Adonisin bir şeiri AQŞİN YENİSEYİN TƏRCÜMƏSİNDƏ

 

Kulis.Az məşhur ərəb şairi Adonisin “Məna meşələrində gəzmək üçün bələdçi” şeirini Aqşin Yeniseyin qısa ön sözü  və tərcüməsi ilə  təqdim edir.

 

 

Adonisdən, sadəcə, bir şeir

 

Ərəb şairi Adonis 1930-cu ildə Suriyanın Lazkiyə şəhərində doğulub. Əsl adı Əli Əhməd Səid Eşberdir. 1955-ci ildə siyasi təzyiqlər ucbatından Beyruta qaçıb. 1976-ci ildə Parisə köçüb. Ərəb siyasi totalitarizminə və islam xurafatına qarşı şeirləri ilə tanınıb. Artıq neçə ildir ki,  Ədəbiyyat üzrə Nobel Mükafatına namizəd kimi təqdim olunur. Adonis şeirlərində daha çox sürreal və və mifik obrazlara müraciət edir. Dili qəliz və anlaşılmazdır. Yəni bizim öyrəşdiyimiz gündəlik “Facebook” dilində yazmır.

 

 

Məna meşələrində gəzmək üçün bələdçi

 

Nədir yol?

Torpaq adlı kağıza yazılmış

Bir səyyah manifesti.

 

Nədir ağac?

Dalğaları hava olan yaşıl göl.

 

Nədir hava?

o bir ruh

Bir bədənə yerləşməyi istəməz.

 

Nədir güzgü?

ikinci bir üz

və üçüncü göz.

 

 

Nədir müqəddəslik?

Bir maska

əylənə bilmək üçündür dişilərlə.

 

 

Nədir ölüm?

Qadın bətniylə

yerin bətni arasında

Yük arabası.

 

Nədir göy qurşağı?

buludun bədəniylə qucaqlaşıb

günəşin bədəni

bir əyridə 

Yerin bədəni üzərində.

 

Nədir dalğa?

Dənizin ekranında

Film cizgisi.

 

Nədir sahil?

Yorğun dalğalara yastıq.

 

Nədir ulduz?

ən gözəl tərəfi qapağı olan bir kitab

 

Nədir qocalıq?

Hər iki ucuna böyüyən bitki:

uşaqlığın şəfəqinə

və ölümün gecəsinə.

 

Nədir qaranlıq?

Günəşə hamilə bir bətn.

 

Nədir axan ulduz?

Yaydan çıxmış bir ox ki tək hədəfi var sonunda:

Ortadan sınıb ölmək.

 

Nədir qürub?

Günəşin bədənindən axan tər.

 

Nədir qəsidə?

südü qurumayan döşdən

əmərək yaşayan

bir qız uşağı

 

Nədir fikir?

Xəyala layiq olmaqçün

Gerçəkliyin can atdığı ucalıq.

 

Nədir xoşbəxtlik?

dilin ucundakı bir qəbiristanlıqda

məzar daşı.

 

Nədir ümid?

anlatmaq ölümü

həyatın diliylə.

 

Nədir torpaq?

Bədənin gələcəyi.

 

Nədir axşamüstü?

vida xütbəsi.

 

Nədir gözyaşı?

Bədənin yenildiyi müharibəsi.

 

Nədir ümidsizlik?

Həyatı anlatmaq ölümün diliylə.

 

Nədir yanğı?

Uzaq bir səfərin üzdüyü bədən-

Getdi, gedəcək əldən.

 

Nədir toz?

Küləyin əkizi və ən böyük rəqibi.

 

Nədir yataq?

Gecə içində

Gecə.

 

Nədir təbiət?

Reallığı yazmaq üçün

ağlın dili.

 

Nədir üfüq?

Hərəkətin hüdudsuz kosmosu

 

Nədir təsadüf?

Gözlənilmədən

Küləyin əllərinə düşən

ağacındakı meyvə.

 

Nədir gül?

Kəsilmək üçün sığallanan baş.

 

Nədir gerçək?

Ya suyun bədəninin  

ya işığın üzünün

rəsmini çəkmək.

 

Nədir çatışmayan?

Görməyi arzuladığımız bir ev ki,

Nifrət edərik

içində oturmaqdan.

 

Nədir göy üzü?

Kimsə çıxmadan

qırılan nərdivan.

 

Nədir gecə?

bir niqab

günəşin üzünə taxdığı.

 

Nədir gözəllik?

bir ölçü ki,

ona baxanda görərsən

arxasındakı sirri

bəzən də ilahini.

 

Nədir heçlik?

Xəstəliyın

ən çox yayılanı.

 

Nədir varlıq?

daima yenidən

gözdən keçirilməsi gərəkən.

 

Nədir gerçəklik?

dil çayının dibindəki çöküntülər…

 

Nədir yoxsulluq?

Yer üzündə dolaşan bir məzar.

 

Nədir dostluq?

ikinci bir günəş.

 

Nədir fəhm?

Müəmmanın bədənində gəzən əl.

 

Nədir gecə?

ulduzların kitablarını satan kitabçı.

 

Nədir dua?

sözün suyundan buxarlanan

zahı bulud.

 

Nədir gözyaşı?

ən duru güzgü.

 

Nədir ay?

Günəşin sadiq kənizi.

 

Nədir mütləq?

Zəkanın aybaşısı.

 

Nədir çılpaqlıq?

Bədənin Fatihəsi.

 

Nədir iz?

Yeriməyi tərgidən ayaq.

 

Nədir yaddaş?

bir ev ki 

ancaq məskunlaşması üçündür

itən əşyaların.

 

Nədir şeir?

Səfərdəki gəmilərdi və yoxdur limanları.

 

Nədir yastıq?

Gecənin nərdivanındakı ilk pillə.

 

Nədir uğursuzluq?

ömür gölündə üzən yosun.

 

Nədir ömür?

qaranlığa doğru

Bir səyahət,

dincini almadan.

 

Nədir xaos?

Gecənin bədəni üçün başqa bir səliqə-səhman.

 

Nədir xəyal?

Gerçəkliyin ətri.

 

Nədir tarix?

kor bir təbilçi.

 

Nədir yağış?

Düşən bir son yolçu

bulud qatarından.

 

Nədir üz?

gözyaşının köçü üçün ən yaxın liman.

 

Nədir gündüz?

Ən geniş qəfəsi günəş şüalarının.

 

Nədir çöl?

qum falına baxmaqdan

yorulmayan

falçı qadın.

 

Nədir qum?

Acgöz oxucusu tək bir romanın:

Yəni küləyin.

 

Nədir seir?

Ağzı bağlı bir qab

Qapağını açsan sınan.

 

Nədir çığırtı?

Səsdəki kirəc.

 

Nədir toz?

Nəfəs

torpağın ciyərindən qalxan.

 

Nədir barmaqlar?

Bədən okeanlarının ilk sahilləri.

 

Nədir qanad?

kosmosun qulağında pıçıltı.

 

Nədir qəfəs?

içi boş doluluk.

 

Nədir kədər?

Bədənin kosmosundakı

axşamüstü.

 

Nədir şans?

vaxtın əlindəki zər.

 

Nədir fikir?

Həqiqətin qapısını ayaqdan çıxaran

Bir səfil.

 

Nədir qüssə?

Nəşə lüğətində

Yanlış bir kəlmə.

 

Nədir sürpriz?

bir quş

Gerçəkliyin əlindən qurtulmuş.

 

Nədir vətən?

dilin kürsülərinə

can atan şey.

 

Nədir dil?

bir qatardır ki

eyni zamanda

Həm yoldur, həm səyahət, həm də son mənzil.

 

Nədir çay?

bir yataq ki, yer üzü yayar onu

məmələrinin arasına

ya da göbəyinin altına.

 

Nədir bağça? 

Şeirlərini uyuyayaraq yazan

və susaraq oxuyan

şair bir qadın.

 

Nədir mərkəz?

bütün ucların ucu.

 

Nədir yaxın?

Elə bir doğmalıq ki,

yoxdur onu soraqlamaq ehtiyacı.

 

 

Nədir zaman?

Bir əyin-baş ki

Geyinib yaşarıq heç çıxarmadan.

 

Nədir düz xətt?

Gözəgörünməz

Əyri.

Bütün xətlərin cəmi.

 

Nədir ilğım?

qumu əyninə geyib

suya bənzəməyə çalışan

bir günəş.

 

Nədir su?

Bir cəhənnəm sahibi

atəş.

 

Nədir göbək?

yolun yarısı

iki cənnət

arasında.

 

Nədir öpüş?

əllə dərilməsi

gözəgörünməz bir meyvənin.

 

Nədir qayğı?

Düyünlər və qırışıqlar

Damarların ipəyində.

 

Nədir məcaz?

Çırpınan qanadlar

Kəlmələrin sinəsində.

 

Nədir yaradıcılıq?

Təsadüfün barmağındakı üzük.

 

Nədir qucaqlaşma?

Cütlüyün üçüncüsü.

 

Nədir məna?

Mənasızlığın əvvəli

Və sonu.

 

LENT

22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017