Mən Xoşqədəmi çox sevdim-SEVDANIN YAZISI

Mən Xoşqədəmi çox sevdim-<span style="color:red;">SEVDANIN YAZISI
17 noyabr 2016
# 09:00

Amerikalı rejissor Sesil Blaunt DeMillin 1952-ci ildə ekranlaşdırdığı “Dünyanın ən böyük şousu” adlı filmi var. Əhvalatda sirk industriyasından, artistlərin yaradıcılığından tutmuş pərdəarxası həyatlarındakı xırdalıqlarına kimi danışılır. Amerika kinotənqidçilərindən biri dramı “sirk talantının və kino bacarığının triumfu” adlandırmışdı.

XXI əsrdə Azərbaycanda belə bir böyük şou kinoda yox, televiziyada yaranır. Minlərlə insanı inandırmağı bacaran, ağladan “Səni axtarıram” Xoşqədəm Hidayətqızınn talantının triumfudur.

“Xoşqədəm Hidayətqızının talantının triumfu” sözlərini səmimi yazıram. İroniyasız-filansız...

...Saytımızda vaxtaşırı kinonun, teatrın problemlərindən yazırıq. İncəsənətin vizual növlərinin tamaşaçının ruhuna, gerçəkliyinə toxuna bilməməyindən, müraciət olunduğu janrların tələblərinə cavab verməməyindən, uğursuz ssenaridən, aktyor oyunundan və rejissor işindən danışırıq.

Səhnəarxasındakı gerçəkliyi və studiyada baş verən quramanı sintezləşdirən altı dəqiqəlik görüntü və ümumiyyətlə, verilişin özü Azərbaycan kinostudiyasının böyük maliyyə vəsaiti hesabına istehsal elədiyi filmlərdən daha artıq filmdir.

X. Hidayətqızı real hadisəni bədiiləşdirir, sənədliliyi imitasiya eləyir, mövcud olanları öz yozumunda həqiqət kimi göstərir. Başqa cür desək, o, öz subyektiv reallığını hamının həqiqətinə çevirə bilir.

Görüntülərdən bəlli olur ki, o, uzun illər öncə, vətəni tərk eləyən, İrkutskda yaşayan Saməddinin axtarışına çıxır. Orda yaşayan Zaur adlı şəxsin fikirləri aparıcını razı salmır. X. Hidayətqızı ona göstəriş verir, gözlədiyi dramatik effekti almaq üçün nəyi necə demək lazım olduğu haqda məsləhətlər verir: “De ki, 15 il öncə ayağını don vurub. Çoxumuz kömək etmək istədik, illər sonra filan şəhərdə tapdım”. Zaur tapşırığı dəqiq yerinə yetirir, rolunun öhdəsindən gəlir. O qədər təbii oynayır ki, heç “Azdrama”nın aktyorları bu qədər təbii ola bilmirlər.

Sonra küçədə oturmuş, əsalı, qoca Saməddin görünür. Qoca ”Ağır vəziyyətdə yaşamıram” deyə israr eləsə də X. Hidayətqızı onun ağır vəziyyətdə yaşadığını boynuna qoyur. Hiss olunur ki, haradansa peyda olan bu iki nəfər qocanın rahatlığını pozur. Çünki qoca durumundan məmnun təəssüratı bağışlayır.

Təbii, aparıcı əlindən gələn hər şeyi eləyir ki, verilişin konsepsiyasına uyğun tələblərini doğrultsun: tamaşaçını duyğulandırmaq, onu göz yaşında boğmaq, mərhəmətini istismar etmək.

Ona görə X. Hidayətqızı Saməddinin həyatını faciəvi şouya çevirir. Aparıcı studiyada anındaca peşəkar rejissor kimi improvizəyə əl atır, həkimə göstəriş verir: “Kişini xərəkdə gətirin, xərəkdən durmasın. Bağla ayaqlarını, üstünü örtərsiz”

X.Hidayətqızı sözləri soyuqqanlıqla, normallıq kimi deyir, üstəlik, ardınca nəsə yeyir də. Az sonra o, tamaşaçıların arasında görünür, bir neçə dəqiqə öncəki soyuqluğundan, vecsizliyindən əsər-əlamət yoxdur, əvəzində kədəri üzünün dərinliklərinə hopmuş, sanki əzab çəkən bir qadın baxır bizə. O, qüssəli gözlərini kameraya tutub, ağlamsınan, kövrək səslə deyir: “İnanın ki, istəməzdim onu bu şəkildə qarşınıza çıxarım”. O, ani pauza verir, üzünü çevirir, böyük səhnədə Şekspir faciələrində baş rolu oynayan aktrisa ədasıyla studiyadan nümayişkaranə çıxır. Onun soyuqqanlı vəziyyətdən kədərli vəziyyətə avtomatik keçidinə Amaliya Pənahova kimi illərin peşəkar aktrisası da yəqin həsəd aparardı.

Xərəkdə ayaqları bağlanmış, üstü örtülmüş Saməddin studiyaya gətirilir. X.Hidayətqızının möhtəşəm şousu baş tutur: isterik reallıq, ağlaşan, göz yaşına boğulan zal.

Parlaq tamaşada fars komediyanın ustalarından biri Mel Bruksun belə həsəd aparacağı, maraqlı dramaturji detallar var. Aparıcı ağlamsınan səsiylə “Çox təəssüf ki, onu İrkutskadan Azərbaycana bu şəkildə gətirdik”. Və birdən səhnənin ortasında dayanan adama gözü dəyəndə kövrək səs tonundan çıxır, üzü, səsi sərtləşir: ”Siz orda neyləyirsiz”. Adam xərəyi gətirməyə kömək elədiyini deyir. Aparıcı dərhal mərhəmətli vəziyyətinə qayıdır: “O, sonuncu addımlarını belə ata bilmədi”. Sonra xərəyə tərəf gəlir, Saməddinin ağlaşan, şivən qoparan qohum-əqrəbasının yanında dayanır, zavallı, əslində özü yeriyə bilən Saməddin çırpınır, nəsə demək istəyir. Amma aparıcının gur səsi xərəkdən qurtulmaq istəyən, bağlanmış ayaqlarının açılmasını istəyən Saməddinin səsini batırır. O, qayğıkeşliklə, şəfqət ilahəsi kimi Saməddini oxşayırmış kimi davam eləyir: “Saməddin, eşidirsənmi məni, gözlərindən axan yaşa bax”. Onun kədərli səs tonundan Hökumə Qurbanovanın bəlağəti axır.

Sonda zaldan ona təşəkkür gəlir, xeyirxah işlə məşğul olduğu vurğulanır. O, mütəvazi pozasıyla indi də təvazökarlıq ilahəsinə oxşayır.

X.Hidayətqızı Saməddinin hekayətindən isterik sosial-psixoloji dram-faciə yapır və onu tamaşaçıların inandığı həyat gerçəyinə çevirir. Tamaşaçı bu gerçəyə inanır, ona həssas yanaşır, müticəsinə duyğu istismarına məruz qalmaqdan, böyük yalanlara inanmaqdan zövq alır. Belə bir istedadı və minlərlə tamaşaçını inandırmaq bacarığına görə, Mədəniyyət Nazirliyinin kino şöbəsi ona sosial filmlərin rejissorluğunu etibar edə bilər.

...Mən aparıcının faciə kimi sırıdığı bu fars komediyanı çox sevdim...

Siz nədən narazısız ki?

Tam bir Azərbaycan gerçəkliyi...

# 2001 dəfə oxunub

Oxşar xəbərlər

Şayamalanın "Tələ"si - Treyler

Şayamalanın "Tələ"si - Treyler

10:20 25 aprel 2024
Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

09:00 25 aprel 2024
Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
# # #