Avtobusa minən əllər – YENİ HEKAYƏ

Avtobusa minən əllər – <span style="color:red;">YENİ HEKAYƏ
10 noyabr 2016
# 12:04

Kulis.Az Günay Şahmarqızının “Əllərin hekayəsi” hekayəsini təqdim edir.

Çox klassik də olsa deyəcəm: noyabr ayı idi. Hərçənd ki, noyabrı mən nə payıza, nə qışa aid edə bilirəm. Payızın günəşi tərəfindən tərk edilib, ümidini qışın qarına bağlayan, iki fəsildən də avara bir ay. Bu avara ayın bir günü, hansı ki, təsəlli üçün sulu qar yağırdı, xəstəxanadan çıxıb küləyin üzümə çırpdığı sulardan qoruna-qoruna birtəhər özümü atdım dayanacağa. Üzümü qorusam da ayaqlarımı qoruya bilməmişdim. Elə bil yaz vaxtı kəndimizi ikiyə ayıran çayı çırmalanmadan keçmişdim. Ayaqlarıma baxıb fikirləşdim ki, ayaqlarım cəhənnəmə, əsas əllərim üşüməsin. Tez ayaqlarımızın qayğısına qalan dinə sığınaraq, bu yolla ayaqlarımı qurtardım cəhənnəmdən. Bir dəli gülmək tutdu məni, özümü güclə yığışdırdım. Bilirəm, əslində, camaatı dəli ağlamaq tutur, uzaqbaşı gic gülmək. Məni gülməyin də dəlisi tutmuşdu. Gülə-gülə özümü cənnəti haqq edən ana kimi təsəvvür elədim. Elə dayanacaqdaca bir anlıq ana oldum, uşaqlarımı öpdüm, oxşadım, əllərini əllərimin içinə alıb, sıxdım, isitdim...

Avtobus qışqırdı ki, nə cənnət, aaazzz? Dik atıldım. Diksinib fikrimdən ayrılmasaydım zənn edərdim ki, bu da hansısa filmdən sitatdı, siqnal kimi istifadə edirlər. İlk dəfə avtobusların belə vulqarlaşmasına sevindim, yoxsa ilişib qalmışdım xəyallarda. Uşaqların da əlləri əllərimdə... Hiss elədim ki, öz əllərimi isidən lazımdır. Qışqıran avtobus da mən gözlədiyim deyildi. Əllərimi bir-birinə sürtərək isitməklə məşğul idim. Qəfil çıxdığım xəstəxanadan qopan hay-küy ayaqlarımı da, əllərimi də yadımdan çıxardı.

Yox, əllərim heç vaxt yadımdan çıxmır. Nə olmuş olsa da. Nəinki öz əllərim, heç kimin əllərini unuda bilmirəm. İnsanları üzləri ilə yox, əlləri ilə xatırlayıram. Mənə əziz olan insanların əllərindəki xalların sayını, yerini, çapığın, cızığın hətta hekayəsini də bilirəm. Yanımda olmayan insanların əlləri üçün darıxıb hönkür-hönkür ağlaya bilirəm. Əllər müqəddəsdir mənə görə. And olsun, bacımın balaca, toppuş əllərinə, əlləri aldatmaq olmur. İstəməsələr belə bütün həyatımızın, yaşam tərzimizin mesajını əllərimiz verir. Məktəbdə dərsə hazır olduqda əllərimizi daha da yuxarı qaldırardıq, valideynlərimiz ucalan əllərimizlə qürur duyardılar. Bəzən də əllərimizin üstünə vurulan müəllim çubuğunun giziltisi yalnız öz içimizi göynədərdi. Niyə ağzımız danışdığı halda əllərimiz cəzalandırılırdı? Ona görə də etdiyim hər səhvimə görə əllərimdən utanmışam, əllərimdən üzr istəmişəm həmişə.

Tələsik əllərimi bir-birinə keçirib unutmadığımdan əmin olduqdan sonra səs gələn tərəfə baxdım. Səs artıq gəlmişdi, düz qarşımda idi. Xəstəxana paltarında, saçları dağınıq, ortaboylu bir qız iki əlini də qabağa uzadaraq hirslə mənə və yanımdakı cütlüyə nəsə deyirdi. Onu hər tərəfdən sıxışdırıb dayanacağa salmış yaxınlarının getmə, eləmə qışqırtıları qızın səsini batırırdı. Heç nə ayırd eləməmişdim hələ, əllərimi bərk-bərk sıxıb dayanmışdım. Qız daha da yaxınlaşdı, əllərini mənə göstərərək, ağlaya-ağlaya qırıq-qırıq danışırdı, əlləri ələ oxşamayacaq dərəcədə yanmışdı, sarğı bağlanarkən qaçmışdı xəstəxanadan.

- Bax əllərimə, bax gör nə gündədilər, bilirsən necə gözəl əllərim var idi, kəsib atacam bunları, heç kimə lazım deyillər, bax o da məni tərk etdi, bir də əlimdən tutmayacaq heç vaxt, bir də saçlarını sığallaya bilməyəcəm, əllərim çox gözəl idi, bax o qızın əlləri kimi, ağ, yumşaq, incə.

Yanımda sevgilisi ilə əl-ələ tutmuş qızı göstərdi. Qızla oğlan çaş-baş qalmışdılar, əllərini buraxsınlarmı, daha da sıx tutsunlarmı bilmirdilər. Göz yaşım ovcumda olan mənsə keyimişdim. Nə göz yaşı axıtdım, nə ovcum ona sahib çıxdı. Qızı dartıb aparmışdılar artıq xəstəxanaya.

Avtobusda dayanacaqda yanımda dayanmış qızla bərabər gedirdik. Gözüm qızın əllərinə sataşdı. Tez kurtkanın altından köynəyin qolunu dartıb köynəyimin uzanmış qoluyla əllərimi gizlətdim. Niyə bayaqkı qız mənə, bax, bir vaxtlar mənim də əllərim eynən sənin əllərin kimi gözəl idi demədi? Hazır mənim əllərim gözünün qabağındaykən niyə demədi, görəsən? Bəs anam həmişə mənə deyir ki, əllərin çox qəşəngdir, nənənin əllərinə oxşayır, uzun-uzun, nazik barmaqların var. Deyək ki, anamın gözünə qəşəng görünür, bəs əllərimin eynisi olan nənəmin əlləri? Nənəmin əlləri o qədər qəşəng idi ki, qırışlı və damarlı əllərini alnımda gəzdirərdi, əllərimi elə qəşəng isidirdi ki, eynən mənim uşaqlarımın əlini isitdiyim kimi ovcunun içində saxlayardı...

Deyirlər, kişilər qadının əllərinin gözəlliyinə vurulurlarmış. Qadınlar da əllərindən qocalarlar. Əgər deyilənlər düzdürsə, teorem isbat olunmuşdur.

Gediş haqqını verib düşdüm avtobusdan. Sözə bax, gediş haqqı. Bəlkə, gəliş haqqı olsun. Getmək sözü adamı diksindirir həmişə. İnsanlar ayaqları ilə gedərlər, əlləri ilə tərk edərlər. Və tərk edilmiş hər şey üşüyür elə bilirəm, əşyalar belə.

Kənd yerində tərk edilmiş evin pəncərəsindəki çirkli pərdəni külək parçalayıb mismara keçirir. Ev də üşüyür, pəncərə də...

# 1952 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #