Hardandır bu qəzəb?

Hardandır bu qəzəb?
24 noyabr 2016
# 12:07

Ədəbi mühitdə az-çox tanınmış yazıçılardan birinin romanı çap olunmuşdu və tanınmış tənqidçilərdən biri bu roman haqqında yazı yazmışdı.

Yazını oxudum və şoka düşdüm.

İlahi!

Bu nə qəzəb idi?!

Bu nə nifrət idi?!

Özümü saxlaya bilmədim.

Tənqidçiyə zəng vurdum.

Dedim, a kişi, adam aşağı-yuxarı bir roman yazıb, uzağı roman alınmayıb, sən onun üstünə niyə belə getmisən?

Elə bil cəmi bəlalarımızı baisi bu adamdır.

Tutub dar ağacından asmalıyıq.

Bu nə yanaşmadır?

İnsan niyə bu duyğularla yaşasın axı?

İlin-günün bu vaxtı işindən-gücündən, problemindən-qayğısından vaxt qırtıb nəsə yazan adam ehtirama layiqdir.

Əgər yazdığı alınmasa, zərəri özünün, alınsa, qazancı ədəbiyyatındır.

Sən də uzağı, yaza bilərsən ki, bu, bu, bu səbəblərdən roman alınmayıb.

Vəssəlam!

Burda qəliz nə var?

Adamı niyə söyürsən?

Niyə təhqir edirsən?

Niyə alçaldırsan?

Kim istəyər ki, yazdığı əsər zəif olsun?

Sitatın sonu...

Mən bu yazımda tənqidçinin də, yazıçının da adını yaza bilərdim.

Amma ehtiyac görmürəm.

Çünki bu hal bir nəfərlə, beş nəfərlə bitmir.

Ədəbi mühitimizdə yazan, pozan, çalışan, oxuyan adamlara nifrət edən bir dəstə adam var.

Və bu nifrətlərini gizləyə bilmirlər.

Biri var, mız qoymaq üzrə magistr təhsili alıb elə bil.

Guya bu dəhşət bilgilidir, bizim yazarların nə mal olduğun ovcunun içi kimi bilir, müdrikcəsinə gülümsünür-filan...

Amma sükutu uzun sürmür.

Bir də görürsən hardasa püskürdü.

Facebook belə adamların özünü ifşasına geniş imkanlar yaradıb.

Harda bir zəhmətkeş qələm əhli varsa onu hədəfə alacaq.

Oxumağına, yazmağına lağ edəcək.

Özündə də yanbıza sürtüləsi heç nə yoxdur.

Statuslarında belə zəlildir adam.

İki cümlədə iyirmi səhv buraxaraq Ginnesin kitabına iddialıdır.

Və nifrət edir!

Və qəzəb saçır!

Və əlində imkan ola, adamın dərisinə saman təpər.

İzlədikcə, vahimələnirsən.

Axı niyə?

Yazan-pozan, oxuyan-öyrənən insanlar buna neyləyirlər?

Utanırsan ki, tutub yaxasından silkələyəsən...

Deyəsən, ey insan, ayıl!

Dünya o qədər genişdir ki, Azərbaycan kimi dıqqılı ölkənin bu başından o başına beş yüz kilometrdir.

Yazmaq istəyirsən, yaz, oxumaq istəyirsən, oxu, bunun heç birini istəmirsən, çəkil öz dünyana, rahat ol, heç kimə kin və qəzəb bəsləmə...

Hərə öz yazısını yazır, hərə öz kitabını oxuyur, hərə öz dünyasını bəzəməyə çalışır.

Hər kəsi oxumaq, nifrət etmək, ona qəzəb bəsləmək kimi missiyan yoxdur axı.

Sən də rahat olduğun bir dünya yarat, ora sığın, orda hüzur bul.

Azərbaycan kimi dıqqılı bir ölkənin bu başından o başına beş yüz kilometr olsa da ömür qısadır.

Bir də görəcəksən ona-buna söz atıb lağ eləyə-eləyə, nifrət bəsləyib qəzəb püskürə-püskürə ortalıqda tumançaq qalmısan.

Bir həsirsən, bir məmmədnəsir.

Sığınmağa bir misran, daldalanmağa bir sətrin yoxdur...

Yazıqsan...

İnsan niyyətini həmişə xoş eləməlidir.

Sənin gülüşünün də, ağlayışının da, qəzəbinin də arxasında xoş niyyət dayanmırsa, insanlığın şübhə altındadır.

Özünü kənardan görməyi bacar, ey xaniman xərab!

# 1316 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #