Yaşamaq ehtirasını yatağın yanında soyunuram – YENİ ŞEİRLƏR

Yaşamaq ehtirasını yatağın yanında soyunuram – <span style="color:red;">YENİ ŞEİRLƏR
25 noyabr 2016
# 13:40

Kulis.Az gənc şair Xuraman Məmmədovanın yeni şeirlərini təqdim edir.


Daş ayaqqabı

Dünyanın ən nəhəng kədərini çiynimə yükləmiş,
Müharibə adını daşımayan,
Damarlarından qan yerinə, çay süzülən adamların ölkəsinə gedirəm.
Ən nəhəng qəlb ağrımla ən xırda sevincimi bir qazana atıram,
İki qoçun olmasa da, iki "yox"un başı bir qazanda qaynayırmış, şair dostum.

Yer kürəsinin çiyninə "allah andı" kimi yüklənmiş adamlarıq biz, əziz şair dostum,
Tənhalığın da iki yaxası bir araya gəlmir,
Xoşbəxtliyin də.
Dünyanın ən ağır adamı olmuşuq, şair dostum,
- Dünyanın ən qəbir adamı.

Gözündən yaş yerinə, oyuncaq tökülən uşaqları da qucağıma alıb getmək istəyirəm,
Qucağında avtomat yerinə "iki çörək" gəzdirən ataları süfrə başına oturtmaq,
Ağzında qarğış yerinə ninni böyüdən anaların ayağının altına yatmaq istəyirəm.
Çiynimə yüklənmiş ağır məyusluğu ancaq beləcə basdıra bilərəm, şair dostum.
Çiynimə oturmuş nəhəng yoxluğu ancaq belə qova bilərəm.

Eşidirsənmi, şair dostum?
Eşidirsənmi? Məzarına qoyulan bir cüt ayaqqabı da daşdandır,
Vallah heç kim geyinmir onu, əziz dostum...
Ayaqqabını da apar özünlə,
Ayaq izlərini də apar...
Onsuz da soyuqdur,
İndi sənin məzarın da şaxtadan küncə sıxıb özünü,
Ayaqqabını da apar özünlə, şair dostum..
Ayaqqabını geyinim, məni də apar...

Sonası

Mən bilmirəm, Sonası,
Bu illərin andı nədir əcəba?
Qucağımda böyüdüyün illərin ən sonunda,
Elə mən də öləcəyəm sənin o qucağında...

Şəkillərinin ətri qəlbimi qıdıqlayır,
Darıxmağın anası da, atası da özüməm,
Sən balaca bir qızsan mənim ata könlümdə,
Səndən başqa birini neynim öz doğmaca evimdə?

Ah bir bilsən, Sonası,
Yandırırlar əlimin bütün zəhmətlərini,
Yandırırlar ürəyimin küncünü, mərkəzini,
Bircə sənsən yanmayan,
Alovun özü sənsən, məni məndən qoruyan...

Çay süz gətir, Sonası,
Çay süz mənim ömrümə,
Əgər məni rəcm etsələr,
Heç çay içmə, Sonası,
Qursağını incidər...

Mənim dinim, imanım sovrulubdur bu yolda,
Mənim boyda adamın gözlərinin ünvanı gah sağda, gah da solda...
Teatrın allahıyam deyirlər,
Səhnələri dağıdıb kül etmişəm..
Onlar bilməz, Sonası,
Bircə sən bilərsən ki,
Mən bu ömrü, həyatı bircə istək uğruna yandırıb, kül etmişəm.
Sən qəm yemə, Sonası,
Elə mən əvəzdən də sən yaşa bu günləri,
Gözünün yaşlarını sevinclərinə saxla,

Sən Cəfərin qadınısan, bu nəyin kədəridir?
Kaş biləydin,
"Çay gətir" söyləyəndə bircə istəyim vardı,
Təkcə mən sənə baxım,
O böyük gələcəyin içindən çıxıb gələn qızların, qadınların simalarını görüm,
Əgər onu mən görsəm, özüm gedib deyəcəm,
Daha istəyim yoxdur, gəlin məni öldürün!...

Gözümüz yol çəkə bilmir.

Gözlərim böyüyüb rəssam olacaq,
Yol çəkməyi sevməsindən bəllidir
Gözlərimiz uzaqlara tikilib,
Uzaqlar da illərdir ki dəbdədir...

...Bu gün anam ipdən asdı uzağı,
Gözümüzün yaşı qurusun deyə.
Uzaqlar da uşaq ikən ölürlər,
Bələkləri “bəlkə”lərə dönəndə...

Mən bilmirəm, hava hansı fəsildir?
Hansı fəslin durnaları gəliblər?
Yanan-sönən ayrılıq işıqları,
Kimə görə belə həşirdədirlər?

Hər ayrılıq başlanğıca yozulur,
Nə qəribə, mən yamanca yorğunam.
Bütün aləm ayrılıqdan qovurulur,
Mən "uzağa" bircə dəmlik susuzam...

Çay içmədik, dərdləşmədik,
Şəklimiz də yox idi...
Bu qocaman əsrdə, bircə foto yadigar da yox idi.
Beynimə qazınan ağır gedişlər, təlatümlü şeirlərdən savayı,
Biz gedəndə arxamızca su atan,
Göz yaşını heybəsinə dolduran
Anamız da yox idi...

Yığışdırdım "süfrəmizi",
Daha qonaqlar gəlməz,
Saat gecəni keçibdi,
Sərxoşlar da evində arvadını söyür,
Bütün romantik kişilər şampan açır gecəyə,
Bütün məhbus sevgilər də gözlərini döyür.
Mən də "qal"ları yuyuram, "get"ləri oğurlayıb tullamışam eyvandan,
Hansı bədbəxtin başına düşübsə bu qarğışım,
Günü sabah gedəsidir bu laxlayan binadan..

Unutmaq ən yaxşısıdır, Matilda

Bütün keçmişlərimi qısqanıram, Leon,
Fəqət anlamıram ki, içimdə olan-bitən eşqdir, aclıqdır,
yoxsa kədərlənmə səyləri.
Sənin pəncərəndə günəşə sarı baxan balaca dibçəyəm,
Ən böyük "yükün" - çamadanın,
Mən də onun kimi qucağında böyüyürəm, Leon.
Bütün köhnə xatirələri qarışdırıram,
Hansı nə vaxt idi unuduram, amma ən pisi odur ki, hamısını xatırlayıram.
Xatırlamaq da böyük intihardır, Leon
Həyat həmişəmi belədir,
Yoxsa yalnız uşaqkən?
Hm...
Həyat həmişə biz görmədiyimiz kimidir, deyəsən, Leon.
Həyat biz görə bilmədiyimiz qədərdir,
Ondan o yanası külqabıdır, deyəsən.
Mən də kədərin buz halıyam səhərlər,
Gecələr buzlarım əriyir,
Deyəsən, mənimçün ən normal haldır, çayın yanında kədərlər...

Gecələr yastıq yerinə kimi qucaqladığımı unuduram,
Kimin saçlarını oxşadığımı,
Kimə şeir oxuduğumu.
Başın ağrıyanda başını ovmağımı xatırlayıram amma, Leon.
Köynəyini bir boyunluq pomada etdiyimi də xatırlayıram
Amma birtək o ankı uşaqtəki utancımı xatırlamağa çəkinirəm, Leon,
Səndən yox, sadəcə o hisslə bir daha qarşılaşsam, çox fransız qalacam,
Çox "nemest" sevəcəm,
Elə olsa, dibçəyin küləyə tab gətirməyəcək, Leon.
Yorğan döşəyimi kədər basıb,
Xatirə doluşub künc-bucağına.
Yorğanıma adın dolanıb, gecələr boynum yorğansız qalanda yuxuda səni görürəm,
Əllərim yorğansız olanda unutduğum birini,
Qucağım yorğansız qalanda özümü unuduram, Leon.
Qucaqsızam,
Laylaysızam,
Vətənsizəm, Leon.
Yaşamaq ehtirasını yatağın yanında soyunuram hər gecə.
Hər gecə yatağa ölü kimi girirəm, Leon...
Mən ölmək istəmirəm, sevmək istəmirəm,
Yaşamaq istəyirəm, Leon...
Yaşamaq...

# 872 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #