Əlil arabasındakı böyük sevgilər - YENİ HEKAYƏ

Əlil arabasındakı böyük sevgilər - <span style="color:red;">YENİ HEKAYƏ
25 noyabr 2016
# 11:35

Kulis.az Amid Əlioğlunun "Əlil arabasındakı böyük sevgilər" hekayəsini təqdim edir.

Qəflətən ayılanda diksinməyindən çox, ətrafına toplaşıb ona baxan insanların çoxluğundan qorxdu. Əlində su dolu qazança tutan anasının, çay dəsmalını çənəsinin altına sıxan bacısının, təcili yardıma dəfələrlə zəng edən atasının və səs-küyə yığışan yaxın qonşularının üzündə dərindən nəfəs müşayiəti ilə təbəssüm cücərdi. Sanki əziyyətləri boşa getməmişdi.

Bütün bunlar onun həmişəkindən gec oyanmasına görə baş vermişdi. Axşam erkən yuxuya gedən oğlanın, növbəti günün ortasına yaxın oyanmadığını görən ailə üzvləri necə deyərlər, aləmi bir-birinə qatmışdılar. Üzünə soyuq su tökən kim, yelpikləyən kim, duanı duaya qatan kim…

Üst geyimləri dəyişdirilən kimi arabasına oturdulmasını istədi. Hamının otaqdan çıxması ilə qapısı bütövlükdə şüşədən ibarət olan eyvana yaxınlaşdı. Çölü bir qədər seyr edəndən sonra ayağa qalxmağa cəhd etdi. Əllərini arabanın dirsəklənəcəyinə sıxıb, qollarının gücüylə bədənini qaldırmağa çalışdı. Təmasını oturacaqdan kəsmişdi, fəqət qolları soyuqdan üşüyən körpə dodaqları kimi əsirdi. Taqətdən düşdü və buraxdı özünü səkkiz illik dərd ortağının qucağına. Boğazı düyünlənmişdi. Kəsik-kəsik aldığı nəfəs burnundan od kimi çıxırdı. Hər ayağına üç-dörd dəfə zərbə endirdi amma istəyinin əksinə olaraq zərbələr ayaqlarını yox, əllərini incidirdi.

Səkkiz il öncə kənddə mindiyi yəhərsiz atın belindən daşların üstünə yıxılması, bir müddət ümumiyyətlə hərəkətsiz qalması, daha sonra isə yerimə qabiliyyətini itirməsi ilə nəticələnmişdi. Hərəkətlə bağlı istəkləri çərçivədə idi. Buna görə də gününü otağında mütaliə etməklə, internetdə araşdırmalar aparmaqla keçirirdi. Çox nadir hallarda ailəsinin onu evdən kənara çıxarmasına izn verirdi.

Son vaxtlar yazıyla məşğul olmağa başlamışdı. Yuxuda gördüklərini oyanan kimi xatırlayıb, yazmağa çalışırdı. Bəzən də yazdıqlarını oxuyub, təhlil edirdi. Təhlilin nəticələrinə əsasən yüzdən çox yazıya çevrilmiş yuxuların heç biri digərinin nə təkrarı idi, nə də davamı idi.

Lakin bu dəfə onu narahat edən bir şey vardı. Bu gün gördüyü və oyanmağını gecikdirən yuxu, iki gün öncə gördüyü yuxunun davamı idi. Bir qədər var-gəl edəndən sonra bunun sadəcə təsadüf olduğunu yəqinləşdirdi. Əli ilə arabasının təkərini hərəkət etdirərək kitab rəfinin yanına gəldi, oxumadığı kitablar cərgəsindən seçim etmədən birini götürüb oxumağa başladı. Beş-altı vərəqdən sonra oxuduqlarının yadında qalmadığını fərq etdi. Yenidən birinci vərəqdən başladı. Nəticə, eyni... Fikrini bir yerə cəmləmək mümkünsüz idi deyə oxuduqlarını yadında saxlaya bilmirdi.

Bir qədər kompüterdə vaxt itirəndən sonra, televizoru açdı. Həmişə izlədiyi xarici elmi kanal göründü. Yaradılış və təkamül adı altında iki qütbə bölünən alimlərin videomüsahibələrindən ibarət veriliş idi. Maraq dairəsində olan mövzu olsa da diqqətlə izləyə bilmədi. Televizoru söndürüb, anasının köməkliyi ilə yatağına girdi. Yorulmuşdu. Gözünü yuman kimi yuxunun ilk dalğalarını hiss etməyə başladı.

On dəqiqə keçməmiş diksinərək oyandı. Yenə eyni yuxunu görürdü. Əslində qorxulu bir şey yox idi. Sadəcə belə halla rastlaşması ilk idi deyə narahat olmuşdu. Hətta oyandığı üçün təəssüfləndi. Bu qədər reallığa yaxın yuxunun içində olmaq həyəcanlıydı. Yenidən o məkana qayıtmaq ümidilə yatmağa çalışdı, fəqət gözünü yumub açmasıyla səhərin açılması bir oldu.

Aradan bir müddət keçdi. Yenə yuxudaydı və üç dəfə yarımçıq qayıtdığı, tanımadığı bir şəhərin küçələrində addımlayırdı. Bəli, addımlayırdı. Yeridiyini fərq edən kimi həyəcanlandı. Dərhal özünü ələ aldı ki, yuxudan oyanmasın. Ətrafdakıların nəzəri üstündə idi. İki-iki, üç-üç keçənlər isə baxıb, bir-birinə nəsə pıçıldayırdı.

İlk dəfə gördüyü küçələri, insanları sağa-sola boylana-boylana müşahidə edirdi. Elə bu dəm, eynən filmlərdəki kimi kimləsə toqquşdu. Özündən asılı olmadan yumduğu gözlərini açmaq istəmirdi. Səs eşitdi. Qadın səsiydi, üzr istəyirdi. Bu səs nə anasının, nə də bacısınındı. Açmağa başladı gözlərini yavaş-yavaş. Əmin oldu ki, hələ də yuxudadır. Qarşısındakı isə, ehtiyatsızlıq edərək yoluna çıxan gözəl bir xanım. Bir qədər danışmadan baxışdılar. Qəflətən ayağında ağrılar hiss etdi. Biixtiyar dizini ovuşdurub başını qaldıranda qız artıq yox olmuşdu. Sağa-sola boylandı, nəticə olmadı.

Ayılanda günəş onun şəhərinə yenicə boylanırdı. Günortaya qədər yerinin içində yuxuda baş verənləri, xüsusilə qızı çox dəqiqliklə xatırladı. Amma nədənsə yazmaq istəmədi.

Gün günə calandıqca oğlanın içindəki narahatlıq artırdı. Qızla toqquşduğu səhnə gözünün önündən getmirdi. Nə illah edirdisə istədiyi yuxuya dala bilmirdi. Həmin məkana aid olmayan bütün yuxular isə əhəmiyyətini itirmişdi.

Araşdırmaq qərarına gəldi. Sorğusuna uyğun yüzlərlə məlumat qarşısında çaş-baş qalmışdı. Müxtəlif adamların başına gələn oxşar hadisələri oxuduqca həyəcanlanırdı. Bir qisim insanlar bunun çox təhlükəli olduğunu qeyd etsə də, bir qismi isə asan, təhlükəsiz, hətta əyləncəli olduğunda israrlı idi.

Daha inandırıcı hesab etdiyi yazının müəllifinə elektron məktub yazaraq detallı məlumat xahiş etdi. Bir gündən sonra poçtunda həmin müəllifdən “astral səyahət” adlı məktub var idi. Ürəyinin döyüntüsünü eşidirdi sanki. Həyacan içində açdı məktubu. Belə yazılmışdı:

“Bunu edə bilmək üçün hər şeydən öncə yerinə yetirilməsi vacib olan şərtlər var.

İlk olaraq uyğun bir yer seçib uzanmalısan. Fikrini cəmləyib bu səyahəti etmə niyyətini dəqiqləşdirmək lazımdır. Hər kəsin yatdığından əmin ol. Əynində səni narahat edən paltarın olmamasına diqqət yetir. Otağın nə çox soyuq, nə də çox isti olmalıdır.

Bacaracağına ürəkdən inanmalısan. Belə olan halda hədəfinə çatmağın asanlaşacaq. Çünki hər şey düşüncədə başlayır. Unutma ki, getdiyin yerdə hərəkətlərini düşüncələrinlə yönləndirəcəksən. Zərrə qədər tərəddüdün səni məqsədindən uzaqlaşdıracaqdır.

Yuxarıda yazmağı unutdum. Bu səyahəti edəcəyin axşam, günboyu sakit və dinc olub olmadığını düşün. Əgər kiminləsə aranda mübahisə olub və buna görə əsəbiləşmisənsə həmin axşam bu təcrübəni etməməyində fayda vardır. Yediklərinə diqqət yetir. Yaxşı olar ki, həmin gün meyvə-tərəvəzə üstünlük verəsən. Alkoqollu içkilər və uyuşdurucu dərmanlardan uzaq dur.

Əsas məsələ, qorxuların. Bu tip səyahətlərdə ən böyük əngəl qorxulardır. Çünki qorxu hissi dərhal geri dönməyinə səbəb ola bilər. Qorxunun təməlində bilgisizlik vardır. Odur ki, bununla bağlı daha çox məlumat əldə etməyini məsləhət görürəm.

Kürəyi üstdə uzanmalısan. Bədəninin hansısa hissəsinin narahat olmamasına çalış. Ayaqlarını qəti şəkildə çarpaz saxlama. Əks halda qan dövranının işi çətinləşər, dolayısı ilə narahatlıq hiss edə bilərsən. Əllərini bədəninə paralel uzat. Başının altında çox hündür olmayan yastıq olmalıdır.

İşə özünü təlqinlə başla. Gedəcəyin yerdən başqa bir şey düşünməməlisən. Yalnız və yalnız getmək istədiyin yeri düşün. Yavaş-yavaş rahatlanma gələcək. Öncə ən zəif səslər yox olacaq. Sonra qaranlıq bir yerdə olduğunu hiss edəcəksən. Bədənindən yuxarıya doğru yüksəldiyini hiss edəndə qorxma. Bir qədər də yüksələndən sonra çevrilib yataqdakı özünə baxa bilərsən. Otağına baxarsan. Əşyalarına toxunarsan. Pəncərəndən baxa bilərsən. Heç bir maneə olmadan otağının divarından keçə bilərsən. Amma ilk dəfə üçün çox uzağa getməyini tövsiyə etmirəm. Əks halda azaraq bədəninə geri dönməkdə çətinlik çəkə bilərsən.

Təəssüratlarını bölüşməyini səbirsizliklə gözləyirəm. Uğurlar”

Dəfələrlə oxudu məktubu. Əzbərləyəcək səviyyəyə çatanda tətbiq etmək üçün gecikmişdi. Səhər oyanar-oyanmaz, məktubda yazıldığı kimi, yediyinə içdiyinə diqqət yetirməyə başladı. Daha doğrusu faydalı qidalar gətirilməsini istədi. Çünki neçə vaxtdır düz-əməlli bir şey yemirdi. İştahası yox idi. Ev əhli sevinc içində oğlana qulluq etməkdən zövq alırdı. Hər şey məqsədinə uyğun gedirdi.

Axşam oldu. Hamı yavaş-yavaş yatmağa hazırlaşırdı. Bircə atasını gözləmək vaxt apardı. Çünki evdə ən gec yatan atasıydı. Əslində hamıdan tez yatırdı. Lakin televizorun önündəki çarpayıdan qalxıb yerinə gedənə kimi anası dəfələrlə çağırmalı olurdu.

Hamının öz yerində yatdığında əmin olanda saat ikini keçirdi. Fikrini cəmləyib, gözlərini yumdu. Yalnız həmin məkanı düşünürdü. Sonuncu dəfə qızla toqquşduğu məkanı. Bir qədər sonra dərin bir səssizliyə düşdü. Daha sonra qaranlıq boşluqda olduğunu hiss etdi. Çarpayısından yuxarıya doğru yüksəldikdən dərhal sonra çevrilib yatağına baxdı. Həqiqətən də özünü görürdü. Otağına bir qədər göz gəzdirdi, məktubdakı xəbərdarlığa məhəl qoymadan uzaqlaşdı. Düşündü ki, ilk dəfə deyil. Artıq təcrübəsi var. Odur ki, tələm-tələsik həmin məkana gəldi.

Vaxt itirmədən axtarışa başladı. Bir qədər gəzdikdən sonra həmin qızı bir rəsm dükanının vitrinindəki rəsmə baxarkən gördü. Ürkək addımlarla yaxınlaşdı qıza sarı. Rəsmdə bir körpünün üstündə yüzlərlə marafon iştirakçısı əks edilmişdi. Bir müddət rəsmə baxdılar və neçə ilin tanışı kimi birlikdə gəzməyə başladılar.

Məlum oldu ki, qız da həmin üsuldan istifadə edir. Bunu bilmək qızı sevindirsə də, oğlanı narahat edirdi. Həyatda fiziki qüsurlu olduğunu qızın bilməsini istəmirdi.

Bu qaydayla xeyli zaman idi ki, yuxuda görüşüb saatlarla söhbətləşirdilər. Oğlan qıza əməlli başlı vurulmuşdu. Qızın da etirazı yox idi. Hətta qız oğlana öz evlərini göstərmiş, birlikdə qızın otağında yatdığını seyr etmişdilər. Lakin oğlan qızdan fərqli olaraq evlərini çöl tərəfdən göstərmiş, əlil arabasını görməsin deyə otağına girməkdən yayındırmışdı.

O məqam gəlib çatdı ki, qız görüş yerinə gəlmədi. Hadisəni təbii qarşılayan oğlan tezliklə bədəninə geri döndü. Növbəti gün yenə də qız yox idi. Bu hal beş-altı dəfə təkrarlananda oğlan narahat olmağa başladı. Yuxuda qızın yaşadığı evi çətinliklə tapsa da, gördüyü mənzərə qarşısında məyus olmuşdu. Onlar həmin evdən köçmüşdü. Artıq orada başqa adamlar yaşayırdı. Bununla barışmaq istəməyən oğlan özünü oraya-buraya vuraraq qızı axtarırdı. Məkandan-məkana yerini dəyişərək axtarışa davam edirdi. Hər şey ani baş verirdi. İldırım sürətilə yer dəyişdirən oğlan yorulmaq bilmirdi. Qarşısına əcaib-qəraib canlılar çıxsa da qorxmurdu. Fəqət getdikcə ümidinin itməsi həyəcanla əvəz olunurdu. Geri qayıdacağı yolları unutmuşdu. Nə qədər cəhd edirdisə öz evlərini tapa bilmirdi. Yaxınlaşmaq əvəzinə daha da uzaqlaşırdı. İş o yerə çatdı ki, təslim olub bir küncə qısıldı. Ətrafda anlam verə bilmədiyi hadisələr baş verirdi. İnsandan başqa hər cür varlıqlar müxtəlif səslər çıxarırdı.

Gözünü yumub açdıqca yenə də həmin məkandan uzaqlaşa bilmirdi. Oturduğu yerdə qalmışdı. Nə qədər müddət keçdiyini bilmədi. Amma özünü pis hiss etməyə başlayırdı. Rəngi getdikcə ağarırdı. Əlini-qolunu hərəkət etdirə bilmirdi. O qədər haldan düşdü ki, gözlərini yummağa başladı yavaş-yavaş. Gözünün qabağı tam qaraldıqdan sonra sükuta qərq oldu.

Ağlaşma səsləri gəldi çoxalan xətlə. Açdı gözlərini. Qəbristanlıqda bir məzarın yanında idi. Nəzər yetirdi ətrafda ağlaşan insanlara. Hamısı tanış simalardı. Atası, anası, bacısı və qohum-əqrəba. Məzarın baş tərəfində küncünə qara bağlanmış şəklini görəndə anladı hər şeyi. Ətrafa daha diqqətlə baxanda isə neçə müddətdir yuxusunda görüşüb aşıq olduğu qızı da gördü. Ən kədərlisi isə qız idi. O, əlil arabasının bir tərəfinə qısılıb için-için ağlayırdı.

# 930 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #