuşmasına nənəm razılıq verməyib, Cahangir əmim də bu səbəbdən evlənmirmiş. Burdaca deyim ki, yazıq əmim elə o sevginin badına getdi. Nənəmin inadından dönməyəcəyinə tam əmin olandan sonra üz tutdu Orta Asiyaya. Məzarı da qürbətdə qaldı...

Cahangir əmim məni bir ayrı istəklə sevərdi. Arabir mənlə evcik-evcik oynardı. Nənəmə şirmayı dilli bir radio almışdı, mən evciyimi qurardım, əmim o radionu gətirib mənim evciyimə qoyardı. Radio evciyimdə olanda mən dünyanın ən varlı xanımı olardım. Ancaq xanımlığım uzun sürməzdi, məndən iki yaş böyük qardaşım, sevincimin qanadlarını yolmaqdan ayrıca zövq alan Hakim radionu qapıb yerinə qaytarardı.

Bir də Cahangir əmim nənəmin üzüklərini, bilərziyini oğurlayıb mənə verəndə çox xoşbəxt olardım. Qızılları üst-başıma düzüb saatlarla güzgü qabağında qalardım. Bu xoşbəxtliyi də Hakim tezcə burnumdan tökərdi.

Nənəmin sandığını eşməkdən yaman xoşlanırdım. Orada nələr olmazdı – al-əlvan kəlağayılar, bəzəkli parçalar, corablar, dəsmallar... Ən çox da nənəmin gümüş kəmərindən ötrü ürəyim axırdı. Heç belimdə dayanmazdı o kəmər, qarnımı nə qədər şişirtsəm də, yenə şaqqıltıyla ayaqlarımın altına düşərdi. Bunlardan başqa, sandıqda nənəm sürgündə olan qardaşlarının məktublarını, şəkillərini də saxlayırdı. O məktubların çoxu indi də məndə qalır. Sandığın lap dibindəki qırmızı karton qutunun içində saxladığı “Krasnaya Moskva” ətiri, üstünə “Karmen” yazılmış yumru pudra mənə möcüzə kimi görsənirdi. Bu iki əşyanı saatlarla əlimdə tutar, baxmaqdan doymazdım. Nənəmə yalvarardım ki, tərləmişəm, aç bunlardan bir az sürt boyun-boğazıma. Açmazdı.

Yeniyetmə qızların tərindən qəribə bir qoxu gələr. Nənəm deyərdi çəpiş vaxtı qızların təri də bir ayrı cür qoxuyar. Əlimizdən tutub bizi aparardı həyətdəki nanəliyə, deyərdi nanədən yolun, qoyun qoltuğunuza. Nanənin xoş ətri saatlarla canımızdan getməzdi. Mən bir az böyüyəndə əmim mənə parabüzən formalı, üstü xallı ətir almışdı. O ətrin şüşəsini uzun zaman özümdə saxladım, atmadım.

Balaca olanda mandarini çox sevərdim. Cahangir əmim məni bu ləzzətə tamarzı qalmağa qoymazdı. Bir yol da məni Batumiyə həkimə aparmışdılar. Orada mandarin ağacını, ağacın budaqlarından lampa kimi sallanan mandarinləri görəndə sevincdən dilim batmışdı. O çağacan elə bilirdim bu meyvə hardasa zavodda-fabrikdə düzəldilir. O qədər mandarin yemişdim ki, bütün bədənim səpmişdi. O barlı-bəhərli mandarin ağacları bu gün də gözlərimin yaddaşından itməyib, tez-tez yuxuma girir.

Qardaşlarım da, mən də subay əmimlə dul bibimi o biri əmimiz uşaqlarına qısqanardıq. Cahangir əmim mən baxa-baxa onlara qayğı göstərsəydi, ya nəsə yeməli bir şey versəydi, günlərlə ağlayar, onu danışdırmazdım.

Anamız tərəfə isə heç isinişə bilmədik.

***

Xalalarım üzümüzü görən kimi nənəmi, əmilərimi, bibimi pisləyərdilər. Ancaq bir dəfə də eşitmədim ki, əmilərim dayılarımı, xalalarımı yamanlasınlar. İki nəsil bizim üstümüzdə rəqabət aparırdı. Xalalarım elə bilirdilər ki, onlara getməyə bizi əmilərim, nənəm qoymur. Qardaşlarıma bir söz deməzdilər, ancaq məni xala, dayı evində qalmağa nənəm heç vaxt qoymazdı, nə işin qalıb oralarda, deyərdi, hərəsinin evində bir sürü oğlan uşağı var. Nənəm dayılarımı məni öpməyə də qoymazdı.

Bir gün subay dayımla xalam qızı bizə gəlib məni dilə tutdular, qonşu kənddəki evlərinə bir gecəlik qonaq apardılar. Onda altı yaşım vardı, nənəm xəstəxanada yatırdı. İlk dəfəydi ki, nənəmdən xəbərsiz yad yerdə qalacaqdım.

Xalamgildə məni bəh-bəhlə qarşıladılar. Günortaya kimi həyətdə oynadım. Xalam mənə qolları, ətəkləri qırçınlı qəşəng bir don tikmişdi, o donu geyindirdilər əynimə, saçlarımı hördülər, qırmızı bantlar bağladılar. Məni o qədər atıb tutdular, o qədər öpdülər ki, yorulub əldən düşdüm. Nə qədər əzizlənsəm də, yenə fikrim öz evimizdə qalmışdı. Ən çox da ondan qorxurdum ki, birdən nənəm evə qayıdıb məni görməz, yenidən xəstələnər. Dayım tez-tez məni hədələyirdi ki, evinizə qayıtmaq istəsən, hər şeyi əlindən alacağıq.

Bu yandan da Cahangir əmim işdən gəlib məni evdə görməz, soruşanda anam deyər xalasıgildədi. Əmim də eləməz tənbəllik, birbaşa sürər xalamgilə. Əmimin maşınını görən kimi dayımla xalam başladılar donquldanmağa. O hələ maşından düşməmiş xalam qayıtdı ki, bu it nəyə gəlib? Mən tezcə:

- İt deyil, əmimdi, - dedim.

Xalam başa düşdüyümü görüncə tez məni azdırmaq istədi:

- Yox, mən öz itimizi deyirəm, - deyib pilləkənin altında yatmış qara iti göstərdi.

Əmim hamıyla görüşüb oturdu. Duranda sakitcə dedi ki, Bircəni də aparıram. Xalam başladı hay-küy salmağa:

- Olmaz, uşaq bu gecə bizdə qalacaq!

Əmim pilləkəni kefsiz-kefsiz düşüb mənə sarı qayıtdı:

- Sənə şirin şeylər almışam, gəl maşından götür.

Maşında o vaxtlar çox matah olan qoz halvası, dəmir qablarda satılan “manpası” adlı bəzəkli şirnilər vardı. Mən bunları götürəndə birdən əmim qayıtdı ki:

- Əgər mənlə getməsən, mən evə tək qayıtsam, öləcəm.

Çox qorxdum, inandım ki, evimizə dönməsəm, əmim öləcək. Ona “gözlə” deyib, paltarlarımı, dayımın mənə aldığı kuklaları götürmək üçün evə qaçdım. Bu səfər də xalamla dayım dedilər ki, bizi burda qoyub əminlə getsən, sənə heç nə verməyəcəyik. Qaldım iki od arasında, gah əmimin üstünə qaçdım, gah dayımın. Bu arada əmim onları yenə pisləmədi, bircə bunu dedi ki, bu gecə mən o evdə sənsiz qala bilməyəcəm. Amma xalam kəsib kirimədi ki, əmin pisdi, qoy çıxıb getsin, bizi sındırma, nə bilim, daha nələr, nələr...

Sonunda mən əmimi seçdım. Balaca torbamı götürüb pilləkəni düşəndə xalam qabağımı kəsdi:

- Gedirsənsə, soyun mən tikən donu, aç saçındakı bantları!

Mən torbamı ayaqlarımın arasına aldım, bir göz qırpımında dartıb donu əynimdən çıxardım, saçımı yola-yola bantları qoparıb pilləkənə atdım. Qaldım lüt. Torbamı qapıb əmimin üstünə qaçdım. Arxamda göy gurultusuna bənzər bir gülüşmə qopdu. Əmim onlara baxmadan köynəyini soyunub məni köynəyinə bükdü, eləcə tərlikdə sükan arxasına keçib maşını işə saldı. Dayım donum əlində qaça-qaça özünü əmimə çatdırdısa da, əmim ona məhəl qoymadan maşını yerindən tərpədib bir də qapımızda saxladı. Məni o kökdə gətirdiyinə görə anam əmimlə çox acıqlı davrandı. Əmim anama əhəmiyyət vermədi, onu əliboş qaytarmadığıma görə məni çoxlu manpasıyla mükafatlandırdı. Sonradan o donu mənə göndərdilər, ancaq mən onu bir də geymədim.

Donumu soyunub gəldiyim üçün nənəm məni çox ağır cəzalandırdı. Heç vaxt mənə hirslənməyən arvad bir anda yırtıcıya döndü. Mən onun nədən bu hala düşdüyünü düz-əməlli anlamasam da, bilirdim ki, nəsə pis iş tutmuşam. Bu hadisədən sonra nənəm xalamı uzun müddət dindirmədi.

***

Böyüdükcə tez-tez xəstələnərdim. Azarladımmı, yataqdan qalxmağım zülüm olardı. Qızdırmam düşən kimi nənəm soruşardı:

- Güzgü istəmirsən?

Mən başımı heysiz-heysiz bulayanda nənəm yenidən qəm dəryasına batardı. Hakim nənəmin sualını eşidəndə “Kəndir istəyir, kəndir” deyərdi. Nənəm də cin atına minib onu qapısından qovardı. Qəlyan çəkdiyinə görə Hakimin nənəmlə arası olmazdı.

...Böyüyəndə nənəmdən güzgünün mənasını soruşdum; dedi ki, əgər xəstə güzgüyə baxmaq istəyirsə, deməli, sağalır...

Bizim bu ucqar kənddə yaşlı qadınların çoxu, o cümlədən nənəm, nənəmin bacıları siqaret, qəlyan çəkərdi. Hakim buna görə tay-tuş arasında utanardı, nənəmi vərdişindən daşındırmaqdan ötrü təkcə onun özüylə yox, atamla da dimdik-dimdiyə durardı. O, balaca kirpi canıyla nənəmə qarşı açıq hücuma keçəndə arvad bezərdi, qayıdardı ki:

- S...imdən tələyə düşmüşəm, dartıram - qırılır, dartmıram - ölürəm.

Gecələr yanaşı yatardıq - nənəm taxtında, mən öz carpayımda. Nənəm yorğanı sinəmə çəkib tapşırardı ki, əllərini çölə qoy. Səbəbini soruşduqca “əllərini yorğanın altına salsan, əziz adamın ölər”, deyərdi. Mən onun dediyinə inanıb əllərimi yorğanın üstündə çarpazlayar, yuxumu gözləyərdim. Yatana qədər nənəm qaranlıq otaqda dönə-dönə soruşardı: əllərin bayırdadımı? Mən də hər dəfəsində onu arxayın salardım.

...Çox sonralar özüm də ana oldum, istədim oğlumla nənəm mənlə davranan kimi davranım. Ancaq oğlumu dediyimə heç cür inandıra bilmədim. O, əllərini yorğanın üstündə saxlamaq istəmirdi. Mənə acığı tutan kimi deyirdi əllərimi içəri salacam ki, öləsən...

Nənəm tövləmizin seyvanındakı buxarının başında oturub dadlı fəsəlilər, bişilər, südlü cörəklər bişirərdi. Mən, bacılarım, əmim qızları tövlənin qabağını kəsdirib, onun nemətlərinin hazır olmasını səbirsizliklə gözləyərdik. Nənəmin əlləri işləyər, gözlərisə yenə bizdə olardı. Belə günlərin birində Zümrüd bir ayağı uzanılı, o biri ayağı dizdən bükülü oturub nənəmin əlinə baxırdı. Qızın bükülü ayağının dabanı paçasının arasına dirənmişdi. Nənəm oxlovu yerə qoydu, əlini uzadıb Zümrüdün qatlanmış ayağını dartıb o biriylə cütləşdirdi:

- Bir də belə otursan, başını odun yerinə bu sacın altına qoyacam, - dedi.

Bir dəfə də mənə acıqlandı. Atam darvazamızın sol tərəfində yerə başı toppuzlu iri bir ağac mıx çalmışdı. Mən hərdən bu mıxın enli başında oturub kitab oxuyardım. Məni acılamağa belə dili gəlməyən nənəm bunu görəndə az qaldı məni boğub öldürsün. Səbəbini anlamırdım, anlayanda isə nənəm artıq bu dünyada yox idi. Yazıq arvad məni gözdən qoymamağın dərdindən günortalar yata bilmirdi. Məni yiyəsiz buraxmasın deyə qonşuya, qohuma gedə bilmirdi. Nənəm məni yadlar bir yana, bütün doğmalarıma qısqanırdı.

Məni məktəbə də ilk dəfə nənəm aparmışdı. İndi yadıma düşəndə gülmək tutur məni: sinfə girəndə ayaqqabılarımı soyunmuşdum. Nənəm düz bir ay məni məktəbə aparıb gətirdi, dərs bitənəcən məktəbin həyətində oturub məni gözlədi.

***

Bir yaramaz xasiyyətim də vardı: atam mənə, bacılarıma geyim-kecim alanda onların da təzə paltarlarını hökmən birinci mən geyməliydim. Bacılarım səbirlə gözlərdilər. Mən onların paltarlarını, corab alınıbsa corablarını da geyinib bir az fırlanar, sonra da soyunub təpələrinə atardım. Yalnız bundan sonra onların təzə paltar geyinmək ixtiyarı vardı. Hətta yuxarı siniflərdə oxuduğum vaxtlarda da kiçik bacım əlində təzə koftası oturub mənim dərsdən gəlməyimi gözlərdi, mən evə çatan kimi “al bunu, geyin qaytar ki, mən də geyinim”, deyərdi. Mən də naz-qəmzəylə onu gözlədərdim, işlərimi arxayınca görəndən sonra onun təzə koftasını əynimə taxıb çıxarıb özünə qaytarardım.

Beləcə, mən özümdən biri üç yaş, o biri də beş yaş kiçik bacılarıma, məndən iki yaş böyük qardaşım Hakim də mənə qənim kəsilmişdi. Hakim mənə bərk acıqlanan kimi dartıb qolumu kökündən çıxarardı. Elə olardı, bir gündə iki dəfə başıma bu oyunu gətirərdi, ağrıdan qovrulardım. Qolum yanımda sallana-sallana qapı qonşumuz sınıqçı Murad babanın üstünə qaçardım. O da hər dəfəsində nənəmə, qardaşlarıma söyə-söyə qolumu yerinə salardı. Həmin gecəsi zədəli qolumu şikəst övladım kimi yanıma qoyub yatardım. Nənəm də ərinmədən taxtından düşüb qollarımı yorğanın altından çıxarar, təzədən yatağına girərdi. Arvad ölənə qədər mənim qollarımla süpürləşdi. Nənəmə acığım tutan kimi əllərimi dartıb yorğanın altına salardım...

Dərslərimi əla oxuyurdum, üstəlik, qardaşlarımın çoxlu bədii kitabı vardı, o kitabları da gözümə təpirdim. Bunlarla yanaşı, nənəm də mənə bir ərgənlik dərsi keçirdi. Əlimdən gəlməyən ev işi tapılmazdı. Kəndimizin qızları kimi mən də orta məktəbi bitirəndən sonra ərə gedəcəyimi düşünürdüm. Hərçənd adı kimi özü də Hakim qardaşım gündə azı üç dəfə mənim xəyallarımı çilikləyirdi. Gündə üç dəfə nənəmin sandığındakı qədimi Quranı əlinə alıb and içirdi ki, məni ərə getməyə qoymayacaq. O, and içdikcə mən də gündə üç dəfə ölüb dirilirdim. Ərə getmək o biri qızlar kimi mənim də ən yaralı yerim idi. Qardaşımdan bu qəddar hökmün səbəbini soruşanda izah vermirdi, eləcə deyirdi ki, bizim bacımız ərə gedə bilməz, vəssalam. Mən də Hakimin acığına nənəmin qəlyanını daha şövqlə sümürürdüm, elə bilirdim bu yolla ondan qisas alıram.

Sonralar məni məktəbə əmim aparar, dərsdən çıxanda evə dayım qaytarardı. Kəndin yayı isti keçdiyindən yaz bitər-bitməz atam bütün ailəni yaylağa köçürərdi. Bir də məktəb açılanda kəndə qayıdardılar. Mən təbii ki, nənəmlə qalardım. Anam yenə də mənlə düşməncə davranar, məni dağa aparmağa heç təşəbbüs göstərməzdi. Hərdən əmim bir neçə günlüyə məni yaylağa çıxarıb qaytarardı. Onda da anam qardaşlarıma elə qayğı göstərərdi ki, mən qısıldığım küncdən çıxa bilməzdim. Qardaşlarım məni ağladar, anamsa elə bil heç görməzdi məni. Bu işgəncədən qurtulmaq üçün tezcə aranın cəhənnəminə, nənəmin daxmasındakı cənnətimə qayıdardım.

...Dostum, elə buradaca deyim ki, anam məni bu gün də sevmir...

ardı var

# 7548 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #